Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin IX Aylıq toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 19 Köçəri Ayı, 36-cı ildə Atagün Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. Atagün Ailəsinin Yükümlüsü Günev Atalı “Ailə Günü” mərasiminə yeni qatılanlar üçün Ruhani Ailənin biçimi və mahiyyəti haqqında qısa bilgi verdi. Bundan sonra öz hesabatına başladı: Mən ardıcıl “Mütləqə İnam” Bitiyinı öyrənirəm, hələ qurtarmamışam. Öyrənməyi şüuruma yeridirəm və çatdıra bilmək üçün onu yığcam biçimdə yazıram.
Bu gün isə tamam başqa bir yöndə olan, dövrün, zamanın siyasətlə bağlı halını göstərən “Siyasətdən Üstün” kitabını həmin qayda ilə öyrənməyə başlamışam. Özüm dönə-dönə öz yazdıqlarımı oxumuşam. İndi də bunu sizinçün oxuyuram. Sabah üçün də oxuyuram. Çünki heç kim birdən-birə kitabın dediyini mənimsəyə bilmir.
Şifahi nitq başqadır, əladır. Nə yaxşı olardı ki, şifahi çatdıra biləydim. Onu mən yaxşı bacarmadığımdan yazdığımı oxuyuram.
(Günev Atalı “Siyasətdən üstün” kitabından özümləşdirdiklərini oxudu – G.A.).
Siyasət hər çeşiddə ağalıq tələb edir, yadlıq tələb edir, yalan tələb edir, xudbinlik tələb edir. Siyasət əsarət gətirir. Ancaq “azadlıq gətirirəm” deyə bağırır. Yeridir ki, mən səni əsarətdən xilas eləməyə gəlirəm. Bu gün Amerika həmin siyasətin bağırtısını təmsil edir. Onların əslində nə törətdikləri hər kəsin gözünün qabağındadır. Bəşər bu siyasətdən imtina eləməsə, özünü uçuruma yuvarlayır.
Vaxt vardı yağı tayfalar bir-birinin üstünə qılıncla, qalxanla gedirdi. Yüzillər keçir, indi dünyanın hər tərəfində aramsız qan axır. Bir namərdin istəyindən 70 milyon insan fəlakəti, qurbanı! Bir neçə 70 milyonun da sinəsinə çəkilən dağ. Budur siyasət. Krılovun qarğa-pendir-tülkü məsələsi bəşəriyyətin yaşamının yönünə çevrilib. Məsələ bundadır. İmtina eləmək gərək. Bunun üçün gərək yolun olsun. Yeni bəşər nizamı olmalıdır.
İkinci, Kamilləşməyimlə bağlı. Həmişə mən bu suala çox məsuliyyətlə yanaşıram. Ayda bir dəfə mən nəyi qazandım, nəyi qazana bilmədim məsələsi. Əhvalda xırdaca yüksəliş olmasa, deməli, geriləmə var. Bu tələbdən çıxış edərək deyə bilərəm ki, halımda sabitlik var. Adamı içdən, həmişə görürsən ki, həyata çəkən bir ilişki olur. Onu içdən çıxarmayanda Amal yolunda çətin yerimək olar. Ona görə arxayınlaşmıram. Ata deyir özüylədöyüş qurtaran yerdə Ocaqçılıq qurtarır. Mən özüylədöyüş əməlindən fərəh alaraq çətinliklərin üzərinə yeriyirəm. Geriyə dönmək yoxdur. Geriyə dönüb baxmaq, nağıllarımızda deyildiyi kimi, daşa dönməyə bərabərdir. Heç olmağa bərabərdir. Geri artıq yoxdur mənim üçün.
Xalqlaşmam – xüsusi auditoriya görüşüm heç olmayıbdır. Ancaq harda olmuşamsa, hətta uçaqla Rusiyaya gedəndə, gələndə, oturub zalda gözləyəndə, boğazım quruyana qədər, danışmadığım, Asif Atanın harayını çəkmədiyim məqamım olmur. Hüzür yerində olmuşam. İsmixan bəy (yanındakı eloğlusunu deyir-G.A.) də vardı, söhbətlər aparmışam. Onun özüylə günlərlə bu evdə oturmuşuq. Soylu Atalının çıxışlarına qulaq asmışıq görüntüdə. Mənim çıxışlarıma qulaq asmışıq. O maraq da bu gün onun özünü çəkib bu tədbirə gətirib. Gözüylə də görmək istədi.
Bu gün həm də bizim üçün seçilən gündür. “Atagün” Ailəsinin yaranmasının üçüncü ildönümüdür. 3 yaşımız qutlu olsun. Baxmayaraq ki, Ailə olaraq 3 yaşımız var, ancaq divardan tuta-tuta yerimirik, uçuruq. Bax, ən gözəl olan budur ki, qısa vaxtda yetkin bir hala dolduq. Bu, bizim uğurumuzdur. Bu, Asif Atanın uğurudur. Asif Atanın buna görə üzü gülərdi.
Bu üç il müddətində nə qazandıq, yaxud nə qazana bilmədik? Birinci ən böyük uğurumuz odur ki, bölgədə durmadan Ailənin Ocaqçılıq etkisi artır. Məbədimizin, bəlli təpkilər, rahatsızlıqlar olsa da, 3 il öncə təməl daşını qoyduq. İndi də işlər görmüşük. Bu, üç ildə böyük uğurlarımızdan biridir. Bir sütun qaldırırsan, Soylu Atalı demiş, yolla ötən üçün o sütunun, o daşın üst-üstə qoyulması sənin sözündən az iş görmür. Yerdən boy verib, qalxır. 24-25 il öncə orda torpağı alanda hüzür yerlərində mollaların harayı-həşiri qalxırdı: Bax, gəlirlər, tikirlər, qoymayın. O yazıqlar milli ruhu tanımırlar, özgəlik üçün vahimələnirlər. Səni içinə gələn yadlıqlarla ölçür. Qısqanclıqla, xudbinliklə, paxıllıqla yanaşanlar da az deyil. Onlar həmişə olacaq. Min il bundan sonra da olacaq. Birdən-birə kütlə kamilləşməyəcək ki. Sabaha ünvanlayırıq sözü. Sözümüz iş görür, görəcək. Bu baxımdan uğurlarımız çoxdur. Ailə Günlərimizi keçiririk. Davamlı harayımızı çəkirik. İnadla adamları tədbirlərimizə çağırmışam. Gəlməyiblər, qorxurlar, hürkürlər, çünki heç biri içdən azad deyil. “Qorxuram məni işdən çıxardarlar” deyənlər də olur. Amma bir dəfə səbrini basıb düşünsə özündə cəsarət tapar. Axı nə üstündə səni işdən çıxardarlar?! Öz divarlarımın arasında oturub milli kimliyimi danışıram. Dərdimi danışıram. Bundan ötrü çıxardarlarsa, heç ordan mən o çörəyi yemərəm. Zəhər gedib yeyərəm. Bax, bu cəsarət millətimizdən uzaq düşüb.
Nə edə bilməmişik hələ? Toplumun içini, geniş biçimdə “Atagün” Ailəsinə yönəldə bilməmişik. Bəzən insanlara acığım da tutur. Hiss edirəm ki, içimdə acıq baş qaldırıb toplumun donuqluğuna. Kor tutduğunu buraxmır, kar eşitmir. Bu qədər də gözəl münasibət yaradırsan, görürsən ki, yenə, kənddə, aralıq deyirlər, orda nərd oynamağı, orda hər hansı hərcayi söhbəti burda, bu isti odada qutsal söhbətə qulaq asmaqdan üstün bilir. Niyə qaçırlar? Heç bir əngəl yoxdur. Gerilikdən çıxmaq istəyi olmalıdır. Halbuki söhbət edəndə hər kəs heyrətlənir, Atanın mövqeyini içində doğru sayır…
Mənim sözüm bu qədər. Bir daha Atamıza səcdə qılıb barağımızı öpürəm!
İndi söz Soylu Atalınındır.
Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!
İçimdə qutsal hal yaradan belə bir törəndə söz demək üçün, hər zaman olduğu kimi, Ataya, Onun varlığına səcdə qılmaq, bayrağını öpmək istəyim yaranır.
Mən Ailəylə bağlı ayrı-ayrı məqamlara toxunacam. Ancaq ona qədər bir-iki önəmli məsələlərə baxış sərgiləmək istəyirəm.
Biz bu gün səhər tezdən səfərə çıxmışıq. Beş nəfər. Gəlin görək, bu beş nəfəri bir-birinə bağlayıb bura gətirən nədir? Heç kim deyə bilməz ki, bunlar bir-birinin xətrinə, hörmətinə durub bura gəlib. Bu xətir-hörmət məsələsi üzgörəlik olardı. Ötəri bir istəyin kiçik bir ifadəsi ola bilərdi. Burdakı hər bir şəxs yaxşı bilir ki, bizim atdığımız addım başqalarının atdığı addımdan çox fərqlidir. Bu fərq nədir? Bu fərq odur ki, biz başqalarının elədiyi və dediyi kimi, xalqın içində görsənişlər yaratmırıq. Biz saxtakarlıq eləmirik. Biz doğrudan da bu xalqın taleyində oturuşmuş ağrıları, fəlakətləri anlayırıq. Bu xalqın yerişi, gedişi haradır? Bunu da bilirik. Eyni zamanda biz dişimizlə-dırnağımızla bu axının, bu suyun qabağında dirəniş yaratmağa çalışırıq. Bax, bu insanlarımızın içində o əhval var. Millətin gələcəyinə qatılmaq var, sevinmək var, olmaq istəyi var. Bu insanları bir-birinə bağlayıb, bu gün səhər tezdən bura gətirən odur. Bu səfərdə toplumun bəlli bir kəsiminə, xalqın balalarına biz ağrı-acı dolu fikirlər dedik. Həm də fərəh dolu fikirlər dedik. Baxmayaraq ki, bir nəfər danışır, ancaq hər kəsin ardınca qoşduğu istəyi ifadə elədik. O həyata keçdi. Biz ondan sonra durub gəlmişik bura. Bu cür tədbirlər də fərdi qurulmanın və toplumda qurulmanın məntiqi ifadəsidir, görsənişidir.
Biz çox böyük işlər görürük. Hürufilər neyləyirdilər? Mən bizim işimizlə bağlı şəkildə izah edə bilərəm, adama çox adi görünər. Onlar neyləyirdilər, nə deyirdilər? Onlar deyirdilər ki, bu xalqın ləyaqətinə hakim kəsilən özgəliyi yurdumuzdan qırağa çıxarmaq gərəkdir. Ərəblərin faciəvi şəkildə bizi yenməsi, insanlarımızın namusuyla, şərəfiylə oynaması onu kölə duruma gətirib çıxardıb. Onun içində dayağı qalmayıb. Yenilib o. Bu xalqı bu yenilmişlikdən çıxarmaq gərəkdir. Rəmzi döyüşün ifadəsi kimi əllərinə taxta qılınc alırdılar, adamları bir yerə yığırdılar. Söz deyirdilər, fikir deyirdilər… Hürufilər öldülər. Nəimini atın quyruğunda parça-parça elədilər. Nəsiminin dərisini soydular. Hürufilik qurtardımı? Qurtarmadı. Bu gün biz topluma söz deyirik. Deyirik sənin Qədimliyində Nəimin, Nəsimin var. Bu gün də sənin içində Nəimi, Nəsimi var. O olmasaydı nə olardı? Dünən mən işdə idim. Xaliq bəylə bir məsələylə bağlı zəngləşmişdim. Deyir nə yaxşı arada bir keçmişimiz olub. O olmasaydı, mən tamam umudumu itirərdim. Deyirəm, Xaliq bəy, əgər o keçmiş olmasaydı, bizlər də olmazdıq. Bizi həmin keçmiş doğub…
İndi bu gün bizim bu harayımız, bu qətiyyətimiz həmin keçmişdən qidalanır. O olmasaydı, mən o gənclərin qarşısına çıxıb haray çəkə bilmərəm. Sən böyük xalqsan deyə bilmərəm. Adama deyərlər nəyim böyükdür? Hanı böyük, göstər görüm. Bax, onda mən ona deyirəm böyüyün Babəkdir, Nəsimidir, Nəimidir, Dədə Qorquddur, Füzulidir, filankəsdir. Bu böyüklərindir, bu böyükləriyin yaratdığı dəyər sistemindir. Filan məsələ böyükləriyin yaratdığı həyat ortamıdır. Həyatı sənin babaların yaşayıb, görüb-götürüb. Bu gün az-çox, yaxşı nəyin varsa, ordan gəlir.
Buna görə deyirəm ki, biz çox böyük işlər görürük. Üzdə görünməyən, ancaq içəridə görünən. Biz içimizdə olan başqa dünyagörüşlərə meydan oxuyuruq. Heç biriylə cırmaqlaşmırıq, ancaq meydan oxuyuruq. Deyirik ki, bizim xalqımızın mənliyindən çıx. Dilini də çıxart, ruhunu da çıxart, baxışını da çıxart, əsarətini də çıxart. Mən özüm öz meydanımın yiyəsi olmaq istəyirəm. Mən özüm öz ruhumun yiyəsi olmaq istəyirəm. Mən kişi olmaq istəyirəm. Mən qadın olmaq istəyirəm. Mən millət olmaq istəyirəm. Əl çək məndən. Bunu biz elə-belə həvəslə demirik. Biz bunu ən yüksək, əlçatmaz ideyalarla deyirik…
İndi Amallaşma məsələsiylə bağlı bir neçə kəlmə söz deyim. Mən adətim üzrə dünyanı da öyrənirəm, dünyadan Asif Atanı da öyrənirəm. Əslində mən öz kimliyimi öyrənirəm. Öz millətimi öyrənirəm. Mən insanı öyrənirəm. Asif Ata deyir “İnsanlaşın – İnsanlaşdırın”. Topluma deyərsən ki, Asif Atanın məqsədi insanlaşma, insanlaşdırma məsələsidir. Deyər o nə deməkdir? Çünki toplum elə bilir ki, Asif Atanın çağırışı elə o iki sözdən ibarətdir. Bunu mənə Azərbaycanın alimlərindən biri deyib. Deyib “İnsanlaşın – İnsanlaşdırın” mücərrəd bir şeydir. Şüar kimi yanaşır bu çağırışa. Deyirəm filankəs bəy, sizin adınız da mücərrəd bir şeydir. Nə qədər ki, bu adı ifadə edən sözdən başqa bir şey düşünmürsən, ad mücərrəddir. Elə ki, mən düşünürəm bu adın altında bir boy dayanır, bir üz cizgiləri dayanır, bir keyfiyyət dayanır, bir xasiyyət dayanır. Onda o ad bilirəm ki, kimi ifadə eləyir, nəyi ifadə eləyir. O sözün altında müəyyən bir məzmun yatır axı. Bu sözün, çağırışın altında da böyük məzmun yatır. Siz iki söz eşidib məzmununa varmayanda mücərrəd görünəcək təbii ki.
Mən o məzmunu öyrənirəm. Nə deyir “İnsanlaşın – İnsanlaşdırın!”? – Hamı deyir demokratlaş, hamı deyir qloballaş, hamı deyir dinləş, ərəbləş, farslaş, açıq deməsə də. Asif Ata deyir İnsanlaş, Bəşərləş.
Günev qardaşımız yazını oxuyanda dedi ki, bəşər siyasətdən imtina eləməlidir. Kimə desən bunu normal qarşılamaz. Necə yəni siyasətdən imtina. Dünya siyasətlə idarə olunur. Siyasətdən imtina nə deməkdir. Bəşər siyasətdən imtina eləməlidir nə deməkdir?
Dövlətin, dövlətlərarası münasibətin gedişində siyasət qalacaq, ancaq necə qalacaq? Nə qalacaq? Siyasət münasibətlər oyunudur. Ailədə, evdə, xalqda hər yerdə oyun gedir. Siyasət bu oyunun tərtibçisidir, qurucusudur, yönəldicisidir. İndi Asif Ata deyir siyasətdən üstün olmaq gərək. Kitabın adı belədir. Nə deməkdir siyasətdən üstün? Deyir xalqına münasibət bəsləyəndə onunla oyun oynama. Hakimiyyətə gələn adama, xalqın başına gələnə deyir ki, xalqa ağalıq eləmə, atalıq elə. Siyasət ağalıq deməkdir, atalıq demək deyil. Çünki ata oyun oynamır. Övladının yolunda zəhmət çəkir, böyüdür onu. Onu aldatmır, böyütmək yerinə kiçiltmir. Ona görə dövlətin başında durana deyir ki, xalqınla oyun oynama. Onun içində münasibətləri insani səviyyəyə qaldır. Onda böyüyün böyük yeri olacaq, kiçiyin kiçik yeri. Onda xalqın içində bir ölçü olacaq. Hər kəs hər kəsə fırıldaq münasibət bəsləməyəcək. Heç kəs heç kəslə saxta davranmayacaq. Ehtiyat eləyəcək, rahatsız olacaq, qırağa duracaq.
İndi hər kəs hər kəsi ittiham edir. İttiham, ittiham, ittiham. O səhv elədi, bu səhv elədi. Hər şey səhvdir. Yaxşı, bu səhv elədi elədi, bəs səhv eləməmək üçün nə gərəkdir? Asif Ata ona görə deyir ki, münasibətlər oyunundan çıx – “İnsanlaşın-İnsanlaşdırın!”.
Gələk Dövlətlərarası münasibətə. Sənin dövlətinin ayrı istəyi var, o biri dövlətin öz istəyi var. Dövlətlərarası münasibətlərdə mütləq alış-veriş olacaq, alver olacaq. Bunu sənə verirəm, bir şərtlə, filan şeyi mənə ver. Deməyəcək ki, al bunu sənə umacaqsız verirəm. Bax, sən bunu belə eləsən, mən də bunu belə eləyəcəm. Yəni dövlətlərarası münasibətlərdə bu hal qaçılmaz olacaq. Qalacaq. Necə ki, ictimai həyatda da uşaq doğulan kimi kamil olmur. Məmə deyəndən pəpə yeyənə hamı kamil olmur. Naşısı olacaq, nadanı olacaq. Ancaq hal kamil olacaq. Ümumi gedişat kamil olacaq. O gedişatı içəridə kamil insanlar yönləndirəcək. Ölçü olacaq. Ləyaqət ölçüsü olacaq. Münasibət ölçüsü olacaq. Eləcə də dövlətlərarası münasibətlərdə ölçü olacaq. Ata deyir, siyasəti xalqın içindən çıxart. Ailənin içindən çıxart. Mədəniyyətin içindən çıxart. Musiqinin içindən çıxart! Sənətin, ədəbiyyatın içindən çıxart! Ədəbiyyat fəlsəfədir, həyatdır. Mən ədəbiyyatdan həyat öyrənirəm. Bunun içinə siyasət soxma. “Yazıçılar “Birliyi” yaradaraq başına öz köləni qoyub bu xalqı aldatma. Oynatma xalqın mədəniyyətini, ruhunu. Asif Ata onu deyir. Bu mümkündürmü? Niyə mümkün deyil? Ona mümkün deyil, buna mümkün deyil deyirik, onda niyə mübarizə var, niyə razılaşmamaq var, barışmamaq var?! Mümkündür. İstək və mübarizə gərəkdir.
Sonra deyəcəyim fikir həm də “özüylədöyüş”ə aid olan bir məsələdir. Mən, Soylu Atalı olaraq, həm öz üzərimdə, həm də Amaldaşlarımın üzərində müşahidə aparıram. Həm özümə görə rahatsız oluram, həm də Amaldaşlarıma görə. Onların hər bir doğru olmayan addımına görə rahatsız oluram. Qayğılanıram, qayğılarımı deyirəm. Ancaq bununla belə, özüylədöyüş məsələsinə çox inanıram. Özüylədöyüş məsələsi qabağa addımdır. Aparır adamı. Nağıl deyil o. Bir az aşırı istəmək gərəkdir, az istəmək yox.
İndi sizə bir fakt deyim. Bayaq Günev qardaşımız oturub orda, Amaldaşı İnamlıya irad tutur. İnamlı onu sakit qarşılayır. Sonra başqa bir məqamda irad olur, İnamlı onu da sakit qarşılayır. Ancaq bir ilmi, il yarımmı öncə İnamlı bu stolun qırağında ən elementar bir şeydən o qədər hikkələnmişdi ki, mən təəccüb eləyirdim, məəttəl qalırdım ki, bu adamın içində heç duyğu sakitliyi yox imiş, üzdə imiş hər şey. Bu gün o həmin İnamlıdır. Bu gün ona, etdiyi yanlış bir addıma görə, irad bildirirsən, söz deyirsən, onu anlayışla qarşılayır, qarşılaya bilir. Bu nədir bilirsinizmi? Bu özüylədöyüş tələbinin gerçəkləşməsidir. Halbuki Ocaqda qıraqdan iradçılıq yoxdur, başqası ilə döyüş yoxdur, özüylədöyüş var. Ancaq fərd özüylə döyüşmürsə, yaxud zəif döyüşürsə, onda Ocağın qarışması gərəkir. Nə gözəl olar ki, özüylədöyüş daha böyük səviyyədə şüurlu şəkildə getsin. Bu onun idrakında gedən prosesdir ki, Ocaqda bu cəhətlər olmamalıdır. Ocaqda başqa əhvallar olmamalıdır.
Asif Ata deyir, ruhaniyyat elə bir şeydir ki, orada çoxbaşlılıq əyir. Orada birbaşlılıq olmalıdır. Ruhaniyyat birxətlilik tələb eləyir. Mənəviyyat birxətlilik tələb eləyir. Ona görə burada Ocağın içində demokratiya yerimir. Demokratiya özbaşınalıq gətirir. Demokratiya hərcayilik yaradır. Hərə bir hava çalır. Ocaqda birxətlilik olmasa, 18 il Asif Atanın ölümündən sonra yol gəlməzdik. Bir xətt var. Bu xətdə heç kimin haqqı gözardı edilmir. Bu xətdə heç kimin döşündən geri itələnmir. Heç kim yaradıcılıqdan geri itələnmir. Quruculuqdan geri itələnmir. Ancaq Ocağı bilməyən Ocağı biləni dinləməlidir. Bax, bu özüylədöyüş məsələsidir, mənim əzizlərim. Xalqda bu yaranmalıdır. Asif Ata xalqda bunu yaratmaq istəyir. Yaratmaq istəyir ki, toplum, sənin içindən filankəs adlı bir aydın çıxıb. Bayaq görüşdə dediyim kimi, sənin tərəvəz becərməyinin əleyhinə deyiləm. Ancaq sən sənin içindən çıxmış həmin aydını eşitməlisən. Eşitməyə borclusan. Yoxsa balıq-ördək-xərçəng nağılı oxuyacağıq biz yenə. Hərə bir yana dartacaq. Biz millət ola bilmirik. Bax, ən böyük çətinliyimiz də, qüsurumuz da odur ki, biz bir xətt yaradıb bu xətti səmimiyyətlə, doğruçuluqla, ləyaqətlə yönəldəni eşitmirik. Bu özüylədöyüşün çox önəmli prinsipial bir yönüdür. Əgər hərə bir hava çalacaqsa, Ocağa heç ehtiyac yoxdur. Yaxud da hərə bir hava çalacaqsa, millət adına iddia etməyə ehtiyac yoxdur. Millət bir vəhdətdir, birlikdir. Bu birliyin nizamı olmalıdır. Bu birliyin yönü olmalıdır. Başı-ayağı olmalıdır. Bu olduqca önəmli məsələdir. Ona görə Asif Ata özüylədöyüş ideyası verib. Ancaq Asif Ata özüylədöyüş ideyasını təkcə öz Ocağının içindəkilərinə verməyib. Öz xalqına verib, bəşəriyyətə verib.
Üçüncü, xalqlaşma məsələsiylə bağlı da bir neçə kəlmə deyim. Mənim xalqlaşma işim çox genişdir. Fərdi və kütləvi görüşlərim çox olur. Mən demək olar ki, evimdə çox az oluram. Bu da mənim seçdiyim aqibətdir. Heç kimin də boynuna minnət qoymuram. Heç kimdən də özəl olaraq sağ ol ummuram.
Bu mənim özümün Millət qarşısında, insanlıq qarşısında ləyaqətimdir. Mən bunu yaşayıram. Mənim fərdi görüşlərim evimdə də olur, İçərişəhərdə də olur. Başqa ünvanlara çağırırlar gedirəm. Bəzən Amaldaşlarım mənə deyir ki, filankəslərin ayağına, yanına getmək nəyə gərək?! Mən Azərbaycan toplumunda hər kəsin ayağına getməyə hazıram. Mənim üçün baş, ayaq yoxdur. Mənim üçün xalqın yanı var. Xalqın ürəyi var. Mən xalqın qəlbinə gedirəm. Mənim çəkdiyim zəhmət odur ki, Asif Atanın istəyi xalqında doğrulsun və xalq baş olsun. Biz xalqın çiyninə ayaq qoymuruq. Biz xalqın ayağının altına çiyin veririk. Başqa cür xalq yaranmır.
Öz övladının zəhmətini çəkirsən, qayğısını çəkirsən, bu sənin canından, cismindən qopandır. Söz yox, mənəviyyatın da rolu var. Ancaq əsasən canından, cismindən qopandır. Bəs bu xalq? Bu xalq sənin gələcəyindir axı. Niyə canından, cismindən qopana bu qədər xərclənirsən, ancaq sənin əbədiliyini daşıyan bu xalqa qulluq eləmək istəmirsən. Niyə?!
Mənim kütləvi görüşlərim ən çox İnamlının təşkilatçılığı ilə araya gəlib. Yazdan üzü bu yana 30-dan çox kütləvi görüşlərimiz olubdur oxullarda. Sonra, Göylünün təşkilatçılığı ilə olub. Güntayın təşkilatçılığı ilə olub bir-iki dəfə. Ən çox İnamlının təşkilatçılığı ilə olub. Çox ciddi söz demişik, ədəbiyyatlar vermişik. Yön yaratmışıq, hal yaratmışıq. Əlbəttə, bunu biz hər şey saymırıq. Əgər deyiriksə böyük işlər görürük, böyük işlər o demək deyil ki, bu artıq sonuca varır. Sonuca varmır. Mən bu gün də o fikirdəyəm ki, Böyük Yolun başlanğıcındayam. Hələ mən Böyük Yolun başlanğıcına gəlib çıxmışam. Böyük Yol böyük məsələdir. Ona görə xalqa verdiyimiz, xalqda görmək istədiyimiz dəyərlərlə yaşamağımız bizi ayaqda saxlayır. Fərəh verir. Bizim ləyaqətimizi yetirir. Bəlkə də adama bu qədər fərəh verməsə, həqiqətən bu zəhmətin qabağında çətindir fiziki olaraq dözmək.
Bir həftənin içində olan məsələni mən sizə demək istəyirəm. Bizim son on gündə iki dəfə Türkel Araşdrıma Qurumu adına tədbirimiz olub. O tədbirin biri araya gəlib. Mən onu redaktə eləmişəm. Onu yazıya çevirmişəm. Üç dəfə onu redaktə eləmişəm. Hələ onun səsdən sözə çevrilməsi bir yana, onun birinin üzərində ən azı iki gün işləyirəm. Çünki şifahi danışığı yazı şəklinə salmaq çətindir.
Ocağın xalqda başladığı çox böyük bir proses var – “Yas Mərasimi” keçirdik. Bunun gərginliyi var, ağırlığı var, çətinliyi var. Gecə işdən çıxmışdım, gedib o mərasimi keçirmişik. Onun dalınca dalbadal görüşlər keçirmişəm. Gecə işə getmişəm. Səhər tezdən işdən çıxıb səfər eləmişik. Bunları fiziki cəhətdən çatdırmaq olmur. Çox ağır zəhmət tələb eləyən məsələdir. Ancaq inanın ki, bunları eləməyəndə mən boğuluram, bunları eləyəndə yox. Həqiqətən bunlarla yaşayıram. Bax, bu kişi mənimlə işləiyr (İlham Mustafanı göstərir. – G.A.). Onun gözünün qabağında olur, bu nə vaxt ora gəlir, məni yaradıcılıqla uğraşan görür. Bu mənim havamdır. Bu mənim suyumdur. Ona görə mən zəhmətdən gileylənmirəm. Zəhmətdən giley həm də zəhməti minnətə çevirə bilər. Onu hər bir Amaldaşım düşünüb qorumalıdır. Zəhmətdən giley xalqın boynuna minnətə gətirib çıxara bilər. Sonra sənin zəhmətin olur bir heç.
İndi bir neçə kəlmə də “Atagün” Ailəsi ilə bağlı deyim. Sizi çox yormayım, bu gün yaxşı işlər görmüşük. Asif Atanın sağlığında bu bölgədə Qədimyurd adında bir Ailə yaranmışdı. Bunun bir neçə, on nəfərə qədər Evladı oldu. Bunların içərisində olan adamların hamısı bu xalqın içindən durub Asif Atanın Ocağına gələn adamlar idilər. Bunların çoxu sıradan adamlar idilər – özüylə uğraşmayan. Asif Ata isə seçim eləmir. Mənə yüksək oxul keçmiş adam gərəkdir deyə seçim eləmir. Asif Ata deyir mənə insanlığı yaşamaq istəyən və onun uğrunda mübarizə aparmaq istəyən insan gərəkdir. Təhsil də olar, lap yaxşı. Ancaq burada ailədəkilərin hamısı xalqın içindən gəlmiş sadə insanlar idi. Onların da içərisində hər cür bəsit, balaca hisslər vardı. Gah dağıldı, gah quruldu, gah alındı, gah alınmadı, sonucda, alınmadı. Ancaq şəxsiyyət varsa, Ailə yenə olacaq. Biz, üstündən illər keçəndən sonra, Günev Atalının burda olmasına görə, bölgədə əsaslı işlər gördüyünə görə və burda tək qalmasın deyə, Atagün adında Ruhani Ailəni yaratdıq. Onun burada duyğuları kəsərdən düşməsin deyə bu Ailəni yaratdıq.
Dağlara qar yağır. Bu qarın qalınlığı bəzən 40-50 metrə çatır. O qar yaz-yay əriyir. Qış gələndə yenidən qalınlayır. Əgər o yenidən qalınlamasa, qar əriyib qurtara bilər. İnsanın da halı elədir. Əgər o artmasa tükənir, azalır. Gərək o daim qurulsun, köklənsin. Biz burada istədik ki, bölgənin halını kökləyə biləcək Amaldaşlarım Günev və Elana Atalılar Asif Atayla dolsun, dolğunlaşsın. Özləri ilə məşğul olmaq üçün daha böyük məsuliyyət hiss eləsinlər. Ailə qarşıya daha böyük məsuliyyət qoyur. Atagün Ailəsi, bu adı mən yaratmışam, Atagün – Atanın günü, Atanın günü böyük gündür. Atanın günü xalqın özünə bənzəməsi günüdür. Atanın günü xalqın milli kimliyini dərk eləməsi günüdür. Həm də bu günü qoruyan, yaşadan Günev var. Bu Ailənin adı həm də Atanın Günevi anlamına gəlir. Günev, Atanın ona verdiyi addır və xalqın böyük mənada günü anlamından qaynaqlanır o söz.
3 ildir burada biz “Ailə Günü” keçiririk. Üç ildir biz haysız, həşirsiz, yorulmadan, usanmadan bura gəlirik. Mən həmişə gəlirəm, arada bir gəlib gəlmədiyi vaxt olub, əsasən Göylü də həmişə gəlib. Göylü “Atagün” Ailəsinin Evladı deyil. Amma o, həmişə bura gəlir. Gəlir, təşkil edir, yazır, çəkir. Bu nədir? Bu quruculuqdur. Bu Ocaq quruculuğudur. Bu insan quruculuğudur. Nəhayət bu, böyük anlamda millət quruculuğudur. Ciddi məsələdir.
Ailə Günlərində Atanı öyrənirik, özümüzü öyrənirik, təhlil eləyirik. Özümüzü döyürük. Özüylə döyüşümüzün məzmununu ortaya qoyuruq. Xalqla işləməyin açarını ortaya qoyuruq. Yönünü, yöntəmini deyirik özümüzə. Ürəyimiz güclənir, böyüyür, ağlımız kəsərini artırır. Ağlımızın kəsəri artdıqca xalqa qarşı acığımızın kəsəri azalır.
Bir var ağlın kəsəri, bir var acığın kəsəri. Atanın çağında da, dediyim kimi, mənim acığımın kəsəri çox güclü idi. Acığın kəsəri küt olur, kəsmir o, əzir. Ağlın kəsəri isə kəsir. Ona görə biz ağlın kəsərinə üstünlük veririk.
Var özümüzün hisslərimiz, var böyük istəklərimiz, Amalımız, Ocağımız. Acıq məsələsi nədən qaynaqlanır?! Nadanın da acığı olur, müdrikin də. Nadanın acığı öz hisslərini qorumağa yönəlir. Niyə mənə bu söz deyildi? Niyə mənim xətrimə dəyildi? Nadanın acığı ona qarşı yönəlir. Müdrikin acığı nəyə yönəlir: Niyə həqiqətin xətrinə dəyildi? Niyə həqiqət ayaqlandı? Müdrikin acığı ordan qaynaqlanır. Sonra, nadan bəzən elə bilir onun acığı, həqiqət üçündür. Elə bilir doğrunu qoruyur. Əslində doğrunu qorumur. Doğrunu qorumaq üçün gərək doğrunu tanıyasan. Həqiqəti gərək tanıyasan. Nadan həqiqəti tanımır, acığına həqiqət adı qoyur.
Mən, Soylu olaraq, 25-ci ilə keçib ki, Asif Atanın dalınca düşüb yürüyürəm. Bu qədər vaxtda bir dəfə də olmadı ki, mən öz şəxsi işimi, şəxsi həyatımı Ocağın işinə qarışdırım. Bir dəfə olmadı ki, mən milli məsələlərin içinə öz şəxsi işimi, şəxsi istəyimi qarışdırım. Olmadı. Mənim üçün Ocağın işi qatqısızdır. Orada başqa şeyə yer yoxdur. Mən bunu deyəndə bəzən Amaldaşlarım da məni anlamayıblar. Mənə deyirlər səbirli ol. Mən deyirəm məndə fil səbri var. Çox böyük səbrim var. Ancaq həqiqət üzü üstə yıxılıb çabalayanda mən haray qoparıram. Mən onda dözüm göstərə bilmirəm. Mənim Amalım təkcə mənim nəfəsim deyil, mənim millətimin yönüdür, bünövrəsidir, gələcəyidir. Mən ömrümü buna həsr eləmişəm. Mənim evimin, oğlumun, üzr istəyirəm, arvadımın dərdi, qayğısı Amalımın içinə girə bilməz. Ocağımın içinə girə bilməz. Girə bilmədiyi üçün Asif Atanın Ocağının işi, ölümündən sonra 18 ildir gəlir.
Bütün partiyalar, bütün təşkilatlar, bütün təriqətlər, sektalar, hamısına yaxşı baxın. Hamısında özünün şəxsi karyerası var, mənfəəti var, məqsədi var, ailəsi var, özünü düşünmək var. Bir adam barmağını qatlayıb desin filan təşkilatda yoxdur. Hamısında var. Mən istəmirəm Ocaqda olsun. Mən istəyirəm Ocaqda tamam böyük səmimiyyət, böyük həqiqət olsun. Böyük fədakarlığa ziyan gəlməsin, böyük ölçüyə ziyan gəlməsin. Dəqiqliyə ziyan gəlməsin. Asif Atanın bu vaxta qədər mərasimini, Ailə Günlərini saat 10-da deyib heç vaxt 11-də keçirməmişəm. 11-ə on dəqiqə işləmiş keçirməmişəm. 10-da demişik, 10-da keçirmişik. Bəlkə də bu 18 ildə iki dəfə, ya üç dəfə ola bilər ki, bizdən asılı olmayan səbəbdən, bir-iki dəqiqə o tərəfə keçib. Bax, bu ruhaniyyatın tələbidir – dəqiqlik. Bu dəqiqlik topluma örnəkdir, topluma verilən tərbiyədir, özünə verilən tərbiyədir. Bizim, xalq olaraq, yenilmişliyimizin əsasında dəqiqsizliyimiz, məsuliyyətsizliyimiz dayanır. Olmaz!
İstənilən adam bizim tədbirə gələndə yüyürə-yüyürə gəlir ki, gecikdi. Çünki bilir, biz tədbiri elan olunan saatda başlayırıq. Mən qəti əminəm ki, bizim tədbirə gələn hər kəs çaşıb ki, bunlar nə qədər dəqiq adamlardır. Deyiblər də mənə. Bir yoldaş mənə deyir, üç dəqiqə mən gecikmişdim, gəlmişəm ki, siz başlamısınız.
Asif Ata bizə nə deyirdi bilirsinizmi, deyirdi ki, dəqiqliyi almanların inhisarına verməyin. Türk ondan daha dəqiq olub. Qaytarın onu türkün özünə, o dəqiqliyi. Kişilik dəqiqlikdən başlayır, qadınlıq dəqiqlikdən başlayır, intizamdan başlayır. Ailə intizamdan başlayır. Millət intizamdan başlayır, dövlət intizamdan başlayır. Ləyaqət intizamdan başlayır. Hər şey intizamdan başlayır. Baxın, “Atagün” Ailəsinin də bütün tədbirlərini, bu gün istisna, biz saat 4-də yazırıq, 4-də başlayırıq. Hamısı nizamla, hamısı qaydasında. Bu, Ocaq quruculuğudur. Bu, mənim şəxs olaraq, işimin quruculuğudur. İçimdə tarazlıq pozulmur, əyilmir. Öz qüsurlarımı görüb döyürəm. O ayrı şeydir. Amma o tarazlıq qorunmalıdır. O tarazlıq əyilməməlidir. Mənim evimin işi min dəfə əyilə bilər… Bizim bir dostumuz o gün tədbirdə deyir ki, gərək bu cür yanğıyla danışmaq üçün əsas olsun, bu millət filan şeydir. Deyirəm ki, yox, bunu belə demək olmaz. Əsas var. Millət mahiyyətində çox böyük hadisədir. Sadəcə Özündən qopub, ayrılıbdır. Sonra, mənim yanğım, qardaş, 14 il mən sənin də gözünün qabağında, nəmin içində yaşamışam. Başımın üstündən su tökülüb. Döşəmə silən ağaca əski bağlayıb silmişəm, gedib uzanıb yatmışam. Gecənin bir aləmində bir də durub silmişəm, atamın üz qoyduğu torpaq haqqı. 14 il mən elə yaşamışam. Vaxtım da yox idi, pulum da. Vaxtımı, pulumu Ocağın yeriməsinə qoyurdum. Bu yaxın çağlara qədər belə olub, sonra uşaqlar işlədilər, qolumdan tutdular, nəmişliyin içindən çıxdıq. Hardaydım bəs? Bu rayon, o rayon, o kənd, bu kənd, gəzirdim, haray çəkirdim.
Bəli, İçimdə yanğı var, böyük dərd var. O dərdi tanıyıram, ona görə bu yanğı var məndə. Sən mənə deyə bilməzsən axı yanma. Necə yanmayım?! İçimdə alov püskürür, sən də deyirsən yanma.
Bax, Ocaq olmaq üçün, Ruhani Ailə olmaq üçün, xalqa qulluq göstərmək üçün, onun ləyaqətini qorumaq üçün Asif Ata mənə belə bir ruhani tərbiyə verib. Ona görə də mən Asif Ataya səcdə qılıramsa, təsadüfi qılmıram. O səcdə bir vərdiş deyil. Mənim içimdə Ocaqçılıq, səcdə vərdiş deyil. Ata o qədər heyrətləndirirdi məni. Ata bu xalqın içində böyük dayaqdır, böyük hikmətdir. Elə böyük bir hikmət ki, bu xalqın yenilmişliyinin qarşısını alır. Xalqın içində onu ayaqda dik saxlayan gücə çevrilir. Ona görə sözümü yenə Atamızın adına səcdə ilə bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
İnamlı Atalı: Ataya səcdə ilə sözə başlayır.
Mən həmişə arzulamışam, kaş yaxın olaydı, həmişə qatılaydım “Atagün” Ailəsinin tədbirlərinə. Burda fərq nədir? Təbii Ocaqçılar arasında fərq qoymuram. Fərq ondadır ki, iki qocaman Ocaqçı təmsil eləyir “Atagün” Ailəsini. Burdan öyrənmək imkanı daha çoxdur. Amallaşma, Kamilləşmə, Xalqlaşma işinin necə qurulmasını… Günev qardaş bayaq qınadı məni, düz elədi, mənim o yöndən qəzəbim bir az daha qabarıq olub. Bayaq Soylu Atalının dediyi kimi, ağlımın kəsəri deyildi, acığımın kəsəri idi.
Mən bu gün Günev qardaşımı da diqqətlə dinlədim, Soylu qardaşımı da. Bir də ki, bu Oda mənə qeyri-adi, ruhani təsir bağışlayır. Bilmirəm niyə, sadə bir evdir də. Bəlkə də mənim özüm kənd adamıyam, kəndə bağlı olduğumdandır. İlham bəyə bayaq deyirəm, bir addım o tərəfdə mənim uşaqlığım keçib. İçimdə elə duyğular baş qaldırır ki, onu mən ifadə eləyə bilmirəm. Həm bura gəlmək istəyirəm, həm də gəlmək istəmirəm. Gəlmək istəyirəm ona görə ki, burda bizim Məbədimiz ucalır. Bu, Azərbaycanda, ümumiyyətlə, Türk Dünyasında ilk atılan bünövrədir. Burda atılıb. Günev qardaşımın fədakarlığıyla. İkinci bir tərəfdən də, sanki öz elimizin havasını alıram, o da məndə bir duyğu yaradır. O duyğu həm kədər gətirir, həm də sevinc gətirir. Daha çox kədər gətirir. Bu, böyük mənada Yurdumuzun aqibəti ilə bağlıdır, rayonlarımız, kəndlərimiz əlimizdən alınıb.
Əslində mənim bu gün bura gəlməkdə birinci məqsədim Sabirabad bölgəsində görüşü təşkil eləmək idi. Bu tədbirə gəlməyim ikinci ruhani qazancım oldu. Gəlib Atanın ilk torpağını ziyarət elədik. Atagün Ailəsini də 3 illiyi münasibətiylə qutlayıram.
Bütün Ailələr Ocağın tarixində yaşayacaq. Ancaq bu Ailənin özünəməxsusluğu, dediyim kimi, iki qocaman Ocaqçının, ikisi də Ata ilə üz-üzə oturan insanlardır, şəkillərində də var, “Ata Səsi” kitabında bir şəkil var – Soylu Atalı Asif Atanın bir yanında oturub, Günev qardaşımız da bir yanında. Ona görə də mən sizi qutlayıram. Bu gün “Ailə Günü”nüzə xalqlaşma işimizi – Sabirabad görüşümüzü hədiyyə elədik.
Atamız Var olsun!
Göylü Atalı: Ataya səcdə ilə sözünə başladı:
Bura gəliş önəmlidir. İnamlı deyir görüşdən sonra mən qayıda da bilərdim. Yoldan geri qayıtmaq qüsur olardı, məncə. Mən Ocağı təbrik eləyirəm, Atagün Ailəsinin yaranmasının 3 ili münasibətiylə.
Təxminən bir aya yaxındır ki, mən Ocaq şəkillərini işləyirəm. İlk günlərdən – Atanın sağlığından ta bu günə kimi, nə varsa, hamısını boğçalara yığa-yığa. Orda “Atagün” Ailəsi boğçası da var. “Atagün”lə bağlı – İnam Evinin açılışı, İnam Məbədinin təməlinin tökülməsi, “Atagün” Ailəsinin yaranması. Hər biri ilə bağlı o şəkillər çox söz deyir. O şəkillərə baxmaqla o illəri bir-bir vərəqləyirsən.
Üç il ərzində Ailə çox qabağa getdi. İstisna nədir? Günevin arada Rusiyaya gedişiylə bağlı bir neçə ay “Ailə Günü” mərasimləri keçirilməyibdir. Qalanı davamlı olaraq keçirilib. Mən Bakıda ola-ola, Amaldaşlarım bağışlasınlar məni, “Uluyol-Hünər” Ailəsinin tədbirlərinə o qədər getmirəm, bu Ailəyə isə gəlirəm. Bura gəlişim, başlanğıcda, bəlkə də qeyrət duyğusunun etkisi idi. Tək qoymamaq, söykək olmaq. Sevgi-filanla bir yerdə sırf o duyğu vardısa, get-gedə artıq bu mənim ruhani ehtiyacıma çevrildi. Məbəd də öz yerində, Ailə qurumu da öz yerində, Günevin varlığı da rol oynayır. Var ol qardaş! Əminəm ki, “Atagün” siz olmayanda belə olacaq, yaşayacaq! Bu elə sənin uğurundur.
Atamız Var olsun!
Günev Atalı: Bizim burda iki İlhamımız var. İlham Axund bilir, İlham Mustafa da bilsin, biz üç nəfərik Ailə olaraq. Soylu qardaşdır, mənəm, bir də mənim həyat yoldaşım, həm də Amaldaşımızdır. Səhhəti ilə bağlı Rusiyada oğlunun yanında müalicədədir. Gələn ay gələr yəqin ki. Onunla biz səfərlərə gedirik. Mənim ata kəndim, ana kəndim, Arazbarı Ağdama yaxın kəndlərdir. Həm də bir tutalqa vardı. Bir nəfər qohumun araçılığı ilə bəlli yerlərə getmək. Bir əmioğluyla bizə söz verən bir adamın axşam evinə getdik ki, toplansınlar görüş keçirək. Dedim bax, bu xanım yoldaşımdır, Elana Atalı. El-obaya analıq iddiası var bunun içində, ona nə dərəcədə yetib yetməməyindən asılı olmayaraq. Ancaq bu iddia ilə ortadadır. Biz gəlirik. Mən sizi gözləyirəm dedi. Söz də verildi. Biz axşam çıxmaq istəyəndə əmim oğlu dedi neyləyirsiniz. Sabah biz bu kəndin içində alabaydaqlı olacağıq. Niyə alabaydaqlı olacaqsınız? Bəs qadın xeylağı… Çox maraqlıdır, bir fikirləşin, təsəvvürünüzə gətirin də, sözün gücü çatmır ey, bunu deməyə. Bəs qadın xeylağı gedir başqa yerə, özü də hansı söhbəti eləməyə. Əgər alverə getsəydi olardı. İnanın ki, çiyninə bir “şumotka” keçirib mənim arvadım bir yerə getsəydi, ona heç kim heç nə deməyəcəkdi. Ancaq indi milli ruhu haraylamağa getmək ayıbmış. Biz dəhşətə gəldik. Bir-birimizə baxdıq ki, bu nə münasibətdir. Axı bu kənddə elə şey yoxdur. Polkovnikdir özü də kişinin oğlu. Dedi ki, mən ölüm, yığışdırın, qayıtsın geri.
Ancaq biz inadımızdan dönmədik. Elana da dedi ki, bu gün biz bu tilsimi sındırmalıyıq. Bu yazığın da əlacı kəsildi, bu əmioğlunun, düşdü bizim yanımıza, getdik. Qapını döyüb soruşduq, Rafael bəy evdədir? Evindən bir nəfər tələm-tələsik yoxdur, yoxdur dedi. Təsəvvürünüzə gətirin. Bu halı anlamaq olmur, doğru demirdi, evdə idi. Adətən biz görmüşük ki, Azərbaycanda bir evə qonaq getsən soruşurlar, kimsiniz, gəlin bəri. Elə bir səviyyəyə gəlib çıxmışıq.
Öncədən o kənddə söhbət aparmışdım, böyük coşğu və heyrətlə dinləmişdilər. Sonda dedim ki, mən burda davamlı olaraq bir nəfərlə münasibət qurmaq istəyirəm. Kim döşünü irəli verə bilər? 40-50 adamın içindən hamı dedi ki, elə Rafael yaxşıdır. Münasibət, söz-söhbət adamıdır. Dedim istyərsənmi? Dedi hə, istəyərəm. Dedim olarmı gələk sizdə beş nəfərlə, lap elə sənin ailən olsun, bu söhbətləri sistemli şəkildə, bir az da geniş edək? Gözləyirsənmi saat 8-də bizi? – Hə, gözləyirəm. Axşam da getmişik, darvazanı döymüşük, içəridən biri qayıt ki, yox, yox, yoxdu. Aydın məsələdir, Rafael bəy Qurbanəli bəy kimi gedib hardasa… Yaxasını vermədi, qayıtdıq gəldik.
İndi Göylünün hər dəfə ordan bura gəlməsi, vicdan haqqı, mənim qeyrətimi silkələyir. Hər dəfə bu əziyyəti çəkməsi, nəinki bura gəlməsi, hara getmir ki. Hansı çətin yerlərə getmir ki. Bu evdə, bu ailədə Göylüyə yumruq qıcanıbdır anamın yasında. Nadanlar, filanlar olubdur. Ancaq nadanlığı saymamaq Göylünün şərəfiydi, baş ucalığı idi. Mən Göylüyə ikiqat minnətdarlığımı bildirirəm.
Təbii ki, mən həmişə hər yerdə, yeri gələndə deyirəm ki, Atadan sonra mənim bəşəriyyətdə səcdə qıldığım bir şəxsiyyət var: o da Soylu Atalıdır. Çünki Soylu mənim özümün yaranmağımda böyüklük edib. Nəinki “Atagün” Ailəsinin, mənim özümün yenidən ayağa qalxıb möhkəmlənməyimdə, özümü toparlamağımda Soylu qüdrəti dayanır.
O çağlar Ata ruhani təməl yaratmışdı mənim içimdə. Ancaq özümə inamımın yetərli olmaması məni Ocaqdan geriləmişdi. Yükün böyüklüyü ilə mənim özümün səviyyəm arasındakı hədsiz təzad, istər-istəməz başım yorulmuşdu. İçimdən bir səs gəlirdi ki, deyəsən mənim gücüm çatmır. Həm də bilirsiniz, kitab-dəftər adamı olmamışam. Sadəcə hal vardı. Yeri gəlmişkən, onu da deyim, Soylu məni o duruma gətirib çıxardı ki, bu yaxınlarda kitabım çıxır, sizə o kitabı paylayacam. Gör kimi?! Məktəbdə mənə 3-ü ona görə verirdilər ki, atam dəmirçi idi. Onlara peç-zad düzəldib verirdi. Mən oxuyan olmamışam. Ancaq Asif Atadan da qabaq içimdə, ürəyimdə nəsə bu dünyanın nizamının pozulduğunu hiss eləmişdim.
Soylu Atalı: Poeziya sevgisi, ədəbiyyat sevgisi olubdur. Fitri ruhaniyyatçılıq olub.
Günev Atalı: Hə, bədiiyyata çox güclü meyil olubdur məndə. Asif Ata da deyirdi, fitri ruhaniyyatçısan.
Soylu Atalı: İnsana onu heç kim qıraqdan torba ilə vermir. İçəridən gələn bir şeydir. Bunlar hamısı üst-üstə gəldi və içində olan yüksək keyfiyyətləri aşkarlamağa gətirib çıxardı.
Asif Ata elə bir məktəbdir ki, bu məktəb istənilən lalın dilini açır, karın qulağını açır. Yetər ki, o lal, kar ona doğru bir balaca addım atsın. Mən özüylə yetərlənməyən bir adamam. Səmimiyyətlə deyirəm, bu gün də yetərlənmirəm özümlə. Bəzən fikirləşirəm ki, hələ o qədər dərinliklər var ki, o dərinliklərə mən enməmişəm. Enməliyəm. O qədər yüksəkliklər var ki, o yüksəklikləri mən aşmamışam, aşmalıyam. İçimdə o yəqinlik var. Ancaq bununla belə atam Qaranın evindən çıxan Soyluyla bugünkü Soylu arasında yer-göy fərqi var. Bax, Asif Ata bu məktəbi yaratdı, bu məktəbdə biz açıldıq, aşkarlandıq.
İlham Mustafa: Mən sisin sözünüzə qüvvət bir şey deyim, bu gün siz demiş, Azərbaycan qadını çiyninə bir aeroport sumkasını keçirib İran gömrüyündə şallaqla, qırmancla döyülə-döyülə saqqız gətirib satsa, deyəcəklər halal olsun bu qadına. Bax, gedib saqqız gətirib satır, o palçığın içində pul qazanır. Nə qeyrətli qadındır. O polis söyür, bu birisi döyür, bazarkom pul yığır, başına itin oyunu açılır. Ona deyir nə qeyrətli qadındır. Ancaq xalqı, milləti, vətəni üçün, gələcək üçün… mən Soyluya çox demişəm, biz Soyluyla neçə ildir bir yerdəyik, işdə bir növbədə işləyirik. Mən Soyluya deyirəm ki, sən çox dəhşətli bir işin dalınca düşmüsən. Bu ağır yükün altında sən necə var ola bilirsən, neyləyirsən?! Yəni burda tək beş-on adamı böyütmək və buraya yığmaqla iş bitmir. Bu çox böyük kürəsəl bir işdir.
Bu gün biz beş nəfərə milli ruhu başa salana qədər əzab çəkirik. Ancaq baxın, bir nəfər ingilis qadını, bir nəfər fransız qadını, bir nəfər rus qadını gəlib desin, şəhərin, kəndin harasında istəsələr toplanacaqlar onların başına. Deyəcəklər demokratik düşüncələri yayan bir hüquq müdafiəçisi gəlib Almaniyadan, qadınları, kişiləri yığır ora, başa salır. Ya Ərəbistandan biri gəlsə başı çadralı, inanın sürü kimi gedəcəklər. Axışacaqlar ora. Hamı da deyəcək halal olsun. Əla! Ancaq öz içimizi, öz millətimizi, öz vətənimizi, öz xalqımızın gələcəyini bizə öyrədən bir işin arxasınca gedəndə insanlarımızın dizi qatlanır.
Soylu mənə, 96-cı il olardı, Atanın kağızda çap olunmuş izharlarını vermişdi. Mən getmişdim kəndə. Əlimdə o vərəqlərdən çox idi. Apardım ki, onu paylayım camaata, tanış olsunlar. Məktəbin həyətində, bir də bizdə ortalıq deyirlər, dükanın yanına yığılır camaat, apardım verdim. Bizdə də kənd camaatının inandığı bir seyid var idi. Onun nəvəsi də orda idi. Bir az da dilində pəltəklik vardı. Dedi bu nədir? Oxuyur orda: vətənə sevgi, millətə sevgi. Atanın dedikləridir də. Bu nədir sevgiylə bağlı gətirib camaata paylayırsan. Sən şəhərdən gəlmisən…
Keçid dövrüdür də, sevgi deyəndə psixologiya pozulur. Sevgi deyəndə hamı başqa şey fikirləşir. Onları da mən yaxşı tanıyıram. Başa saldım, dedim sən öz ananı sevirsən? Dedi niyə sevmirəm, anamdır. Atanı sevirsən, Bacını sevirsən? – Dedi bunun nə dəxli var? Dedim necə olur, anana sevgində bir şey axtarmırsan, millətə, vətənə sevgidə başqa şey axtarırsan?!
Mən Ocaqçı deyiləm. Mən sadəcə, necə deyərlər, Ocağın orbitində fırlanıram. Mən sizlərin yanında, Soylunun yanında dinlədikcə çox şey öyrənirəm. Atanın ideyası, fikri, dünyaya baxışı, insana baxşı, sözün həqiqi mənasında bugünkü ifadə ilə desək, analoqu olmayan bir şeydir. Ona görə hər mənada Atamız var olsun! Hələ ki, mən özümü Ocağın içərisinə sala bilməmişəm. Hələ ki, özümdə o gücü tapmamışam. Ancaq fikrim, məqsədim odur ki, mən o çərçivənin içərisində oturum, Olum. Mən dəqiqliyə çox çalışıram. Eləyirəmsə dəqiq eləyəcəm. Beynimə yeridirəm ki, bunu mən eləməliyəm. Eləməyəcəmsə, deməli artıq mən mən deyiləm. Yalançı bir şeyəm. Ona görə hamınıza təşəkkür edirəm. Bu günü də qutlayıram. Mənimçün çox böyük fərəhdir, sevincdir belə bir yerdə, belə bir gündə gəlib sizinlə bu istəkləri paylaşmaq. Mən fəxr eləyirəm.
Günev Atalı: Çox sağ ol. Bilirsənmi, əsas istəkdir.
Bəzən Amaldaşlarım bir baxımdan məni suçlayıblar ki, gileylənmək olmaz. Getmişdik Muğanlı kəndində görüş keçirdik. Ağcabədinin kəndidir, orda kəndin bir müəllimi, özünü ziyalı sayan biri ilə öncələr çox söhbət eləmişəm. Özü də söz verib. Sonra Göylü, Soylu, mən, getdik bunun qapısına. Dedim ki, belə-belə məktəbdə gedib görüş keçirmək fikrimiz var. Bu bizi qəbul eləmədi. Dedi ki, xahiş edirəm, məni o işə qatmayın. Hətta yağış yağırdı, demədi də ki, uzaq yol gəlmisiniz, bir stəkan çay için. Axı bu millət bu deyil. Bunun əgər ziyalı sayılanı bu kökdədirsə… Nə isə, getdik, alındı da görüş. Görüşdə mən də söz dedim, o adamın simasızlığına da münasibət bildirdim. Görüşdən sonra bacım da, qardaşım da mənə irad tutdular ki, o cür olmaz. Gileyçilik olmaz. Qəbul elədim. Amma yeri gələndə, o şeyləri izah edən bir məqam da var. Məsələn, görürsən, ad çəkməyəcəm, Ocaqla uzun müddətdir münasibətdə olan adam var, hər dəfə də gəlib ağıl verir – “Ocaqda Soylular çox olmalıdır”. Bəli, Günev bu gün Soylu ola bilmir. İnamlı bu gün Soylu deyil. Qardaş, gəl ol də. Gəlmirsən, olmursan və deyirsən Ocaqda Soylular çox azdır…
Sizə uğurlar arzulayıram. Yenə deyirəm, bu elə işdir ki, biz ağlın, ürəyin qapısını döyə bilərik. Açmırsa, biz ora girə bilmirik. Amma insan da özündə məsuliyyət hiss etməlidir ki, verdiyim məsləhətin, sözün, fikrin arxasında heç olmasa özü də olsun, dursun.
Biri soruşur ki, Günev bəy, Məbəd nə vaxt hazır olacaq? – Deyirəm qardaş, mən 134 manat pensiya alıram. Qəpiklə tikirik onu. Ayasofiya məbədini tikmək üçün böyük bir imperiyanın xəzinəsini baş-ayaq çevirmişdilər. Məryəmin mozaikasını divara üç ton qızılla həkk elədilər. Bünövrəsinə 500 kq qızıl tökülübdür. Bizim Məbədi isə İmperiya tikmir. Nə də böyük bir kəndin büdcəsi yığılmır. İndi sən özün hesabla, hansısa aydın verir mənə bu sualı. Bəs niyə elə gec tikilir? Üzümdən bura qədər gəlir, Soyludan ehtiyat eləyib deyə bilmirəm ki, çünki sən qıraqda durmusan. Bu xalq təkcə mənim deyil. Yeri gələndə olar da bunu demək. Asif Atanın sözünü təkcə mən deməliyəm?
İndi yükün böyüklüyünü qoyaq qırağa, Asif Ata Ocağı ilə təmasda olmağın nə olduğunu özün dedin. İnsanı hara yüksəldir. Necə böyük inam, umud verir insana.
Hər dəfə deyirəm, axı nəsil qoyub gedirik. Hansı dünyada qoyub gedirik. Bir az məhdud danışım da, hansı dünyabaxışın təsirində qoyub gedirik. Bütün bunları dərk elədikcə deyirəm, mən öz millətimə, xalqıma, bəşərimə yanğıyla irəli durmuşam. Bunun hamısının da qarşılığında özüm qalxmışam göyə. O yoldayam. Dağın zirvəsinə doğru gedirəm. Bu eşqə, bu istəyə düşmüşəm. Ona görə deyirəm, İlham bəy, istək əsasdır. İstək varsa, mütləq onun arxasınca gediləcək. Ondan sonra biləcəksən ömrü necə yaşamısan. Nə qoyub gedirsən? Nəsimi, İsa cavan ikən getdi. C.Bruno cavan ikən getdi. Ancaq görürsən, əbədi qaldılar. Çünki həqiqətin yolunda meydana çıxmışdılar. Sən özün də özünü o yöndə istə.
Soylu Atalı: Bir var ummaq, bir var gileylənmək. Günev Atalı bu sözləri ilə umur, əslində haqqı da var. Biz umuruq soydaşlarımızdan ki olun, olmalıyıq. Ancaq qınaq, deyinmək-filan, yenə deyirəm, olmaz. Niyə? Deyinmək, qınaq gətirib nəyə çıxardır? Ürəyimizin gücünün azalmasına. Giley bərabərdir minnətə. Mən nə deyirəm? Mən deyirəm ki, sən səbrli, davamlı şəkildə öz ləyaqətini ortaya qoy, o görünəcək. İlham Axund ikinci dəfədir bura gəlir. Mən çağırmışam, demişəm, ay İlham qardaşım, gəl gedək, o da gəlib? Elə deyil. Uzun müddət müşahidə aparıb, görür ki, bu soydaşları umacaqsız olaraq millətini sevir.
Bu kişi mənə deyir ki, “mən bu qədər vaxtda sənin qədər millətsevərə rast gəlmədim. Məni sənə bağlayan odur”. O bunu görüb, səmimiyyətimizə, zəhmətimizə, ləyaqətimizə inanıb. Öz ləyaqətini bizim ləyaqətimizə qoşub, durub gəlib. Sən öz ləyaqətini ortaya qoy, o görünəcək. O biri də addım atacaq, bu biri də. Hər şeyi zaman həll edir. Birdən-birə hər şey olmadı. Bu mümkün də deyil. Qardaş, bir var adam hoppana ki, hündür görünə, bir də var boyunu ucalda ki, hündür ola. Biz boyumuzu ucaldırıq.
Günev özü Asif Atanın Ocağının qapısını açandan sonra nə eləyibsə, böyük fədakarlıqla edib. Hər şeyindən keçib edib. Böyük səbrlə edib, ərdəmliklə edib. Bu olmasaydı bura gəliş də olmazdı. Sənə bu sevgilər hardan sunulur? Həmin o keyfiyyətinə görə, həmin davamlılığına görə, həmin dayanıqlılığına görə. Ona görə deyirəm ki, biz giley adamı deyilik, ancaq bu dediklərim sənin gileyçi olmağın anlamına gəlmir, sadəcə gileylə bağlı fikirlərimi aydınlaşdırıram.
İlham Axund: Mənə söz verdiyiniz üçün sağ olun. Mən burda ikinci dəfədir oluram. 3-4 dəfə də Bakıda Ocaqda olmuşam. Burada fikir ayrılığımız olan hissə var. Mən onun haqda danışmaq istəmirəm. Məni əsas bura bağlayan şey sizin millətçiliyinizdir, millətə bağlılığınızdır. Göstərəcəyiniz yol milli ideologiyadır ki, mənim ürəyimdən keçən şeylərdir. Ola bilər səhər kimsə ordan baxıb deyəcək ki, bunun onlarla nə işi var? Deyəcəm burda nə var ki? Hələ bax gör o nə danışır. Bax gör o nə istəyir. Ola bilsin ki, müəyyən şeylər var, fikirlərimiz düz deyil. Ancaq milli baxımdan hər şeyimiz düzdür. Bayaqdan giley söhbəti eləyirdiniz, bu dində də var. Siz nə deyirsiniz – Giley eləmə qardaş, giley qəlbi sındırır. Qəlbi də tikmək üçün hələ elə bir material yoxdur ki, onunla yamayasan. Ona görə mən sizinlə yol yoldaşlığı elədiyim üçün fəxr duyuram, Türk oğlu kimi. Fəxr edirəm ki, sizin kimi türk qardaşlarım var. Türkün düşməni özündən iki dəfə böyükdür. Amma zaman gələcək belə-belə görüşlərlə, bayaq görüşdə iki gənc əməlli-başlı alınmışdı. Gəldilər yaxınlaşdılar mənə, əlimi kürəklərinə vurdum ki, sağ olun, bax, siz söhbəti tutmusunuz. O kitabları aparıb evdə stolun üstünə atmayın. Oxuyun, görün o kitab nə istəyir sizdən. Sizin vəzifəniz nədir. Belə bir söhbət elədik. Oğlan dedi mən hətta əlifbanı da öyrənmişəm. O şeiri də bilirəm.
Sözümün canı nədir. Mən də sizin kimi həmin istəklərin peşindəyəm. Sadəcə Ocaqçı deyiləm, mən islamçıyam. Amma milli baxımdan mövqelərimiz üst-üstə düşür. Sizə millətin dirçəlişi yolunda uğurlar arzulayıram. Atagün Ailəsini 3 ili münasibətiylə qutlayıram. Gün o gün olsun, 3-ün arxasına bir sıfır artıraq.
Soylu Atalı: Bir neçə kəlmə deyim bölgədə və ölkədə gedən ictimai-siyasi, mənəvi durum haqqında. Biz adətən hadisələrə “Türkel Araşdırma Qurumu”nda aydın dostlarımızla İdeoloji qiymət veririk. Ocağımızda ona ruhani qiymət veririk. Politoloji qiymət vermirik, siyasi qiymət vermirik. Bu ayrı bir şeydir, o bizim işimiz deyil. Bilsək belə. Bizim özümüzün öz qiymətimiz var. Bir neçə kəlmə istəyirəm deyək.
Azərbaycan olaraq bağımsızlıq əldə eləyəndən sonra yanlız bir yöndən biz bərkidik. Dövlətin strukturları quruldu, onun güc strukturları quruldu. Sonra hərbi potensiyası aşama-aşama oturuşdu. Ancaq biz, bir millətin mədəniyyətini, varlığını ifadə eləyən, daşıyan bir dövlət olaraq qurulmadıq. Bunu mən ağrıyla deyirəm. Bunu mən onun başında duranları ələşdirmə xatirinə demirəm. Çünki xalqın içində xalqın milli dəyərləri, mənəvi dəyərləri onun özünə qaytarılmadı, verilmədi, öyrədilmədi.
Tolerantlıq deyə bir şey öz-özlüyündə yaxşı səslənir. Ancaq bizdə tolerantlıq oyunu var. Bu da ona gətirib çıxarır ki, içinə ilan-qurbağa doldurur, dözməlisən. Bunun adını qoyur tolerantlıq. Bu tolerantlıq deyil. Bu ayrı şeydir. Bizim bu gün yurdumuz hər tərəfdən fərqli qüvvələr tərəfindən basqı altına alınır və hədələnir. İstər siyasi xətlə, istər dini xətlə. Bu gün sizin hər birinizin gördüyünüz bir şey var ki, Azərbaycan Suriyanın taleyinə sürüklənir. Bunu da Sələfi deyilən, vəhhabi deyilən qüvvələrin əliylə gerçəkləşdirməyə çalışırlar. Ehtimalla gerçəkləşdirəcəklər də. Təəssüf ki, belədir, mən bunu ağrıyla deyirəm. Bizdən asılı deyil. Proses ora aparır. Çox təəssüf. Axı o üzünə saqqal buraxan vəhhabi kimdir? Mənim soydaşım. Onun 70-80 faizi mənim soydaşımdır. Qoy içində olsun 5-3 nəfər etnik kimlərsə. Onlar əsasən mənim soydaşlarımdır. O soydaşımla mən qarşı-qarşıya gəlmək həddindəyəm. Təhlükə həddində, qorxu həddində yaşayıram. O məndən qorxmur. Mən də şəxsim üçün ondan qorxmuram. Ancaq millətim üçün, millətimin gələcəyi üçün ondan qorxuram. Çünki onun qəlbinə cahillik hakim kəsilib. Onun ağlına cəhalət hakim kəsilib. Bizi ora sürükləyirlər. Bax, bu, böyük bir yanlışdır, böyük bir suçdur.
Sonra aydınlar adına biçimlənən, şəkillənən zümrənin böyük suçu var. Onlar öz toplumuna heç yerdə axıra qədər həqiqəti öyrətmir, maarifləndirmir. Dəyərlərlə bağlı da çox qarışıq, ziddiyyətli fikirlər ortaya gətirirlər. Mən siyasi adamları demirərm, ictimai adamları deyirəm. Olduqca ziddiyyətli, çeşid-çeşid özündə fərq daşıyan baxışları ortaya gətirirlər ki, bu da toplumda vahid bir xəttin, ölçünün yaranmasına əngəl olur. Hərə bir hava çalır. Toplum bilmir ki, onun dəyəri nədir, dəyərsizliyi nə. Xeyiri nədir, ziyanı nə. Bilmir. Bu gün dünyada böyük bir güc yaradıblar, ağa yaradıblar Amerika adında. Bunu çağında Avropa özü yaratdı. Avropalılar gedib hakim kəsildilər, tutdular o torpaqları. Onu vaxtilə kimin axtarıb tapmasından asılı olmayaraq. Orda hansı kökənli tayfaların yaşamağından asılı olmayaraq. Ora Avropa xalqları qılıncla, tüfənglə, zor gücünə gedib hakim oldular, oranı işğal elədilər. İspanlar, italyanlar, fransızlar, ingilislər və başqaları. Getdilər oranı işğal elədilər və orada bir dövlət yaratdılar. O dövlətdə adını çəkdiyim xalqların, toplumların hamısının nümayəndələri var. Yəni Amerika Avropanın əmniyyətidir. O bunları qoruyur. Baxmayaraq ki, bu gün Avropayla Amerikanın arasında bəzən iqtisadi çəkişmə gedir. Amerika orada, okeanın o tayında Avropanı Doğudan, onun mədəniyyətinin etkisinə düşməkdən qorumaq üçün düşünülmüş bir dövlətdir. Amerika Avropanın gücüdür. Bu güc xeyirxah güc deyil, bəşəri güc deyil, dağıdıcı gücdür. Avropanın caynaqları daha yaxşı ilişsin deyə, həmin Amerika özünün yaratdığı struktur araçılığı ilə, yaxud da böyük maliyyə bazasıyla yeriyir xalqların içinə. Köklü xalqları bir-bir sıradan çıxarır. Köklü xalqların məbədlərini məhv eləyir. Ərəblərin qədim məbədlərini məhv eləyir, Türklərinkini məhv edir. Orta Asiyanı diqqətdə saxlayıblar. Əfqanstanda nə qədər dağıntılar yaratdılar. Niyə yaradırlar? Baxın, mətbuatda çox yazmışam, köklü xalqları dağıdıb yerində onları idarə eləmək üçün milli dövlət adına balaca-balaca xalqların dövlətlərini yaradırlar. Həmin balaca xalqlara qarşı guya bu humanizmdir, guya hər bir xalqın haqqı var, demokratiya da bunu tələb edir. Ancaq köklü xalqları dağıdır, onun coğrafiyasında idarə olunan və dağıdan dövlətlər yaradırlar. Dönə-dönə yazmışam, əgər Amerika o qədər humanistdirsə, qoy kürdə, yaxud başqasına ştatlarının birini versin, dövlət yaratsın. Yaxud Rusiya bu qədər humanistdirsə, qoy o çöllərində Ermənistan dövləti yaratsın. Niyə mənim torpağımda, niyə mənim içimdə yaradırsan?! Bax, bu dalğa gəlib Doğunu üzük həlqəsi kimi dövrələyib. Bunun da əsas hədəfi nədir? Sovetlərin dağılmasına qədər iki güc ki, qarşı-qarşıya dayanmışdı, Batı və Sovetlər – iki fərqli ideologiya daşıyıcıları, dünyanı idarə eləyən iki güc. Bunlardan biri sıradan çıxdı. Təkqütblü bir dünya yaradıblar. İndi bu tək qütb bütün işini-gücünü yönəldibdir bu coğrafiyalara. Rusiyanın özü getdikcə gücdən düşür. Bu coğrafiyalarda böyük güclər – türklər var. Başlıca hədəf bu türklərin dirçəlib ayağa durmaması, bu türklərin bu coğrafiyanı idarə etməməsi, bu coğrafiyada hakim qüvvəyə çevrilməməsidir. Başlıca hədəf budur. Mən bunu qəbul eləyərəm bir mənada ki, əgər biz türkün dünya üzərində ağalığını düşünürüksə, imperiyasını düşünürüksə, elə onlar yaxşı eləyir. Ancaq biz dağıdıcılıq haqqında düşünmürük axı.
Bu gün bizim gəncliyimizin içində həmin fikir yürüdülür. Turançılıq deyə bağırırlar. Onu da Avropa özü bu gəncliyin ağlına salıb. Əslində Avropanın özünün türkçülüyü var ortalıqda. Türkün özünün türkçülüyü işləmir. Eləcə də bu gün bizim yurdumuzda da, yurdumuzun dışında da əsasən üç islam fəaliyyət göstərir. Bunlardan biri Amerikanın islamıdır, biri ingilisin, biri də İranın islamıdır. Şiəlik, nurçuluq, vəhabilik. Bundan başqa həm də bizim içimizdə həmin qüvvələrin türkçülüyü var. O türkçülük də nədir – dağıdıcılıq, imperiyaçılıq, Turan imperiyası. Gəncliyimizin ağlına bunu yeridirlər, bizə sübut eləsinlər ki, dağıdıcılıq haqqında düşündüyünüz üçün sizi düz eləyib basqı altında saxlayırıq. “Sizi kəndirdən açıb buraxsaq, bizi məhv eləyəcəksiniz. Dünyanı imperiya ağalığınız altına alacaqsınız”. O proseslər ondan ötrüdür. Ona görə biz istəyirik ki, Asif Atanın türkçülüyü gəlsin ortaya. Onun türkçülüyü humanist türkçülükdür, bəşəri türkçülükdür. Onun türkçülüyü İnam, İdrak, Mənəviyyat, İradə türkçülüyüdür. Zor türkçülüyü deyil, başkəsən türkçülük deyil. Bəşəridir. Ona görə dünyanı suçlayırıq, qınayırıq ki, sən üzü o yandan dağıda-dağıda gəlirsən bu milləti çökdürməyə. Bundan ötrü çeşid-çeşid oyunlar gedir: Ukrayna oyununda, baxın, zərbə kimə dəyir? Türklərə. Ərdoğan burda guya Türkiyəni qoruyur. Onların gördüyü işin hamısı Orta Doğu projesinin layihəsidir. Amerikayla Ərdoğanın planlarının arasında heç bir kəskin fərq yoxdur. Ərdoğan Türkiyəni elə duruma salacaq ki, Amerika onu dağıtmağa haqq eləsin. Amerika onun üzünə dayansın ki, sən xilafət yaradırsan. Mən də məcburam dağıdam. Sən geriliyə çəkirsən bəşəriyyəti.
Ərdoğan ona gedir. Üzdə isə guya Türkiyə üçün çalışır. Belə bir vaxtda Azərbaycanın durumu da bunlardan çox asılıdır. Azərbaycanı sürüyürlər, boyunduruğa çəkirlər. Bizim dövlətin başında duranlar elə görüntü yaradıblar ki, guya onlar dövləti qoruyurlar. Amerika başda olmaqla Avropa bizi ordan boyunduruğa çəkir, Rusiya burdan. Bunlar da guya balanslaşdırmağa çalışırlar, nə ora girir, nə də bura, bağımsızlığımızı qoruyur. Halbuki bizim bağımsızlığımızı məhv elədilər talamaqla. Məhv elədilər oyunlarla. Məhv elədilər bu xalqın kimliyini təhrif eləməklə. Məhv elədilər bu xalqın içinə minlərlə ilanı-qurbağanı buraxmaqla. Dağıdıcı gücləri buraxmaqla. Sektaları, təriqətləri, siyasi təşkilatları, hüquq müdafiəçiləri deyə əcnəbi qüvvələrin buyruğunda qulluq göstərənləri. Xalq gör kimə umud bəsləyir? Qıraq qüvvələrin buyruğunda fəaliyyət göstərən Leyla Yunusovaya. Mən humanistəm. Mən istəmirəm Leyla Yunusova deyə biri həbs olunsun. Bu mənə nə verir? Heç nə. Ancaq Leyla Yunusova kimdir? Amerikanın Demokratiya institutunun buyruğunda çalışan biri. O, millət üçün çalışmır, Amerika üçün çalışır, iqtidarı vurmaq üçün çalışır, millət üçün yox. İqtidarı millət üçün qınamır, Amerika üçün qınayır. Oyundur.
Ona görə bizim dilimizdə, nəfəsimizdə, sevgimizdə doğruluq, doğmalıq, fikir-söz bütövlüyü yaranarsa, bizim etkimiz xalqın içində yeriyəcək. Zaman-zaman yeriyəcək, çox inanıram. İndi də yeriyir. İndi də var. Neyləyək ki, bizim fiziki gücümüz azdır. Ancaq az da o demək deyil ki, biz addımı dala qoymalıyıq. Yox. Bəzən damcı seldən daha çox iş görür. Sel qayanı dağıtmır, torpağı yuyub aparmır. Amma damcı qayanı dağıdır.
Bizim bu işimizin arxasında durmaq üçün bəs qədər imkanımız var. Həm sevgimiz var, həm də yenilməz ideyamız, qeyrətimiz, ləyaqətimiz var. Oyun oynamırıq. Bu böyük məsələdir. Böyük umuddur. Nikbinlikdir bu. Mən bu nikbinliyə dayanıb hər birinizə soydaşlıq, millətdaşlıq sevgisi sunuram.
Müqəddəs Oxuma: “Təməl” Kitabından “İnamın təməli” hissəsi oxundu.
Ocaq Yükümlüsü Ailəyə ruhani hədiyyələri sundu – Ocaq tədbirlərinin görüntü disklərini, Ocaq kitablarını, qəzet buraxılışlarını, Günsıra vizitlərini.
“Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsilə “Ailə Günü” sona yetdi.
Tədbirdən sonra gec də olsa (hava qaralmışdı) mərasimə qatılanlardan bir neçəsi Amal Bağında Ata “Torpağı”nı ziyarət elədilər.
Köçəri Ayı,36-cı il. Atakənd.
(fevral, 2015. Bakı).