Ocaq Günsırası ilə 5 Şölə Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ata Sonevini Ziyarət Günü” mərasimini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Asif Ata Sonevinin Ziyarət Gününün sonrakı toplantısını keçiririk. Ocaqda ölənlərimizi – Sabahlını, Amaltayı, Bağbanı Ata Sonevinin ziyarətində qəbul edirik. Onların adına ayağa dururuq, yad edirik.
Biz bu il ikinci ildir, Asif Atanın üz qoyduğu torpağı ziyarətə gedə bilmirik. Yəni Ağstafaya gedə bilmirik. Bizim əlimizdə nə böyük bəhanə yoxdur, nə də nəyisə bəhanə etmirik. Söz yox, Ata sonevinin ziyarəti bizim üçün olduqca önəmlidir. Önəmini sizin üçün deyəcəm. Ancaq bəlli nədənlərdən biz bunu gerçəkləşdirə bilmədik. Bunun da Ocaq tarixində bir fakt olaraq anlayışla qarşılanmasını istəyirəm. Bu gün dünyada elə proseslər gedir, bəzən buna qlobal proseslər deyirlər. Bu proseslər nəyin nə olduğunu anlamağa imkan vermir. Nəyin necə dəyərlənməli olduğuna da imkan vermir. Uzun illərdir bilirsiniz, izləyirsiniz, şəxsiyyətlərin qəbul olunmasını, tanınmasını, ziyarət olunmasını bütpərəstlik qalığı kimi dəyərləndirirlər. Mümkün qədər insanların şüurunu belə şeylərdən uzaqlaşdırmağa çalışırlar. Üzdən baxanda bu yaxşı görünə bilər, deyərsən, bütləşdirmək gərək deyil kimisə, nəyisə. Belə deyirlər. Məsəl var, at izi it izinə qarışıb. Dünyada gerçəkdən də atın izi itin izinə qarışıb. Ona görə bu deyilən şeylər üzdən yaxşı görünsə də, əslində yaxşı deyil. Bizə millət olaraq, ölkə olaraq İslam dinini qəbul etdiriblər. İslam dininin şəxsiyyətlərini bizə sevdirməyə çalışırlar, onları bizim üçün qutsallaşdırıblar. Biz onların şəxsiyyətlərini özümüzün böyüyümüz kimi qəbul etmişik, biz böyüməmişik. Xalq olaraq özümüzdən ayrılmaq qorxusu ilə üz-üzə gəlmişik, belə bir qorxu hər an dərinləşməkdədir, gerçəkləşməkdədir. Biz öz milli kimliyimizə yetə bilmiriksə, özümüzün azadlığımızı əldə edə bilmiriksə, mənəvi açıdan bağımsız xalq olaraq, özümüzü qoruya bilmiriksə, söz yox, bizə sunulan istənilən şəxsiyyət, olay, istər içəridən olsun, istər dışarıdan, bütçülük xarakteri daşıyır. Bunu ümumiləşdirib belə deyirəm, büt o kəsdir, o olaydır, o kəs, olay insanı böyütmür, kiçildir. Özünə səcdə, özünə diqqət istəyir, qayğı istəyir. Sən isə həmin şəxsiyyətin, həmin olayın qarşısında özünü küçümsəyərək onu özünə dəyər kimi qəbul edirsən. Bu dəyər sənin varlığını işıqlandırmır, sənin azadlığına işıq salmır.
Məhəmməd guya bütpərəstliyi ortadan qaldırdı. Necə qaldırdı, Kəbə deyilən ünvan, Allahın evi deyirlər, bir çağlar bütlərin evi olub. Deyəsən 360 büt olub, Kəbədə yerləşdirilib. O bütləri sındırıblar, ancaq bütlərin evini bütlərin əlindən alıb Allaha veriblər. Kəbənin özünü bütə çeviriblər. Hər il on minlərlə insanlar axışıb gedir Kəbəyə, bütlərin ünvanını ziyarət edirlər. Sürü kimi gedir hamı, ancaq heç kim oradan normal düşüncə ilə, həqiqət sevgisi ilə qayıtmır. Ona görə də bilməyimiz gərəkdir, biri var insan özünə qıraqda Allah düzəldə, o Allahla özünü küçümsəyə, o Allahın ətəyindən tutub öz zəlalətini, yazıqlığını ifadə edə, biri də var, Allahlıq səviyyəsinə yüksələnin ətəyindən tuta. Allahlıq səviyyəsinə yüksələnə səcdə, bütə səcdənin eyni deyil. Bizi aldadırlar, bütpərəstlik adı qoyub bizi dəyərlərimizdən, şəxsiyyətlərimizdən əl çəkməyə yönəldirlər. Bu gün orta səviyyəli bir yazıçının, bir şairin qəbrini ziyarət edirlər, anırlar, ancaq ideya yaradıcısına gəlib çatanda deyirlər, bu, bütpərəstlikdir. Bu necə olur, səninki bütpərəstlik deyil, mənimki bütpərəstlikdir?! Səninki orta səviyyədən də aşağı bir şəxsdir, bu sənə gərəkdir, böyük düşüncə insanı mənə gərək olmamalıdır?! Hələ demirəm, mənim üz tutduğum, mənim tapındığım şəxsiyyət təkcə mənə gərək deyil, hamıya gərəkdir. Biz Allah səviyyəsinə yüksələn şəxsiyyətdən Allahlıq öyrənirik, Yaşamaq öyrənirik. Bu insandan yaşamaq üçün, var olmaq üçün ideya öyrənirsən, həqiqət öyrənirsən. Ona üz tutmağın, onu ziyarət etməyin sənin öyrənmələrini davamlı olaraq ayaqda saxlamaq üçündür, qorumaq üçün bir səbəbdir. Hesab edin, heç bir dəyər yoxdur, heç bir dəyərə tapınmaq yoxdur, heç Ocaq da yoxdur, ünvan da yoxdur, elə-belə deyirlər, həqiqət-filan kitabdadır, gedin ondan həqiqət öyrənin. Heç kim öyrənməyəcək. Ona görə ziyarətlərdə, üztutmalarda ciddi səbəb var. Mənim özümü yadıma salır. Mənim gələcəyimi yadıma salır, ağlıma salır, ağlımda möhkəmləndirir, mənim sevgimdə möhkəmləndirir, mənəviyyatımda möhkəmləndirir. Bundan qırağa durmaq olmaz. Bu açıdan biz Asif Atanın sonevini ziyarət edirik. Hər dəfə Asif Atanın sonevini ziyarət edəndə Onun ortaya gətirdiyi ideyaları yenidən xatırlayırıq, yenidən ömrümüzə, yaşamımıza gətiririk. Asif Atanın nə dediyini, nə demək istədiyini, bizi hara çağırdığını yenidən özümüzə deyirik, yenidən yaşayırıq. Ziyarət məsələsi bizim ömrümüzdə yenilənmə üçündür, yenilənmələri saxlamaq üçündür. Ona görə adamlar elə deyir, belə deyir, bütpərəstlik deyirlər, düz demirlər. Düzü biz deyirik. Mən yazmışdım, belə məsələlərə şəxsiyyətə pərəstiş adı qoymaq yanlışdır, hardan işıq gəlirsə, ora barmaq tıxamaq olmaz. Asif Atanın varlığına münasibətimizə şəxsiyyətə pərəstiş adı qoymağa çalışıblar, indi də çalışırlar. Mən də aydınlaşdırdım, şəxsiyyətə pərəstiş məsələsi sizin dediyiniz anlamda Stalindən gəlir. Sovetlərdən gəlmə sözdür bu. Sizin dediyiniz anlamda şəxsiyyətə pərəstiş ayrı şeydir. Asif Ataya tapınmaq ayrı şeydir. Biz tapınırıq. Bu tapınmada “Asif Ata hər şey, biz heç şey” olmuruq. Asif Atanın hökmdarlığına, qılıncına, əmrinə boyun əymirik, ondan qorxub da onun dediyini demirik, ondan qorxub da onu böyük elan eləmirik. Ona tapınıb böyüyürük. Həqiqətimizi tapırıq, ruhani-mənəvi yaşama səbəbimizi tapırıq. Ona görə hökmdarın şəxsiyyətinə pərəstiş eləməklə mənəviyyat insanına tapınmaq eyni şey deyil. Qarışdırmaq olmaz. Bu baxımdan biz Asif Atanın ziyarətini quruculuq kimi dəyərləndiririk, qiymətləndiririk. Bu məsələnin bir yanı. Biz Atanın sonevini ziyarət edəndə ona həm də hesabat veririk. Əslində üzümüzü gələcəyə tuturuq. Ocağa hesabat veririk. Yəni Ata-Ocaq bir şeydir. Hər zaman Ağstafaya gedəndə çağırdığımız insanlar olurdu, onlara söz deyirdik. Bizim üçün Ağstafadakı Ata ünvanı (Sonevi) nə deməkdirsə, onlara aydınlaşdırırdıq. Biz şəxsiyyətimizi, qibləmizi öz yurdumuzda, öz vətənimizdə tapmışıq deyirik. Başqa qiblələrə yüyürmürük. Qibləmizi (Yönümüzü) başqa ünvanlarda axtarmırıq. Başqa ünvanları qutsallaşdırmırıq. Başqa ünvanlar başqaları üçün qutsal ola bilər, mənim üçün isə yalnız bəşəri qutsallıq yaradan qutsal sayıla bilər. Bunu isə yaratmayıblar.
Mənim qutsallığım, mənim özgürlüyüm, mənim bağımsızlığım, mənim qibləm mənim vətənimdədir, mənim insanlarımdadır. Ondan qıraqda deyil. Kim də bunu mənim əlimdən almaq istəyirsə, ala bilməyəcək. Bunu mənim əlimdən almaq üçün mənim ağlımı uçurmaq gərəkdir, bu da mümkün deyil. Ona görə bizim vətənimizdə, yurdumuzda tapındığımız qutsallıq bizim gələcəyimizin göstəricisidir. Bundan qorxmaq, qaçmaq, çəkinmək gərək deyil. Hər kəsə də çox səbrlə aydınlaşdırmaq gərəkdir ki, bu nə deməkdir. Vaxtilə mənə deyirdilər, niyə bayrağın üzərinə Asif Atanın şəklini işləmisiniz. Bunu yazmışam, siz də bilirsiniz. Qısqanırlar. Ayrı-ayrı dövrlərdə xalqlar bayrağın üzərinə it şəkli, at şəkli, qartal şəkli işləyib ona pərəstiş ediblər. Mən bayrağa mənəviyyat insanının şəklini işləyirəm, deyirlər, niyə belə edirsiniz. Bu yanlış yanaşmaları bir qırağa qoymaq gərəkdir. Əgər bəşəriyyətin əlindən onun şəxsiyyətlərinə münasibətini, səcdəni alarsansa, bəşəriyyət sürüləşər, necə ki sürüləşir də. Bizi biz eləyən, qaldıran, bizə həqiqətlərimizi göstərən bizi anladandır. Bizim içimizi açıb bizə göstərəndir. Bizim qarşımızdakı güzgüdür, mənəviyyatımızın güzgüsüdür. Normal ağıllı adam öz əyrisini görəndə güzgünü vurub sındırmaz. Son iki ildə, Ağstafaya gedə bilmədiyimiz çağdan bu yana, Asif Atanın Ocağını gücümüzdən də artıq çalışıb yaşatmışıq. Yaşadırıq, yayırıq, sorağı genişlənir, qulağı olanlar eşidir, ləyaqəti olanlar anlamağa çalışır. Bu hal getdikcə artır, artacaqdır. Ocaqçının öhdəsinə düşən bütün işlər həyata keçirilir. Biz buna mütləq şəkildə yetə bilməsək də, yenə də ciddi, görünə biləcək uğurlardır. Son iki ilin içində Atanın Bitiqlərini çap eləmişik. Bu bitiqləri həm milli fondlara vermişik, həm ayrı-ayrı ünvanlara vermişik, söhbətlər aparmışıq, başqa ədəbiyyatlarımızı da vermişik. Asif Atanın ədəbiyyatları Azərbaycanda ayrı-ayrı ünvanlara gedir, oxunur. Oxuyan oxuyur, oxunmayana da darılmaq gərək deyil. Millətin evində kitabımız olsun, ancaq hamı bunu oxumayacaq. Məgər hamı Quranı, ya başqa kitabı oxuyur?! Hamı Asif Atanı oxumayacaq, ancaq hər evdə Asif Atanın kitabı olsa bunun özünün yaxşı bir çaları var. Həmin kitabın o evdə olması ilə o kitabın nə demək istədiyi, nə anlatmaq istədiyi hardasa insanların diqqətində, yaddaşında olur. Yəni biz kitabı bağışlamaqla dayanıb qalmırıq. Asif Atanın nə demək istədiyini hər yerdə deyirik, yayırıq. Bizim dediklərimiz insanların qulağına dolduqca, o kitab bizim dediklərimizi ona daim xatırladacaq. Mən heç bir məsələmizi adi qarşılamıram, elə-belə baxmıram. Bu siyasət məsələsi deyil, bu ideologiya məsələsi deyil, bu ruhaniyyat məsələsidir. Ruhaniyyat məsələsinin hər bir addımı özünəxas uğur yaradır. Hal-hal, addım-addım, birdən-birə yox.
Son çağlar biz Asif Atanın “Yetməli olduğunuz”, “Görmək İnsaniliyi”, “Anlam İnsaniliyi”, “Qutsal Quruculuq”, “Mütləqləşmək – Var Olmaq” bitiqlərini çap eləmişik. Bu beş bitiyin çap olunmasında maddi cəhətdən ən çox qatqısı olan Biləndir. Mən Atanın qarşısında, “Ata Sonevinin Ziyarət Günü”ndə Bilənin əməlini təqdir edirəm. Üzü ağ olsun öz xalqı qarşısında da, öz ləyaqəti qarşısında da, gələcəyi qarşısında da. Başqa Ocaqçılarımızın da zəhmətləri, işləri var. Nurtəkinin Ocağın yaşadılması üçün göstərdiyi çabalar, yazılar, tədbirlər, eləcə də Göytəkinin çabaları, bu boyda tədbirləri səsdən sözə gətirməsi, arxiv yaratması, öz üzərində işləməsi, Günevin bölgəsində daha geniş, daha qapsamlı səs salması, insanların diqqətini Ocağa bağlaması, Məbədin işini durmadan, dayanmadan başa çatdırmağa çalışması kimi işlər sizə elə-belə görünməsin. İnamlı qardaşımızın söhbətlər aparması, iş aparması var. Hər bir insanın özünün addımı, davranışı miqyasından asılı olmayaraq, Ocaq adlanan Məbədin kərpicinin üstünə bir kərpic də qoyur. Bilirsinizmi, elə-belə məsələ deyil, bu cür fədakarlıqlar, bu cür umacaqsız addımlar bu gün dünyanın heç bir yerində yoxdur. Siz yaxşı düşünün, Ocaq yeganə ünvandır, heç nə ummur. Qarşılıq ummur, ancaq ortaya ləyaqət qoyur, özündənkeçmə qoyur. Dünyanın heç bir yerində bu yoxdur.
Deyirlər, Ocağın gələcəyinə inanırsınızmı. Ocağın gələcəyi budur. Deyirlər, xalqa inanırsınızmı. Xalqın övladlarıdır bunlar. Bunlar göydən, Marsdan gəlməyib axı. Xalqın bu səviyyədə nümayəndələrini görürəmsə, xalqa necə inanmayım?! Hamı kütləvi şəkildə bunu etməyəcək. Xalqı həmişə, xalqın içindən şəxsiyyətlər çıxır, ortaya əmək qoyur, fədakarlıq qoyur, onlar qurur. Mən orta məktəblərdə görüş keçirəndə, öyrəncilərlə danışanda vurğu edirdim, deyirdim, mən sizə Babəki tanıtmağa çalışıram, Nəsimini tanıtmağa çalışıram. Sizin içinizdə Babək var, Nəsimi var. Onu üzə çıxarın. Xalqın içində onlar yeni soylarımızla yenidən ortaya çıxmalıdır. Çıxır da. Bu gün Ocaqçıların əməlləri Babəkin, Nəsiminin davam eləməsi deməkdir. Xalqın davam eləməsi deməkdir. Belə addımları, əməlləri mən çox yüksək dəyərləndirirəm, heç vaxt da küçümsəmirəm. Bilirəm nə baş verir, bilirəm hara gedirik. Bilirəm o işin gələcəyi nədir. Küçümsəmək olmaz. Dünyanın hansı yanını axtarırsınız axtarın, kapitalizm dünyasında harda görərsiniz, bir qəpik umacağın olmasın, boğazından kəs, böyük idealların yaşaması üçün xərclə, böyük idealların yaşaması üçün çabala, zəhmət çək. Kim mənə deyə bilər, dünyanın hansı ölkəsində bu var, hansı gəlişmiş Avropa ölkəsində bu var, hansı Doğu, Batı ölkəsində var?! – Heç yerdə yoxdur. Bununla qürur duymaq gərəkdir. Mən sizi əmin edirəm, ayrı-ayrı yerlərdə ruhaniyyat adına olan addımlar var, onlar belə, umacaqsız deyil. Biri var idi, onun milyonlarla banklarda pulu, nələri vardı. Ona tapınanları gətirib pul altında çimizdirirdilər ki, sən ora get, bura get…
Mən nə demək istəyirəm, Azərbaycanda bu gün atdığımız addımlar başqa addımlardan, üzdən baxanda, çox az görünür, ancaq az görünən bu əməldən daha qutsal, daha yetkin, daha kamil, daha gələcəkli bir iş də yoxdur. Boşuna getmir, Babəkin ömrü boşuna getmədi, kim deyirsə boşuna getdi, yanılır. Necə boşuna gedib, Babək bu gün də dilimizdən düşmür. Bu xalqın genyaddaşı var, bu xalqın ləyaqəti var. Bu xalqın içində az-çox yaxşı nə varsa, onlara görə Babəkə, Nəsimiyə, böyüklərimizə borcluyuq. Bəzən pis zamanda Babəkin adı gələndə öyünürsən, güvənirsən, ona bənzəmək istəyirsən, onun kimi uğurlu addım atmaq istəyirsən. Şüurlarda gözəl bir gələnək yaranır. Kim deyir, Nəsimi elə orda da qurtardı. Necə qutardı, bu gün bizim sevgimizdə, harayımızda var. Nəsimiyə baxıb xalqa dəyər veririk, qiymət veririk, inanırıq, bu xalq Nəsimi verib deyirik. Xalqın gələcəyinə – onlara baxıb qiymət veririk. Xalqın gələcəyini onlar adlanan özül üzərində qurmağa çalışırıq. Heç nə başa çatmır, heç bir xeyir tərkibli əməl, şəxsiyyət başa çatmır, başa çatmayacaq. Xalq, insan Böyüklük üzərində gələcəyə addım götürür. Ona görə Asif Atanın Sonevini ziyarət məsələsinin bu qədər önəmi var. Biz bununla nə istəyirik, nəyə yetirik?! – Babəkdən min il sonra Asif Ata yaranıb. Hər beş yüz, min ildən bir böyük şəxsiyyət yaranır, sənin dəyərlərini qoruyur, sənin dəyərlərini yaşadır, haray salır, səni həqiqətə çağırır. Onu sən az eşidərsən, çox eşirdərsən məsələnin ayrı yanıdır. Ancaq bu gün sən yaşayırsansa, sənin mədəniyyətin varsa, həmin şəxsiyyətlərin varlığına görə var. Misal çəkirəm, erməninin Babəki, Nəsimisi, Zərdüştü, Dədə Qorqudu yoxdur. Nəyi var, qan-qadası var, azğınlığı, pozğunluğu, dağıdıcılığı var. Hansı xalqın tarixdə şəxsiyyəti olubsa, onun az-çox mədəniyyəti, mərifəti də var. Hansının yoxdursa, heç nəyi yoxdur…
Bütün bu deyilənlərə dayanıb sizə, hər bir zəhmətinizə görə, sevgimi bildirirəm. Hər birinizin ləyaqətinizi öpürəm. Atanın davamında ləyaqət göstərdiyinizə görə, ayaqda durduğunuza görə sizi bağrıma basıram, sizi sevirəm. Sizi Azərbaycan xalqı sayıram, bəşər övladının ən gözəli sayıram, sizdən bəhrələnirəm.
Sözümü bitirmək istəyirəm.
Atamız Var olsun! Atamızın bayrağını öpürəm.
Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A): Özəl bir sözüm olmasa da, gediş yazısında qoyulan qonu ilə bağlı deyəcəm. Ata İnamı birinci növbədə məni özümlə üz-üzə qoydu. Adi mövcudluqdan var olmağa doğru irəlilədim. Çevrəmi tanıdım, dünyanı dərk elədim. Tarixi dərk elədim, tarixdə baş verən olayları araşdırdım. Yol oldu Asif Ata İnamı mənim üçün. Başı-ayağı bilinməyən, getdikcə nizamı pozulan dünyaya bir dərman idi Asif Ata inamı mənim üçün. Bayaq da vurğuladığım kimi, adi mövcudluqdan var olmağa doğru apardı məni, çünkü özüm olmasam, bu inamı ömrümə çevirməsəm söz demək də mümkün olmaz.
Tarix boyu daha çox fiziksəl döyüşlər, mübarizələr olub. Asif Atanın mübarizəsi ruhani mübarizədir. Mən dərinə getdikcə, özümə suallar verdikcə, əməllərdən yapışdıqca məndə çox böyük dəyişikliklər oldu. Həqiqəti hər zaman eşitmək istədim. Çevrəmdə baş verən olaylara münasibətim də dəyişdi, qohumlara münasibətim də dəyişdi, insana, bəşərə münasibətim də dəyişdi. Dünən nifrət etdiklərimə, dünən danışmadıqlarıma, bağışlamadıqlarıma qarşı mərhəmət duyğusu da yarandı içimdə. Bu yol məni getdikcə zirvələrə çəkdi. Əməllər mənə elə fərəh gətirir, yüksəlirəm. Ata inamı həmişə gələcəkli yol, Ata kitabları bu yola aydınlıq gətirən işıq oldu. Məni bu inamı sevgi ilə yaşadıb sevgi ilə yaymağa çağırır. Düşünmədiyim, söz demədiyim günləri boş gün sayıram. Əgər inandığımı ağlım kəsmirsə, onda o nə demək olar. İnandığımı, yaşadığımı, bəlirlədiyimi, var olduğumu, yeniləndiyimi iradə ilə bəyan eləmək istəmişəm. Söz yox, təpkilərlə qarşılaşırdım, bu təpkilər də məni sındırmırdı, tərsinə, yüksəlirdim. Zaman-zaman Ocaqla doldum, üzü ağ insanlarla böyük bir mübarizə yoluna düşdüm. İndi Məbədlə bağlı işləri davam etdirirəm, bura gələnlər olur. Fərd-fərd üztutma başlayıb. Mən də fərəhlə hamısının qarşısına çıxıram.
Ata İnamı mənim üçün böyük yoldur, Ata İnamı ilə dolduqca ailəmlə bərabər, yurdumla, köyümlə bərabər bəşəriyyətin uğurlu gələcəyinə böyük bir fəxrlə, fədakarlıqla, aşiqliklə irəliləyirəm. Özümü bu yolda çox xoşbəxt bilirəm. Ata Ocağı var olsun! Atamız Var olsun!
İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A): Mənim üçün də Asif Ata Sonevinin Ziyarət Günü özəl anlam daşıyır. Asif Ata böyüklüyü qarşısında, şəxsiyyəti qarşısında həmişə baş əymişəm. Asif Ata bizim millətimizin, bəşəriyyətin, şəxsiyyətimizin, gələcəyimizin yalansız ünvanıdır. Biz millət kimi öz tarixi böyüklərimizə tapınsaydıq, bu qədər zəlil günə qalmazdıq. Bizim millətimiz tarix boyu ən çox dövlət yaradan millət olub. Ancaq həmişə tapındığı ideyalar özgəninki olub. Ona görə heç nəyi başa vura bilməyiblər. Əgər Zərdüştlüyümüzə, Dədə Qorqudumuza, Babəkimizə, Nəsimimizə tapınsaydıq, bu gün Azərbaycan xalqı dünyada ən mədəni, ən nümunəvi xalq olardı. Həmişə özgə inamlara tapındığımız üçün zəlil günə qalmışıq. Din insanı zəlil günə qoyub, fərdi özündən ayırıb. Gərək millət müstəqil ola, bəşər yarana.
Asif Atanı oxuduqca mən Mütləqi tapdım, Mahiyyəti tapdım. Xalq olaraq necə qurulmalıyıq, dövlətçiliyimiz necə qurulmalıdır ki, gələcəyimiz xoşbəxt olsun?! Bu kimi suallara cavab tapdım. Fərd olaraq bu gün öz ömür yoluma baxıram, fəxr edəcək günlərim ancaq Ocaqla bağlı günlərim olub. Ömrümün Ocaqla bağlı olan günlərini ömrümə yazıram, ömrüm kimi bilirəm. Soylu qardaşım bütləşdirmədən danışdı. Bütpərəstlik qorxunun təzahürü idi. Ancaq insan böyüklüyünə sevgi, məhəbbət, insan böyüklüyünə tapınmaq bu artıq ayrı məsələdir. Sözüm bu qədər. Var olsun Ata! Var olsun Ocağımız! Var olsun Ocağın davamçıları. Soylu qardaşım mənim ömrümdə Atadan sonra bir mayakdır, örnəkdir. Bacılarımı böyük məhəbbətlə, sevgi ilə düşünürəm həmişə. Günev qardaşım, Bilən qardaşım mənimçün bir tapıntı kimidirlər. Bu sevgini, bu məhəbbəti mənim içimdə yenidən oyatdığınıza görə, yenidən yaratdığınıza görə var olsun Ocağımız, var olsun Asif Atamız, var olsun yolumuz!
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A): Bütün mərasimlərdə özümü Ata hüzurunda hiss edirəm. Bu mərasim də özəl bir mərasimdir. Biz bu mərasimi Ata öləndən sonra keçirməyə başladıq. Ata öləndən sonra nə qədər yol geçdik. Bəzən dönüb geri baxanda düşünürəm ki, öncələr çətin idi. Ancaq o çətinlik yenə də var. Nə qədər ki yol gedilir, çətinlik də var, əngəl də var, olacaq da. Hər bir dövrün hər zamanın özünün çətinliyi var. Ancaq bu çətinlikləri aşacaq əsas məqam odur ki, özünü yaratmalısan. Özünü yaratmadan yol gedilmir, davam eləmir. Mən elə bilirdim, Ataya inanıram. Belə hesab edirdim ki, Ocaqdakılar Ataya inanır, ancaq Ataya inanmaq da özünü yaratmaqla bağlıdır. Özünü yaratmırsansa, inam da nisbi olur. Ataya inam özünü yaratmaqla başlayır, özünü yaratmaqla təsdiq olur. Ataya inanmaqla həm özümü yaradıram, həm Atalı oluram, həm millətli oluram, həm bəşərli oluram, həm də gələcəkli oluram.
Atamız Var olsun!
Soylu Atalı: İnam öncədir. Özünü yaradana qədər də inam var. Başlıca olaraq yaranan inamın davamlı olması, qırılmaması üçün, əsilləşməsi üçün insan özünün ömrünü inamın tələblərinə uyğun şəkildə kamilləşdirməyə başlayır. Ondan sonra inam qətiləşir. İnamın hansısa bir məqamda yerini şübhəyə verməsi mümkünsüzləşir. Ancaq inam başlanğıcdan var, məsələn, biz özümüzü yaratmadan da Ataya inandıq. Ağıl da var, hal da var, halımıza yeriyir. Biz görürük, Ata doğruları deyir, yaxşı şey deyir, yaxşı ömür qoyur ortaya. Biz də başlayırıq inanmağa. Ondan sonra başlayırıq Atanın dediklərini öyrənməyə, Atanın işini öyrənməyə. Öyrəndikcə öz ömrümüzü Atanın işi ilə tutuşdurmağa başlayırıq. Öz ömrümüzü Atanın istəklərinə, işlərinə, tələblərinə uyğun şəkildə yetkinləşdirməyə başlayırıq. Bu da inamın bütövləşməsi, qətiləşməsi olur.
Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A): Nə yazıqlar, bu günü canlı olaraq gerçəkləşdirə bilmədik. Mənim Evladlıq ömrümdə ilk dəfə olacaqdı Ata Sonevinin ziyarəti. Sağlıq olsun, yaxın vaxtlarda yəqin buna nail olarıq. Mənim Atalı ömrüm deyəndə baş verən dəyişikliklərdən, inamın mənə yetirdiklərindən çox danışmaq olar. Bu yol ilk öncə bizim özümüzə yönəlməyimizdən, özümüzü sorğulamağımızdan, özümüzlə döyüşməkdən, özümüzü yaratmaqdan başlayır. Özümüzlə döyüşürük, həm şəxsiyyət olaraq formalaşırıq, mənəviyyatımız qurulur, insan olaraq dünyaya həyata, insana münasibətimiz formalaşır. Bizim bir şəxsiyyət olaraq qurulmağımızdan başlayır bizim millət kimi, xalq kimi qurulmağımız. Dünyanın bu günkü halına baxanda, istər dinlərin etkisi olsun, istər siyasətin etkisi olsun, ya başqa olaylar olsun, hər şey o qədər qarışıq durumdadır, sanki hər şey adamın üzərinə gəlir, bütün baş verənlər insanların çiyninə yük kimi çöküb onları məhv etməyə yönəlib. Bu qarışıqlığın, bu hay-həşirin içində bizim özümüzün ayrıca bir dünyamız var. Hər zaman üz tutduğumuz bizi ayaqda saxlayan Ocaq dünyamız var, bu, Ataya görə var. Hər ədalətsizliklə, haqsızlıqla qarşılaşanda başqaları kimi yıxılmırıq onun qarşısında, bizi ayaqda tutan inamımız var. Ocağa dayanırıq. Hər dəfə haqsızlıqla qarşılaşanda, çətinliklə üzləşəndə Ataya İnam bir daha təsdiqlənir içimizdə, Atanın dediklərinin doğruluğu bir daha çatır ağlımıza. Atanı sevgi ilə insanlara çatdırmağa çalışırıq. Hər addımımız bizim uğurumuza çevrilir, fərəh verir. Bundan güc alırıq. Hansı yolda olduğumuzun, hansı yükü daşıdığımızın fərqinə varırıq. Bu yük, bayaq dediyim etkilər kimi, bizim çiynimizə çöküb bizi çökdürmür. Bu yük qutsaldır, bizi addım-addım irəli aparır, böyüdür. Mən Asif Atanı canlı olaraq görməmişəm. Buna baxmayaraq, Ata ölüb deyə bilmirəm, çünkü Ata öz ömrü ilə əbədiliyə, ölümsüzlüyə yetib, mənim ürəyimdə yaşayır. Atanın dediyi kimi, insan, doğrudan da, möcüzədir, hər dəfə Atanı oxuyanda fərqli bir hal yaşayıram. Xoşbəxtəm ki, bu ömrü yaşayıram. Ona görə Atanın ruhu qarşısında baş əyirəm. Atamız Var olsun!
Soylu Atalı: Bəzən Ocaqçının sözü danışır, bəzən işi danışır, əməli danışır. Ocağımızın indiki aşamasında Bilənin əsasən əməli, işi danışır. O mənada demək olmaz, Bilənin sözü yoxdur. Bəzən əməl çox olanda adamın sözlə ifadə eləməyi az olur. Dediyim kimi, əməl özü də sözdür, əməl özü adamın ömrünü ifadə edir. İçində yetdiyi münasibəti ifadə edir. Bu münasibəti artırmaq, böyütmək, qorumaq gərəkdir. Bir vaxtlar Ocaqda Göylünün də, başlıca olaraq, əməli danışırdı. Göylü tədbirlərdə həmişə az danışıb, ancaq onun işləri çox olub…
Bu gün Ocağın uğurlarından, hünərlərindən biri kimi çap elədiyimiz “Mütləqləşmək – Var olmaq” Bitiyi Asif Atanın Sonevini Ziyarət Günündə Ocaq ünvanına sunacağımız bağışlamadır (hədiyyədir). Kitab dünən çapdan çıxıb götürmüşəm.
Əmək, zəhmət, fədakarlıq ömrə çevriləndə əbədiləşir, gözəlləşir, daha uğurlu söz deməyə başlayır. Hər kəsin əməlini, əməyini yüksək qiymətləndiririk, alqışlayırıq. Ocağımızı yaşadan bunlardır. Ancaq söz yox, iş-ömür birliyi olmalıdır tam olaraq. Mən istəmirəm, iş qabağa qaçsın, ömür dala qalsın. Kimliyimizdən asılı olmayaraq, bunları birləşdirmək gərəkdir. Atanın ölümündən sonra da, sağlığında da ən çox iş görən mən idim. Mən çox iş görürdüm, əgər mən o işləri ömrümlə birləşdirməsəydim, bu gün mən sizin qarşınızda oturub çıxış etməyəcəkdim. Nəinki çıxış etməyəcəkdim, biləməyəcəkdim ki, Ocağın taleyi nə olar. Biz, Ocağı yaşadanlar, iş – ömür birliyi yaradanda yola qoşulanlar olacaq. Biz yol gedirik. Yolda da bizə qoşulanlar olub, olacaq. Ancaq mən istəyirəm ki, yolda olan ilkinlər axıra qədər olsun, davamlı olsun. Yarı yolda qırılmasın, yerini başqalarına verməsin. Öz yerini özü tutsun, özü yaşasın. Amalda, yolda başqalarının yolu başqadır, heç kim heç kimi əvəz eləməyə gəlmir, hər kəs öz yerinə gəlir. Hər kəsin Ocaqda öz yeri var, hər kəs də Ocaqda öz ləyaqəti ilə, ömrü ilə axıra qədər qatqı göstərə bilər.
Atamızın Sonevinin Ziyarət Günü bizim sevgimizdə, əməlimizdə, sözümüzdə, doğmalığımızda, fədakarlığımızda qutsallaşır, ünvanlaşır. Ata Sonevi qutsal ünvanımıza çevrilir. Hər zaman vurğu elədiyimiz kimi, Atanın üz qoyduğu torpaq əslində vətənə çevrilən torpaqdır. Vətəni vətən edən torpaqdır. Çünkü dəyərdir. Torpaqda dəyər yaradanın, dəyər daşıyanın cismi yatır. Ona görə o torpaq qutsaldır. Biz də onu xalqa tanıtmağa, öyrətməyə çalışırıq. Öz qutsalını tanıyan, öyrənən xalq gələcəkli xalqdır, bəşər tarixində ən uca yeri tutan xalqdır. Biz də ona çalışırıq ki, xalqımız insanlaşma, mənəviyyatlaşma yolu ilə özünün bəşər dünyasında həm yerini bəlirləsin, həm də öyrətmənliyini həyata keçirsin. Ata həmişə deyirdi, Azərbaycan dünyanın ruhani mərkəzi olacaq, Ocağa görə. Bunu deyərkən Ata heç bir idealizəçiliyə yol vermirdi. Çünkü biz Atanın ideyalarını öyrənirik, hamıya da önəririk ki, öyrənin, görün dünyada buna bənzər düşüncə varmı, bunun çəkisində ideya varmı. Biz gözəlliklərə qapımızı bağlamırıq, gözümüzü yummuruq. Biz gözəllikləri yaşadırıq, gözəlliklərin yiyəsi kimi yaşayırıq. Ancaq buna bənzər yoxdur.
Mən müxtəlifliyin birliyinə qarşı deyiləm. Birlik özünü bu mayada, bu cövhərdə tapmaqdır. Əgər daha etibarlı, daha gözəl, daha böyük bir damın altına giririksə, burda biz özümüzü xoşbəxt edə biləriksə, üçüncü, beşinci dama gərək qalmır. Bu mənada deyirəm, insanlığı tanıyan, dünyanı dərk edən, bəşəriyyətin mövcudluğunun yüksək mənasına yetən heç kim Asif Ata ilə yarışmaz, Asif Atanın varlığına qatqı göstərər. Onun ləyaqəti də, onun böyüməsi də o qatdıqda olacaq.
Beləcə, Ata Sonevinin Ziyarət gününü bu gün sözümüzlə, əməlimizlə, hesabatımızla ifadə elədik, başa çatdırdıq. Hər bir amaldaşıma dərin sevgilərlə uğurlar, başarılar diləyirəm. Hər bir amaldaşımız özü nə etməli olduğunu bilir. Heç kimə Ocaq adından özəl buyruq verilmir. İş bəlli, əməl bəlli, yol bəlli. Hər kəs də bu gedişdə özünün varlığını, ləyaqətini ortaya qoyur, qoymalıdır. Buna da biz sevə-sevə dayaq oluruq. Bu əməllərin hər birinin ləyaqətini görüb göstərəcəyik, alqışlayacağıq.
Uğurlar, başarılar diləyirəm. Atamızın adıyla tədbirimizi başa çatdıraq.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.
Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Od Ayı, 43-cü il.
(iyul, 2021).