Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün”, “Uluyol-Hünər”, “Ulufərəh”Ailələrinin
“Ailə Günü” toplantısındakı çıxışlar
Ocaq Günsırası ilə 12 Köçəri Ayı, 38-ci ildə (fevral, 2017) “Atagün”, “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Atagün” Ailəsinin Yükümlüsü Günev Atalı Ataya səcdə ilə düşüncələrini bölüşdü: Qutsal Günümüzdür. 38-ci il, Köçəri Ayının 12-si, İnam Günü. Ona görə qutsaldır deyirik, doğru, düzgün, gərəkli düşüncənin arxasındayıq. Yəni vətənin, millətin, ümumilikdə bəşərin qurtuluşuna bağlı olan Yoldayıq.
Mən “Mütləqləşmək – Var olmaq” kitabından “Əxlaq” bölməsinin “İmtina zəruriliyi”ni özümləşdirmişəm, öyrənmişəm. Özündən keçmək – nəşədən keçmək, hakimiyyətdən keçmək, düşmənçilikdən keçmək, adi həyatdan keçmək. Bunlarla bağlı qısaca düşüncəmi bildirirəm: Ən böyük olan belə mahiyyətdən aşağıdır. Çünkü bir cəhətdən böyük olan başqa cəhətdən kiçik olur. Ən böyük mənəviyyat, iradə, zəka, kamillik, xeyir özündən aşağıdır. Özünə çatmaq üçün (balaca anlamda) özündən keçməlisən. Özündən keçən mahiyyətə yetir. Canını qoruyan, cana pərçimlənən vüqarını, məğrurluğunu itirir. Candan (biolojiliyin adi tələblərindən) keçən özünü qeyrətdə tapır. Amallaşır, vətənləşir, qutsallaşır, əbədiləşir. Can ruhun yarağıdır. Ruhdan keçən ölür, candan keçən yaşayır. Cismani nəşə – törəmək üçün araçdır. Törəmək hələ insan olmaq deyil, nəşə heyvaniliyin təsdiqidir. Nəşədən keçən heyvanlıqdan keçir. Mey nəşəsindən, varidat, şöhrət nəşəsindən, rütbə nəşəsindən keçən əslində heçlikdən keçir. Heç olanı var olan saymır.
Ruhsal xilqət olan insanın hakimlik istəyi aldanışdır… Ölkə insanlardan oluşur. Ona zorla sahib olmaq mümkün deyil. Etiqadlı insan zora baş əyməz… Hakimiyyətdən keçən heç nə itirmir.
İnsanın cismani ölümü yoxdur, ruhani ölümü var… Düşmənçilik ruhu yox, cismi öldürür, özünün ruhsal dünyasına qəsd edir. Əslndə özünü öldürür, başqasına düşmən olan özünə düşmən olur, məğlub olur. Dostluğa qayıdan özünə qayıdır.
Həyat əbədi deyil, sonsuz deyil, kamil deyil, ədalətli, həqiqətli deyil. Həyat Mütləqə yox, nisbiyə əsaslanır. Həyat qutsallıqdan, gözəllikdən, amaldan, xeyirdən, məhəbbətdən aşağıdır. Həyata bərabər olan özü olmur, öz insani mahiyyətindən aşağı olur. Həyatı ötmək həyatdan keçməkdir. Həyatdan keçən yaşayır.
Amallaşmamla bağlı bu qədər. Kamilliyimlə bağlı deyim, mən bunu (amallaşmanı) əslində elə kamillik sayıram. Hər hansı bir düşüncəmi ifadə eləmək üçün bu qeydlər, konspektləşdirmə deyək, zəif olsa da, öncələr də məndə var idi. Ancaq bu yönü mən davamlı başlamışam. Sağ olsun Göylü, bir təkan verdi “Qutsal Öyrənim Günü” önərisi ilə bağlı. Mən elə o gündən başladım (özüm bireysəl olaraq) bu cür oxuyub yazmağa. Kitabların hamısını bu cür özüm üçün yığcamlaşdıracam. Asif Atanın əsas müqəddəsatı mənim dəftərlərimdə özümə çatan cümlələrlə öz ifadəsini tapsın. Çünkü mən xalqlaşma işimdə toplumun qarşısında Asif Atanın kitabını götürüb nə oxuyan deyiləm, nə də əzbərdən söyləyən deyiləm. Mənə gərəkdir özümləşdirdiyimi, öz sözümlə, öz düşüncəmlə, öz ifadəmlə deyəm. O daha kəsərli olur, daha çatan olur. Çünkü toplum da hazır deyil – böyük, yüksək düşüncələri göydə tuta. Bu baxımdan mən bunu başlamışam, davam edirəm, yaxşı da alınır.
Soylu Atalı: Sözünü kəsirəm, sən doğru edirsən. Səbrlə, həvəslə, oturub onu yazırsan, bu yaxşı haldır. Çünkü Atanın vaxtında da belə bir tendensiya olub. Ata demişdi, ümumiləşdirin, yığcamlaşdırın. Yazın, çünkü yazdıqca əl də işləyir, göz də görür, beyin də düşünür.
Günev Atalı: Doğrudan da hər hansı bir qonunu 5 cümlə ilə ifadə etmək olar. Düşüncənin cövhərini yığcamlaşdırıb ifadə etmək olar. Tutaq, mən oturaram, bir saatın içində, kitabda yazdığım yığcam düşüncələri təkrar edə bilərəm. Ancaq 10 kitabı təkrar etmək asan məslə deyil, onu özümləşdirmək çətin məsələdir. Beyin də kompyüter deyil axı.
Xalqlaşma işimizlə bağlı: keçən bir ay içində, təkrarlamamaqla qısaca deyirəm, Rusiyada ayrı-ayrı adamlarla söhbət aparmışam. Biri elə mənim qohumlarımdan idi, oğlu çox doğma yanaşırdı Ocağa. Yaxşı da bağlantımız var. Bura gələndən sonra iki qohumun evində, hər dəfə də ailənin bir neçə üzvü ilə, mən, Elana, söhbət etdik. Rusiyada da həmişə ikimiz olurduq söhbətlərdə. Söz sözə söykənir. Özümüzü qane etməsə də, xalqlaşma işimiz yox deyil. Baxmayaraq, yol üstündə belədən-belə, elədən-elə gedirik.
Gediş Yazısındakı qonular haqqında. Ruhaniyyatçılığın başqa qurumlardan, istər dini, idoloji, siyasi qurumlardan fərqini, üstünlüyünü konkret faktlarla izah etmək. İndi konkret faktlarla bir olay danışmayacam, ancaq ümumilikdə götürəndə bayaq dediyimiz kimi, heç birimiz yəni Atalı adını daşıyan, Ocağa üz tutub ordan öyrənməyə çalışan bir kimsə başqa qurumlarla Ocağı tutuşdurmur. Çünkü nə tarixdə, nə bu gündə, nə ruhaniyyatla bağlı, nə ideologiya ilə bağlı, nə siyasətlə bağlı, nə dinlə bağlı heç bir dünyabaxışda, heç bir hərəkatda insan öz ruhsal qiymətini tapmayıbdır. Təbii, o qurumların həmişə bu və başqa biçimdə umacağı olub. Onların içində yaxşı insanlar da olubdur. İstəyiblər, ancaq heç nəyə yetməyiblər. Kommunist dünyabaxışında Dzerjinski vardı, Plexanov vardı, Kalinin vardı, əqidəli insanlar idilər. Bütün həyatlarını qoydular o yolda. Uğurları göz qabağındadır, durub xırdalamaq gərək deyil nə əldə etdilər. Ancaq heç biri insana xoşbəxtlik gətirmədi. Stalin silahını çıxarıb Kalininin arvadını sinəsindən güllələyib gözünün qabağında. Əqidəsi üçün dözüb Kalinin. Sovet hökumətinin də ilk başçısı Kalinin idi. O, etiqada, əqidəyə sadiq qalıb. Ancaq sonuc yoxdur. Burda tutuşdurmaq üçün bir nəsnə yox. Ağr ilə deyirəm, dünya bu günə qədər yolunu bəlirləmədi. Körpə qaldı, yetkinləşmədi. Çünkü insana münasibəti yetkinləşmədi. Bütün sorunların əlacını başqa amillərdə axtardılar. Nə bilim, maddiyatçılıqda axtardılar. Jan Jak Russo ümumi mülkiyyətdə axtardı. Kromvel parlament yaratdı. Yazığın özünü də qəbirdən-qəbirə qovdular. Kromvelin, parlamenti yaratdığına görə, başına olmazın müsibətlər açdılar. Baxmayaraq, bu gün gözlərinə təpirlər parlamenti. Yəni tutuşdurulası heç nə yoxdur. Dini götürək, elə də dərin idrakı olmayan bir peyğəmbər dünyanın yarısını özünə çevirə bildi. Ancaq tarix boyu bir düşüncəli insanın alqışını qazanmadı. Kütlənin, sürünün alqışını qazandı. Məsçidlərdə oxudular, oturdular, onun şərəfinə əyilib qalxdılar, söz dedilər, salavat çevirdilər, onun varlığına xütbələr oxundu, and içildi. Ancaq hansısa bir düşüncəli insan tarixdə bir dinçini alqışlamayıbdır. Dinçilər də elələrinə həmişə zülüm veribdir. Həmişə yandırıblar, qovublar, doğrayıblar. Hətta ən yaxşıları belə o cür düşüncə yiyələrini, lap Zərdüştü götürək, vətəndən qovurdular.
Siyasət mələk donunda görünür, ancaq o donun içində bir iblis gəzdirir. Ərəb baharı yaradır, nə bilim nə yaradır, ancaq içində zimistan gətirir, içində umacaq gətirir. Başqasının olanını əlindən almağı gətirir. İtlik gətirir, tülkülük gətirir, yırtıcılıq gətirir. Ərəb ölkəsinin nə qədəri Qırmızı dənizdə boğulub getdi. Körpələri dalğalar vurub çıxardı, bəşəriyyət xəcalət çəkirdi. Hansı qurum bacarıb bunları yönünə qoymağı? Cavid demişkən – Kim kəsib tökülən bu qan izlərini? Heç kəs kəsməyib, heç bir qurum kəsməyib. Ona görə də Ocaqla tutuşdurmada bir yön yoxdur. Ocağı yaxşı öyrənən hər kəs dediyimi anlayar. Sözümü bitirirəm.
Atamız Var olsun!
Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.): Bu aykı halım, əməllərim haqqında. Bu ay mən amallaşmaya vaxt ayıra bilməmişəm. Çünkü 50-yə qədər kitab çap etmişəm çap qurğusu ilə. Özüm də doğrusu heç sayanda inanmadım. “Ocağa Evlad Götürülmə kitabı”nı hazırlamışam, Ocaq dostumuzun kitabını hazırlamışam. Yəni Ocaq əməllərim çox olduğuna görə amallaşmaya vaxt ayıra bilmədim. Ayıra bilərdim, Ata deyir, imkansızlıqdan imkan yaratmaq gərəkdir. Ancaq fiziki baxımdan vaxt çatdıra bilmədim. Bununla belə yaşantılarım Fərəhlidir.
Gediş yazısında qoyulan qonuya uyğun yazı yazmışam, onu oxumaq istəyirəm. Orda qoyulan qonu, yəni ruhaniyyatçılığın dini, siyasi idologiyalardan fərqi. Bu çox geniş bir qonudur, yazanda çox dərinliklərə getmək olur.
“Ruhaniyyatçılığın başqa toplumsal çalışmalardan, siyasi, dini, ideoloji yönlərdən fərqini, üstünlüyünü konkret faktlarla izah etməli”.
Adam dünyaya gələndə özünə sual verir, dünyaya niyə gəldim? Bəziləri axtarır həqiqəti tapır, bəziləri həqiqəti tapdıqlarını düşünür. Dində necədir? Dində adamın ömrünün mahiyyəti Allaha qulluqdadır. Din – adamı inamsızlıq əsarətinə salır. Adam inanır, ancaq bu inam onu yetkinləşdirmir, kamilləşdirmir. Bu inam onu ailə, millət, vətən, yurd, bəşərilik kimi duyğulardan ayırır. Dinçinin bu günü də, sabahı da cənnət üçündür. Onu soyunun, millətinin gələcəyi düşündürmür. Əbədi günahkarlıq qorxusu, əzabı ilə ömür sona yetir. Dinin yaratdığı “Ev”lərdə insanlıq dərsi keçilmir. Qanunlar, qurallar insanda yetkinləşmə, arılma, durulma yaratmır. Əgər yaratsaydı, din yaranandan üzü bu yana dünya çox dəyişərdi. Din quruluşlara yaradı, quruluşları doğrultdu, quruluşları insana yönəlik dəyişməyə belə cəhd etmədi. Din adamı dünyanın sonuna inandırdı. Sonluluq duyğusu adamda millətin, bəşərin sabahı üçün döyüşməyi anlamsızlaşdırdı.
Siyasətin də məqsədi insan, insanlıq deyil. Siyasət üçün adam araçdır. Siyasət adamları ağalığa, təbəqəliyə, qulçuluğa bölür. Ölkələri ağa ölkələrə, rəiyyət ölkələrə bölür. Adamlararası münasibət faydalılığa əsaslanır, ölkələrarası münasibət faydalılığa əsaslanır. Təbəqəlikdən çıxmayınca, siyasətdən çıxmaq mümkün deyil. Siyasi təşkilatlar, birliklər, iclaslar siyasətin qaydalarını, qanunlarını, prinsiplərini doğruldur, insanlığı doğrultmur.
Ruhaniyyatçılıq Mütləqin tələbləri əsasında yaşamaqdır. Qıraqdakı Allaha deyil, içindəki Mütləqin varlığına inanmaq ömrü dəyişdirir. İçimdə Mütləq var, ona çatmalıyam. Ona çatmaq üçün də özüylə döyüşməliyəm. Bu inam, əməl ömrü dəyişdirir. Gerçəklikdə yaşayıram, ancaq ondan üstünəm. Zamandan, ortamdan üstünəm. Bu üstünlüyümü həm düşüncələrimdə, həm də əməllərimdə görürəm, yaşayıram. Bu günün sabahına inam, millətimin sabahına inamla birləşir. Öz ömrümə sorumlu olduğum qədər millətimin ömrünə sorumlu olmaq duyğusu gətirir. Bu gündə yaşayıb sabahkı düşüncələrlə, əməllərlə yaşamaq ruhaniyyatçının xoşbəxtliyidir.
Bilirəm, qonunu tam ifadə eləmir, ancaq ümumi halda bu qədər.
Bu gün biz Yeni İl qarşısındayıq, yəni yarım aydan sonra bizim yeni ilimiz girəcək, bu gün ilimizin son tədbiridir. Bunun özü də bir sorumluluq gətirir. Mən düşünürəm, yeni ilə hesabat hazırlamalıyam. Bu, məni həyəcanlandırır. Mən ilimi necə sona yetirirəm, o özü də ən böyük fərəhdir, sorumluluqdur. Mən yeni ilə necə başlamalıyam, özümdən necə başlamalıyam? Bax bunun özü də mənim həm diləklərimin, həm də özümə qarşı tələblərimin qarşısında geniş üfüqlər açır. O üfüqlərə qovuşmaq arzusu ilə. Atamız Var olsun! Bayrağımızı öpürəm.
Soylu Atalı: Sən Yeni İl hesabatını necə hazırlayırsan, o məsələyə vurğu etdiyinə görə xatırladım, sonra yaddan çıxmasın, üstündən ötüb keçməyək. Biz ildə 3 dəfə Ocaq əməlinin hesabatını veririk. “Ruhani Səfər Günü” mərasimində, “Ailə Günü” mərasimində, bir də “Yeni İl” mərasimində. Bu mərasimlərdə, demək olar, eyni şeyləri deyirsən, yəni eyni hesabatlardır. Ancaq bəlli ayrıntılar olmalıdır. Necə?! – Məsələn, mən düşünürəm, “Ruhani Səfər Günü” mərasimində ancaq Ocağın xalqlaşma səfərlərini vurğu eləmək yetər. Biz hamısını veririk, elə bu da anlamca səfərdir, filan. Bu gərək deyil. Sonra “Ailə Günü” mərasimində hər Ailə özünün işiylə bağlı hesabat verir. Bir də “Yeni il” mərasimində bütövlükdə Ocağın gördüyü işlər, deyək, kitab hazırlanmasından başlamış Evlad gətirilməsi, səfər, başqa çalışmalar nə varsa, Günsıraya qədər. Hamısı, nə görülübsə, itməməlidir, deyilməlidir. Çünkü tarixdir, biz başqa cür oturub tarix yazmırıq. Bizim tariximiz yazılacaq. Həmin illik hesabatlar əsasında. Ocaq tarixi onun əsasında yazılacaq. Onun əsasında içimizdə bir tarixçi olacaqsa, o yazacaq, olmazsa, gələcəkdə yazılacaq. Ona görə hesabatı elə yönləndirmək gərəkdir, illik hesabatda Ocağın gördüyü işlər, xərclənən xərclər, bireysəl görüşlər, çaplar… Eybi yoxdur, qoy bir saat bu hesabatın sadalanmasına vaxt getsin. Ancaq onlar bütün dəqiqliyi ilə, özü də söz yox, tarixi ilə, hansı tarixdə, hansı gündə, filan. Bunlar Ocağın tarixinin yaranması üçün başlıca şərtdir.
Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.): Bu ay “Atalıq xilqəti” əsərini oxumuşam. Oxuduqca qəribə duyğu keçirmişəm. Orda bir çox şeylər həm mənim ömrümə tanışdır, həm də elə bil yeni oxuyuram. Hər hansı bir qonu mənə gərək olanda açıb oxuyuram, Atanın mövqeyini bilmək istəyirəm. Ancaq bir də var, qaçılmaz olur oxumaq. Oxuduqca düşünürəm, mən bunu axırıncı dəfə haçağ oxumuşam, bu mənim yadımdan çıxıb. Yəni ardıcıl onu davam etmək düşüncəsindəyəm. Orda elə şeylər var elə bil yeni oxuyuram. Ola bilər mən onu öncə oxuyanda fərqinə varmamışam, dərinliyinə getməmişəm, zaman keçdikcə yaddan çıxıb. Eyni zamanda elə şeylər də var, yaddan çıxmamalıdır. “Atalıq xilqəti” elə bir dildə, üslubda yazılıb, istənilən adam oxuyub öz ömrünü xatırlayır, orda Ata elə bil mənim deyə bilmədiklərimi deyib, demək istədiklərimi deyib. Düşünürəm, mən buna diqqət yetirməmişəm. Onu oxuyanda balaca bir yazı yazmışam. Əsərin “Kəndliyim” bölməsində Ata sevgisindən danışır.
Sevgi elə bir sehrdir, hər kəs o sehrə düşür, düşmək istəyir. Həyatındakı bütün çatışmazlığın orda olmayacağını, yeni bir dünyanın olacağını düşünür. Orda nə diktatura var, nə şər var, nə yalan var. Orda yalnız doğa var, çay var, meşə var. Atanın dili ilə desək, o səndən başqa heç kəsin deyil. Belə bir dünya. Hər kəsin arzuladığı. Sevirsənsə, sevdiyinin o dünyaya layiq olduğunu, o dünyanın sakini olduğunu düşünürsən. Anlayırsan, sənin sevdiyin, yəni Məna ondan artıqdır. Yəni ola bilər, o kəs ona yetməyib, ancaq anladım, dünyanın mənası dünyadan artıqdır. Bu insanın təkcə insana sevgisində deyil, həm dostluqdadır, həm qardaşlıqdadır, həm bacılıqdadır. İnsanın dosta, qardaşa, bacıya niyə ehtiyacı var? O içindəki tələbi ödəmək istəyir. Arxa olmaq istəyir, dayaq olmaq istəyir, hər yerdə. Bəzən görürsən, o dostluğa cavab vermir, o tələbə cavab vermir, yenə də sənin inamın itmir nə dostluğa qarşı, nə qardaşlığa. Yenə də sən onu edirsən. İnanıram, sabah lap səni atıb getsə belə, sənin inamın heç vaxt itməyəcək, yenə də onu edərsən. Çünkü bu sənin içinin tələbidir. Daim sevgi vermək. Atanın orda dağlı günlərim, meşəli günlərim, səmalı günlərim yazıları var. Hər biri, hər bir cümləsi mənə doğmadır. Hər dəfə də oxuyanda orda özümə özgün nəsə görürüəm. Baxıram və görürəm, mənim demək istədiyimi deyib. Ordakı kədəri də mənə doğmadır, sevinci də.
Atanın orda “xəyanət” adlı balaca bir yazısı var. Onun haqqında düşündüm. Mənim özümün xarakterimlə bağlı. Mənə dəfələrə sevdiyim adam, çox istədiyim adam xəyanət edir, yenə də o sevgidən əl çəkə bilmirəm, çox maraqlıdır. Yenə deyirəm, o tələb insanın içində var, insana doğmalıq, sevgi var, ola bilər kimsə səninlə olan bağları qırıb atar, ancaq mənim o bağları qırıb atmağa duyğularım imkan verməyib. Mən dünən axşam bir az oxudum, səhər tezdən oxudum. Adamı çəkib aparır. Bir də görürəm, vaxt gedib, ancaq mən o düşüncələrin içindən çıxmamışam. Əslində onu yaşamaq, onun üçün də özəl olaraq düzənə salmaq, vaxt ayırmaq gərəkdir. Düşünürəm, bunu davamlı edərəm. Çünkü içimdə istək var. Sözüm bu qədər. Atamız Var olsun!
Günev Atalı: Sən də var ol. Sadə, yaxşı izhar idi. Bir musiqi kimi qulaq asdım.
Ocağın 11-ci ilində hazırlaşmaq söhbəti yox idi, gələnlərdən kim əhvala dolurdu, o əhvaldan danışırdı. 12-ci ildən sonra başladı yazılmağa. Bir gediş yazısı olurdu, amallaşma, kamilləşmə, xalqlaşma ilə bağlı, buna bənzər qonusu var idi, dünya nə haldadır, mən kiməm, belə suallara cavab.
Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.): Ocaqla, amalla bir o qədər iç-içə yaşamayanda hazırlaşmaq sözünü dilə gətirirsən. Aydın məsələdir. Ocaqçılardan kimin həyatına amal nə qədər daxil olub, nə qədər amallaşıb, həyatını, ömrünü nə qədər amallaşdırıb, o öz yerində. Ancaq amal mənim, deyərdim, hələ yeni-yeni başlayır həyatıma girməyə.
Amal mənim yönümdür. Ocaq əməllərim olur, Ocağın gələcəyini düşünürəm, Ocağın bu gününü düşünürəm. Evimdə indi Ocaq üçün bir ortam hazırlayıram. Bir otaq ayırmışam. Məsələn, beynimdə onu ölçürəm, düşünürəm, Ocağın mərasimləri mənim evimdə, məsəl üçün, hansı yolnan keçəcək. Ailə tədbirləri hansı evdə keçəcək, bayram tədbirləri hansı otaqda keçəcək. Mən bunu düşünürəm, həm də psixoloji olaraq, mən ailəmi buna hazırlayıram. Çünkü ailənin hazır olması vacibdir, ev tək mənə qulluq eləmir. Burada birbaşa ailə başçıları var, bir də var ikincilər (evdə mən ailə başçısı deyiləm, atam var, anam var). O səmtdə mənim Ocaq əməlləri ilə bağlı düşüncələrim olur. Demək olar hər gün. Son çağlar bu məsələyə daha çox yer verməyə başlamışam, aydın məsələdir. Yəni o bir proqram şəklində deyil, bu mənim düşüncəmdədir, ömrümdədr artıq. Bu sarıdan deyərəm, düşüncələrim bəlkə də yeni-yeni durulur. Həmişə axtarışdayam, yenə də öz üzərimdə işləməyin axtarışındayam, mən necə edim? Bayaq Soylu bəy də təqdir etdi Günev qardaşımızın cümlə-cümlə oturub yazmasını, mən həmişə düşünürdüm, həmişə Ocaq tədbirlərində qulaq asanda Günev qardaşımıza heyrət edirdim. Deyirdim, nə yaxşı bu kişidə alınır. Mən də bu yöndə qarşımda tələblər qoymuşam, bu tələblərə yetəcəm. Çünkü bundan başqa yolum yoxdur. Bunu özüm üçün kəsdirmişəm, anlamışam.
Amallaşma yönündən Atanı oxuyuram – “İçdən Yaranma” bitiyini. Bayaq Ötgün qardaşımız deyir, Atanı tələsik oxuyub keçmək olmur. Mən də elə yöndən oxuyuram. Ocağımızla bağlı başqa yazıları da oxumuşam. Məsələn, özümə bir norma kimi seçmişəm, keçmiş tədbirləri, gündə bir Ocaq tədbirini oxuyum. Son çağlar buna əməl etməyə çalışıram. Düşünürəm bu məndə daha yaxşı alına bilər. Bir az evin qayğıları var, həyat var, bunlara yaxamı tam verməsəm, aydın məsələdir, daha çox amallaşaram. Amallaşmam kamilləşməyimə yön verər, bu da xalqlaşmamda sonuc göstərə bilər. Xalqlaşma yönündə ciddi bir işim olmayıb, sosial şəbəkələrdə, bu yaxınlarda, bir adamla tanış olmuşam, onu Soylu bəylə fərdi görüşə çağırmışam.
Ocağın varlığı, vacibliyi, demək olar, bir normadır mənim üçün, həqiqətən də. Evimdə də görürəm, dünyada gedən proseslərə, Doğu coğrafiyasında gedən proseslərə hansı yanaşma bəslənir. Konkret desək, biz evdə oturub atamla söhbət edəndə, görürəm, necə də ölçüsüz yanaşır. Olaylara nə dərəcədə ölçüsüz yanaşır. Fakt qarşısında qalanda isə bir sözü var, son çağlar o sözdən çox istifadə edir: “Türkiyənin də, Azərbaycanın da aşı bişibdir, artıq bunların geyəcəyi paltar biçilibdir, buna heç kim heç nə edə bilməz”. Bunlar dini, guya, dışlayırlar. Ancaq dinin qismətçilik prinsipi bu insanların ağlına hakimdir. Özüm özümə düşünürəm, insan dəyişməlidir. Biz əslində insanı dəyişdiririk. Belə düşünən insanla, toplumla, mənim evimin içi birdir. Mənim evimin içi belə düşünürsə, qıraqda necə düşünülür – hələ bizim evdə, davamlı olaraq, xalq məsələsində, dünya məsələsində, hardasa, öz ölçümüzdə söhbət gedir. Ancaq bunu etməyən ailələr var, illərlə bu haqda heç düşünmürlər. İnamsız yaşayırlar. Özünə inanmır, özünə inansa, millətinə inanar, qurtuluşa dartınar. O üzdən Ocağın vacibliyini özüm üçün artıq kəsdirmişəm, adam Ocaqda böyüyəcək, Ocaqda insanlar yetişəcək. Yoxsa başqa ideologiyalarla olası deyil. Bəlkə bu qonunun dərinliyini mən aça bilmirəm, ancaq hər şey bir qırağa, mən Ocaqla başqa şeyləri heç tutuşdurmuram. Ocaq çox-çox üstündür. Atamız Var olsun!
Günev Atalı: Uzun müddət insan özünü kökləyir hər hansı bir fikrə, hər hansı bir yola, nə bilim etiqada, əqidəyə, ondan daha çox vaxt gərək olur, evi həmin əqidəyə kökləmək üçün. Bəzən ailə əngəl kimi həmişəlik qalır.
Belə bir düşüncə daha öncələr də var idi, demək, zəiflik mənim özümdədir. Məsələn, deyək, mənim oğlum, qızım məni başa düşmür, deməli suç məndədir deyə düşünülüb öncələr Ocaqda. Ancaq bu düşüncəni mən bu gün inkar edirəm, Ataya söykənib inkar edirəm. Bir dəfə Ataya belə br sual verdik, Ruhaniyyat da gendən gələn bir haldırmı? Asif Ata elə birbaşa cavab verdi, onda gərək bütün Əfəndiyevlərin hamısı ruhaniyyatçı olaydı. Deməli, Ata belə deyir. Ancaq alınsa, doğrudan da, evi, ailəni köklədikcə, elə bil, qanadın açılır, səni təntidən hava yaxşılaşır. Evdən topluma gözəl bir əhvalla, təpərlə çıxırsan. O xoşbəxtlikdir onu bacarmaq, onu çatdırmaq. Çoxumuzda belədir, indi sənin də onunla rastlaşdığın dövrdür. Ancaq sənin ailənə biz bələdik, ruhaniyyatçılıq sənin ailəndə var. Sağ ol, qardaş. Gözəl söz idi dedin, səni dinlədik. Sözlərinin hamısı ruhdan söylənmiş düşüncələr idi.
(Ötgün Atalı: Mən ilk dəfədir qarşınızda söz deyirəm.
Soylu Atalı: Bizimlə bölüşdüyün düşüncələr var, gəldiyin sonuc var, çəkinmədən de, nə doğrudur, nə yanlışdır, rahatsız olma, de).
Ötgün Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.): Bügünkü qonumuz – Ruhaniyyatçılığın başqa toplumsal çalışmalardan (siyasi, dini ideoloji yönlərdən) fərqini, üstünlüyünü konkret faktlarla izah etməli. Öncələr dinin, siyasətin içində olan biri kimi bir neçə kəlmə demək istəyirəm.
Həm dini, həm də siyasi liderlər kütlə, sürü psixologiyası ilə hərəkət edərək, öz məqsədlərində istifadə edə biləcəkləri cahillər ordusu, cahil sürüsü yaratmaqla məşğuldurlar. Əslində onlar, aldananları daha da aldatmaq, əzilənləri daha da əzərək, özlərinə boyun əyənlər yaradırlar.
Siyasi, dini liderlərin qurduğu çirkli oyunlar xalqa yox, sırf onların ayaqda durmasına qulluq edir. Siyasi liderlərə kütlə, “Baxın, xalq bizimlədir” demələri üçün, dini liderlərə isə əsasən biznesləri üçün gərəkdir. Təbii, cahil kütləni idarə etmək asan olduğundan, gələcəkdə başqa məqsədlər üçün də istifadə oluna bilərlər.
Siyasi liderlərə də, aralarında dindarların çox olması sərfəlidir. Çünkü Allahın qulu olmasını qəbul etmiş biri asanlıqla onların da quluna, köləsinə çevrilir. Daha çox istifadə olunur, daha yaxşı qurbandır.
Ruhaniyyatçılığın onlardan fərqinə, üstünlüyünə gəlincə isə, Asif Atanın təkcə bir sözü buna bəs edər: “İnsanlaşın – İnsanlaşdırın!” Nə siyasi, nə də dini ideologiyalarda insana dəyər yoxdur. Pafoslu, şablon sözlərlə İnsan yaratmaq olmaz! Cahil sürüsü yaratmaqla İnsan yaratmaq olmaz! Bədəvi çöl ərəbindən yalançı qəhrəmanlar yaradıb, insanımızın ona bənzəməsini istəmək olmaz! Bunlar ən azından xalqımıza xəyanətdir!
Atanın kitablarını oxuduqca, Xalqımızın qurtuluşunun Ruhaniyyatçılıqdan keçdiyini, bunun üçün Ocaq çevrəsində, Ata işığında birləşməyin gərəkliyini düşünürəm. Soylu bəyin Yükümlülüyü ilə, Ocaqçı qardaş, bacılarımla çiyin-çiyinə, Ata bayrağı altında olmağımdan özümü xoşbəxt hesab edirəm!
Atamız Var Olsun!
Türkel Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.): Bügünkü aylıq hesabatımı Atanın düşüncələri üstə demək istəyirəm. Atanın indiki durumla bağlı, çağdaş sivilizasiya ilə bağlı İnsanlaşmaqla, xalq olmaqla bağlı dediyi düşüncələr bugün yaşayan üçün, ömrünü bütövlüklə istehsalata, əməyə həsr edən üçün boş, xülya kimi, asanlıqla deyilən söz kimi görünə bilər. Çünkü inamsız yaşayır. İnamsız yaşayana insanlıqla bağlı hər şey mümkünsüz, anlamsız bir şey kimi görünür. Atanın hər bir düşüncəsi Mütləq idrak səviyyəsində əsil mübarizədir. Burda da get-gedə artıq mənə aydın olur, inam nə dərəcədə gərəkli məsələdir. İnsanlar, ad qoyula bilməyəcəyi dərəcədə, inamsızdırlar, bundan da pis inamsızlaşma gedir. Bunun kökündə din dayanır. Bügünkü toplumun çoxluğunun sorunu, nifrət elədiyi indiki hakimiyyətdir. Nifrətləri ilə, gileylənmələri ilə hesab edirlər, bu hakimiyyət getsə, hər şey düzələcək. Ata deyir: Nə qədər din yaşayır, göydəki Allah yaşayır, yerdəki də yaşayacaq. Ömür varidata o dərəcədə həsr olunur, adam 70, 80 illik yaşamında bir dəfə də olsun özü ilə üz-üzə qalmır. Torpağa çevriləcək bədənin, canın tələbləri onun üçün hər şeydən artıqdır. Ancaq həqiqət üstə yaşayan üçün, Atanın dediyi kimi, doğrudan da, bir ömür azdır. Bununla bağlı Atanın başqa bir düşüncəsini vurğulamaq istəyirəm: “Əməyin əzəliliyi təsdiq olunsa da, əmək İnsaniliyin təsdiqi deyil”.
Mənim amallaşmam əsasən Atanın düşüncələri üstə oldu, Atanın düşüncələrini özümləşdirməyə çalışıram. Atanı oxuduqca, amalı öyrəndikcə, amal ömrümə girir.
Çıxışımdan elə görünə bilər, mən amal haqqında yaxşı danışıram, toplum haqqında inamsızlaşıram, toplum haqqında pis düşünürəm. Elə deyil, tərsinə, amalı öyrəndikcə, doğrudan da, Ata haqqında, amal haqqında yaxşı düşüncəyə gəldikcə, toplumun gələcəyinə inanıram. İnamsız yanaşmıram. Çünkü inamsız yanaşa bilmərəm. Ata elə bir səviyyədə, elə düşüncələr deyir, adamı yüksək yerlərə aparır. Oxuduqca qarşıma belə şeylər çıxır, Ata azadlıqdan danışır. Mən özümə sual verirəm, görən mən özüm filan şeydən azad ola bilmişəmmi? Özümdə əngəlləri tamam tanımağım gərəkdir.
Atamız Var olsun!
Günev Atalı: Sən də sağ ol. Üzün işıqlanır, çünkü düşüncələrin durulur.
Elana Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A.): Əlbəttə, Ocaqçılarla, qardaş-bacılarla bir yerdə olmaq çox fərəhlidir. Sözüm yoxdur demək yaxşı deyil. Ancaq bir az toparlanmaq gərəkdir içindəki sözləri deməyə, çatdırmağa.
Ötgün qardaşımın gəlişinə çox sevinirəm, təbrik edirəm. Çox gözəl bir ömür var burda, çox gözəl həyat var burda. Doğrudan da, insan özünü qazanır. İnsan özünü yenidən tapır. Belə bir söz var, deyir yaşadığım keçmişləri ömrümə yazma. Burda adam belə bir söz deyir, ürəyimdən keçir, keçmişlər yazılmasın həyatıma, ömrümə. Ömrüm bu gündən başlasın.
Yeni ömründə sənə uğurlar arzulayıram. Hamının düşüncələri mənim üçün doğmadır. Çox sevinirəm, hamı mənim içimdəkini deyir. Özümü tapıram Ocaqçılarda. Atamız Var olsun!
Günev Atalı: Eybi yoxdur, gözəllik yanında dil bəzən lal olur. Hansı dil gözəlliyin yanında lal olmamış. Heyrət sözlə ifadə olunmur ki. Heyrət elə lal ifadə olunub.
Ocaq tədbirində danışmaq sorumluluq tələb edir insandan. İnsan sıxılmır, basılmır, sadəcə öz sorumluluğunu anlayır. Elana bölgələrdə, öz ortamında xalqlaşma işi ilə uğraşa bilir. Elə anlar olur, doğrudan da, mən özüm belə dinləyirəm bu dilsiz-ağızsızı, belə demək mümkünsə. O anlar çox olub. Bəlkə özü elə fərqinə varmır. Ancaq dedikcə açılır, düşüncə açılır. Yəni düşüncə düşüncəni gətirir, söz sözü gətirir.
Soylu Atalı (Ataya səcdə edib bayrağı öpür – Ö.A. ): İlimizin sonuncu Köçəri Ayı, Ocaq qarşısında, Ata qarşısında hesabat verdik. Bu, təkcə Ailə Gününün hesabatı anlamına gəlmir. Əslində böyük bir ömrün illik yaşantılarının hesabatı anlamına gəlir. İli başa vururuq.
Amallaşma haqqında söz demək istəyirəm. Bəlkə də bu ilin içində mən Atanı çox az oxumuşam. Son çağlar heç oxumamışam. “Bibliya”nı, başqa ədəbiyyatları oxuyuram. Əslində oxuduqlarımla Atanı oxuyuram. Ola bilər, düşündüyüm kimi, böyük bir əsər ortaya gətirə bilməyim. Ola da bilər, düşündüyümdən də böyük bir yazı ortaya gətirim. Məsələ tək onda deyil, mən onu yazmaq üçün oxuyuram. İçimdə həmişə, davamlı olaraq, aydınlıqlar yaradıram. Tutuşdurmalar aparıram. Hər şeyin anlamına girməyə çalışıram, bütün sorulara içimdə cavab tapmağa çalışıram. Çünkü adam öz içində sorulara cavab tapandan sonra dünyadakı sorunlarla bağlı, ya da insanın üzərinə gələn sorunlarla bağlı cavab tapa bilir. İçimdə yaradıram onun cavabını. Ona görə oxuyuram.
Söz yox, bu kitabın əsas çəkisi, əsas hissəsi bu gün də Yəhudi xalqının varlığına işıq tutur. Həm onun ruhsal varlığına işıq tutur, həm də onun tarixi aqibətinə işıq tutur. Ancaq o kitab yəhudilərin ruhaniyyatı sayılsa da, orda çox az ruhaniyyat var. Bununla belə, yəhidilərdə ruhaniyyat adına nə varsa, ordadır. Biz indi ona ruhaniyyat deyirik, demirik, o ayrı məsələ. Bir də onların padşahlıq, ya da (hərb də deyə bilərik), hərb tarixi çox ciddi şəkildə öz əksini tapıbdır. Biz onun gedişini qəbul eləməyə bilərik. Niyə qəbul etmirik? Çünkü başqa xalqlara, başqa toplumlara qarşı orada qəbul olunmaz antiinsani yanaşmalar sərgilənibdir. Bununla belə, onların özü üçün, yenə deyirəm, çox ciddi bir dəyərdir. Yəni, işin bir yanında onun dəyərliliyi durur, bir yanında amansızlığı. Firdovsinin “Şahnamə”si də təxminən “Tövrat” kimidir. Ona görə, məsələn, hesab eləmək olar, farslar üçün Firdovsinin “Şahnamə”si, hardasa, “Tövrat”ın gördüyü işi görüb. Firdovsi İranın hərb tarixini, qəhrəmanlıq tarixini o qədər yaxşı təsvir edib, o qədər bədii, ağlaçatan, tarixləşən verib, onlar öz tarixlərini ruhaniyyat içində, ruhaniyyat arşını ilə gələcəyə sunublar. Çox ciddi məsələdir, böyük işdir. Bizim millətimizdə belə bir şey yoxdur. Bax, bu mənim üçün çox düşündürücü bir məsələdir. Bununla bağlı söz deməyi qarşıma bir hədəf olaraq qoymuşam, söz deməliyəm. Çünkü, dediyim kimi, onun həm örnək götürüləsi bir yanı var, həm də ciddi düşünüləsi, bəşəriyyətə nə vəd edib, bəşəriyyətə nə verib bu?!
İkinci, mən kamilləşmə ilə bağlı da bir neçə kəlmə deym. Nə qədər ciddi, dərin yol keçsək də, Ocaqda özünü yaratma məsələsinin sınırları gərək hər gün aydınlaşsın. Çünkü insan olduqca mürəkkəb bir dünyada yaşayır, olduqca mürəkkəb bir əhvalla çevrələnibdir. Çünkü insanın öz içində bütövləşməsi olmasa, onun çaşması asandır. İnsan gərək öz içində çaşmasın. Öz içində çaşmasa, onda o, öz çevrəsində də çaşmayacaq. Çünkü, mən özəl olaraq vurğulamaq istəyirəm, addımı çölə qoyursan, baxırsan hər şey, hər bir olay insanı çaşdırmağa hesablanıb. Ona görə içində gərək çaşmayasan, dışında da səni çaşdıra biləcək başqa əhvallar olmasın. Bunu mən çox ciddi olaraq düşünürəm, düşündükcə o sınırları əldə eləməyə çalışmışam. Nə məni çaşdıra bilər, necə çaşdıra bilər, çaşdıra bilərmi, bilməzmi, nə vaxt çaşdıra bilər? Mənə elə gəlir, bu halla çox qabağa getmişəm. Gəlib elə bir aşamaya dayanmışam, dünya, hər kəs çaşa bilər, mən çaşa bilmərəm. Balaca məsələlərdə deyə bilmərəm, ancaq böyük məsələlərdə çaşa bilmərəm. Təbii, mən məişət məsələlərini demirəm. Heç mənim məişət məsələlərindən başım çıxmayıb düz-əməlli. Ancaq söhbət dünyaya münasibətdən gedir. Dünyaya münasibətdə mən çaşa bilmərəm, hesab edirəm, heç kəs məni çaşdıra bilməz. Bax, bu məsələ mənim üçün olduqca önəmlidir. Mən öncə içimdəki Ata ilə üz-üzə durmuşam. Özümlə üz-üzə durmuşam. O pəncərədən baxıb özümü bütöv görməyə çalışmışam, tanımağa çalışmışam. Bu, mənim üçün böyük bir uğurdur. Mən bundan sonra, təbii, münasibətlərdə hərcayilik eləyəsi deyiləm, insana münasibətdə əyiləsi deyiləm, yalana enəsi deyiləm, səmimiyyətsizliyə enəsi deyiləm. Mən bilirəm, onlar mənim üçün arxada qalıb. İçimdə – insana münasibətdə, bütövlükdə vətənə, dünyaya münasibətdə məni o enmələrdən dala dartan bir güc var. Bax, bununla bağlı bir məqamın üzərində, özəl olaraq, durmağa çalışıram. Ocaq nə verir adama? Mənim dediyimdən, hesabatımdan, sözümdən Ocağın Evlada, Ocaqçıya verəcəyini qıraqdan duran da kəsdirə bilər, görə bilər. Onun üçün böyük bir sorğunun cavabıdır bu. Ocaqçılar tədbir keçirirlər, bir araya gəlirlər, Ataya səcdə qılırlar, əlləri ürəyində-filan. Axı bu nə anlama gəlir? Nə dəyişilir? Mənim çıxışımdan bəlli olar nə dəyişilir. İçimdə mən yanılmadım, yanılmıram. Hər şeyə münasibətdə yanılmıram. Bayaq dediyim sözə bir balaca düzəliş verim, hətta, məişətin qurulmasında da yanılmıram. Onu verir, balaca məsələ deyil. İçində bütövləşən kəs hər şeyi tanıyır. Ocaq bizə hər şeyi olduğu kimi tanıdır, hər şeyə olduğu kimi münasibət sərgiləməyə çağırır. Ocaq bizə insanı tanıdır, başlıcası.
Türkel deyir, “mən cəmiyyətə inamsızlaşmıram”. “Cəmiyyətə inamsızlaşmıram” nə deməkdir? O demir, mən cəmiyyətdə cəmiyyətçiliyi olduğu kimi qəbul edirəm. “Cəmiyyətə inamsızlaşmıram” o deməkdir, cəmiyyət hara gedir, nə edir, hara enirsə-ensin, içində bir insan daşıyır. Onun içindəki insana inanıram. O insan onu son anda qaldıracaq ayağa, məhv olmağa qoymayacaq. Baxın, Ocaq insana bunları tanıdır, öyrədir. İnsanı tanıdır. Ocaq bizə vətəni tanıdır, bizim vətəni tanıdığımız kimi heç kim vətəni tanımır. İstənilən vətənsevər adamla üz-üzə oturarıq, söhbət edərik, görərik, onun vətəni tanıması ilə bizim vətəni tanımamız arasında çox böyük bir ayrıntı var. Üstünlük var bizim hesabımıza, çox böyük üstünlük var. İstənilən adam, baxın, vətənə münasibətdə nə qədər sevgi ilə danışsa, mütləq həm də acıqla danışar. Çünkü gizlində bir umacağı var, onu əldə edə bilmir. Bizim umacağımız yoxdur, vətənə sevgimizdə qarşılıq gözləmirik, umacaq gözləmirik. Kimsə deyəcək, mən filan şeyi elə elədim-belə elədim, mütləq vətəni tutuşduracaqdır vətəni mənimsəyənlərlə, vətəni çapıb-talayanlara görə acıqla danışacaq vətənə münasibətdə, mütləq acıqla danışacaq. Mən belə şeyi çox görmüşəm. İstənilən “vətənimi sevirəm” deyən adamla söhbətdə görmüşəm, həmən çalarlarla onun söhbəti vətənə umacaqlı yanaşmanı nişan verir. O bizdə yoxdur. İstənilən adam bu gün belə danışır, sabah başqa cür danışır. Mən ad çəkmək istəmirəm, bizim tədbirə dönə-dönə gələn, ancaq Ocağa gəlməyə hələ də tərəddüd eləyənlərin içində də elə şeylər çoxdur. Əşşi, gedərdim başqa ölkələrə, mən də bir adam kimi nəfəs alardım. Əşşi, gedərdim onu belə, bunu belə edərdim. Onsuz da bunlar düzələsi deyil… Bəs dünən vətəndən danışırdın sən? Bəs dünən deyirdin vətəni tək qoymaq olmaz-filan? Bunlar boğazdan yuxarıdır, hara qədər gedəcəksən? İç yoxdur, vətən içəri oturmur, girmir içəri. Vətən, böyüklükdə anlam içəri girmir. Ona görə nala-mıxa vurur. Ocaq vətəni tanıdır insana. Vətənə münasibəti aydınlaşdırır. Ocaq dünyanı tanıdır insana. Ocaq ananı, atanı tanıdır insana. Ocaq Allahı tanıdır insana. Ocaqdan başqa Allaha doğru münasibət yoxdur. Kimi dindirirsən dindir, hamı ərəbin Allahı ilə Türkün Tanrısını güləşdirir. Hamı mütləq yan-yana qoyur, o birini qəzəblə-filan, yarışdırır. Yarış yoxdur Ocaqda. Yarış yoxdur, qurtuluş var. Tanrını qurtarmaq var, Allah anlamını. Tutuşdurma yoxdur, səninki belədir, mənimki belə. Mənimki, səninki yoxdur. Dünyanın dünyadan böyük Mənası var. Dünyanın dünyadan böyük Mənası Əlinin, Vəlinin, Pirvəlinin deyil axı. İnsanlığındır, İnsanlığa bağlıdır. Ocaq insana bunları tanıdır. Ona münasibəti doğruldur. Əgər Ocaqçı Ocaqda ola-ola özünə bu soruları verib, onlara cavab tapa bilmirsə, bu özüylə döyüşün getməməsinə misal ola bilər. Mən hər zaman vurğu eləmişəm, bir daha vurğu edirəm, mənim üzərimdə məişət hökmü yoxdur. Çalışmışam, ev də tikmişəm, ortam da yaratmışam. Ancaq heç bir anda mənim üzərimdə məişətin hökmü olmayıb. Mənim içim həmişə elə Soylu olub. Ocaqçının da qarşısında duran tələb odur. Mərasimdən-mərasimə, tədbirdən-tədbirə Soylu olub, buradan çıxandan sonra, gedib qaranlıq olaramsa, Asif Atanın işini dərk edə bilmərəm. Yeridə bilmərəm, yaşada bilmərəm. Mən içəridə bütövləşmək deyəndə onu gözə alıram. İçəridə bütövləşmək gərəkdir. Ən çətin məqamda belə. Əgər biz dərk eləyiriksə, bədən ölümlüdür, insanlıq ölümsüzdür, onda nala-mıxa vurmaq nə demək? Dərk eləmək nə deməkdir, dərk eləməmək nə deməkdir? Dərk eləmək o deməkdir, mən bədənin ölümlü olduğunu bilə-bilə, ən çətin anda belə, hər şeyə “əşşi” demirəm. Səfalət üstümüzə gəlir. Aclıq üstümüzə gəlir. Ən ağır, çətin həyat ortamı üstümüzə gəlir. Hamının üstünə gəlir. Nəfəs almağa imkan verməyən bir gediş. Bu gedişdə indi gəlin Babəkin böyüklüyünü dərk edək. Toplum başını qaldırmağa imkan tapmır. Gözündən hər şey düşür. Bu söhbətin gözəlliyi də sanki unudulur. Dediyinin gözəlliyi, hər şey unudulur birdən. Ancaq Babək doğranırdı, Azərbaycan deyirdi. Son nəfəsində Azərbaycana sevgi sunurdu. Ancaq məişət bir balaca bizim qulağımızı buran kimi, başlayırıq fəryad qoparmağa, ay aman, bu elə getdi, o belə. Nə amal, nə Ocaq, nə filan. Qoy bir az da həyatımı yaşayım… Həyatı sənin əlindən alan yoxdur, səni həyatın əlindən almaq istəyirik. Yoxsa həyatı kim sənin əlindən alır ki? Bax, bu mənim düşündüklərim, yaşantılarımdır kamilləşmə yönündə.
Xalqlaşma işi ilə bağlı bir neçə kəlmə deyim, çünkü mən görürəm danışsam, uzanacaq. Ötən Ailə Günündən bu yana bir neçə məsələni, faktı vurğulamaq istəyirəm. Baxmayaraq, mənim hər sözüm, işim olanda bir-bir Ocaqçıların az qala hamısına zəng edib deyirəm. Mən bu ay Borçalıda səfərdə oldum. (Ondan öncəki məqamlara toxunmayacam. Mərasimdə demişdik). Yaxşı işlər gördüm. Yaxşı işlər nədir? – Mənim üçün yas mərasimi, amansız səslənsə də, auditoriya oldu. Yas da ünvandır. Düzdür, toy son vaxtlar, söz demək üçün, elə də ünvan olmur. Çünkü toyda gedirsən söz deyə bilmirsən, həşirin içində nə söz deyəsən?! Ancaq yasda yenə imkan tapır adam söz deməyə. Təəssüf, toy tamamilə həşirə çevrilibdir. Biz “Beşikbaşı” Törəni keçiriləndən-keçirilənə toyda iş görə bilərik. Yoxsa belə hansısa toya çağırılanda söz demirəm, ona görə toylara getmirəm. Yenə qabaqlar gedirdim, bəlkə bir söz dedim, necə deyərlər, bəlkə bir addım atdım. İndi o yoxdur, ancaq “Beşikbaşı” Törəni olanda gedərik. Onu da deyim, gələn ay “Beşikbaşı” Törəni olacaq, ona da hazırlaşaq.
Borçalıdakı yasda mən üst-üstə bir çox adamlarla söhbət etmişəm, bəlkə də 80 adam məni dinləyib. Çox sorularına cavablar verdim. Ən çox, əlbəttə, qonu din qonusu olub. Ruhaniyyat qonusu olub. Yas yeridir. Sonra ölüm, ölməzlik qonusu olub. Nə demək, insan yaşadı, öldü, getdimi? Toplumun durumu, vətənin durumu, yəni demək olar, bütün qonulara toxundum. Ordan gələndən sonra burda qohum evinə getmişdim, 7-8 adamla gərəkən qonularda söhbətlər aparmışam. Qohumlar heyrətlə, maraqla dinləyirdilər, hətta məndən kitab istədilər. Söhbət heyrətləndirir adamları. Ağlını, gözünü açır.
Sonra bireysəl görüşlərim olur, bunu da sizə demişəm. Bunun üzərində vurğu eləmədən keçirəm başqa məsələlərlə bağlı bir neçə kəlmə deyim: Günevin dediyi məsələ ilə bağlı məsələyə aydınlıq gətirək. Ocaq Yükümlüsünün uğurlama məsələsi. Əslində mən bir ailədəyəm, “Atagün” Ailəsindəyəm. “Atagün” Ailəsindən başqa da “Ulufərəh”, “Uluyol-Hünər” Ailələri var. Ocağın qurallarına görə biz həmişə Ailə Günü keçirərkən, Atanın sözünü, uğurlamasını alırdıq. Bu gələnəkdir, Atanı təmsil elədiyimizə görə, özəlliklə, Ocağın Yükümlüsü Atanı təmsil elədiyinə görə, o, Atanın sözünü, uğurlamasını Ailələrə yönləndirməlidir, yön verməlidir. Biz son çağlar, demək olar, bir yerdə Ailə Günü keçiririk. Ona görə o gələnəyi, o yazılışı biz ordan çıxarmırıq, qüvvədə qalır. Yəni mən bir Ailədə varam, o biri Ailələrdə yoxam, bunu Ailə Günlərində deməliyəm. Ocağın quralını yaşatmaq gərəkdir. Çox ciddi məsələdir, Ailədə olanlar var, Ailəyə yeni gələnlər olacaq, onlara yön vermək, söz demək, uğurlamaq gərəkdir.
İndi bir iki kəlmə də Elana bacımızın sözü ilə bağlı demək istəyirəm. “Sözü deməyə savad gərəkdir” deyir. Ocaqda savad danışmır, Ocaqda ürək danışır. Əgər savad danışsaydı ruhaniyyatda, onda Dünya çoxdan ruhaniyyatlaşardı. Savad ayrı şeyi deyir, ayrı söz deyir. Ocaqda ürək danışır, duyğu danışır, sevgi danışır, idrak danışır. Ocaqçı başqa yönlərdən savadsız ola bilər. Ocaq yönündən biz biliksiz deyilik. İllərlə Ocaqda olan Ocaqçımız, hətta özünü passiv sayan Elana bacımız Ocaq bilgisindən qıraqda deyil. Özünüz də deyirsiniz, qırağa çıxanda topluma dərs deyirsiniz. Bu nə deməkdir? – Bu o deməkdir, Ocaq bilgisi oturub içəridə. Əlbəttə, yetərlənməmək gərək, az saymaq gərək, bu ayrı məsələ. Demirəm, biz hansısa bilik əldə etmişik o bəsdir, bəs deyil.
Bir də Güntayın məsələsi ilə bağlı da deyim. Deyir, evimizdə belə var, elə var, münasibət-filan. Günev deyir, sizin evinizdə ruhaniyyat var. Yəni Günev sizin evinizdə qanacaq, mərifət görür. Ona görə deyir. Qanacaq, mərifət də Ruhaniyyata özgün olan, yəni insanlığa özgün olan keyfiyyətdir. Ancaq, bir var ailənin qonaqsevərliyi, qonaqsevərlik keyfiyyəti, bir var ruhaniyyatsevərlik keyfiyyəti. Ruhaniyyat başqa şeydir. Bu bir əqidədir. Bu, elə-belə insanların, mənəvi, ruhsal insanların qonaq gəlməsi, davranması deyil. Ona görə gözə almaq gərəkdir, sənin də, mənim də, başqasının da evimizdə qonaqsevərlik özünü göstərə bilər. Bu bizi aldatmamalıdır. O anlamda, biz hər şeydə ölçüyə dayanmalıyıq, hər şeyi hesaba götürməliyik. Hər bir məsələni hesaba götürməliyik. Qonaqsevərlik bir yerə qədər olur. Günlərin bir günü bizim evlərimizin içində, əgər tədbirimizin gəlişinə, balaca bir əngəl görəriksə, bundan da çaşmamaq gərəkdir. Yəni belə şeylər gözləniləndir. Çünkü Ocaq yükdür, Ocaq davamlı mübarizə yoludur, sıradan bir yaşam deyil. Bu mübarizə yolunun ağrısına, acısına, yükünə, sözünə, addımına evlərimizin içi hazırdırmı, deyilmi? Hazırdırsa, səninlə bir yerdə gedərdi, yükün altında olardı. Yükün altında deyilsə, mütləq gözə almalısan, onları çox da yükləyib yormamalısan. Yəni hesaba almaq gərək, bu cür münasibətə getməmək gərəkdir. Buna təbii baxıram. Çünkü yenə deyirəm, insanlar, çoxluq baxımından özünün sıradan həyatını yaşamaq istəyir. Heç kim mənim ağrıma, acıma, çalışmalarıma ortaq olmaq istəmir. Ortaq olmaq istəyənləri biz bura gətiririk. Ortaq olmaq istəməyən də öz evindədir, öz işindədir. Bax, biz bunu bu cür gözə almalıyıq, bilməliyik.
İndi isə qonu ilə bağlı bir neçə kəlmə deyim. Bizim ikinci qonumuz ki, Ruhaniyyatçılığın başqa toplumsal çalışmalardan (siyasi, dini, ideoloji yönlərdən) fərqini, üstünlüyünü konkret faktlarla izah etməli. Burda bir söz də artıra bilərdik, Ocaq Ruhaniyyatçılığının başqa toplumsal çalışmalardan fərqi, üstünlüyü konkret faktlarla necə özünü göstərir?! – Siyasətdə istənilən nədir? Bax, siyasi çalışmanın içinə gələn insanlar. Demək olar, 99%, çox az hallarda olar onun içində 1% o istəklərə tamah salmasın. Ancaq əsasən siyasətdən istənilən görəvdir. Siyasətdən istənilən maddi rahatlıqdır. Siyasətdən istənilən toplumsal, yəni ictimai şöhrətdir. Əsasən bu istənilir. Dində istənilən nədir? – Dində istənilən yenə də maddi olandır. Rahatlıqdır. Baxın, siyasətdə istənilənlə bunda istənilənin arasında ayrıntı yoxdur. Sadəcə olaraq, biçim fərqi ola bilər. Ancaq anlam fərqi yoxdur. Dində də insanlar maddi firavanlıq, rahatlıq istəyir. Yaşamaq, dolanmaq istəyir. Kef istəyir. Bunun başlıca yönü cənnət istəyidir. Cənnət istəyən axı millət istəmir, İnsan istəmir. Cənnət istəyən kef istəyir, rahatlıq istəyir. Ona görə də Allaha yaltaqlanır. Allaha sevgi sunmur, yaltaqlanır. Allahdan özünə hakim obrazı düzəldir. Allahı hakim qismində görür. Allaha, konkret olaraq, ona ortam yaradacaq, ona nəsnələr verəcək imkanlı, səlahiyyətli bir qüvvə kimi baxır. Allaha yaltaqlanan insanın vətən sevgisinə, insan sevgisinə inanmaq olarmı? Mümkün deyil. Bütün insanlar dində, ən mömün sayılanı belə, ən yetkin sayılanı belə, baxın, hamısının umacağı var. Niyə sən hər şeyi Allaha hesablayırsan? Özü də hansı Allaha. Bir var dünyanın Mənasına, biz yanaşan. Bir də var, göylərin sulatanı, hökmdarı Allah. Niyə sən hər şeyi Allaha hesablayırsan, ona yönəldirsən münasibətini? Nədən? Dünyadan uzaqdakına, insandan uzaqdakına, səndən ayrılmışa münasibət bəsləmək, ona ibadət etmək, ona səcdə sunmaq (əgər səcdə demək mümkünsə ona) nə üçündür?! Axı bunun yerdəki, yanındakı insana dəxli yoxdur. Axı bunun vətənə dəxli yoxdur. Bütünlüklə ona hesablanıb, O, məni cəhənnəmdə əzab-əziyyətə uğratmasın. O mənə kef ortamında yer ayırsın. Hansı dindarı dindirərsən, ən mömünü belə, sənə münasibətdə özünü ağıllı aparır, sənə münasibətdə özünü saf aparır, filan aparır. Onun belə münasibəti səmimi deyil. Sənə özünü doğma göstərir, Allaha xoş getsin, orda yerimi dəyişik salmasın. Hamısı odur. Ona görə səmimi deyil münasibəti. Onun üçün heç vətən yoxdur. Vətən məsələsi də onun üçün belədir: Allah dünyamızı qorusun, vətənimizi, millətimizi qorusun, dava-şava olmasın, uşaqlarımız da ölər birdən. Gəlib onun bir ucu da mənə toxunar… Səmimi deyil. Ona görə Ata ölçü yaradır, ölçü verir. İnsanlıq ölçüsü verir, hər şeyə doğru qiymət verir. Hər şeyi doğru tanı, doğru dərk elə, doğru yanaş. Bu ölçüdən başqa ölçülərlə sən sapırsan.
İdeoloji mübarizlərin çağırışlarına baxın, mübarizəsinə baxın. Onları bəlli ölçüdə anlayıram, bəlli bir biçimdə qəbul da edirəm. Ancaq yenə söhbət gedir bütövlükdən. İdeoloji mübarizlərin hədəfi nədir? – Hakimiyyətin idarəetməsi dəyişsin. Ən yaxşı halda budur da. Söz yox, yaxşıya doğru arzulayırlar. Ona görə deyirəm, bəlli şeyləri qəbul edirik. Hakimiyyətin idarəetməsi dəyişsin, toplumun təşkil olunmasını formalaşdırsın, biçimə salsınlar. Toplumun təşkil olunması nə deməkdir?! – Toplumun iqtisadiyyata münasibəti. Ya da iqtisadi münasibətlər. Burda insan yoxdur, insanlıq məsələsi yoxdur. İnsanlaşma məsələsi yoxdur. Hər şeyi qanunla, hər şeyi ideoloji amillərlə yoluna qoymağa çalışırlar. İnsanın içindəki iradə ilə, insanın içindəki ruhaniyyatla, insanın içindəki insanlıqla yoluna qoymaq ayrı şeydir. Bu yoluna qoya bilər hər şeyi. İnsanın özünə inana bilərsən, o yoluna qoya bilər hər şeyi. İnsana icra etdirməklə yox. İdeoloji mübarizələr insana icra etdirir. Sən görəvə gəlirsən, bunu icra etməlisən, belə etməlisən. İnsan içindən dəyişmir. Çölündə icra edir, ona görə zaman-zaman bu gedir, o biri gəlir. Ancaq insanın özünə dayansan, insanın özünə bağlansan, bu, heç olmasa 1000 il gedəcək. Ona görə Ocağımızın hər bir işi ciddi qiymətləndirilməli, ciddi dəyərləndirilməlidir, ondan möhkəm tutmaq gərək. Onu gözünə təpmək gərək, onu ürəyinin anlamına qatmaq gərəkdir, bundan o yana yoxdur. Nə həqiqət var, nə Allah var, nə yer var, nə göy var, nə insan var bundan o yana. Hara baxırsan, hara gedirsən get, gəlib dirənəcəksən bu bayrağa. Ona görə yaşasın Ata! 38-ci ilimiz qutlu olsun! 39-cu ilimizə böyük hünərlərlə, böyük sevgilərlə, böyük sevinclərlə gedək. Yeni Ocaqçılarımız da böyük əməllər sərgiləsin, böyük-böyük fərəhlərə yüksəlsinlər. Onda görəcəksiniz, Ocağın içində az sayda insanların hikməti, həqiqəti nə deməkdir. Dünyada, özünüz görürsünüz, qıraqda yekə-yekə adamların, yekə-yekə elmi gedişlərin, elmi texniki gəlişmələrin heç biri Ocağın dediyi bir vergülü belə demir, eləmir. Nə demir, nə də eləmir. Ona görə də Ocaq ürək işidir. Ocaqla yüklənmək, Ocaq biliyinə yüklənmək bəsdir, dünyaya öyrətmənlik edəsən, dərs deyəsən. Bizə fizikadan dərs deyə bilərlər, biologiyadan dərs deyə bilərlər, ancaq bizə insanlıqdan, dünyalıqdan, ruhaniyyatdan dərs deyə bilməzlər. Bizdən öyrənmək doğrudur. Burda yekəxanalıq yoxdur, ləyaqət var.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın bayrağını öpürəm.
Atanın Evladlarını da öpürəm.
“Qutsal Oxuma”da Asif Atanın “Mütləqə İnam” Bitiyindən “Mütləqlə Görüş” yazısı oxundu.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Ailə Günü bitdi.
Köçəri Ayı, 38-ci il. Atakənd.
(fevral, 2017. Bakı.).