Xəbərlər

“Ata Sonevini Ziyarət Günü” Törənindəki çıxışlar

Ocaq Günsırası ilə 5 Şölə Ayı, 44-cü ildə (iyun, 2022) Asif Atanın Mütləqə İnam Ocağı “Ata Sonevini Ziyarət Günü” Mərasimi keçirdi. Hamı “Ata qarşısına gəldim, ruhani bəxtiyarlığa qovuşdum!” dedi.

Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Günə başlamazdan öncə gələnlərin hər birinə sayğılarımı bildirirəm, zəhmət çəkib səhər tezdən gəlmisiniz. Biz Mütləqə İnam Ocağı olaraq, Asif Atanın ölümündən sonra illərdir, onun yaratdığı dünyabaxışı yaşatmaq üçün əlimizdən gələni edirik. Bir neçə yol demişəm, bir də demək istəyirəm: bu gün biz, Asif Atanın sonev məbədində söz deyirik. Mən hər gəlişimdə özümə də hesabat verirəm, Asif Ataya da. Niyə?! – mənim üçün Asif Ata Azərbaycanın ruhani mahiyyətini ifadə edir. Biz, Azərbaycan olaraq, istər mənəvi-ruhani açıdan, istər siyasi açıdan dağınıq bir durumdayıq. Çox çabalar göstərdilər, çox cəhdlər olundu, heç bir çaba bu dağınıqlığın qarşısını almır, almayacaq…

Mən Asif Ata ölçüsü ilə yeni bir yazı üzərində işləyirəm. İnsan ruhunun nəliyi, necəliyi, “Ölməzlik” ideyaları qonusunda. İnsan ölümlə barışmır. O düşünür ki, davam eləməlidir. Deyək ki, nəslində, soyunda, balalarında davam eləməsi ilə var, bunu da az sayır. Özü nədirsə, necədirsə elə davam eləməlidir. Belə bir istəkdən yana bəşər övladının böyük axtarışları olub. Asif Atanın belə bir yazısı var – “Ölümlə görüş”. Deyir, “məni aparmağamı gəlmisən, ölüm?! Gedək, səndən qorxum yoxdur. Sən məni öldürə bilməyəcəksən. Cismimdən heç nə itməyəcək. Təbiətlə birgə oyanacaq, sabahkılarda yenidən peyda olacaq…”. Qədimdə buna bənzər bilik qaynaqları da var. Xurafatdır, geri düşüncəlilikdir, ancaq onun içində həm də bilik qaynağı var. İnsan şüuraltı olsa da, inanmır, ölüb qurtara bilər. Yəni ölüm mütləq yoxluq deyil. İnsan düşünür, ölümdən sonra davam edəcək, yeyəcək-içəcək. Bizə dini dünyabaxışlar da bunu deyirlər, Allah adamı dirildəcək, sonra mühakimə edəcək. Əməli yaxşıdırsa, cənnətə göndərəcək, pisdirsə, cəhənnəmə göndərəcək. Bu da həmin biliyin gəlib xurafatlaşmış, yalanlaşmış səviyyəsidir. Ancaq insan mütləq ölmür. Asif Ata deyir: “Cismimdən heç nə itməyəcək. Gözüm birinə qismət olacaq, əllərim bir başqasına…”. Çox düşünmüşəm bu haqda. Gerçəkdən bədənin bütünlüyü dağılsa da, parçalansa da, ayrı-ayrı əlamətləri təbiətlə birgə oyanır. Bu bilik ayrı-ayrı baxışlarda xurafata çevrilir. Asif Atada həqiqətə qayıdır. Elm deyir, enerji itmir, bir şəkildən başqa şəkilə keçir. Hürufilər deyir, insanın hissələri torpaqdan enerji kimi yaşama qayıdır. Nizami deyir, bu torpaq bəlkə də hansısa gözəlin gözlərinin nəyidir… Bu biliklər, insanın fiziki olaraq da, itməməsi anlamına gəlir. Ancaq bütün bunlar insanın şüuruna hansısa bir yön vermir. İnsan mənəvi-ruhani varlıqdır. İnsan özündə ruh daşıyır. Asif Ataya qədər baxışlar çox vaxt ruhu maddi obrazlaşdırıblar, maddi düşünüblər. Deyirlər candır. İnsan öləndən sonra ondan ayrılır, gedir başqa bədəndə yaşayır. Babək deyirdi, Cavidanın ruhu mənə köçüb. Ruhun bir bədəndən başqa bədənə köçməsi ideyası olub. Bunlar bəşəriyyətin, min illərdir, Ölümsüzlük axtarışıdır. Ancaq gəlib xurafata dayanır, nağıllaşır, mifləşir. İnsan başlayır uydurmağa. Deyir, Allah ölüləri dirildəcək. Ölülərin dirilməsi xurafatdır. Ancaq cismin, torpaqdan, təbiətlə birgə oyanması bilgisi doğrudur.
Ya da, dində deyilir, Allah Adəmi torpaqdan yaratdı. Bu bilik xurafatlaşıbdır. Söz yox, biz bədən olaraq, qida ilə var oluruq. Ruhumuz Mütləqə – Tanrı anlamına bağlıdır. Bədən olaraq qidalardan yaranırıq. Qidanı da yetirən torpaqdır. Ancaq hərfən “palçığı yoğurub qol-qıç düzəltdi” kimi düşüncələr yanlışdır. Asif Ata insanı inandırmaq, qurtuluşunu yetirmək üçün onun biliyini, düşüncəsini xurafatlardan ayırır, arındırır. İnsan özündə məna daşıyır – İnsanlıq adında Mütləq gəzdirir. Ölümsüzlüyün yolu – İnsanın Mənaya bağlanmasıdır. Ata deyir: “Ölən Əzəlidə qalır, Əbədidə qalır, Xalqda qalır. Ölən Gerçəklikdən gedir, Mənada qalır”. Məna nədir – xalqdır. Məna Tanrı anlamıdır. Mən o anlama doğma yaşamalıyam ki, ruhum qala. Onda mən ölümsüzlük əldə edə bilərərm. Yoxsa, insan heyvani yaşayır, əyri yaşayır, həm də ölümsüzlük istəyir. Asif Ata niyə dinləri qəbul eləmir?! Deyir, dinlərdə yalan var. Fərqi yoxdur İslam, Xristianlıq, semit dinlərindən danışıram. Məsələn, müsəlman namaz qılır, həccə gedir, sonra da, oğruluq edir, baş kəsir… Niyə edir bunu?! Çünkü qanmır. Sən öz Allahını aldadırsan?! Sənin içində məna yoxdur, içində gözəllik yoxdur. O özünü aldadır, cənnətə düşəcəyi ilə. Sən kimi aldadırsan, niyə aldadırsan?! Axı dünya düzəlmir, dünya gözəlləşmir. Nə qədər ki özündə, içində olan İnsanlıq adlı Mənanı dərk eləməmisən, nə qədər ki onu anlamamısan, nə edirsən et, nə dünya gözəlləşəsi deyil, nə həyat mənalanası deyil. Ona görə Asif Ata deyir, “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!”.
Adam hər cür əyriliyi, eybəcərliyi edir, gündə min dəfə Allah deyir. Elə bilir, o, Allahlıdır. Asif Ata yeni başlayanda ona Allahsız dedilər. Mən isə deyirəm, bütün bəşəriyyət Allahsızdır, Asif Atadan başqa. Çünkü bütün bəşəriyyət yalan danışır, əyrilik edir, oğruluq edir, qatillik edir, baş kəsir… Asif Ata eləmir. Asif Ata deyir, Allah məzmunu Mənəviyyatdır, Əxlaqdır, mərhəmətdir, vicdandır, bunları yaşamadan, necə deyə bilərsən Allahlısan?! İçində Allahı – o məzmunu öldürdüyün üçün əyrilik edirsən, oğurluq edirsən. İçində Allahı öldürdüyün üçün baş kəsirsən. Başa düşmürsən ki, Allahın başını kəsirsən, Allahı öldürürsən. Asif Ata deyir, o kəsdə ki Allah məzmunu yaşayır, Allahlı odur. İnsan özündə Mütləq gəzdirir. Yəni Allah məzmunu. Bizim böyüklərimiz, hürufilərimiz insanın özündə haqq daşıdığını dedilər, həqq mənəm dedilər, dərisini soydular. Nə deyirdi?! Deyirdi, Allah məzmununu içimdə daşıyıram. Ata deyir, Dünyaya gəlişimin məqsədi odur ki, o məzmuna yetim. O məzmunla gözəlləşim, dolum. Onda mən böyük olacam, onda mən kamil olacam. Onda mənim əməllərim gözəl olacaq. Onda həyat mənim əməllərimdən gözəllik tapacaq. Asif Atanın “İnsanlaşın, İnsanlaşdırın!” çağırışının arxasında bu hikmət durur. Ona görə deyir, dinlər insanı aldadır. Yalan deyir. Deyir səni cənnətə göndərəcəm. Cənnət adlanan nəşə uydurub səni nəşə ilə aldadır. Cənnət nəşə deməkdir, qeyri-əxlaqi həyat deməkdir. Yalandır, niyə aldadırsan onu. Mənə içimdəki həqiqətləri göstər, qoy həqiqətlərlə birikim, bir olum. Dünya mənim əməllərimdən gözəllik tapsın. Məni aldadırsan. Aldadırsan ki, sənə kef verəcəm. Min ildir Allaha ibadət edirsən, dünya düzəlmir ki düzəlmir. Niyə?! Çünkü sənin içində insan oturmur. Sənin içində Allah oturmur. Allahla insan arasında uçurum var. Allahlıq məzmunu dünyanın qüdrətidir. Dünyanın ağası deyil, dünyanın bənnası deyil.
Hər bir insan Allaha öz istədiyi keyfiyyətləri verir. Hərə elə danışır, elə bil əmisi, xalası oğlu haqqında danışır. Sanki onun arzularına uyğundur Allah. Bunlar nədən irəli gəlir?! İnsanın Tanrısal sistemdə aldanmasından, yanılmasından. Tanrısal sistem əyilib.
Asif Ata ona görə dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Ocaqlaşma yolu İnsanlaşma yoludur. Ocaqlaşma yolu millətləşmə yoludur, vətənləşmə yoludur, dövlətləşmə yoludur.

Onu da deyim, Asif Atanın işi çox dərinliklərə işləyib. Çox uzaqlara gedib. Mən bunu ardıcıl görürəm. Biz Asif Atanın ideyalarını deyirik, kitablarını çap edirik, ədəbiyyatlarını Azərbaycanda yayırıq, görüşlər keçiririk. Tədbirlər, mərasimlər keçiririk. Asif Atanın işi nümayiş deyil, mitinq deyil. Asif Atanın işi intibahdır. Mənəvi intibah yoludur. Biz bu yolda əlimizdən gələni edirik.
Mən dünya dinlərini, bəlli bir miqyasda öyrənmişəm. Asif Atanı da öyrənirəm. Asif Ata ilə dünyanı tutuşdurmalarla öyrənirəm, bununla bağlı kitablarım var. Mən görürəm, dünya Asif Atadan aşağıdır. Mən bunu, dünyanı azaltmaq üçün demirəm. Gerçək olan budur, Asif Ata dünyaya dərs deyə biləcək qüdrətdir. Onun təlimi, dünyagörüşü, ədəbiyyatları, fəlsəfəsi dünyaya dərs deyə biləcək bir qüdrətdir. Nə yazıqlar, Azərbaycan verdiyi dəyərlərə yiyə çıxmır. Yaratmağa yaradır, gözəl anadır, gözəl evlad verə bilir, ancaq övladına analıq edə bilmir. Bu gün də həmin problemi yaşayırıq. Nə qədər Azərbaycan dəyərlərinə yiyə çıxmayacaq, o, elə dağılacaq. Bizim də mənəvi-ruhani mübarizəmizin yönü budur ki, Azərbaycan özünə, öz dəyərinə yiyə çıxsın. Sağ olun, var olun dinlədiyinizə görə. Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Ziyarət insanın daxili ehtiyacından yaranır. Hər kəsin içində doğru bildiyinə, qutsal bildiyinə həsrət var. Ona daha çox yaxınlaşmaq istəyir. Bu, ruhani mənada da baş verir, fiziki mənada da.
Asif Atanın kimliyini bildiyimə görə onun yanında durmaq istəyirəm. Mənim millətimi var eləmək üçün dəyər yaradan, onun yönünü bəlirləyən şəxsiyyətinə yiyə çıxmağımız gərəkdir. İnsanlar ağır şəraitdə, atla, ulaqla məsafələr qət edib bir Qara Daşın ziyarətinə gedirlər. Bunu 6-7-ci yüzil üçün başa düşmək olardı. 21-ci yüzil gəlib. Daş nədir, meteor parçası nədir, onu ziyarət eləmək nədir?! Burda ziyarət öz anlamını tamamilə itirir. İkincisi, umacaq durur bunun arxasında. Bu gün daha çox alverçilər gedir, biznesmenlər gedir, uçaqla kef çəkə-çəkə gedir, sonra da hacı, gəl, otur başda. Bu umacaq var. Bizim qonşu kənddə bir adam var, 330 hektar torpaq alıb. Ancaq Asif Ata adına, 5 metr torpaq götürüb, məbəd tikmək üçün illərlə zülm çəkdik. Asif Atanın ilk üz qoyduğu torpaq, ilk gömüldüyü yer idi.
Mən Asif Atanı ziyarət edirəm, Sütunlarda adlarını gördüyünüz 6 ideyanı ziyarət edirəm. Asif Atanı ziyarət edirəm – Xalqımı ziyarət edirəm. Yurdumuzun bir guşəsində bir qutsal ünvan yaranıbdır. Ruhaniyyat mərkəzi ola bilər bu torpaq. Bizim görümümüzdə olubdur. Bunu bu xalqa vermək gərəkdir. Belə bir şəxsiyyətin çıxdı içindən. Bu potensiya sənin içində vardı. Sən vermisən, sən çıxartmısan bunu meydana. Ehtiyacdan yaranıb Asif Ata. Pərən-pərən olmuş, dünyaya səpələnmiş, bir millətin toparlanmasını Asif Atada tapa bilərik.

Sağ olun. Gəlişimizi qutlayıram. Sizin bura üz tutmağınız bayaqdan sadaladığımız düşüncəyə üz tutmaqdır. Gediş yazımızda da var – Ata İnamı – fərəhimin qaynağı. Sizinlə bu gün Asif Atanı ziyarət eləmək böyük sevincdir. Mənim fərəhim, doğrudan da, yerə-göyə sığmır. Bütün dünyanın yetmədiyi bir həqiqətə yetmişəm. Belə bir yola düşmüşük. Xalqın ölümsüzlüyü bizim o yolu getməyimizdən asılıdır.  Bu Yol Özümləşmə Yoludur!
Atamız Var olsun!

Soylu Atalı: Biz Örənqalada Ocaq Məbədi tikmişik. Tamam yeni üslubda, bu, Asif Atanın adına bağlı bir qutsal ünvandır.  İlk dəfədir, türk millətinin özünəxas bir ünvanı yaranır. Biz avtobusla 35-40 adam gedib açılış elədik. İnsanlarımız gedir Ərəbistana, İrana, ancaq öz yurdumuzu qutsallaşdırmır. Haranı öpərsən, haranı gözünün üstə qoyarsan ora qutsallaşar. Sən öz vətənini niyə qutsallaşdırmırsan?! Biz başqa xalqların dəyərlərinə qarşı deyilik. Başqa xalqların ünvanlarına qarşı da deyilik. Kim öz ünvanını qutsal sayır, özü bilər. Yaxşı edir. Mən düşünürəm, mənim üçün qutsal olan odur ki, məni var edir. Məni insan kimi var edir, millət olaraq var edir. Mənim vətənimi var edir. Mənim üçün qutsal odur. Məni danırsa, var etmirsə, nə üçün mən onu qutsal saymalıyam, onu öpüb gözümün üstə qoymalıyam?! Məni var etməyəni öpüb gözümün üstə qoyduqca gözüm kor olur. Ona görə biz deyirik, xalqın özünün dəyərləri qutsaldır, başqa xaqların da doğru dəyərlərinə biz sayğı duyuruq.
O boyda məscidlər, kilsələr tikirlər. Memarlıq cəhətdən də, inşaat qurallarına görə də, gözəl tikililər tikirlər. Bizim düşüncəmizə görə, o məbədlərin içərisində insan yetişmir. O məbədlərin içərisində insan kölə durumuna salınır. İnsan kiçilir, kiçildilir. İnsan həqiqətləri tanımır, tapmır. Allahı dərk eləmir, Allahı tapmır. Ona görə də o cür gözəl məbədlərdə tamamilə insanın özündən ayrılması prosesi gedir. Biz ruhaniyyat məbədini ona görə ucaltdıq ki, insanın özünü öyrənmə məktəbinə çevrilsin, insanın özünü dərk məktəbinə çevrilsin. Ancaq yenə deyirəm, xalqın içində hər kəsə yer tapılır, özünə yer tapılmır. Biz də çalışırıq xalqın öz dəyərinə də yer tapılsın.
İndi kiminsə ürəyində sözü varsa, nəsə bölüşmək istəyirsə dinləyək.

Nəriman bəy (Ağstafalı): Sizə ancaq minnətdarlıq düşür, sağ olun ki, Asif Atanı yaşadırsınız.

Nazim bəy (Ağstafalı): Asif Atanın bu gözəl ziyarətgahında olmağımdan məmnunam. Bu insanın keçdiyi yol haqqında bilmək mənim üçün çox xoş oldu. Mən istəyərdim, bunu daha da geniş mənada ictimaiyyət arasında müzakirə edək. Kütlə içərisində bu insanı tanıtmaq lazımdır. Mənə çox gözəl təsir bağışladınız. Əsil insanlıq yoludur. Çox sağ olun.

Soylu Atalı: Var olun. Doğrudur, bizim istəyimiz də elə odur. Əslində çalışırıq da. Belə tədbirlər, söhbətlər Bakıda təşkil edirik, insanlarla müzakirələr edirik. Heç kimə Asif Atanı zorla sırımırıq, istəyirik öyrənsinlər. Biz heç kimə demirik gözüyumulu qəbul edin. Biz deyirik öyrənin. Bu millətin içindən bir ər çıxıb. Hər zaman vurğu eləmişəm, Asif Atanın varlığı heç zaman başqa insanı kiçiltmir. Məsələn, mən başqa xalqların bizə sırıdığı dəyərlərdə kiçilirəm. Mən Asif Atada kiçilmirəm. Asif Ata sanki çiynini verir xalqın ayağının altına ki, xalqı böyüsün…
 Biz bölgələrdə də görüşlər keçiririk. Azərbaycanın 50-dən çox rayonunda olmuşuq, görüşlər keçirmişik.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A): Bu gün Asif Atanın sonevini ziyarətə gəlmişik. Asif Ata toplumun içərisində Mütləq həqiqət carçısıdır. Tək yaşamaq mümkün olsaydı, hərə gedərdi bir çöldə özünə yuva qurub yaşayardı. Bu mümkün deyil, insan toplum şəklində yaşamalıdır. Bu insanın tələbatlarından biridir. İnsan toplum şəklində öz ruhani imkanlarını daha yaxşı şəkildə üzə çıxarda bilər.
Son erməni qırğınlarında əliyalın insanlar Kəlbəcərdən çıxanda, bir qoca kişi, əlacsız halda üzünü millətə tutub deyir, ey Azərbaycan xalqı, hardasan?! Xalq yoxdur, xalqı yoxluğa sürüblər.
Ruhani dəyərlərimizi, imkanlarımızı üzə çıxarmaq bir yana, bəşərin bu günkü acınacaqlı səviyyəsində millət, bizə özünüqoruma üçün də gərəkdir. İnsan heyvandan qat-qat üstündür. Ancaq baxırsan ki, vəhşi təbiətin özündə bir düzən var. Ancaq insan bu nizamı yarada bilmir. Tarix qırğınlar, soyğunçuluq tarixi olub. İnsan öz işini tam şəkildə ifadə edə bilmir. Öz kimliyini tam şəkildə tanıya bilmir. Bütün inamlar insana alayarımçıq şəkildə verilib. Despotizm demokratiyaya gəldi çıxdı. Sadəcə olaraq istismar, soyğunçuluq gözəgörünməz oldu. Ancaq soyğunçuluq öz səviyyəsində qalmaqdadır. İnsan öz düzənini qura bilmədi. Dünya gözəldir, ancaq bu gözəl dünyanı insan nə günə qoydu?!
Bu gün Asif Atanın çevrəsinə yığılmışıq. Avropanın istinad elədiyi ən böyük son nəzəriyyə Nitşenin fövqəlinsan nəzəriyyəsi idi, Hitler istifadə elədi, dünyanın yarısını dağıtdı. Freydin nəzəriyyəsi ilə, bu gün Avropa əxlaq, mənəviyyat açısından biabırçı bir gündədir. Ayrı həyatı, demək olar, yoxdur. Bütün bu gedişlərin hamısının əsasında nə durur?! Araşdıranda yenə gəlib insana çıxırıq. İnsan özünü tanımalıdır. İnsan özündəki böyüklüyü bilməlidir. İnsan özünün kimliyini bilməlidir. Bütün bunları bilməsə nə özü düzələr, nə milləti düzələr, nə də istismar, soyğunçuluq aradan qalxar. İnsanın ən şər duyğularından biri faydaçılıq, mənfəətçilik duyğusudur. Bütün rejimlər bu duyğulara əsaslanır. Adamı şirnikləndirir, mükafatlarla ələ alır, ya da qorxudur, yerində otuzdurur, özü üçün rahat bir meydan açır, istismara başlayır. Bunu bu ya başqa biçimdə dinlər də insanın içində yaşadır. Cənnət – faydaçılıq duyğusunu yaşadır. Cəhənnəm – qorxu duyğusunu yaşadır. Bu iki duyğudan insan azad olmalıdır ki, özünü də tanıya, milləti də, vətəni də. Bu iki duyğu ideya şəklində insanda yaşayırsa, insan onu yaşadırsa, insan heç zaman xilas ola bilməyəcək soyğunçuluqdan, istismardan.
Asif Ata özüylədöyüş məsələsi qoyub ortalığa. İnsan daxilən öz içindəki imkanları da tanımalıdır, bioloji tələbatındankı, sosial tələbatındakı şər duyğuları da tanımalıdır. Bir insan kimi özünü təsdiq eləmək üçün bunlardan imtina eləməlidir. İnsanlıq səviyyəsinə yüksəlməlidir. Bu olmasa, nə Millət kimi azad ola bilər, nə də içsəl dünyası bunlardan qurtara bilər.
Mən özüm də rəvan bir xətt keçmədim. Mən Asif Atanın ilk övladlarından biriyəm. Müəyyən qədər mənim həyatımda təlatümlər yarandı. Hətta mən elə qənaətə gəlmişdim ki, ideyaların heç fərqi yoxdur. İnsan düzəlməsə, onun əlinə nə cür ideya verirsən ver, o yenə məhv edəcək. İnsan özü düz olsa, nə kimi pisliklər olsa da, necəsə yaşamı nizama salacaq. Yenə məsələ gəlib insanla bağlanır. Bunu da, Asif Ata deyir. İnsan özü düzəlməlidir ki, toplum düzələ, istismar aradan gedə, insanın insanla normal münasibəti yarana. İnsan özünü başqalarında görə. Başqalarını özündə doğma kimi görə. Millətimiz yarana, onun hər səviyyəsində xoşbəxtliyimiz yarana. Bəşər səviyyəsində xoşbəxtliyimiz yarana. Bu istəklə biz, Asif Ata Ocağına yığılmışıq. Deyirik, İnsan düzəlməsə, heç nə düzəlməyəcək. Biz nikbinik, bilirik ki, Asif Ata Olayı gerçəkləşəcək, həyata keçəcək.
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A): Atanın hüzurunda olmaq özüylə görüşmək deməkdir. Özüylə üz-üzə olmaq deməkdir. Mən bu ayda Ocağa gəlmişəm. Ocaqda özümü tapmağım, özümü yenidən yaratmağım yoluma çevrilib.
 Bizim hər birimizin ömrü var. Biz bacıyıq, qardaşıq, atayıq, anayıq, babayıq, nənəyik. Asif Ata bizə dedi ki, sən gələcəyin özüsən, sən millətin özüsən, sən bəşərin özüsən. Çox böyük ölçüdən özümüzə yanaşmanı öyrətdi. Çox böyük ölçüdən gələcəyimizi görməyi, gələcəyimizi özümüzün yaratmağımızı bizlərə dedi, bizdən tələb etdi. Ona görə də bu sorumluluqla, bu fərəhlə  bu fərəhli yükü yaşamaq xoşbəxtlikdir.
Atamız Var olsun!

Yasin Türksoy: Bu gün hal-hazırda dünyamız, onun bir hissəsi türk toplumu, onun içərisində Azərbaycan toplumu böyük bir bilgi, informasiya bolluğu içərisində boğulur. Bu bilgi bolluğu o qədərdir ki, insan başını qaldırıb dəyər kimdir, insan kimdir, insanlıq nədir, doğru nədir, yanlış nədir, bunları düşünə bilmir. Nə düşünə bilir, nə düşünməyə vaxtı olur, bu informasiya bolluğu insanı tamam özü özündən ayırıbdır. Bir zamanlar informasiya qıtlığı idi. İndi isə bolluq var, məna yoxdur. Arzu edirəm ki, bir gün Doğu insanı, bəşər insanı, Azərbaycan toplumu ayılsın bu bilgi bolluğunun içərisində. Dəyəri, öz ruhani kimliyini, öz şəxsiyyətini, dəyərini ayırd eləyə bilsin. Bu Bayraqda yazılan “İnsanlaşın – İnsanlaşdırın” ideyasını çözə bilsin, düşünsün, daşınsın. Gərək arzularda da bəşəri, insani, ruhani dəyər olsun. Ocağın irəliləməsi üçün hər birimizin gücümüz çatdığı qədər qatqımız olsun. Yardım edə bilək. Hər birimiz çalışaq, Ocağa dəstək olaq, sabah üçün, gələcək üçün.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A):  Bu gün İnsanlıq ciddi sorunlarla üz-üzədir. Hər insanın öz çevrəsindən, öz içindən başlayır, bir-biri ilə əlaqəli olan bu sorunlar. İnsanlar harda, necə mübarizəyə başlayacağını belə kəsdirə bilmir. Bəziləri elə axına qoşulub gedirlər. Bəziləri də özlərində o mübarizə gücünü tapa bilmirlər. İnsanların bir çoxu ibadətlərlə, hansısa gücə inanmaqla bu cür gedişə çarə axtarırlar. Hər hansı bir şəxsiyyəti, məkanı ziyarət eləmək də ibadətin tərkib hissəsi sayılır. Belə ziyarət yerlərinə, belə məkanlara üz tuturlar. Ancaq çox təəssüf ki, insanların üz tutduqları hər hansı bir məkan olsun, şəxsiyyət olsun, bu ziyarətin anlamı onun üçün tam olaraq aydınlaşmır. Ziyarət etdiyin şəxsiyyət, ya da ziyarət etdiyin məkan insan ömründə hansı dəyişikliklər yaradır, nə dərəcədə dünyanın qaranlığına işıq tutur bilinmir. Günümüzdə toplumun böyük əksəriyyəti İslamı ziyarət edirlər. Bu ziyarətlər bizim vətənimizdən qıraqda baş verir. İnsanların inancı üzərindən alver edirlər, böyük pullar hesabına baş verir bu. Bu bir yana qalsın. Digər tərəfdən, oranı ziyarət edən insanlar şöhrəti, başqa şeyləri geri qoya bilmirlər, çoxlarında bu ziyarət hər hansı bir adalma, görüntü kimi formal bir xarakter daşıyır. Bizim vətəndən qıraqda axtarılır qutsallıq. Bizi özümüzdən uzaqlaşdırır. Soylu bəyin vurğuladığı kimi, yurdumuz bizim üçün qutsallaşmır. Belə deyirlər, ziyarətdən qayıdanda sanki insan yeni doğulmuş kimi olur, hansısa günahlardan arınmış kimi olur. Bu da insanların sorumluluqdan qaçması kimi bir anlam daşıyır. İnsanın günahlardan təmizlənməsi, ya da özünü yenidən doğulmuş kimi hiss etməsi bir anın içərisində baş verən deyil. Bunun üçün qutsallıq anlayışını dərk etməli, qutsallığa can atmalıdır. Özü ilə uğraşmalıdır, döyüşməlidir, özünü yenidən  yaratmalıdır. Asif Atanın dediyi kimi, insan olaraq, yenidən doğulmalıdır. Bu cür ziyarətlər insan mənəviyyatına heç bir işıq salmırsa, ziyarətdən sonra yenidən əvvəlki həyatlarına davam edirlərsə, öz əyrilikləri, çirkinlikləri ilə baş-başa qalırlarsa, onda dünyanın düzələcəyindən, doğrudan da, söhbət gedə bilməz. Ziyarəti, çoxluq hansısa qüvvənin qarşısında borc olaraq yerinə yetirir. Bu gün mən ilk dəfədir bura gəlirəm. Bu, mənim insanlıq qarşısında borcumdur, içimdə duyduğum gərəklikdir. Həm də bu ziyarət mənim üçün bir an məsələsi deyil, qutsallığı ziyarət eləmək anlamı daşıyır. Məni dəyərlərimizə qovuşdurur, gözəlliyə tapındırır, qutsallığa səsləyir. İçimdə o qutsallığa qovuşmağa çağırır məni. Baş əyirəm Atanın ruhu qarşısında. Məni inama qovuşdurduğu üçün, gözəllikləri anlatdığı üçün. Mənə bu mübarizə gücünü verdiyi üçün.
Atamız Var olsun!

Soylu Atalı: Biz Atanın kimliyinin, yaratdıqlarının çevrəsində, Atanın ideya prinsiplərinə yönəlik düşüncələrimizi dilə gətiririk, vətənimizlə bağlı, yurdumuzla bağlı, onun gələcəyi ilə bağlı gördüyümüz, görəcəyimiz işləri dilə gətiririk. Atanı xatırlayırıq, Atanı sevgimizdə, sözümüzdə ifadəyə gətiririk. Əlimdəki bu kitab “Ölügötürmə Quralları”dır. Biz Azərbaycan ölüsünü ərəb qaydasında yox, bu yazılan qaydada götürməyi önəririk. Özümüz buna əməl edirik. Mənim anam öləndə topluma səsləndim, dedim, anam  yerdən mənim sözümlə, anamın dilində yerdən qalxacaq. Bunu atam öləndə də eləmişdim. Atam da mənim sözümlə yerdən qaldırıldı. Söz yox, molla da vardı. Mən orada söz dedim, anam sadə kəndçi qadındır. Ancaq mənim anamdır. Məni dünyaya gətirəndə beşiyimin başında layla deyib. Laylanı öz dilində deyib. Biz o dilə ana dili, qutsal dil deyirik. Anam o dili mənim şüurumun altına yeridib. Özü bilərəkdən, bilməyərəkdən laylalarla, ağılar, bayatılar araçılığı ilə şüurumun altına yeridib. Bu dil ananın dilidir, mədəniyyət dilindir, poeziya dilindir. Dastan dilindir, folklor dilindir. Bu dildə sən var olursan, bu dildə sən kimliyini sorğulayırsan. Ancaq anaları ərəb dilində gömürlər, dili aşağılayırlar, milləti ikinci sort edirlər. 
Fransız xristian ölüsünü fransızca gömür. Rus xristian ölüsünü rusca gömür. Bəs sən ölünü niyə ərəb dilində ortadan götürürsən?! Biz buna qarşı dirənirik. Çünkü millətimizin var olmasını istəyirik. Biz kölgə olmaq istəmirik millət olaraq. Biz əks-səda olmaq istəmirik. Özümüz olmaq istəyirik. Özümüzün varlığımızın bilinməsini istəyirik. Bəşər xalqları içərisində mənim xalqımın yeri var. Bu bilinməlidir. İndi bu kitabda yazılan quralları yerinə yetirək.

Asif Atanın “Mütləq” içsəsi, “Ölümlə Görüş”, “Aqibət” yazıları oxundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən başa çatdı.

Od Ayı, 44-cü il. Atakənd.

(iyul, 2022. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir