Xəbərlər

“Ata Sonevini Ziyarət Günü” Mərasimi

Ocaq Günsırası ilə Şölə Ayı, 45-ci ildə (iyun, 2023) Asif Atanın Mütləqə İnam Ocağı Ağstafa sonevliyində “Ata Sonevini Ziyarət Günü” Mərasimi keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: 97-ci ildə Asif Atanı itirdik. Ancaq o gündən bu günə qədər Ağstafada Asif Atanın qəbrini ziyarət edirik. Hər birimiz duyğularımızı, düşüncələrimizi ifadə edirik. Bəs nə deməkdir ziyarət, nə deməkdir Asif Atanın varlığı?! – Bu dəfə də bununla bağlı söz demək gərəkir. Yenə də gəlişimizin anlamı ilə bağlı, Asif Atanın Azərbaycan üçün, insanlıq üçün yeri, rolu haqqında düşüncələrimizi sizinlə bölüşək.

Öncə onu deyim, Asif Ata öz düşüncəsiylə, dünyabaxışıyla ortaya gələndə insanlığı düşünüb bu addımı atmışdı. Çünkü onun ilk dönəmlərdə arzuladığı, istədikləri ilə gerçəklikdə olanlar uyğun gəlmirdi, onun prinsipləri fərqli idi. Düşünürdü ki, nəsə bir yol, yön yaratmaq gərəkdir. Öncələr Asif Atanın milli dövlət yaratmaq arzusu var idi. Gərək Dövlət özü insanlığın gələnəklərini xalqın içində otuzdura bilsin, yaşada bilsin. Bu arzularla, istəklərlə milli dövləti düşünürdü. Biz milli dövlət ola bilmədik. Milli dövlət olmaq üçün öncə insan olmaq gərək idi. Öncə millətləşmə prosesi gərək idi. Buna görə də “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” deyib yola başladı. Bizim Azərbaycan olaraq, bütün dönəmlərdə kimliyimiz danılıb. Heç bir vaxt bizim mənəvi varlığımıza, milli gələnəklərimizə dərindən sayğı olmayıb. Bizim böyük, milli gələnəklərimiz dünyada, bəşərdə ciddi etki qoyub, ciddi yön yaradıb. Bütün xalqların varlığında böyük izimiz, yerimiz var. Bəs niyə danılmışıq, niyə qəbul olunmamışıq?! Bizdə niyə belə aşağılıq kompleksi yaranıb?! Niyə belə bir özünəyadlaşma sürəci yaranıb?! Niyə bu, gələnəyə çevrilibdi?! Bütün bunların hamısı düşündürücü məsələdir. Həyatımızın harasını götürürüksə götürək, nədən bəhs eləmək istəyiriksə istəyək, gəlib bir məsələyə çıxırıq, insan özündən ayrılıb. İnsanın özünə dönməsi üçün çox çabalar olub. Tək bizim xalqımızda deyil, bütövlükdə bəşər xalqlarında da belə bir çabalar olub. Ancaq bu çabalar bəlli bir aşamaya qədər gedib. Bizim qədimdə inanc sistemlərimiz olub. Onlar niyəsə bugünə yetməyib. Niyəsə yolda qalıb. İndi mən düşünürəm niyəsini. Niyə Tanrıçılıq yarı yolda qalıb?! Niyə Tanrıçılığın uzantıları olan Zərdüştlük, Xürrəmilik, Hürufilik yarı yolda qalıb?!Hər biri xalqın içində yaranıb, xalqın içindən yaranıb. Bizim milli kimliyimizin, milli xarakterimizin göstəriciləridir bunların hər biri. 7-ci yüzilə qədər bizim düşüncə sistemimiz fərqli olub. Dədə Qorqud dönəmində həyat tərzimiz, ölçümüz fərqli olub. Əlbəttə, Dədə Qorqud dönəmində demirik qurdla quzu yanaşı otlayıb. Ancaq bir ölçü olub xalqın içində. Böyük-kiçik yeri, ağsaqqal yeri, şəxsiyyət yeri, dəyər yeri, gələnək yeri, hamısı yerində olub. İçində nə qədər ayrı-ayrı qırağaçıxmalar olsa belə. Ancaq diqqət edin, bizdə özgələşmə prosesi başlayandan sonra getdikcə heç nə yerində qalmayıb. Hər şey yerindən qopub, özümlüyündən ayrılıb. Bir ara sovet dönəmində, üzdən baxanda, hər şey yerində görünürdü, ancaq yerində deyildi. Yerində olsaydı, bu dərəcədə yenidən uçub dağılmazdıq. Birdən-birə katastrofik bir uçuruma düşdük. Demək, heç nə yerində deyilmiş. Bütün məsələ də ondadır. Əgər bir xalq adət-ənənəsini, mədəniyyəti, yaşam ölçüsünü öz içindən yaratmırsa, öz xarakterinə uyğun, öz mahiyyətindən yaratmırsa, onu qoruyub saxlamaq olumsuzdur, alınmır. Biz təqlid yoluyla millət olaraq, daim özümüzdən uzaqlaşmışıq. Özümüzə dönmürük. Nə qədər çağırışlar da olur üzdə. Özünüz də görürsünüz, Sovetlər dağılandan üzü bu yana hamı deyir, 21-ci yüzil türk yüzili olacaq. Türk özünə dönməlidir. Qayıt, özünə dön. Çağırışlardır. Bu çağırışların hamısı şüar şəklindədir. Heç biri də şüar olmaqdan qırağa çıxmır. İnsanlarımızın vərdişində özünü göstərir. Təcrübələrində özünü göstərir. Ancaq birgəyaşam ölçüsünə çevrilmir. Bütün bunların hamısı ondan irəli gəlir ki, min ildir özünəyadlaşma prosesi gedir. Az qala genetik kodumuz dəyişir. Milli formalaşma yoxdur. Ancaq özündən uzaqlaşma. Doğal olaraq mərifət, hörmət, tərbiyəvi cəhətlərimiz qalıb. Bunlar çox azdır. Ona görə Asif Ata dedi:“Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Asif Ata düşündü, bu xalq başqalarının ona verdiyi nemətlə, ona verdiyi nələrləsə ayaq üstə dura bilmir. Onu ayaqda tutan dəyərlər xalqın öz içindən yaranmalıdır. Dünya xalqları axtarışdadır, yaradıcılıqla uğraşmaqdadır. Ancaq biz böyük imkanları olan xalq olduğumuz halda, nə üçün ancaq dənləməklə məşğuluq. Bir az ondan, bir az bundan, hibrid bir şeyə çevrilirik. Bizim həyat sistemimiz qurulmur. Gedikcə xalqın içində özünü qoruma sistemimiz tamam dağılıb sıradan çıxır. Xalqın özünü qoruma sistemi dövlət deyil ki. Dövlət gerçək bir yaşayış nizamıdır. Xalqın özünü qoruma sistemi mənəviyyata, ruhaniyyata bağlıdır. Ruhaniyyat xalqın mahiyyətini göstərən, xalqın mahiyyətini yaşadan bir sistemdir. Xalqın mahiyyəti varsa, yaşayırsa, o zaman onda birgəyaşayış ölçüsü yarana bilər. Özünüqoruma sistemi olduqca önəmli bir məsələdir. Onun yaranması olduqca önəmli bir məsələdir. Ona görə Asif Ata düşündü, daşındı ki, biz özümüz yaratmalıyıq. Nəyə görə bizə filankəs öyrətməlidir. Mənim ağlım yoxdur, düşüncəm yoxdur, varlığım yoxdur, mənliyim yoxdur?! Niyə məni başqası öyrətməlidir? Niyə Allahı mənə ərəb öyrətməlidir?! Ya yunan öyrətməlidir, ya da yəhudi öyrətməlidir. Niyə? Millətin özünün şüuru yoxdurmu? Bu milllətin özünün gözü yoxdurmu, ağlı yoxdurmu? Göyləri görə bilmirmi? Çox ciddi məsələdir bunlar. Xalqın içində Özgəliyə  sevgi yaradıblar. Ağıl işlətməmək. Elə ki, içindən bir nəfər ağıl işlədir – onu topa tutmaq. Olmaz. Sən ancaq təqlidçi ola bilərsən. Sən ancaq yamsılaya bilərsən. Sən ancaq ondan-bundan götürə bilərsən. Belə bir şey yaranıb. Bizim içimizdə Asif Ata cəsarət elədi. Ərdəmlik qoydu ortaya. Dedi, mən özüm yaradacam. Xalqı mən özüm yaratmaq istəyirəm. Niyə mən mənəviyyatımın atasını uzaq Ərəbistanda axtarmalıyam?! Niyə mən öz içimdə görməli deyiləm onu?! Asif Atanın gəlişi ilə xalqın içində belə bir proses başlayıb. Bu prosesi sürdürmək gərəkdir, ona yiyə olmaq gərəkdir. Onu öyrənmək gərəkdir, onu öyrətmək gərəkdir. Asif Atanın işi damla-damla, qarışqa yerişi ilə gedir. Xalqda o qədər özünəyadlaşma yaranıb ki, xalqın içindən yaranan bir iş özünə mühit tapa bilmir. Ola bilmir, oluşa bilmir. Böyük bir əngəl var. O əngəli yaradan nədir. O əngəli yaradan insanın şüurudur, düşüncəsidir. Öz anasının adını öyrətmək istəyirsən, öyrənmək istəmir. O həddə, o dərəcəyə gətiriblər bizi. Ona görə bu məsələ ciddi, düşündürücü bir məsələdir. Elə, belə bir məsələ deyil.

Asif Atanın işi partiya məsələsi deyil, təşkilat məsələsi deyil. Asif Atanın işi Yazıçılar Birliyi məsələsi deyil. Nə qədər şairlər yazır, nə qədər ədəbiyyat örnəkləri yazılır. Nəsr örnəkləri yazılır. Bu xalqın tükü də tərpənmir. Niyə tərpənmir?! – Çünkü bu xalqın ruhaniyyat sistemi dağılıb. Çünkü bu xalqın Allaha baxış ölçüsü dağılıb, özgələşib. Mənəviyyata baxış ölşüsü dəyişib, özgələşib. Asif Ata bu durumdan çıxış yolu yaradıb. Biz ona yiyə çıxırıq. Bizim bu gün bura gəlişimizin anlamı da odur. Asif Atanı ziyarətimiz əslində xalqın içində yaranan cəsarəti ziyarətdir, ləyaqəti ziyarətdir. Özümlüyü ziyarətdir. Oldurmaqdır. Quş kimi dimdiyində, min dəfə uçuş edib, ot gətirib yuva qurmaqdır Asif Atanın işi. Biz heç vaxt heç bir yerdə xalqın boynuna minnət qoymamışıq. Belə bir istəyimiz, amacımız yoxdur. Ancaq xalqı olmağa, Asif Atanı eşitməyə çağırırıq. Asif Ata “Olmaq” üçün səbəb verir, üçün ölçü verir, kitab verir, ideya verir. Yetər ki bunu öyrənib həyata keçirəsən. Bu açıdan bizim işimizin mahiyyətini hər yerdə öyrətməyimiz gərəkdir, anlatmağımız gərəkdir. Səbrlə, usanmadan, geri durmadan. Bu saat bizim xalqımız içindən, görün neçə yerə bölünüb. Bu gün bizim xalqımız yenidən şiə-sünnü söhbətinə qaytarılır. Mənim doğulduğum doğma Borçalı şiə-sünnü məsələsinə qaytarılıb. Türkiyə bu gün şiə-sünnü məsələsinə qaytarılır. Min ildir. Xalqın özünün ruhaniyyat sistemi olmayanda belədir. Sənin içində başqa əl varsa, o siyasət deməkdir. Başqa əl varsa, o qarışdıracaq. Başqa əl varsa, o səni yıxacaq mütləq. Sənin özünü ayaqda tuta biləcək dirəyin yoxdur. Asif Ata odur. Asif Atanın gəlişi odur. Milləti böyük bir fəlakətdən qurtarmaqdır. Özünün şöhrəti, karyerası üçün addım atmadı, tərsinə, bunu suçladılar, qınadılar. Yaxınları qınadılar, bir dəfə də özün üçün gün ağla dedilər. Ona görə Atanın hüzuruna gəlmək millətin gələcəyinin hüzuruna gəlməkdir. Millətin ləyaqətinin qurulmasının hüzuruna gəlməkdir. Bu gün bir şəxsdə özünü göstərir bütün millətin qayğısı, ağrısı. Hamısı bir şəxsin ideya baxışında, prinsiplərində bütövləşir. Bu bütövlüyü ziyarət edirik. Dəxli yoxdur, bu bütövlüyü neçə adam ziyarət edir, – 3 adam, 5 adam, min adam. Bu bütövlük ziyarət olunur. Bu bütövlük xalqın diqqətinə sunulur. Sənin varlığında belə bir olay yaranıb. Ona yiyə çıx. Onu anlamağa çalış. Özününkü say. Tutuşdurma, ayağa vermə. Düşünmək vaxtıdır. Yerdən qalxanların hamısı ya narkotikə qurşanır, ya dini sektalara qurban gedir, onları qoruyacaq şəxsiyyətlər yaranmır. Ona görə dövlət də yaranmır. Dövləti xalq yaradır əslində. Dövləti xalqın qırımı yaradır. Baxın dövlət deyə bir şey yaradırıq, dövlət bu xalqı bölür. İdarə eləmək üçün hissələrə bölür. Bunlar da bir-birilə cırmaqlaşır. Ona görə hər yerdə dediyimiz məsələ odur ki, xalqın bütün problemlərinin başında bir məsələ durur, özünü qoruma sistemi bərpa olmalıdır. Biz onu bərpa eləməyə çalışırıq.
Asif Ata sevərlər Azərbaycanda çoxdur, ancaq Asif Ata sevərlik azdır. Qurucular olmalıdır.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Hər birinizin ziyarəti qutlu olsun. Ziyarət özü içsəl ehtiyacdan yaranır. Biri valideynlərini ziyarət edir, biri əzizlərini. Bu adi ziyarətdir. Ziyarət nə vaxt xəlqi mənaya? Belə götürəndə biz bir qom adamıq, pir kimi tutduğumuz bir şəxsiyyətin ziyarətinə gəlmişik. Hər il gəlirik, sevgimizi izhar edirik. Atasevərlər də bu halın özünə ülvi, mənalı baxırlar. Hörmətlə gəlirlər, ziyarət edirlər. Bu, işin yarısıdır. Bilməyimiz gərək, Asif Ata niyə ziyarət olunur? Onda bu ziyarətin mənası hər kəsə aydın olacaq. Bizim xalqımız dəyər bildiklərini ziyarət eləmək üçün min kilometrlərlə yol basıb gediblər. Nəyi ziyarət ediblər? – Bir Qara daşı. Soran olubmu ki, bu Qara daş nədir, niyə bunun başına belə fırlanırlar. Gedib pul verib şeytanı daşlayırlar. Şeytan sənin bilməməyindədir. Şeytan sənin içində oturub. Onu oturtmusan orda, bəsləyirsən. Ona görə ziyarət mənasını itirir. Mən bununla rastlaşmışam, dəhşətli bir mənzərədir. Ata-analarının qəbirdən sümüklərini çıxarırlar, aparırlar orda dəfn olunsun. Halbuki bunu bəsləyən, böyüdən elə bu torpaqdır. Doğrudan da, ata-anan ziyarət olunasıdırsa, elə bu torpağı ziyarət elə. Bu torpağı bəlli mənada öz mahiyyətinə qaytar, öz qəlbində, duyğularında. Dərk etmədən səcdə eləmək tarix boyu baş verib. Bu tip ziyarətçilər üçün Quran əsas kitabdır. Orda dərk etməyi yasaq ediblər. İnsan qorxur onun haqqında düşünməyə. Niyə bu belədir? Niyə bu Xocalı körpələrinin taleyinə bunu yazmısan deyə qorxur Allahı sorğulamağa. Bu dərin bir fəlakətdir. İnsan sevməli olduğundan qorxur. O sualı verə bilmir, nədir bu fəlakətlərin səbəbi Xocalıda, ya başqa yerlərdə. Heç bir canlı özününkünü məhv etmir, insan edir, çünkü özünü dərk etməyib. Çünkü Allahını dərk etməyib. Manqurtlaşıb insan. İnsan anasına ox atır. Çünkü siliblər beynini.
Bir xalq olaraq günahımız var. Tarixin bir dönəmində çox ağır şərtlərlə bunu bizim babalarımıza yeritdilər. Bu gün kimdi bizi təhdid edən? Bu gün ailələrini, uşaqlarımızı ac qoyub pul tökürlər, nədir-nədir gedib “hacı” olurlar. Gələndə yaşıl işıq yanacaq qarşısında, “Hacı filankəs, keç otur başda”. Özününkünə xor baxır, yadları qaldırır göyə. “Qara daş”ı bayraq edir. Bütün ömrünü şam kimi əridən Asif Ata isə baxın, özü hansı şəraitdə yaşayıb. Ancaq insanlığın yoluna işıq salmaq üçün ideya verib, kitab ortaya gətirib ölçü müəyyənləşdirir. İnsana anladır, hansı səbəblərdən bu günə düşmüsən. Əslində bütün yollar sınandı. 124 minlər gəldi getdi. Semit dinləri gəldi, o birilər gəldi, İnsanın qaranlıq taleyinə işıq düşmədi. İnsan bilməlidir, haqlı olmaqdan güclü heç nə yoxdur. Heç nə insan ruhunu haqlı olmaq qədər təmin etmir. Bir Soylunun, bir Nurtəkinin Amal aşiqi olmasından ətrafına nə gözəl işıq düşür. Anlaşılmaz ola bilər, deyərlər, bununla nə düzələr?! – Ancaq mənasız ola bilməz. Mütləq yol tapacaq ürəklərə. Təkcə Keçmişlə həyatın formalaşması mümkün deyil. Nə dədə-baba sisteminə qaytara bilərsən, nə Bəbəki qaytara bilərsən, nə hürufizmi qaytara bilərsən. Bu tarixdir. Ancaq bugünkünü yaratmaq üçün canlı 5 adamın meydana çıxıb bir ərin arxasınca getməsi gərəkdir. Hər birinizə belə aqibət arzulayıram.
Biləniniz bilir, Asif Ata ilk dəfə Beylqanda torpağa qoyuldu. Bəşəriyyət üçün bu qədər məşəqqətlərə sinə gərmiş bir ərə bir ovuc torpağı çox gördülər. Onun üçün Asif Atanın nəşini çıxarıb burda gömdük. Bütün bunlar gələcəyi yaratmaq yaşananlardır.
Bir daha ziyarətimiz qutlu olsun. Atamız var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):Asif Atanın sonevinə gəlmişik. Bu münasibətlə hamınızı qutlayıram. Millətimiz toparlana bilmir, çünkü milli meyarımız yoxdur. Bu milləti yadlar düşünməyəcək, elə biz özümüz düşünməliyik. Bu düşüncənin də iki yolunu görürük. Bu yoldan da görünür ki, düşmənin etdiyi millətimizin təpəsində çatlayıb. Bu qədimdə də olub, indi də var. İndi daha çoxşaxəli şəkildədir. Eyni zamanda biz millətin ağzını bir yerə yığmaq üçün hamımızın qəbul elədiyimiz, hamımıza yaxın olan bir inamımız lazımdır bizə. Bu inam var, Zərdüştdən saza qədər olan qədimliyimiz üzərində, dəyərlərimiz üzərində qurulub. Biz bunu öyrədirik, buna çağırırıq. Asif Atanın işini anlamaq üçün ona yaxınlaşmaq gərəkdir.
(İnamlı Atalı başqa dünyabaxışlardan Asif Atanın fərqini, üstünlüyünü, tutuşdurmalarla izah elədi. N. A.).
Atamız Var olsun!

Yasin Türksoy: Səfər təəssüratlarını bölüşmək istəyirəm. Çalışıram hər il Asif Atanın sonev ziyarətindən geri qalmayım, əlimdən gələni edim. Önəmlidir gələcək üçün, vətən, millət üçün, Azərbaycan üçün. Keçən il ziyarətə gələndə Soylu bəy bir tapşırıq verdi, Nurtəkinlə mənə, gələn il, yəni bu il, təşkilati məsələlərlə siz uğraşın. Bu il gəldik, Nurtəkin bacı ilə Ağstafada, Qazax rayonunda olduq. Təhsil, mədəni-maarif müəssisələrində olduq, söhbətlər apardıq, ədəbiyyatlar verdik. Çox yaxşı qarşılandıq, hər iki rayonda. Qazax tarix-diyarşünaslıq muzeyində bir dindar xanım veridyimiz İnam Evi dərgisindəki səcdə sözünə münasibət bildirdi. Bir-birimizə sayğıyla yanaşdıq. Belə hal olduğuna da narahat olmadım, əksinə, yaxşı oldu. Onun da beynində düşüncə yarandı.
Asif Atanın belə deyimi var: Xalq sizi gözləməyən görünür, ancaq sizi gözləyir. Bu iki gün ərzində onu gördüm. Getdiyimiz yerlərdə buna ehtiyacları vardı. Atanın belə fikri də vardı, bu xalqın professoru, akademiki ziyalısı üzdə görünən deyil. Siz vətəndə, sadə xalqda axtarın aydınları. Onu da burda gördük. Millətçiliyə, bəşəri ideyalara necə ehtiyac olduğunu gördüm, yaşadım.
Rayonlara səfərləri davam etmək fikrimiz var. Qoy səs-soraq yayılsın, Atanın, yolu, ideyaları yayılsın.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Mən özünü yaradan bir insana səcdə edirəm. Kamil bir insana. Millətinə yarayan, millətinin sabahını yaradan bir insana səcdə edirəm. Bəşərin sabahına işıq salan bir insana səcdə edirəm.
Bizim kökümüz dərindir, Asif Ata o kökə enməyi sağlayır. O kökə endikcə ucalığa qalxmaq imkanımız açılır. Ona görə də Ataya səcdə etmək bizim azadlığımızdır. Özümüzün, millətimizin sabahını qurmağımızdır…

Bundan sonra Asif Atanın “Mütləq”, “Aqibət”, “Ölümlə Görüş”, “Matəm üstə Mütləqlə Təmas” yazıları oxundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun! Səcdəsilə törən sona yetdi.

Qürub Ayı, 45-ci il. Atakənd.
(avqust, 2023)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir