Xəbərlər

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər

IMG_7334Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 26 Qürub Ayı, 37-ci ildə (avqust, 2015) İnam Evində “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə VI “Ailə Günü” toplantısı keçirildi. Gün`ün quralları yerinə yetirildikdən sonra, “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başladı: Bu aykı Ocaqçılığım, Amallaşmam haqqında hesabat vermək istəyirəm. Atanın “Özümlük – Özgəlik” Bitiyini bitirdim, “İnsanilik” Bitiyini oxuyuram. Ocaq əməllərim də bu ay çox olub. Tədbirlər kitablarını çap etmişəm, tədbir kitablaşdırmışam, Atanın Bitiyini çapa hazırlamışam.

Atanı oxuduqa idrakım aydınlanır. O aydınlıqda hər bir şey, hər bir olay, toplum, insan, Ocağın halı, insanın halı ağlımda daha aydın canlanır. Bu baxımdan Atanı oxumaq mənim üçün xüsusi bir aşamadır, hava-su kimi gərəkdir.

Yazılarımı oxumaq istəyirəm:

xxx

Toplum elə hal yaradır ki, ləyaqət ağırlıq edir Adama və Adam ondan qurtulmağa çalışır.

 

xxx

Adamlar uğursuzluqlarının səbəbini bəxtsizlikdə axtarırlar. Uğursuzluqların səbəbini qıraqda axtarmaq  özü uğursuzluqdur. Bəxt, tale, qismət axtarışını aqibəti qurmaq əməli ilə əvəz etmək gərək. Uğur da, uğursuzluq da insanın sorumluluğundadır. Bu sorumluluğu yük kimi çiynindən atmaq yox, fərəhlə daşımaq gərək. Onda uğura yetmək olar.

xxx

İnformasiya bolluğunun basqısı altındadır adam. Atanın “Sədaqət” kitabında ictimai şər deyə vurğu elədiyi fikir var. Məsələn: “Televiziya əsarəti…”  Ata o bölümü indiki çağda yazsaydı yəqin ki, oraya internet və telefon əsarəti sözlərini də əlavə edərdi. Çünkü indiki çağda bunlar adamı elə əsarətə salır ki, ondan imtina eləməyə ağlın gücü çatmır. “Bol informasiya” ağlı düşünməyə də qoymur. Ağlın da yetkinsizliyi və yolsuzluğu informasiyanı necə gəldi qəbul etməsinə gətirir.

Mənim yolum, yönüm var. Mən yolumun, yönümün bəlli elədiyi informasiyanı qəbul edirəm, necə gəldi qəbul eləmirəm.

Elə yolsuzluq da bol informasiya ilə ağlın azmasına gətirib çıxarır.

IMG_7325

 

xxx

İdrak həqiqətə yetdikcə yetkinləşir. Həqiqətin dərki – idrakın yeni aşamasını və olanaqlarını yaradır. Həqiqətə yetmək – İdrakın yalandan, şərdən imtina gücünü yetirir.

 

xxx

Adam özünün köməksizliyini görür, özünə yiyə axtarır.

Adam özünün köməksizliyini dərk edəndə özü özünə yiyə duracaq.

Yəni duyursan ki, təksən, toplum sənə biganədir.

İnsan özü özünə yiyə duranda özünü dünyanın yiyəsi kimi biləcək.

 

xxx

Adam həqiqətdən imtina edir, toplumdan başqalanmaq (fərqlənmək) istəmir. Toplumsa onu öz həddində başqalaşdırır – təbəqələrə bölür.

xxx

Dinin suçu yalnız dinçini avamlıqda, gerilikdə saxlamaq deyil, həm də ondan avamlıq, gerilik uğrunda döyüş tələb etməsidir. Ömrü işğal etməklə – dünyanı işğal etmək azğınlığı yaranır.

 

xxx

Hər quruluş öz “qəhrəmanını” yaratmaq və sunmaqla özünə necə yarınmağın yolunu göstərir. Əsil qəhrəman quruluşdan və zamandan üstündür.

xxx

Hakimiyət özünü adamların şöhrətində, həsədində, rəqabətində, rüşvətində… möhkəmlədir və qoruyur. Ona görə xalq xalqsızlaşdırma gedişinə qarşı bir ola bilmir. Şöhrət hər adamı hakimiyətdən asılı edir. Rüşvət, rəqabət və b.k. həmçinin. Adamın içindəki Adamlıq başqasının içindəki Adamlıqla bir-birinə dayaq durur.

Bir-birindən mənfəət, faydalanma duyğuları ilə deyil, insanlıq duyğularıyla asılı olanda toplumun halı dəyişəcək. Şöhrətdən, həsəddən, rəqabətdən özgür olan xalq hakimiyət basqısından da özgür olmaq istəyəcək.

xxx

Ölümsüzlüklə tutuşdurmada şöhrət necə də balacadır. Ölümsüzlük əbədilikdə yaşayır, şöhrət – toplum və zaman çərçivəsində.

xxx

İnsan İnsanlığına təndir – zora tən deyil, vara, şöhrətə, rəqabətə tən deyil. İnsanlıqdan uzaqlaşan – varlaşan, zorlaşan, rəqabətləşən insan – dəyərsizləşir.

xxx

Gediş – hər halıyla, olaylarıyla təslim etmək üçün hücumdadır. Əməlsizlik, düşüncəsizlik gedişə  təslim olmaqdır. Ona görə “ömründə gedişmi təsdiq olmalıdır, Amalmı?” sorusu ilə üz-üzə qalmamaq üçün hər an Ocaq əməlində, düşüncəsində olmaq gərək.

xxx

Din həyatı, dünyanı adamın gözündən elə salır ki, o, həyatdakılarla, dünyadakılarla döyüşür. Adamın gözündə həyatın, dünyanın dəyəri yoxdursa, onun uğrunda da, onu qorumaq üçün də döyüşməz.

xxx

“Allah qarşısında hamı birdir” sözü adamlar diri ikən deyil, ölü ikən doğrudur. Diri ikən varlı-yoxsul, ağa-qul başqalığı ilə bir-birinə tən olmaq halı yaranmır.

 

xxx

Atanın belə bir fikri var: “İnam Sirri, Sehri inkar eləmir. Dünyanın Dünyalıq Sirri var, Sehri var. Həyatın Həyatlıq Sirri var, Sehri var… İnam Cəfəngiyyat Sirrini, Sehrini rədd edir”.

Bu fikirləri oxuyanda həqiqəti düşünürəm, sonra yeni bir aşama gəlir, sonra daha üstün. Bunun özü elə sirri yaradır, aşkarlandıqca aşkarlanır. Sonra düşündüm ki, dünyanın dərk olunmazlığı sirr yaradırmı?! Dünyanın dərk olunmazlığı sirr yaratmır, elə bil bəlli olmayan qara qutudur. İnsana qarşı inamsızlıq var, sənin idrakın bunu dərk edə bilməz. Heç bir cazibə, sehr yaranmır. Dərk etmirəmsə, heç can atmaram. Ancaq həqiqətə hər aşamada yetdikcə elə bil üfüqlər açılır qarşımda.

xxx

“Tarix təkrarlanır” deyirlər. Çünkü Adam dəyişmir, Adamlıq dəyişmir.

Adam insanlaşanda tarix təkrarlanmayacaq, dəyişəcək.

 

Hakimiyətə yarıyanlar hakimiyəti öyürlər.

Hakimiyətdən yarımayanlar hakimiyəti söyürlər.

Xalq da çaşbaş durumda qalıb.

IMG_7320

“İnam – Mütləqilik üzərində qurulan Aqibət yaradır” – Ata fikri üstə.

Aqibət – ömrün ideyaya həsr olunmasıdır, ideya əsasında qurulması, yaşamasıdır. Hər ideya həqiqət olmadığı kimi, hər aqibət də ruhsallığa, insanlığa yüksələ bilmir. Başqa-başqa inanclar var və başqa-başqa aqibətlər var. Ancaq hansı aqibət həqiqət əsasında qurulur və hansı aqibətdən dünyaya qaranlıq deyil, işıq yayılır? Burada din və inam qarşılığı yaranır. Din qismət əsasında yaranan aqibət verir. Adamı bəndələşdirir, Allahdan asılı duruma salır. Dinçinin özü qarşısında tələbi yoxdur, verilənə baş əymək, boyun əymək istəyi var. Ruhsal aqibət – insanın özü qarşısında qoyduğu Mütləq tələb əsasında yaranır. Həqiqətə yetmək əməli, həqiqətə yetirmək əməli və Həqiqət uğrunda döyüşmək əməli birləşir ruhsal Aqibətdə. Ruhsal aqibət bireyin yalnız öz ömrü ilə bağlı deyil, millətlə, bəşərlə birliyidir.

Özüm üçün yaşamıram, millət üçün yaşayıram. Qurduğum, yaratdığım dəyərlər millətimin gələcəyinə gərəklidir. Nikbinlik yalnız öz ömrümə bağlı yaranmır, həm də aqibətimi yaratdığım yolun millətimdə davam edəcəyinə bağlı yaranır. Əbədilik ölçüsü – millətin sabahıyla bağlıdır. Məndə yaranacaqsa, millətimdə yaranacaq, millətimdə yaranacaqsa bəşərdə yaranacaq və əbədiliyə qovuşacaq dəyərlər.

Aqibət – sevdiklərin üçün döyüşməkdir həm də. Ailən üçün, millətin üçün, vətən üçün, bəşər üçün.

Həyatda sarsıdıcı olaylar yaşayan şəxs haqqında deyirlər ki, nə talesiz adamdır. Hər şeyi qaydasında olan, xəstəliklə, itki ilə üzləşməyən adam isə taleli adam sayılır. Ocaqçı haqqında talesiz sözünü işlətmək olarmı? – Olmaz. Çünkü ömrünü özü qurur, qarşısına çıxan çətinlikləri, həyatın ağırlığını yenir, yetkinləşir, mətinləşir. Ömür mənimdirsə, seçim də mənimdir. Uğuru da, uğursuzluğu da mənimdir. Bu, aqibətdir.

Bəzən adamlar fikirləşir ki, sabah necə gəlir gəlsin və ya hər şeyi öz axarına buraxmaq gərəkdir. Ancaq sabah haqqında düşünməsək, sabah bizə qarşı olacaq. Ona görə də öz aqibətimizi qurmaqla, ruhsal əməllərə yetməklə sabahımızın da bizim istəyimizlə qurulması baş verir…

İndiki halımda arxayınlaşmamağa çalışıram ki, evin içində Ocaq əməlləri görsəm də, bunlar azdır, tam deyil. Oxullarda dərs açılanda çalışacam ki, yaşadığım bölgədə görüşlər təşkil edəm. Atamız Var olsun!

IMG_7332

Günev Atalı: (Ataya səcdə edib Bayrağı öpür – N.A.) Amallaşmamla bağlı “Mütləqə İnam” Bitiyinin  Həyat əsərindən “Azadlıq – Əsarət”, “Eşq – Şəhvət”, “Həqiqət – Yalan”, bir də “Gerçəklik – İdeal” bölümlərini oxumuşam, konspektləşdirmişəm. Qısaca bu yöndə danışmaq istəyirəm.

Həyatda Özgürlüyün təyinləri həmişə öz mahiyyətindən aşağı bilinib. Özgürlük deyəndə, yəni bir xalqın başqa xalqın əsarətindən qurtarması, ya da kimsə dustaqlıqdan qurtarıb özgür oldu kimi düşüncələrlə sınırlanır. Ancaq Ata, Ocaq təyinləri ilə gerçək özgürlük təyinləri başqadır. Özgürlük – insanın Adamlığından özgür olmasıdır. Şər duyğularından, şübhəsindən, cahilliyindən, nadanlığından, ümumiyyətlə, antiinsani duyğu nə qədər varsa, ondan qurtarmaqla başlayır özgürlük. Sonra toplumun etkisindən özgür olmaq. Xurafatın etkisindən özgür olmaq. Dinlərdə xurafat var. Dinlərin tapındığı, idealı olan Allah fikri ki, onu düşünüb, ondan o yana yoxdur. Əzəli, Əbədi, Sonsuz, Kamil olmalıykən Allah da əsarətçi olur əslində. İnsan bütünlüklə Allahın əsarətindədir. “Səni mən yaratmışam, mən yönətirəm”. İslamda bu özünü daha qabarıq şəkildə göstərdi. Adama dedi ki, sənin taleyin nədirsə, odur, bundan qırağa çıxa bilməzsən. Bu da bir əsarətdir.

İnsan varidat əsarətindən də özgür olmur. Bunun üçün birinci növbədə inam gərəkdir, özüylədöyüş, ruhaniyyat halı gərəkdir. İdeal ömür – yəni Xeyirə, Ədalətə, Gözəlliyə, Kamiliyə əsaslanan bir ömür olur. İnsan özüylədöyüş araçılığı ilə içsəl şərdən özgür olur, toplumdakı şərlə döyüşə bilir, xurafata qarşı çıxa bilir, maddiyyatçılığa qarşı çıxa bilir. İnsan özgür olur. Ancaq həyatda özgürlüklə əsarət daim  döyüşür. Biri o birinə tam qələbə çala bilmir.

Bəzən özgürlük bəlli məqam üçün həyatda özünü təsdiq edir. Həyat cismani yanaşmalar gedişi olduğundan heç vaxt Mütləqlə yanaşı yaşaya bilmir. Bu, baş tutsa bireyin ömründə baş tuta bilər. Həyatda tam qələbə çalmır. Əbədi özüylədöyüş məsələsi gərəklidir. Əbədi şərlə döyüş var – ta Zərdüştdən başladı Asif Atada özünün zirvəsinə çatdı. Özüylədöyüş qurtaran yerdə İnsanlıq qurtarır. Zərdüşt də deyirdi ki, dünya əbədi Xeyirlə Şərin döyüşüdür.

Eşq insanın cismani cazibədarlığı ilə içinin ucalığının birliyidir. Eşq insanların təkcə bir-birinə olan cismani yanaşmaları deyil. Eşq insanın öz Amalına, idealına, gələcəyə… yanaşmaları kimi özünü göstərə bilər. Aşiq oduğunun səsi, sözü onun üçün Mütləqin təzahürüdür. Ata deyirdi ki, Məcnun Mütləqi sevirdi, elə bilirdi Leylini sevir.

Şəhvət adicə nəşəsevərlikdirsə və özünü aşiq kimi göstərirsə, daim Eşqlə döyüşür. Burada heç birinin tam qələbəsi olmur. Çünkü həyatın doğub-törəməsi ikincidən asılı olur. Eşqin qələbəsi baş tuta bilər  Yüksək Həyatda.

Həqiqət – insan ömürünü mənəvi, kamil yaşamaqda, ədalətli olmaqda görür. Yəni Mütləqin tələbləri ilə yaşamaqda. Ancaq yalan – insan ömrünü maddi nemətlər uğrunda döyüşdə görür. İnsan dünyaya gələndə, sanki bütün ömrünü həsr eləməlidir maddiyyata. Ondan qırağa həsr olunan ömrü – cəfəngiyyat sayır yalan.

İdeal və gerçəkliyin savaşı bu günə qədər davam edir, edəcək. Gerçəklik nisbi olaylarla sınırlaşdığından idealla gerçəklik arasında ziddiyyət yaranır. Yanaşmada həmişə gerçəklik idealı inkar edir. Eləməyə də məcburdur, çünkü özünü inkar edə bilməz. İdeal ayrı-ayrı nişanələri ilə görünür və Yüksək Həyatda tam qələbəsi baş tutur.

Bu, mənim Amallaşma və Kamilləşməmlə bağlı düşünüb araşdırdığım, özümləşdirdiyim fikirlərdir.

Xalqlaşma əməlim zəngindir. Birinci növbədə Məbədlə bağlı olduğuna görə. Çünkü görüb dönənlər çox olur. Məbədin forması indi daha aydın görünür, qıraqdakılar da deyirlər ki, nə gözəl tikintidir.  Onun haqqında eşidirlər.

Anamın törənindən sonra bu ay içində yaxşı sədalar gəldi, heyrətli fikirlər gəldi. Doluruq o bölgəyə. Çox qaranlıqlar əriyib gedir. Əməl ortaya qoyduqca camaat arasında müsbət fikir formalaşır. Demək olar, ancaq razılıq edirlər. Bir nəfərin də olsun, niyə başqa cür oldu sözü olmadı. Görənlər də gedib başqalarına danışırlar, onlar da deyirlər ki, eşitdiyimizə görə uğurlu olubdur. Molla olmayıbdır, salavat çevrilməyibdir. Bizdə kənddə belədir, hər adam yas yerinə girəndə də, çıxanda da həmd-surə ilə qarşılayıb, həmd-surə ilə yola salırlar. Bu, birdəfəlik ordan çıxdı. Bu hal da maraq doğurmaya bilməzdi. Hətta molla mənə deyir, eşitmişik ki, yaxşı məclis keçirmisən. Mollanın belə yanaşması artıq toplumun bizə üz tutmasına görədir.

Halı görürlər camaatda. Nəyə etiraz edəcəksən? Etiraz eləsən, onlar sənə qarşı etiraz edəcəklər. Ərəbin hansısa şəxsiyyətinin bioqrafiyasını danışırsan, bundan mənə nə?!

Ancaq məclisdə belə fikir dedilər: bütün insanlığın xəritəsi gözümüzün qarşısında cızıldı. Axır ki, öz məclislərimizdə söz eşitdik.

Sonra Məbədi ziyarət etmək istəyənlər oldu, apardım, söz də dedim. Bütünlüklə İnam haqqında, Asif Ata, Ocaq haqqında söhbət elədik. Kitab da bağışladım.

Yasin Türksoy: Günev bəy, çıxışınızda bir söz vardı: əsarətlə özgürlüyün döyüşündə mütləq qalibiyyət olmur.

Günev Atalı: Həyatda tam qələbə olmur. Ancaq bireyin, məsələn, Asif Atanın həyatında baş tutdu. Soylu Atalının həyatında baş tutub. Gerçəklikdə tam qələbə olmur, çünkü gerçəklik nisbinin üzərində qurulur. Gerçəklikdə Mütləqilik yoxdur ki, sənin qələbən təsdiqlənsin. Həyatda tam qələbə olmayacaq. Ancaq əbədi döyüş olacaq. Şərlə döyüş dayansa, şər çoxalır. Dünya əbədi bu savaşın üstündədir.

Yasin Türksoy: Soylu bəy, bəlkə nəsə artırmaq istəyirdiniz.

Soylu Atalı: Həyat üzdə olan adamlardan oluşub qalmır. Bir yandan doğuluş var. Heç kim anadan kamil doğulmur. O, özüylə döyüşməlidir, şərlə döyüşməlidir. Onun içində, xarakterində irsən, genlə gələn nələrləsə döyüşməlidir. O qüsurlar içindədir. Ona görə həyatda daim döyüş olacaq. Özünə qələbə çalan ömür geridə qalan üçün örnək olacaq, yol olacaq, onun özüylə döyüşməsi üçün, onun da həyatını yüksək səviyyəyə qaldırması üçün örnək olacaq. Atanın çalışdığı odur. Yoxsa mümkün deyil ki, hamı anadan kamil doğulsun.

Sənin rahatsızlığın odur ki, indiki quruluş olmasın. Başqa quruluş olsun. Olsun! Ancaq o quruluşun içində hamı ucdantutma kamil şəxsiyyət olmayacaq.

Ancaq, razıyam, quruluş dəyişməlidir, insanlıq gəlməlidir dövlətin başına, insanlıq gəlməlidir yönətim qurallarına, insanlıq gəlməlidir hər yerə.

IMG_7338

Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Ayım xalqlaşma cəhətdən zəngin olsa da, Amallaşma və kamilləşmə əməlim olmayıb. Dünya ədəbiyyatından oxuyuram, bitirməmişəm. Kitabı oxuyanda sorular da yaranır. Məsələn, mütləq mənada umacaqsızlıqla rastlaşıram, düşünürəm ki, mən bu məqamda bunu eləyə bilərdimmi? Həyatdakı xeyirxahlıqla qarşılaşanda düşünürəm ki, məndə varmı? Belə düşüncələrim də yaranırdı oxuduqca, ancaq sistemli deyildi.

Xalqlaşma əməlim – Xaçmaz və Şabran bölgələrində oldum. Xaçmazda ilk getdiyim ünvan kitab evi oldu. Rəsm qalereyasında, muzeydə yaxşı söhbətlərim oldu. Gənc kitabxanaçılar birliyində gənclərlə söhbət elədim, maraq göstərdilər, sorular verirdilər.

Şabran səfərində bir dostumuzla yenidən görüşdüm, doğmalaşdıq. Çox qəribədir ki, keçən dəfə verdikləri soruları təkrar yenə də verirdilər. Duydum ki, verdiyim ədəbiyyatları oxumayıblar, ya istəkləri yoxdur öyrənməyə. Elə söhbətlərdən halları yaranır.

Şabranda Mədəniyyət evini axtarırdım, iki nəfər şair mənə bələdçilik elədi, yolboyu söhbətləşdik, sorularına cavab veridm. Atanın gömülməsi ilə bağlı sorular verdilər. Onlara da ədəbiyyat verdim. Kitab evinin özündə 20-yə yaxın adamla görüş keçirdim. Atadan, Ocaq əməllərindən danışdım. Adamların üzünə baxanda görürdüm ki, bəziləri mənim dediyimi tutur, məni anlayır. Bəziləri də gözləyirdilər ki, nə vaxt söhbət bitəcək.

Gedişin özü, atdığım addımı az hesab edirəm. Tutuşdururam şərin, toplumun içimizə etkisini. Qarşı-qarşıya qoyanda çox az sayıram. Daha çox xalqlaşmaq, daha çox soraq vermək, daha çox ünsiyyət qurmaq istəyirəm. Yeni səfərlərə, yeni söhbətlərə hazırlayıram özümü. Atamız Var olsun!

IMG_7340

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Çox olub ki, mən tədbirlərimizə qatılmaq üçün yalanlar danışmışam. Bizim ölçümüz var – Mütləq. Düzdür, deyirlər ki, Xeyirə görə Şəri azdırmaq olar. Bu gün tədbirə işdən gəldim, dedim ki, evi su basıb. Deyə bilərdilər ki, tədbirin varıydısa, dincəliş gününü bu günə salardın.

Fikirləşirəm, mən doğrumu addım atıram, yoxsa yanlışmı? Düzdür, mən hər gün tam Amala uyğun yaşamıram. Əsəbləşirəm, iş yoldaşımla qovğa edə bilirəm, evdə əsəbləşirəm, səsimi qaldırıram. Amalın qurallarına uyğun yaşamıram. Ancaq mən yalanı bilərəkdən danışıram. Axı mən Mütləqçiliyə qarşı gedirəm. Bəlkə mən doğrudan da olanı deyib gəlməyi bacarmalıyam. Bəlkə elə güclü olmalıyam ki, o zənciri həqiqətlə qırıb gəlməliyəm?!

Günev Atalı: Sən dediyin zirvədir. İşi itirməlisən, ailə ac qalmalıdır.

İnamlı Atalı: Məsələni də ona gətirirəm ki, Ata sırf Amalın quralları əsasında yaşadı. Yəni biz Ocaqçılar doğrudanmı o səviyyəyə çatmalıyıq ki, həqiqətən hər bir fədakarlığa yetməliyik. İşimizi itirməkdən belə qorxmamalıyıq, maddi çətinlik çəkməkdən qorxmamalıyıq. Bir tikə çörəyə möhtac qalmaqdan qorxmamalıyıq. Bunu mən işdən çıxıb bura gələrkən yol boyu düşündüm.

Amallaşmamla bağlı qonuya gəldikdə isə “Mütləqləşmək – Var olmaq” Bitiyindən “Xurafat” bölümünün “İnsansızlıq” qonusunu oxudum. Ümumiyyətlə, Atada daha çox məni çəkən qonu insanla bağlı olub. Çünkü Ataya qədər heç ağlıma gəlməzdi ki, dünyada baş verən olayların günahkarı insandır. Mən hər şeydə səbəb axtarırdım. Bircə insanda səbəb axtarmırdım. Bəzən islamçı olurdum, deyirdim bu, taleyin işidir. Bu uğursuz adamdır, filandır. Bir gün mən, yeni Ocağa gələndə, Atanın bir bitiyini oxudum. Yadımdan çıxıb. Orda yazılmışdı ki, toplum kordur, günahkar insandır. Filan şey belədir, günahkar insandır. Mənə çatmırdı. İndi oxuduğum “İnsansızlıq” bölümündə gəldiyim düşüncə var, bir-iki cümlə bölüşmək istəyirəm. Orda Ata vurğulayır: “deyirlər insanı toplum yaradır, şərait yaradır, düşdüyü mühit yaradır, ictimai münasibətlər yaradır. Biz isə deyirik ki, toplumu, mühiti insan yaradır”.

Orda söhbət xurafatdan gedir. Mən düşünürəm ki, insanın yolunu xurafat kəsib. Həmin bu fikirlər də xurafatdan gəlir. İnsanın İnama yetməyinə xurafat mane olub. İdraka yetməyinə, Mənəviyyata yetməyinə mane olub və sonda insan yetməli olduğuna yetməyib. Ona görə də insan maddiyatın,  toplumun etkisində qalıb. Hər yerdə insan aşağıda göstərilib, insansızlıq baş verib. İslamın etkisidir ki, bu xurafat yaranıb. İnsan o xurafatın altında əzilib, görünməyib. Ona görə bəşəriyyət bu günə düşüb. Ona görə də insanın adına hər şeyi qoyublar. İstehsalat insanı aşağıda qoyub. İnsan becərdiyinin, yaratdığının quluna çevrilib. İnsana sadəcə istedadına görə, qabiliyyətinə görə qiymət verilib. İnsanı siniflərə bölüblər. Bunların hamısının da başında xurafat ağası dayanıb. Bunun hamısı ona qulluq eləyib.

Ataya qədər mən maddiyatın dalınca düşürdüm. Elə bilirdim bunlar hər şeydir. Əsasən insan  maddiyatın dalınca qaçıb. Kim ruhsal anlamda özünü düşünüb? Heç kim. Həyatda bizim üçün ölçü maddiyat dalınca qaçmaq, yaxşı gün-güzəran qurmaq, diplomlu olmaq, mənsəb yiyəsi olmaqdır. Ata özüylədöyüş ideyasını kamil formada ortaya çıxartdı ki, insan öz içinə varsın. Bəşərin indiki hala düşməsinin səbəbi  insansızlıq olub…

Ocaqda mənim ən çox qane olduğum xalqlaşma əməlimdir. Onunla bağlı mən Günev qardaşıma yaxşı mənada qibtə eləyirəm ki, bizim hamımızın ümumi xalqlaşması Günev qardaşımızın yanında çox zəifdir. Çünkü bizim dediyimiz, demədiyimiz sözlər, Günev qardaşın ünvanından Məbəd araçılığı ilə bütün Azərbaycanda eşidilir. Ən böyük xalqlaşmanı o ev görür. Biz gedib oxullarda söz deyirik. Biri götürür, beşi götürmür.

Atamız Var olsun!

Nurtəkin Atalı: Mən indi 36-cı ilin “Ailə Günü” kitabını çap eləyirəm. Gələn törəndə o hazır olacaq. Yaxşı olar ki, tədbirləri hər dəfə oxuyaq. Çünkü orda elə şeylər var ki, Soylu Atalı onun düzəlişlərini eləyir. Ancaq tədbirlərdə bəzi şeylərə yenidən qayıdılır. Demək o diqqətlə oxunmalıdır ki, ifadəyə fikir verilsin. Məsələn: bir “Ailə Günü”ndə Ulusəs dedi ki, mən həsəd aparıram. Soylu etiraz elədi: Ocaqçı qibtə, həsəd sözünü iştətməməlidir. Hətta yaxşı mənada da. Bu haqda bir dəfə söhbət olub. Yenə də belə şeylərə diqqət eləmək gərəkdir ki, bu cür hal bir də təkrar olunmasın. Yenidən qayıdılmasın o məsələlərə. Bir şey var ki, Ocaqçılar danışanda elə şeylər hələ də var. Mən özüm haqqımda deyə bilərəm ki, belə şeyləri aradan qaldırmışam. Sonra, biri özü haqqında danışır, deyir biz. Hamının adından danışmaq yerinə, öz adından danışmaq gərəkdir. Onlara diqqət yetirmək gərək.

IMG_7348

Türkel Atalı: (Ataya səcdə edib, Bayrağı öpür – T.A.) Bu ay Ocaq Yükümlüsünün redaktə elədiyi bir neçə tədbirin bilgisayarda düzəlişlərini eləmişəm. O tədbirlərdə, fikir vermişəm, mənim elə çıxışlarım var ki,  üstündən xətt çəkilir, sadəcə “filankəs sözünü bildirdi” yazılır.

Hər dəfə özümü təkrar etmələrdən qaça bilmirəm. Bu ay “Atagün” Ailəsinin “Ailə Günü” kitabını bir neçə dəfə oxumuşam. Orda mən Günev Atalının çıxışlarına baxıram, valeh oluram, sistemli, yerində. Amaldaşımın hesabatı məni yaxşı etkiləndirir. Öz hesabatımı onun hesabatıyla tutuşduranda görürəm ki, mən əslində heç nə demirəm. Elə bilirəm ki, halımı ifadə eləyirəm. Elə çıxır ki, mən tədbir xatirinə söz demiş oluram.

Bu ayın son günlərində Ocaq Yükümlüsünün “Kəpənəkçim – Ulu Elim” əsərinin yenidən düzəldilmiş variantının redaktəsinin bilgisayarda düzəlişlərini etdim. Elə diqqətlə yanaşdım ki, məndə kitab oxumaq həvəsi yarandı. Söz yox, ayımı o məqama bərabər tutub danışmaq istəmirəm. Ancaq o anda olduğum haldan çıxış eləyib ayımı dəyərləndirmək istəyirəm. Ağlımda xeyli gərəkli və gərəksiz düşüncələr var.

“Atagün” Ailəsinin Ailə Günlərində Ocaq Yükümlüsünün bəzi çıxışlarını oxudum. Onun çıxışlarında harayladıqları şeylər adamı riqqətə gətirir. Özünün içində təpər yaranır. Düzdür, yüksək oxul öyrəncisi olduğum vaxtlar, hərbidə olduğum vaxt çox gileyli idim bir oğul kimi. Öyrənci olduğum çağlarda yörəmə baxırdım, öyrəncilərə göz yetirirdim. O anlarda yadımdadır, özümə söz verirdim ki, gələcəyimlə bağlı filan şeyi eləməyəcəm, filanı eləyəcəm və s. İşdən, gecə növbəsindən əli qara mazutlu instituta gəlirdim. Bilmirdim mən öyrənciyəm, gəncəm, ya nə ad verim özümə. Hətta bir ara mənə çox yaxşı gəlirdi belə mənasız əziyyət. Özlüyümdə fikirləşirdim ki, bir çox imkanlıların öncəsi dilənçi, yoxsul gündə olub. Həvəslənirdim elə yaşayışdan ki, deyəsən mən də həmin yolu keçirəm. Ləzzət eləyirdi ağır işləmək. Sözümü bu yöndə davam eləmək istəmirəm. Sadəcə belə bir məqama toxunmaq istəyirəm. Bu gün heç bir kimsənin həyatı mənə maraqlı gəlmir ki, filankəs də çox zülümlə yaşadı və indi normal yaşayışı var. Sadəcə gileyli əhvallarım var idi: mən bilmirəm niyə varam, mənim bu cür yaşamımın səbəbi nədi və s. Baxmayaraq ki, Ocaq Yükümlüsü olaraq onun nəyə qadir olduğunu, hansı gücdə olduğunu, kim olduğunu bütöv şəkildə anlamasam da, içimdə duyurdum. Məndə bir az normadan artığa can atma var. Durumu, kimlərisə qəbul etməmək var.

Ocaq Yükümlüsü o kitabda aqnostisizm deyə bir cərəyanı vurğu eləyir. Sanki mən heç Ocaq bireyi yox, o cərəyanın bir üzvüyəm. İdrakıma, bilə-bilə, Mənanı dərk eləməmək yasağı qoymuşam.

Belə bir şey də deyir ki, Məna sirdir. O sirlərə yetməyəndə adam avam qalır. Avam da hər cür eybəcərliyə enə bilir. Öyrənci olduğum çağlar bilərəkdən çox eybəcərliklərə enirdim. Ancaq həqiqətən Mənanı dərk edib, aşiqə çevrilmiş insan kimi Ocaq Yükümlüsünün ömrü çox böyük örnəkdir. Onun halı, sözü qurtuluşdur əslində. Söz yox, Amal yönündən deyirəm. Həyat yönündən, dediyim kimi, örnək götürmürəm ki, belə əziyyət çəkdi, necə çətinlikləri oldu. Artıq o cür düşüncələr, tutuşdurmalar mənim üçün önəm daşımır.

Bütün bunlara baxmayaraq, bu düşüncəyə gəldim ki, Ailə Gününə o cür əhvallarla gəlməmək doğrudur. Atamız Var olsun! Bayrağımızı öpürəm.

Nurtəkin Atalı: Keçən “Ailə Günü”nü Türkel kitablaşdırdı, mənə göndərdi. Onda özünə zəng edib dedim. Hər dəfə bəlli yanlışları olurdu. Ancaq bu dəfə hərf yanlışları az idi. Çox yaxşı işləmişdi. Bu onu göstərir ki, Türkel əmələ sevgiylə yanaşır, yaradıcı yanaşır. O qədər az yanlış vardı ki, zəng eləyib  dedim.

“Ailə Günü”ndə Türkel belə bir ifadə işlətmişdi. Deyir ki, Ocaq Yükümlüsü millət haqqında danışanda mən də elə bilirəm millət dərdi çəkirəm. Onu oxuyanda məni gülmək tutdu. Nəyə görə? Çünkü vaxtilə Atanın sağlığında məndə də o hal var idi. Ata deyirdi biz. Mən də hesab eləyirdim ki, heç bir əməlim olmaya-olmaya, mən də millət dərdi çəkirəm. Ancaq o halımda mən onu ifadə eləyə bilmirdim. Türkelə dedim ki, sənin görümün məni çox yaxşı etkiləndirdi. O da soruşur ki, məndən həryönlü razı qalıbsan?

Türkelin çox doğru izləmə, araşdırma bacarığı var, mənə olduqca yaxşı etki göstərir.

İndi “Ailə Günü”nü çap eləyirəm. Hər bir Ocaq əməlindən çox gözəl duyğularım yaranır. Ocaq tədbirini kitablaşdıranda elə bil yenidən onun içinə düşürsən və tamam başqa hal yaradır adamda. Eləcə də çap eləyəndə, elə şeylər var ki, yenidən oxuyuram. Vərəqlər çıxdıqca mən onları üst-üstə qoyuram. Orda elə olur ki, vərəqin üstündə ad yazılmır. Ancaq mən oxuyuram, ordakı fikirlərdən başa düşürəm ki, bu kimindir. Sonra ağlıma gəlir ki, bütün Ocaqçıların özünəxaslığı var. Hər bir Ocaqçı bilir ki, o təxminən nə danışacaq. Məsələn, Türkeldə gözlənilməzlik var. Soylu Atalıda da, təbii, bilirsən ki, yeni şeylər var. Fikirləşirəm, məndə də elə olmalıdır. Yəni hər tədbirdə o biri tədbirdən başqa (fərqli). Bilirsən ki, nə deyəcək yox, başqa (fərqli) olması gərəkdir.

 

Günev Atalı: Türkelin bir şeyi var ki, həmişə etiraflarla başlayır. O gözəl şeydir.

IMG_7350

Yasin Türksoy: Çoxdandır görünmürdüm. Darıxmışam. Bundan öncəki aylar işdən göndərirdilər Avropa oyunlarına. Orda millətin necə ruhsuzlaşdırılmasını gördüm. Həm də ürək ağrısıyla baxırdım. O mühiti görəndən sonra Ocağın yönünü, işini düşünüb, Asif Atanın prinsiplərinin İnsanlığa, bəşəriyyətə necə gərəkli olduğunu görürsən. Doğru yol olduğunu anlayırsan. Burda zəhmət var, ürəyin sevgisi var.

Yolu düşünürəm. Görürəm ki, necə əzablı, həm də fərəhli yoldur. Həyat tam başqa bir şeydir. Ancaq Atanın prinsipləri tam başqa aləm. Atanın kitabını oxuyuram, başqa bir aləmə düşürəm. Kitabı qatlayıb, yörəmə baxıram, həyata baxıram havalanıram sanki. Kitabda elə bil üfüqlərə çəkilirəm, göylərə qalxıram. Məni həyat, mühit sıxır. Bunlar məni oxumağa qoymurdu. Çünkü ideyalar, fikirlər həyatdan qopmuş insana əzab verirdi. Oxuduqlarım başqa, gördüklərim, yaşadıqlarım tamam başqa. Sonra gördüm ki, bu ötəridir. Artıq o halımdakı qarışıqlıq, kitabı oxudum gördüm, həyatdakılarla Atanın ideyaları arasındakı başqalıq (fərq), təzad daha məni çaşdırmır. Atanı indi oxuduqca məni  çəkir. Axtardığımdır. Öncələr buna çata bilmirdim. Oxuduğum mənə əzab verirdi. Çünkü onun mənası sıradan bir qəzet, kitab yazısı deyildi. Tam başqa idi. Gələnəksəl fəlsəfələr kimi də deyil. Gələnəksəl fəlsəfələrə baxırsan, ən yaxşı halda oxuyub qırağa qoyursan. Ancaq Atanın fəlsəfəsində yol başqadır. İndi o aşamanı aşmışam. Əzab vermir. Oxuduqca daha da fərəhlənirəm. Buna sevinirəm. Bilirdim ki, bir aşama idi o çətinliyi aşmaq. İndi ona yetmişəm. Çoxdandı ağlımdaydı, ancaq alınmırdı. Atamız Var olsun!

IMG_7367

Soylu Atalı: (Ataya səcdə edir) Qürub Ayının sonuncu yeddicəsi, ayın 26-sı Mütləqə İnam Ocağının üç Ailəsinin birgə keçirdiyi aylıq törənində söz deməzdən öncə Bayrağımızı öpürəm və Ataya səcdə qılıram.

Öncə fikirlərə yönəlik söz demək istəyirəm təbii ki. Qismən irad xarakteri daşıyır. Ancaq mənim iradımın, xahiş eləyirəm, sevgimdən gəldiyini qəbul edin. Qırağa çıxma deməzdim. Ancaq istəsək də, istəməsək də olur nələrəsə düzəliş vermək. Fikrə, hala düzəliş verməyimiz gərəklidir, pis deyil.

Nurtəkinin çıxışında sözün qaçmasını (Nurtəkin yazısını oxuyanda söz ağzında yüyürür – bundan çıxmaq gərək) dedim, yenidən ona qayıtmaq istəmirəm.

“Sən duyursan ki, sən düşünürsən ki, sən eləyirsən ki, sən sən”. Bu yaxşı şey deyil. Bu, başqasına  ağıl vermək anlamına gəlir. Ən çox bu özünü Üstündə göstərir. “Mən” üzərində qurmaq gərəkdir söhbəti. “Hesab eləyirsən ki, onda sənə necə baxırlar”… Bunu demək gərək deyil. Burada söhbət “mən”dən gedir. Ocaqçı natiqliyi üçün hesab eləyirəm ki, o qüsurdur.

İnamlının söhbətiylə bağlı iki məqama vurğu eləmək istəyirəm. Öncə Ocaqçının səhv eləməmə məsələsi ilə bağlı fikir bildirmək istəyirəm. Bir var Ocaqçının səhv etməsi, biri də var günah etməsi. Ocaqçının səhv etməsi pis deyil. Ona görə ki, Ocaqçı davranır, düşünür, addım atır. Ruhaniyyat xəttində möhkəmlənməyən adam orada səhvlər eləyə bilər, qüsurlar işləyə bilər, ancaq o qüsurları görüb demək gərək. Amaldaşlar arasında çox böyük sayğıyla, hətta sevgiylə demək olar. Buna da qarşılıq verməyə tələsmək olmaz. Qıcıqlanmaq gərək deyil. Qıcıqlanmaqdan çıxmaq gərəkdir.

İnamlı deyir ki, yalan deyib gəlmişəm bura. Ancaq İnamlının belə deməyi doğrudurmu, yanlışdırmı? Bu qapanmadı, açıq qaldı. Mən hesab eləyirəm ki, doğru deyil. Mən o halı özümdə yetirmişəm. Mən işdə olanda deyirəm, tədbirim var. Deyək ki, gələ bilmərəm bu gün. Mən açıq deyirəm. Bəzən demirəm. Heç borclu da deyiləm deməyə. Mənim nəyim var, özüm bilərəm. Mən deyirəm, çox vacib işim var, qaçılmaz işim var. O qaçılmaz iş nədirsə, özüm bilərəm. Ata deyir, şəri aldatmaq gərək. O demək deyil ki, şəri aldatmaq üçün özünü aldatmalısan. Şər, deyək ki, dövlətin inzibati bir strukturudur. İdeoloji işin başında durur, gəlib tutur aparır, dindirir. Sənin filan davranışın hakimiyyətə ziddir deyir. Onda mən onu aldadaram. Ancaq indiki quruluşda artıq elə gizlənmələrə gərək yoxdur. Ata Nişanəni son anda cırmağı, yandırmağı deyib. Belə hökm yazıb: “Yada göstərilmir, verilmir, son anda cırılıb yandırılır”. Bu, sovet inzibati strukturlarına özgündür, çünkü orda mümkün deyildi ki, sən belə bir addım atasan. Adamı dara çəkirdilər. Ata ona görə elə deyib. İndi kimin ağlına nə gəlir, çap edir, yazır, ağlına nə gəldi danışır. Belə bir vaxtda yalan haqqında düşünmək gərək deyil. Ona görə, mən nəinki Ocaqçıların davranmasına, hətta siyasətçilərə deyirəm ki, siyasətinizi işlədəndə görürsən ki, filan fikir ziyan gətirir, onu demə. Onun yerinə başqa şey də demə. Bu çox böyük mərifət olar, qanacaq olar. Yoxsa deyir ki, gəl filan yerə gedək, bir məsələni çözək. Mən qapıdan çıxanda bu, üzünü tutub o yana gedir. Mən də orda onu gözləyirəm. Bu, siyasət deyil axı. Bu, yanaşma deyil. İşdən icazə də onun kimi. İcazə alanda deyə bilərsən ki, mənim qaçılmaz işim var. Hamımız ev yiyəsik, ailə yiyəsiyik, qaçılmaz işlərimiz ola bilər. Mən heç kimə durub hesabat verməli deyiləm ki.

Mən İnamlının çıxışının üzərində deyirəm, başqaları da özlərinə nəsə götürə bilər. Birini izah eləmək üçün o birini kiçiltmək var. Məsələn, Asif Atanı sunmaq üçün din pisdir, budur, odur deyir. Nədir Asif Atanın gözəlliyi, açılmır.

İnamlı deyir ki, bizim keçirdiyimiz görüşlər, filanlar sönükdür Günevin Məbəd işinin qarşısında. Burada hissə qapılmaq var. Hissə qapılmaq olmaz axı. Qiymətləndirəndə doğru qiymətləndirmək gərəkdir. Qiymətləndirəndə hissə qapılmaq doğru deyil. Bu boyda dağlar aşmışıq, işlər görmüşük, necə yəni sönükdür, hardan sönükdür. Məbəd işin bir cəhətidir. Bu baxımdan qiymətləndirəndə diqqətli olun. Bir nəsnəni qiymətləndirmək üçün birini kiçiltməklə o birini böyük göstərmək olmaz. Onun özünün böyüklüyü nədir, ucalığı nədirsə onu açmağa çalışmaq gərəkdir. Ocaqçı natiqliyi odur. Özündə onu tərbiyə eləmək gərəkdir.

Türkelin çıxışında bir məqam. Deyir ki, mən Ocaq Yükümlüsünün filan-filan cəhətlərini örnək götürürəm, ancaq həyatdakı ağır zəhmətlərini yox.

Ocaq Yükümlüsü ona görə Ocaq Yükümlüsü oldu ki, ağır zəhmətlər çəkib. Ağır zəhmətləri örnək götürmək gərəkdir. Əgər mənim havayı, yaxud da asan gəlirlərim gəlsəydi, mən Ocaq Yükümlüsü ola bilməzdim. Ocaq Yükümlüsü olmaq üçün mən qazanc dalınca getmədim. Ailəmin boğazının dalınca getdim, izafi qazanc dalınca getmədim. Örnək odur…

İndi ayrı-ayrı qeydlərimi oxumaq istəyərdim.

Məsum, arı bir qəlbin sevgiyə bürünməsindən sonra maraqlı qüsurlar ortaya çıxır. Sevən adam çox yanlışlar edir. Çünkü özünü itirir. Ancaq həm də yanlışlara yol verdiyini anlayır.

Sevgi ürəyi yaxır. Ürəyi yaxılan adamın rahatlığı pozulur.  Rahatlığı pozulan ağılla davrana bilmir, yanlışlar edir. Bunu ancaq sevgini tanıyanlar anlaya bilər.

Ancaq bunu demək sevgili ürəyin yanlışlarını qınamaq anlamına gəlmir. Məsələn, Ocaqçının ömründə də belə şeylər olub. Hər birimiz belə yanlışlarla üzləşə bilərik. Məsələn, mən üzləşdiyim bir çaları sizə deyim. O çağlar ki, bizim evimizdə mənə qarşı rahatsızlıqlar başladı, atam-anam, kimim-kimsəm öz aralarında danışırdılar ki, mən yolumu azmışam. Bunları eşitmirəm, sözləri mənim üçün heçdir-filandır. Əslində atanın-ananın sözünü nə vaxt eşitmirsən, – vurulanda, sevəndə. Mən də Amala vurulmuşdum, əqidəyə vurulmuşdum. Qız istəyən adam da atasının-anasının evləndirmək istədiyi ilə evlənmək istəmir, çünkü ürəyini, ixtiyarını verib artıq. Ata-ana da ayağını dirəyib ki, yox ey, sənə öz istədiyimi alacam. Həmin şeydir. Mən Amala vurulmuşam. Ata-anam da deyir ki, sən həyata vurul, dinə vurul. Sən, işinin başı-ayağı bilinməyən bir kişinin dalınca getmə. Ancaq vurulan ürəyin səsini dinləmək gərəkdir ki, gör o nə deyir. Bu ürəyin ixtiyarı səndə deyil axı, heç məndə də deyil.

Belə məsələlər var ki, bu, ruhaniyyatın özəyidir, ana xəttidir, onu gərək, doğrudan da, duyasan, görəsən.

xxx

Gənc, bakirə bir qızı zindana salasan və 15 ildən sonra qürurla çıxarasan ki, bu qız öz bakirəliyini qoruyub.

Din gənc uşaqların şüuruna şeytanı, mələyi elə yerləşdirir ki, bu gənclər qocalanda da qonuları şeytan və mələkdən başqa bir şey olmur. Əslində insanın qəlbinə doldurulan Allah xofu insanı necə arı göstərirsə, zindana salınan bakirəlik də qız arılığını eləcə göstərir. Allah xofunu oturdursan adamın içində, ömrü boyu onun da qonusu şeytandır, mələkdir. Adamlar da elə bilir ki, bu arı adamdır. Halbuki arı deyil. Bakirə qızı zindanda saxlayırsan ki, qoruyasan, bəs çöldə olanda özünü necə qoruya bilərdi? Sən Allah xofunu al bu insanın qəlbindən, gör o, mələk-şeytan qonusuyla yaşayacaqmı? Bu, işin bir tərəfi. İkinci bir tərəfi, insanı guya arı-duru saxlayırlar. Elə təbliğat da gedir. Uşaqların uşaqlıqdan ağlına Allah kəlamını yazırlar, şeytanı-mələyi tanıdırlar, “həqiqəti” tanıdırlar. O da bunların içərisində müti davranır. Ağzı bağlı gəlin kimi. Deyirlər ki, bu, arı adamdır. Arı adam deyil. Avam adam arı olmaz, avam adam qorxuludur. Məqam düşər… Nə qədər ki, dananı kəndirdə bağlamısan, açandan sonra biləcəksən ki, o, haraları dağıdacaq. Kəndirlə bağlıdır avam. Onun qəfil içində dönüş yarana bilər. Onu indiyə qədər basqı altında saxlamısan. Qəfildən basqının altından qalxmaq istəyər. Onda bilmirsən ki, o avam nələr eləyər, cinayət törədər. Əslində insanı o cür ağlı sönük, “mömün” bəsləmək cinayətə stimul verməkdir. Fikir verirsinizisə, bir çox hallarda kimsəsiz uşaqları aparırlar körpəlikdən din “sevgisi” ilə böyüdürlər. Böyüyəndə onlardan teroroçu, kamikadze düzəldirlər. Həmin “Allah sevdası” ilə dolmuş “arı-duru” adamdır. Ondan kamikadze, quldur düzəldirlər. O elə bilir ki, bu quldurluq deyil, düz eləyir.

 

xxx

Demokratik inqilab xalqlar üçün ən qorxulu prosesdir. Demokratiya adlanan “xalq hakimiyəti” sözündə xalqı dəyərsiz, yersiz, gələcəksiz qoymaq əməlləri yetişir və gerçəkləşir. Öncə aldadırlar ki, biz xalq hakimiyəti qururuq. Xalq ayağa durur, döyüşür, ona deyirlər sən öz hakimiyətin uğrunda döyüşürsən. Hər yerdə xalqın özünü özünə qarşı qaldırırlar. Xalq ayağa durur – kimlə döyüşür – özüylə. Baxın, Misirdə oturuşmuş hakimiyəti devirdilər, yerinə müxalifəti gətirdilər. Sonra həmin müxalifət oldu qatil. Başladılar ona qarşı savaşmağa. Tutdular onun başçısını. Bəs bu sənin xalqının nümayəndəsi idi? Yəni xalqın, əslində, hər bireyi özündən ayrılmış durumda döyüşə girir. Xalq dəyərindən, xalq mənasından ayrılmış durumda. Ayağa durub bir-biri ilə döyüşənlər hamısı xalq mahiyyətindən ayrılmışlardır. Bir-biriylə döyüşür, əslində özü ilə döyüşür. Xalq mahiyyətini itirmiş “özü” ilə döyüşür.

Xalq öz dəyərləri ilə, gələcəyiylə vuruşur.  Bunu xalqa anlatmaq üçün xalqın içini, şüurunu demokratiyaya bağlayanları ifşa etmək gərəkdir. Demokratiya min ildir birlikdən, özgürlükdən, haqdan danışır. Ancaq onu xalqlara verə bilmir. Çünkü birlik, özgürlük, haqq demokratiyanın göz qamaşdıran saraylarında deyil, Ağ evdə – filan yerdə deyil, insanlığın dərk olunmasındadır. Demokratiya ən pis dindir. İnsanı öz yalanlarına inandırıb onu özündən qıraqdakı başqa qüvvələrə bağlayır. Din də özündən qıraqdakına bağlayır. Biri ilahi səviyyədə bunu yerinə yetirir, biri toplumsal (ictimai) səviyyədə. Bu qüvvələr də insanı millətsiz, dövlətsiz, gələcəksiz aqibətə sürüyür. Sürünən, süründürülən insanı demokratiya adlanan şərlə savaşa qaldırmaq gərəkdir. Vicdan bu həqiqəti qanan adamlardan belə bir çətin işə girişmək tələb edir.

Heç kim onu demir ki, demokratiya filan şeydir. Dönə-dönə mən sübuta yetirirəm ki, demokratiya siyasi qarşıdurmadır. Siyasal, toplumsal qarşıdurmadır, çünkü demokratiyanın dediklərini hədəf götürüb ayağa duran adamlar içindən uçurulmuş, dağılmış adamlardır. Adam içindən sağlam olarsa, onda onun demokratiyaya ehtiyacı yoxdur. Döyüşmək üçün demokratik dəyər deyə bir şeydən sallaşmaq gərək deyil. Demokratiya ancaq və ancaq uçurur. Demokratiya səni yaratmır. Sənin ağlına doldurur ki, sənin hüququn var. Ancaq səni yaratmır. Səni sənə tanıtmır. Sənin içini sənə öyrətmir. Sənin gücünü üzə çıxarmır. Sənin mənəviyyatını üzə çıxarmır ki, bununla qalib ola bilərsən. O deyir ki, özünə bənzəyənləri bir yerə yığ, əlinə dəhrədən, baltadan al, çıx küçələrə. Onda qalib gələcəksən. Qırğına verir, ölümə verir, öldürməyə göndərir, – qarşıdurmadır bu. Pozğunluqdur, pozuculuqdur.

 

xxx

Dini möcüzələrdən danışırlar. Məsələn, deyirlər ki, donuzun qulağının üstündə Allah sözü yazılıb. Ya fındığın qabığında Allah sözü yazılıb. Sadə müsəlman avamdır, qanmır. Müsəlmanlığın başında duran ona etiraz eləmir ki, ayıbdır, belə şeylər gərək deyil, dinimizi gözdən salırsınız. Heç kim etiraz eləmir. Bir ağıllı din adamı qabağa durub demir ki, tutalım Allahın əli var, əlində də qələmi. Bu bədbəxt niyə öz adını fındığın qabığında yazır?! Nəyi sübut eləyir?! Yəni yolundan azmışlara sübut eləyir ki, o var?! Tutalım ki, sübut elədi, bildim ki, sən varsan. Varsan varsan da. Axı mənim dəyişməyim gərəkdir. Mənim dəyişməyimə səbəb vermirsən, fındığın qabığına adını yazırsan. Bundan mənə nə? Yer tapmadınmı adını yazmağa?!

Dini möcüzələrdən danışırlar. Əslində ən böyük möcüzə xalq ruhunun Mütləqə doğmalaşmasıdır, yəni xalqın özünə oxşamasıdır. Möcüzə ondan sonra başlayır. Ondan sonra xalq hansı addımı atırsa, hansı yaxşı işi görürsə, o, möcüzə olur. Birdən xalq elə gözəl iş ortaya qoyur, odur möcüzə. Çünkü özünə bənzədi, özünə oxşadı. Adam özünə oxşayanda gözəl bir görüntü olur. Ata “Əks-səda” yazısı yazıb. Deyir ki, əks-səda başqasının son sözünü təkrarlamaqla uğraşır.

Dinin möcüzələri fantaziyalardan gəlir. Fantaziya insana gerçək yön vermir, yəni insan gerçəklikdə fantastik möcüzələrlə xoşbəxt ola bilmir. Mənə fantastik olmayan möcüzə ver ki, xoşbəxt olum. Çünkü fantastik olmayan möcüzə gerçəkdir, realdır. O mənim əlimdən tutur, xoşbəxt edir. Sənin dediyin fantaziyadır. O məni xoşbəxtliyə çatdırmır. Heç xoşbəxtliyin qapısını göstərə bilmir. Çünkü dini möcüzənin məqsədi insana xoşbəxtlik bəsləmək deyil.

Ancaq xalq özünə oxşayandan sonra yaşam əsilləşir. Mənəviyyatın insanların yanaşmasında gerçəkləşməsindən, yaşamasından, var olmasından yüksək möcüzə yoxdur, olmur.

Çağımızda həyatın gedişinə baxırıq. Nə görürük? Bir yanda qorxunun, nifrətin, qəzəbin yaratdığı gedişlər, davranışlar, yanaşmalar, ünsiyyətlər, hədyanlıqlar, əxlaqsızlıqlar. Bir yanda isə sevginin yaratdığı təbəssümlər. Həzin pıçıltılar, nəğmələr, bala üçün, ana üçün həyəcanlanmalar, doğmalıq axtaran kədərli gözlər. Ancaq bunlar bir yandadırmı? Bunlar azdır, çox azdır. Bunların yerləşməsi, bir yan olması, yaşaması üçün yan, yer yoxdur. Hər yan, hər yer xaosun, pozğunluğun, cinayətin təqlidi üçün hazırlanıb. Hər yerdə cinayəti, pozğunluğu, əxlaqsızlığı təqlid edirlər. Hər yer onun üçündür. Bir yan yoxdur, bir yan qalmayıb sevginin təbəssümləşməsi, cilvələşməsi, gözəlləşməsi üçün. O yanı, yeri Ocaqçı öz köksündə yaradır. Öz mühitində yaradır. O, həyatda yoxdur, gerçəklikdə yoxdur. Küçədə yoxdur, kənddə yoxdur.

Mənim Amallaşma işimlə bağlı yazım, qeydlərim çox olur. Çünkü əsər yazmağa hazırlaşdığıma görə yazmasam belə düşüncələrim çox olur. Onların hamısını oxumağım gərək deyil. Sadəcə özümün içimdə tutduğum bəzi məqamları bölüşmək istədim.

Burdakı məsələlərə qısaca aydınlıq gətirmək istəyirəm. “İnam – Mütləqilik üzərində qurulan Aqibət yaradır”. Bu fikirdə Asif Ata öz dünyabaxışını qəsd edib. Bir var inam birey keyfiyyəti kimi, bir də var dünyabaxış kimi. Burda dünyabaxış kimi İnamı qəsd edib. Nə deməkdir “Mütləqilik üzərində qurulan Aqibət yaradır”. Mənə insanı tanıdır. Deyir ki, sənə tanıtdığım insana inan. Mən də inanıram. Niyə inanıram? Ağlımın gözünü açır, qandırır ki, inanıram. Qanıram və inanıram. Mənə vətəni tanıdır. Mənə milləti tanıdır. Mənə bəşəri tanıdır. Vətən mənim üçün ayrı bir məna daşıyır. Asif Ata mənə insanı tanıdandan sonra, Millət də mənim üçün ayrı bir məna daşıyır. Böyük anlamda bəşər də mənim üçün ayrı bir anlam daşıyır. O ayrı məna baxın görün nədir? Vətənə yanaşmanı adiliklərdən və bəsitliklərdən qurtarır. Heç vaxt biz Ocaqçı olaraq dilimizə alıb deyə bilmərik ki, vətənin filan parçası mənim nəyimə gərəkdir, mənim uşağım niyə gedib qorusun. Heş vaxt bu ifadəni Ocaqçı işlətməz. Ancaq toplumda ən yüksək vətənsevər belə bunu deyir. Deyir ki, hər kəsin öhdəsinə düşən payını qoy sevsin. Onun payı yoxdur vətəndə. Vətəni bütöv götür, gör içinə yerləşirmi? İçinə yerləşmirsə, sənin vətənə yanaşman necə qutsal ola bilər? Ona görə insanı mənə tanıdır, inandırır. İnandırandan sonra vətənə yanaşmanı dəyişir. Ayrı bir məna daşıyır. Millətə yanaşmam ayrı bir məna daşıyır.

Heç vaxt Ocaqçı millətin ən axmağının belə cibinə gözünü dikməz. İnanmıram. Onun boğazına gözünü dikməz. Ocaqçı bunu eləməz. Niyə eləməz? Asif Ata inamını verib, insanı sənə tanıdıb, sənə bu tərbiyəni verib. Onun inamını qəbul eləməklə sən yeni bir tərbiyəyə yüksəlirsən. Yeni bir aşama qazanırsan. Mütləqilik üzərində qurulan aqibət yaradır. Hər şey səndə dəyişir, Mütləq olur. Heç nəyə nisbi yanaşmırsan, Mütləq yanaşırsan. Nə qədər böyük aqibətdir bu. Səndən soruşsalar xoşbəxtsənmi – bunu demək yetərlidir. Xoşbəxtlik odur ki, biz ölməzliyin nə olduğunu sadəcə tanımamışıq. Biz ölməzliyin köksünü açıb ora çatmışıq. Atanın bu fikri əslində ideya səviyyəli fikirdir.

Xalqlaşma əməlinin ömrümdə yaratdığı hallar. Xalqlaşmanın çox gözəl bir cəhəti və çox qorxulu bir cəhəti var. Gözəl cəhəti nədir, qorxulu cəhəti nədir? Gözəl cəhəti odur ki, biz ruhaniyyatçı olaraq  evimizdə oturub ruhaniyyatla uğraşmırıq. Ruhaniyyatçı olmağımız üçün bizim qarşımızda bəs qədər əngəllər var. Bizə mane olur. Qoymur ruhaniyyatçı olaq. Qoymur ruhaniyyatçı kimi yaşayaq. Qoymur ruhaniyyatçı kimi düşünək. Biz o əngəlləri ortadan qaldırmalıyıq. Əslində biz döyüş adamlarıyıq. Ruhaniyyatçılıq – döyüşçülük deməkdir. Sufilərin ruhaniyyatçılığı biryanlı idi. Ancaq bizim ruhaniyyatçılığımız həryönlüdür. Biz ruhaniyyatçı olduqca qarşımıza çıxan əngəllərlə döyüşürük. Atanın dediyi kimi, içsəl şər və toplumsal şər məsələsi var. İçində də əngəl olan var, çölündə də.  Xalqlaşma işində Atadan öyrəndiyini gedirsən haraylayırsan, deyirsən, fərəhlə dolursan. Fərəhlə dolursan, xoşbəxt olursan. Ancaq gərək ruhani fikirlə, biliklə dolasan, dolmasan getdikcə adamın enerjisi azalır. Xalqlaşmada güc tükənə bilir. Özün təkrar-təkrar eyni şeyi deməkdən usana bilərsən, dalı gəlməyəcək. Əgər daim dolsan ruhani biliklə, zənginləşsən, dediklərinin içində o qədər gözəl yenilənmələrin olar ki. O qədər gözəl düşüncələrin, variasiyaların qurular ki, o sənin ürəyini yorulmaqdan qurtarar.

Adamın enerjisi tükənə bilər, yorula bilər. Ona görə gözümüzü torpağa yumana qədər işləməliyik.

 

Atamız Var olsun!

 

Qutsal Oxuma bölümündə Asif Atanın “Mütləqilik” Bitiyindən “Yüksəklik” yazısı oxundu.

Ocaq Yükümlüsü Asif Atanın qarşıdan gələn 80 illik törəninə hazırlıq yönündə fikirləini bölüşdü.

 IMG_7368

“Dünyadakı Mütləqlə Axşam Təması”nı Güntay Atalı, “Ataya Axşam Ricası”nı İnamlı Atalı dedilər.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun” səcdəsilə “Ailə Günü” törəni sona yetdi.

 

Qürub Ayı, 37-ci il. Atakənd.

(avqust, 2015. Bakı.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir