Xəbərlər

“Atagün” Ailə Günü

Ocaq Günsırası ilə 21 İşıq Ayı, 41-ci ildə (may, 2019) Atagün Elində “Atagün” Ailə Günü keçirildi. Ailə Günündən öncə Amal Bağı ziyarət olundu. Ocaq Yükümlüsü Soylu Atalı: Atanın ilk üz qoyduğu torpağı yenə də ziyarətdəyik. Ziyarət sözümüzü deməzdən öncə “Günorta Ricamızı” söyləyək.

(Günev Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, “Ataya Günorta Ricası”nı deyir).

??

Soylu Atalı: Bura çağaşırı gələnlərimiz olub, gedənlərimiz olub. Bu gəlişin, gedişin anlamı haqqında zaman-zaman çox söz deyilib. Bu sözü biz özümüzə də deyirik, özümüzdən uzağa da deyirik. Bütün Azərbaycanda, bütün Türk Dünyasında bir qom düşüncə yiyəsi, bir qom millət yiyəsi, İnsanlığın yiyəsi üz tutur Amal Bağına. Üz tutur Beyləqana, bu torpağı ziyarət edir. Üstündən çox illər keçəcək. Bu ziyarətin anlamı bütünlüklə xalqın mənəviyatında, düşüncəsində oturuşacaq. Oturmalıdır, çünkü xalq sıradan çıxa bilməz. Xalq tarix səhnəsindən qırağa dura bilməz. Milyonlarla pul töküb Kəbəni dizin-dizin sürünən insanlarımızın ziyarətindən, axtarışlarından Azərbaycana balaca bir böcək işığı da düşmür. Azərbaycanın mənəviyyatı arılanmır, Azərbaycanın milli şüuru özümləşmir, Azərbaycanın ərdəmliyi yetkinləşmir. Azərbaycanın xalq olaraq, özünə doğru münasibəti, sağlam münasibəti şəkillənmir, formalaşmır. Çünkü hara olursa olsun, sən qutsal torpaq deyə gedib öpərsən. Doğrudan da, əgər öpdüyün yer qutsaldırsa, onun ümumibəşəriliyə özgünlüyü var. Sən haranı öpərsən, haranı sevərsənsə, ora qutsallaşar. Vətən torpağını heç kim öpmür. Vətən torpağını heç kim qibləyə çevirmir. Heç kim qutsallaşdırmır. Vətən torpağının qutsallığını yaratmağa Asif Ata başlayıb, onu biz davam edirik, biz yaradırıq. Bu yaradıcılıq özü min illərə söz deyən bir yaradıcılıqdır, millətin öz bağrından qopan, millətin öz içindən, ruhundan, düşüncəsindən gələn bir axındır, bir aşamadır, onu biz yaşadırıq.

Biz şovinist deyilik, millətçiyik. Biz başqa xalqlara, onların torpaqlarına ögey yanaşmırıq. Ya da aşağılayıcı baxmırıq. Ancaq bizim üz tutduğumuz torpaqların yiyələri bizi əridib. Onların torpaqları bizim üçün qutsal sayıla bilməz. Onlar bizi işğal edib. Onlar bizi əzib. Əzənin ayaq qoyduğu torpağa üz qoymaq olmaz. Sənin mənəviyatını qoruyan, mənəviyatını yaradan oğulların ayaq qoyduğu torpağa üz qoymaq gərəkdir ki, o qutsallaşsın. Sənin oğullarının çəkdiyi cəfa ilə becərilən torpağa üz qoymaq gərəkdir ki, o qutsallaşsın. Sənin varlığını himayə edən, varlığını sabaha daşıyan torpağa üz qoymaq gərəkdir ki o, qutsal olsun. Orada sənin kimliyin yaşasın, qorunsun, var olsun. Bu ziyarətin anlamı odur. Əfəndiyev Qasımın oğlu Asif müəllimə olan bir münasibət məsələsi deyil. Buna fetişizm demək, bütpərəstlik demək ağılsızlıqdır. İnsanlarımız bəsit düşünürlər, balaca düşünürlər, balaca görürlər, balaca yaşayırlar. Qasım müəllimin oğlunu qutsallaşdırırıq, niyə? Uşağıqmı biz, ağlımızmı çatmır, dərrakəmizmi yoxdur? Sıradan bir müəllimə belə münasibətmi olar? İnsanlar bunu anlamır. Anlamırlar ki, bizim qurtuluşumuzun ziyarətidir bu. Milli qurtuluşumuzun formalaşmasıdır. Sənin toplumun min ildir pul töküb sənə qarşı olanları zənginləşdirir, torpağını müqəddəs sayır, buna qarşı yarım söz demirsən. Ancaq sənin vətənini qibləyə çevirənlərin əməlinə fetişizm deyirsən. Bu cür paradoksal yanaşma sənin millət olmağının yolunu kəsir, bunu anla. Biz deyirik: milli qurtuluşun üçün ideya yaradan, ölçü yaradan, canını qoyan, varlığını qoyan oğulların səcdəsinə gəlmək gərəkdir. Ziyarətinə durmaq gərəkdir. Onda vətənin vətənə bənzəyəcək. Kişin kişiyə bənzəyəcək. Mənəviyatına qıraqdan Ata uydurublar, mənəviyatıyın atası deyə, səni əzənlərə tapınırsan. Səni qurtarana mənəviyatıyın atası kimi baxmağa isə xəcalət çəkirsən. Utanırsan. Sənin çağdaşındır deyə öz bərabərində görürsən. Min il bundan öncəki qəsbkarı, soyğunçunu isə göylərdə görürsən. Şüur burda çöküb. Bu nöqtədən qırılıb millətin gəlişməsi. Bu nöqtədən qırılıb millətin varoluşu. Zaman-zaman deyirik, deyəcəyik, anladacağıq millət ta kəndisinə dönüncə, kəndisi olunca, biz bunu həyata keçirəcəyik. Bu gün mən yenə Bakıdan Atagün Elinə, Örənqala köyünə üz tutmuşam. Aylar öncə gəlmişdik, ara verdik, Günevin burda olmamasına görə. Ancaq bura bizim əbədi ziyarət yerimizdir. Amal bağı vətən torpağıdır. Əbədi ziyarət yeridir. Bizim carımız budur. Başımızın üstündə dalğalanan bayrağın anlamı budur. Ona görə Atamıın üz qoyduğu vətən torpağını öpürəm. Atamıza səcdə qılıram. Onun ruhu, varlığı qarşısında baş əyirəm.

Atamız Var olsun!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

 

Günev Atalı: Yurdumuzda 8-ci yüzildən üzü bəri dayanmadan, ara vermədən ərəb gəldi məscidini tikdi, yəhudi gəldi sinaqoqunu tikdi, xristianlar gəldi kilsələrini tikdi. Hamısında tolerant dedik özümüzə, ürəyiyumşaqlıq elədik. Bəs o ürəyiyumşaqlıqdan özümüzə niyə eləmədik? Özünə yadlaşmış bir xalqdan bundan artıq heç nə gözləmək olmaz. Yurdumuz, Soylu qardaşımın dediyi kimi, böyük tarixi olayların şahididir. Yadlıqlara uymuş bir millətin özümlüyü ilə üz-üzə qalması onun üçün necə ağır oldu. Necə barışmadı. Ancaq buna Asif Ata dözümlə yanaşdı, ortaya iradə qoydu.

Bu gün böyük bir etnosun özünün ruhsal evi yoxdur. Bütün dünyada yoxdur. Ondan-bundan götürməklə, onun-bunun idrak qırıntısıyla, mənəviyyat tör-töküntüsüylə özünü ayaq üstə saxlamağa çalışır. Əslində saxlaya bilmir. Bütün qurduğu səltənətlər də ona görə uçulub dağılır. Nə onun Çingizxanı, nə onun Əmir Teymuru, nə Atabəyləri millətə bir gün ağlaya bilmədilər.  Çünkü təməl özgəlikdən qurulmuşdu. Uçmalıydı. Bu gün Asif Ata var. Ondan tutmaq gərəkdir. Biz Ondan tutub qabağa gedirik. Hər nəyimiz varsa özümüzdəndi. Bu həyətin içində heç bir yadlığa gərək yoxdur. Özümüzün evlərində yaslarımız olur. Yadlığı tam dışlamışıq. Mollanın nə işi var mənim başımın üzərində. Özümlüyümüzü qururuq. Xalqa bunu deməklə, bunu verməklə addım-addım, hal-hal, vergül-vergül, Ata demişkən, bu xalqın ürəyinin qapısını döyürük, açacaqlar, ayrı yol yoxdur. Bu gün hələ ətalət davam eləsə də, toplum özü ayrılmaq istəyir. Mən hiss edirəm. Bir zaman mənə qarşı, əslində Asif Ata Ocağına qarşı xoşagəlməz halda olan toplum bu gün uğurlu hal sərgiləyir. Ayılır, ayılacaq bu xalq. Atamız Var olsun!

??

Sonra “Atagün” Ailəsinin “Ailə Günü” keçirildi. “Atagün” Ailəsinin yükümlüsü Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün çox şərəfli bir gündür. Gələcəyə söz deyən bir gündür.  Ona görə günümüz qutlu olsun. Ailə yükümlüsü kimi hesabatımı verim. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. Amallaşma, yəni Ata irsinin öyrənilməsi. Təbii, bu 30 il içində oxumaqla, araşdırmaq əhvalımıza hopub, ömrümüzə hopub. Bununla belə, çağaşırı oxuyuram. Son çağda “Özüllər Özülü” Bitiyini oxumuşam. “Əxlaq” kitabını təkrarlamışam.

“Əxlaq Mütləqilik tərzidir – İnsanilikdən yaranan”.

Bu cəmiyyətdə çərçivə içində nə yalan deyirlər, heç biri əxlaqa zidd deyil sanki. Əxlaq – bəlli nə var elə ona özgündür sanki. Ancaq umacaqlı münasibət özü əxlaqsızlıqdır. Asif Atanın təyinləri var. O təyinlərlə əxlaqa münasibətimizi bildiririk.

“Əxlaq Mütləqilik tərzidir – İnsanilikdən yaranan. Həyatdan, Gerçəklikdən, Adamdan üstün. Əxlaq həm də dinə qarşıdır. Məqsədli İnsanilikdir. Ədalət, Həqiqət, özünəxaslıq, Xəlqilik, İdeal əsasında yaşamaq, Zəka əsasında yaşamaq tələbidir. Əxlaq eşq tələbidir – Mütləq və qəti. Vicdan, Təmənnasızlıq, özündənkeçmə, ləyaqət, səadət, hünər, özünüyaratmaq tələbidir. Özünü yaratmasan, İnsani dünya yaratmazsan”.

Qısaca məzmun. Öyrəndiklərim.

“Ailə kitabları”nı oxumuşam, Ocaqçıların düşüncələrindən bəhrələnmişəm. Soylu deyir: İnsan bütün şüurlu həyatını, bütöv bir ömrünü öləri olan bədənə qulluq edir. Ruhu tamamilə unudur. Ruha qulluq gərək. Bədənimiz ruhu gəzdirir. Təbii, bədənsiz ruh da yoxdur. Əgər ruh səviyyəsi aşağı düşürsə, mütləq müxtəlif xəstəliklər insanın həyatına gəlir, dalınca mənəviyyat çöküntüsü gəlir. Mənəviyyat çöküntüsünün arxasınca maddi çöküntülər gəlir. İnsan nə qədər ruha qulluq eləməyib, İnam, İdrak, Mənəviyyat, İradə deyilən ruhun qanadları məhz İnsanın özüdür. Ancaq cismimiz həmin o düşüncəni gəzdirən bədəndir, öləri, keçicidir. Öləri olan bədənə bütün ömrümüzü qulluğa veririk, ancaq ruhu yadımıza da salmırıq. Bu açıdan öyrənirəm. Məsələn, Göylünün bir cümləsini beynimə yazıram. Elə yanmaq ki, kül olmamaq. Yanırsan, işığına yığışırlar. İşıq varsa, gələcəklər. Yanırsa, işıq düşəcək. Ancaq davamlı yanmaq gərək.

Soylu qardaşımın siyasi yöndən düşüncələrini bölüşürəm. Türkiyə ilə bağlı suallar verirlər mənə. Soylunun düşüncələrinə dayanıb cavab verirəm. Ailə Günü kitablarından, baxmayaraq biz onu keçmişik, illər sonra da bəhrələnirəm.

Kamillik səviyyəmlə bağlı, kamillik elə hal deyil çağaşırı bir pillə qalxasan. Kamillikdə bir çalar yüksəlmək üçün illər gərək olur. Bütün bu dediklərimin hamısı əslində kamilliyin nişanələridir. İnsan kamilliyə həmin nişanələrlə yüksəlir. Cəmiyyətdən yüksək olduqca, nisbidən yüksək olduqca, deyirik nisbi xeyir özündə şər imkanı gəzdirir. Nisbi dostluq özündə şər imkanı gəzdirir. Zaman gələndə xeyir şərə çevrilə bilir. Çünkü birdəfəlik onu kökündən çıxarıb qırağa qoymuruq. Nə qədər xeyirdə nisbi münasibət var, mütləq onun içində şərin rişələri durur. Birdəfəlik çıxart, içindən at. Birdəfəlik azad ol. O auradan, o atmosferdən, rişələrdən. Bu açıdan deyim topluma yanaşma məsələsində irəliləyiş var. Çağ olub elə köntöy sözlər işlətmişəm, qeyri-səmimi, bir az da forslu. Qarşımdakını, Ocaqla ölçüdə, aşağı görmüşəm. İstər-istəməz ona sərt davranmışam, sən danışma, müəyyən qədər. Ancaq indi elə şeylər qalmayıb. Səmimiyyət dünyada ən gözəl etkidir. Səmimi yanaşmaq, hətta əks münasibətdə olana belə həssas yanaşmaq. Bu, Asifçiliyin ən önəmli tələblərindən biridir.

Sonra, Ailə Günümüzdə qoyulan qonu ilə bağlı: “ideya insanı olmaq çətindir. İdeya kütləviləşmir, özəllikcə indiki bilgisayar texnologiyaları erasında. Bəs ideyanı necə yaşadıb xalqa vermək olar?”. –  İndi necə ediriksə, elə. Nəyi əyri edirəm, nəyi nisbi edirəm, nəyi yarımçıq edirəm xalqa yanaşmada. Təbii, bu çətindir. Hər an həyat tələbləri əngəl olur. Ancaq insan həyatın keşməkeşlərini bəzən saymır, bəzən yola verir, bəlli qədər, insan getdikcə özündə ideya adamı olmaq, əqidəli olmaq tərbiyə edir. Öncələr istehsalata inam əqidəsi vardı, duyğusallıq vardı, çoxlu düşüncələr vardı, insanın sorunları ilə bağlı. Ancaq hamısı tarixdir. Tarixin arxivinə gömülübdür. Heç bir etkisi olmayıbdır. Bəlli zaman kəsiyində olubdur. Ata deyir, nisbi həqiqət şərdir. Yarımhəqiqətlər adamı həqiqətdən qoyur. Dad yarımçıq əlindən. Yarımçıqlıqlara uyur insan, əsil həqiqət axtarışından qalır. Bir zaman görürük o yarımçıqlar onu elə günə qoyur ki. Heç olmasa getsəydi, həqiqəti tapardı. Həyat insanı həmişə, Bethovenin sözü olmasın, əyməyə çalışır. Həmişə tale insanı aşağı dartır. Atanın da dediyi kimi, xoşbəxt o kəsdir, taleyiylə əlbəyaxa döyüşə qalxır. O döyüş səngiyən günü İnsanilik tənəzzülə başlayır…

Mən hələ heç bir dövrdə 41-ci ildəki kimi uğurlar qazanmamışam. Çünkü hamısında həmişə nəsə bir yarımçıqlıq olubdur. Tutalım birinci ilə nisbətən 5-ci il yaxşı olub, ya başqa cür. Bu il Günəş Ayından indiyə qədər bu çevrədə mənim söhbətlərim, görüşlərim, toplumla münasibətimin necə gözəl alındığı özümü də heyrətə gətiribdir. İnanın, söhbət qurtarandan sonra o qədər məmnun olmuşam ki. Bax, buna görə deyirəm, mən yaşayıram. O an olmayanda həyatım sanki boşa keçir. Nə qədər məişətlə məşğul olmaq olar? Əslində bizim məişətlə məşğul olmağımız Amalla məşğul olmağımız deməkdir. Bədəni hamıdan artıq qoruyuram, Asif Atanın ideyalarının həyata keçməsinə can atıram. Qazancımın böyük çoxluğunu Asif Atanın ideyalarının yeriməsi üçün ünvan yaratmağa, bəlli gedişlərə, bəlli işlərə yönəldirəm. Bu açıdan Ocaqçının bütün həyatı, hətta maddiyyat dalınca qaçanda belə, Ocaq ideyaları dalınca getməkdir.

Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Atagün Elinə gəlmək hər dəfə çox özəl olub. Burada hər dəfə köklənirəm. Çünkü Günev qardaşımın burda ömrü var, eşqi var,  Ocaq əməlləri var, Amal fərəhi var. Bu ay mənim üçün özəl aydır. Mən Asif Ata ilə ilk dəfə bu ayda görüşmüşəm. Bu ay Ocağa gəlişimin 23 ili tamam olur. 17 İşıq Ayında. Asif Ata ilə ilk görüşdən sonar, deyə bilərəm, mənim həyatım dəyişdi. Ancaq mənim həyatımın, Ocaqçı aqibətimin, Amal ömrümün yaranması Atanın ölümündən sonra oldu. Soylunun yol göstərməsi, sayəsində. 23 il böyük bir vaxtdır. 23 ilin özü belə məni böyük əməllərə, sorumluluqlara səsləyir, fərəhlərə səsləyir. Son çağlarda az işlər görməmişəm. Ancaq daha böyük əməllər görməliyəm. Çox fərəhliyəm, çünkü sorumluyam. Atagün Elində fərəhliyəm. Ona görə də Ocağımız var olsun!

Soylu Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Ocaq Ailəçisinin hesabatı ruh hesabatı, əməl hesabatı üstə olur, o da Ocaqçının Amalı öyrənməsindən başlayır. Biz dünyadakıları bilməyə bilərik. Bundan bizə yanlış gəlməz. Ancaq biz Ocağı bilməsək, bundan bizə ayıb gələr. Ona görə biz Ocağı hər an öyrənirik, öyrənməyə borcluyuq. Öyrənirik ki, onu yaşada bilək, onu verə bilək. Amallaşma Asif Atanın müqəddəsatı əsasında baş verir. Yəni Asif Atanın müqəddəsatını araşdırmaqla, öyrənməklə Amalı daha çox bilmək, öyrənmək, daha dərindən dərk eləmək gedişləri edirik. Atanın öz çağında da bu tələblər bizim qarşımızdaydı. Zəif edirik, güclü edirik, deyə bilmərəm. Mən istəyirəm öz adımdan danışım ki, mən güclü edirəm. Atanı çox dərin, əsaslı öyrənirəm. Atanı hər zaman bir özündən öyrənirəm, bir də dünyadakılardan öyrənirəm. Dünyadakıları öyrənməklə Atanı öyrənirəm. Məsələn, bayaq mən Amal bağında sizə dedim. Doğu düşünərlərinin… “Şərq mütəfəkkirlərindən seçmələr” belə bir kitab oxuyuram. Burada, adını çəkdiyim kimi, bir sıra fəlsəfə bilginləri var. Onlardan İbn Ərəbidir, Fərabidir… Bunların hər birinin axtarışı, araşdırması çox özünəxasdır, dərindir, əsaslıdır. İstedadlıdır. Ancaq olduqca mürəkkəbdir. Mən onları oxuyuram, Atanı öyrənirəm. Sizə bir şey xatırladım. Ata görüşlərində bir şey deyirdi, yadınızdadırsa, Ata deyirdi, mən Platonu oxuduqca Füzuliləşdim. Hegeli oxuduqca Nəsimiləşdim. Ata dünyadan nə öyrənibsə, Azərbaycanlaşıb. Atanı, dünyanı öyrənmək meyli, həvəsi onu özümlədirib, özünə döndərib. Oxuduqlarının xəttinə düşüb getməyib. Özünə dönüb. Mən də adını çəkdiklərimin, çəkmədiklərimin hər birindən Atanı öyrənmişəm. Necə öyrənirəm, sizə bir fakt deyim. Məsələn, Ruh haqqında kitabı var İbn Sinanın. Demək olar, hamısında var. Aristotelin ruh haqqında əsəri var. Bunların hər birinin ruha yanaşması var. Onların hər biri insan biologiyasında, insan orqanizmində gedən sürəcləri doğru görə bilirlər, doğru dəyərləndirə bilirlər. Onlar orqanizmin 5 duyğusunun etkilərini doğru bəlirləyə bilirlər. Ruha bağlı mənada doğru bəlirləyə bilirlər. Fizionomik olaraq demirəm. Bunların hər birinin arxasında fərqli-fərqli ruhların olduğunu düşünürlər. Bizim Asif Atamız deyir ki, ruh – İnam, idrak, Mənəviyyat İradə birliyidir. Biz də deyirik, Asif Ata belə deyirsə belədir. Ruh budur. Sadəcə buna dayanıb, Asif Ata ruha belə təyin verib, qiymətəndirib deyə başqa düşünərlərin ruh haqqında mülahizələrini qırağa ata bilmərik. Onların aydınlatmalarına, izahlarına dayanıb düşüncə sərgiləyə bilərik. Onların aydınlatmaları, ruha yanaşmaları ilə fərq nədədir axı?! Onlarmı doğru deyir, Asif Atamı doğru deyir?! – Biz bunu araşdırsaq doğrunu deyə bilərik. Mən görürəm, bunlar hər bir sürəcin arxasında bir ruhun olduğunu düşünürlər. Məsələn, deyir insanda bəsləyici qüvvə var. İnsanda böyümə qüvvəsi var. Böyümə qüvvəsinin özü bir ruhdur. Məsələn, insanda qidalandırıcı qüvvə var. Qida materiyasını demir. Qidalandırıcı qüvvə deyəndə həzm necə olur, proses gedir da. Proses bir qüvvədir. O qüvvəni bir ruh sayır. Onlar bunu izah edəndə doğru izah edirlər, ancaq ona ruh deyəndə biz onu dışlamaq zorunda qalırıq. Niyə dışlayırıq? Təkcə ona görə yox ki, Asif Ata belə demir, ona görə də biz dışlamalıyıq. Yox! Asif Atanın ruh haqqında verdiyi bilgi var, əsaslandırma var. O deyir, ruh insanı bəlirləyir. İnsanı öz mənası üstə yaşadır. Öz mahiyyətinə çatmağa yönləndirir. Yəni ruh bu işi görür. Asif Atada ruh məna xarakteri alır. Bunlarda isə ruhun bir yanı biolojiliyə dayanır… Çox dərin bir məsələdir, incə bir fəlsəfədir. Hindlilərdə mikrocan ideyası var. Mikrocan onlarda ruhdur. Mən bilmirəm bu mikrocandır, ona mikrocanmı demək gərəkdir, o anlayış onların özlərinindir, özləri bilər. Ancaq onun funksional təyinatını doğru saymıram. Buradan mən Atanı öyrənirəm. Buradan gəlib o düşüncəyə çıxıram. Hər bir insanda bir böyümə aşaması var. Körpə uşaq doğulur, bir də iyirmi neçə yaşına qədər böyümə sürəci gedir. Orqanizmdə dəyişikliklər gedir, hüceyrə dəyişilir, artır, çoxalır, neynir. Böyümə prosesi gedir. O aşamadan sonra böyümə dayanır. Orada sadəcə olaraq, bəsləyici qüvvə işə düşür. Qidalandırıcı qüvvə var, bəsləyici qüvvə var, ancaq böyümə qüvvəsi öz estafetini verir başqa qüvvəyə. Mən soruşuram bunu niyə izah edirsən, məsələn, mən Aristoteldən soruşaram bunu niyə izah edirsən. Nə olsun? Aristotelin dalınca şərh verənlər də bunu mənə izah eləmirlər. Oxuyuram kitabı, gözləyirəm bu mənə deyəcək, bunu sənə deməkdə mənim hədəfim var, məqsədim var. Demir. Mən nə gözləyirəm. İnsan bir yerə qədər böyüyür, bunun duyğuları da böyüyür, ağlı da böyüyür. Təkcə bədən böyümür, hüceyrə böyümür. Onun ağlı, düşüncəsi, duyğuları da böyüyür. Bu böyüməkdə olan ağlı, düşüncəni, duyğunu hara yönəldirsən, nəyə yönəldirsən. Nəyə yönəldirsənsə sənin ağlın, düşüncən o şəkli alır, elə formalaşır. Sonra böyümə prosesi dayanandan sonra ağzınla quş tut, sən əməli ideya adamı ola bilmirsən. Duyğuların qarıyır. O cür qarıyır, qocalır. Ola bilmirsən. Bax, Asif Ata ona görə var. Mənəviyyat ölçüsü yaradır. Dəyər ölçüsü yaradır. Xalq olmağın yolları bəlirlənir. İnsan olmağın yolları bəlirlənir. O insan uşaq yaşından cavan yaşına qədər insana verilir. O ölçü tanıdılır. Tanıdılır ki, bu insandan xalq əmələ gəlsin. Bu insandan sürü əmələ gəlməsin. Böyük ideyaların, böyük yolların hədəfi bu olmalıdır. İnsan böyüməkdə olan duyğusunu, düşüncəsini, təfəkkürünü nəyə yönəldir, onunla nə iş görür?! – Çox bacarıqlı biznes yaradır. Dünyanı fəth edəcək pul qazanır. Ağıl işləyir bunda. İnsan hakimiyətin ən yüksək eşalonlarına dartınıb gedir. İlaxır, bizim düşündüyümüz, düşünmədiyimiz fiziki-bioloji həyati zirvələr fəth edir. Ancaq bəşəriyyət insanlıq açısından sıfır nöqtəsindən tərpənmir. Ona görə mən deyirəm ki, sənin ruh haqqında verdiyin bilgi mənə ona görə gərəkdir ki,  mən görüm bu ruh nədir, mən o ruhu özümdə necə yaradım.

Hər bir insanda inam adlanan keyfiyyət var. Ancaq insan hər hansı bir ideyaya, hər hansı bir baxışa inamı özü yaradır. Genel olaraq, insanda inam adlı keyfiyyət var, ancaq dediyim kimi, filan şeyə inamı onun özü yaradır. Filan şeyi ona öyrətmək, vermək gərəkdir ki, o da ona inam yaratsın. Özündə ona inam yaratsın. İnamını yaratsın. Dövlət bundan ötrü düşünüldü, insan məhv olmasın. Həm fiziki məhv olmasın, həm mənəvi məhv olmasın. İnsanın mənəvi varoluşuna ortam yaratmaq üçündür dövlət, yaratmır. İnsanlığa qarşı formalaşır, şəkil alır dövlət. Niyə? Çünkü insan öz mahiyyətinə bərabər yaşamır. Öz mahiyyətinə bərabər yaşamayan insan heyvani qanunlarla yaşadığına görə öz növündən olanları basıb əzir, işğal edir, istismar edir, məhv edir. Ona görə Asif Ata kimi ideya, düşüncə yiyələri ortaya çıxır ki, İnsanlığı qorusunlar, qurtarsınlar. Bəşəri qurtarsınlar. Böyük bir istəkdir bu. Hər bir heyvanda belə özünüqoruma qüvvəsi var. İnsanda da var. Bitkidə də özünüqoruma prosesi var. Heyvan özünü şüursuz etkilərlə qoruyur. İnstinktiv olaraq qoruyur. İnsan özünü mənəvi qanunlarla, şüurlu qoruyur. Ona görə də insandan xalq əmələ gəlir, heyvandan sürü. Heyvan sürüsü üçün deyə bilmirsən ki, öz dölündən olana toxunma, incitmə. Heyvan üçün yalnız öz mövcudluğu əsasdır. İnsan da heyvanat qanunu ilə yaşayanda onun yalnız öz mövcudluğunu yaşaması ortaya çıxır. Öz növündən olanları düşünmür, xalqı düşünmür, başqasını düşünmür… Mənim üçün bayaq dediyim, oxuduqlarımdan öyrənmək istədiyim bunun açarıdır. Bunun açarını vermir mənə. Gözəl, zəngin biliklər verir. Bilikləri  verir, izah edir, ancaq açarı vermir. Açarı ver, mən qurtulmaq istəyirəm. Açarı Asif Ata verir, İnsanlığa İnam dünyabaxışı yaradıb. Özünü qoruma sistemi var, xalqda özünüqoruma qüvvəsi şəxsiyyətlərlə oluşur. Məsələn, insanda özünüqoruma qüvvəsi nədir? Atanın dediyinə görə İnam, İdrak, Mənəviyyat, İradə, yəni Ruh. Özünüqoruma qüvvəsi budur: İnam, İdrak, Mənəviyyat, İradə birliyi. Xalqda özünüqoruma nədir – Şəxsiyyət. Şəxsiyyətlərin varlığı, düşüncəliliyi. Bu şəxsiyyət kimdir. İnsanda dediyim özünü qoruma İnam İdrak, Mənəviyyat, İradə əsasında özünü, insanlığı qoruyanlardan əmələ gəlir xalqın özünüqoruma qüvvəsi. Sürüdən əmələ gəlmir. Sürü psixologiyasında xalqın özünüqoruma qüvvəsi yaşamır. Şəxsiyyətdə yaşayır, İnsanda yaşayır. Ona görə Asif Ata bizə deyir özüylə döyüşün. Özünüzü qurun, özünüzü yaradın. Balacalıqlardan çıxın, heyvanat etkilərindən ayrılın, mahiyyətinizə uyğun yaşayın. İnsanlıq adlı daşıdığınız mənaya can atın. Onda siz xalq yaradacaqsınız. Onda xalq olacaqsınız. Onda bəşər olacaqsınız. Mənim öyrəndiyim, Atanı öyrəndiyim, qıraqdakılardan Atanı öyrəndiyim bu şəkildə davam edir. Yazıram da bunları.

Bir yoldaş vardı, siyasi çevrədə çalışanlardan biri idi. Söhbət edəndə mənə deyir, sizin dedikləriniz gözəldir, hamının dediyi şeydir. Ancaq aktual deyil. Bunlar aktual deyəndə, özləri kimi sosial həyat uğrunda çağırışlar eləməyi, fiziki həyat uğrunda mübarizəni gözə alırlar. Onlar üçün aktual olan budur. Deyirəm yaxşı, onda mən sənə niyə inanım? Deyir niyə inanmırsan? Deyirəm sən mənim dediyimi – İnsanlaşmanı, İnsan kimi öz mahiyyətinə bərabər yaşamanı aktual saymırsan, məni sosial mübarizəyə, həyat uğrunda mübarizəyə çağırısan. Sən mənim kimi mənəviyyatını quran bir insan deyilsən. Onunla uğraşmırsan. Mən nədən bilim sabah sən məni satmayacaqsan. Sabah sən məni qurban verməyəcəksən. Deyir kimə. Deyiərəm hər kəsə. Qıraq dövlətə, öz içindəkinə, nə bilim kimlərə. Qurban verirsən axı.

İndi aktuallıq, bir də potensiallıq məsələsinə toxunmaq istəyirəm. Nə qədər insan öz içində hərəkət yaratmır, öz içində döyüşə, əmələ, hərəkətə dartınmır, onun düşündüyü nə varsa, hamısı potensial olaraq var. İnsan dedikləri ilə üzvi şəkildə birikirsə, yaşayırsa, onun düşüncəsi, ideyasının gözəlliyi potensiallıqdan aktuallığa keçir. Aktuallıq budur. Aktuallıq – sənin kimi küçələrdə bağırmaq deyil. Bunun fəlsəfəsi budur.

Son çağlar Atanın sağlığında olan, ondan sonrakı dönəmi qapsayan böyük bir arxiv sistemi hazırlamışıq. Səs, görüntü, əlyazı… O görüntülərdə, o disklərdə nələr yoxdur. Bizim bu günə qədər, bunu sizə səmimi olaraq deyirəm, bəşəriyyətin ruhaniyyat tarixini öyrəndiyim üçün deyirəm, bəşəriyyətin bu çağa qədər çəkdiyi zəhmətlərin bir neçə misli qədər zəhmətlər var orda. Hünərlər var orda. Tarixi ötən hünərlər var. Gələcək tarixi silkələyən əməllər, hünərlər var. Onu biz sistemləşdirmişik. Nurtəkinin üzü ağ olsun, onları siyahılaşdırmaq, sistemləşdirmək işini layiqincə yerinə yetirir. Mən əlyazıları sistemləşdirdim. Onları aparıb dövlətin arxivinə – Ədəbiyyat fonduna verəcəyik. Gələcəyə getsin.

Ayrı-ayrı bireysəl görüşlərim olur. Ocağı, burada sizlə hesabat verdiyim şəkildə, incəliklərinə qədər deməyə, öyrətməyə çalışıram, deyirəm. Bizim işimiz gözəldir.

O qonu ki var, Ocağı indiki texnologiyalar çağında necə yaşatmalı. Çətindir. Ona görə biz Ocağa özümüzün varislərimizi gətirməli, böyütməliyik. Bu çox çətin alınır. İndiki dönəmdə heç kim ruhaniyyata gəlmək istəmir. Heç kim insanlaşmaq istəmir. Elə bir aşamadayıq. Heç kim yükün altına girmək istəmir. Çünkü insanların şüuru çox əzilib. Bu şüuru böyütmək, qorumaq üçün ən azı biz özümüzün fiziki mövcudluğumuz dönəmində Ocaqçı kimi yaşayıb ölməliyik. Əgər biz Ocaqçı kimi ölsək, bizdən sonra Ocaq yaşadılacaq. Xalqa da gedəcək. Əgər gücümüz sarsılsa, sınsa, həyata gözümüzü Ocaqçı kimi deyil, Ocaqdan yorulmuş, usanmış kimi qapasaq, o zaman Ocaq böyük ehtimalla bəşəriyətin arxiv tarixinə çevrilə bilər. Biz Ocaqçı kimi ölsək, ömrümüz böyük bir örnək kimi bu xalqı çağıracaq. Hələ biz ölmürük, ölməyə də hazırlaşmırıq, ancaq bu çətinlikləri aşmaq, yarmaq üçün deyirəm.

Carda yazılıb: Ata ideyalarını yaşatmaq üçün özünü daim ötməli. Dünyada nə baş verir versin, Ocağın bir çağırışı var, “İnsanlaşın, İnsanlaşdırın”. Biz bu hikmətlə, bu çağırışla, bu hünərlə yaşayırıqsa, öləriksə, Ocağı xalqa vermiş oluruq. Bu gün, yarım min il öncə ideya adamlarını deyirəm, Hürufilərdən etkilənirik, onların mübarizələrindən, həyatından, İnsan sevgisindən etkilənirik. Bu elə-belə məsələ deyil, üstündən yarım min il keçib. Bizim də çağırışımız, bizim də əməlimiz, hünərimiz Hürufilərin zəhmətindən, ərdəmliyindən dala deyil. Ona görə biz bütün gücümüzlə, ləyaqətimizlə, Ocağın bir qurum olaraq, bir ideya olaraq, bir baxış olaraq, sağlam, səmimi, doğruçu yaşamını sağlayıb verməyə çalışırıq.

Sağ olun, var olun. Bugünkü gəlişim də, həmişə olduğu kimi, ömrümdə yeni bir səhifə açır, yeni bir aşama göstərir mənə – daha da ucalara baxmaq. Amaldaşlarımla birlikdə, onları sevə-sevə, öyə-öyə, onlara söykənərək.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Günev Atalı: Son vurğuladığın məsələ ilə bağlı mən kütlə qarşısında söhbətlər eləmişəm. Söz də veriblər. Mən öləndən sonra yönü türk qibləsinə, gündoğana, yad etkilərsiz, sözsüz-söhbətsiz, özümüzəxas torpağa qoymaq. Asif Ata Ocağının öz qaydaları var, ölügötürmə ilə bağlı, misal çəkmişəm Sarı Aşıq öz sevgilisini qara daşdan üstün tutdu. Kişilər oldu o çağda, onun vəsiyyətini yerinə yetirdilər. Mən də toplumumuzdan onu tələb edirəm. Heç olmasa övladlarıma əngəl olmasınlar. Bütün cavanlara, qohumlara dönə-dönə demişəm. Sonevlikdə bacımı göməndə, onların qarşısında çıxış eləmişəm. Əsaslandırmışam da, demişəm məni gündoğana doğru basdırın. Birinci növbədə türkün əzəli qibləsidir, ikincisi Günəşin nə demək olduğunu uşaq da bilir. Qara daşın anlamı nədir? Bütün şüurlu həyatımızı özgələrə doğru yaşadıq. Hətta öləndən sonra. Mən orda dedim, bacımın faciəsidir, öləndən sonra da özgə sədaları altında dəfn edilir. Sonrakı çıxışlarımda artıq bunun gələcək etkisini xırdalamışam. Mən bundan sonra nə yaşayacam, belə yaşamışam, öləndən sona məni yad düşüncəylə dəfn eləmək artıq mənim üstümdən xətt çəkmək demək olar. Çox sorumlu məsələdir. 30 il, 50 il sonra o hərəkət söz deyəcək. O cür dəfn olunmağım. Onu mən hazırlamışam. İnanıram, belə də baş verəcək. Mən o zaman 12-ci ildə Ataya sual verdim, Mən Ocaqçı kimi yaşayıb İslamçı kimi ölmək istəmirəm. Qayda-qanun varmı? Ata da dedi, sənin nə haqqın var öləsən. Neyləmisən ölməkdən danışırsan.

Soylu Atalı: Bizdən asılı olmayan şey bizi kölgələməz. Bizdən asılı olan şeyi biz eləməyəndə bizi kölgələyər.

Günev Atalı: O anlamda bizdən asılıdır ki, indidən mən o çabanı göstərməsəm, qulaqlara doldurmasam, gələcəkdə elə baş verməz. Ancaq hər halda, Elana da imkan verməz heç kimə.

Soylu Atalı: Yenə deyirəm səndən asılı olmayan işə görə səni necə ağırlama gələcəyə, yola ziyan verə bilməz. Səndən asılı olan yanlışlar ziyan verə bilər. Ona görə özünü üzməyə gərək yoxdur.

Sən hələ xalqı ərəb işğalından qurtarmamısan. Əgər ərəb qafalı adamlar da etki göstərib islam qaydasıyla hərəkət etsələr, tabutdan qalxıb ona yumruq vurası deyilsən ki. Bunun sakıncası yox. Biz bunu qayda olaraq yaradıb ortaya qoymuşuq. Xalq üçün bütün quralları, incəlikləri vermişik. Biz burda suçlu deyilik. İşləmişik onları. Qoy bunun sorumluluğunu toplumumuz düşünsün…

 

Günev Atalı “Yol” kitabından “Doğmalarıma” izharını oxudu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.

??
??
??
??
??
??
??

??

 

Şölə Ayı, 41-ci il. Atakənd.

(iyun, 2019. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir