Xəbərlər

“Atagün” Ata Ailəsinin “Ailə Günü” tədbiri keçirildi

26 Çiçək Ayında”Atagün” Ailəsinin 34-cü ildə II “Ailə Günü” tədbiri keçirildi. “Ata Ruhuna Pənah Gətirmişik!” Səcdəsi ilə “Ailə Günü” başladı. Ocaq Yükümlüsü Soylu Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı və “Ataya Günorta Ricası”nı, Günev Atalı Atanın “Ruh üstə” izharını söylədi. Ailənin Yükümlüsü Günev Atalı Amallaşma haqqında hesabat verərkən, “Sədaqət” kitabını oxuduğunu dedi: “Bu kitabı dönə-dönə oxuyuram. Hər dəfə də oxuyanda özümdəki dəyişikliyi görürəm. Daha dolğun məzmunlar görə bilirəm. Hesabatım da bu kitab ətrafında olacaq. Bu kitabı Atanın sağlığında əlyazma kimi yazmışdım. Özümün dünənki səviyyəmlə bugünkü səviyyəm arasında fərqi görürəm. Addım-addım kamilləşmə yönündəyik.

Xalqlaşma  haqqında onu deyə bilərəm ki, 5-6 görüş olub. Eyni zamanda suallar ətrafında müxtəlif söhbətlərim olub. Yas yerlərinə gedərkən, ardıcıl olaraq, söhbətlər aparıram. Söhbət yaxşı dinlənilir. Qonşu kənddə rəğbətçilər var. Bir oğlan var, olduqca ardıcıl və yaxın təmasdayıq. Amma sanki yaxınlaşmağa qorxur. Niyə həqiqətdən bu dərəcədə üşənmə var? Yəni həqiqət bu dərəcədəmi insana yadlaşıb?! O həqiqət ki, onun üstündə tikə-tikə doğrananlar, tonqalda yandırılanlar olub. Həqiqət üçün yanırdılar. İndi isə yadlaşıblar həqiqətə. Amma mən tədbirə dəvət edirəm, deyirlər ki, düz danışanın dilini kəsirlər. Axı sən dilini özün kəsirsən. Hanı türk oğlu türk, niyə xislətindən yoxa çəkilib?! İslam qorxu duyğusunu onun içinə elə salıb ki, özündən uzaqlaşıb. Səni sənin özündən yana çağırıram. O gözəlliyi sənə vermək istəyirəm. O gözəlliyi özümə belə qısqanıram, deyirəm sənə də verim. Bunun üçün haray çəkirik…

“Ruhani İdrakı yaratmaq Amalı yaratmağın dayağıdır”, – belə bir sual var gedişat yazısında.   Elmi idrak, Təcrübi idrak və Ruhani idrak var. Bu, Atanın təyinidir. Ruhani İdrak haqqında – O idraka yetəndə ki, həqiqətin ünvanı sənə bəlli olur, demək, artıq Ruhani İdraka yetmək mərhələsindəsən. Nəimilər, Nəsimilər həqiqətin təşnəsi idilər. Bunlar Amalı formalaşdırır, gedib çatacağın məqsədi. Yaşamını formalaşdırır. Ali mənadan, Ali məqsəddən gedir söhbət. Sənin məqsədin bəşəri dəyişməkdi. Atanın peyğəmbərliyini verdikcə Amalı yaşadırsan, Məqsədə doğru addımlayırsan. Bu baxımdan Ruhani İdraka yetmək – cəmiyyətin zəncirlərini, ölçüsünü qırmaqdı.

Ailə ilə bağlı təşəbbüsümüz artacaq. Tədbirə kütləvi dəvət edirəm, heç kimi saf-çürük etmirəm…

Elana Atalı Ataya Səcdə ilə sözünə başladı: “Adamlar gərəksiz hadisələrə daha tez gedirlər, nəinki həqiqəti eşitməyə. Çağırırıq, gəlirlər, gəlmirlər, az gəlirlər. Gəlməyəndə belə, biz getməliyik, deməliyik sözümüzü, ruhani fikirlərimizi çatdırmalıyıq.

Ocağın gələcəyinə çox inanıram…” Elana özünün halı ilə bağlı da müəyyən məqamları bölüşdü.

Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı. O dedi ki: “Ailə Günü”nün gedişatında müəyyən suallar ətrafında da söhbət etmək olar. Elana bacımız deyir, sözüm çoxdur, ancaq burada danışan zaman həyəcanlanıram. Atanın Bayrağı qarşısında məsuliyyət keçirir adam bəzən, dili topuq çala bilir. O qədər ruhani eşqlə dolmalıyıq ki, həyəcanı ötək. Daha doğrusu həyəcan qaçılmazdır, labüddür, sadəcə o həyəcanları uğurla qarşılayaq, uğurla yaşayaq. Həyəcanınızın əsasında o durur ki, yurdumuza öz istəyinizi, töhfənizi vermək istəyirsiniz, çox böyük enerji xərcləyirsiniz. O ki qaldı, biz tədbirləri təkcə dəvətlilərə görə keçirmirik. “Ailə Günü”nü ona görə keçiririk ki, ruhani öyrətmənlik səviyyəsinə qalxaq. Atadan öyrəndiklərimizi vermək üçün özümüzü tam mənada böyütməliyik. Cəmiyyət tamaşaçılığa, lağlağıçılığa meyillidir. Cəmiyyət xeyirə təşnə deyil. Onu yaratmaq istəmir. Cəmiyyətdə xoflu olana həmişə lağ ediblər, sataşıblar. Sən öz dediyinin gözəlliyini dərk eləmirsən, özün qəbul eləmirsənsə, ətrafdan xoflanırsan.

İş yerimdə bir vaxtlar mənə deyirdilər ki, filankəs sənin əqidənə lağ eləyir. Məhəl qoymadım. İndi isə işdə mənə münasibət çox fərqlidir. Elimdə, kəndimdə, ictimai mühitdə və s. hər yerdə bu aqibəti yaşayıram. Bu Aqibət xoşbəxtliyimin əsasıdır.

Səbirlə ruhani biliyi vermək gərəkdir…

İnsanın içində yaşamaq, qidalanmaq tələbi olduğu kimi bizim də həqiqət tələbimiz var.

Xalqımızın içində yadlıqlar var. Atadan öyrəndik ki, yurdumuzda yaranan yadlıq səddini dağıtmalıyıq. Bu xalqa bütün siyasi, ruhani doktrinalar qıraqdan sırınır, nəticədə özünə yadlaşır, özünə qarşı çevrilir. Bu xalqı əyiblər. Bu xalqı bu kökə salan içinə dolan yadlıqlardır. Bunun üçün biz iş aparır. …İnsanı insan kimi yaratmaq daha çətindir, nəinki onu pozğun eləmək. Onu öz gözündən sal, özünə inamsızlığından hər işə gedəcək. Amma ona bir yarpaq sevgi göstər, gərəcəksən ki, çiçək kimi açacaq. İnsana sevgi vermirlər, inam vermirlər. Biz bu yoldayıq, bu yolda olmağımızla da fəxr edirik. İçimiz dünyalaşır.

İnsanı tanımaq, dərk eləmək. Atanın “Sədaqət” kitabından “Kim idim, kim olmuşam” sualı qoyulur. Atanın həqiqətini eşitdim. Asif Atanın qəlbindən doğan gözəlliklərin nidası ürəyimi doldurdu.  Naqisliklər çıxdı ürəyimdən, tərk elədi, gözəlliklər oraya dolduqca. Və kim olmalıyam? Ağlım kəsir, gözüm görür ki, dünyanı yıxırlar, yurdumu, millətimi yıxırlar. Elə ruhani qüdrət sahibi olmalıyam ki, buna qarşı dirəniş göstərə bilim. … Ata istəyirdi ki, dünyanın siyasi ahəngi dəyişsin. İnsan hər yerdə alçaldılır, məhv edilir. İnsanlığı yerdə qoymamaq üçün, ədalət yerdə qalmamaq üçün axıra qədər mübarizə aparmalıyıq…

Vətən insanı qeyrət üstə kökləyir. Vətən insan duyğularını tərbiyə edir. Vətənin varsa, qeyrətin yaranır. Vətəni qorumağa, milləti qorumağa, insanlığı qorumağa qeyrət lazımdır. Vətənli olmaq qeyrətli olmaqdır, vicdanlı olmaqdır. Bizim isə vətənimiz param-parça durumdadı, deməli, bizim qeyrətimiz param-parçadı. Vətəni param-parça eləyirsənsə, deməli, milləti gözü kölgəli edirsən. Onun oğullarını qeyrətsiz edirsən… Azərbaycan kişilərini başıqapazlı eləmək olmaz! İnsanların qeyrəti səfərbər olmalıdır. Bəşərə deyəcəyin sözün var. Bəşər olmaq imkanın var. Vətəni nəylə qorumaq olar? Vətəni  onun insanının ağlında, düşüncəsində qorumalısan. Vətənə olan sevgi, münasibət, hər şey insanın ağlında, qəlbində yaranır. Və insanın ağlında, qəlbində yaranan o münasibətdən vətənə yol başlayır. Vətəni onunla qoruyursan. Böyük ideyaları əkirsən onun qəlbində. Böyük ideyalar böyük vətən qismində göyərir, inkişaf edir. İdeya vətənə çevrilir və vətənlə vəhdət təşkil edir. Sənə ərəbin verdiyi ideya ilə vətən yarada bilməzsən. İdeya ondan ötrüdür ki, insanların qəlbini yaradasan.

İbrahim bəy Ataya səcdə etdi. Ata yolunda hər cür çətinliyə hazır olduğunu söylədi. Ailəsində qardaşının və bir neçə başqa adamların Ocağa ciddi bağlı olduğunu dedi və Soylu Atalını onlarla görüşə dəvət etdi. Öz bölgəsində, ətrafındakı adamlarla daim söhbət etdiyini vurğuladı. Dinin təsirinin güclü olduğu yerdə yaşadığını qeyd edən İbrahim bəy həmkəndlilərinin Məkkəyə getməsi halından – həyatında doğru addım atmayanların guya mömin olması yalanını izah elədi. Və bu cür adamların da başqalarını din təsirində, avamlıq təsirində saxladığını təəssüflə vurğuladı.

Soylu Atalı əlavə olaraq, dedi ki: “İşin birinci çətinliyi nədir – fəlakəti olduğu kimi bilmək. İkinci, fəlakətin səbəbini bilirsən, üçüncü, özündə güc tapıb fəlakətlə döyüşürsən. Bu imkanı da mən sizlərdə görürəm. Bu biliyə, həqiqətə, cəsarətə dayanıb səbirlə, zaman-zaman təsiri artırmaq lazımdır. İnqilabi yolla, balta üsuluyla bu alınan deyil. “Atagün” Ailəsinin ardıcıl “Ailə Günü” tədbirlərinin keçirilməsi çox önəmlidir.

Soylu Atalı İbrahim bəyin halının çox doğma olduğunu vurğulayaraq, onun adını Elxas deyə çağırılmasını istədi: “Elxas adıyla yaşa və o adın mənasına yet”.

İbrahim bəy bunu fərəhlə qəbul etdi və Ocağa Evlad olmaq istədiyini bildirdi.

Soylu Atalı Ocaqçılıq məsuliyyətindən danışdı. Ocaq tələblərinin Evladı daxilən çox böyütdüyünü vurğuladı. İbrahim bəyin istəyi ilə gələn ay Evlad qəbulu keçirəcəyini dedi.

“Müqəddəs Oxuma” hissəsində “Yol” kitabından “Dünənə münasibət”, “Sabaha münasibət” hissələri oxundu.

Ocaq Yükümlüsü Ailəçilərə keçən aydakı “Ailə Günü”nün diskini hədiyyə etdi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” Səcdəsi ilə “Ailə Günü” sona yetdi. Bundan sonra Ailəçilər “Amal Bağı”nda İlk Ata Sonevini (Ata nəşinin ilk dəfə qoyulduğu torpağı) ziyarət törəni keçirdilər. Müqəddəs bir ünvanda olmağın mənası üstə ali söz deyildi. Bütün indiyə qədərki təpkilərə baxmayaraq, bu bölgə Ocağın xalqda təsdiq ünvanlarından birinə çevrilir…

Ziyarət törənindən sonra yeni səfər başladı və İbrahim Elxasın təşəbbüsü ilə görüş keçirildi. Ocağın ideya məzmunu, tələbi, işi, üslubu izhar olundu. Suallara cavab verildi. Suallar içərisində maraqlı bir məqamı vurğulamaq yerinə düşər. Elxasın qardaşı Təvəkkül bəy Ocaq yazılarının çətin üslubda olduğunu bildirdi. O dedi ki, istənilən adam hər zaman sizinlə görüşə gələ bilmir. Ona görə onlara Ata ideyalarını vermək üçün yazılardan istifadə etməliyik. Yazını da gərək oxuyanda anlasınlar. Məsələni Ocaq Yükümlüsü özünəməxsus izah elədi: “Ocaq yazılarını bir dəfə oxumaq azdır, bir neçə dəfə oxumaq gərəkdir. Çünki indiyə qədər qulaqların eşitmədiyi, ürəklərin duymadığı, ağılların düşünmədiyi ideyalar, fikirlər səsləndirilir. Onlara alışmaq üçün çox oxumaq, zəhmət çəkmək lazımdır. Bu yazılar ən çox millətsevər, vətənsevər ziyalı adamlar üçündür. Onlar bu ideyalarla silahlanıb xalqa ruhani azadlıq sözünü çatdırmalıdırlar. Xalq bizi kütləvi oxumaya bilər, ancaq kütləvi dinləyəcəklər. Biz, Ata həqiqətini öyrənənlər hər yerdə onun harayını çəkməliyik. Atanın həqiqətini oxumağı bacaranları xalq dinləyəcək”…

 Atamız var olsun!

  26 Çiçək Ayı, 34-il. Atagün (Örənqala)

(aprel, 2012).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir