Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 38-ci ili
“Atagün” və “Ulufərəh” Ailəsinin II
“Ailə Günü” toplantısındakı hesabatları
Ocaq Günsırası ilə 30 Çiçək Ayı, 38-ci ildə (aprel, 2016) Atagün Elində “Atagün” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. Üstün “Ruh Üstə” İçsəsini söylədi.
“Atagün” Ailəsinin Yükümlüsü Günev Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): Asif Atanın Mütləqə İnam Ocağının iki Ailəsinin – “Atagün” və “Ulufərəh” Ailələrinin 38-ci ildə II Ailə Gününü keçiririk. Günümüz qutsal, ciddi, gərgin, yüklü, həm də fərəhli bir gündür.
Atagün Ailəsinin Yükümlüsü olaraq Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verməmişdən qabaq gediş yazısında bir tələb var: – “Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir”. Mənim hesabatımdan qabaqmı olmalıdır?
Soylu Atalı: Yox, qayda odur. Ancaq mən Ailə Gününə qatıldığım üçün uğurlamanı hesabatımda deyəcəm. Mən Ailədə olmasaydım, yazıldığı kimi edəcəkdik. Mən Ailədə varam. Bu zəruridir.
Günev Atalı: Amallaşma hesabatımla başlayıram. Mən Atanın “Dairələr” əsərini dönə-dönə oxudum. Yığcamlaşdırdım özüm üçün. Çünkü adamlarla təmasda özümləşdirdiyim, yəni öz ifadələrimlə deməli olduğum fikirləri həmişə yığcam şəkildə yazıram. Bir neçə dəfə oxuyuram, o dərəcədə ki, fikir tamamilə öz yerini tutsun – ağlımda, ürəyimdə, beynimdə. Burda ehkam məntiqinə qarşı Atanın həm araşdırması, həm də əks fikri var. Birinci, “Ehkam müddəasında varlıq şüuru müəyyən edir fikri var. Varlıq keçicilik timsalıdır, Şüur Mütləqilik, Əbədilik, Əzəlilik. Ehkam şüuru varlığa təslim eləyir. Bu həqiqətə ziddir. Əslində şüur varlığı ötür və həqiqətə çatır”.
İkinci ehkam müddəasında, cəmiyyət insanın iradəsindən asılı olmayan qanunlar, əsasən istehsalat qanunları əsasında inkişaf eləyir fikrinə qarşı Ata deyir: “belə isə insanın cəmiyyətdə rolu yox kimidir. Ona görə də cəmiyyət Allahlaşır, insan bəndələşir. Cəmiyyətin inkişafında insanın rolu olmayanda, o, əslində təbiilikdən çıxır, həqiqətə zidd bir yol tutur.
Ehkam müddəasına görə mücərrəd həqiqət yoxdur. Həqiqət həmişə konkretdir. Yəni şəraitdən, mühitdən asılı olmayan həqiqət yoxdur ehkam müddəasına görə. Demək, həqiqət daim dəyişir. Bu həqiqətsizlikdir. Mühitə uyğunlaşan həqiqət yalandır. Həqiqət birdir, asılı deyil. Yalan dairəsində həqiqət yalanlaşır. Bilirik ki, bütün dünya artıq siyasətlə idarə olunur, bu, yalanla idarə olunur deməkdir. Əslində bütün cəmiyyətlər yalan üzərində gedir. Yalan dairəsində də həqiqətin üzü ancaq yalanlaşa bilər. Bu mənada ki, onu danışan siyasətçi heç vaxt həqiqəti danışmaz və yalanı həqiqət kimi qəbul edər. Onun öz həqiqəti var – mühit, şərait adlı həqiqəti var.
Həqiqətin meyarı təcrübədir deyir ehkam. Təcrübə gerçəklik səviyyəsidir, keçici, nisbi, sonlu. Belə səviyyədə həqiqət olmur. Təcrübə faydalılığı müəyyən edir, həqiqəti yox. Həqiqət mahiyyətin dərkidir. Yəni Mütləq olan həqiqətdir. Ehkam müddəasında Mütləq həqiqət nisbi həqiqətdən doğur. Nisbi həqiqət keçicilik səviyyəsidir. Ölümlü, qeyri-kamil həqiqətdir. Əslində həqiqətsizlikdir. Mütləq həqiqət nisbi həqiqətin davamı yox, inkarıdır. Mütləq olan həqiqi, nisbi olan qeyri-həqiqidir. İnsan ictimai münasibətlərin məcmuudur ehkam müddəasında. Əslində isə insan ruhani mahiyyət etibarilə ictimai münasibətlərdən üstündür. Onları dəyişdirə bilir. İnsani mahiyyət konkret ictimai münasibətlərə sığmır. Ehkam insanı ictimailik dairəsinə salır. Mahiyyətindən ayırır, yoxluğa sürükləyir”. Yəni bizim ətraf, bütünlüklə götürəndə, uzun illər kommunizm ehkamının etkisində yaşayıbdır. Bu fikirlər, belə götürəndə, özünü aydın (ziyalı) sayan təhsilli insanların dilində səslənir. Düzdür, onlar fikirləşmir bu hardandır, nədəndir, ancaq ümumilikdə cəmiyyətin psixologiyasına hopubdur bu. Ehkamın gözü ilə baxır həqiqətə. Ehkamın gözü ilə baxır cəmiyyətə, ondan sonra münasibətlərə.
Yaxşı haldır ki, mən bunları öz sözümlə çatdıra bilirəm. Bir neçə yerdə söhbət eləmişəm. Burda yazılı dedim, elə yerlər olur ki, orda insan özünü sərbəst hiss edir. Görürsən orda danışıq da yaxşı alınır.
Sonra, kamilliyim barədə demək istəyirəm ki, həyat son vaxtlar mənə çox diz-dirsək göstərir, ancaq çaşdırmır. Mən keçdiyim yollara qayıdıb nəzər salmışam. Bir çağlar məni çaşdıran səbəbləri yaxşı təhlil eləmişəm. Məni büdrədən şeylər Ocaqçılıq dövrümdə, Amalçılıq dövrümdə keçdiyim bu yollarda olubdur nələrsə. Bəlli məsələlərdir, nələr olub, indi mən həyatın üzünə şəstlə deyə bilərəm ki, sən məni çaşdıra bilməzsən, göy yerə tökülsə belə. Mən bu səviyyəni artıq taleyimə çevirmişəm. Yəni elə bir qüvvə tanımıram ki, məni yerimdən oynatsın, Amaldan soyuda bilsin. Ola bilər Ocaq fəaliyyətimdə, yaşımla bağlı, bir az ləngliklər var. Elə məni ən çox rahatsız edən də görə bilmədiyim işlərdir, səfərlərdə ola bilməməyimdir, görüşlərdə az olmağımdır. Ancaq xalqlaşmayla bağlı bir üslubum var. Yas yerlərində, kənd toplantılarında, fərdi qaydada söhbətlərim olur. Artıq bu bölgədə tanındığıma görə müraciətlər olur, dinləmələr olur. Bəlli aşama keçdiyimə görə durulan dövr artıq gəlib çatıb. Heç kəs ağız əymir. Hər şey hər kəsə çatır-çatmır, deyə bilmərəm, ancaq heç olmasa inanır və dinləyir. Nə dərəcədə qəbul edir, təbii, bu onun ağlından, ürəyindən asılıdır. Yəni xalqlaşma işlərim dayanmır. Fikrim var, səfərlərə çıxmaqla bağlı. Müəyyən şeylər əngəl olsa da, yaxın az vaxtda çıxacağıq o durumdan.
Sonra, “Gediş”də qoyulan sualla bağlı: “Din Allahı uydurur, ateizm rədd edir Allahı, Ocaq Allah anlamını əsilliyə çatdırır. Ocağın bu üstünlüyünə yönəlik söz deyilir”.
Din Allahı uydurur nə deməkdir mənim üçün? Din əslində Mütləq axtarışından getdi Allaha dirəndi. Yəni dünyanın əzəli, əbədi nəyisə varmı-yoxmu, fikrindən peyğəmbərlərin gəlib Allah ideyasına çıxması oldu. Əslində burda Allahlıq məzmunundan gen düşdülər. Allaha verilə biləcək üzlər özlərində olmadığından, yəni Allahı dərk etmədilər ki, dünyanın ahəngi, nizamı Mütləqdir, daha bu adama oxşayan Allah deyil. Bir də heç olmasa, nisbi də olsa, öz dövrlərinə görə düşüncə o həddə deyildi ki, doğrudan da, Allahı bir ölçü kimi dərk etdirə biləydilər. Hökmdar kimi, zalım kimi, cənnət-cəhənnəm yiyəsi kimi, insanı heçə-puça döndərən qüvvə kimi düşünülməyəydi. Yaxşı düşünülmədi. Uyduruldu. Allah haqqında bəsit fikirlər deyildi. Özündə olandan artıq olanı deyə bilməzdilər axı. Bu baxımdan da əslində din Allahı uydurmağa məcbur oldu. Bilməzlikdən. Ata demiş, filosof deyildilər. Ancaq bir hal var idi. Dünyanın əyilməsini görürdülər. Onun düzəlməyini istəyirdilər. Gəldilər Allah ideyasına çıxdılar. Allah nisbilikdə dayandı. Ateizm isə onu rədd elədi. Ateizm maddi olmayan nə varsa rədd edir. Qutsallığı rədd edir. Heç inanmırlar da qutsallığa. Əgər bir fikir ki, nisbilikdən yapışa, ötəridən, keçicidən, ölümlüdən yapışa, burda hardadır qutsallıq. Soylu səhər ziyarət törənində yaxşı sözlər dedi. Mən yığışdırırdım. Orda ki, təbiilik, qutsallıq, ölümsüzlük yoxdur, dərk etmək yoxdur ölümsüzlüyü, onda yaşamın anlamı itir. Elə ömür yaşaya bilərsən ki, ölümsüz olar. Ancaq elə ömür yaşayarsan ki, diri ikən ölü olarsan.
Mənim Daşkənddə, Özbəkistanda qulluq eləyən qohumum var. Bir dəfə biz rayon mərkəzində bir neçə nəfər adamla bir tərəfə çəkilib vətən haqqında, insan haqqında, qutsallıq haqqında Ocaq fikirləri yönündə söhbət edirdik, qulaq asırdılar. Nə din adı tutan vardı, nə Allah adı tutan vardı. Bu adam Beyləqan rayonunda, demək olar ki, ən irigövdəli adamdır. Orada idi. Durub gəldi yanımıza, dönə-dönə, acizcəsinə xahiş elədi ki, bu söhbətləri yığışdırın, sabah mən Daşkəndə uçacam. – Nə olsun uçacaqsan? Bəs uçaqda gedirəm, qorxuram. Siz bu söhbətləri burda edirsiniz, mən də qulağımı tuta bilmirəm, eşidirəm.
Baxın haa, uçaqdan Allah onu parçalayıb yerə tökər birdən. Bəyəm sən dirisən? Belə diri olar? Bu elə bəri başdan ölüdür də. Ona görə cisim gəzsə də, elə adam var, bəri başdan ölüdür. C.Məmmədquluzadənin “Ölülər”i yerində deyilmişdir bunlar üçün.
O ki qaldı Ocağın Allah anlamına yanaşmasına, Ocaq Allah anlamını əsilliyə çatdırır. Yəni dünyanın ahəngində, nizamında, gedişatında yaşayan ulu qüdrət olan Mütləq dinin axtardığı, doğru suna bilmədiyi Allah anlamının əsilliyidir. Yəni onun adı başqa dildə başqa şeydir, bizim dildə Allahdır. Söhbət bundan getmir, söhbət məzmundan gedir. Öz mahiyyətinə çatdırır nə deməkdir? Yəni o, hökmdar deyil, o, tale həll edən deyil, o, qismət yaradan deyil, o, cənnət-cəhənnəm yaradan deyil. O, dünyanı yoxdan yaradıb yoxluğa məhkum edən deyil. O, dünyanın mahiyyətidir, mənasıdır, bütün gözəllikləridir. Bütün dünyada gözəl nə varsa, Mütləqin nişanələridir. Bu baxımdan Ocaq Allah anlamını öz yerində oturdur. İnsanlar Allahdan qorxmurlar. Allahlıq məzmununa qarşı, Mütləq məzmununa qarşı içlərində gözəl bir heyrət yaranır. Sevgi yaranır. Allahla dostluq, Allahla iç-içə olmaq. Anlam sənin mahiyyətindədir. Bütün dünyanın anlamı ondadır. Sözüm bu qədər.
Atamız Var olsun!
Göylü Atalı (Ataya səcdə ilə sözünə başladı – G.A.): Öncə bura gəlişimizlə bağlı deyim ki, çox fərəhliyəm. Hər zamankı kimi bura gəlmək məni kökləyir.
Qonulara yönəlik istəyirəm danışım. İlk qonumuz Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatıdır. Mən Amallaşma ilə Kamilləşməni birləşdirib deyəcəm.
Atadan belə bir fikir oxumuşdum: “Saflıq cəsarət tələb edir. Din qorxuda-qorxuda saflaşdırır, əslində məzlumlaşdırır. Qorxaq saflığa bel bağlamaq olmaz. O, qəbahətə əyilər, təslim olar. Qorxaq saflıqla yola çıxmaq olmaz. O azar, azdırar. Dini saflıq insanı alçaldır, dinin saflığı əskiklikdir”.
Cəmiyyət saflıqla məzlumluğu bəzən qarışdırır. Müti, məzlum olan birinə safdır deyir. Saflıq əslində için arılması, durulmasıdır.
Din deyir boyun əy, saf olacaqsan. İnam deyir vüqarlı ol ki, saf olasan.
Din aldadır, inam tələb edir.
xxx
Sonra, Atada belə bir fikir var: “Allaha qul ol ki, insana ağa olasan. Dinin ictimai mahiyyəti əslində budur. Bu səbəbdən də ağalar dindən həmişə yarayıblar”.
İnsan cəmiyyətin onu təmin etmədiyini görür, üzünü dinə tutur. Yağışdan çıxıb yağmura düşür əslində.
Din deyir Allah birinizi o birinizdən üstün yaradıbsa, üsyan etmə, tabe ol. İnam deyir heç kim heç kimdən üstün deyil, mənaca hamı bir-birinə bərabərdir. İnsan ruhsal olanaqlarını üzə çıxardıqca üstünlüyə yetir. Üstün olan – yetməyəni anlayır, böyüdür.
Üstünlüyünü dərk etmək və başqasını aşağılamamaq – üz tutduğumuz ölçüyə dayanır. Kamil insan üstün olduğu dərəcədə təvazökar olur.
xxx
Atanın başqa bir fikri: “Dövlətin elmə yiyələnməsi elmi yiyəsiz qoydu”.
Dövlət fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti, poeziyanı özünə tabe etdirdikcə, fəlsəfə gücünü itirdi, mədəniyyət, ədəbiyyat, poeziya məddahlığa yaradı. Dövlət bunlara qayğı göstərməlidir ki, əsilliyin yaşamasına əngəl olmasın.
Başqa bir cəhət. İnsanlığa qulluq edən, insanlığı gəlişdirən hər şey – mədəniyyət, ədəbiyyat, poeziya, fəlsəfə, din, dünyabaxış insanlığın doğurduğudur. İnsanlıq ölçü olduğu üçün insanlığa qulluq etmək gərəkdir. Ancaq doğa insan varlığının məhsulu deyil. İnsan yaşamaq üçün, zəruri ehtiyaclarını ödəmək üçün bunlardan yararlana bilər, burada da ölçüdən qırağa çıxmamaq çox böyük sorumluluq qoyur insanın qarşısına. Bəşər övladı doğaya doğma olduğu dərəcədə insan-doğa birliyi baş tutur.
xxx
Heyvanlarda özünəxas keyfiyyətlər axtarır insan. İtə sadəqətli, ata vəfalı, ilana müdrik deyir. Həm də “at kimi üzümə dayanır”, “it kimi hürür”, “ilan kimi çalır” ifadəsi var. Bütün bunlar adamlıq halıdır.
Ata Adamın dilindən yazır: “İçimdə bir bölük heyvan daşıyıram”. Bu baxımdan, içimdə bir az it var, bir az ilan var, bir az tülkü var. Bu bir azlar birləşib həm başqalarını, həm də özümü qapır, özümü aldadır, çalır. Məni mən olmağa qoymur…
xxx
İçimizdəki insan doğaya nəğmə qoşur, içimizdəki insan doğanı qırıb məhv edir.
xxx
Tarixdən üstün yaşamaq istəyirsənsə, güclü idrakın, güclü iradən, güclü mənəviyyatın olmalıdır. Birinci ilə ikinci doğadan mənə az verilib. Mənəviyyatımı isə qurmağa fitrətim imkan verir, ancaq zəiflik göstərirəm. Doğanı ötüb Mahiyyətə yetə bilmirəm. Məsələn, uzun illərdir içimdə bioloji instinktlərlə ruhsal duyğuların döyüşü gedir. Hər kəsi dindirsən bioloji instinktlərinə haqq verər. Bəs doğru yol nədir? Məsələn, analıq bioloji instinktdirmi, insani tələbdirmi? Hər ikisi var analıqda. Bunu hər qadın yaşamalıdırmı? Hər qadının yaşamaq haqqı var. Həm də hər qadın ana ola bilmir, hər qadın insan ola bilmir, ən əsası hər qadın dünyabaxış yaşadanı olmur. Mən bunu dərk edirəm, ancaq duyğularım başqa hava çalır. Bəzən təsəlli kimi qavrayıram bu düşüncəni. Bilirəm ki, bir az da cəmiyyətin basqısı altında bu düşüncəyə gəlirəm. Bilirəm ki, insanın başqalaşmaq ehtiyacı var. Davam etmək istəyir insan. Həm də bilirəm ki, ya o olmalıyam, ya bu. Hər kəs pis-yaxşı fiziki soyu yaşadır. Ruhsal soy yaratmaq, ruhsal soy yaşatmaq özündənkeçmə deməkdir. Gərəkdirmi, dəyərmi? Dəyər!
xxx
Bəzən gücə-qüdrətə küsənirəm. Başqasının yaratdığı qüdrət özündən qıraqdadır. Ya mülkündə, ya imtiyazında. Mənim qüdrətim özümdədir, özümdəndir.
Xalqlaşmamla bağlı qısaca deyim ki, ötən aydan bu yana, bəlkə də içsəl gəlişmənin tələbindən gələn bir şey idi, mən Hacıqabula səfər etdim. Orda bir çox oxullarda oldum, birində görüş keçirdim. Mənim o görüşdən gəldiyim sonuc bu oldu ki, Atanın fikri təsdiqini tapdı: hər şey istəkdən başlayır. Əməl də istəkdən başlayır. Ona görə istəyi öldürmək, kökdən salmaq yox, tərsinə, daim o ruhda, o kökdə olmaq gərəkdir ki, ardınca da gedə biləsən. Eyni halda bir şeyi də dərk elədim ki, maddi problemlər həmişə var, həmişə də olacaq, onları ötmək gərəkdir. Bu gücə yetmək gərəkdir.
Düzdür, ondan sonra işlə bağlı çıxa bilmədim. Ancaq kökdən düşməmişəm, arxayınlaşmamışam. Yaxın günlərdə bunu davam edəcəm.
Atamız Var olsun!
Bayrağımızı öpürəm!
Soylu Atalı (Ataya səcdə ilə sözünə başlayır): 38-ci ilimizin Çiçək Ayının 30-u, Ocağın iki Ailəsinin Ailə Günündə söz deməzdən öncə bayrağımızı öpürəm və bununla da Ataya səcdəmi ifadə edirəm.
Ocağımızın indiki çağı, aşaması əslində bizim keçdiyimiz yolların parlaq bir ifadəsidir. Hər günümüz, hər tədbirimiz ruhsal kimliyimizi, varlığımızı bütün dolğunluğu ilə göstərir. Biz idrak yiyəsinə çevrilirik, biz mənəviyyat yiyəsinə çevrilirik, biz düşüncə xalqı yaratmaq qüdrətinə yetirik. Biz inam xalqı yaratmaq olanaqlarımızı üzə çıxardırıq, dayanmırıq. Çox böyük bir üstünlükdür. Ona görə 38-ci ilimizin Çiçək Ayında hesabat verərkən öz düşüncələrimizə dönürük, necə başladıq 38-ci ilimizi?! 38-ci ilimizi Ocaq yaşasın deyə başladıq, yoxsa yaşayaq ki, Ocaq yaşasın tələbinə yetdik?! Məncə, içimizdə bu var. Düçüncəmizdə də bu olmalıdır. Biz Ocağın yaşaması üçün özümüzü oda-közə vuraq yox, içimizdən gələn tələblərə cavab verək kimi düşünməliyik. Biz yaşayırıq. Biz yaşasaq Ocaq yaşayacaq. Bizim yaşamağımız deməkdir Ocağın yaşamağı. Bizim yaşamağımız nədir? Bayaq dediyim kimi, böyük mənəviyyat və idrak yiyəsinə çevrilərək xalqı gələcəyə aparmaq. Xalqa gələcəkli bir tarix və ruhsal bir tale yaratmaq. Bizim yaşamağımızın anlamı budur.
Mən oxuduğum bəzi şeylərdə fərqli baxışlara, fərqli düşüncələrə rast gəlirəm. Deyirlər ki, insanı təbii yaşamının ixtiyarına buraxmaq gərəkdir, onu sıxmaq gərək deyil. İnsan ideyaların əsirinə çevrilir, zəhmət çəkir, özü ola bilmir.
Özü ola bilmir nə deməkdir? Axı bunun özü nədir? Sən bunun özünü necə görürsən? Mən ideala yetəndə özüm oluram. Çünkü mənim mahiyyətimdə ideal var. Sən məni təbii varlığıma bərabər saxlamaq istəyirsən. Deyirsən onda özü olur. Özü nədir axı? Özü heyvandır, sürü deməkdir. Yəni təbii varlığında insanı saxlamaq, heç də ona xoşbəxtlik, azadlıq vermək olmur. Onun azadlığını doğadan, gendən gələn heyvanat tələblərinə tapşırmaqdır. Bizim azadlığımızı ona tapşırırlar. İçimizdə başqa tələblər var. İçimizdə insani tələblər zəngin deyil. İçimizdəki zəif tələblər də heyvani tələblərdir. Bizim azadlığımızı ona tapşırırlar. Axı heyvana tabe olduğumuzda necə azad ola bilərik?! Çətinlik üstə yaşamağı fəlakət sayırlar. Anlamırlar ki, insan mahiyyətində Allahlıq imkanı daşıyır. İnsan, mahiyyətinə bərabər olması üçün, çətinlik çəkməlidir. Keflə o Allah ola bilməz axı.
Allaha verilən keyfiyyətlər var. Bu keyfiyyətlər, insana verilən keyfiyyətlərin yanında, fonunda necə görünür? Əgər biz insanı özünün içsəl azadlığına qovuşdursaq, insanı insanlıq mahiyyətinə uyğun yaşamağa gətirib çıxartsaq, onda dinlərin bizə sunduğu Allah çox balaca olacaq. Gözümüzdən düşəcək. İstəmirlər gözümüzdən düşsün. Bizə balaca Allah veriblər. Deyirik dinin Allahı adamabənzər qüvvədir, deyirlər əstəğfurullah, deyil. Yaxşı, demirsən ki, Allah dedi ki, filan şey belə olacaq? Demirsən ki, Allah baxır, görür. Axı hər şeyi görmək Allahın işi deyil, adamın işidir. Danışmaq adamın işidir. Qəzəblənmək, əmr etmək, hədələmək adamın işidir. Sən Allaha o keyfiyyətləri vermisən. Bu keyfiyyətlərlə Allah səndən üstün deyil. Allah yaratdığı bəndədən üstün deyil. Hələ demirik ki, Allahın bəndə yaratması haqsızlıqdır.
Bizim istəyimiz Allahı insanın başının üstündən düşürməkdir. Allah nə qədər ki, insanın başının üzərində olacaq, insanın başı işləməyəcək. Dinə görə Allah fövqəldir, insanüstüdür.
Yunan politeizmi deyir ki, hər yerdə Allah var. İslam deyir, Allah hər yerdə var. Hər yerdə Allah var o deməkdir ki, Allah çoxdur. Din deyir Allah birdir, ancaq hər yerdə var. Yaxşı, bəs, Hürufilərin “Ənəlhəqq” kəlamından niyə qorxursunuz?! Allah hər yerdə varsa, deməli, insanda da var da. İnsanda olan Allaha insan çatırsa, yetirsə, Allahlıq qüdrətinə yetir. Niyə qorxursunuz bundan? Niyə qoymursunuz insan Allah olsun, Allahlıq qüdrətinə yetsin?! Bütün məsələ ondadır, bəşəriyyət ona görə aciz durumdadır. İmkan vermirlər insan əsilliyə yetsin. Allahla insan arasında uçurum yaranır. Onda mən neyləyirəm o Allahı? Allahla mənim aramda elə uçurum yaradırsan ki, Allah əlçatmaz, ünyetməz, mən isə tamamilə yerlə bir. Onda o Allah mənim nəyimə gərək? Əgər o Allah mənim qüdrətli olmağıma gərək olmursa, onda mənim nəyimə gərək? Bütün məsələnin fəlakəti ondadır. Asif Atanın üstünlüyü də bu məqamdadır –“İnsanlaşın, insanlaşdırın”. Əslində “Ənəlhəq”dən daha böyük bir söz. İnsan sözbəsöz, anlambaanlam həqiqi ünvanına üz tutur. Ənəlhəq mücərrəddir hardasa, ancaq insan burada həqiqi anlamına üz tutur.
Ehkam var, bir də var aksiom. Aksiom subuta ehtiyacı olmayan bir fikirdir. Ehkam da odur ki, dini, ya ideoloji dünyagörüşün filan fikrini araşdırmağa, təhlil eləməyə, ehtiyacı vardı-yoxdu, bundan asılı olmayaraq, o, toxunulmazdır. O, dəyişilməzdir. Qəbul edurəm, toxunulmaz olsun, dəyişilməz olsun, ancaq içi zibillə dolu olmasın. İçini zibillə doldurursan, sonra deyirsən ki, toxunulmazdır. Bax, bizim ehkam deyə rədd elədiyimiz budur. Mən yazılarımda qeyd eləmişəm, Asif Atanın özünün də ideyasında toxunulmaz, dəyişilməz fikirlər var. Ancaq bu, dinin, ya da ideoloji quruluşların yaratdığı ehkama tən deyil. Çünkü bu, insanın mahiyyətini göstərir və insanı ona yetirir. Bu, insana bağlıdır. İnsandan qıraqdakına bağlı deyil. Qıraqdakı səndən üstündür, o sənin üzərində basqıdır. Mənim üzərimdə basqı olan bir şeyi toxunulmaz sayırsan, ona görə mən də bununla döyüşürəm. Mənim üzərimdən bunu düşür, bu basqını rədd eləmək istəyirəm axı. Sən isə onu mənim üzərimdə hakim bir etkiyə çevirirsən. Mən də oluram bir heç. Asif Ata isə deyir: “Sən içində Mütləq gəzdirirsən”. Bu fikir toxunulmazdır, həqiqətdir, dəyişilməzdir, gör nə deməkdir bu ideya. Səni Allah edir, sənin Allah olmanın yolunu açır və deyir insanın Allah olmasının yolunu kəsmə. O biri deyir ki, insanın Allah olmasının yolunu kəs və bu kəsməyi dəyişmə. Fərqə baxın, görün fərq hardadır?
Atanın “Ruh üstə” içsəsini oxuyursunuz: – “Dünya xurafatı yaşadır, sən xurafatı yaşatma. Dünya rəzaləti yaşadır, sən rəzaləti yaşatma”. Mənim dediyim məntiq görün nəyə dayanır – dünya xurafatı yaşadır, sən xurafatı yaşatma. Biz Ocaq olaraq Ailə Günü keçiririk, mərasim keçiririk, hesabat veririk. Amallaşmağımızdan danışırıq, kamilləşməyimizdən danışırıq, xalqlaşmağımızdan danışırıq. Bizim amallaşmağımız içimizi, yönümüzü, şəxsiyyətimizi, kimliyimizi bəlli edir. Biz bizi basqı altına alanların etkisindən çıxırıq, azad oluruq. Dünya isə ehkamdan çıxmayıb. Dünya xurafatdan çıxmayıb. Dünya çıxsaydı, bizim nə dərdimiz var idi. Biz ona görə özümüzü oda-közə vururuq, ona görə özümüzü şəxsiyyətə çeviririk, böyüdürük, ona görə içsəl şərlə döyüşürük ki, ictimai şərlə döyüşək və bəşəriyyətin azadlığa yolunu açaq. İnsanlığın azadlığa yolunu açaq. Əsillik yaransın. İnsan əsilliyə yetsin.
Bir çağlar sovet imperiyası var idi. Sovet imperiyasının içərisində bizim azad söz demək olanağımız yox idi. Bu gün də yoxdur. Məgər milli söz deməyə imkan var?! Gedirsən oxula, deyirsən ki, mən milli söz demək istəyirəm, deyirlər ay aman, demə. Kosmopolit düşüncəni təbliğ elə, beynəlmiləl düşüncəni təbliğ elə, ancaq milli demə. Milli deyirsən, qapını üzünə bağlayır. Niyə, çünkü xurafatı yaşadır. Çünkü ehkamı yaşadır. Cəhaləti yaşadır. Ona görə də sənin gətirdiyin azadlığa yox deyir. Qorxur yox deyir. Öyrəncilərə də olanaq vermir ki, onları azadlığa çağırasan. Köhnə şüurla yaşayır onlar. Köhnə psixologiya ilə yaşayır. Sovet quruluşunun içində bəlli idi, bəs indi nə oldu? Necə müstəqil dövlətsən ki, bu müstəqil dövlətdə milli söz deyə bilmirəm. Mənim milli sözüm: – deyirəm ki, bu milləti xaraktersizləşdirən, bu milllətin üzünü qaraldan, ləyaqətini endirən ərəb cəhaləti, cəfəngiyyatı yaşayır içimdə. Ortam ver, onunla döyüşüm. Deyir, dəymə, bu millət cahil qalsın. Qoy bu millət əzazil durumda yaşasın. Ona görə Asif Ata deyir ki, “Dünya xurafatı yaşadır, sən xurafatı yaşatma! Dünya dağılsa da, sən xurafatı yaşatma!” Yoxsa dünyanı xurafatdan qurtara bilməyəcəksən. Sən içəridə xurafatı yaşatmasan, sən içindən xurafatdan azad olsan, dünyanı xurafatdan azad edəcəksən. Asif Atanın bizə öyrətdiyi həqiqət budur. Biz də insanlarımızı, soydaşlarımızı bu həqiqətin işığına çağırırıq.
Sənin dövlətin müstəqil deyil. Mənə demə o müstəqildir. Sən içdən azad deyilsənsə, demə ki, dövlət müstəqildir. Asif Ata deyir, dövlətin müstəqilliyi başlıca olaraq fərdin içsəl azadlığından başlayır. Müstəqil mədəniyyət, müstəqil iqtisadiyyat, müstəqil diplomatiya – bunlar ikinci gəlir. Birinci şərt var. O, fərdin içdən azad olmasına bağlıdır. Fərd içdən azad deyil. Sürüdür. Sürünün dövləti necə müstəqil ola bilər? Sürü dövləti sevmir. Dövlətin müstəqilliyi mənim sevgimin işığında aydınlaşır. Mənim dövlətə münasibətimin gözəlliyində, qutsallığında aydınlaşır. Əgər dövlət, yaratdığı basqıya görə, gözümüzdən düşürsə, xalqla dövlətin arasında uçurum yaranırsa, necə deyə bilərsən ki, müstəqildir.
Asif Atanın Müstəqil Vətən ideyası var. Müstəqil Vətən ideyasına görün kim qulluq edir? Azərbaycan övladlarının, vətən uğrunda ölənlərin qarşısında baş əyirəm. Ancaq vətən uğrunda ölənlər vətənin müstəqilliyini yaratmır. Onlar qoruyucudur. Vətənin müstəqilliyini yarat, o qorusun. O müstəqil vətəni yox, asılı vətəni qoruyur. O ayrı şeydir. Müstəqil vətəni biz yaradırıq. Biz içsəl qüdrətin yaradıcılarıyıq. Yaratdığımız qüdrətin hikmətini də yazırıq. Yazıçı kimi sözü kitaba yazıb, qıraqda kəllə-mayallaq getmirik. Biz qıraqda şərəfli, mübariz, döyüşkən yaşayırıq, onu kitaba yazırıq. Asif Atanın Ocağı hər anlamda üstündür.
Bununla bağlı başqa bir ideyaya toxunmaq istəyirəm. Allah ideyası çox ciddi bir ideyadır. Dönə-dönə vurğu eləmişəm, bir də vurğu edirəm. Mənə deyirlər Allaha inanırsan? Deyirəm, hansı Allaha? Çaşırlar, düşünürlər ki, bu söz kafirlikdir. Mən Məhəmmədin Allahına inanmıramsa, Asif Atanın Allahına inanıramsa, sən kimsən mənə kafir deyirsən? Mən Məhəmmədin Allahına inanmıram, sən də Asif Atanın Allahına inanmırsan. Nəylə müəyyən eləyək ki, kafir sənsən, ya mən? Gəl indi Məhəmmədin də Allahının keyfiyyətlərinə baxaq, Asif Atanın da. Görək hansı insanı vətənli eləyir, bəşərli eləyir, xalqlı eləyir. (Sənin dilində səslənən Allaha boyun əymirəm deyə, sən kimsən mənə kafir deyirsən? Mən səni həqiqətə çağırıram, təhqirdən qurtarıram. Sən isə məni həqiqətdən uzaqlaşdırmaq üçün təhqir eləyirsən). Yunan deyir Allah Zevsdir. Zevs də filan keyfiyyətləri daşıyır. Əlinin altında nə qədər Allah var. Hamısını idarə eləyir. Özü də adamabənzər qüvvədir. Arvadı, oğlu da var. Məhəmmədin Allahının oğlu, arvadı yoxdur. Ancaq yörəsi var. Cəbrayılı, Mikayılı, İsrafili, Əzrayılı, Rizvanı və s. özü də adam kimi danışır, qorxudur, hədələyir. Nə fərqi var onunla? İndi Zevsi qəbul eləyim, yoxsa Məhəmmədin Allahını? Onların dediyi mənim ağlımda oturmur. Sənin dediyin Allaha üz tuturam, ona sevgi sunmaq istəyirəm, o mənə qəzəb püskürür. Mənim içimi tərbiyə eləmir, qurmur. Allahlıq anlamına münasibət, səcdə insanın özünü tərbiyə üçündür. İnsanı milli kimliyinə yüksəltmək, çatdırmaq üçündür. Allaha ibadət eləyirəm, o Allaha ki, mən ona insani keyfiyyətlər vermişəm, onda insanlıq keyfiyyətləri görürəm, milli keyfiyyətlər görürəm. Ona üz tutanda o keyfiyyətlər mənim içimə qayıdır, tərbiyə eləyir. Milliləşdirir, insanlaşdırır. Qoymur unudum insanlığımı. Onda Allahla mənim aramda bağlantı yaranır. Mən o oluram. Ancaq Məhəmməd məni bunlardan məhrum eləyir. Məni müti, qoyun eləyir. Heç nəyə yetmirəm.
Ateizm yalanı da var. Əgər ateizm desəydi ki, dinlərin uydurduqları yalanları inkar eləyirəm, onda bəlkə də onun urvatı olardı. O isə dinlərin dediyini də inkar eləyir, hər şeyi də. Yaxşı, özünün dediyin nədir? Deyir ki, insan o cür boş şeylərə məhəl qoymasın. Ömrünü heyvan kimi işləməyə həsr eləsin. Qazansın, əməklə o ucalacaq. Hara ucalacaq? Səhərdən axşamadək heyvan kimi işlədirsən. Hamısı mənəviyyatını itirib. Əmək nə vaxt ucaldır insanı? O vaxt ucaldır ki, əmək insana tabe olur. İnsan əməyin qabağında qul olmur, heyvan olmur. Onda əmək insanı ucaldır. Şüurlu şəkildə əməyin yiyəsi oluram. Əməyim təkcə gödəniyyətə qulluq eləmir. Əməyim böyük xariqələr yaradır, vətən, gələcək yaradır…
Bir sözlə, Atanın ideyasına, kəlamına, tələbinə bərabər heç nə yoxdur. Ona görə ağlımız çaşmır.
38-ci ilimiz girəndən üzü bu yana çoxsaylı xalqlaşma işlərimiz olub. Söhbətlərim, görüşlərim olub. Mənim görüşlərim, söhbətlərim çeşid-çeşiddir. Ocağın işlərini sunuram. Ağıllara söz deyirəm, canlı, üz-üzə oturub deyirəm. Kütləvi görüş keçirib deyirəm. Dünən 60-dan yuxarı adamla görüşdük. Çox yüksək maraqla bizi dinlədilər. Kitablarımızı, qəzetlərimizi, jurnalımızı payladıq. Yenə görüşəcəyik. İşlədiyim müəssisədə öyrəncilər üçüncü dəfədir kütləvi şəkildə mənim yanımda olurlar. Təcrübə öyrənməyə gəlirlər. Mən borclu deyiləm onlara texnologiya öyrətməyə. Mən texnologiyanı da öyrədirəm, Azərbaycanın balaları küt olmasın. Sonra da onlara Ocaq mənəviyyatı öyrədirəm.
Ocaq Evladı olaraq xalqlaşma işim davamlı, dayanaqlıdır. Azalmır. Ona görə də Ocağımız mənim sevgimdə və fərəhimdə həmişə diqqətdə qalır.
Sözümü bitirirəm. Ailələrimizə böyük uğurlar diləyirəm. O böyük uğurlar Amaldaşlarımızın həm mənəvi qüdrətini artırır, həm də əməl, hünər olanaqlarını genişləndirir. Biz içəridən mənəviyyatca, idrakca gücləndikcə əməlimiz, hünərimiz daha da genişlənir. Ata bizə yar olsun. Biz də Ataya öz sədaqətimizi göstərək.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Bayrağımızı öpürəm. Ataya səcdə qılıram.
Günev Atalı: Soylu Atalı fikirlərini əsil öyrətmən havasıyla verir. Biz niyə deyirik qıraqda danışığımız alınır, Soylu Atalının yanında alınmır. Çünkü Soylunun yanında özümüzü öyrənci kimi düşünürük. Adam öyrətmən kimi düşünəndə artıq fikir beyninə gəlir. Fikirlərini istədiyin kimi cilalaya bilirsən. Ancaq burda hələ də alınmır ki, Soylunun yanında özümü tam sərbəst hiss eləyim. Hardasa mənə elə gəlir ki, görən mən bunu düz deyirəmmi? Bax belə bir ehtiyatlanma var. Belə əhval insanları qurmur. O əhvaldan çıxmaq gərək.
Soylu Atalı: Bir məsələyə toxunmaq istəyirəm. Göylü deyir cəmiyyətin basqısını hiss eləyirəm üzərimdə. Amal yönündən filan şeyləri dərk eləyirəm. Ancaq o basqılar bəzən məni əzir.
Bilirəm, anlayıram. Belə şeylər mümkündür. Mən də o halları yaşamışam. Mən demirəm ki, sizin sorumluluğunuz azdır. Sadəcə olaraq, deyirəm ki, sorumlu, hünərli olmaqdan yorulmamaq gərəkdir. Həmişə hünərli olmaq çətindir. Adam o halla, düşüncəylə yaşayanda inanın ki, içi elə dolur, qıraqdan heç bir basqı onun beyninə girmir.
Ocaqçıların əməlindən böyük əməl yoxdur. Ondan da çox əməl yoxdur. Özünü ifadə məsələsi var. Yüksək sözə yetmə məsələsi var. Söz adamı açır. Hər şeyi aydın görməyə başlayırsan. Adamın içi elə dolur ki, cəmiyyətin nəinki basqısı, özü də sənin yanında balaca bir şey görünür. Atanın bütün məsələlərdə vurğu elədiyi o idi.
Göylü Atalı: Bayaq Günevə də dedim ki, Soylu Atalının yanında lal oluruq. O ancaq ondan irəli gələ bilər ki, Soylu Atalı konkret olaraq idrakıyla məşğul olur. Biz o səviyyədə olmuruq. Şüuraltı adama gəlir ki, mənim idrakımın səviyyəsiylə onun idrakının səviyyəsi tən deyil ki, söhbət özü sərbəst gəlsin.
Soylu Atalı: Mən bu sorumluluğa qarşı deyiləm. Ancaq buna yönəlik bir fikir də demək istəyirəm. Bəzən bizimlə toplumun içindən gələn qıraq adamlar görüşür, söhbət eləyir. Fikir verirsənmi, mən özümü o qədər sakit aparıram, onunla bərabər səviyyədə otururam üz-üzə. O özü də anlayır ki, mən idraki keyfiyyətcə ondan üstünəm. Demək istədiyim nədir, sorumluluq hiss etmək o demək deyil ki, özünü ifadə eləyə bilməyəsən. Yadınıza salıram, mən sizə dedim ki, Ailə Günlərinə qatılmayacam. Siz mənim yaxamdan tutub yenidən Ailəyə çəkirsiniz. Çünkü Ailədə də özünüzü mənsiz ifadə eləmək istəmirsiniz. Məsələ ondadır. Mənə arxayınlaşmaq doğru deyil, bağımsız olmaq gərəkdir. Ona görə daim düşünmək, oxumaq gərəkdir.
Elana Atalı: (Ataya səcdə edib, Bayrağı öpür – T. A.) Hər kəsin danışığında özümü görürəm. Ona görə Ailə Günlərində sizi dinləmək mənim üçün ciddi məqamdır.
Güntay Atalı: Nə yaxşı ki, Ocaq var, biz varıq, Ata var. Atanın sevdası baş tutub ki, biz də onun Ocağına yığışmışıq. Ocaqda ömrümüzü mənalandırırıq. Kim nə dərəcədə şəxsiyyətə çevrilirsə Atanın sayəsindədir. Ulusuna işıq olur, yurduna işıq olur. Nəslinə işıq olur. Ailəsinə işıq olur. Dəyərləndirirlər. Bəşəyyət dəyərləndirəcək. Çünkü mənəviyyatsızlığa bu dərəcədə yuvarlanmaq olmaz. Mənəviyyatsızlığın bir dibi olmalıdır. O göy deyil axı, göylə ölçülmür. Mənəviyyatsızlığın bir yerə qədər ömrü var, o aşamaya gələndə bəşəriyyət mənəviyyatsızlığa dur deyəcək.
O gün televizorda izlədim Doğuda gedən olayları, Suriyada yüzlərlə adamı öldürüb meyidi, insan cəsədlərini, PYD deyilən, PKK-nın Suriyadakı qolu, hansı ki, Amerika onu terrorçu təşkilat kimi tanımır. Onlar insanları öldürüblər, böyük bir maşının üstündə, camaat da onlara qoşulub sevinir. Maşını səsli-küylü sürüb nümayiş etdirirlər. Nəyi nümayiş etdirirsən? Hardadı deyilmiş sözlər, kəlamlar, niyə qurtarmadı İnsanlığı? Bu söhbət ondan getmir ki, insan fiziki olaraq qurtardı getdi. Yenə olacaq, doğulacaq, gələcək, ancaq o murdarlıq davam edə bilməz.
(Soylu Atalı ruhsal hədiyyələri sunur – Ü.A.)
“Atagün” Ailəsinə ruhsal hədiyyə. Ocağın ən böyük şərəfli, hünərli əməllərindən. Atanın ölümündən üzü bu yana hər ilin özünün Ailə Kitabı var. Ailə tədbirləri hamısı kitablaşır, arxivləşir, tarixləşir. Çox böyük hünərdir. Mən bunlara aydınlaşdırıcı söz yazmışam. Tamamilə çapa hazır durumdadır. Hamısını işləmişəm. Bunun başa gəlməsində iki Ocaq qızının əməyi böyükdür. Göylü və Nurtəkinin bunu bilgisayarda işləmələri, mənim də redaktəm, oxumam. Güntayın aldığı kağızlarla çap eləmişik. Bu cür çalışmaları sevə-sevə edirik. Ailə kitabı üç Ailənin kitabıdır. 37ci il Günəş Ayından 38-ci il Günəş Ayına qədər.
İkinci kitab Bayramlar kitabıdır. Üçüncü kitab Törənlər kitabı.
Çox ciddi əməldir. İnanın ki, “İnsanlığın İnam yolu” çap olunduğu qədər sevinirəm.
“Təzadlar” qəzetindən də gətirdim, yazımız çap olunub.
Ünvanımız Ruhsal Öyrətmənlik ünvanıdır! Heç kim bu ünvanı öyrədə bilməz. İnsanlara biz bunu deyirik, artıq anlamağa başlayırlar. Bir vaxtlar bunu eqoizm kimi bilirdilər.
İstənilər halda ünvandan ünvana fərq var. Tutalım ki, Ocaqdan qıraqda kimsə özünü Ocaq Ailəsi elan eləsin, onun ünvanı, doğrudanmı, öyrətmənlik ünvanıdır? Deyil. Biz xalqda, ulusda ruhsal Ailələrimiz vasitəsi ilə ruhaniyyat qururuq. Türk ulusunun özünə xas ruhaniyyatını qururuq. Elə bir ruhaniyyat ki, təkcə türk soyunu ifadə eləmir, bütün bəşəriyyəti doğru yola gətirə bilər. Asif Atanın Ocaq Ailəçiliyi ona qulluq edir.
Partiyalarda özək dəstələri var. Onların hər birinin hədəfi başında duranı hakimiyyətə gətirməkdi. Ancaq adamlar elə bilir ki, bizimlə eyni işləri görürlər. Elə deyil. Sən başında duranı hakimiyyətə gətirmək istəyirsən, onun vasitəsilə nəsə qazanasan. Biz bütün bəşəriyyətə ruhaniyyat quruculuğu veririk. Ocaq Ailəsi dayaq dəstəsi deyil, Öyrətmənliyin qutsal ünvanıdır.
Günev Atalı: Ailə Günümüz öz ənənəsinə sadiq qalır, Amal çağırır, həqiqət izhar edir. Bu günümüzlə bağlı fikirlərimizi bölüşdük. Həm də gözəl əhvallaşdıq. Ailə Günümüz qutlu olsun! Ocağımız var olsun!
“Qutsal Oxuma” hissəsində Asif Atanın “Sədaqət” Bitiyindən hissələr oxundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.
İşıq Ayı, 38-ci il.
(may, 2016.)