Xəbərlər

“Ata Sonevini Ziyarət Günü” törənindəki çıxışlar

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 “Ata Sonevini Ziyarət Günü” törənindəki çıxışlar

Ocaq Günsırası ilə Şölə Ayı 40-cı ildə (iyun, 2018) Ağstafa sonevliyində “Ata Sonevini Ziyarət Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı: Qutsal Günümüzə başlayırıq. Ocaq ilsırasının 40-cı ilidir. 21 ildir Ata sonevini ziyarət edirik, hesabat veririk. Bundan sonra da hesabat verəcəyik Ataya, Onun xalqına, xalqının ruhsal gələcəyinə.

Biz bura niyə gəlirik? Hər zaman bunu ayrı-ayrı açılardan deyirik, düşüncələrimizi aydınlaş­dırırıq. Yenə bizim əsas qonumuz “niyə gəlirik” sorusuna cavabdır. İnad göstəririk davamlı şəkildə. Bizim bura gəlişimiz doğrudan inad göstərməkdir. Biz bura öyrətmən, filosof xatirinə gəlmirik. Atanı ziyarət xalq yaratmaq anlamı daşıyır. Bu ziyarət xalq yaratmaq inadıdır. Asif Atanın xalqyaratma ideyası, düşüncəsi ömrümüzdə, yaşamımızda gəlirik. O düşüncəylə, ideyayla dolub gəlirik. Əgər kimlərsə o düşüncəylə, ideyayla dola bilməyəcəksə, bura da gələ bilməyəcək. Nə qədər deyirsən de. Ömründə xalqın gələcəyinin həqiqətlərini yaşamırsansa, daşımırsansa, gələ bilməyəcəksən. Ataya sayğı duyan adamlar deyirlər, ürəyim sizinlədir, öz yanınızda sayın məni. Necə sayım, sən yoxsan burda. Bunlar yerişi olmayan ürək-dirək vermələrdir. Yaradıcılıq, quruculuq – yeriş, gediş tələb eləyir. Zəhmət, dağ aşmaq tələb eləyir. Səfərdir bu, mənzil başına yetməkdir bu. Hədəflərinə  doğru yürüməkdir bu. Bir yerdə oturmaqla hədəflərə doğru gedə bilməzsən. Ona görə gəlmək məsələsi var. Asif Ata min ildir müsəlmanlaşdırılmış millətindən özümlü millət yaratmaq istəyir, insan yaratmaq istəyir. Türk yaratmaq istəyir. Məhv olmuş, şüuru pozulmuş, cahilləşmiş, geridə qalmış müsəlmandan türk yaratmaq istəyir. Bunu yaratmaq üçün zəhmət gərəkdir. Öz üzərində işləmək gərəkdir. Düşüncənin, iradənin üzərində işləmək gərəkdir. Mənəviyyatın üzərində işləmək gərəkdir, gərək xalqın gələcəyini heç nəyə qurban verməyəsən. Evinin ağırlığını xalqın gələcəyinə yükləməyəsən. Nə eləyirsən elə, gərək sənin çiyinlərin başqa yüklərdən boş olsun. Asif Ata insanlığın qarşısında geniş olanaqlar açır. Açdığı olanaqları bizə öyrədir, çat özünə, insan ol. Pozulmuş xalqını da insan elə. İnsan eləyəcəksənsə, onda o xalqın varlığı bilinəcək, dərk olunacaq. Hər kəs, bizdən qıraqda, ayrı şeylər düşünür. Hər kəs gerçəkliyi, gerçək faktı, zamanı, ortamı hər şey sayır. Bundan necə qaça bilərsən deyir. Ortam belə tələb eləyir deyir. Hər kəs gerçəkliyi hər şey saydığına görə hər şey gözdən düşür. Niyə? Çünkü gerçəklik, ortam adidir. Adinin mənası olmur. Mənalı olmur adi. Hər şey yeknəsəq görünür, anlamsız, sevilməyən. Ya da gerçəkliyi heç şey sayırlar, Allahı hər şey. Yenə gerçəklik gözdən düşür. Biz gerçəkliyi nə heç saymırıq, nə hər şey saymırıq. Biz gerçəkliyi mənadan aşağı sayırıq, deyirik gerçəkliyi mənaya yüksəltmək gərəkdir, bənzətmək gərəkdir, yaşamın özündə səbəb tapasan. Gözəlliklər tapasan. Əgər hər şey heçdirsə, niyə yaşayıram onda. Yaşamaq üçün səbəb tapmıram. Deyir, gerçəkliyi dəyişdirmək, gözəlləşdirmək insandan asılı deyil. Dəyişmək sənin işin deyil, Allahın işidir. Allah istəsə sən özünü də, gerçəkliyi də dəyişə bilərsən. İstəməsə yox. Hər şey Allahın ixtiyarındadır. O istəsə olacaq. Beləliklə, insan vecsizləşir. Çünkü hər şey Allahın ixtiyarındadır. İnsan heç nə əmələ gətirə bilmir. Çünkü insan elə düşünür, məsələnin düşünülməsi Allahın istəyib, istəməməyinə qalıb. Allah da o dünyada bildirəcək istəyib-istəmədiyini. O dünyada sorğu-sualdan sonra Allah deyəcək mən istəyirdim. Sənə ağıl, göz, qulaq vermişəm. Niyə dəyişmirdin? Baxın, görün insanı necə dolaşıq oyuna salıblar.

Asif Ata bu dolaşığı kəsib atmağa gəlib. İnsanın qarşısında gözəl ortam, olanaqlar açır. Özün ol. Səni din də, gerçəklik də, həyat da balaca olmağa çağırır, balaca eləyir. Asif Ata səni böyük eləyir, içindəki mənaya yüksəldir. İçindəki mənanı açıb sənə öyrədir, tanıdır, göstərir.

Buraya da içimi tanımağın dalınca gəlmişəm. Ayağım yeridikcə içimi tanıyıram. Başım işləyir. Başım işlədikcə ayağımın yeriməsi də davamlı şəkildə artır. Ona görə evdən çıxıb gəlmə- getmə məsələsi var. İnad məsələsi var. Üç gündür İnamlı məktəblərə gedir. İnaddır. İnad olan yerdə iş olur, dəyişiklik olur. Gərək inad göstərəsən.

Haşiyə kimi vurğu eləyirəm. Axşam görüşdüyümüz oğlan Borçalı qurumundandır. Borçalının sorunlarını onlar məndən yaxşı bilirlər. Çünkü mən birbaşa Borçalının sorunlarıyla uğraşmıram. Onlar sorunları öyrənirlər, yerində gedib görürlər. Ancaq beş adam bir araya gəlmir. Niyə gəlmir, nə çatmır? – Vətənsevərlik çatmır. İnsansevərlik çatmır. Ona görə deyirəm, Asif Atanın oxuluna gəlmək gərəkdir. Asif Atanın oxulundan çox şeylər öyrənə bilərsən.

Harda pul var, ona çatmaq uğrunda dava var. Ona görə də vətən haqqında düşüncə yerimir, işə keçmir. Biz bura pul qazanmağa gəlməmişik. Vətən sevgisində qazanc olmur, xərc olur. Həmçinin insan sevgisində. Ona görə də Asif Atanın bizə dediklərini, öyrətdiklərini ömrümüzə çevirməliyik. Axıra qədər ömrümüzə çevirəcəyiksə, onda bizim gücümüz, qüdrətimiz dəyişikliyə yetəcək.

 

Gedirsən bir yanda 3-5 kəlmə söz deyirsən. O söz iş görür. Hər yerdə qulaqlar dolur, doldurmalısan, zaman dəyişsin. Bizim ziyarətimizin də anlamı odur, görüşlərimizin də. Tədbirlər, törənlər keçiririk. Yaxınlarda Atagün Elində “Ailə Günü” tədbiri keçirdik. Bax, bu kişi (Günev – T.A.) heyrətindən az qalırdı ağlasın. Nə qədər ara vermişdi. Deyir, elə bil, adamın içi boşalır. Tədbir adamın içini, ömrünü doldurur. Ömür pətək kimidir, tədbir arıdır. Bal doldurur ora. Ona görə tədbirlər keçirmək, görüş, ünsiyyət, Atayla təmasda nə qədər çox olursan, bir o qədər için durulur. Düşüncələrin durulur, aydınlaşır. Nə edəcəyini bilirsən, anlayırsan. Həyat o qədər ağırdır, toplum o qədər dəhşətlidir, hər addımın gərgindir. Hər yaşamın gərginlikdir. Kimə yaxınlaşırsan əsəbdir, gərginlikdir. Özün bilmədən ortamın ixtiyarına buraxırsan, gərginliyin içinə girirsən. Bir də görürsən gərginliyin içində məhv olub gedirsən. Ancaq özünə kim olduğunu deyirsən, nə iş gördüyünü deyirsən. Bunları özünə xatırlatdıqca, dedikcə, dərk elədikcə o gərginliklər sənin varlığından aşağıda qalır. Mühitin içində olursan, gərginlik ömrünə axıb dolmur. Bunun da bir yolu ricaları vaxtında demək. Ricalar səni sənə tanıdır, ayaqda tutur. Cəhalətlə, gərginliklə görüşürsən, əyilmirsən. Deyirsən bunu. Özünə anlatma, özüylədöyüş, özünü yaratma, özünü qurma budur. Bizim hədəflərimiz uzaqdadır. Uzağa gedişimizi hesablamalıyıq. Canımız gücdən, taqətdən düşməməlidir. Ruhumuz gücdən düşməməlidir. İnsan olmağın, millət olmağın yoludur Asif Atanın bizə öyrətdiyi, ömrümüzə yazdığı. Biz burdan başlayırıq hər şeyi. Bizim kimi insanlar üçün bunlar olmasa, hər şey məhv olar. Çünkü bizim üçün çox şey aydınlaşıb. Cəmiyyət bataqlığa uyğunlaşıb. Biz uyğunlaşmamışıq. Birdən-birə sən bu aləmdən ayrılasan, düşəsən ora. Məhv olarsan. Onlardan betər duruma düşərsən. Əlini ayağının yanına salıb boğulmağa təslim olmaq deməkdir. Bu cəmiyyət bataqlığın içinə girib, giley-güzardan başqa da heç nə bilmir. Hamı gileylənir. Özündən başqa hər şeydən gileylənir. Asif Ata ona görə deyir, sorun sənin içindədir. Sən özünlə döyüş. Öz içindən onu arıtdırmasan, başqasının özünü arıtmağın yolunu da bilməyəcəksən, gərəkliyini də anlamayacaqsan. Ona görə insan olmağın, millət olmağın fərəhini yaşamaq, gələcəkli olmağın fərəhini yaşamaq bizim ziyarətimizin anlamıdır, yönüdür. Bunu anlayaraq, dərk eləyərək gəlib Ataya səcdə qılırıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur.

Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Atanın rübaisinin bir bəndiylə başlayıram sözümə.

Kamal meyvəsini dərən istərəm,

Canını eşqinə verən istərəm.

Çox əzəmətli misradır bu. Bu gün ziyarət yerimiz Ata sonevidir. Ata dərdinə bərabər olmaqdır. Ata dərdi – yurdsuzlaşmış yurdu yurd eləmək dərdi, millətsizləşmiş, insansızlaşmış insanı insan eləmək dərdi, özünə qarşı çevrilmiş bəşəri bəşər eləmək dərdi. Yəni bu dərdi çəkməyimiz bizi Asif Atanın yörəsinə yığdı. Asif Atanın Məcnunu elədi. Asif Ata qədər sevmək gərək yurdunu. Kor da görür, dağılır dünya. Harda duracağı həyat üçün bəlli deyil. Biz gəldik o yanğını verək. Biz gəldik Asif Atanın yanına, Asif Atadan götürdüyümüz işığı yayaq. Əgər buna nisbi yanaşsaq, gələ-gedə bilməyəcəyik. O dərdi çəkə bilməyəcəyik. Asif Ata həm də qutsal ünvanda yarandı. Ona görə yurduma deyirəm, gözün aydın qutsal ünvanına görə. Kəbəyə, Məkkəyə, bir qara daşa ziyarət deyil bu. Həm də, qardaşım demişkən, umacaqlı deyil. Gedim gəlim hacı rütbəsi alım, başda oturum. Bu umacaq yoxdur burda. Dərd çəkmək, yanmaq var burda. Bir daha deyirəm ziyarətmiz qutlu olsun.

Atanı sevmək Atanın ideyalarını, yolunu sevməkdir. Bu yol da Mütləqə İnamdır. Mütləq Yoldur. İçində Mütləqçilik tələblərindən zərrə qədər boşluq qalacaqsa, bu gediş hardasa dayanacaqdır.

Atamız Var olsun!

Soylu Atalı: Bir var müsəlmanın fanatikliyi. Onun fanatikliyi qorxaq fanatiklikdir. Bir də var, sənin fanatikliyin. Sənin fanatikliyin sevə-sevə, sevinə-sevinə fanatiklikdir. Çox böyük fərq var. Bu yaxınlarda bir neçə yoldaşlarla söhbət eləyirdim. Elə sənin üzərində onu dedim. Dedim, bizim Günev də Atanın fanatikidir. Ancaq onun fanatikliyi müsəlman fanatikliyi deyil. Müsəlman fanatikliyində sevinc, ümid yoxdur. Qorxu var. Qorxusundan fanatiklik eləyir Allaha. Allah da onu gözə alsın deyə.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Bu il mənim Ocağa gəlişimin 22 ili tamam olur. İl ilin üstünə gəldikcə bu həm sorumluğun artmasıdır, həm də Ocaqda varlığımın özü məni sevindirir. Atanı tanıdım, Atalı oldum. Yəni mən Atanı tanıyanda anladım, İnsanilik haqqı nə deməkdir. Ata İnsaniliyə yetmişdi. Mənim də o haqqım varıydı, mən də İnsaniliyə yetim. İnsanilik haqqı – xalqını, özünü tanımaqdır. Gələcəyini qurmaqdır, xalqının sabahı qarşısında sorumlu olmaqdır. Yəni gözümüz açıldıqca, idrakımız artdıqca fəlakətin də dərinliyini gördük, eyni zamanda Atanın İnamının nə qədər gərəkli olduğunu görürük. Bu bizim ömrümüzə böyük bir yük qoyur. Çətin yükdür. Ata deyir, öncədən bilirsən nə deyəcəklər, necə dalaşacaqlar. Yəni insanların halı, cəmiyyətin halı elə bir zamana, ortama köklənib, onu ordan çıxarmaq çox çətindir. Ancaq başqa yol yoxdur. Ağ-qara, işıq-qaranlıq var. O işığın özüm olduğunu hər dəfə dərk eləyirəm. İşıq mən özüməm, onları ordan çıxartmalıyam. Düşünürəm, biz ömrümüzü elə qurmalıyıq, ağac kimi kök ataq. Yəni yarpaq da ola bilərdim. Yəni dəyərləri ömrünə çevirməklə, xalqını, özünü tanımaqla o köklər daha dərinə işləyir, necə də bağlanırsan keçmişinə, gələcəyinə. Hər zaman bu ucalıqda yaşamaq böyük fərəhdir. Atalı olduğuma görə hər zaman fərəhliyəm. Ata mənə İnsanilik haqqını tanıtdı, Soylu Atalı da mənim üçün körpü oldu. Ona görə onun varlığı da mənim üçün böyük dəyərdir. Bunu Ata qarşısında, özüm qarşısında hər zaman deyirəm. Bu ucalıqda hər zaman daha da yüksəklikdə yaşamaq istəyirəm.

Atamız Var olsun!

Soylu Atalı: Hüquq siyasi anlayışdır. Haqq ruhsal anlayışdır. Biz hüquqa qarşı deyilik. Ancaq onu balaca sayırıq. Hüquq odur, sənin də bu dövlətdə payın, yerin var. Bunları bilməyin gərəkir. Haqq isə, dediyin kimi, xalqını tanımağın, dərk eləməyindir. Onun gələcəyini, öz gələcəyini qurmaqdır. İnsanlığa varmaq haqqındır. Haqla hüquq fərqli şeylərdir. Ata “Hüquqdan Haqqa” kitabında onun anlamını yazıb. Siyasətin də, ideologiyaların da, ortamın da istəyini bilirsən. Niyə bilirsən? Çünkü onlar istəmir sən böyük olasan. Səni əyməkdir onun istəyi. Ona görə bilirsən, necə əyəcək. Ancaq kamilləşmənin sınırı yoxdur. Bilmirsən, adam içində bu anda daha nələr kəşflər eləyəcək, hansı gözəllikləri üzə çıxardacaq, sənin qarşına çıxacaq. O sirdir. Atanın bizi ayaqda tutması o sirlərə yetməyimiz üçündür. İnsanlığın sirlərinə yetirsən, onun gözəlliklərini kəşf eləyirsən. İçində, varlığında, öz ömründə kəşf eləyirsən. Qıraqda kəşf eləmirsən. Allahda kəşf eləmək istəyənlər ancaq öyürlər, heç nə kəşf eləmirlər. Heç bir gözəllik görmürsən orda. Gözəllik insanın içindədir. Bir-bir onları yaradırsan, üzə çıxardırsan. Onu mən görəndə sənə vuruluram, səni sevirəm. Səndə özümü tapıram. Başqasında özünü tapmaq odur. Mənada olan gözəllikləri göstərir sənə əməliylə, ömrüylə, davranışıyla, işiylə.

Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N. A.):  Mən bura ilk gəlişimi xatırlayıram. 21-ci ildə ilk dəfə gəlmişəm Ata ziyarətinə. 3 qız idik, Soylu Atalı ilə. Hansı çətinliklərlə gəlmişik, yəqin xatırlayırsınız. Tamamilə pulsuz-parasız. Həmin gün Soylu Atalı maaş almışdı, onun pulu ilə bilet alıb gəldik. Hansı çətinliklə gəldik. Burda da ayrı toplu var idi. Daha gur görünürdülər. 20 adam idilər.

Zaman keçdikcə duyğular da gəlişdi. Hər gəlişimdə olğunlaşdığımı gördüm. Dəyişməyən tək duyğum – bura hər gəlişimdə qürur duyğusuyla gəldim. Bütün illərimdə dərk elədim, bu millət üçün Ata kimdir. Bəşər üçün Ata kimdir. Kaş türk milləti Asif Atanın kimliyini daha dərindən dərk edə. Dünyaya nə verdiyini, ən azından özü üçün, anlaya bilə. Nə qədər qüdrətli olduğunu, nə qədər böyük olduğunu o zaman dərk eləmiş olur. Millətimdən umacağım, budur. Özümdən də umacağım odur, ürəyimi o qədər böyüdə bilim, qaranlıqları yara bilim.

Atamız Var olsun!

 Soylu Atalı: İlk gəlişimizdən bura say baxımından o qədər də qabağa getməmişik. Ləyaqət, cəsarət, ruhsal oturuşma açısından çox qabağa getmişik. İndi bu ünvanda cılız qızlar deyil, möhtəşəm ürəklər söz deyir.

 

Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür  – N.A.): Bütün ürəyimdə demək istədiklərimi söylədiniz. Bəlkə sizin qədər gözəl, aydın ifadə edə bilməyəcəkdim. Mənə elə gəlir, Asif Atanın davamçıları, Asif Atanın Ocağında olanlar Asif Atanın düşüncələriylə bir uyumda yaşayır. Asif Atanın Ocağında bir-birimizi tanımışıq, bir-birimizi tapmışıq, Atanı tapmışıq. Bayaq Göylü vurğuladı, dünyada millətlər bəşər səhnəsində yer ala bilən, öz içindən çıxardığı hansısa bir şəxsiyyətinə borcludur. O şəxsiyyətin sayəsində bəşəriyyətdə yerini təsdiq edə bilir. O şəxsiyyətlər nə dərəcədə söz deyə biliblər, nə dərəcədə bəşəri əməllərin yiyəsidir, bu, qonunun başqa bir yönüdür. Ancaq Azərbaycan xalqı, Azərbaycan xalqının içindən duran bir ər nəinki bir milləti, bir xalqı, bir coğrfiyanı ucaltmaq qüdrətinə qadirdir, o, böyük bir etnosu dünyada təqdim edir. Türk etnosunu. İnsançılğın harayını çəkən etnos olduğunu dünyaya göstərir. Bizim, həm iç, həm dış düşmanların sayəsində hərəsinə bir tale biçilibdir. Ancaq Asif Ata sayəsində bu düşüncə dəyişilə bilər. Dünyanın ahəngi dəyişilə bilər. Türk milləti Asif Ataya doğmalaşacaq. Çünkü bir etnos, bir xalq məhv olub gedə bilməz. Dəyərləri olan bir xalq tarix səhnəsindən çıxa bilməz. Asif Ata belə bir yük qoyur çiynimizə. O yükün ağırlığını dilə gətiririk, nəyə görə o yükə ağır yük deyirik, özümüz yaxşı bilirik. Ancaq o, bütün bəşər tarixində, İnsanlıq tarixində yüklərin ən gözəlidir. O yükü, ömrünün sonuna qədər, çiynindən yerə qoymayacaqsan, o yük səni əbədiyyətə qovuşduracaq. Ancaq o yükü ömrünün bəlli bir dönəmində yerə qoyarsansa, həyatın qayğıları səni yenərsə, sən artıq, Soylu bəy demişkən, batmış cəmiyyətin durumundan da betər ola bilərsən. Sənin üçün faciə ola bilər. Çünkü sən bilmişdin axı ruhaniyyat yolu, Asif Atanın yolu nə idi. Toplumda olanların nələrisə var. Bu isə bizim ömrümüzdür. Bu bizim aqibətimiz olmalıdır. Mən Ata sonevini ziyarət edəndə tamamilə başqa bir havaya girirəm.

Nə gözəl, mənim yurdumda mənim qutsallıq ünvanı yaranıb, orda tamamən xalqa inamım, insana inamım yörədəkilərə inamım, bütün toplumda gördüyüm halların hamısı gəlib burda sönür. Ocaq tədbirində sönür. Tamamilə duruluram, başqa insana çevrilirəm. Qürur hissi duyuram, Ocaqdayam, Soylu Atalının istədiyi qədər olmasa da, özümün bacardığım qədər Ocaq işlərində kömək edirəmsə, özümü qürurlu sayıram.

Atamız Var olsun!

 Soylu Atalı: Atanın gözü həmişə qabağa baxırdı. Eyni zamanda Ata arxasında nəyin olduğunu da arayırdı. Bu zaman o yenə qabağa baxırdı. Yenə gələcəyə baxırdı. Ata öz arxasında Evladının gəlib-gəlməyəcəyini aydınlaşdırmaq, bəlli etmək üçün yenə də üzünü gələcəyə tuturdu. O bilirdi, bu gün olmasa da, sabah onun arxasında əməl olacaq. Biz də bu gün elə onunla özümüzdə bəxtiyarlıq duyuruq, onun arxasındayıq, davamındayıq, onun işini yaşadırıq.

Yurd qutsallığı deyə bir şey var. Bu nə deməkdir?! Yurdun qutsallığı onun qədir-qiymətini bilən, qədir-qiymətini yaradan, ünvanını oluşduran insanların varlığıyla ölçülən bir dəyər deməkdir. O insanların varlığıyla. O insanların sayı neçədir, nədir, ondan asılı deyil. Yurd o zaman qutsal olur, onun yurdluluğu dəyərə çevrilib yaşadılır. Biz ruhsal anlamda Azərbaycanda iki ruhsal ziyarət ünvanı bilirik. Biri budur, biri də, Atagün Elində Amal bağında, yenə Atanın üz qoyduğu torpaqdır. Atanın üz qoyduğu torpağı qutsallaşdırırıq, əslində yurdumuzu, vətənimizi qutsallaşdırırıq.

 

Ulusəs (Ataya səcdə edib Bayrağı öpür  – N.A.): Öncə hamını bu gün münasibətilə təbrik edirəm. Ata ziyarəti elə bir qutsal andır, elə bir qutsal gedişdir, gəlişdir, təbrik olunası bir məqamdır. Biz Atanın sonevi üstə ziyarətə gəlmişik, ancaq yenə də bunu bayram kimi qəbul edirik. Atanı ziyarət eləmək mənim üçün şəxsən bayramdır. Çünkü mən tamam başqa cür hiss edirəm. Mənə İnamlı deyir, axı sənin haqqın var gəlməməyə,  bu qədər sorunların var. Mən cavab verə bilmədim. Dedim, getməliyəm. Soylu Atalı da çıxışında dedi, mən niyə görə  getməliyəm. Doğrudan da, adamda belə hiss var, sən burda mütləq olmalısan. Çünkü mən burda olanda dünya mənə tamam başqa cür görünür. Toplum elə bil yoxdur. Elə bil Atanın istədiyi ortama biz çatmışıq. Ya da ümid var,  mütləq çatacağıq. Ürək açılır, gözəllikləri yaxında görürsən. Gələcəyi yaxında görürsən. Millətin millət olmasını, doğrudan da, elə bil görürsən. Qapalı mühitdə qapalı görüsən. Hər şeyi aydın görmək üçün can atırsan bura. Səbəbi çoxdur. Mən də çalışıram duyğularımı izah edim. Belə duyğu var, burda qalım, heç getməyim. Cazibə var burda. Düzdür, mənim bir çiynimdə məişət yüküdür, bir çiynimdə ruhsal yükdür, istəyirəm bu məişət yükündən qurtarım, ancaq bu da bir insani haqdır, atmaq olmur. Ruhsal yüküm mənə kömək olur, məişət yükünü də daşıyım. Mənim üçün bu ziyarət çox doğmadır. Mən ziyarətə gəldiyimə görə özümdən razıyam.

Atamız Var olsun!

Soylu Atalı: Bəzi dostlarımız var, deyirlər işimiz çoxdur, bizi həmişə yanınızda bilin. Deyirəm, mən sizi yanımda necə bilim, yoxsan axı. Olun da. Olmalısınız. Atanın işinə çiyin vermək gərəkdir.

İnamlı (Ataya səcdə edib Bayrağı öpür  – N.A.): Ziyarətimiz qutlu olsun. Sağ olun, var olun, gələnəkləşdirirsiniz, gəlib-gedirsiniz. Üzünüzdən ümid əksilməsin. Hamınızın gözündə ümid oyanır. Çətinliyin bəhrəsi görünəndə mormal şeydir bu. Bura gəlməzdən üç-dörd gün öncə dedim Atanın hüzuruna üzüağ gedim. Soylu Atalıyla görüş təşkil etmək üçün çox əziyyət çəkdim. Təəssüf, nəsə bir şey ortaya qoya bilmədik.

Bu günlərdə fəlsəfə tarixini oxuyuram. Şəxsiyyətlərin həyatından, ideyalarından yazıblar. Hegelə qədər oxumuşam. Oxuduqca Atanı göz qabağında canlandırıram. Söz yox, Atanın dediyi qədər deməyiblər. Onların dediklərinin heç biri həyata gəlməyib, həyata oturuşmayıb. Bu qədər kişilər dura-dura, bu qədər elmli-ziyalı şəxsiyyətlərin düşüncələri dura-dura, insanların həyatına Semit dinləri gəlib. Birinə İsaçılıq gəlib, birinə yəhudilik gəlib. Şəxsiyyətlərin dedikləri kitabda qalıb. İmkan verməyibər bəşəriyyətin həyatına gəlsin, bəşər ondan yararlansın, normal insan kimi yaşasın. Bugünkü kimi zəlil günə düşməsin. Nə ölüsünün yiyəsidir, nə dirisinin. Yəhudilər şəxsiyyət yetişdiriblər. Di gəl Davudun oğlu Süleymanın 700 arvadı, 300 kənizi olub. Bu gün yəhudi Davuda tapınır. Süleymanı peyğımbər qəbul edib, həyat yaşamına gətirib, qutsallaşdırıb, həyat sisteminə gətirib.

Bizim elə bir tapınacağımız yer var, hamısından ölşüyə gəlməz dərəcədə üstündür. Ancaq xalqın gözünü o qədər qorxudublar, xalq öz içindən çıxana Ata deməyə qorxur. Toplumun təpkisindən qorxur. Xurafatın şişirdilmiş cənnət-cəhənnəm təpkisindən qorxur. Gözüqıpıq ediblər xalqı. Qorxaqdırlar, zəlildirlər. İş yerində təklənən qorxur, toplumda təklənən qorxur, hakimiyyətdə təklənən qorxur. Qorxa-qorxa da islam ruhuna yeriyib.

Ziyarətimiz qutlu olsun. Atamız Var olsun!

Soylu Atalı: Bu da yaxşı bir ümiddir. Atanı sevənlər içərisində qorxmayanlar da var. Sadəcə onların təyinatı elədir, Ocaqçı ola bilmirlər. İçdənliklə Atanı qəbul edirlər, bilirlər, Atanın gərəkliyini anlayırlar, Azərbaycan üçün Atalıq olmalıdır deyə düşünürlər.

 

Günev Atalı “Mütləq” izharını, İnamlı “Ölümlə Görüş”ü, Güntay “Aqibət”i, Soylu Atalı “Matəm üstə Mütləqlə Təmas”ı oxudu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.

 

Şölə Ayı, 40-cı il. Atakənd.

(iyun, 2018. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir