Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” və “Ulufərəh” Ailələri İşıq Ayında birgə
“Ailə Günü” toplantısı keçirdilər
Ocaq Günsırası ilə 24 İşıq Ayı, 38-ci ildə (may, 2016) Atagün Elində “Atagün” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” toplantısı keçirildi. Tədbir quralları yerinə yetirildikdən sonra “Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Bu gün Atagün Elində iki Ailənin Ailə Günü toplantısını keçiririk – Atagün və Ulufərəh Ailələrinin. Əslində bura qədər Ocaq böyük bir görəv başında olubdur və uzun müddətdir ki, planlanan Ata Sonevi üzərində təmir işlərini başa çatdırıbdır. Qardaşlarımız 4 gün içində ciddi bir əmək ortaya qoydular. Üzdən baxanda əskikliklər görünər, ancaq orda çox ciddi sevgi var, qeyrət var, sədaqət var. O gözlə baxanda o əməyin, doğrudan da, tayı yoxdur. Atanın ömrü fərqli bir ömürdür. Onunla bağlı nə iş görülürsə, gələcəyə bir örnəkdir. Özünün sevdalı ardıcıllarını yaratmaq, illərlə yol getmək, bu, xoşbəxtlikdir Ata üçün də, bizim üçün də.İndi istəyirəm amaldaşlarım Ailə Günü hesabatlarını desinlər, sonra mən də fikirlərimi bölüşəcəm.
Günev Atalı (Ataya səcdə edərək Bayrağı öpür – Ü.A.): Deyim ki, bu ay fiziki işlərimlə bağlı amallaşmam olmayıb. Sayta qoyulan yazıları oxuyuram, ona amallaşma demirəm. Təbii ki, amallaşmada yeni bir aşamaya yetməmişəmsə, kamilləşmədə də yeni aşamaya yetməyəcəm. Adamlarla təmaslarım olub.
Bəlli bir şeylər kəsdirmişəm, məqamı ötürmək baxımından. Soylu Atalının söhbətlərindən bir çox şeylər özümləşdirmişəm: – insan fiziki yorğun olanda ona söz tez dəyir, yəni yörəsinin etkisi incikliyə yol açır. Əslində xırda şeylər Ocaqçını yerindən tərpədə bilməz. Ancaq olur ki, onun fiziki yorğunluğu mənfi etkiləndirə bilir. Onu ötürmək baxımından qabıma bir şeylər qoydum. Buna mənim çox ehtiyacım var. Bu baxımdan deyərdim ki, özüylə döyüşümdə nəsə özümləşdirdim. Amalım ömrümə o dərəcədə hakimdir ki, hər gün qabağa gedirəm.
Xalqlaşma ilə bağlı deyə bilərəm, yaxşı işlər görmüşük. Bir dostum var, onu illərdir axtarırdım, 50 il bundan öncə dost olmuşuq. Axır ki, onun yaşadığı, qeydiyyatda olduğu ünvanı tapmışıq. Elana ilə birlikdə onun ardınca getdik. Ancaq təkcə onun arxasınca getmək yox, məqsəd Amalı aparmaqdı. Bir neçə yeri bəri başdan gözaltı eləmişdik. Bu, Fizuli bölgəsi idi. Öncə Dilavarda kəndində olduq. Fizuli bölgəsində Araz boyu bir kənddir, icra nümayəndəsinin, bələdiyyəsinin evində olduq. Təsadüfi getməmişdik ora, həm də qohumluğumuz var. Getdik orda yaxşı söhbətlər elədik, ədəbiyyatlar verdik, çalışdıq ki, oxulda da bir görüş keçirək. Biz kütləvi görüşlərə çıxmalıyıq, bu həm də içdən hər zamankı bir istəyimdir. Evdə üç ailə üzvünün üçü də öyrətmən idi, üçü də bizi dinləyirdi. İstəyimi dedim, mən yuxarı sinif öyrənciləri ilə görüş keçirmək istəyirəm, Asif Ata kimliyi, Asif Ata Amalı haqda söhbət edək. Bəri başdan mən gediş yazısı yazıb verə bilərəm.
Nəysə o adam razılaşmadı bu işlə, ancaq ədəbiyyatı bir az artıq verdik, dedi ki, eşitsələr bunları əlimizdən göydə alacaqlar. Səhər tezdən ordan Horadizə gəldik. Horadizdə həmin adamın ünvanına getdik, Vidadi Əsədovu axtarırdım, mən onunla ikinci sinfə keçəndə ayrılmışam. O mənim həyatımda çox şirin xatirələrlə qalıb. Qonşu idik, atası Rus dili öyrətmənliyi edirdi, çalışqan olduğu üçün sinif təmsilçisi qoymuşdular.
Orada onunla bağlı bizə nəysə demək istəmədikləri bir şey var idi. Mən axtarmağımın səbəbini də dedim, axırda onun bir qohumunun ünvanını verdilər mənə. Biz getdik onun işlədiyi ünvana. O dedi ki, axtardığınız kişi mənim dayımdı, ancaq çox təssüf ki, o, 25 il bundan öncə xəstəxanaya düşüb, əsəbdən müalicə olunur. Məni çox etkilədi, çox pis oldum. Bununla belə orda söhbət elədik Asif Ata haqda. Bağlantı üçün telefon verdik, ədəbiyyat da verdik. Əsədov Vidadinin bacısının ünvanını verdilər mənə. Biz ordan qayıtdıq Mahmudlu kəndinə. Öncə kənd adamları ilə görüşdük, onlardan Vidadinin bacısının ünvanını götürüb getdik ora. Orda da şəxsi söhbətlərdən sonra gəldik Amal qonusunun üstünə…
Dedim mən Vidadini harda olsa gedib görəcəm, bəlkə də etkiləndi, bəlkə xatirələrini oyada bildim. Sanki əsərdəki kimi, anası yüyrük düzəldir ki, manqurt adamın yaddaşını oyada, yəni belə bir hal. Dedilər ki, tanıyır adamı, yəni özünü çox itirməyib. Ordan gəldik Əhmədli deyilən bir kənd var ora, ordan da qayıtdıq gəldik öz evimizə.
İstədiyim o idi ki, evdən çıxıb qapıları döyə-döyə soraqlar verək. Bir az istəyim təmin olundu. İçimdə bir rahatçılıq tapdım. Ancaq demirəm ki, bununla arxayınlaşdıq. Hər halda, alətin pası açılan kimi hal yarandı, yeni səfərlərə köklənmək baxımından. Yenə də planlarımızda səfərlər var.
Sonra “həyatın Amalıma etkisi” məsələsi. Bundan öncəki səfərlə – Ata Sonevi ilə bağlı, biz üç Amaldaş-qardaş Ağstafada toplandıq. Soylu Borçalıdan gəldi, bu bizə xoş bir əhval qatdı. Şirin münasibətlərimizlə və yaşımızdan da artıq o gücü, o enerjini bir-birimizdən alırıq. Ayaq üstə dura bilməyəndə belə, bəzən biz o işi çatdırmalıyıq deyə mümkün olmayan olanaqlardan istifadə edirdik. Çox vaxt sürünə-sürünə gəlib çıxırdıq, yaxşı ki, maşın var idi. Güntayın maşını ilə gedib-gəlirdik. İşi şərəflə başa çatdırdıq. Ata sonevinin ziyarəti mərasimində də sözümüzü, fikrimizi dedik, gözəl bir mərasim keçirdik. Demək olar ki, Azərbaycanın o başından çıxıb, bu başına gəlib çıxdıq. Borçalıdan Soylunun gəlişi, sizin ordan gəlməyiniz, burdan adamların dəvət olunması, bu az iş deyil. Ümumiyyətlə götürəndə, hər bir Evladın özünün işi, orda-burda gənclərlə, ayrı-ayrı insanlarla görüşmək, bunlar hamısı Ocağın inkişafından irəli gəlir. Böyük bir qürur duyuram bu işlə, fəhərlənirəm. Həyat heç vaxt mənim Amalıma pozucu etki göstərə bilməyəcək. Ancaq həyatın etkisi tam yox deyil. Çağaşırı o da öz inadını göstərir, təpər gördükcə hər şey yenidən öz axarına düşür. Rahatsız deyiləm, çünkü Yolumda məni sarsıda biləcək bir qüvvə görmürəm…
Fikrimdə var ki, tədbirimiz bitəndən sonra bir az söhbət edək, mən nə etməliyəm. Mənim hesabatım bu qədər, hiss olunur ki, fiziki yorğunluq öz işini göstərir, tədbirlərin ardıcıl olması, hamısında söz, fikir söylənilməsi, buna çalışmaq, istər-istəməz etkiləyir, xüsusilə idrak məsələsi ilə bağlı. Bununla belə, o boyda yükün altında fərəhliyik.
Atamız Var olsun!
Üstün Atalı (Ataya səcdə edərək Bayrağı öpür – Ü.A.): Bu gün uğurlu bir gündür. Biz birinci il Ata Sonevinin ziyarətinə gedəndə öncə Beyləqanda olub, sonra Ağstafaya getmişdik. Bu gün də Ağstafaya gedib Beyləqana gəldik. Yol boyu həmin düşüncələri, həmin anları xatıladım. O andan bu ana gələnə qədər gəldiyimiz yolu xatırladım.
Soylu qardaşımız “Gediş”də qonu qoyub ki, “Həyatıma Amalım sıxıntılar gətirirmi?”. Həyatıma Amalım nəinki sıxıntılar, uğurlar gətirib. Tərsinə, həyata qarışmağım mənim Amalıma sıxıntılar gətirib, özümlə bağlı. Nə veribsə mənə, ömrümü nəzərdən keçirsəm, yadda qalacaq, Ocaq tarixinə yazılacaq nə varsa, Amalım verib. Həyata verdiyim günlər keçici bir şeydir. Nə qaldısa Amalda qaldı.
Keçən Ailə Günümüz də burda oldu. Ailələrin bir yerdə olması duyğularımı yeniləyərək yaxşı hal yaradır.
Xalqlaşma işimdə balaca bir addım atdım, Sumqayıtda oxullara getdim, dərs arası, ancaq görüşlərə razılıq vermədilər. Nurtəkin deyəndə ki, biz də getdik, bildim ki, elə həmin halla qarşılaşıblar. Ancaq insanlarla söhbət eləməyi heç kəs bizə yasaqlaya bilməz, eyni zamanda ağıllarda Ocağı qurmağı da heç kim bizə yasaq edə bilməz. İnsanlarla fərdi söhbətimdə bunu təsdiq etmişəm.
Ocaqda baş verən hər bir addım, istər bu günkü hadisə, istər qardaşlarımın əməyi, istər bundan öncəki görüşlər, Soylu Atalının, Nurtəkinin görüşləri, sanki bir güzgü olur mənim üçün. İşıq olur mənim ömrümə. Fərəhlənirəm, ancaq istəyirəm o fərəhə özüm də qatılım. Bəlkə də bu o istək idi ki, evdən çölə çıxa bildim. Dərs ilinin sonuna qədər yenə də getməyi planlaşdırıram.
Qüsurum odur ki, keçirdiyim halları, düşüncələri araşdırmıram. Həyat gedir mən də onun dalınca qaçıram. Yəni onları araşdırıb gündəliyə yazmıram. Əgər onu yazsam, bilirəm ki, halımda nə qədər dəyişiklik ola bilər.
Halım ucadır, Ocağın addımlarını gördükcə fərəhlənirəm. Qarşıdan bizi Bayram gözləyir, özümü ona kökləyirəm. Yeni əməllərə doğru. Atamız Var olsun!
Göylü Atalı: Əslində bir neçə gün içində düşündüyüm bir məsələ oldu: mənim Amal yaşamımda Soylu Atalının yeri. Soylu Atalı bir neçə gündür Borçalıya getmişdi, ordan Ağstafaya getdi, Bakıda yox idi. Onun tələbləri, nizamlaması da getmişdi sanki. Bu zaman içində deməzdim ki, tamamilə hər şeyi bir qırağa qoymuşam. Ocaq ədəbiyyatından qıraq başqa ədəbiyyatları da oxuyuram. Belə deyək ki, mənim ömrümün nizamında ciddi bir dəyişiklik yoxdu. Ancaq özünə nəzarət, özünə qarşı sorumlu olmaq da Soylu Atalının yoxluğu ilə zəiflədi. Elə bil ki, Soylu Atalı mənim sorumluluğumun, mənəviyyatımın nizamlayıcı bir qüvvəsidir. Yəni Soylu Atalı nizamlayır, sorumluluğa çağırır, onun tələbləri kökdə saxlayır. Bu əslində belə olmamalıdır, mənim özüm o kökdə, o ruhda olmalıyam.
Dediyim kimi, kamilləşmə sarıdan, özümü araşdırmam ciddi olmayıb. Eləcə də xalqlaşmam.
Gediş yazısında bir qonu var: həyatıma Amalım sıxıntılar yaradırmı və o, nədən ibarətdir. Üstün də o məsələyə toxundu, sıxıntı və ya sarsıntı yaratması deməzdim, o aşama artıq keçibdir, tərsinə, həyat əngəl olanda, məni Amaldan geri çəkəndə, sıxıntını onda yaşayıram. Yəni Amaldan aldım, həyata verdim. Sıxıntı bu deməkdir, başqa cür cəmiyyətin basqısı, etkisi yoxdur, o aşamanı keçmişəm.
Nurtəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – Ü.A.): Bu gün mənim üçün tarixi bir gündür, çünkü ard-arda səfərlər və bir-birini tamamlayan tədbirlər oldu. Düşünəndə ki, Ata Sonevinin ziyarətindən sonra Ailə Günü toplantısı var, mən ruhaniyyat tarixini çox yaxşı bilmirəm, ancaq ruhaniyyat tarixində yəqin ki, belə bir şey olmayıb, fikirləşirsən ki, səhər mərasim olub, axşam niyə Ailə Günü olsun ki. Yəni Ocaqçılar bir yerdə oturub söhbət edəndə də yenə ruhsal söhbət edirlər. Ancaq tədbirin olması elə bil kökləyir və həm də sonucu, davamı Ailə Günündə tamamlanır. Bu mənim ağlımı həm də nəyə kökləyir? Soylu Atalının özünün məntiqi, daim Amal ruhunda yaşamaq və özünü ona kökləmək, qiymət vermək, dəyər vermək anlamı daşıyır. Ailə Günü plan doldurmaq deyil, burda özünü adam bir başqa cür kökləyir, bu anlamda bir çox şeylər mənim üçün yenilənir. Həm də maraqlı gəlir, araşdırmalı bir məsələ kimi gəlir, olay kimi gəlir. Səfərin özü mənim üçün çox önəmlidir, mən olayın içindəyəm, bəzi şeylərə tam anlamda qiymət verə bilmirəm. Ancaq bunun özünün içində belə, mən o fərəhi, sorumluluğu yaşayıram, bu həm də mənə güc verir.
Bu ay bəzi işlər gördük, Soylu Atalı ilə birlikdə Sumqayıta getdik. Soylu Atalı ilə bir yerdə hər hansı bir səfərə getməyin, görüşə getməyin özü mənim üçün bir ruhaniyyat oxuludur.
Evdə Ocaq işi görmüşəm, ancaq xalqlaşmamın artması ilə elə bil Amalın axarına düşmüşəm və özümü saxlaya bilmirəm. Mən daha çox demək, daha çox çatdırmaq istəyirəm, bu mənim içimdən gəlir, bunun yaranması və özümü buna kökləməyim mənim fərəhimə çevrilir.
Qonuya gəlincə, “Amalım sıxıntılar yaradırmı?!” Mənim yadıma gəlir ki, ilk günlər Ocağa gələndə mənimlə birgə başqası da gəlmişdi. O, tədbirdə deyəndə ki, mən utanıram, başqasına deyə bilmirəm “Ürəyində Ata Günəşi olsun!”. Mən Ocağa gələndə ona təəccüblənmişdim. Mən Ocağa gələndə elə bir şey demək artıq mənim içimdən gəlirdi. Başqasının utanmağı mənə təəccüblü gəlirdi. O şeyə ki, ömür köklənir, sonralar hər hansı addım atanda Amal sıxıntılar yaratmır. Deyək ki, biz qapıları döyürük, qapılar üzümüzə bağlanır, zəng edirik cavab verilmir, hər hansı addım atanda, yəni Amal burda sıxıntı yaratmır, az-çox sarsıntı olubsa da, hamısı məni möhkəmləndirib. Hardasa o sarsıntılı ana da minnətdar oluram ki, nə yaxşı mən o sarsıntını ötə bildim, mənim inamım yeniləndi, idrakım yeniləndi, mənəviyyatım yeniləndi, iradəm də yeniləndi. Mənim özümə inamım yarandı. Amalın verdiyi sıxıntı olmur, Amalın verdiyi sarsıntını ötmək isə məni bu günə yetirdi. Hamınıza daha böyük uğurlar diləyirəm. Atamız Var olsun!
Soylu Atalı: (Ataya səcdə edərək Bayrağı öpür): 24 İşıq Ayı, 38-ci il tarixində “Atagün” və “Ulufərəh” Ailələrinin birgə keçirdiyi Ailə Günündə söz deməzdən öncə bayrağımızı öpürəm və Ataya səcdə qılıram.
Bizim bu gün keçirdiyimiz Ailə Günü başqa Ailə Günlərindən bir özəlliyi ilə fərqlənir. Biz böyük bir işin içində olduq və işimiz bir az da qaçaraq oldu. Nədəni ondan ibarətdir ki, biz 4 gün deyirik, ancaq Ata Sonevində cəmi iki gün yarım işləmişik. Biz gedən günü günortayacan elə material toplamışıq. Ancaq gördüyümüz işin həcmi iki gün yarıma sığan iş deyil. Bu bəlkə də bir həftəyə, 10 günə sığan işdir. Bu iş bu cür yeyinliklə nəyin hesabına görüldü?! – Bayaqdan sizlər də vurğu edirsiniz ki, Ocaqçıların işin üstünə getməsi sevgiyə bağlıdır, qeyrətə bağlıdır, milli ləyaqətə bağlıdır. Biz onun əsasında o işi görə bildik. Həm də biz eviçi iş görmürük, biz xalqın, bəşəriyyətin gözünün qabağında iş görürük. O iş bütövlükdə xalqın diqqətinə sunulan bir işdir. Ona görə o işin sorumluluğu daha böyükdür. Yəni biz xalqın gözü qabağında görülən işin sorumluluğunu yaşadıq. Bəlkə də biz bunu yaşayanda, deyəndə fərqinə varmırıq. Mənə elə gəlir ki, bizim özümüzün içsəl dünyamızda, alt yapımızda bizə etki göstərən, bizi sorumluluğa çağıran, bizi güclü edən həmin duyğulardır. Ona görə biz elə böyük iş görə bildik. Mən bunu gələcək üçün deyirəm, hesabat vermək üçün demirəm. Mənim hesabatım ayrı. Mən bu sözü doğrudan bir haqq olaraq deyirəm, bir örnək olaraq deyirəm. Ruhaniyyat tarixində ciddi işlər görülüb, ciddi zəhmətlər çəkilib, aşiqanə zəhmətlər çəkilib. Bizim zəhmətimiz onlardan dala deyil. Bu da təbiidir. Bütövlükdə (bizdən qıraqda da) Ruhaniyyatın sunduğu düşüncə sistemi nə olsa da, doğrusu-yalanı, əyrisi-düzü olsa da, o ciddi bir tələbdir. O, insanların içində gücə çevrilir. Güc yaradır. Birdən-birə min il yatmış bir bəşər özünü yeni dünyabaxışın ağuşunda görür, özəllikcə onu yaradan insanlar özlərini bəşəriyyətin qarşısında görürlər. Bu elə adi məsələ deyil, böyük bir sorumluluq verir. İndi az sayda Ocaqçılar həmin taleni yaşayır – bəşəriyyətin qabağına düşmüş insanlar taleyini. Bəşəriyyətin qabağına düşmüşəmsə, hər cəhətdən qabaqda olmalıyam. Hər cəhətdən üstün. Biz üstünlüyü çalışmalara yönəlik deyirik, özümüzü elə də eqoistcəsinə dığırlamırıq. Bax, bu məsələ, bir zamanlar gələcək ki, hər kəsin qarşısına dəftər-qələm qoyacaq. Mən böyük düşüncə adamlarını nəzərdə tuturam. Bu, onlardan araşdırma tələb edəcək. Bizim yaşadığımız ömür, çəkdiyimiz zəhmət ciddi araşdırma tələb edəcək. Yaz, aç, göstər.
Biz böyük fiziki zəhmətlərdən sonra deyirik ki, tədbirdə deməyə sözümüz zəifdir, canımız söz tutmur, mən bunu qəbul edirəm, ancaq bir az məni doğru başa düşün, özümə yönəlik qəbul eləmirəm. Doğrudan da, bu saat içim havalıdır. Mən bayaq Amal bağından qayıdanda düşünürdüm ki, az söz deyim, sizi yormayım. Ancaq inanın ki, içim havalıdır, səhərə kimi oturub danışaram. Ona hazıram. Bu gücü mənə həmin sorumluluq verir. Atanın əlimizdən tutub bəşərin qabağına çəkdiyi sorumluluq. Ata bizə öyrədir ki: Sən bəşəriyyətin qabağında getməlisən, ona mənim göstərdiyim yolu öyrətməlisən. Necə getməyi ona göstərməlisən.
Asif Ata millət üçün minillik özünü qoruma sistemi yaradıb. Biz o sistemi işə salırıq. Ona yaşam veririk. Xalqın üzdə özünü qoruma sistemi pozulub. Ancaq biz onun alt qatlarına dayanaraq, onun tarixi mənliyini bərpa eləmək istəyirik. Alt qatlarda biz ona yetirik, ağlımıza da çatır. Alt qatda millətin mənliyi məhv olmur. Bu mümkün deyil, üzdəkinə biz də gileylənirik. Hamı üzdəkinə ağlaşma qurur. Altda bu millət məhv olmuş olsaydı, mən heç bu zəhməti çəkməzdim. Alt qatlarda o məhv olmayıb. Biz elə o alt qatlara girməyə çalışırıq, orda milləti yenidən bu durumdan çıxarmağa çalışırıq. Yoxsa daha nə var, xalq üzdə məhv olub, altda məhv olub, day nə istəyirsən?! Xalqın dərinliklərdə heç olmasına biz inanmırıq, ona görə bu işlərə də instinktiv şəkildə getmirik, şüurlu şəkildə gedirik. Çalışdığın ciddi iş var, getdiyin yol var, sənin ortaya qoyduğun əmək var. Bunlar əslində dərində olana inamdan doğur, o inamın tələbi ilə gerçəkləşir. Asif Atanın fəlsəfəsi də ondan ibarətdir. Başdan-ayağa deyir təzahürdə qalma. “Gerçəklikdə qalmayım, mahiyyətə çatım”, – mahiyyətdə ayrı şeylər var. Mahiyyətdə qurulma var. Qurulma olanağı var. Əgər alt qatda da bu məhv olubsa, onda biz kimik? Məgər bizi bu xalq doğmayıb, bizim içimizdə qaynayan bu eşq hardandır bəs?! Xalqdan gəlir. Mən fiziki canın yetəcəyi səviyyəni qəbul edirəm, doğru sayıram, ancaq içəridə sevgi tükənmir, yəni ruhsal güc tükənmir.
Biz peyğəmbər yaratmaq işinə girişmişik. Peyğəmbəri peyğəmbər yaratmır. Peyğəmbəri yaratmağın iki anlamı var. Bir peyğəmbərin özündə özünü yaratması (özüylə döyüşüb arınması), bir də var peyğəmbəri xalqda yaratmaq. Peyğəmbəri xalqda əsasən onun ardıcılları yaradır. Əsasən ona dayanan, söykənən insanlar yaradır. Biz indi peyğəmbəri yaradırıq. Bəşəriyyət elə bir aşamaya gəlib çıxıb ki, bu aşamada hər kəs düşünür indi peyğəmbərlik çağı deyil, axı bu peyğəmbər məsələsi hardan çıxdı?! İndi dünya ayrı hava çalır, indi ayrı bir eradır, aryı bir sivilizasiyadır, elm-texnika gəlişməsi belə getdi, bunlar da (yəni biz) durub geriyə qayıdır, peyğəmbərlik yüzilliyinə qayıdırlar…
Belə deyil. Toplumun iki kəsimi fərqli olaraq belə düşünür. Bir kəsimi, yəni naşı müsəlman düşünür ki, peyğəmbər Məhəmməddə qurtarıb, bunlar (yəni biz) niyə özlərini öldürürlər. O biri kəsim düşünür ki, Avropa göylərdə kəşfiyyat aparır, bunlar hələ yerdə peyğəmbər yaradırlar, əski dövrün qalıqlarını yaşadırlar. Deməliyəm ki, hər ikisi burnunun ucundan başlayıb qulağının ardına qədər yanlış edir. Heç kim işin dərininə getmir. Hər kəs bilir ki, mədəniyyətin tarixi var, hər kəs bilir ki, elmin bəlli kəşflərinin tarixi var. Hər kəs bilir ki, xalqın lap folklorunun, lap ayrı-ayrı nəsnələrinin tarixi var. Ancaq insanlığın tarixi yoxdur. İnsanlığın örnəkləri var. O örnəkləri də tarix yaxına qoymur. İnsanlığın tarixini Asif Ata başlayıb. İnsanlığın tarixi yazılır, yaranır və yaşanır. İnsanlığın tarixi yaşanmasa, onda elə o müsəlmanla Avropasevərin dediyi doğru olacaq. Onda onların dediklərini tutarsan, üzü aşağı gedib çıxarsan heyvanat mühitinə. Orada tamamilə dünyanın anlamından, Allah anlamından xəbərsiz yaşayarsan və heç olarsan. Peyğəmlik hadisəsi insana Allah anlamını öyrədir. İnsana insanlıq anamını öyrədir. İnsanlığın sıradan çıxmasını xəbər verir. Avropanın texnikası vermir insanın sıradan çıxması xəbərini. Bu, məsələnin bir tərəfi. İkinci tərəfi. Naşı musurmanla, mən insanları təhqir üçün demirəm, naşı musurman və Avropasevər aşağı-yuxarı bir şeydir, bunlardan başqa bir kəsim də var. Bu kəsim də türkçülər hesab olunur. Bu türkçülərin işi nədir? Onlar yalnız keçmişi öyürlər. Bozqurd belə getdi, Tanrıçılıq belə getdi, bunlar keçmişi öyürlər. Keçmişi öyməklə dəyər yaranmaz. Keçmişi öyməklə gələcəyə getmək mümkün deyil. Dəyər yaranmır onda. Keçmişin üzərində dayanıb dəyər yaratmaq gərəkdir. Onlar dəyər yaratmırlar, dəyəri biz yaradırıq. Onların ağlına girmir ki, bunlar (biz) dəyər yaradırlar, öyrənələr ki, bu nə dəyərdir. Axı onların içində köhnəlikdən çıxa bilməmək var. İndi özünü türksevər sayanların hamısı Asif Atadan yan keçir. Utanır elə bil. Asif Ata özünü peyğəmbər elan eləyib, bu kişi kaş ki, özünü peyğəmbər elan eləməyəydi, nə gözəl olardı. Gözəl filosofdur, bu bəsdir da. Özünü peyğəmbər elan eləyib, gülünc olmuşuq, odur ki, ona yaxın getmək olmur.
Yaxın gələ bilmirsənsə, sən öz türkçülüyünü qatla at arxivə. Heç kimə gərək deyil. Əgər keçmişini qorumaq istəyirsənsə, onu urvatlı bilirsənsə, onda gələcəyə ayıq bax. Onda bizim yaratdığımız peyğəmbər yoluna da ayıq bax. Sən pozulmuş yaşam sistemini nə ilə dəyişəcəksən? Bunu istəmirsən, bəs sən nə istəyirsən, onu mənə göstər. Səni ayağa qaldırmaq istəyən bir dəyəri istəmirsənsə, deməli, Məhəmmədin dediyini yaşamalısan da. Ya da Avropanın tikdiyi torbaya gedib girməlisən. Ayrı nə istəyirsən?! Sənə millət olmağın açarını, yolunu verir Atanın Amalı. Sən də deyirsən bu gərək deyil…
Görürsünüzmü bizim qarşımızda hansı böyük sorumluluq var. Hansı üstünlüklər var. Hansı səviyyədə anlamaq tələbi var. Əgər Asif Atanı yalnız filosof kimi götürsən belə, Asif Atanın fəlsəfi dünyagörüşünün özü tamamilə yeni bir sistemdir. Bu günkü dünya Nitşeyə meyillidir. Nitsşe nə deyir, soru qoyur ki, yaxşı nədir? Cavab verir, hakimiyyət istəyini gücləndirən, hakimiyyət istəyini təsdiq edən, qabağa aparan nə varsa hamısı yaxşıdır. Kül sənin başına. Sənə mən necə filosof deyim. Filosofun nə işi var hakimiyyət dəlisi olur?! İnsanı hakimiyyət dəliliyinə çağırır. Filosof mərhəmətə çağırar, filosof ədalətə çağırar, filosof ləyaqətə çağırar, vicdana çağırar, hakimiyyətə çağırmaz. Mən dönə-dönə vurğu eləmişəm ki, bu günkü dünya Nitşenin ideyasına dayanaraq deyir ki, bəşəriyyətin sayını azaltmaq gərəkdir. Yalnız güclülər qalmalıdır. Nitşe bütün toplumun içində, insanların içində axtarır güclünü. Ancaq dünya dövlətlərin içində axtarır güclünü. Fərqi yoxdur. İnsanların içində güclü axtaranın ideyası dövlətlərin içində güclü axtaranlara gərək oldu, yaradı. Asif Ata ayrı şeyə çağırır, onun fəlsəfəsi ayrı şeydir.
Avropanı eşidən insan, ya da İslamı eşidən insan, ya da başqa doktrinaları eşidən insan birbaşa həyatın korlanmasında iştirak edir. Ağlının azlığı ilə, mənəviyyatının azlığı ilə, ləyaqətinin azlığı ilə həyatın korlanmasında iştirak edir. Həyat mənəviyyatla gözəl ola bilər. Az mənəviyyatlı insan həyatı necə gözəl edəcək?! Hər kəs həyatın korlanmasında iştirak edir, hər kəs də həyata nifrət edir. Həm korlayır, həm də nifrət edir. Bəs Asif Ata nə edir? Asif Ata İnsanın qəlbini açır, güzgüdən tozu silən kimi silir. Ora böyük hərflərlə sevgi yazır, inam yazır. Deyir ki, mənəviyyatlı ol. İnsanlaş, insanlaşdır ki, həyata nifrət etməyəsən. İnsanlaşmadıqca həyata nifrət edəcəksən. Həm korlayacaqsan, korladığın bəs deyil, nifrət də edəcəksən. Özün korlayırsan, özün nifrət edirsən. Asif Ata deyir ki, həyatın anlamını sevmək gərəkdir. Həyatın anlamını sevgi ilə yaşayarsansa, həyatı anlamına bənzədərsən. Gözəl edərsən eyni halda.
Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. İnsan eqoistləşir, onun eqoistləşməsinə səbəb nədir?! Belə götürəndə deyə bilərik ki, mənəviyyat azlığıdır-filan. Ancaq insanın eqoistləşməsinə səbəb, onun dini anlamda Allaha tapınmasındadır. İnsan dinlərin sunduğu allaha tapındıqca onun qəlbində qorxu bərqərar olur. Allahdan qorxub ona tapınan insan öz növündən olanlara üstdən aşağı baxır. Xudbincəsinə yanaşır. Allah qorxusu insanda başqa tələblərdən də qorxu ilə əvəz olundu. Daha doğrusu, qorxuya çevrildi. Allahdan qorxudulan insan ölümdən qorxdu, aclıqdan qorxdu, hakimiyətdən, hakimiyətin ünsürlərindən qorxdu. Yəni güclüdən, özündən üstün bildiyindən, güclü bildiyindən qorxduqca, özünə tən olan soyunun üzərində xudbinlik elədi, onu saymadı. Bax, görürsünüzmü Asif Ata insanı hansı nöqtələrdən başlayır qurtarmağa?! Buna görə mən yazmışdım ki, Allahı insanın başının üstündən düşürməsən, nə Allahı xilas edəcəksən, nə insanı. Allahı insanın başının üstündən düşürmək gərəkdir.
İndi başqa bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Məhəmməd Quranda Allahın adından vurğu edur ki, biz filan şeyi belə elədik, biz bunu tələb elədik, biz, biz, biz. Asif Ata öz Atalığına ortaq görmədi. Mənə dedi sən Ata deyilsən, sən mənim Evladımsan. Bunu açıq dedi. Təvazökarlıq eləmədi, eləsəydi onda çoxbaşlılıq yaranardı, Ocaq baş tutmazdı, İnamın gələcəyi olmazdı.
Quran deyir Allah doğmayıb, doğulmayıb, ortağı yoxdur. Ancaq Allah danışanda “biz, biz” deyir. Əgər Allah özünə ortaq axtarırsa, onda o insana gərək deyil, çünkü Allah ideal olmalıdır. Mən o ideala üz tutmalıyam, hər şeyimi o idealla bölüşməliyəm. O idealın böyür-başında onun ortaqları olarsa, onda mən bilmirəm hara üz tutum. Mən bilmərəm ömrümü hansı ilə tutuşdurum. Ona görə Ata Mütləq anlamını ortaqsız olaraq insana verir. Deyir ki, ölçüm budur, mənliyim budur.
Hansı fikrə əl atırsan at, hansı məntiqə üz tutursan tut, Asif Atanın üstünlüyünü görürsən. Bizim üz tutduğumuz həmin üstünlükdür, həmin yüksəklikdir. Ona görə usanmadan çətinliyə qoşuluruq. Bu yüklərin altında ona görə dözürük. Yoxsa bizim götürdüyümüz yüklərin altında dözmək çətindir. Niyə, belə götürəndə kütləvi köməyimiz yoxdur. Asif Ata Ocağına 100 Evlad istəyir, biz 100 Evladın işini görürük. Hər bir Evladın üzərinə bir neçə adamın işi düşür. Buna görə başımız həmişə uca olsun, utanmayaq, yükümüzün altında möhkəm duraq.
Mən bu qonularla bağlı daha artıq danışıb sizi yükləmək istəmirəm. Xalqlaşma işini bilirsiniz, hər biriniz.
Sözümü bitirirəm, sizə bu gərgin günlərdə yaşadığınız qutsal ömrə görə dərin təşəkkürümü bildirirəm. Mən dərin zəhmətinizlə, mənliyinizlə atdığınız hər bir addıma görə sizin ürəyinizdən öpürəm. Sizi bağrıma basıram. Nə yaxşı ki, siz oldunuz, fikirləşirdim ki, Ata öləndən sonra neyləyərdim? Ocaq sönə bilərdi. Ocaq dayanmadı, sizin varlığınız vardı. Mən atdığım bütün addımlara görə sizə borcluyam. Sizin qutsal varlığınıza borcluyam. Həmişə var olun, Uca olun. Mən həmişə sizə dayanıram.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Nurtəkin Atalı: Biz də sənə dayanırıq.
Elana Atalı (Ataya səcdə edərək Bayrağı öpür – Ü.A.): Ocaqçı qardaşlarım Atanın sonevində yeniləmə işlərini neçə gündür görürlər. Çətinlikdən qaçmadılar, çünkü ürəklərində Atanın işığı, Ocağın işığı var. Gördüyünüz işlə bağlı fərəhlisiniz. Mən də fərəhliyəm, sizinlə öyünürəm.
Bu zəhməti sizdən başqa kimsə çəkməzdi. Niyə çəkməzdi, içində bizim sevgimiz yoxdu. Gələn yol mən də gedərəm, heç olmasa süpürgə çəkərəm oralara.
Soylu Atalı: Var ol, gözəl bacım. Çox gözəl əhvalda olduq bu günləri. Gözəl əhvalla tədbiri başa çatdıra bilərik.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.
İşıq Ayı, 38-ci il.
(may, 2016.)