Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin
“Ailə Günü” toplantısında deyilmiş fikirləri
Ocaq Günsırası ilə 16 Günəş Ayı, 38-ci ildə (mart, 2016) İnam Evində “Atagün” və “Uluyol-Hünər” Ailələrinin I “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Bu gün Günəş Ayının 16-sı iki Ailənin Ailə Günüdür. Bu artıq yeni ildə mərasimdən və bayramdan sonra bizim üçüncü tədbirimiz olur. Burda qonumuz var, “Yeni ilə necə başlamışam”. Yeni ilə zəngin başlamışıq. Çünkü həm “Yeni İl” mərasimini, həm “İnsanilik” Bayramını keçirdik. Adətən tədbirdən sonra çətin olur başqa tədbirə başlamaq. Ancaq dünənki tədbirin halı, ortam elə idi ki, yeni ruhsal əhvala dolduq. Dünən mənim başım ağrıyırdı. Ancaq tədbirin sonuna qədər aradan getdi. Yəni Bayram o dərəcədə mənim fiziki əhvalıma da etki göstərdi.
“Ata Yolu” özəl buraxılışı haqda düşündüm. Ocaq haqqında nə düşünürəmsə hamısı bir-birini təsdiq eləyir. Buraxılışı bir də oxudum. Gördüm bu haraydır. Orda Ocaq Yükümlüsünün yazısı, Atanın ideyalarını təqdim eləməsi, Günevin yazısı, müsahibə, mənim yazım. Onu toplum şəklində bütöv oxuyanda Ocaq mənim gözümün önündə elə canlandı, görürəm ki, o haraydır. Eləcə də Bayram haray idi. İnsanlıq harayı çəkdi Ocaq Yükümlüsü orda, o birilərinin sözü, halı onun arxasınca gedirdi. Saz da ruhlandırırdı. Orda aydın görünürdü ki, Ocaq düşüncəsi insanların ağlını necə etkiləyir.
Atanın “Təzadlar” kitabını oxumuşam. Bəzi düşüncələrimi yazmışam. Həm də Atanın bəzi fikirləri var. Onları oxumaq istəyirəm. Bu ayda əsasən Ocaq tədbirlərinin görüntülərini arxivləşdirdim. Qarşıma belə məqsəd qoymuşam ki, hər bir şeyi vaxtında nizamlı şəkildə eləyim. Bunu Ocaq Yükümlüsündən öyrənmişəm. Nə edirəmsə, onu yazıram. Sonra axtaranda mənim üçün çox rahat olur. Görürəm ki, elədiyini yazmaq həm ilsıra üçün önəmlidir, həm də özüm üçün, yəni nəyi görmüşəm, nəyi eləmişəm.
Atanın elə fikri var ki, o fikir üstə nəsə yazıram, elə fikirlər də olur ki, heç nə əlavə eləmək olmur. Məsələn, deyir ki: “Nəsillər bir-birini əvəz etmir, bir-birinin ölümünü əvəz edir”. Asif Ata nəslində seçildi, Soylu Atalı da seçildi. Ancaq Atanın nəslində onun ardınca gedilmədi. Atanın ruhsal olaraq nəslini biz davam eləyirik.
Nəsillərin də bir-birini əvəz eləməsi eynidir. Bu elə millət məsələsidir. Bu qonuda Ocaq Yükümlüsünün bir sözü yadıma düşdü, deyir: “millət köhnələndə ölür”. Bir-birinin ölümünü davam eləmək, bu elə köhnəlməkdir.
Atanın belə bir fikri var: “Həyat yalanda yaşayır, həqiqətdə ölür”. Çünkü yalan adamlara həyatın özü kimi görünür. Mənim bir qohumum var, o deyirdi ki, mən həqiqəti dərk eləsəm, yaşaya bilmərəm. Həyatda yaşamaq yaşamamaq kimi görünür. Yəni adamın içində yalan var. O yalan həyatdakılarla birləşir. Adamın içində qorxu, həsəd, xudpəsəndlik, şəhvət var və bunlar adamı həyatdakılarla birləşdirir. Adam içindən təmizlənsə, fərqlənəcəyini, təklənəcəyini düşünür. Əslində yaşamaq da bundan sonra başlayır.
Atanın başqa bir fikri: “İnsanı həqiqət qədər heç nə ucaltmır. İnsanı həqiqət qədər heç nə həyatın gözündən salmır”. Bu da bizim ömrümüzdə gerçək olaraq yaşadığımız bir andır.
Ata fikri: “Cəmləşmə, birləşmə. Özündən əl çək, hamılıq qazan. Özündən yüksəyə qalx, birlik qazan”. Deməli, özü olmaq üçün mütləq özündən yüksəyə qalxmaq gərəkdir. Özündə qalmaq hamılaşmaqdır.
Atanın belə bir fikri: “Ruhani nailiyyət:
Elə qələbə qazan ki, heç kəs məğlub olmasın.
Elə ucal ki, heç kəs alçalmasın.
Elə böyü ki, heç kəs kiçilməsin.
Elə həyat sür ki, həyata oxşamasın”.
Bax bu da bizim yaşadığımız ölçüdür. Doğrudan da, insan elə ucalmalıdır ki, heç kəs alçalmasın. Tərsinə, ucaltsın onu.
Atanın cəmiyyət haqqında belə bir fikri: “İfaçı, yırtıcı insan:
Cəmiyyət insan hazırlamır. İctimai ifaçı hazırlayır.
Məktəb insan hazırlamır. İctimai ifaçı hazırlayır.
Həyat insan hazırlamır. Yırtıcı hazırlayır.
İnsan Amalda hazırlanır.
Amalsızlıq İnsansızlıqdır”.
Bu bütün quruluşlar üçün özünü doğruldur. İstər sosializm, istər kapitalizm. Ata demişkən, pioner tərbiyəsizliyi, komsomol tərbiyəsizliyi var idi. İndiki dövrdə də oxul ictimai ifaçı hazırlayır. İnsan hazırlamır.
Atanı oxuyarkən ümumi ölçünü bilsəm də, o detalları, incəlikləri bir daha dərindən dərk edirəm.
Xalqlaşmada elə bir yeniliyim yoxdur. Hərçənd Ocaq Yükümlüsü qarşımıza belə bir tələb qoyub ki, Çiçək Ayına qədər görüş keçirək. Mən çalışacam görüş təşkil eləyim.
Yeni ilimə böyük həvəslə, ümidlərlə, diləklərlə başlayıram. Çünkü özümə inanıram, Ocağa inanıram. Bu inamım daha da dərinləşir. Bunu yaşamaq məni çox fərəhləndirir. Sözümü bitirirəm. Atamız Var olsun. Bayrağımızı öpürəm.
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Amallaşmamla bağlı “Mütləqə İnam” Bitiyinin sonuna gəlib çatmışam. “İntibah” əsərinin son iki bölümü – Ruhani İntibah və Bəşəri İntibah. Burda qeydlərim var. Atanın fikirlərinə qeydlər insandan ciddiyyət tələb edir ki, onu özümləşdirmək üçün qol-qanadını qırmayasan. Ruhani intibah ali həyat tələb edir. Yeni mənəviyyat, iradə tələb edir. Ona görə bunu sinədən demək mənim üçün bir az çətindir.
İntibah deyir ki, dünyanın, həyatın mənası təzahüründən böyükdür. Bu səbəbdən də o müqəddəsdir. İntibah dünyanı, həyatı, insanı təzahürünə görə yox, mahiyyətinə görə qiymətləndirir. Dünya, həyat, insan əvəzsiz ruhani sərvətdir. Yaradıcısı Allah yox, özüdür. Özlərinə heyrət eləmək gərəkdir. Onları dərk etmək üçün müqəddəs insan olmalısan. İntibah müqəddəs insan imperativi yaradır – Mahiyyətə bərabər olmaq. Dünyanın, həyatın, insanın mənasına layiq yaşamaq. Cismaniyə, maddiyata, cəmiyyətə tam sahib olmaq, xurafatdan tam xilas olmaq. Saflıqdan yüksək saflıq, heyrətdən yüksək heyrət. Yəni mənəviyyatına, ləyaqətinə sahib olan insan xurafatdan tam azad olur, eyni zamanda maddiyatı özümləşdirir, cəmiyyətə, maddiyata sahib olur. Cisminə sahib olur. Cisim ruhun tələbiylə yaşayır. Amallaşır.
Ruhani cəmiyyət. İntibah ruhani cəmiyyət tələb edir. Ruhani cəmiyyət iqtisadiyyat əsarətindən qurtaran cəmiyyətdir. Güc, vaxt, iradə iqtisadiyyata həsr olunanda ruhanilik pozulur. Özünü iqtisadiyyatda tapan cəmiyyət ruhaniyyatını unudur. İqtisadiyyat baxımından qiymətləndirilən insan əslində inkar edilir. İntibah iqtisadi cəmiyyəti ruhani cəmiyyətlə əvəz edir. İqtisadiyyatı mənəviyyata tapşırır.
Gündəlik rastlaşırıq ki, həyat, dünya maddiyyatı zəngin olanları daha çox önə çəkir, başa çəkir. Çünkü içində buna hədsiz meyil var, həsəd var. Ona o qədər aludə olur ki, ondan başqa həyat tanımır. Maddiyyatı, şəraiti, imkanı çox olan insan qüdrətli insan sayılır. Cəmiyyət də ona az qala səcdə eləyir.
(Oxumanın davamı.)
İntibah iqtisadi cəmiyyəti ruhani cəmiyyətlə əvəz edir. İqtisadiyyatı mənəviyyata tapşırır.
(Buna bir az izah verim.)
Xalqlaşma işiylə bağlı olsa da, buna bir misal çəkim. Qonşu kəndlərdən soraqlar eləyirdim ki, milli yöndə, vətənsevərlik yönündə, bəşəri məzmunda ağsaqqal söhbəti eləyək. Millətimizin gələcəyi ilə bağlı söhbətdaş axtarıram kəndlərdə. Olmadığım bir kənddə bir nəfəri nişan verdilər. Getdim onunla söhbət elədim ki, səni mənə nişan veriblər, mən səninlə söhbət eləməyə gəlmişəm. Belə bir məzmunda eləyəkmi? Dedi mən səni tanıyıram, haqqında da eşitmişəm. Ancaq mənim belə söhbətlərə vaxtım yoxdur. Dedim, maraqlanmaq olar niyə vaxtın yoxdur? Dedi ki, mən qazancla o qədər yüklüyəm, bir dəqiqə vaxtım yoxdur. Bəs sən, özünü iqtisadiyyatın əlinə veribsən, bütünlüklə iqtisadiyyatın əsarətindəsən, nə vaxt yaşayacaqsan dedim. Sən bir ayda iki saat, bir ildə bir gün özün üçün ayıra bilmirsənsə, özünü axtarmırsansa, yaşamağın anlamı nə, düşüncən də var axı sənin. Sən bu millətin nümayəndəsisən. Azdan-çoxdan bu kəndin tanınanısan.
Bir az utanmağı, qızarıb-bozarmağı oldu. Yenə də istifadə elədim o məqamdan. Bir az söhbət elədim onunla. Amalımızı nişan verdim ona. Yəni biz bunu istəyirik. Bir az da əks sözlər eşidib bizim haqqımızda. Dedim, istəsən səni tədbirlərimizə dəvət eləyərəm.
Hətta onun oxumağına inamım olmasa da kitab verdim.
Bu baxımdan insanlar iqtisadiyyata o qədər pərçimlənib ki, iqtisadiyyat əsarətində boğulur.
İndi oxumağımı davam edim.
– Ruhani intibahın dördüncü bölümü – Mütləq İnam. İntibah Mütləqə İnam əsasında yaranır. Mütləq İnam yaradır. İntibah deyir ki, dünya, həyat, insan Mütləq mahiyyətə malikdir. O öz mahiyyətinə bərabər ola bilər. Dünya, həyat, insan Mütləqləşə bilər. Bu həqiqətə İntibahın inamı Mütləqdir.
Mütləq hissiyyat. Mütləqləşən insan Mütləq hissiyyata malik olur. Mahiyyətə bərabər olan, həyata sığmayan, adi ömrə sığmayan hissiyyata, gerçəklikdən yüksək olan hissiyata, imkandan yüksək olan saflığa, kamilliyə.
Mütləq mənəviyyat. Mütləqləşən insan Mütləq Mənəviyyata sahib olur. Mahiyyətə bərabər olan mənəviyyata. Mənəviyyata sığmayan mənəviyyata. Gerçəklikdən yüksək mənəviyyata. İmkandan yüksək mənəviyyata.
Mütləq İdrak. Mütləqləşən Mütləq İdraka malik olur. Mütləq hissiyyatla Mütləq mənəviyyatın birliyinə malik olan idraka.
Adi düşüncə adamlarıyla söhbət eləyirəm. Görürsən savada üstünlük verirlər. Nurtəkin bacımız Atanın fikrini dedi ki, oxul cəmiyyətdə ifaçı hazırlayır. Bu cəmiyyətin diktələrini ifadə eləyən, o yöndə yaşayan insanlar. Bəs fərqlənmək üçün neyləmək gərəkdir? Savad deyirik ki, mütləq mənada əsas deyil. Elə insan ola bilərsən ki, savadın olmaya bilər. Ancaq gözəl insan ola bilərsən. Belə götürək ki, dünyanın bir nömrəli alimi Albert Eynşteyn nə icad elədi? Yəni təbiətin gizlətdiyi bir sirri, atom enerjisini tapıb üzə çıxartdı. Onun o kəşfləri əslində milyonlarla sinəyə dağ çəkmək gücündə oldu. Ancaq hansısa bölgənin örüş sahəsindən keçərsən, bir çobana rast olarsan, heç bir savadı olmaz. Ancaq səni görəndə, ac olarsan deyə rahatsız olar. Xurcununda olan əl boyda çörəyini səninlə bölmək istəyər.
Bundakı insaniliklə Eynşteyndəki insaniliyi tutuşdurursan. Bundakı düşüncə, ibtidai düşüncədir. Ancaq heç olmasa Eynşteynlə tutuşduranda gör nədir?
Nils Bor o vaxtı atom enerjisini tapmışdı, vermədi onu Hitlerə. Bilirdi o nə törədir. Ancaq Eynşteynə kapital gərək idi. Onu ortaya qoydu və böyük dağıntılar, fəlakətlər yaratdı. Fərq nədir? Bəs neyləməli? Ağıl belə bir iş görə bildi. Burda ağılla duyğunun vəhdəti gərəkdir. İnsanın şəxsiyyət kimi meydana gəlib, ortaya çıxması, onun söz sahibi olması, cəmiyyətin inkişafında etkisi olması üçün ağılla, idrakla, düşüncəylə hissiyyatın, duyğunun vəhdəti gərəkdir. Bu insan şəxsiyyətə çevrilir, bu insanın ömrü örnəyə çevrilir və onun etkisi yörəsində də etkili olur.
(Oxumanın davamı).
Mütləq İradə. Mütləqləşən insan Mütləq İradəyə malik olur. Mahiyyətə bərabər olan iradəyə, iradəyə sığmayan iradəyə, gerçəklikdən yüksək iradəyə, həyatı ali həyata yüksəldən iradəyə.
İnsan nə qədər ki, imkanı, şəraiti bəhanə eləyir, düzdür, özü elə bilir ki, bəhanə eləmir, əslində bəhanə eləyir. Bəzən çağı, bəzən mühiti, şəraiti əsas göstərirlər. Hətta mən dəfələrlə eşitmişəm oxuyanlardan, bu kimi çağırış guya ki, geri qaytarmaqdır. Keçmişə, keçmişin müqəddəsliyinə qayıtmaqdır. Həmin olanağın, şəraitin, mühitin gözü ilə baxmaqdır fikrə, sözə. İnsan həm zamandan, şəraitdən, mühitdən narazılıq eləyir, həm də onun diktəsiylə yaşayır. O, heç vaxt həqiqətə yetə bilməz. Ona görə Asif Ata deyir zamana sığmayan iradə, mühitə sığmayan, şəraitə sığmayan iradə.
Nəhayət, sonuc kimi. Yaşamayan yaşayacaq, görünməyən görünəcək, bilinməyən bilinəcək.
Mən bununla “Mütləqə İnam” Bitiyini sona çatdırdım. Özüm özümü qutlayıram. Bu qədər yazdıqlarım “Mütləqə İnam”ın düsturlaşdırılmış şəklidir. Bundan sonra növbəti kitaba başlayacam.
Kamilləşməklə bağlı, həm də mən “Yeni İl” mərasimində olmadığımdan, onun gedişini saytdan izlədim. Nurtəkinin hesabatında bir neçə deyilməyən məsələləri demək istəyirəm. Bunu mən ona qüsur kimi demirəm. Ancaq ilin üzə tutulası, öndə olası böyük uğurları kimi Göylünün təşkil elədiyi İsmayıllı səfəri, yəni Xəlqilik Bayramı, ilin böyük uğuru idi. İkinci, mənim anamın Anım mərasimi, orada bir söz belə yadlıq olmadı. Hətta elan olundu ki, olmayacaq. Soylu Atalı camaatla söhbət elədi, razı qalındı. İndiyə qədər də o kənddə bunun etkisi var.
Xalqlaşmaya aid olsa da deyim ki, bir həftə bundan öncə bacım zəng elədi ki, filan kişinin yas məclisidir. Səni ora dəvət eləyirlər. Ancaq dönə-dönə xahiş eləyirlər ki, gəlməsini istəyirik. Getdim gördüm ki, ora molla çağırmayıblar. İstəyirlər ki, mən söhbət eləyim. Həmin halın etkisi, sonucu idi – Anamın anım mərasiminin. Özüm başladım söhbətə. İnsanla, insanlıqla bağlı. Yaxşı suallar verirdilər. Bir neçə kənddən adamlar gəlmişdi. Yaxşı söhbət oldu. Bütünlüklə Asif Ata Ocağı yönündə. Bütün suallar da ona yönəlik idi. Sual verirdilər ki, bəs niyə sizə elə-belə deyirlər, niyə belə eşitmişik? Bütün bunların hamısına yavaş-yavaş aydınlıq gətirildi. Asif Ata ideyalarının bir-bir açılması, Azərbaycançılıq qonusunda verilən suallara cavablar. Obrazlı desək, çənəm çıxana qədər, doyunca danışdım. İllərlə məqam axtarmışam, demək istədiyimi belə kütlə içində deyim. Bunun yaxşı bir cəhəti var ki, insanlar bir-birinə həqiqəti tapmaq baxımından söykək kimi olurlar. Düzdür, ağız əyənlər də oldu. Ancaq tez də yığışdırıldı. Çünkü gördülər ki, elə önəm vermirəm, həm də yerlərdən onlar qınanıldı. Həqiqət sadə şey deyil.
O baxımdan deyirəm ki, anamın ildönümündə keçirdiyimiz tədbirin etkisi oldu. Bu ilin uğuru kimi onu qiymətləndirirəm.
Bir də ki, məbədlə bağlı. Həyat yaşım 62, Amal yaşım da bəllidir. Mən, Soylu Atalı, neyləmişiksə, bunlar Ocağın uğurudur. 37-ci il başlayandan mən ciddi xəstələnmişdim. Hörgünü başa çatdırmaq işini hesablamışam, min altı yüz manatdan artıq ora xərc çəkilib. Bu o tikinti üçün çox az rəqəmdir. Ancaq fikirləşəndə ki, 140-150 manat təqaüd alan bir adam, bir ildə bu qədər səfərlərə, mərasimlərə gəlmək, həm də dolanmaq. Bu, Ocağın möcüzəsidir. Ona görə deyilməlidir. Burda başqa şey düşünülməz. Çünkü uşaq deyilik heç birimiz, çiynimizdə o qədər yüklər var.
Mənə elə gəlir ki, xalqlaşma hesabatımı da verdim. Ancaq bununla bitmir. Bir neçə yerdə fərdi adamlarla, qonaq getdiyim yerlərdə söhbətlərim olub. Biz harda varıqsa, orda söhbətin yönü, qonusu bəlli məsələ olur. Çünkü hər hansı bir duruma, olaya Ocaq yönündən yanaşma bildirirsən, söhbət ordan başlayır qalxmağa. Həmin bölgədə günbəgün Ocağın ab-havasını hiss eləyirik. Atamız Var olsun!
Nurtəkin Atalı: Mən həmişə “Yeni İl” hesabatı verəndə sonda deyirəm ki, ola bilər mənim yadımdan nəsə çıxıb. Ocaqçılar əlavə eləsin.
Günev Atalı: Əsaslar idi. Bəlkə də mənim də yadımdan çıxan nəsə var idi. Sən orda diqqətdən qaçırıbsan.
Soylu Atalı: Sənin dediyin odur ki, bu məsələlərin üzərində vurğu olunmayıb. Ancaq o məqamlara toxunulub orda. Mən də deyirəm ki, yaradılanların mənası açılmalıdır.
Nurtəkin Atalı: Bu ay “Uluyol-Hünər” Ailəsinin yaranmasının 25 ili tamam olur. Ocaq ilsırasında elə bir Ailə yoxdur ki, o, 25 il davam eləsin. Öncələr “Uluyol” Ailəsinə Soylu Atalı yükümlülük eləyib. Atadan sonrakı dönəmdə də mən ona yükümlülük eləmişəm. “Uluyol-Hünər” Ailəsinin yükümlüsü kimi, Ailədə bir ailəçi kimi ən birinci mənə sorumluluq aşılayıb. Mən istəyirəm “Uluyol-Hünər” Ailəsinin 25 ilinin tamam olması haqda Ulusəs bacımız söz desin, “Uluyol-Hünər” Ailəsində olmaq nə verib ona?
Ulusəs Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Mənə konkret sual verilir, “Uluyol-Hünər” Ailəsində olmaq nə deməkdir. Mən o biri Ailələrin işini azaltmaq istəmirəm. Ancaq “Uluyol-Hünər” Ailəsi həm qədimdir, həm də gücü ondan ibarətdir ki, bu Ailənin birinci gündən axırıncı gününə qədər təməlində Soylu Atalı durub, keşiyini çəkib. Hər halda bu mənim üçün çox önəmi olub. Məni ayaqda saxlayan, hərəkətə gətirən Soylu Atalının hərəkətləridir, təmsilçiliyidir, Ailədə özünü göstərməyidir. Elə birinci gündən bu Ailədəyəm. Ocağa yeni gələndə Nurtəkin aparırdı Ailəni. Bir dəfə deyəsən Soyluya da demişdim, niyə Nurtəkin aparır, mən istəyirəm özüm aparım Ailəni. Məndə elə bir düşüncə var idi ki, Ailəni apara bilərəm və aparmalıyam da. Nurtəkinin işi çoxdur, başqa işlə məşğul olsun. Ancaq sonra bəlli məsələlərlə bağlı onu gerçəkləşdirə bilmədim. Düzdür, mənim üçün böyük şərəfdir ki, “Uluyol-Hünər” Ailəsinin yükümlüsü olum. Hər halda elə bir istək olub məndə. O hisslər qalıb. Bu o deməkdir ki, bu Ailədə öz olanaqlarımı genişləndirmək həvəsim var. Atamız Var olsun!
Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür.): Ay içində Amallaşmam Atanın “Ruhani Hökmlər” kitabını oxumaqla davam edib. Oxumağa sorumluluqla yanaşsam da, sistemsiz başlamağım qüsurumdur. 37-ci ildə Ailə Günü tədbirlərinin kitablarını oxudum. Ayrı-ayrı bəhrələnmələrim, düşüncəmdə qabağa getməyim olsa da, sistemsiz olduğuna görə ciddi şəkildə öyrənməyə nail ola bilmədim. Bu ilimiz Amallaşma İli olduğuna görə Atanı oxumağı qərarlaşdırdım. Atanın hansısa kitabını bu vaxtacan axıra qədər oxuyub sona çatmamışam. Neçə il bundan öncə atmalı olduğum ilk addımı bu il eləməyi qarşıma məqsəd qoydum – Atanı oxumaqla amallaşmamda nizam yaratmaq.
“Ruhani Hökmlər” kitabını oxuyanda yolun yaranışında olan çətinliklər, Atanın o məqamda qoyduğu tələblər məni düşündürdü. Ata deyir ki, Ocağı Avropada yayacaq Evlad gərək. Görürəm ki, o tələbləri yerinə yetirəcək səviyyədə özümü yetişdirməmişəm. Bilmirəm o çağda olsaydım, nə qədər gücüm çatardı davam eləməyə?! Ancaq belə başa düşürəm ki, Yolun tələbi ilə iş aparmaq daha çətindir. Mən o çətinlikləri tam hiss eləmədiyim üçün məndə rahatçılıq, sorumsuzluq olub.
Ayın başlanğıcında sinif yoldaşım mənə və bir neçə nəfərə tikinti işi olduğunu dedi. Təxminən bir həftə içində onun istədiyi kimi gəzməsini, ona arxa duran adama güvənib sərbəstliyini, firavan yaşamasını filan düşünəndə bir az da özümü sanki əzilən kimi duydum. Həsəd duyğusunu eşitdim elə bil.
Ocaq Yükümlüsü Ailə Günlərinin birində belə bir söz işlədir ki, mən ömrümün böyük bir hissəsini Ocağa hesabat verməklə yaşamışam. Onun sonucu məni ayaqda saxlayan o hesabatların fərəhidir.
Mən öz ömrümə baxanda görürəm ki, əsasən gedişə bağlılıq olub, əsasən hərəkətlərimi, düşüncələrimi ona hesablamışam. Buna baxmayaraq, mənim 37-ci ildə amallaşmağımın, bunun məni qabağa aparmağının sonucu idi ki, belə düşüncələr məni indi əzmir. Amallaşmağım, üstəgəl ay içində keçirilən tədbirlər məni bədbin fikirlərdən uzaqlaşdırır.
İşlədiyim yerdəki işçi yoldaşlarla din barədə xeyli söhbətimiz oldu. Onlar mənim dediklərimə adi yanaşsalar da, Ocaq Yükümlüsünə güvənib söhbətimi ürəklə dedim. Hiss elədim ki, orda Ocaqdan bəhrələndiyim qədər söz desəm də, o cür özümə inamımla onları üstələdim.
Atamız Var olsun!
Nurtəkin Atalı: Ona görə xalqlaşmanı artırmaq gərəkdir. Doğrudan da, adam özünü xalqlaşmada görür, yenilənir.
Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür.): “Atagün” və “Uluyol-Hünər” Ailələrinin 38-ci ilin ilk aylıq toplantısında söz deməzdən öncə Bayrağımızı öpürəm, Ataya səcdə qılıram.
Mənim amallaşma işim Asif Atanın Mütləqə İnam fəlsəfəsinin toplumsal həyatda necə qavranıla bilməsini açmağa dayanıb. İndi o yöndən, sizə dediyim kimi, böyük həcmdə yazı yazıram. Söz yox ki, yazının üzərində hələ işləyirəm. Başa çatdırmamışam. Hesab eləyirəm ki, ortaya tutarlı bir şey qoya biləcəm.
Mənim üçün o yazını yazmaq olduqca çətindir. Ona görə ki, davamlı olaraq yazının üstündə oturub işləyə bilmirəm. Bu da onunla bağlıdır ki, başqa işlərim çoxdur. Hər bir işin dalınca gedirəm. O yazıya sanki əsas deyil, yardımçı çağ, diqqət ayırıram. Ona görə mənim üçün çətinlik yaradır. Mən onu istədiyim şəkildə verməyim üçün daha ciddi çağ ayırmalıyam. Ümumiyyətlə, insanın varlığına yanaşma, tarixdə və bu gündə, bunları bir-biriylə uzlaşdırmağa çalışıram. Əsaslandırmaq çalışıram, nə qədər ki, insan Tanrısal sistemi düzgün dərk eləmir, düzgün anlamır, insana yanaşma sağalmayacaq. İnsana yanaşma sağalmayacaqsa, onda Bəşəriyyətin addımları həmişə əyri olacaq, düzəlməyəcək.
Dövlət və insan ayrılığı, qarşıdurması var. Qanun və insan qarşıdurması var. Cəmiyyət və insan qarşıdurması var. Din və insan qarşıdurması var. Siyasət və insan qarşıdurması var. Sosial həyat və insan qarşıdurması var. Bu qarşıdurmaların hamısı insanın üzərində qələbəylə sonuclanır. Dövlət insan üzərində qələbə çalır. Qanun insan üzərində qələbə çalır. Ona görə də yenilir. Dövlət yenilgən dövlət olur. Çünkü insanın üzərində qələbə çalır. İnsanın üzərində qələbə çalmaq olmaz. İnsanı öz qələbəsinə çevirmək gərəkdir. Dövlət insanı gərək qələbəsinə çevirsin. Ona görə dövlət yenilgən olur. Söhbət, ümumiyyətlə, dövlət anlayışından gedir. Deyirlər ki, Azərbaycanda qanun işləmir, ancaq başqa yerlərdə işləyir. Mən də razıyam ki, başqa yerlərdə işləyir. Yəni başqa yerlərdə burdan daha üstün işləyir. Ancaq bu işləyən qanun nədir? Heç kim onu demir. Dünyanın hansı ölkəsində qanun insana Ruhani varlıq kimi baxır? Heç bir yerdə. Bütün dünyada insana sosial varlıq kimi, bioloji varlıq kimi baxır qanun. Qanun o prinsiplərlə işləyir, qurulur, yazılır. Bütün qanunlar sosial qanunlardır, cəmiyyət qanunlarıdır. İnsani qanunlar yoxdur. Bizdə işləmir. Ancaq dünyada işləyir. Hamı buna ağız suyu axıdır. Avropada qanun alidir. Avropada qanun ali olsun. Əleyhinə deyiləm. Bu qanun özü nədir axı, onu aydınlaşdırmaq gərəkdir. Avropada qanun işləyir, ancaq dünyanın halına bir dön bax. Dünyanın halı nədir bəs? O qanunun ali olması ümumbəşər həyatında nəyi həll eləyir? Heç nəyi həll eləmir axı. Çünkü qanunun işləməsi və ali olması insanın ruhsal varlıq səviyyəsində doğru sayıla bilər ancaq. Sürü yaradırlar insandan. Sürünün hüququ qorunur. Avropada sürünün hüququ qorunur. Bizdə sürü yaranıbdır, bu sürünün hüququnu qorumurlar. Ancaq orda sürünün hüququ qorunur. Üstünlük budur, fərq budur. Hər yerdə insan sürüdür. Fərq odur ki, orda sürünün hüququ qorunur. Mən bunları niyə deyirəm? Düşünürəm bunları və görürəm ki, Asif Atanın sözü doğru sözdür. Qarşısıalınmaz sözdür. Mütləqə İnam, “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır”. Hər şeyi axtarıram, araşdırıram, öyrənirəm, gəlib bu həqiqətin üstünə çıxıram. Nicat budur. Nisbi, yarımçıq yanaşmalar qanunun insana çatmamasından irəli gəlir. Hamısı ordan doğur. Gərək qanun insanın ləyaqətindən yazılsın və insanın ləyaqətini qorusun. Azərbaycanda da sosial qanunlar var. İşləsə də, işləməsə də bəlli yaxşı qanunlar var. Ancaq bu qanunları kim yazır? Parlamentdə oturan adamlar kimdir? Qanunvericiliyin bəndlərini onlar qəbul eləyir. Heç birinin insan fəlakəti qulağına deyil. Özəllikcə kapitalizm sisteminin içində yazılan qanunlar insanı düşünə bilməz. Qanunverici adamların hamısı öz kapitalını, varidatını düşünür. İnsanı yalnız Tanrısal sistemdə düşünmək olur. Asif Ata o sistemi xilas eləyir. Deməklə deyil ki, əşi indi bunun vaxtı deyil. Qutsallıq geridə qalmayıb. Qutsallıq gələcəkdədir. Ona görə mənim öyrəndiyim və demək istədiyim, o əsərdə, bütünlüklə bayaq toxunduğum məsələlərdir. İnsan və dövlət, qanun və insan, cəmiyyət və insan. Hər yerdə insan təkdir, yalqızdır, kimsəsizdir. Heç yerdə insan dərk olunmur, qiymətləndirilmir. Hər halda bu yazımda bunları nəzərdə tutmuşam. Təbiidir ki, hər şey deyil.
18-ci yüzillə 21-ci yüzilin arasında nə fərq var insana yanaşmada? Heç bir fərq yoxdur. Sivilizasiya dəyişib. Əgər 18-ci yüzillə 21-ci yüzil arasında böyük bir hesabat hazırlansa, onu kitablara sığışdırmaq mümkün olmaz. Bu qədər vaxtda gəlişməni kitablara sığışdırmaq olmaz. Ancaq bu gəlişmənin içərisində insan yoxdur. İnsan haqqında isə nə gəlişib, (yenə deyirəm sosial varlıq haqqında demirəm) onu heç yarım vərəqə də sığışdırmaq mümkün deyil. Ona görə Asif Atanın sözünü eşitmək gərəkdir. İnsanı öz anlamına bərabər öyrədir, verir. Qurtuluş ordadır. Nə eləyirsən elə, İnsanı öz anlamına bərabər götürməsən, dərk eləməsən, onda nə ədaləti bərpa eləyə biləcəksən, nə də ki, yeni insani gəlişmə oluşdura biləcəksən.
Asif Atanın dünyabaxışı ona hesablanıb ki, insan içində Mütləq gəzdirən Ruhani varlıqdır. Onu verir, dərk elətdirir.
“Uluyol-Hünər” Ailəsinin haqqında söz deyərkən əslində biz Ocağın haqqında söz deməli oluruq. Niyə? Çünkü “Uluyol” Ailəsi əslində Atanın ölümündən sonra Ocağın özü rolunu oynadı. Ocaq elə “Uluyol” Ailəsindən ibarət oldu. 4 nəfər “Uluyol” Ailəçisi oldu Ocaq. Onun üzərində genişləndik və böyüdük. Təbii ki, içəridən, hünərdən böyüdük, Ocağı xalqlaşdırmaqda böyüdük. İndi “Uluyol” Ailəsindən danışanda ən çox hünərdən danışmalı oluruq.
Mən daim Atanın, Ocağın qarşısında hesabat vermişəm. Mənim hesabatım qurucu hesabatdır, Hünər hesabatıdır. Əslində ən böyük hesabatım odur. Mən özümü döyürəm, döyməliyəm, filan. Bunlar ayrı bir hesabatdır. Ancaq mənim hesabatım deyəndə böyük anlamda hesabatı nəzərdə tuturam, Ocağın qurulması yönündə hesabatı qəsd eləyirəm. Ocaq necə quruldu, necə yaşadı?
Ailənin adında sonradan dəyişiklik elədik, “Uluyol-Hünər” oldu ki, doğrudan da, hünər göstərməklə Ocağı təsdiq elədi. Əgər o hünərlər göstərilməsəydi, bu gün Ocaq olmaya bilərdi. Əgər siz sosial şəbəkə “Ocaqçı”lığını da izləyirsinizsə, arada-bərədə onların sosail şəbəkəçiliyi də “Uluyol” Ailəsinin hünərlərindən sonra yarandı. Onlar yox idi. Necə ki, bir Ocaqçı Ailə Gününə gəlir, məsələn. Əgər fikirləşsə ki, yenə gedirəm bəsit üzləri görməyə, bəsit danışıqları eşitməyə, heç nəyi olmayan bir ünvana, üçüncü, beşinci dəfə gəlməyəcək. O, quruculuq görür və quruculuğa quruculuq gətirib qatır. Ocaqçı ona görə tədbirə gəlir. Ordakı quruculuğa öz quruculuğunu da gətirib qatır. Orda quruculuq görüb. Ondan fərəh alır, ilham alır, yaşayır. Yoxsa tükənib dayanacaqdı. “Uluyol” Ailəsi mənim təmsilçiliyimdə cəmi 7 il olub. Ata öləndən sonra Ailənin təmsilçisi olmadım.
Ocağın 13-cü ilinin Günəş Ayının 10-da biz ilk Ailə Gününə başlamışıq. Təbii ki, çox adi, bəsit. Onda biz “Azərbaycan İnşaat Mühəndislər İnstitutu Ata Ailəsi” kimi başlamışıq. O da İnşaat institutunun öyrəncilərindən olan Ocaqçılar idi. 4 nəfərlə başladıq. Sonra sıralarımız artdı. Ocaqdan çıxdılar, getdilər. Ancaq biz qaldıq. AzİMİ – Uluyol Ailəsi oldu. Uluyol da Uluyol-Hünər adı ilə bu günə kimi davam eləyir. Ocaqda 25 il Ailənin ömrü var. Siz də dediniz, Ocaqda ən uzun ömürlü Ailədir. Ən uzun Ailə olmasının başlıca nədəni Ailə başlayandan bu günə qədər mənim Ocaqda olmağımdır. Hesab eləyirəm ki, bundan sonra da “Uluyol-Hünər” Ailəsi Ocaqla bir yerdə var olacaq. Mən düşünmürəm ki, Ailə nə vaxtsa olmaya bilər. Ayrı-ayrı Ailələr olub, sıralarından Ocaqçı gedib, azalıb. “Uluyol” Ailəsi isə qalıb, gəlib. Məsələ nədədir? Ailə davamlı yaşayır, öz Ailəçilərinin hesabına yaşayır. Bu Evladların hesabı nədir? Evladların hesabı Asif Atanın istəklərini dərk eləməkdir. O istəklərlə öz mənəviyyatını işığa çıxarmaqdır. Əgər Ocaqçı öz mənəviyyatını işığa çıxarmasa, onun nə Ailədə, nə Ocaqda dayanıqlı, qurucu bir etkisi olmaz. Deməli, əsas məsələ fərdin ömrünü dəyişməsidir. Başqa qurumların adamları da belədir. Başqa-başqa əqidə, məslək xəttində özlərini adlandırmaqla deyil, onların şüurunda dəyişiklik getmir. Biri, məsələn, özünü türkçü hesab eləyir, bozqurdçu sayır, nə bilim nə sayır. Ancaq onun şüurunda müsəlmanlıqdan gələn etkilər aradan getmir. Məsələn, konkret İlham. O, söhbət eləyir. Bir az üstünə gedəndə içini açıb çıxarır ortaya. Hər kəs elədir. Deyir ki, neyləmək olar axı, dünyanı idarə eləyən nəhənglər var. Onlar artıq bizim üçün hər şeyi müəyyən eləyiblər. Deyirəm, dinin etkisindən çıxmayıbsan? Deyir əşi yox e, din rədd olsun. Deyirəm, necə rədd olsun? Bu elə dinin dediyidir, fatalizmdir. Din deyir Allah müəyyən eləyir taleyi, sən də deyirsən ki, güclər yazıb, ondan qırağa çıxmaq mümkün deyil.
Dinin etkisindən çıxa bilmirlər. Ocaqçı birinci növbədə bunu düşünməlidir. Belə şeyləri düşünməlidir ki, mən dinin etkisindən çıxmışammı? Demokratiyanın etkisindən çıxmışammı? Sosializmin etkisindən çıxmışammı? Hər kəs özünə hesabat verməlidir. Vaxtilə Uğur adlı bir oğlan vardı Ocaqda. Asif Atanın “Sədaqət” kitabında qoyulub ki, televiziya şərindən, qəbahətindən… ayrılmışammı? Bir kəlmə deyirdi ki, televiziya şərinə enmirəm, çünkü evimdə televizor yoxdur. Sənin evində televizor yoxdur, çevrə var axı. İçindəkiylə vidalaşmalısan, gözünün qabağında duranla yox. Ona görə Atanın kitabında qoyulan filan şeyin zülmündən, həqarətindən ayrılmışammı? Hərf-hərf onu özü üçün tərcümə eləmək gərəkdir. Özüylədöyüş gündəlikləri buna həsr olunmalıdır. Mən deyirəm çıxmışam? Nədə özünü göstərir? Yaşamımda, əməlimdə, davranışımda, yaradıcılığımda. Böyük güclər ümumi həyatımızı yönləndirə bilər. Mənim içimdə o yoxdur. Gəmidə oturub gəmiçiylə döyüşürəm, əgər hesab eləsək ki, gəmi onunkudur. Heç bir cəhətiylə yenilmirəm. Heç bir vədinə tamah salmıram. Bunları izah edəndə fakt qarşısında qalırsan, deyirsən düzdür. Yanına isə “ancaq” sözünü deməyin o deməkdir ki, o sənin içində oturub. Bütün məsələ ondadır. Onu özün araşdır. Araşdır gör, “əmma” qoyursanmı? Qoyursansa, bil ki, etkisindəsən. Ancaq “əmma”nı da elə-belə qırağa qoymaq olmur. Eləcə də o biri məsələlər. Alt yapına elə yeriyir ki, o səninlə bir yerdə böyüyür, səninlə bir yerdə oturuşur və ömrünün axırına qədər gedir. Asif Ata ona görə deyir ki, onların hər birinin etkisini öyrən qırağa qoy. Çıxart içindən. Çıxardacaqsansa, sən bu xalqa, insana gərək olacaqsan. Çünkü heç bir məqamda ona boy verməyəcəksən, onun yönləndirdiyi tərəfə getməyəcəksən.
Mən “Uluyol-Hünər” Ailəsinin bundan sonrakı yaşamı üçün, çalışmaları üçün yenə də əlimdən gələni eləyəcəm ki, Ocaq tələbinə cavab verilsin. Ocaq tələbində yaşanılsın. Ailə təmsilçiliyi məsələsi, dönə-dönə demişəm, sadə bir məsələ deyil. Hər anlamda quruculuqdur.
Mən sözümü Atamıza səcdə ilə bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun! Bayrağımızı öpürəm.
Nurtəkin Atalı “Yol. Ata Sözü” bitiyindən “Ləyaqət” kəlamını oxuyur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.
Günəş Ayı, 38-ci il. Saray-Soylu.
(mart, 2016.)