Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 24 Od Ayı, 38-ci ildə (iyul, 2016) Xızı dağlarında “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin Ailə Günü keçirildi. Öncə törən quralları yerinə yetirildi, sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: İstəyirəm özümün ruhsal halımdan, işimdən danışım. Ay içində 4-cü bitiq “Fəlsəfənin Təməl”ini oxumuşam. Soylu Atalı mənə Atatürklə bağlı kitab vermişdi, onu da oxuyuram. Atatürkün mübarizəsini Türkiyədəki son olaylarla tutuşdurdum. Şəxsiyyət ömrünün, mübarizəsinin fərqini özüm üçün aydınlaşdırmağa çalışdım.
Atanın “Təməl” kitabında belə bir fikri var:
“Təməlsizlik qururlar.
Dünyasızlıq, Həyatsızlıq, İnsansızlıq qururlar.
Mənasızlıq Fəlakəti qururlar”.
Bu fikri düşündüm. Hər bir insanın ömrünün qurduğu bir təməl var. O təməli ortadan götürəndə dünya da gözdən düşür, həyat da. Təməl uçurulanda fəlakət baş verir.
Hər bir təməlsiz olay Dünyanı, Həyatı insanın gözündən salır. Din insanı dünyaya, həyata yadlaşdırdı. Elm də kəşfləri ilə dünyanı, həyatı insana doğmalaşdırmadı. Mənasızlaşan dünyaya yiyəlik etmək duyğusu yox oldu.
Bütün olaylar dünyanın hara gəlib çıxdığının göstəricisidir əslində.
xxx
Ata deyir artmayan azalır. Azalmaq, yəni geriyə dönmək. Bu deyim insanların ömründə də özünü doğruldur, millətin ömründə də. Millətə, insana baxışı, eləcə də, idraki yönü artmayan insanların gələcəyi yoxluqdur.
Bu gün insanların tapındığı din fəlakətli yoxluğa gedişdir. Biz onu gerçək olaraq Türkiyənin timsalında görürük.
xxx
Dindar başqasını – onun kimi olmadığı üçün günahkar sayır. Ona görə fərqli yol tutanı öldürməyi günah saymır.
Yalnız İnsanlığı qorumamaq, yiyəlik etməmək günahı var adamın, başqa günahı yoxdur.
xxx
Adam dinçiləşdikcə millətin gələcəyi də dinin təcavüzünə uğrayır.
xxx
Həqiqətin, Ədalətin, Xeyirin gerçəkləşməsinə həsr olunan ömür qutsallaşır. Tarixin olaylarından, zamanın məhdudluğundan üstün olur.
xxx
Həyat adamların ömrünü özünə uyğun biçimə salır.
Amalçılar ömürlərini ruhsal biçimdə qururlar.
xxx
Adam öz fiziksəl ömrünün keçiciliyini bilir. Ancaq yenə də ömrünü anlamsız olaylara, gedişlərə xərcləyir.
Adam keçicilikdə yaşadığını bilə-bilə keçiciliyi ötmür, ötə bilmir, ötməyi ağlına gətirmir. Əzəliliyi, Əbədiliyi dərk etmək gərəkdir. O zaman keçici ömrü əbədi olaylara həsr eləmək istəyi və həsrəti artar. Keçiciliyi Əbədilik həddində dərk eləmək olur, qiymət vermək olur. Var olmaqla mövcudluq arasında fərq də bu anlamda dərk olunur.
Əslində adamın içində var olmağa imkan var. Sadəcə anlamı anlamaq, həqiqəti anlamaq gərəkdir. Anlamsız olaylarda da adamın özünü ifadə etmək iradəsi aşkarlanır. Ancaq ruh bötövləşməyincə – inam, idrak, mənəviyyat, iradə əməli olmayınca həyata keçirilən əməllər insanlığı deyil, adamlığı ifadə edir.
xxx
Cənnətə həvəsləndirməklə adamlara öldürməyi, ölməyi sevdirmək istəyirlər dinçilər. Cənnətdə varlığın necə olacağını bilmirlər. Bilmədiklərinə çağırırlar, dünyanı gözəlləşdirməyə çağırmırlar, ona görə də bu dünya fəlakətlərlə dolur.
xxx
İnam – özümlüyü təsdiq edir, var edir, yaşadır. Özümlükdə millilik var, bəşərilik var.
İnamsızlıq – özgəliyi ifadə edir, özgəliyi yaşadır. Milliliyə, bəşəriliyə yadlaşdırır.
xxx
Özümü yaratdığım günlərim bayramdır. Əməlim, düşüncəm var olmağımın təsdiqidir. Amalın verdiyi, yaratdığı olanaqlar məni həyatın dar qəlibindən çıxarır, sonsuzluğa, əbədiliyə yetirir. Ömrün sabaha qovuşması bu deməkdir.
xxx
İnsanlığa bağlılıq ömrü dirildir, qurur, doğruldur, ölümsüzləşdirir.
Allaha mücərrəd bağlılıq ömrü yoxluğa aparır.
xxx
Dünyanın gedişi, Yurdumuzun mənəvi durumu və Ocaqçılıq çalışmalarının önəmi.
Son zamanlar xəbərləri izləyəndə ürəyim ağrıyır. İstər Türkiyədə, istərsə də başqa ölkələrdə “Allahu-əkbər” sədaları altında insanları öldürürlər, kitabları yandırırlar. “Allah böyükdür” deyə-deyə Allahı da, dünyanı da, həyatı da gözdən salırlar. Əgər Allahın böyüklüyü adam öldürməklə bağlıdırsa, o Allah heç nəyə və heç kimə gərək deyil. Dəhşətli bir mənzərə yaranıb.
Din hər zaman siyasət ağalarının əlində araç olub. Ona görə də eybəcərlik getdikcə çoxalır. Bu səbəbdən də həyatın uçurum olduğu daha aydın görünür.
Yurdumuzun mənəvi durumu bu gün dinçiləşməklə, Avropalaşmaqla bağlıdır. Elə qarışıq, ziddiyyətli durum yaranıb ki, gələcəyə ümid azalır adamlarda.
Ocaqda isə ümid var. Çünkü hər cür özgələşməyə qarşı dirəniş təpəri, azadlığı yaşanır Ocaqda. Özümlük – sabahın arınması və qorunması deməkdir.
Hər cür cəfəngiyyata qarşı Həqiqətçi kimi özünü yetirmək və yaşamaq xoşbəxtlikdir. Zamanın, cəmiyyətin, dinin etkisində yaşamamaq, onlardan yüksəyə qalxmaq xoşbəxtlikdir. Üzdən gəlişməylə deyil, içdən gəlişməylə qurulan ömür xoşbəxtdir. Bu xoşbəxtlik ömrümüzdən yörəmizə yayılır. Əməllərimizdən görünür. Əməl inandırır, sevdirir. Çünkü insanlıq yönündə gerçəkləşən ömür həqiqəti, ədaləti təmsil edir.
Dünyanın, yurdumuzun gedişinə baxanda Ocağın fərqini daha yaxşı görürəm. Nə qədər ki, ömür həqiqətə həsr olunur, ədalətə həsr olunur, ədalətə yiyəlik duyğusu yaradır adamda.
Həyatda üzləşdiyimiz hər bir antiinsani olay ağrı verir. Ancaq nikbinlik yaranıb içimdə, əgər Ocaq varsa, mənim ömrüm qurulacaq, o yol davam edəcək. Yol xalqı sabaha aparır, sabaha ümid qırılmır.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Günev Atalı (Ataya səcdə edib bayrağı öpür – Ü.A.): Ailələr bir yerdə Ailə Günü keçirəndə həmişə zənginlik olub. Çünkü hər kəsin amallaşması, xalqlaşması yönündə fikirləri səslənir. Hamı bundan bəhrələnir. Eyni halda görürük ki, Asif Ata Ocağı hara qədər irəliləyir.
Mənim Amallaşmam: – “Mütləqə İnam” Bitiyini oxuyub qurtardım. Onu sistemləşdirib, yığcam şəklə salmışam, özümün ifadələrimlə hesabat verəcəm. “Mütləqə İnam”ı başa vurandan sonra ikinci qutsal bitiyi – “Mütləqləşmək – Var olmaq” bitiyini oxumağa başladım.
“Mövcudluq”dan
İnsani Dünya
İnsani dünya insaniləşən dünyadır. Təzələnən dünyadır. Maddiyyat ruhaniləşir, təbiət Mütləqləşir. İnsani məna ruhani mənadır. İnsaniliyin meyarı madiyyatdan yüksəyə qalxmaqdadır. Maddiyyat qanunları ilə yaşamaq insanı nökər etməkdir. İnsaniliklə ruhaniliyin ziddiyyəti insanın həyatına mürəkkəblik gətirir. Gerçəklikdə dünya mənimsənilir. Bu ümumi canlılara xas olan cəhətdir. İnsanların başqa canlılardan fərqi bu yadlığı aradan qaldırmaqdır. Dünya ilə İnsan arasındakı birliyi bərpa etməkdir.
İnsan özümləşmədə dünyanı təsdiq edir. Özümləşən – balaca mənin zülmündən xilas olur. Özündəki yadlığı aradan qaldırır. Özüylə doğmalaşır.
İçində yırtıcılıq, şəhvətpərəstlik, pul, ağalıq, hərislik, fatehlik, xudpəsəndlik, şöhrətpərəstlik, zor, xülya, hakimiyyətpərəstlik, maddiyyatpərəstlik, varidatpərəstlik, hərcayilik gəzdirən quldur. İnsan bu sifətləri içindən silir və bunların zülmündən xilas olur. Özünə doğmalaşmanın yolu özüylədöyüş olur. Təklikdə, tək qaldığı məqamda baş verən döyüşdə insan balaca məninə qalıb gəlir.
Yadlıq gerçəklik səviyyəsində sarsılır, ancaq məhv olmur. Kamilləşmənin səviyyəsi nisbi səciyyə daşıyır, məhdud olur. Gerçəkliyin məntiqindən qırağa çıxmaq, Mütləqin qanunları əsasında yaşamaq, özümləşməinin tələbidir. Özümləşən gerçəkliyi ötür, mütləq mahiyyətə yetir.
Təbiət Mütləqin təzahürü, müqəddəsliyin təsdiqi, ruhaniliyin ifadəsidir. İnsanın təbiətə nisbi münasibəti onu mənimsəmə obyektinə çevirir. Üzərində ağalıq yaranan, yadlıq əlaməti gətirən, təbiəti mənimsəyən əslində təbiəti itirir. Dağa, meşəyə, torpağa, çaya ruhani deyil, mənimsəmə, faydalanma münasibəti – onun ülvi mənasını itirir, ehtiyacın ödənilməsi, onun ruhani keyfiyyətlərinin qurban verilməsi ilə başa gəlir. Bu da insan həyatının faciəvi cəhətlərindən biridir. Təbiətə ağalıq onu ülviyyətdən ayırır, səcdədən məhrum edir. Təbiətə səcdə insani mahiyyətə səcdə deməkdir. Təbiətin insan ağalığından xilas olması, özümləşməsi insaniliyin ali təsdiqi olardı. İnsanla münasibətdə təbiət nisbi özümləşməyə qadirdir. Özümləşməyə insanın cismaniliyi mane olur.
Kamilləşmə ilə bağlı. Mən xalqın içinə girdikcə, xalqın xeyrində-şərində, lap adi toplantılarında, yol gedəndə, yol gələndə yol adamları ilə söhbətdə, hüzür yerlərində dinləmələr olur. Bu söhbətlərdə birinci növbədə öyrənirəm mən. Həyatda dəhşətli səviyyə insan yarandığı gündən bu günə qədər gəlibdir. Tarixdə tək-tək adamlar bu gedişə qarşı çıxıblar. Ancaq bununla belə uğurlu sonuc yoxdur, insan o deyil. Toplum qiymətləndirir Nəsiminin fədakarlığını. Ancaq özü zərrə qədər Nəsimi ola bilmir, hanı bunların etkisi?!
Öyrənirəm ki, bu xalq hansı durumdadır. Tək-tək üzünü yaxşı fikirlərə, ali ideyalara tutan insanlar var. Onların varlığı həmişə mənə güc və fərəh verir. Elə sevinirəm ki, elə şəxslərlə görüşəndə. Elə bilirəm ki, daha arzuma çatıram. Həmin adamlarla münasibətimdə müəyyən qədər arzum təmin olunur. Amal uğrunda yol getmək budur, gözəllik uğrunda çalışırıq. Bura gəlmək də elə-belə deyil ki, bu dağların qoynunda haraylar yaranır. Evimizdən çıxırıq insanlıq naminə, qutsallıq naminə, əyilən dünyanın düzəlməsi naminə, pozulan nizamın qaydaya düşməsi naminə. Bizimlə bir yerdə çıxanlardan kimsə, lap elə özümüzdən kimsə ola bilər fərqinə varmasın, nələr baş verir. Ancaq elə ki, məsələnin etkisini mən görə bilirəm, deməli, mənim kamilləşmə səviyyəm var burda.
Mən bunları görürəm, ucqar bir kənddə, mətbuatdan aralı, heç televizora baxmıram da, ancaq bunun etkisini görə bilirəm. Mən öz kəndimi, Beyləqanın qıraq kəndlərini ki gəzirəm, mən 27 il bundan qabaqkından çox dəyişiklik görürəm. Bunu adi həyat adamı hiss edə bilməz. Nə qədər avamlıq varsa da, nə qədər din dağıdıbsa belə, nə qədər siyasət durumu başqa səmtə çəksə də Ocağın varlığından doğan fərq var.
Bəllidir ki, bütün dünya siyasətin üstündədir. Bu onun, o bunun uğurunu əlindən almağa çalışır. Böyük müharibələr hamısı bunların səbəbinədir. Bu xalq o xalqın əlindən almaq istəyir, bu fərd o fərdin əlindən almaq istəyir. Kapitalizm də bunu artıran bəladı, bütün ölkələri bürüyüb. Ancaq dediyim kimi, Ocağın işığı gözlərə düşməkdədir.
Mən həmişə kamilləşməmdən razı qalıram. Xalqlaşmam da yaxşıdır.
Anamın yasında mollanı ləğv elədik, şahid oldular ki, belə də mümkündür. Belə də söz demək olar. Bu da ki yayılmaya bilməz toplumun içində. İş o yerə gəldi, artıq mənim anamın yasından sonra ikinci yerə məni çağırdılar ki, söz deyək. Molla çağırmadılar. Mən də getmişəm, Ocaq yönündə fikirlərimi demişəm, burda yaxşı suallar yarandı, fikrimi tam çatdırdım.
Xalqlaşma işim çox yaxşıdır. Özüm eşidirəm, Ocaq haqqında çox söhbətlər gedir. Münasibət daim yaxşılığa doğrudur. Bu münasibət artıq dərinləşir. Bu məni qanadlandırır, Asif Ata Ocağı artıq görünür.
Mənim evimdə də söhbətlər olur. Yardımlının Vərdəgüz kəndində Asif Ata 12-ci ildə görüş keçirmişdi. O etki oralarda nə cür yayılıbsa, atası o görüşdə olan adam din haqqında, Azərbaycan haqqında fikirlərini aydınlaşdırıb.
Soylu Atalı: Maraqlıdır ki, 26 il bundan qabaq olan bir görüşün etkisi xalqın içində necə bilinir.
Günev Atalı: Onların uşaqları gəlib indi qulaq asır. Onların uşaqları orda əməlli-başlı işlər görürlər, eləcə də o vaxt görüşdə olanlar.
Müxtəlif ünvanlarda, insanların toplandığı yerlərdə sözümü demişəm. Həmişə harda oluramsa, qonu özü gəlib tapır.
Gediş yazısında qoyulan qonu bu danışdıqlarımızda var. Dünya dindən çox siyasətin yaşadığı dünyadır. Dinin özünü siyasət yönəldir. Çünkü din İnsanın qutsal duyğularını oyada bilmədi. Onu qəfəsə saldı. Başının üstündə Demokl qılıncı asdı. Allah səni güdür, sən ondan qaça bilməyəcəksən. Hətta Allahı dərk eləmək istəsən belə, o qılıncı sənin başına çəkəcək. Bu baxımdan dünyanın gedişi çox acınacaqlıdır. Bütün bu sunamilər, ozon qatı məsələsi, hamısı insansızlığın yaratdığı əlamətlərdir. Bütün bunlar dünyanın çöküşünə gətirib çıxarır. İnsanlar əlini özündən üzür, insanlıq heç nə olur. Bəzən düşünürəm ki, məhv olardım Ocaqda olmasaydım. Ömrü mənalı işə həsr edəndə mənalanır. Ömrü ideallara verəndə uca olur. Onda böyüklük gəlir ömrə, öz gözündə ucalırsan. Adilik insanı xəsətəliklərə aparıb çıxaran bir yoldur. Çünkü etiraz var, həm də heç nə eləmirsən. Bu durum adamı əsəbləşdirib öldürə bilər. Bu baxımdan mən Ocaqçılıq işini yüksək qiymətləndirirəm. Ocağa üz tutub, Ocağı dinləyənlərə xüsusi sevgim var, o qədər doğmalaşıram, duz kimi gəlir o mənə. Ocağa üz tutmaq mənə üz tutmaq məsələsi deyil, gözəlliklərə meyil etməkdir.
Atamız Var olsun!
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə.
Mənim bu ay halım yaxşı olub. Qusar rayonuna səfər elədim, görüşlər keçirdim, söhbətlər apardım. Ancaq ümumən insanların halında yadlıq gördüm. İnsanların üzündə, davranışında özlərinə qarşı yadlıq gördüm. Mən özümü Azərbaycanın bölgəsində hiss etmədim. Azərbaycan ruhu hiss olunmurdu. Düşünürəm ki, sınıra yaxın olanda öz kökünə yadlaşma daha çox olur.
Quba bölgəsində də söhbətlər elədim. Səfərlər adamın içini yaxşı tərpədir. Səfərdən qayıdanda Soylu Atalının kitabını oxudum, Atanın kitabını oxudum, halımı nizamlayıram, sözümü cilalayıram. Çalışacam səfərlərimi davam edim. Ehtiyac var içimdə bunu eləmək üçün.
Atamız Var olsun!
Soylu Atalı: Od Ayının 24-ü Xızı rayonunun təbiətində Asif Ata Ocağı Ailə Günü keçirir. Bu Ailə Günündə söz deməzdən öncə Ataya səcdə qılıram.
Bu gün mənim Ocaq tədbirini təbiətdə keçirmək önərimin nədəni özümün təbiətə münasibətimlə bağlı deyil. Mən təbiət sevərəm. Mən elə yerdə böyümüşəm ki, daim təbiətlə üz-üzə qalmışam. Məsələ ondadır ki, arada bir təbiətin qoynunda olub da duyğuların yenilənməsinə çalışmaq, düşüncələrin yenilənməsinə çalışmaq gərəkdir. Təbiətlə olanda adamda düşünmək olanağı (imkanı) artır. Təbiətə gələndə insanın içi düşüncə havası ilə dolmalıdır. Mübarizəyə köklənməlidir insan. Mızıldamağa köklənməməlidir, mübarizəyə köklənməlidir. Nə yazıq ki, bizim yaradıcılıqla məşğul olan çox adamlar mübarizəyə köklənmirlər, mızıldamağa köklənirlər. Mübarizə insanın öz içində qurulmasından başlayır. Buna görə də insan öz içindən daim yenilənməlidir. Buradan mübarizə əhvalı götürməlidir. Harda olursansa ol, orda yenilənə bilirsənsə, ordan mübarizə əhvalı götürməlisən.
Yenilənmədən başqa, təbiətdə olmaq hər şeyə bir az dışarıdan baxmaq deməkdir. Bu, adama olduqca ciddi yön verir. Ona görə də arada təbiətin qoynuna çıxmaq gərəklidir.
Mənim amallaşma işim, sizə deməliyəm ki, çox zəngindir. Çox fərəhliyəm. O qədər geniş üfüqlər verir mənə. Daha çox düşünürəm, Ocağın ideyalarını bütün dünya nəzəriyyəçilərinin düşüncələri ilə tutuşdururam. Son çağlar buna daha çox meyilli olmuşam. Araşdırıram. Hazırda Bibliyanı yenidən oxuyuram. Məqsədim odur ki, Tanrısal sistemə münasibətin harda yanlış olduğunu, harda qırıldığını aydınlaşdırmağa çalışım. Atanın onu haradan düzəltməyə çalışdığını aydınlaşdırmağa çalışım. Ata nəyi düzəltmək istəyir? – Ata Tanrısal sistemin özünü qurtarmaq istəyir. Hər zaman vurğulayıram, bəşəriyyət Tanrısal sistemdə yanılıb. İnsanın düşüncəsini, varlığını, mənəviyyatını həmən yanlışlıq qarantiya altına alır. İnsan bilmir ki, onun varlığı nəyin qarantiyası altındadır, yaxud bilirsə də, onun yanlış olduğunu bilmir.
Dünyada nizamı, gedişi ruhaniyyat xəttində din yönətir, o biri xətdə siyasət. Din insanın mənəviyyatını qarantiya altına alır, bu qarantiya bütünlüklə yalanlar toplusu deməkdir. İnsan bunu bilmir ki, yalanlar onun mənəviyyatını qarantiya altına alıbdı. Eləcə də siyasət insanın həyatını qarantiya altına alır. Hər ikisinin qarantiyası yalana bağlıdır. Siyasət – olmayan şeyləri vəd edir. İdeal sosial həyat vəd edir. İdeal sosial həyatı vermək üçün öncə ideoloji verməlisən. Nəzəri əsas göstərməlisən. Azərbaycanda bir dənə siyasi təşkilat göstərə bilərsinizmi, onun qurucu, ideoloji bazası olsun?! Mən axtarıram. Məsələn, bu əlimdəki “Borçalı İctimai Birliyi”nin nizamnaməsidir. Harda əlimə nə keçir oxuyuram, görüm bunların harasında aydın xətt var, ideoloji məqsəd var, heç birində yoxdur. Bilirəm ki, yoxdur, ancaq oxuyuram əmin olmaq üçün. Ancaq fəhm edirəm ki, yoxdur. Çünkü dövlət gözümün qabağındadır, dövləti tanıyıram. Dövlətin prinsiplərini tanıyıram, xəttini tanıyıram və bilirəm ki, bu dövlət istənilən siyasi təşkilatın nizamnaməsinə möhür vurmaq üçün onu yüz dəfə ələkdən keçirir. Özünə, yürütdüyü siyasətə uyğun deyilsə, onu qeydiyyatdan keçirmir. Deməli, qeydiyyatdan keçən təşkilatlarda ideal nəzəri baza ola bilməz. Çünkü o səni yönətən hakimiyyətin istəyinə uyğun deyil. Bunu mən bilirəm, ancaq mən yenə də araşdırıb öyrənirəm, kimsə mənə deməsin ki, sən oxumamısan.
Bu, dünyada da belədir. Dünyada ideoloji bazanı axtarıb görəcəksiniz ki, insanı qurtaracaq nəzəriyyə yoxdur. Hər şey ancaq insanı zorlamaq üçündür. Demokratiya boş söhbətdir. Bu sözün altında geniş bir nəzəri əsas qoyulmayıb. Söz azadlığı deyirsən, hansı sözün azadlığı? Ömrü boyu sözlə məşğul olmayan, söz tanımayan biri deyir mənim də öz fikrim var. Demokratiya deyir bunun da haqqı var, bunun da söz azadlığı var. Hansı söz azadlığı var? Bu deyir ki, Freydin nəzəriyyəsi gözəldir. Bu gözəl deyil axı. İnsanı heyvana döndərir, necə gözəl ola bilər?! Ancaq deyir ki, bunun söz azadlığı var, deyir, yaxşı edir. Hər kəs deyə bilər, çağıra bilər. Ancaq azad söz dediyinə əməl edən kimi tutub zindana salırlar. Bu zərərli addımı da həmin söz yetirir. Ona görə deyirəm ki, “söz azadlığı”nın altında heç bir fikir, nəzəriyyə yoxdur ki, görüm, araşdırım bir insan olaraq. Hansı söz azaddır, hansı söz azad deyil. Söz nədir? Demokratiyanın söz azadlığı qarantiyasının altına girirsən, müəyyənliyini də itirirsən. Əl-qolunu bağlayıb zindana qoyacaqlar. Səbəb tapacaqlar, çünkü əsil söz yoxdur, hərcayi söz var, dağıdıcı söz var.
Yaxşı bəs nə olsun? Asif Atanın Sözü bunları yenməyə qadirdirmi? Bunları öyrənirəm, düşünürəm. Dediyim kimi, Tanrısal sistemlə bağlı daha çox düşünürəm. Siyasət Tanrısal sistemin üzərində formalaşır. Əsas əyinti də Tanrısal sistemin özündədir. Bütün əyintilər ordan yaranır, çünkü Tanrısal system, istənilən halda, insanın içi ilə bağlıdır. Bu iç necədir, tanrıya bağlı məsələlər doğrudur, əyridir?! Bəşəriyyət bu çalışmalarla nizamlanır. İç doğru qurulursa doğru nizamlanır, əyri qurulursa əyri nizamlanır.
Tanrısal sistemin tərbiyəsi pozulub. Mən Bibliyanı oxuyuram, yenidən qayıdıram bu məsələləri işləmək üçün. Bunlar Tanrısal sistemdə nə yaradırlar? Tamamilə Allahla insanın arasında oyun. Bu oyun insanın mənəviyyatına hakim olur. Hakim olandan sonra onun atacağı addımlar bəri başdan bəllidir.
Allah ayrı-ayrı seçilmiş insanlarla ünsiyyətə girir. Bütün fiziksəl həyatını necə yaşamaq gərəkdir, onu məsləhət görür. Qalır əlin üzündə. Allah bəşəriyyətə nəzarət edir, seçilmişlərə isə bələdçilik edir.
Bibliyada Allah deyir ki, biz insanı öz surətimizdən yaratdıq. Sonra insanı başlayır dağa-daşa salmağa, ona əyintilər öyrətməyə. Kəndi surətindən yaradıb bunu niyə eybəcər edirsən, niyə qulağını tıxayırsan?! Mən istəyirəm türk insanının beyninə yazılsın, görsün onun tapındığı dinlər nə yaradır: Qulağını tıxamışıq, gözünü kor etmişik, o müşrikdir, o məhvə məhkumdur, gör ona necə cəza verəcik… Bizim ağlımızda oturan Allah obrazı budur. Sən oturub Allaha ibadət edəndə sənin düşüncəndə həmin obraz canlanır və həmin obraza verilən keyfiyyətlər qayıdır sənə. Sənin mənliyini o keyfiyyətlər tərbiyə edir. Bununla da nə yaranır? İnsan Allahın o cür acıqlı davranmasını davam etmək istəyir. İnsan da insana acıqlı davranır. Bu o tərbiyədir ki, insanda qarşısıalınmaz şəkildə kükrəyə-kükrəyə gedir. Millətçilik xəttində İnsan aqressiyaya gedə bilər, ancaq əsil Tanrısal sistemə bağlıdırsa, aqressiya bir yerdə dayanacaq. Tanrısal sistemin özü hüdudsüz aqressiya yaradırsa, insana içində “dur” deyən səs yoxdur. Bu səs Tanrıya münasibət olmalı idi, o da tanrıdan gələn aqressiya sərgiləyir.
Ona gəlib çıxırıq ki, insanda aqressiya baş alıb gedir, insan da, sizin dediyiniz kimi, “Allahu əkbər” deyib bıçağı çəkir o birinin boğazına. Tanrısal sistemin əyrisi gətirib çıxarır bura. Din verib o tərbiyəni, zaman-zaman gəlib bu günə çıxıb. Fikirləşmirsən ki, Allaha dayanıb bəslənilən aqressiya insanın tərbiyəsinə əngəl olur, düşüncəsinə hopur, onun içində mənəviyyat becərmir. Asif Ata deyir insan içində Mütləq gəzdirir. Bu Mütləq Əzəli, Əbədi, Kamil, Sonsuz olan idealdır. O Bəşər övladının axtardığı bütün gözəllikləri özündə saxlayır və onların sirlərini bizə öyrədir. Onların sirlərini öyrədir ki, bu sirlərə vaqif olduqca sən içində böyük mənəviyyat yaradasan. Allah surəti yaradasan içində. Sənin içindən dünyaya nifrin deyil, qan-qada deyil, gözəlliklər axar onda.
İdeala can atmaq bütün dövrlərdə olacaq. Yetər ki, idealı tanıyasan. İdealı tanıyandan sonra onunla bərkiyəcəksən. Bu gün ideala canatma yoxdu, bənzəmə yoxdu. Dağılıb insan. Sabah o ideala canatma olacaq. Dünyanın gedişi bütünlüklə şərdən ibarət olmayacaq. Şər ikinci plana keçəcək, ədalət birinci plana. Ədalət ayrı-ayrı fərdlərin ömründə bütövləşəcək. Yetər ki, onun açarını əldə edəsən. O idealı tanıyasan, dərk edəsən. Asif Ata bizə o idealı öyrədir. Deyir ürəyini o idealla yüklə. Onda sənin ürəyinə, düşüncənə nikbinlik axacaq. Bir ömürdən başlayan nikbinlik dalğası min ömrü qapsayacaq. Demə ki, təkcə mən olmaqla nə olur. Demə. Təkcə sən bu cür olmaqla çox böyük dəyişikliklər olacaq. Bayaq dediyimiz kimi, 26 il bundan qabaq bir dənə görüş keçirib Ata, orda belə bir dalğa yaranıb.
Bu gün insanların dadına nə din yetir, nə siyasət. İnsanın gözü axtarışdadır. Nə qədər ki, onun dadına yetən yoxdur, ona kömək edən yoxdur, o daim axtaracaq. İstəyirsən Allahı gətir oturt böyründə. Bütün məsələ bundadır.
Asif Ata da bunu düşünüb, o idealları tanıdır. Onu həm nəzəriyyə şəklinə salıb, həm həyat sistemi şəklinə salıb. Mən onu daim öyrənirəm, araşdırıram.
Bir neçə kəlmə də özüylədöyüş məsələsi ilə bağlı. Asif Atanın verdiyi kamilləşmə ideyası asan bir şey deyil, mümkünsüz də deyil. Mən ciddi düşüncələrin içinə girdikcə, ciddi oxuduqca, mənim yönüm, səmtim dəyişir. Bu yandan həyat qayğıları mənim yaxamdan tutmağa çalışır. Mən də varam deyir. Bu həyat qayğıları yaxamdan tutanda mən görürəm ki, fiziksəl olaraq, əsəblərimə etki göstərir. Həyat qayğısı məni o xətdən ayırmağa çalışır. Əsəblərimə etki göstərəndə görürəm ki, içimdə aqressiya yaradır. Elə olur ki, o aqressiyanı evdə ifadə eləməli oluram. Bir az ayılandan sonra düşünürəm ki, bu qədər yol gedəndən sonra mən ayrı-ayrı yanlış detallara qayıda bilirəm. Düşünürəm, deyirəm bəlkə bundan çıxmaq heç mümkün deyil, ona görə yenidən ona qayıtmalı oluram. Ancaq bir də qayıdıb onun mümkünlüyünün harda olduğunu öyrənirəm. Nədədir onun mümkünlüyü? Gərək elə köklənəsən ki, ağlın, düşüncən səni başqa səmtə çağıran anda qayıdasan içinə, özünə deyəsən ki, sənin yolun, savaşın nədir. Yoxsa əsəb səni götürüb aparacaq. Mən bu yaxınlarda bunun etkisini gördüm. Özümə kimliyimi dediyim anda sorumluluğum, doğrudan da, ayaqlandı. İnsan özüylə uğraşanda bunları daha yaxşı anlayır…
Xalqlaşmam: mənim fərdi görüşlərim çox olur. Axırıncı dəfə kütləvi görüşüm kollecdə olmuşdu, altımışdan çox adamla. Ancaq fərdi görüşlərdə bütün suallara cavab verməyə daha çox vaxt olur. Elədə insanları doğrudan da inandırmaq olur. Mən əminəm ki, istənilən adam mənimlə üz-üzə oturarsa, mən onu dinləyərəm, o da məni dinləyərsə, onun içində mütləq dəyişikliklər baş verəcək. Yaranır da. Bu, Asif Ataın yaratdığı ideyanın gücündən qaynaqlanır. Mən ideyanın gücünə çox güvənirəm.
Qonumuz haqda deyim: Çalışırlar ki, insan sayının artmasının qarşısı alınsın. Siyasal dünya bir sistem yaradıb, bir nizam yaradıb. Bu nizam insana qarşıdır, qarşı deyil, bu başqa məsələ. Əgər bu nizamı götürüb yaxşı yöndə dəyişmək istəyərsənsə, buna ən azından yüz il vaxt gərəkdir. Səbrlə, ləyaqətlə bu dəyişikliyi gərək qoruya biləsən. Dəyişiklik dünyəvi anarxiyaya çevrilməsin. Dəyişikliyə getmirlər, çünkü bu dəyişikliyin olmaması üçün çalışırlar. Çünkü onlar ağalıq sistemi qurublar. Ağalıq nizamı qırıla bilər. Ona görə də insan sayının artmasının qarşısını alırlar, niyə, çünkü ağalıq sistemini əldə saxlamaq üçün bəlli bir maddiyyat bazası gərəkdir. Ağalığın yaşaması gəlir bazasının üzərində olur. Say artdıqca ağalığın yaşamaq imkanı daralır. Kapitalizm böyük rəqabət deməkdir. Dövlətlərarası səviyyədə böyük rəqabət əsasında ağalıq mərkəzi bir deyil, bir neçə ola bilər, imperiyalar çoxala bilər. Böyük imperiyalar arasında rəqabətdə köhnə imperiyalar çökə bilər. Bunu qorumaq üçün insan sayını azaltmaq gərəkdir. Bunun üçün milyon növdə xəstəlik icad edir, qidaları süniləşdirir (bununla daha çox qazanırlar), udduğumuz havanı belə zəhərləyirlər. Toplumu terrora uğradırlar və s. Açıq şəkildə dünyanın siyasi gedişi antiinsanidir, antibəşəridir.
İnsanlığı sosial həyatla üz-üzə qoyurlar. Dövlət insanı mənəviyyat dünyası ilə üz-üzə qoymalı idi. Demirəm ki, dövlət o funksiyanı özü yerinə yetirsin, yox, insanı nəylə üz-üzə qoyursansa onunla məşğul olur. Biz rəqabətə uyğunlaşmışıq, biz mənəviyyat dünyasına üz tutmuruq, rəqabətə üz tuturuq, bir-birimizlə cırmaqlaşmağa, qoparmağa, özünün balaca sosial həyatını tənzimləməyə. Bu gediş bütünlüklə mənəviyyatın çöküşü deməkdir. Bunların qarşısında qarışqa yerişi ilə Ocaqçılıq çalışması insanlara mənəviyyatı göstərmək çabasıdır. Mənəviyyatı yaşatmağın mümkünlüyünü göstərmək çabasıdır. Bunun həm yaşadıcısı olmaq, həm də təbliğatçısı olmaq çabasıdır. Bununla sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Günev Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı və “Ataya Günorta Ricası”nı deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.
Sonra süfrə başında doğmalaşma söhbətləri oldu.
Od Ayı, 38-ci il. Saray-Soylu.
(iyul, 2016.)