Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Atagün” Ailə Günündəki çıxışlar
Ocaq Günsırası ilə 22 Od Ayı, 39-cu ildə Atagün Elində (Beyləqan) “Atagün” Ailə Günü keçirildi. Ailə Günü quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Çox ciddi, qutsal bir gündür. “Atagün” Ailəsinin növbəti Ailə Günüdür.
(Günev Atalı toplantıya ilk yol qatılan qonaq üçün Ocaq toplantılarının anlamını aydınlaşdırdı-N.A.).
Amallaşmağımla bağlı – Atanın kitablarını oxuyuram. Oxuduqlarımın həm özüm üçün, həm gələcək üçün yığcam məzmununu yazmışam. “Mütləqləşmək – Var olmaq” kitabından “Əxlaq” bölümündıki “Təkmilləşmək” qonusunu oxumuşam. Burada “Özündən keçmək”, “Nəşədən keçmək”, “Düşmənçilikdən keçmək”, “Həyatdan keçmək” (yəni heyvani tələbdən) qonuları ilə bağlı kitabdan özümləşdirdiklərimi yazmışam.
Həyat səviyyəsində özündən keçən təkmilləşir, Mütləqləşmir. Mahiyyətə bərabər olmur. Nisbi kamilləşir. Həyat səviyyəsində, yəni həyatın tələblərinə uyğun, cəmiyyətin tələblərinə uyğun. Ortamın tələblərinə uyğun təkmilləşmişəmsə, kamilləşməkdən söhbət getmir, Mütləqləşməkdən söhbət getmir. Həyat səviyyəsində mənəviyyata, iradəyə, müdrikliyə, kamilliyə yetir. Kiçik mənliyindən ayrılır, ancaq böyük mənliyinə yetmir. Təzahürdən artıq, Mahiyyətdən əskik olur.
Həyat səviyyəsində candan keçən – qorxudan, tərəddüddən tam azad olmur. Vüqar, heyrət, amallaşmaq, vətənləşmək, əbədilik, sonsuzluq, kamillik tam təsdiq olunmur. Çünkü həyatın məntiqi təsdiq olunur. Əsil candan keçən həyatın məntiqini rədd edir. Mütləqin məntiqi mütləq candan keçmək, Mütləqləşmək tələb edir.
Nisbi nəşədən keçən həyatdan tam ayrılmır. Heyvanilik insan həyatından silinmir. Heyvandan fərqlənir, tam insaniləşmir. Hakimlikdən, mey nəşəsindən, varidatdan üstün mənada ayrılır, ancaq onların etkisindən tam xilas ola bilmir. Təkmilləşir, Mütləqləşmir. Tam özünü doğrultmur.
Həyat səviyyəsində düşmənçilikdən keçən özü olmur, özünə çatmır. Düşmənçilik ölmür. Ölüm təhlükəsi, qəddarlıq, əsarət, yağılıq ölmür. Mənəvi dünya çirklənir. İnsan məğlubiyyətdən qurtarmır. Mütləq mənada düşmənçilikdən xilas olmaq Mütləqləşmək tələb edir. Mütləqləşən İnsaniləşir.
Nisbi həyatdan keçən. Nisbi həyatdan keçən keçicidən, ölümlüdən, sonludan, ədalətsizlikdən, hərcayilikdən, həqiqətsizlikdən keçmir. Həyatda qalır. Həyatda qalmaq insandan keçməkdir. Mütləq mənada həyatdan keçmək insanı özünə çatdırır. Mütləqləşən İnsaniləşir.
Həyatdan keçmək nə deməkdir? Yəni həyatı ötmək, həyat tələblərini ötmək. Həyat tələbləri yaşam tələbləridir. Yəni mövcud olmaq üçün insan həyatın bəlli tələblərini yerinə yetirir. Yön Mütləqləşməyə doğrudur. Ancaq insan həyatın tələblərinə lap nisbi anlamda da olsa, əməl edirsə, o, tam Mütləqləşmir, kamilləşmir. Hardasa zirvəyə çatmır. Ancaq yön oradır. Ancaq, təbii, hər adam çatmır. Bəşər həyatında indiyə qədər tək-tək şəxsiyyətlər bəlli anlamda o zirvəyə qalxa biliblər. Həllac Mənsur “Onu o qədər sevdim ki, O oldum” sözü ilə tarixdə qalıb. Onun halı, bir cümləsi nə işlər gördü. Ondan sonra böyük Hürufilər yarandı. Nəimilər, Nəsimilər, “Cavidannamə” meydana gəldi. “Mənsuriyyyə” muğamı yarandı. Bu cür işləri olduğu kimi qiymətləndrmək gərəkdir.
Soylu Atalı: Mən burada gərəkən bir aydınlaşdırma gətirmək istiyərdim. Həyat tələbləri nədir? Həyat tələbləri mövcudolmanı şərtləndirirsə, biz ondan necə imtina edə bilərik?! Bu deyiliş Buddanın “Nirvana” ideyasındakı qapalılığa bənzəyir – “öl ki, kamil olasan”. Asif Atada həyatla bağlı çox aydın düşüncə vardır. Bir var mövcud olmaq üçün çabalar göstərəsən. Deyək, yeməlisən, içməlisən, geyməlisən… Bunun üçün zəhmət çəkməlisən, zəhmətə vaxt ayırmalısan, əsəb xərcləməlisən. Kamilləşmək bunlardan əl çəkmək anlamına gəlmir. Bir də var, adamda bioloji instinktlər, duyğular olur. Məsələn, hakimiyyətsevərlik. Bu duyğu tələb edir ki, məni təsdiq elə, istəyirsən ayaqla, tapdala, talançılıq elə, nə edirsən et, məni təsdiq elə. Şəhvətsevərlik duyğusu deyir, harda cinsiyyət var, orda ol, tükənməz vəhşi həzzlər ortamı yarat – məni təsdiq elə b.k. Bütün bunlar bioloji həyatın tələbləridir ki, bunların ödənməsi insanı kamillikdən geri qoyur…
Günev Atalı: Kamilləşməmdə desəm böyük aşama keçdim, deyil. Bəlli məqamlarda bəlli düşüncələr mənə elə çatır ki. Bayaq Soylu Atalının söhbətinə qulaq asıram. Orda açılan məsələrdən elə yüksək hala düşdüm, çox məsələlərə yetdim.
Xalqlaşma işlərim də olur – fərdi söhbətlər edirəm. Keçən ay idarədə bir adamla söhbətləşdim. Ata haqqında üzdən bilgisi vardı. Ata haqqında, Ocaq haqqında danışdım. İşi olsa da ayrılmaq istəmirdi, soruları vardı. Yaxşı söhbət alındı. Arada belə söhbətlərim olur. Kütləvi söhbətim olmayıb.
Ailə Günü qonusu – “Sıxıntıların, basqıların, gərginliklərin Ocaq halına qarşı ayaqlaşması nədən soraq verir?!”
Biz adamlarla söhbət edirik. Başqa duyğuların etkisi altında deyil, maraq duyğusu ilə qulaq asırlar. Həqiqətlə üz-üzə qalanda, öz içinə çevirəndə özünün hansı dərinlikdə, hansı çökəklikdə olduğunu çox yaxşı bilir. İçindəki eybəcərlikləri yaxşı görür. Görəndə dəhşətə gəlir. İstər-istəməz, sənin ağzına vurmaq, dilini kəsmək istəyir. Sən sus, sən danışma, çünkü özünün harda olduğunu görür. Görür içində hansı eybəcərliklər gəzdirir. Baxmayaraq, özü də müqəddəslikdən, insanlıqdan danışmağa çalışır. Ancaq görür, insanlığın ölçüsü bizim dediyimizdir. Atanın çəkdiyi haraylar, yörədə varmı, yoxdur. Onda həqiqəti dinədikcə sarsılır, içinin eybəcərliyini görməmək üçün istəyir sənin səsini kəssin. Bu açıdan inamsızlıq da göstərirlər, heç nəyin xeyri yoxdur, bəzən də deyirlər, sizi təhlükə gözləyir.
Heç nəyin xeyri yoxdursa, bizi niyə təhlükə gözləyir?! Əgər bu millətin xeyrinə 5 kəlmə söz işlətmirsənsə, səni niyə təhlükə gözləyir?!
Qonşu kəndin bələdiyyəsi ilə görüşdüm. Məndən soruşur ki, siz maliyyələşirsinizmi? Mən deyirəm, ingilis mənim cibimi doldurar ki, mən nəsə millətin xeyrinə iş görüm?! Bu xalqın xeyrinə iş görmək üçün ingilis mənə pul verərmi?! Bəs vətənçilik, millətçlik harda qaldı?! Deyirəm, əgər mən qıraqdan mailiyyələşirəmsə, deməli, bu millətin əleyhinə çalışıram. Hər şey tanımaqdan başlayır, məni öyrən, onda hər şeyi biləcəksən.
Ona “İnamlı illəriminn harayı” kitabımı verdim. Oxuyandan sonra deyir, bağışla, üzr istəyirəm, sizin haqqınızda mənə fərqli düşüncələr deyiblər.
Dedim mən istəmirəm, sən öz kimliyinə qarşı inamsız olasan. Sənin yurdundan bir ər ortaya çıxıb. İnsanlığın qurtuluş yolunu yaradıb. Bütün dərdlərin əlacı insanlıqdadır. Dünyadakı savaşların, qan-qadanın əlacı insanlıqdadır.
Xalqlaşma işimdə yetərincə irəliləyiş var.
Qonu üstə – “Ailə törənləri içimizin ruhani nizamıdır” – qonağımızla da söhbət elədik, nədir bu ailəmiz, toplantı, törənlərimiz. Gördüyümüz işlər, düşüncələr. Əhvalımızın ayaqda qalması – mübarizənin, inamın əhvala yetməsidir. Soylu Atalı ilə təmasda oluram, əhvalım yüksəlir. Soyludan aralanıram, 1 ay, 20 gün, görürəm əhvalım başqa işlərə meyil edir. Düzdü, barama saxladım, İnam Evinin (Məbədin) bir qapısının xərcini çıxardım. Sayğılar artıb Asif Atanın Ocağına yönəldikcə insalarla xalqlaşma yaranır. İnam yaranır. Tutalım, mən bələdiyyə başqanlığına adaylığımı versəm, hamı mənə səs verər. Biranlamlı şəkildə deyəcəklər ona inanırıq. Əks düşüncəli adamlarda belə bu inamı qazanmaq Asif Ata Ocağının həqiqi qiymətini xalqa çatdırmaqdır. Tək bir adamın bilməsi yetər ki, öz işini görsün.
Zaman-zaman səfərlərimiz olur. Adamlarla söhbətləşirik, ədəbiyyat veririk. Asif Atanın sorağını yetiririk. Asif Atanın qurtulıuş yolunu, dünyabaxış sistemini çatdırırıq. Asif Ata insanları insanlığa çağırır. İnsanlar o qədər bunun həsrətindədirlər ki. Ən nadanı belə insanlıq, müqəddəslik həsrətindədir. Ancaq onun ağlından, idrakından, mənəviyyatından pazı çıxarmaq gərəkdir. İnsanı cəfəngiyyatdan azad elə, insan həqiqətə təşnədir, gələcək.
Bəşəriyyət yıxılıb, əyilib, qırılıb. Bəşəriyyət özünə gün ağlamağa çalışır. Mən axtardım, axtardım, gördüm əlac bu kişidədir. Mən yol, düşüncə yaratmamışam, mən sadəcə qurtuluş yolundan yapışmışam, onu mey kimi başıma çəkmişəm. Ömrümü onun ömrünə bənzətmişəm. İstəyirəm bütün yaşamım, günüm, ömrüm bu yöndə getsin. Onda mən bilərəm ki, çevrədəkilərə söz deyirəm. Bir daşı bir daşın üstünə qoyan var.
Ağcabədidən gəlib biri, peyğəmbər türbəsi deyilən yer var, orda məscid tikir. Bəlkə milyonlarla xərc çəkib. Bir saqqallı da oturdub orda. Hərdən kimsə gəlir, bəlkə nəzir verir. Bundan başqa heç bir iş görmür. Bununla bu xalqı qurtara bilərsənmi?
Qonu üstə – “Ocaq – ölkənin indiki durumunun aydınlaşmasında rol oynaya bilərmi?”
Deyirik, bütün sorunların arxasında insani məsələlər durur. İnsanlığa gedən yol da budur. Özüylədöyüş olmayan yerdə insanlıq yoxdur. Nisbilikdən azad olmayan yerdə İnsanlıq yoxdur. Özünə yadlıqdan azad olmayan yerdə yol yoxdur, insan yoxdur.
Atamız Var olsun!
Soylu Atalı (Ataya səcdə edərək bayrağı öpür – N.A.): Bu gün Azərbaycan toplumu Asif Atanın adını ciddi izləyir, eşidir. Asif Ataya biz filosof desək, böyük şəxsiyyət desək, heç kim nə ağzını əyəcək, nə də qıcıqlanacaq. Ancaq biz Asif Ataya peyğəmbər deyən kimi çox adam qıcıqlanır. Niyə qıcıqlanırsan? Niyə istəmirsən, mən Asif Ata adında bir Azərbaycan türk ərinə səcdə qılım? Niyə ərəbin düşüncəsinə səcdə qılmalıyam? Sənin bağlı olduğun dünyagörüş məni geriyə çəkir. Sən də deyirsən ona səcdə qıl. Mən ona səcdə qıldıqca irəli getmirəm. Mən qabağa getmək istəyirəm. Qabağa getmək üçün mənim əlimdən tutub göylərə qaldırana səcdə qılaram. Səcdədə mən böyüyürəm, artıram. Sənə səcdə edirəm, sən məni kiçildirsən. Mənim toplumum Məhəmmədə səcdə qılır. Azərbaycanda milyonlarla insan Məhəmmədə səcdə qılır, ancaq Azərbaycan qurulmur, yaranmır. Milyonlarla insanın bircəciyinin ağlında, düşüncəsində insan qutsallığı formalaşmır. İnsan gözəlliyi aydınlaşmır. Ona görə, zaman-zaman mən bunları Ailə Günlərində vurğu eləmişəm, çox şeylər dəyişməlidir. İnsanın çox şeylərə münasibəti dəyişməlidir. Eləcə də, insanın səcdə obyekti dəyişməlidir. Səcdə obyekti həqiqiətləşməlidir. Mən də o açıdan çıxış edirəm.
Bir neçə kəlmə Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən söz deyim. Keçən Ailə Günündən bu yana bir neçə ədəbiyyat oxumuşam. Mənim Asif Atanın Amalını, ideyalarını öyrənməyim sizə bəllidir. Mən Asif Atanın 7 kitabına ön söz yazmışam. Bu ön söz, elə-belə, ədəbiyyat kitablarına yazılan ön söz deyil. Asif Atanın dünyagörüşü nədir, necədir, kimdir Asif Ata, o açıdan söz demişəm, onu açmışam. Onları sistemləşdirib bir kitab halına gətirmək istəyirəm. Üç Amaldaşımın kitablarına ön söz yazmışam. Heç biri sıradan ön söz deyil. Hər biri sunuşdur. Onların üzdəki bioqrafiyasından danışmıram, onlar nə istəyirlər, hansı əməllərin peşindədirlər?! Günevin kitabında onun getdiyi yolun anlamına yönəlik söz deyirəm. Mənim üçün Günev monoqrafiyalar müəllifi deyil ki, deyim filan qədər monoqrafiyası var. Günev mənim üçün şeiriyyət kitabı ortaya gətirməyib, deyəm bunun filan qədər şeiri var. Günev bədii ədəbiyyatın, ya da mədəniyyətin, incəsənətin hər hansı bir nümayəndəsi deyil. Günev türkdən başlayan, bəşəriyyətə uzanan yeni bir dünyabaxışın harayçısıdır. Onu sunmaq minlərlə monoqrafiyası olan ədəbiyyatçını sunmaqdan qat-qat çətindir. Çətinlik nədədir? Ədəbiyyatda hamıya bəlli olan, senzuralar qabağını kəsməyən bədii yön, bədii düşüncələr var. Hər kəs standartlardan danışır. Ancaq durub deyəsən, bu adam, indiki çağda sənin tapındığın dünyabaxışları rədd edir. Sənin sosial, ictimai həyatını nizamlayan doktrinaları rədd edir. Sən gəl bunu de, o da qəbul eləsin, görüm necə qəbul edir. Necə qəbul eləsin, ağlına sığmır. Ağlın gücü çatmır, dəli olur. Bütün məsələ odur. Ona görə də mən Asif Atanın kitablarına ön söz yazanda onun kim olduğunu, nə işlə uğraşdığını açıram. O kitaba yazdığım ön sözlə böyük bir axına sinə gərirəm, dirəniş göstrrəm.
Mən dünya çapında ədəbiyyatları oxuyuram. Oxusevərəm. Çox ciddi oxuyuram. Onların da açısından həyata baxışımı aydınlaşdırıram. Atayla tutuşdururam. Yenə də Asif Atanın təsdiqinə gəlib dayanıram. Bu gün o boyda Türkiyədə milli insanların mənəvi, ideoloji tapınaqları, tapındıqları Nihal Atsızdır. Mən Nihal Atsızın 4 kitabını oxumuşam, onunla bağlı münasibətlərimi yazacam. N.Atsız millətsevərdir. O, romançıdır, bu romanlarında türk milli kimliyinə işarə verir. Türkün keçmiş gələnəklərinə, ictimai həyatdakı insanların bir-birinə, ailəyə, topluma münasibətinə, qurduğu dövlətə münasibətinə, halallığa yönəlik düşüncə sərgiləyir, gözəl. Ancaq bu bir romandır. Romanla mənim həyatımı qurtuluşa bağlaya bilməzsən. Qurtuluşa bağlamaq ayrı şeydir. Türkiyəli soydaşlarıma, qardaşlarıma aydınlaşdırmağa çalışıram. Bizdə inkar axtarmayın. Mən N.Atsızı inkar eləmirəm, vurmuram. Hesab eləmə ki, mən Asif Atanı böyük göstərmək üçün N.Atsızı vuracam. Elə bir məqsədim, hədəfim yoxdur. Asif Atanı mən olduğu mərtəbədə göstərməyə çalışıram. Özü kimi göstərməyə çalışıram. Filankəslərlə tutuşdurmaqla yox.
Bibliyanı yenidən oxudum, onun haqqında ciddi bir əsər yazdım. Bəzi adamlar düşünr, Soylu niyə bu qonularda yazır. Adamlar belə kitabları axıra qədər oxuyub başa çıxa bilmir. Bəsitlikdən, nədən yorulur. Onun içinə girə bilmir, mənasını tuta bilmir. Çünkü hamısı başdan-ayağa alleqoriyalardır. Adamlar konkret elmlərə üz tutduqlarına görə bunlara sıradan baxırlar. Mən elə baxmıram. Niyə baxmıram? Elm gözümüzün qabağında ən yüksək zirvələri fəth elədi. Elm bu qədər gəlişdi, ancaq toplumsal həyat dəyişmədi. İnsanlıq öz orbitində gözəlləşmədi. Elmi gəlişmələr təkan vermir – niyə? Çünkü hara gedirsən get, hansı elmin yaxasından tutursan tut, Bibliyalar sənin üçün əngəl ortamıdır. Bibliyalar sənin üçün qurtuluş olmalıydı, ola bilmədi. Ancaq bəşəriyyətin gəlişməsin ruhaniyyat gərəkdir. Oyuna çevrilmiş ruhaniyyat yox, alleqoriyalarla zənginləşən dünyabaxışlarla yox, insanlığın qanunlarına dayanan ruhaniyyat gərəkdir. Onu xalqa çatdırmaq üçün, onu vermək üçün sən bibliyaları bilməlisən, öyrənməlisən. Onların yanlışlarını qırağa qoymalısan. Yaşamında əyilirsən, çünkü əyrin ordan gəlir. Durub elmdə qurtuluş axtarırsan. Elm yaxşı şeydir, elmdə qurtuluş axtarma, sən bu əyriləri rədd eləməkdə axtar qurtuluşu. Səni Bibliya əyib, səni Tövrat, İncil, Quran… əyib.
Əsərimdə Bibliyaya yanaşdığım bu motivdur. Tanrısal sistem əyilib. O düzəlməlidir. Nəylə düzəlməlidir – filan şeylə. Onu ortaya qoyuruq.
İkinci, Kamilləşmə ideyası. Kamilləşmə ideyası çox böyük, zəngin ideyadır, həm də çox çətin ideyadır. Həmişə adam bəlli şeylər haqqında düşünəndə, yaxşı işlər görmək üçün addım atanda içəridən o qədər dolğunlaşır, fərəhlənir ki. O anda baxırsan, için o qədər arı, durudur ki, deyirsən mənim içimdən duru yoxdur. Ancaq insan ömrü nə qədər mürəkkəbdir. Ancaq o işlərdən balaca ayrılırsan, içində görürsən, qüsurlu duyğular tərpənr. Olduqca çətin məsələdir. Hətta ruhaniyyat xəttində ciddi addım atmayanda belə, gərək sanın, sanbalın diqqətindən, ağlından, düşüncəndən qıraqda olmaya. Sanın, sanbalın ağlının ixtiyarında ola. Olsa, sənin içinin gözəlliyi durulur.
Kamillik məsələsinə çox fərqli baxırlar. Bəzən kamilliyi çox mücərrəd götürürlər. Çox əlçatmaz sayırlar. Bəzən kamilliyi başqa şeylərlə tutuşdururlar. Asif Ata kamillik haqında çox aydın təyinat verir. Bu yaxınlarda biriylə söhbət edirəm. Mənasız, boş adm idi. Boşboğaz idi. O deyir, filankəs Quranı təfsir edir. Quranı təfsir etməkdən ötrü 32 elmi mükəmməl bilməlisən. Mən dedim, səninlə mənim söhbətim qurtardı, sən öz fikrində qal, mən öz fikrimdə qalım. Başqası məndən soruşur, niyə söhbət etmədin? Dedim, bu adam nə danışdığını özü qanmır. Bu adama söz girmir, girməyəcək. Niyə mənasız söhbətlə uğraşım? 32 elmi mükəmməl bilmək nə deməkdir? 32 elmi mükəmməl bilmək üçün hər birinə 32 il ömür gərəkdir. Necə 32 elmi mükəmməl bilirsən? Nə cəfəng-cəfəng danışrısan? 32 elmi bir ömürə sığışdırmaq olar? Kamillik 30-40 elmi mükəmməl bilmək deyil.
Asif Atada kamillik odur ki, birinci, inanıram, dünya mənaca əzəlidir, əbədidir, kamildir, sonsuzsdur. Dünya əzəlidir, yəni bunun bənnası yoxdur. Dünya daim yenilənir, ancaq hansısa bir sıfır nöqtəsindən başlamayıb. Yəni yoxluqdan varlıq yaranmayıb. Dünya mənaca əzəlidir. Dünyadakılar dəyişilir. Məhv olan məhv olur, yeni yaranan yaranır, ancaq dünyanın başlanğıcı yoxdur. Sıfırdan, yox yerdən yaranmayıb. Əbədidir, yəni yox olan deyil. Bu boyda kainat yox olan deyil. Mütləq yoxluq anlayışı yoxdur. Mən bunu sübut edirəm Asif Atanın “İnam Fəlsəfəsi” kitabının ön sözündə. Mütləq yoxluq adlı anlayış yoxdur. Dünya, kainat yox olan deyil. Mən istəmirəm tədbirdə elmi söhbət açım. Dünyanın mənası, ölçü, nizam, harmoniya kamildir. Düyanın, dünyadakıların canlı, cansız yaşamı, nizamı kamil deyil. İnsan bunların içindən çıxır. İnsan kamilləşə bilər. İnsan ağacdan, daşdan, heyvandan, qoyundan fərqli olaraq kamilləşə bilər. Çünkü insanda ruh deyə bir şey var. O ruh ki – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. İnanıram ki, dünyanın Mənası əzəlidir, əbədidir, kamildir, sonsuzdur.
İkinci, dərk edirəm ki, dünyanın mənası dünyadan artıqdır, insan insanlıq adlı dünyalığa xas olan mənanın daşıyıcısıdır. İnsan dünyaya ona görə gəlir ki, özündə daşıdğı insanlıq mahiyyətinə bərabər yaşasın. Bunu anlayıram, dərk etməyə yetirəm.
(Üçüncü) Çünkü mənəviyyatımı tüfeyli duyğulardan, tüfeyli düşüncələrdən təmizləyirəm. Vicdanım bütövləşir, hər şeyə vicdan əsasında yanaşıram, vicdanın gözüylə baxıram. Ədaləti, azadlığı, həqiqəti içimdə, ömrümdə qururam, ictimai həyata, insani münasibətlərə onunla baxıram. Mənəviyyatımı bütövləşdirirəm. Mənəviyyatımda qüsurun, şərin olmasına imkan vermirəm. Bunun üçün şəri, qüsuru tanıyıram. Ömrümdən silirəm, bunun üçün xeyiri tanıyıram, ömrümdə becərirəm.
Dördüncü, bunların hər birini ömrümdə elə təsdiq edirəm ki, gerçəklik, həyat, qonum-qonşu, zaman, mühit, əyri-üyrü mənə etki göstərə bilmir. Mənim içimdə əyri yarada bilmir. İçimi əymir, əyə bilmir. Özünü təsdiq baş verir. Proses budur, kamillik budur. Ayrı cür kamilik yoxdur. Mən 32 elm bilməliyəm, bu cəfəngiyatdır, kamillik deyil. Mən mənə gərək olanları bilirəm.
Kamillik əslində insani özünütəsdiqdir. Mən bunu düşündükcə, bununla dolduqca özümü təsdiq edirəm.
Xalqlaşma ilə bağlı deyim. Xalqlaşma işim çox davamlıdır. Mətbuat, internet, canlı görüşlər araçılığıyla çoxsaylı ünsiyyətlərim olur. Əlimdən gələni edirəm, Atanı verməyə çalışıram. Harayımın canı birdir. Biz Azərbaycanda yeni inam yaradırıq. Biz Azərbaycanda peyğəmbər olayı yaradırıq. Yalansız inam, bəşəriyyəti aldatmayan inamın yaradıcısı, Atası.
Yaxın günlərdə Borçalıda oldum. Saatlarla yuxusuz, yorğun olmağıma baxmayaraq, söhbətlər aparmışam. Çünkü çox böyük zərurət, maraq yarandı. Atamın əmisi oğlunun yas yerində saatlarla uğurlu söhbətlər apardım. Qardaşımın bacanağının evinə getmişdik, orada yığışmışdılar. Onlarla ciddi söhbətlərimiz alındı. Bu söhbət, o söhbət, tamam söhbət çulğaşdı. 3 gün orda oldum. Demək olar, dayanmadım. Burda da veriliş hazırladıq, bireysəl görüşlərim oldu. Ən çox evimdə qəbul eləmişəm. Şəhərdə söhbətlərim olub. Atanın dediyi kimi, fərd-fərd, ağac-ağac, bəzən də kütləvi. Xalqın içərisinə yeriyirik, sözümüzü deyirik. Qulağı olan eşidir, gözü olan görür, ağlı olan düşünür. Hesab edirəm ki, getdikcə artır.
“Ailə törənləri içimizin ruhani nizamıdır” qonusu üstə. Böyük nizamdır. İnsanlar iş görmür, danışır. Baxın, bəzən internetdə hamı danışır, ancaq heç nə danışmır. Aləmi danqıltı bürüyüb artıq. Bəzən adamlar özünü ifadə edir. Toplum səviyyəsində özünü ifadə edir. Deyir milli mübarizə aparır. Milli mübarizə deyil. Biri balaca bir şeir yazır. Şeirin başı-ayağı bilinmir. Bədii xüsusiyyətləri qətiyyən görmək olmur. Şeirdə heç bir assosiasiya tapmaq olmur. Şeirdə heç bir dərin anlamlı obraz tapa bilmirsən. Yön tapa bilmirsən. Bədii güc yoxdur. Ədəbi tənqid nöqteyi nəzərdən yanaşsan, ümumiyyətlə, zibil qutusuna tullanasıdır. Gəl ki, meydana onlar düşüb. Guya mübarizə aparırlar. Əslində özünü dərk eləməyən insan, özünü yaratmayan insan belə balaca səviyyədə özünü aldatmalarla uğraşır. Guya iş görür, milli mübarizə aparır. Bəzən isə ayrı-ayrı adamlar mübarizə apara bilməyəndə lağlağıya keçir. Başqalarına daş atır, o da pis. Bu da heç, o da heç. Yaxşı, pis pisdir, neyləyək bəs? Dünya başqdan-ayağa pisdir. Şəxsiyyət yoxdur, hər şey murdardır. Vətənim çöküb, neyləyim? Bircə çiçək saxlamırsan ki, ətrini duyum. Hər şey pisdir, hanı sənin yaxşın? Hanı sənin yaratdığın yaxşı? Hanı sənin uğrunda mübarizə apardığın yaxşı? Qoy ortaya, yoxdur. Ona görə sağlam mübarizə aparmaq ciddi məsələdir. İllərlə zəhmət çəkmək gərəkdir. İllərlə əsilliyin şəklini çəkib göstərmək gərəkdir. Sənin dediyin əsil deyil. İzah eləmək, aydınlaşdırmaq gərək olacaq. Əsil o deyil, özünü aldatma, papağı günə yandırma. Mübarizə ayrı şeydir. Ona görə Asif Atanın işinin, sözünün içinə ciddi girmək gərəkdir. Əsilliyi tanımaq gərəkdir. Əsilliyi tanımadan mübarizə-filan alınan deyil. Ailə Günü budur, özünü tanımadır. Özünü aldatmırsan, səmimiyyətlə hesabat verirsən. Özünü tanıyırsan, kimliyini ortaya qoyursan. Özüylədöyüş hesabatı verirsən. Balacalığını, qüsurunu, nəyin var ortaya qoyursan. Səmimiyyət əsasında şəxsiyyət yaradırsan, mübarizə aparırsan. İçində, xalqın yolunda, toplumun yolunda, gələcək uğrunda mübarizə aparmaq üçün şəxsiyyət yaradırsan. Ailə Günü odur. 3 adam bir araya gəlir o işi görür. On adam bir araya gəlir yenə o işi görür. Gələn həftənin axırı da o biri Ailələrin Ailə Günü olacaq.
“Sıxıntıların, basqıların, gərginliklərin Ocaq halına qarşı ayaqlaşması nədən soraq verir?!” qonusu üstə. Bunu dedim. İnsanlar mübarizə apara bilmir, əsil mübarizə, əsil söz görəndə başlayır daşlamağa. Çünkü vaxtı keçib, tükənibdir. O, yenidən yetkinləşən, kamilləşən deyil. Yenidən o, duyğularını böyüdən deyil. Duyğuları soğulub, quruyub, qurtarıb. Duyğular qarıyıb, qocalıb. Ruhu qalmayıb. Ona görə əsilliyin özü ilə, sorağı ilə qarşılaşanda sarsılır, çaşır. Ona görə əsilliyə qarşı başlayır ağız əyməyə. Deyir, filan şey də olmalıdır. Bir az da filan şey olsun. Qatıb-qarışdırır hər şeyi. Həmişə dediyim kimi, bir vedrə saf suya 50 qram miz qatmısan, içə bilmirəm. Zibildir. Sən de deyirsən, belə olmalıdır. Necə belə olmalıdır, içirəm, mənəviyyatımdan üfunət iyi gəlir axı.
“Ocaq – ölkənin indiki durumunun aydınlaşmasında rol oynaya bilərmi?” – Bilməz. Ölkəmiz elə mürəkkəb duruma düşüb ki, Ocağın 5-10 adamı onu yoluna qoya bilməz. Nə də konkret strategiya ortaya qoya bilməz. Çünkü bu strategiya özündə bu günü ayaqlandıra biləcək taktika daşımır. Ona görə bugünkü çabalar, nə yazıqlar, bizdən asılı deyil. Asif Atanın “Uluyurd Hərəkatı” ideyası siyasi hərəkat kimi düşünülüb, ancaq ölkənin siyasi durumuna etki göstərə biləcək havada deyil. Gücdə demirəm, havada deyil. Ortam ona uyğun deyil.
İkinci cəhət odur ki, açıq boynumuza almalıyıq, Ocaqçılarımız nə qədər arı-duru, saf olaslar da, hələ dünyanı silkələyə biləcək, yaxşı anlamda, çaşdıra biləcək idraki səviyyədə deyillər. Yenə deyirəm, Ocaqçılarımız hədsiz dərəcədə safdır, onların heç birini satın ala bilməzsən, heç birini xəyanətdə suçlaya bilməzsən. Ancaq gedişi silkələyə biləcək, titrədə biləcək nəhəng idraklar yoxdur.
Ocağın ideyaları o qədər zəngin, o qədər uzaq məsafəlidir, o qədər sanballı, çəkilidr ki, bunun qarşısında bizim nəyisə bilməməyə, nəyisə uydurmağa haqqımız yoxdur. Başqasını demirəm, özümüzü niyə aldadaq. Ocaq gələcəkli bir ideyadır. Ocaq özül prinsiplərdir. Bu cəhətdən mən deyiəm.
Bəs etki olmaldırmı? Deyilsə, biz ağlaşma qura bilmərik ki, niyə deyil. Biz öz işimizi necə görürük, ondan da artıq davam edib görməliyik. Ancaq olmalıdırmı? Olmalıdır. Niyə olmalıdır? Atanın bir sözü vardı: Təəsüf ki, filan şeyi də biz eləməli oluruq. Təəsüf ki, filan şeyi də biz deməli oluruq. Asif Atanın verdiyi təfəkkür, ideya o qədər zəngindir, ona həryönlü yetib içəridə ruhsal enerjini o həddə çatdırmaq gərəkdir ki, biz qarşımızda duran məsələlərin hamısını silkələməyə qadir olmalıyıq. Deyiliksə, göz yaşı töküb fəlakət düzəltməli də deyilik. Ancaq dediyim kimi olmalıyıq. Ocaq ona görə var ki, millətin içindən oğulların idrakını böyütsün, böyük təfəkkür yiyələri yaratsın, ondan milli qüvvə formalaşsın. Neçə ilə formalaşacaq, o bizdən asılı deyil. Bununla sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Əkbər bəy: O zamanlarda Asif Atanın televiziyada çıxşını izləmişdim. Çox böyük etki göstərdi. İstədim, o insanla görüşəm. Mənə doğma olan düşüncələrdən danışırdı. Sinif yoldaşımla Bakıya getdik. Bakıda Asif Atanın görüşlərində dəfələrlə iştirak etdik. Asif Atanın bir neçə Azərbaycan qəzetlərində yazıları çıxardı.
Soylu Atalı ilə sosial şəbəkədə tanış olduq. Bugünkü tədbir mənə tam başqa cür etki göstərdi. İnsanlığın yaranması, Kamillik. İnsan nə cür kamilləşə bilər? Dünyada daim xeyirlə şər savaşda olub. Burda məsələ də xeyirlə şərin savaşından gedir. Şəri insan, ilk olaraq, içində axtarmalıdır. İçində onunla vuruşmalıdır. Şər insanda heyvani, nəfsani hisslərdən yaranıb cinayətlərə yol verir. İnsan öz-özündən qaçır, öz-özündən qorxur. Sizin kimi haqdan, ədalətdən danışanda deyir susdurun onu, çünkü ona əzab-əziyyət verir. Bu gün insan öz-özündən qaçır. Çox çətin bir məsələdir. Yatmış insanın başına soyuq su tökmək kimidir. Din millətimizin gəlişməsini dayandırır, hər cəhətdən dayandırır. Bu cür gediş məhv olmağa aparır. Açıq şəkildə mənəviyyat çöküb. Biz bir-birimizə dəstək verməliyik. Milli fəlakətimizi görməliyik. Bugünkü təəssüratım çox yüksəkdir. Düşünürəm nə yaxşı sizin kimi insanlar var. Ona görə də dinləmək çətindir. Çünkü insanın içində yol verdiyi ağrılar üzə çıxır. İnsan gərək özünü tanıya, anlaya ki, mən nəyə doğru gəlmişəm. Aldanmışam. Həyat var-dövlətdən və s.-dən ibarət deyil. Xoşbəxtlik tamam başqa bir şeydir. İnsan dünyada yaşayır, dünyadan köçür. Sabah bizim elədiklərimizə, ömrümüzə baxacaqlar. Görəcəklər əbəs yerə çalışmamışıq. Dünya nemətləri uğrunda mübarizə gedir. Hamı yaşamaq istəyir. Mənəviyyatsız yaşamaq mümkün deyil.
Bu gün sizinlə tanlış oldum. Çox sağ olun. Çox sevindim. Təşəkkür edirəm.
Elana Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Ocaqçılarla görüşəndə başqa əhvalda oluram, həyat tələbləriylə yaşayanlarla olanda başqa əhvalda. Ocaq söhbətlərində ruhum böyüyür. Özümə qayıdıram, özümdə oluram.
Mənim də xalqlaşma yönündə söhbətlərim olur. Onda özümü daha yaxşı duyuram.
Atamız Var olsun!
Soylu Atalı: Bacım deyir Ocaqçılarla bir arada olanda əhval dəyişir. Əhval iki yöndən dəyişir. Bir açılır, işıqlanır adamın içi. İkinicisi, adam yüklənir.
Günev Atalı: Tədbirləri saytdan oxuyanda yenidən diqqət yetirirəm. Düşünürəm necə bunu diqqətdən qaçırmışam. Soylu qardaşım demişkən, hər şey içimdə yerbəyer olur.
Soylu Atalı: Gərək kitabın, qələmin arxasında oturasan. Oturasan, dolasan, sonra evdən çıxasan. Bizim tədbirlərimiz dolmaq üçündür əslində. Beynimizdə, düşüncəmizdə aydınlıq yaranır. Yolumuzun, əqidəmizin həyata keçməsində çox böyük aydınlıqlar yaranır. O həm də adama içəridən güc verir, təpər verir. Təpər verir ki, evdən eşiyə çıxmaq istəyirsən, gedib iş görməyə çalışırsan, sözünü, harayını çatdırmağa çalışırsan. Bizim işimiz budur. Biz əlimizə tüfəng almayacağıq, nə də tankla getməyəcəyik. Bzim elə tankımız budur. Bizim sözümüz tankımızdır. Bundan da böyük döyüş, böyük güc yoxdur. İnsan ideya mübarizəsi aparırsa, o mübarizə böyük sonuclar verir. Əslində lap götürək xalqın vətən uğrunda döyüşünü. Vətən idealı sevgində, ağlında, ürəyində yaranmasa, vətən uğrunda da döyüşməzsən. Hətta o döyüş də bundan yaranır. Daha doğrusu, bundan qaynaqlanır. Baxmayaraq ki, biz o döyüşü alqışlamırıq. Ancaq gerçəklik budur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.
Qürub Ayı, 39-cu il. Atakənd.
(avqust, 2017. Bakı.)