“Ata Günü” öncəsi görüş keçirdik
Ocağımızın Xalqlaşma işi iki cəhətdən təsir yaradır. Belə ki, həm fərdi və kütləvi görüşlər keçiririk, səfərlər edirik, həm də görüşdüyümüz insanları Ocaq ədəbiyyatları ilə təmin edirik. Görüşərkən çatdırdığımız ideyalar, dediyimiz fikirlər həmin ədəbiyyatlarla möhkəmləndirilir. Bu ədəbiyyatları həm də çoxsaylı kitab evlərinə təqdim edirik. Asif Ata və onun Ocağı ilə maraqlanan insanlar kitab evlərinə və kitab dükanlarına müraciət edə bilərlər.
Kitab evlərinə kitablarımızı verərkən imkan içrə söhbətlər aparırıq, tanımayanlara, bilməyənlərə Asif Atanı, Onun Ocağını tanıdır, ideyaları haqqında bilgilər veririk. Bu cür əməllərdən birini 24 Ata Ayı, 36-il tarixində (24 sentyabr) Bakının kitab evlərinin birində həyata keçirdik. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşı Üstün Atalının təşəbbüsü və təşkilatçılığı sayəsində “Kitab Evi”nin işçiləri ilə görüş keçirmişdir. Görüşdə Asif Atanın ömrü, ideyaları deyilmiş, Azərbaycan haqqında Onun yaratdığı Dəyər Sistemi izhar edilmişdir. Soylu Atalı görüş iştirakçılarının suallarını cavablandırmış və onlara Asif Atanı ciddi oxuyub öyrənməyi tövsiyə etmişdir. O demişdir: “Asif Ata çoxsaylı alimlərdən, ziyalılardan biri deyil. O, Yeni ideya, Dünyabaxış yaradıcısıdır. Bu vaxta qədər bəşəriyyətin əsaslı şəkildə məşğul olmadığı bir məsələ ilə – İnsanla İnam Dünyabaxışı səviyyəsində məşğul olmuşdur. Asif Atanın məqsədi bəşəriyyətin insan haqqında düşüncəsini dəyişməkdir. Bəşəriyyətin insan haqqındakı düşüncələri çox ziddiyyətli olub. İnsanı gah yeganə doğru bir şey sayıblar, gah da düzəlməsi mümkün olmayan əyri bir şey. Ancaq Asif Ata İnsan haqqında çox aydın, konkret qiymət ortaya qoyub: “ İnsan– daxilində Mütləq gəzdirən, gerçəklikdən, şəraitdən, mühitdən üstün olan, Mütləqiliyə meyl edən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. Ona görə də biz, Ocaqçılar insanla bağlı mövqeyimizdə səhv eləmirik. Bəli, Asif Atanın məqsədi İnsan haqqında fikri, mövqeni dəyişmək və bəşəriyyətin dünyagörüşünü insana münasibətdə təzələməkdir…”.
Kitab Evinə hədiyyə etdiyimiz Ocaq ədəbiyyatlarından başqa, oranın hər bir işçisinə də ayrılıqda ədəbiyyatlarımızdan hədiyyə elədik.
Atamız Var olsun!
Mütləqə İnam Ocağı
25 Ata Ayı, 36-cı il.
(sentyabr, 2014.)