Ocaq Günsırası ilə Asif Atanın Mütləqə İnam Ocağı Şölə Ayı, 46-cı ildə (iyun, 2024) Ağstafada “Asif Ata Sonevinin Ziyarəti” Törənini keçirdi.
Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözünə başladı: Zaman-zaman Ağstafaya səfərimiz, gəlişimiz bizim özümüz üçün yön yaradıb. Bir çağlar Atanın üz qoyduğu ilk torpaq kimi Amal bağındakı torpağı düşünürdük, indi də elə düşünürük. Atanın cismi burada torpağa qoyulduğuna görə buranı özümüz üçün qiblə sayırıq. Böyük mənada, söz yox, bizim qibləmiz Azərbaycandır. Ayrı-ayrı yönlər qibləmiz ola bilər, Bakı ola bilər,Təbriz ola bilər, ancaq ümumilikdə bizim qibləmiz Azərbaycandır. Bu gün bizim burda olmağımız, göstərdiyimiz çabalar içsəl gərəklikdən yarandığı qədər, həm də, insanlarımızın ağlında, düşüncəsində qibləni öz yurdunda yaratmaqdır. Mən Asif Atanın sümüyünü müqəddəsləşdirmirəm. Elə bir şeyə gərək də yoxdur. Belə bir şeyi doqmat səviyyəsinə qaldırmaq, hətta təbliğ eləmək-filan, bunlar hamısı gerillik göstəricisi olardı. Bizim belə bir hədəfimiz yoxdur. Biz öz toplumumuzun şüurunda dəyişikliklər eləmək istəyirik. Toplumumuz bilməlidir, məsələ burada Asif Atanın sonevi deyil, məsələ odur, bura vətən torpağıdır, Azərbaycandır. Sən öz qibləni Azərbaycanda axtar. Öz yönünü orda yarat. Biz demirik, başqa xalqların ölkəsi bizim üçün düşməndir. Biz demirik, başqa xalqlara qarşı pis münasibətimiz var. Zaman-zaman bizə sual verirlər, dünən də bu sualı verdilər, – bu gün dünyada gedən bir proses var. Bu prosesin adına kürəsəlləşmə (qloballaşma) deyirlər. Bunun ideoloji çalarlarından biri liberalizmdir. Bunun anlamında o var ki, ayrı-ayrı şəxsiyyətlərə münasibət yaratmaq bir stereotipdir. Bu stereotiplərdən açılmaq gərəkdir. Konkret bir milləti əsas götürmək – bu da gerilik əlamətidir. İndi dünya liberalizmə üz tutur. Belə-belə şeylər deyirlər. Biz xalqlararası sağlam münasibətin adına humanizm deyirik, bəşərilik deyirik. Asif Atanın xəttinin bir adı da bəşərilikdir: insanlaşma, millətləşmə (bizdə türkləşmə), Şərqləşmə, bəşərləşmə. Sənin liberallaşdırmağın məni özümdən ayırmaqdır. Biz millətçilik vurğu edəndə, qorxa-qorxa demirik, bu bizim həqiqətimizdir. Biz millətçilik deyəndə dağılmış millətin toparlanmasını nəzərdə tuturuq. Toparlanmasa, ləyaqəti bərpa olunmur. Dağınıq millətin ləyaqəti də toparlanmır. Millətin ləyaqətini toparlamaq gərəkdir ki, onun içində yaşam nizamı olsun. Bizdən bunu niyə alırlar? – Çünkü dünyanı azğın bir siyasət yönətir. Bu siyasəti yönətənlər dünyanın hər yerində zəlalət yaratmağa çalışırlar, özlərinin ağalığının çətiri altında. Biz də deyirik, bu zəlaləti qəbul eləmirik. Ona görə insan haqqında gərəkən yüksək düşüncə formalaşdırmağa çalışır Asif Ata. İnsanı öyrədir, ona anladır ki, sənə yeridilən bütün doktrinaların hamısı səni kiçildir, balacalaşdırır. Avropada ayrı-ayrı pozitiv şeyləri sadalayırlar – insan haqları belə getdi-filan. Bunların içində insan yoxdur. İnsan haqları ideyasında insan yoxdur. Mənim boynuma minnət qoyur ki, sənə haqq verirəm, hüquq verirəm. Axı bu mənim doğal haqqımdır. Sən niyə verirsən? Sən mənim əlimdən alma yetər.
Asif Ata İnsanın tanrıdan gəldiyi ideyasını inkişaf etdirir, deyir, İnsan içində Mütləq gəzdirir. Sən içində Mütləq gəzdirənə imkan ver, qoy içindəki Mütləqə qovuşsun. Qoy içindəki İnsanlığa qovuşsun. Qoy böyüsün, kamilləşsin, yetkinləşsin. Dünya onda doğru olar, düz olar, əyri olmaz. Belə bir çağırışda bulunur. Biz bura ona görə gəlirik. Asif Atanın sonevini ziyarət eləməyimiz – onun ideyalarına tapınmağımız, insanları bu ideyalara çağırmağımız deməkdir. Buradan kilometrlərlə yol ölçüb ərəb ölkələrinə gedirsən. Onların böyüklərini, şəxsiyyətlərini, məscidlərini, qəbirlərini ziyarət edirsən. Biz də deyirik, sən bunu eləyirsənsə, öz ölkəndə elə, burda elə. Ora gedəndə sənin şüurun dəyişir. Sənin gözünün baxarı dəyişir. Sənin içinin məntiqi dəyişir, məzmunu dəyişir. Ona görə millət kimi toparlana bilmirik, ayaqda dura bilmirik.
Asif Ata Şərqləşmə, bəşərləşmə deyir. Dəyərlər yaranır Şərqdə. O ənənə qırılmamalıdır. İndi Mütləqə İnam əsasında Şərqin özünün ruhani gələnəklərini bərpa eləmək gərəkdir. Bəşəriyyətə o gərəkdir. Ona görə çağırır: “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır”.Bunlar olanda bəşər olur. İnsanlaşma, millətləşmə prosesi gedəndə insan bütöv olur, tam olur. Öz məzmununa bənzəyir. Bəşəriyyətin içərisində bunlara ayqırı proseslər gedirsə, onda bəşər özünə bənzəmir.
Dünən, o biri gün ayrı-ayrı Ağstafalılarla söhbət edirdik. Mən deyirəm, biz burada insan axtarırıq, onunla bağlantı quraq, söhbətlər edək, deyək yiyə çıxın Asif Ataya. Onun yaratdığı dəyərləri öyrənin. Bu çabaları xalq olmağımız üçün edirik. Bizim bu çabalarımızın yönü xalqa bağlı olduğu üçün qutsaldır. Əməlin, niyyətin, yolu qutsaldır. Biz də onu mərasimləşdiririk. Burada onu ifadə edirik…
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Yüksək mədəniyyəti ilə, bəşəri dəyərləri ilə tarixin üz ağlığı, şəxsiyyətləri, yüksək sənət nümunələri, yaşam sistemi, aşiqlik, qəhrəmanlıq, bənzərsizlik yaratmış, bütün dönəmlərdə bəşərə örnək olmuş bir xalq bu gün bütünlüklə özünü inkar mövqeyindən yadlıqları qorumaqla özünə qənim olmaqdadır. Bu həşəmətli mənzərə siyasi yöndə maqların süqutu ilə başladı. Ruhani yönü ərəb istilası ilə dərinləşdi. Həmin tarixi dönəmlərdən bu günə qədər hər bir günümüz özümüzə inamsızlığımızla davam etməkdədir. Yadlıq, özgəçilik ölçümüz oldu. Dövlət yönətimi özgə, ənənələri özgələşmiş, yaşam özgəçilik üstə, təhsil, səhiyyə, adi münasibətlər, öləndə də yönü özgəyə, özgə sözüylə, özgə ritualları ilə. Dərin daxili ehtiyac ziyarət tələbi də özgəliklərə üz tutmaqla ödənilməkdədir. Düşüncəyə ehtiyac duymadan qara bir daşı ziyarət etmək, ətrafına dolanmaq üçün yüz minlərlə adam minlərlə km məsafə qət edir. Şeytana daş atır, yad torpaqlardan tutya götürür. Kimliyinə heç bir dəxli olmayanların sonevini öpməklə sonucda bu etdiklərinin qarşılığını ətrafından ummaqla kifayətlənir. Bu gün ziyarət deyəndə bu nəzərdə tutulur ümumi toplumda, demək olar ki, Şərqdə. Belə bir acı durumun peyğəmbərlik səviyyəsində həlli Asif Atanı dünyaya bəxş etməklə bəşəri müşkülün səbəbini də, əlacını da, çözümünü də onun çiyninə qoymuş oldu. Bu gün belə bir şəxsin sonevini öz doğma yurdumuzda ziyarət etməkdəyik. Ziyarətimiz qutlu olsun. Biz nəinki ulusumuzun, eləcə də bəşərin yönünü Asif Atanın Mütləqə İnam təliminə yönəltmək amacındayıq. Kimlərinsə gözünə zəif görünə bilərik, belə yanaşmaları görürük də. O kəslərə üzümü tutaraq deyirəm: Həqiqət həmişə azların tərəfində olub, olmaqdadır. Bir adamı yüz minlər dinləyə bilər. Yüz minlərin bir adamı dinləyib həqiqətə yetməsi mümkünsüzdür. Asif Ata qüdrətinə tapınanların mənəvi qüdrətə üz tutmağı özü bir qüdrətdir. Bunun üçün Asif Ata Ocağını öyrənməklə yanaşı, onun dərd ortağı olmaq gərəkdir. Oldunsa, demək varsan. Özünü bəşər qarşısında sorumlu sayırsan. Asif Ata adını yaşadırsan özündə. Bir olursan onunla. Onu ziyarət edəndə yurdunu, torpağını səcdəyə layiq bilirsən. Çünkü ziyarət etdiyini bütün varlığınla duyursan, dərk edirsən. Özünü səcdəyə layiq bilənin özü də səcdəyə layiqdir. Bununla özünə sadiq olmanın əsl ömrü başlayır. Mənayla bir olanın gözündə dünya yenilənər. Heç kəsin görmədiyini, duymadığını görərsən, duyarsan. Ömrə vəcd gəlir, ehtizaz gəlir. Vəhyin səsini dinləmək, həqiqətə yetmək, haraylamaq, bütün bunları yörənə bəyan etmək istəyi Amala çevrilir. Əngəlləri ötürsən, yatanları ayıltmaq, əyilənləri düzəltmək, yatanları qaldırmaq, mənən ölüləri diriltmək istəyi fərəhə çevrilir. Çətinliklə dostlaşırsan. Çətinlik asanlaşır. Söz sahibi olursan. Görünürsən. Sorumluluğun artır. Çoxluq sənə qarşı çıxır. Sən çoxluğa qarşı çıxırsan. Ömrə qəhrəmanlıq gəlir. Dərk edirsən ki, qəhrəmanlıq azların çoxlarla döyüşündədir. Ətraf səni yox etmək istəyəndə sən ətrafını var eləmək istəyirsən. Dahilik gəlir ömrə. Bütün dünyanın axtardığı xoşbəxtlik sirrini kəşf edirsən özündə. Mənim nəzərimdə xoşbəxtlik və ölümsüzlük eyni məna daşıyır. Hansı kəslər ölümsüzlüyə yetmişlər? – Özünü daha başqalarına həsr edənlər. Deyə bilərsənmi onlardan tək biri özünü bədbəxt sayıb və ya sonrakı nəsillərin nəzərində onun ömrünə təəssüf hissi keçirənlər olub. Əslində elələrinin fiziki faciəsi mənəviyyat ömrünü daha zəngin etmişdir. Belə şəxsiyyətlər tarix boyu barmaqla sayılacaq dərəcədə olsalar da, elə qalanlar da onlardır. Zərdüştlə başlayan peyğəmbərlik missiyasını Asif Ata ən uca zirvəyə qaldırdı. Nisbi xilaskarlığı bütün yönlərdə mütləq xilas səmasına yüksəltdi. Asif Atanın yolu Mütləqçilikdir. Nisbi xeyir özünün əksini gəzdirir. Yalnız mütləq həqiqət həqiqətdir. Ömrünü maddi firavanlığa həsr edən ömrünü yelə verir əslində. Çingizlərdən, teymurlardan nə qaldı ki. Kiminsə on mənzilindən nə qalar? Kimlər yaşayacaq, necə yaşayacaq ömrünü verdiyi o mülklərdə. Dərindən düşünmək gərək. Anladacaq sənə Nəsiminin “Ənəlhəqq”ini. Görəcək cahangirlərin bəd niyyətini, xarabalıqlarını. İlk addımın İnama yetməyin olsun. İnamla açacaqsan qalan qapıları. İdrak, mənəviyyat, iradə qapılarını. Çaşdıqca, heyrətə gəldikcə çirkabdan keçəcəksən. Mənəviyyat ucalığına yüksələcəksən. Tərəddüdlər keçəcəksən, İradəyə yetəcəksən. Özünlə rastlaşacaqsan. Sarsılacaqsan kimliyinlə görüşəndə. Xoşbəxtliyin səmasında qanad çalacaqsan. Xoşbəxtliyin özü olacaqsan. Yerə-göyə sığmayacaqsan. Əbədiyyət ünvanlı bəxtiyarlığa qovuşacaqsan. Bu halın Ata ziyarətinə, Ata səcdəsinə, ruhani bəxtiyarlığa qovuşmağın olacaq. Ziyarətimiz uca olsun!
Atamız Var olsun!
Sevda Amanova: Mən Asif Atanı nə bir görüşdə görmüşəm, nə başqa yerdə olmuşam. Sadəcə mənə həm xoşdur, həm kədərlidir. Mən o uzaq keçmişdən bu yaxın keçmişə gəlmişəm. Asif Ata mənim üçün canlıdır, ondan da əlavə onun Anım günüdür. Asif Ata haqqında çox söz demək olar. O, alim kimi alim, filosof kimi filosof, şair kimi şair, bəşəri bir insandır. Nə onun fəlsəfəsinə, nə onun nəzəriyyəsinə, yazdığı əsərlərə, kitablara, heç bir şeyə toxunmuram, bir neçə rübaisini oxuyacam – çox xoşuma gəlir:
Kamal meyvəsini dərən istərəm,
Canını eşqinə verən istərəm,
Cismimi cismində görən çox oldu
Ruhumu ruhunda görən istərəm.
***
Ömür yollarının son həddi varmı?
Ruhani qüdrətin sərhəddi varmı?
Yer insanı uddu söyləyən qafil –
Dünyaya sığmayan qəbrə sığarmı?
Asif Ata bəşəriyyətə, dünyaya, ürəyimizə, ruhumuza sığır.
Gözünə görünən, bil, mən deyiləm,
Ölümü gözləyən bədən deyiləm,
Ömrümün əvvəli axırı yoxdur,
Əbədi Ocağam, sönən deyiləm.
Bəli, o sönmədi, onun Ocağı var, davamçıları var, bizdən sonraki nəsil də onun Ocağının başına yığılacaq. Onun Ocağından nur alacaq, isinəcək.
Günəş göyün özündə,
Məna ömrün izində,
İşıq mərdin gözündə,
Dərman dərdin özündə
***
Küləyi qovmalısan,
Təlaşı boğmalısan,
Özünü öldürməli
Yenidən doğmalısan.
Asif Ata bizim üçün ölmədi, çünkü yenidən doğuldu.
O bizim üçün yaşayır.
Abil Ulusoy: Doğu mahiyyətli, Doğu biçimli, türk yanğılı, insan soraqlı, bəşər ünvanlı Uluyurd Azərbaycanda türkün ilk ruhaniyyat Ocağını qalayan Asif Atanın sonevinin ziyarətində Abil Ulusoyun demək istədiyi : Mən türkün İlk Ruhaniyyət Ocağının bayrağını öpürəm.
Asif Ata sonevini ziyarət edərkən adamların sayı çox olsa, yaxşı olardı. Ancaq sayın azlığı işin mahiyyətini azaltmır. Mən çox istərdim, Azərbaycanın müxtəlif bölgələrindən Türk Dünyasından zaman-zaman insanlar Atanın təkcə öldüyü gün deyil, istənilən günü bura gəlsinlər, ziyarət eləsinlər, artıq bura bütün Türk dünyasının ziyarət yerinə çevrilsin. Türk özünün ilk ruhaniyyat ocağını ziyarət eləməlidir. Yadlığa üz tutub, yadları vətənimizə gətiriblər, yadlara qarşı bir sevgi yaradılıb insanlarda, insanlarımız sevgisinin dalınca yad ünvana gedirlər. Bununla mən Azərbaycanlıyam, Türkəm demək alınmır. Çünkü ruhani varlıq olan insanın sevgisi yadlara yönəlibdirsə, onun vətəni, vətənçiliyi, millətçiliyi şübhə altındadır. Sən ərəbçiliyi sevirsən, həm də deyirsən mən türkəm. Ola bilməz axı. Çünkü sənin sevgin ordadır. Gedib oranın torpağını öpürsən. Öz torpağını öpməyə ləyaqətin çatmır sənin. Əgər səndə bu ləyaqət hissi yoxdursa, sən türk ola da bilmirsən. Türk dünyasının bu gün inamı yaddır. Ərəb inamıdır. İdrakı yaddır, qərbdən, Avropadan gələn idrakdır. İradəsi türk millətinin başçılarının əlində deyil. İradə də bizim üçün olmayıbdır.Mənəviyyatımız da işğal altındadır. Həm Azərbaycan, həm Türk dünyasının başqa dövlətçiliyini elan edən ölkələrin, bütövlükdə türk insanlarının ayrı-ayrı dövləti olmayan türk insanları da türk mənəviyyatı daşımırlar. Ata bizə nə dedi: idrakımız özümüzdən, inamımız özümüzdən, iradəmiz özümüzdən, mənəviyyatımız özümüzdən, yəni türk inamı, türk idrakı, türk iradəsi, türk mənəviyyatı olsun. Soylu bəy qeyd elədi, bu gün kürəsəlləşmə bəşəri bütün sahələrdə caynağına keçiribdir. Bu fəlsəfədə, iqtisadiyyatda hər şeydə çox yumşaq bir şəkildə ağır-ağır addımlayır. Elə bir addımdır ki, bu, qarşısıalınmaz bir qüvvəyə çevrilibdir mahiyyətcə. Bu kürəsəlləşmə dövründə təbii ki, Atanın varlığı, onun dedikləri, yazdıqları türk üçün tutya kimi bir şeydir. Türkə gərək olandır. Biz bunu qorumalıyıq. Çünkü biz bunları qorumasaq, öz varlığımızı millət olaraq təsdiq edə bilmirik. Getdikcə dəyərlərimizi unutdurmağa çalışırlar, özümüz də bu işdə həvəslə iştirak edirik, yadlığı doğmalıq kimi qəbul edirik. Üzdə demirlər, ancaq yadlığın təbliği gedir.
Mən də Atanın rübaisindən bir misra demək istərdim:
Qədim cəfakeşlər sırasındayam,
Bilmirəm tarixin harasındayam,
Bu günün insanı olmadım heç vaxt
Dünənlə sabahın arasındayam.
Əslində Atanın Azərbaycan tarixində, Türk Dünyası tarixində, bəşər tarixində yeri həm Azərbaycanın dünənidir, həm bu günüdür, həm də sabahıdır.
Bir yazı yazmışdım Asif Ataya – sən mənim həqiqətimsən. Mən yenə də həqiqətimə üz tutub demək istəyirəm – nə yaxşı var idin, nə yaxşı varsan, nə yaxşı bizimlə var olacaqsan.
Ulusumuz, Uluyurdumuz var olsun!
Nurtəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Hər dəfə Atanın qarşısına gəlmək mənim boynuma böyük sorumluluqlar qoyur. Mən bu mərasimə yalnız bircə dəfə gələ bilməmişəm. Ancaq hər dəfə gələndə içim, ürəyim, baxışlarım, ruhum buradan dəyişilmiş gedirəm. Burada sayca çox olan vaxtlarımız da olub, az olan vaxtlarımız da. Çox olan vaxtlarımız da Atanın yolunu, varlığını sübut edib, insanların az olan vaxtları da.
Neçə gündür qardaşlarım – Soylu bəy, Günev qardaş burada idilər. Böyük əmək qoyub Ata sonevini yenidən işləyiblər (təmir ediblər). Onların ürəklərindən öpürəm. Keçən il Soylu bəy dedi, buranı yenidən işləmək gərəkdir.Dedi və elədi, həqiqətən ürəyim, könlüm açıldı. Var olun!
Biz Atanı seçdik, ömrümüzdə seçim elədik, ondan sonra biz Ataya doğru gedirik. Bu bizim ömrümüzün yönüdür. Yaşasın Ata.
Atamız Var olsun!
Abil Ulusoy: Mən də bir kəlmə əlavə eləmək istəyirdim. Əslində Soylunun, Günevin burda gördükləri iş adi inşaat işi deyil. İstənilən inşaatçıya pul verərdin, gəlib nəsə edərdi. Ancaq burda olmaq, ortaya böyük ləyaqət qoymaq sıradan məsələ deyil, hər adamın bacarmadığı qeyrət işidir. Bu əmək böyük bir olaydır, hər ikinizə təşəkkür edirəm.
Yasin Türksoy: Ata Sonevini ziyarətə gəldik, bu fərəhdir, fəxrdir, hər il biz bu səfərə gəlirik. Ocağın hər hansı bir tədbirinə qatılmamaq olar, ancaq bu səfərə gəlmək önəmlidir. Çalışıram, nə olur olsun, hər il Ata Sonevini ziyarətə gəlim. Hər dəfə səfər planı hazırlananda məndən soruşmayın ki, gedəcəksənmi.
Burdakı təmir işi ilə Soylu bəylə Günev bəy ürəyimizi, ruhumuzu yenilədi.
Sonda “Mütləq”, “Ölümlə Görüş”, “Aqibət” izharları oxundu.
“Ata Ruhu Ürəyimdədir!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.
Səsdən yazıya çevrildi:
Od Ayı, 46-cı il. Atakənd.
(iyul, 2024. Bakı).