Xəbərlər

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin Sərt Ayındakı “Ailə Günü” toplantısında deyilmiş fikirlər

IMG_8877Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin
Sərt Ayındakı
“Ailə Günü” toplantısında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 28 Sərt Ayı, 37-ci ildə (dekabr, 2015) İnam Evində “Atagün” və “Uluyol-Hünər” Ailələrinin “Ailə Günü” toplantısı keçirildi. Ailə Gününün quralları yerinə yetirildikdən sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ay artıq üçüncü Ocaq tədbiridir keçiririk. Sonrakı tədbir “Ulufərəh” Ailəsinin Ailə Günü olacaq. Tədbirlərin çoxluğu yaxşıdır. Hər bir tədbir qonularına görə başqadır, ancaq anlam birdir. Hər bir tədbirə hazırlaşmaq bəlli çağ tələb edir. Bu da halı kökləyir. Hər bir Ocaq tədbiri bayramdır, Ailə Günü isə xüsusi bir sorumluluqdur.

Amallaşma hesabatım – Ay içində Atanın ayrı-ayrı bitiqlərindən bölümlər oxumuşam. Hər dəfə oxuyarkən bəhrələnmişəm. Məni həyat düşüncələrindən, qayğılarından ayırıb. Atanı oxumağa ayrılan çağ dirilir.

Ay içində Ocaq əməllərim olub.

Kamilləşmə yönündə özümlə üz-üzə qalmağa vaxt ayıra bilmirəm. Vaxtım olan kimi Ocaq əməli görürəm, ya oxuyuram. Boşluq olmur. Amallaşdıqca, idrakım yetkinləşdikcə yanlışlarım aradan gedir.

Xalqlaşma yönündə internet üzərindən söhbətləri artırmışam. Evdən çölə çıxmaq həsrətimi hələ ödəyə bilməmişəm.

İndi yazılarımı oxumaq istəyirəm.

IMG_8880

 

xxx

Xalq özünün kimsəsizliyini və yetimliyini görür, ancaq dərk etmir. Gözü elə qorxub ki, addım atarsa, durumu daha da pisləşəcək, ağırlaşacaq deyə düşünür. Azərbaycanın zəlilləşməyə, mağmınlaşmağa haqqı yoxdur. Çünkü Atasının arxasınca getməyib yetim qalanların ağası çox olur.

 

 

xxx

Dinin Allahına innamaq üçün idraksız olmaq gərəkdir.
Allahlıq anlamına inanmaq üçün idraklı olmaq gərəkdir.

 xxx

Xeyirə inanmaq – Özünə inanmaqdır.
Şərə inanmaq – özünə inamsızlıqdır.
Şər inamsızlıqda yaşayır.
Xeyirə inanmaq – Xeyir uğrunda döyüşü yetirir.
Şərə inanmaq – Şərə tabeçiliyi yetirir.
Xeyir uğrunda döyüş – özünü təsdiqdir.

xxx

Möhtəşəm dövlət görüntüsü və yazıq xalq.
SSRİ-dən qalma görüntü alışqanlığı hələ bizi tərk etməyib.

 

xxx

Dövlətin başına gələn özü üçün yaşayır, xalqını düşünmür və tarixə düşdüyünü sanır. Tarixdə qalmaq olar, – sayğı və sevgi ilə anılaraq, ya da nifrətlə anılaraq. Xalqını düşünməklə, xalqı üçün çalışmaqla tarix yazılır – Atatürk kimi, Qandi kimi…

xxx

Özümlə döyüşürəm ki, şərlə döyüşə bilim – yadlıqla, yağılıqla döyüşə bilim. Özümlə döyüşürəm ki, bugünüm bugünlüyündə qalmasın, sabaha çatsın. Millətimin bugünü bugünlüyündə qalmasın, sabaha çatsın.

 

xxx

Yalan – yaşamaq uğrunda savaşın yetirdiyidir.
Həqiqətçilik – var olmaq, var etmək gücünün yetirdiyidir.

 

xxx
Maddi səfalətdən də dəhşətlisi mənəvi səfalətdir. Maddi durum qalxıb-enə bilər, mənəvi səfalət isə yarandısa, qalxması asan olmur.

 xxx

Adam Adamlığından əl çəkməlidir – özümlüyü üçün, milləti üçün, bəşər üçün.
Adam Adamlığından əl çəkməlidir – sabahı üçün.

xxx

Adam taleyi – Dindən asılı, iqtisadiyyatdan asılı, siyasətdən asılı.
İnsan taleyi – özümlüyündən asılı, ruhaniyyatdan asılı, Amaldan asılı.
Birinci asılılıq – əsarət yaradır, ikinci asılılıq – yiyəlik yaradır.
Adam asılı olduğu qədər əsarətə düşür, İnsan özümləşdikcə yiyələşir, özümləşir.

 xxx

Durum: Can verən dövlətin atəşfəşanlıq görüntüsü.

 xxx

Hamılıqla ləyaqətsizləşirlər.
Hamılıqla mənəviyatsızlaşırlar.
Hamılıqla ölürlər.
Millət şəxsiyyətlərində diri qalır, yaşayır.

 xxx

Dəyərinə, dilinə, mədəniyyətinə yadlaşan millətin sabahı da ona yadlaşacaq.

 

xxx


Dünyada heç bir şey sabit deyil. Zamana, həyata, gedişə bağlı nə varsa, dəyişkəndir. Adamlıq halı dəyişkəndir. Adama bağlı – yanaşma, davranış, yaşam dəyişkəndir.
Dəyişkən olmayan – İnsanlıqdır, İnsanlıq halıdır.
Sabit olanın bir üzü var, dəyişkənin min üzü. Ömrü dəyişkən olana deyil, sabit olana yetirmək gərəkdir.

 

xxx

Bəndənin alın yazısını Allah yazır. Balaca dövlətlərin taleyini böyük dövlətlər.
Bəndəlik alın yazısına tabe olur, onu doğruldur.

Balaca dövlətlər də siyasal talelərinə tabe olurlar, böyük dövlətlərin istəyini doğruldurlar.

Dini, siyasal alın yazısından çıxmaq üçün özümləşmək, özünə yiyə olmaq gərəkdir.

IMG_8884

Ailə Gününün qonusu haqda: – Ağır dolanışıq həmişə olub. İndiki çağda isə adamlarda sabaha ümid yoxdur. Getdikcə daha da çətinləşən, daha da gərginləşən bir durum içindədirlər. Neyləmək gərəkdir. Ocaqçılar həmişə nə iş görürdülərsə, yenə də həmin işi görəcəklər. Atanın istədiyi kimi minimal güzəranla yaşamaq, Ata sorağını daha çox yaymaq.

Ata deyirdi ki, qaranlıq qatılaşdıqca işığa ehtiyac artır. Hər zaman Ataya ehtiyac var, indi daha çoxdur. Çünkü ağır iqtisadi durumdan adamların halı daha da gərginləşir. Münasibətlər daha da pisləşir. İqtisadiyyatdan asılı bir durumda olurlar. Bu durumdan necə çıxmaq olar? Neyləmək olar? Yenə də Atanın Yolu, Ocaqçılıq bizə yol göstərir.

Millətinə qulluq eləməli. Nə qədər millətimə qulluq edirəm, o qədər var oluram. Yola bu cür yanaşmaq gərəkdir.

İsa bəy Nurtəkinin oxuduğu fikrə yanaşma bildirdi. Alın yazısı haqda soru verdi.(N.A.)

 IMG_8892

Soylu Atalı: Bu məsələyə əsərlərimin birində geniş cavab vermişəm. Əslində dinin dediyi alın yazısı məsələsi nədir – “ol dedi, oldu”, Allahın “ol” dedi oldusuyla olan, bəlli keyfiyyətlərə xasdır. Özündə nələrisə daşıyır. O elə-belə şəffaf olmayan, bulanıq bir şey kimi olmadı. Olan, anlamıyla oldu, olan, tərəfləriylə oldu. Təbiət-filan. İnsan gözüylə, qaşıyla, ağlıyla, yerişiylə düşüncəsiylə oldu. Bu anlamda götürsək bu bir “Qədər” məsələsidir. Qədərlə bağlı Qutsal Öyrənim günlərinin birində biz geniş söhbət elədik. Qədər odur ki, insanın dünyaya gəlişi, niyə gəlişi, ya da gəlməməsi mümkünmü – bunlar insandan asılı deyil. Gəliş özü, o anlayışla götürsək, bu bir Qədər məsələsidir. O, insandan asılı deyil. İnsan fiziki mövcuddur. Bioloji bir varlıqdır. Bu fiziki varlıq bəlli bir dövrə qədər yaşayır, çalışır, bu biçimdəki enerji, güc – onu ayaqda saxlayacaq enerji, güc hardasa tükənir. Dayanmaqla fiziki ömür dayanır, yəni ölür. Bu da insandan asılı deyil. İnsandan asılı olan yaşayacağı arada olan ömürdür. Sağlam qurmaq, doğru qurmaq, maksimum dərəcədə çalışmaq ki, onu mənəvi qurmaq, fiziksəl olaraq sağlam qurmaq baş tutsun, bunlar ondan asılıdır. Ancaq bu fiziki ömür hardasa başa çatacaq, bu, insandan asılı deyil. Bunu bu anlayışla desən Qədərdir. Ancaq Semit dinləri bundan, pis anlamda, çox qabağa gedirlər. İnsanı bu Qədərdə sınırlamırlar. Onun bütün düşüncəsini, hərəkətini, yerişini, davranışını, fiziki ömrü boyu nə edəcəksə hamısını Allahın idarəsinə bağlayırlar. Qıraqdan bir qüvvə onu idarə edir. O qüvvə də necə idarə edir? İnsanla bağlı öncədən bir plan tutur. Plan, proqram tutur ki, bu filan yaşında belə olmalıdır, artmalıdır, əksilməlidir… Bu eybəcərlikdir. Belə şeyi Asif Ata qəbul eləmir, bunu rədd edir. Təbii ki, “ol dedi, oldu” – nu da qəbul eləmir. İnsanı əşyaya çevrimək doğru deyil axı. Müsəlman bəndə, ya xristian bəndə, fərq etməz, özünü mexanizm sayır. Doğrudan elə bilir mexanizmdir. Məsələn, maşın var, onun motoru var, filan şeyi var, onu idarə edirlər, biz də Allahın mexanizmiyik. Belə yanaşma var. Halbuki insan adlanan bir varlıq nəinki mexanizm deyil, o, ilahi xilqətdir. O, yaradılışa bağlı xilqətdir. Özündə yaradılış mahiyyəti daşıyır. Yaranış mahiyyəti daşıyır, daha doğrusu. Ondan yaranma var. O maşını ha qoy ora. Sən gedib onun iki dənə qaykasını, boltunu burmasan, o, yaranmır. Ancaq sənin içində yaranış var. Səndən dünyaya insan gəlir, davam edir. O insan əllə quraşdırılmır, açarla bağlanmır. Onun ağlı, düşüncəsi, idrakı, baxışı, sonsuz olanaqları onun özüylə bir yerdə yaranır. Yaranış odur. Bir yerdə yaranır. O yaranış özü əzəli bir xassədir ki, o elə Allahlıq anlamı dediyiniz Mütləqə bağlıdır. Səndə Mütləq təzahür edir. Görünüşə gəlir, nişana gəlir. Necə nişana gəlir? İnsan biçimində, qaş-göz biçimində. Yəni bütöv bir varlıq sistem biçimində nişana gəlir, ifadəyə gəlir. Bunu din demir. Din səni robotlaşdırır, alətləşdirir. Atanın dediyi odur ki, insandan iki cəhət asılı deyil. Əgər Qədər deyə bir şey düşünürsənsə, doğuluş-yaranış məndən asılı deyil, məndə yaranış olanağı var, ancaq yaranış mənim istəklərimdən asılı deyil. Bizdən qıraqda istənilən kəs, din adamı, deyir ki, Allah istəsə filan olar. Biz demirik Allah istəsə filan şey olar. Allahın, daha doğrusu Mütləqin istəyib-istəməmək anlayışı yoxdur. Mütləq istəmir, görüntüyə, nişana gəlir, təzahürə gəlir. Məgər kədər istəsə göz yaşı biçimində çıxar, istəsə çay kimi axar? Göz yaşı biçimində çıxa bilər, çay kimi axa bilməz. Çünkü kədərin istəyib-istəməmək anlayışı yoxdur.  O kədər də böyük anlama bağlıdır, Mütləqə bağlıdır. Onun cəhətidir. Bu baxımdan da istəyib-istəməmək anlayışı yoxdur. Mütləq daim nişana gəlir, görünüşə gəlir, insan özündəki o Mütləqi ifadə edir. İcra eləmir, ifadə eləyir. Məndə davranmaq olanağı var, onu heç kim quraşdırmır, idarə eləmir. Mütləq odur ki, mən danışanda mütləq ağzım açılıb-yumulmalıdır, kobud çıxmasın. Yeriyəndə ayaqlarım gedib-gəlməlidir. Mütləq budur ki, bu nizam var, ahəng var, bu uyum var. Bu ayrı cür ola bilməz. Bu nişana gəlişidir, bu Onun görünüşüdür. Bu anlamda Mütləq böyük məsələdir. İnsan öz istəklərinə uyğunladırmamalıdır onu. Bəşəriyyətin bir yanlışı odur ki, Mütləqi düzgün dərk eləməməkdən irəli gəlir, hər kəs bir-birinə deyir ki, Allah səni xoşbəxt eləsin, məsələn. Bunda iki anlam ortaya çıxır. Biri insanları aldadan, biri isə insanın doğru olaraq, səmimi olaraq Mütləqə üz tutması. Nə demək istəyirəm. Birinci, insanın bu nöqtədə aldanması. İnsan o nöqtədə aldanır, elə bilir ki, o nə qədər çox desə ki, xoşbəxt ol, nə qədər dua eləsə, Allah bunu eşidəcək və eləyəcək. İnsan bu nöqtədə yanılır. Allah sənin istəyini həyata keçirmir. Belə bir anlam yoxdur, sən çoxlu yalvarasan, dua edəsən, Allah da bunu eşidə, həyata keçirə. İnsan həmişə Mütləqə üz tutur. İstəyir ki, sənə Mütləq olanı arzulasın. Səndə onu görsün. Mütləqin sənin davranışında, sənin xoşbəxtliyində nişana gəlməsini görsün. O arzulayır, diləyir, xoşbəxt ol. İnsanın insana yanaşması, doğmalıq yaratması üçün, ünsiyyət yaratması üçün, bağlılıq yaratması üçün müraciət formasıdır. Yoldan keçəndə görürsən biri işləyir, deyirsən “işin avand olsun”. Təbii ki, sənin deməyinlə bunun işi avand olan deyil. Ancaq bu bir ünsiyyətdir, insana xoş arzulamadır. İnsanı pis arzulardan uzaqlaşdırmaqdır. İnsani yanaşma aurası yaratmaqdır. Ancaq bu o demək deyil ki, Allah eşidəcək və sənin dediyinə əməl edəcək. O doğru deyil. Bu anlamda Atanın dediyi və dinin dediyi çox başqadır. Atanın dediyi elmin anladığıdır, fəlsəfədir və sırf ruhaniyyatdır. Dinin dediyi anti ruhaniyyatdır, anti elmdir. Bütün məsələ bundadır.

IMG_8898

Ayaz Şıxalıoğlu: Soylu, mən düşünürəm ki, dediyin Qədərdə bulanıqlıq var. Suyun dibi görünmür. Qədərlə Allah arasında bir addım var. Qədərdə mistika var. Qədərdə Asif Ata yaşamır. Asif Atada Qədər söhbəti ola bilməz. Soylu Atalı deyir ki, dünyaya gəlməyim – doğulmağım, ölməyim Qədərdir?

IMG_8896

İsa Mehdioğlu: Qədər məsələsini Asif Ata da qəbul edir. Qədər nədir? Soylu Atalı çox gözəl dedi. Qədər o şeydir ki, məndən asılı deyil. Qəza da var, Qədər də var. Qədər məndən asılı deyil, ancaq Qəza məndən asılıdır. Çünkü din ikisini də verir Allahın ixtiyarına. Qəza odur ki, mən doğulandan ölənə qədər taleyimdə nə baş verirsə hamısı lövhi-məhfuzda, kitabda yazılıb. Mənim doğulmağımdan da 40 il qabaq. Mən ondan çıxa bilmərəm – din belə deyir. Əgər orda yazılıbsa ki, mən hansı çağdasa dırnağımı kəsəcəm, onu mən eləyəcəm. Qədər də nədir? Mən gəldim, bir gün gedəcəm. Belə ayırmaq olar bunları. Məndən asılı olmayan şeylər Qədərdir, məndən asılı olan şeylər Qəzadır. Burda biz ayrılırıq. Asif Ata qəbul eləmir. Ancaq din deyir ki, Qəza da Allahdandır. Asif Atada qəza Allahdan deyil, insanın öz fəaliyyətindən asılıdır. Əgər doğulmaq məndən asılı olsaydı, bu, Qədər olmazdı. Mən də qəbul edirəm ki, məndən asılı olmayan şeylər Qədərdir. Buna qarşı dura bilmərəm. Ölüm də Qədərdir. Ancaq haçağ öləcəm, bu Qədər deyil. Mən bu gün də ölə bilərəm, sabah da ölə bilərəm. Ancaq ölüm varsa, gəlmişəm gedəcəmsə, bu məndən asılı deyil. Ancaq mübarizə apararam çox yaşayaram, mübarizə aparmaram az yaşayaram, bu da mənim ağlımdan asılıdır. Hər şey ağlın içindədir. O şey ki, deyirik kökümüz var, o damğa ki var bizdə oturur, ona ruh deyirik. O bizdədir, heç kəsdə deyil. Kimdə azdır, kimdə çoxdur, kimdə müxtəlifdir, bu bizdən asılıdır ki, bunu edə bilərik. Bu Qəzadır. Qədər ikicədir – doğuluş və ölüm. Bu bizdən asılı deyil. Nə qədər yaşasan, nə qədər mübarizə aparsan, bir gün öləcəksən.

Ayaz Şıxalıoğlu: Belə çıxır ki, Qədər yalnız doğuma və ölümə aiddir.

IMG_8891

Soylu Atalı: Çıxışımın başlanğıcına qayıdıram. Deyirəm ki, biz bu məsələni aydınlaşdırmağı Qədər anlayışı ilə götürməli olsaq, halbuki Qədər dində bizim dediyimiz kimi deyil. Qədər dində ayrı şeydir. O deyir ki, öncədən proqram tutulur, sənin bütün fəaliyyətin ölənə qədər hamısı bəlli olur və o, idarə olunur. Biz buna qarşıyıq. Mən də deyirəm ki, “Qədər” sözünə, dinin dediyi “Qədər” məsələsinə bizim açıdan aydınlıq gətirməli olsaq, o “Qədər” anlayışında bir cəhət – doğum və ölüm məsələsi var. Bu, insandan asılı deyil. Din belə demir. Din deyir, hər şey Allahdan asılıdır. Eyni halda biz nə deyirik. Əgər doğum və ölüm bizdən asılı deyilsə, o deməkdirmi ki, bu hansısa qüvvədən asılıdır? Qüvvədən asılı deyil. Həyat və son var. Bu, idarə olunmur. Əzəli və Əbədi xassədir bu. Əzəli, Əbədi xassə hansısa bir qüvvə tərəfindən idarə olunmur. Allahın istəyib-istəməməsi məsələsi yoxdur. Allah istəsə məni filan vaxtda doğuzdurar, istəsə filan vaxtda öldürər. Belə bir şey yoxdur. Sadəcə olaraq biz dünyaya gəldik biçim olaraq. Mən doğulduğum bu biçimdə, bu  canda nə qədər yaşayacamsa, fəaliyyətim mənə bağlıdır. Bu gəliş özü yaranış adlanan həmin Mütləqin görünüşə, nişana gəlməsidir. İnsanlıq adlanan Mütləq, Mütləqin çaları bir bədən biçimində görünüşə gəlir özünü ifadə eləmək üçün. Qədərə bayaq dediklərimin hamısını özgün edir din. Biz qəbul eləmirik. “Biz onun adına “Qədər” demirik. Dinin “Qədər” dediyini anlatmaq üçün izah edirik. Din insanın ömrünü robotlaşdırır. Yaranış və ölüm məsələsi sırf ruhaniyyatın anlayışıdır. Onu fəlsəfə aça bilir. Elm aça bilmir. Elm sadəcə bu bədənin niyə öldüyünü göstərir, doğulanda bu bədəndə nələr var, bədəndə olanlar insanı necə hərəkətə gətirir. Elm bunu öyrənir. İnsan niyə ölür, enerjisi tükənir, bioloji olaraq. Fəlsəfə deyir ki, Mütləq nişana gəlir. Görünüş ötəridir, keçicidir, qeyri-kamildir, sonludur. Ötəri, keçici, sonlu, qeyri-kamil olduğuna görə görünüş gəlir-gedir, yox olur. Təzahür bir məqamda aşkara çıxır, bir məqamda da yox olur. Anlam qalır. Anlam daim yeni təzahürlərə, görünüşlərə gəlir. Yeni biçimlərə gəlir. Yeni biçimlərdə yenilənir. Bunu elm deyə bilmir. Çünkü elmin işi deyil. Elmin axtarışına özgün deyil bu. Bu, sırf fəlsəfi təfəkkürün, ruhsal idrakın axtardığı, dediyidir. Biz istənilən bir məsələyə aydınlıq gətirmək üçün, ya Asif Atanın bir anlayışını izah eləmək üşün mütləq onun içinə girib aylarla işləməliyik. Burda mən çıxış elədim. Deyək ki, burda iştirak edən bir nəfər bu çıxışı eşitdi. İndiyə qədər sənin eşitmədiyin və üzərində işləmədiyin, düşünmədiyin bir fikir deyilə bilər. Bir anda ona yanaşma bildirməli olsan, o yanaşma nisbi olacaq. Ola bilər ki, açıq qalsın, qapanmasın, bu da mümkündür. Çünkü bu, 2×2=4 deyil. Ciddi təhlil istəyir. Saatlarla üzərində durmaq istəyir, düşünmək istəyir. Elə şeylər var ki, o mənim ağlımdan insanın halına çata bilər, ancaq o heç vaxt təcrübi olaraq sübuta yetməz. Fəlsəfənin dediyi təcrübi olaraq sübuta yetmir. O, sırf təfəkkürün özünün yetdiyi məsələdir. Dinin dediyi də təfəkkürün yetdiyidir. O, təcrübədə yoxdur axı. Ancaq düşünərsən ki, gerçək məntiqə uyğundurmu, elmə uyğundurmu, yaşama uyğundurmu?! Xurafatdırmı, yoxsa həqiqətə uyğundurmu? Bunu biz idrak edə bilərik. Ancaq biz bunu gerçək olaraq sübuta yetirə bilmərik. Ha mən deyim ki, “Mütləq bugündə nişanələriylə, əbədi sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir”. Bu, çox ağır tərifdir. Bir anda insanın ağlına çatmır. Bunu ilk eşidən adam mənə yüz soru verəcək, mən izah edəcəm, yenə çatmayacaq. Ona görə deyirəm, idrak etdiyimiz məsələlər təcrübədə yoxlanılmır. Bu açıq qala bilər, yenə də qayıda bilərik.

Qayıdıram “Qədər” məsələsi ilə bağlı. “Qədər” adlı beş hərfdən ibarət anlayş Asif Atada yoxdur. Asif Ata ölüm və doğuma – bizdən asılı olmayanın adına “Qədər” demir. Bu “Qədər” əsasında insanın fiziki ömrü, yaşamı, fəaliyyəti Qismət anlayışı ilə ifadə olunur. Asif Atada bu da yoxdur. Biz doğuluruq. Doğulandan ölənə qədər bütün çalışmalarımız, hansı yolu tutmağımız, hara getməyimiz, nə etməyimiz hamısı bizdən asılıdır. Ona görə bu bizim alnımıza yazılıb eləməyib. Qismət də yoxdur. Ancaq harda ömür başa çatacaq, yəni bədənin özünün təbii olanaqları tükənəcək, dayanacaq, bu, bizdən asılı deyil. Biz yaşadığımız, çalışdığımız müddətdə yanlışlara yol veririk, doğrulara yol veririk, sağlam oluruq, xəstə oluruq, bunlar hamısı, Qəza anlayışı ilə desək, bizdən asılıdır. Asif Ata ona qəza demir, o sözü, anlayışı demir, ancaq müsəlmana bunu izah eləmək üçün onun beyninə yeriyən bu anlayışlardan istifadə eləməliyəm. Biz heç Allah sözünü qəbul eləmirik axı. Ancaq insanlara izah edəndə deyirəm Allah məsələsi var, bir də Allahlıq. Mən neyləyim ki, müsəlman qulağını açıb Allah sözünü eşidib, ona izah etməliyəm. Hətta Tanrı da demirəm, Allah deyirəm. Tanrı da deyə bilərəm, ancaq Tanrı sözü də, Allah sözü kimi, bizim Mütləqi ifadə eləmir. Bizə qədər olan Tanrıçılığa ayrı keyfiyyətlər verilib. Tanrı filan şeydir. Asif Atanın dediyi Mütləq Tanrı deyil. Bu geniş qonudur, hamısını burada deyə bilməyəcəyik.

IMG_8888

Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Ailə Günlərində biz Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı veririk. Ay içində toplumla ünsiyyətdə olanda, özümüzün üzərində və ya Asif Atanın irsinə yanaşmada hansı yenilikləri eləmişik, bununla bağlı hesabat veririk. Sonra da yörədə, toplumda baş verən olaylara Ocaqçı yanaşması.

Amallaşmamla bağlı, həm də “Qutsal Öyrənim Günü”ndə olmuram, “Mütləqə İnam” Bitiyindən “Ali Həyat” bölümünü yığcam şəkildə özümləşdirmişəm, 70-80 səhifənin balaca bir yazıda da məzmununu vermişəm. Hər kəs də yanaşma bildirə bilər.

Ali həyat nədir?

İnsanın içsəl dünyasında yaranır, mütləq ruhsal səviyyəsinə yüksəlir. Xeyirin tələbləri əsasında yaşamını sürür. Gözəllik, saflıq, qutsallıq ömrün ölçüsünə çevrilir. Cismaniliyin ruhsallığa bərabər ola bilməsinə inam yaranır. Ədalət zülm üzərində, Azadlıq əsarət üzərində, eşq şəhvət üzərində, həqiqət yalan üzərində, İdeal gerçəklik üzərində, dostluq düşmənçilik üzərində tam qələbə çalır. İnsan Mütləqin tələbi ilə yaşayır. Özüylə barışmır. Özündənkeçmə ülviyyətinə yüksəlir. Dünyaya, Həyata, insana umacaqsız yanaşır. Mütləq ruhsallıq mütləq təbiilikdir. Zahiri daxilini tam ifadə edir. Mütləq vəhdət təsdiq olunur. Ali həyat insana fəlakətdən tam azad olmuş səadət bəxş edir. İnsan Mütləq Müdriklik səviyyəsinə qovuşa bilir. Mütləq mənada var olur. Mütləqə bərabər olur. Mütləq imkana yetir. Faciəsiz, ölümsüz həyata qovuşur. Ölümsüz olur. Demək, insan nisbidə təzahür edir, Mütləqdə özünə çatır, cismanidə təzahür edir, ruhanidə özünə çatır. Həyatda təzahür edir, Ali həyatda özünə çatır. Əsil yaşamaq – Ali həyat üşün yaşamaqdır.

Ali həyat bizim üçün Amaldır. Bütün ömrümüzün yönü, bütün ömrümüzün şirəsidir. Bəzən həyata da bac veririk. Ancaq əsas yer tutan, əsas can atdığımız Ali həyatın gözəlliyini topluma çatdırmaqdır. Bütün ideologiyaların mayasında belə şeylər olub. Komunistlər deyirdilər komunizm olacaq, maddi nemətlər bol olacaq. Sosial quruluşun amalı elə oydu. Maddi nemət sel kimi axanda millət can deyib can eşidəcək. Ali həyat deyəndə dostluq, gözəllik hamısı insanın həyatında öz təzahürünü tapır. Çox gözəl, özümün Məcnun səviyyəsində vurğunu olduğum bir haldır. Buna nə dərəcədə yetmişəm, yetməmişəm, mənim özüm üçün bəllidir. Mən yörəmə nisbətən ona daha çox yaxınam. Hətta çox məqamlarda mənimlə iç-içə olur. Mənim qovuşmaq istədiyim haldır. Ömrümün 62-ci ilinə yaxınlaşıram.

IMG_8890

Kamillik səviyyəm də elə Amallaşmam səviyyəsindədir. Çünkü bu təkcə bilmək deyildir ki, mən bunu bildim, bunun kamilliyə dəxli yoxdur. O qədər fəlsəfəni bilənlər var ki. Heç öz ömrünə şamil eləmir. Elə şəxslər var, muğamı elə gözəl oxuyur ki, səsiylə, səsinin ehtizazı ilə ətrafa işıq saça bilir. Ancaq dərinə gedəndə muğamdan xəbəri yoxdur.

Burda qonumuz var, toplum ağır dolanışığa görə qorxu içindədir. Toplum onu dəhşət sayır, ondan qorxur. Biz nə cür davranırıq? Evdən çıxanda da soru verirlər ki, gün-gündən dolanışıq çətinləşir. Fabrik və zavodların dayandığı çağ olub. Fəhlənin əli göydə qalmışdı. Bu durumda sarsılanlar oldu. Bizim kənddə bir cavan ailə başçısı özünü asdı, iki körpəsi qaldı. Onları dayıları himayəsinə aldı. O dayıları ilə mənim münasibətim vardı. Rəğbətçi idi. O adam körpələrə etki göstərdi. Onları halallığa, əməyə yönəltdi və indi də bəhrəsini görür. Onlar maddi sarıdan da korluq çəkmirlər, onlara atalıq, analıq etmiş adamlara qarşı da sayğılı, sevgili yanaşmaları var. Onların saflığı, mənəviyyata yönəlikli olması onları o durumdan çıxartdı. Ancaq zavod direktoru olan, yaxşı gəliri olan adamın övladları indi ondan-bundan pul dilənir.

Ayaz Şıxalıoğlu: Yoxsulluq ən böyük dərddir.

Günev Atalı: Bu kimi məsələlərə Ocağın yanaşması başqadır. Deyilən fikirlər həyata söykənir. Nəsiminin bir dərisi vardı, soydular. Nəsimi bədbəxt oldu? Yox, bu onun bədbəxtliyi deyildi. Nurtəkin bacım da dedi, maddi durum qalxacaq-enəcək, ancaq mənəviyyat yenəndə qalxmayacaq. Ona görə də dəyərlərimizi qorumaq gərəkdir. Türkün elə dövrləri olub ki, Hüseyn Nihal Atsızın yazısında vardı, heyvan sümüyünü un halına salıb yeyirdilər. Ancaq milliliyini, mənəviyyatını unutmayıblar. Düşərgələrdə, katorqalarda insanlar nə məşəqqətləri çəkiblər. Bu gün o məşəqqətlərin əlamətləri də yoxdur. Sadəcə olaraq çörək bir az azalır.

İsa Mehdioğlu: Oxuduğum bir yazı yadıma düşdü. Leninqrad blokadasında həddindən artıq aclıq olub. Ancaq hər gün radio danışırmış. İnsan nəyəsə ümidli idi. Bir gün radio susdu. Bir sutka bütün Leninqrad xalqı elə bil ölü oldu. Radio insanalara elə mənəvi zövq verirdi, ilham verirdi.

Soylu Atalı: Ayazın dediyi, bir var fərd, bir var cəmiyyət. Fərd cəmiyyətin firavanlığı üçün çalışandır. Ona görə də fərd özündən keçir, dərisi də soyulur ki, toplum adam kimi yaşasın. Çünkü hamı dərisini soydura bilmir, bu nadir keyfiyyətdir. Ayaz onu demək istəyir. Günevin dediyi isə ölçüdür. Əslində bir-birini inkar eləmir.

İsa müəllimin dediyi radio məsələsinin ümidi isə bir məqama bağlıdır. Konkret olaraq Böyük Vətən savaşı deyilən bir dönəmdə radio nikbinlik rolu oynayıb. Ancaq bilirsən ki, bu nikbinlik hardasa susacaq və sonu var. Bu nikbinlik doğru nikbinlik deyil. Bir yerə qədər insanı aldada bilərsən ki, qorxma yaxşı olacaq. Qırağa bağlıdır. İnsanın özünə bağlı deyil. Bir də var, Günevin dediyi ölçü. İnsan özündə mənəvi güc taparsa, ideallara üz tutarsa, onda insan bu fəlakətdən özü çıxacaq. İndi bu fəlakətlərdən insanın çıxması üçün dediyimiz şəxsiyyətlər gərəkdir. Çünkü ölçü həmin şəxsiyyətlərdir. O şəxsiyətlərin ömrü, varlığı həmin radio deyil. Radio onu ovundurur, Nəsimi isə ona örnək verir ki, mənə dayan, yeri, qalx. Mənə dayan, var ol, yaşa. Burda artıq ölçünün özü ortaya gəlir. Bu böyük və ciddi məsələdir.

İsa Mehdioğlu: Nəsimi elə soyulmasa Nəsimi olmazdı. Onun mənəviyyatı orda oldu. Əbədi oldu Nəsimi.

Günev Atalı: Soyulmağa səbəb olan hala görə Nəsimi oldu. Yoxsa başqa dərisi soyulanlar heç onun qədər tanınmadı ki. Səbəb var idi, Nəsimi nəyin üstündə soyuldu. İnsanlığı öldürənlərə ciddi təlimlə etiraz edirdi.

Sonra kənddə özümü də  misal çəkmişəm, ən az təmin olunan adamam. Bununla belə ailəm göz qabağındadır. Heç kəsə möhtac olmadan yaşayır. Üstəlik mən gedirəm, gəlirəm, xalq üçün, Atanın ideyalarını yaymaq üçün hərəkət edirəm – bunun da bir tərəfi maddiyayta söykənir. Üstəlik, Amal bağında Məbəd tikilir. Mənəviyyatım yerindədir. Mənəviyyatım Atanın, ideyaların istəyinə uyğun bir yol tapır. Bu da topluma etki göstərir.

Nurtəkin Atalı: Atanın bir sözü var: Halallıqdan usanmamaq, yoxsulluqdan utanmamaq. Yoxsul ona görə yoxsul olur ki, halaldır.

İsa Mehdioğlu: Mən razı deyiləm. Yoxsulluqla, mübarizə aparmaq gərəkdir.

Soylu Atalı: Biz ayrı cür deyirik. İnsan yoxsulluqla, yəni həyat uğrunda mübarizə apardığı üçün bu gündədir. Biz deyirik, mənəviyyat uğrunda mübarizə aparmaq gərəkdir ki, yoxsulluq aradan qalxsın. Çünkü mənəvi insan başqasının haqqını yemir. Həyat uğrunda mübarizə insanı heyvanat aləminə bağlayır. Çünkü heyvan da yalnız öz mövcudluğunu fikirləşir. Ancaq normal yaşam mənəviyyat uğrunda mübarizə tələb edir.

İsa Mehdioğlu: Mənəviyyatın özü də mübarizədir. Mənəviyyatlı olmaq, mənəviyyatı gəlişdirmək özü mübarizədir.

Soylu Atalı: Əsas mübarizə mənəviyyat uğrunda mübarizədir. Asif Atanın Ocağı ona görə yarandı ki, biz ruhaniyyat, mənəviyyat uğrunda mübarizə aparaq, bəşər özünə bənzəsin. Bəşər özünə bənzəyərsə, onda kapitalizm tüğyan eləməz. İnsan ac qalmaz. İnsanı ac saxlayan nədir? Birinin  başqasının əlindən qamarlaması. Bu da mənəviyyatsızlıqdan doğur.

Ayaz deyir ki, yoxsulluq bədbəxtçilikdir. Niyə bədbəxtçilik? Ona görə ki, Bəşər mənəviyyatdan keçir, insan yoxsul olur, ona görə bədbəxtdir. Ayaz cəmiyyətin bəlasını deyir, Günev isə ölçünü deyir. Ölçüdən çıxış edirik. Bunların olmaması üçün filan ölçü olmalıdır. Əslində biz onu deməliyik, olayları sadalamalı deyilik.

IMG_8904

Ayaz Şıxalıoğlu: Əgər insan içində gəzdirdiyi mənasına layiq deyilsə, onun yaşamağa haqqı yoxdur. Ona görə Nəsimi yarandı. Ona görə Asif Ata yarandı. İnsanı yaşadan ağrılardır.
89-cu ildə şeir yazmışam. Yerinə düşür deyirəm.

 Sinəmdə odlu bir ürək yaşayıb,
Hərdən xatirəsi düşür yadıma.
Mən niyə satıldım özüm özümə,
Mən niyə qəsd etdim öz həyatıma.
Bu həyat qorxulu yuxudur mənə,
Bu həyat ruhumu sıxdıqca sıxar,
Bakının dəlisov küləklərinə
Odur ki, bu qədər bənzəyişim var.
Qoy elə alçalım, qovrulum, yanım,
Adım çəkiləndə gülsünlər mənə.
Qoy elə sürünüm yollarda qalım
Bəlkə bu əzabla ruhum da sönə.
Bu yolun sonunu mən ki, bilirdim,
Endirdim başımı şərəfsiz kimi.
Bu alçaq həyatın ayağına mən
Bilmirəm, bilmirəm niyə gəlirdim.

 İnsanı yaşadan ağrılardır. Mən bir söz yazmışdım “Ağrılar Allahtək ölmür, qardaşım”. Ağrı öləndə vicdan ölür, bəşər ölür. İnsanı insan edən ağrıdır.

Soylu Atalı: İnsan bioloji varlıqdır, həm də ruhsal varlıqdır. Əsasən ruhsal varlıqdır. Ancaq bioloji olduğu üçün, fiziki varlıq olduğu üçün heyvaniliyə enir. Heyvana endiyi üçün daim insanın ağlını oyatmağa çalışırsan, düşüncəsini oyatmağa çalışırsan, beynini oyatmağa çalışırsan ki, sən ruhsal varlıqsan, heyvanat aləminin sakini deyilsən. Ruhsal dünyanın sakinisən. Toplumun özündən ayrılmasını, daim heyvana meyil etməsini görəndə, eşidəndə insanda ağrı əmələ gətirir. Rahatsızlıq əmələ gətirir. Niyə axı? Bu enməməlidir. Bioloji varlıq olduğu üşün enmə olanağı var. Ona görə qanan insanda da ağrı olanağı qalır. Ona görə ağrı həmişəlikdir. Bu olmasa ideala can atmaq olmaz.

IMG_8907

Ağşın Ağkəmərli: Hər şey üçün sağ olun. Söhbət o qədər maraqlı və cazibədar keçir ki. Mən Günevin bir fikrindən tuturam ki, hər bir şeyin təməlində ali və adi məsələsi durur. Adi və ali cəmiyyəti təşkil edən dövlətdən də asılıdır və öz varlığını tapır. Bunun əsas təməlində şəxs özü durur. İçində gedən döyüş özünü yaratmaqdan asılıdır. Mən uzun müddət materialist olmuşam. Ocaqla tanış olandan sonra idealizm düşüncəsi məndə oyanmağa başlayıb. Düzdür, Asif Atanın Mütləqçilik baxışı idealizmdən üstündür…

 Mən bu məsələnin daşını birdəfəlik atıb ayrılmışdım. Məsələnin təməlində ayrı-ayrı ictimai və sosial problemlər gəlirdi ki, ora biz o qədər enmirdik. Ancaq mənim ömrümdə heç vaxt utancverici məqam olmayıbdır…

 15 yaşlarımdan solçuluqla məşğul olmuşam. Günev qardaş da toxundu ki, sosializm ideyası, fantaziyası vardı ki, qurdla quzunun yanaşı yaşaması deyilirdi. Əslində bu materialist məfkurənin təməlində idealist bir məfkurə durmuşdu. Hamı varlanacaq, hər kəs istədiyi payını götürüb aparacaq, və b. k. Bunların təməlində maariflənmə durur…

Bu gün yüzünün də dərisi soyulsa, heç vaxt ona Nəsimi deməyəcəklər. Necə ki, Koroğludan sonra bəziləri öz atalarının gözünü çıxartdı ki, ona da Koroğlu desinlər, ancaq onlara korun oğlu dedilər. Günev də dedi ki, Nəsmidə olan düşüncə idi ki, onu Nəsimi elədi. Məncə soyulmasaydı da o elə Nəsimi idi.

Mən evdə, harda olsam, qonaqlar gələndə elə milli qonuda söhbətlər edirəm. Getdikcə bu İlkaya (həyat yoldaşına – N.A.) da etki göstərdi. İndi Güneydən qonaqlar gələndə o da eyni qonuda söhbətlər edir. Bu da məni sevindirir. Ona öncələr kitab oxutmaq olmurdu. Sonra təklif elədim ki, uşaqlarla mənə kitab oxusun. Fərman Kərimzadənin “Xudafərin körpüsü”ndən başlamışıq. Öncə israrla deyirdim ki, gətir oxu, indi heç demədən həvəslə gətirib bizə kitab oxuyur. Qonaq gələndə də heyfslənir ki, oxumadıq.

Din bizim ailədə rol oynamır. Ancaq toplumsal həyatda bəzi şeyləri yönləndirir. İlkayın atası sünnüdür. Bizə gələndə Şah İsmayıl haqqında bir söz deyərsə, İlkay ona Şah İsmayılı anladır. Bu bir şeyi göstərir ki, ali insan səviyyəsinə qalxmaq insanın istəyindən asılıdır. Bu gün Ocaq vasitəsilə düşüncə artır, bu cür ayrılmaz, bölünməz, tükənməz silahı biz hər yerdə işlətməliyik. Bəzən fikirləşirik ki, bizim sözümüz, söhbətimiz dörd divar arasında qalır. Ancaq elə deyil. Yeri gələndə özünü hər yerdə göstərir…

 IMG_8917

Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bugünkü Ailə Günümüz iki Ailənin Ailə Günüdür. Ailə Günündə deyilən söhbətləri bəzən uğurlu yöndə, yorucu olmadan, sözü səpələmədən, yayındırmadan polemikaya gətirmək olar. Bunu Qutsal Öyrənim günündə də eləmək olar. Ancaq Ocağın bütün tədbirlərində polemika olmur. Məsələn, bayramlarda polemikaya getmək doğru deyil. Bunu qatılımçılara xatırlatmaq olar ki, tədbirin yönü, yöntəmi necədir.

Ailə Günləri Ocaqçıların özləri üçün qaçılmazdır. Həmişə olmalıdır. Beyin yenilənməlidir, düşüncə, duyğu yenilənməlidir. Əhvallar ruhsal anlamda  gərginləşməlidir. Çünkü biz daim ayaqdayıq, tətikdəyik. Biz toplumda böyük dəyişikliklər yaratmaq üçün ortaya çıxmışıq. Biz günü yubatmaq, fota vermək üçün ortaya çıxmamışıq. Çağ bizim üçün ruhaniləşməlidir, bizim fiziki yorulmağımız hesabına başa gəlsə də.

İndi mən burada Ocağa gəlməyimin 25 illiyi ilə bağlı hesabat vermək istəyirəm. Dünən mənim Asif Ata Ocağına gəlməyimin 25 ili tamam oldu. Mən 25 il öncə Asif Atadan Evladlıq Nişanəsi almışam. Bütünlüklə ömrümün yönü dəyişib. Mən Asif Ataya qədər kim idim? Asif Atanı tapdım kim oldum? Asif Atanı tapmasaydım kim olardım? Bu mənim üçün daim düşüncə qonusu olub. Söz yox ki, burada geniş hesabat verməyəcəm. Əgər mən geniş hesabat versəm, onda hesabatım saatlara sığmaz. Ancaq bu gün açıq danışacam, təvazökar danımayacam. Çünkü mən Asif Atanın Ocağında olduqca zəngin yaşamışam. Onu mən ümumiləşdirmək istəyirəm. Hələ Asif Atanı ilk tanıdığımda, yəni öyrəncisi olduğum Azərbaycan İnşaat Mühəndisləri Universitetinin tələbə akt zalında görüşünə qatılanda çox şey mənə qaranlıq idi. O görüşün təşkilini onun yanındakı o çağkı Ocaqçılar həyata keçirirdi. Görüş 1990-cı il 20 yanvar qırğınından aşağı-yuxarı iki həftə sonra oldu. Asif Atanın o çağlar bizim oxulda görüş keçirməsinə ciddi şəkildə əngəl olmağa çalışırdılar. Hətta DTK-nın da xəbərdarlığı olmuşdu ki, Asif Ata orda görüş keçirməsin. Ancaq elə vaxt idi ki, onun qarşısını almaq çətin idi. Çünkü ölkədə hər şey nəzarətdən çıxmışdı. Asif Ata da ipə-sapa yatan adam deyildi və yasaqlara qulaq asan adam deyildi. Ona görə də görüş baş tutdu, keçirdi. O görüşdə ilk dəfə möhkəm silkələndim. Asif Ata mənim özümün xəbərim olmadan, özüm anlamadan varlığıma girdi. Belə girdi ki, ilk baxışda, ilk görüşdə mən Asif Atanı etiraf etmirdim, sanki qəbul etmirdim. Bir az da gənclik kallığı vardı. Bir az da gənclik duyğusunun bəslədiyi eqoizm vardı. Ona görə mən Asif Atanı üzdə sanki qəbul etməmişdim. Ancaq o mənim varlığıma girmişdi. Çox maraqlı bir məsələdir. İnsanın özünün xəbəri olmayan məqamlardan biri də budur. Bu da həmin yaranışa bağlı məsələdir. Üzdə Asif Atanı qəbul etməmişdim, ancaq Asif Ata girmişdi içimə.

O görüşdə 250-300 adamdan yeganə adam mən oldum ki, Asif Atanın yenidən fərdi görüşünə getdim. Getdim, görüşdüm. Bu görüşdə yenidən silkələndim. Bu görüşdə də mən bilmədim ki, o, mənim varlığıma girib bir addım da qabağa yeridi. Ancaq yeridi. O yeriməyi anlamasam da artıq məndə elə hal yaranmışdı ki, hər gün Asif Ataya can atırdım. Zəng edirdim, gəlmək istəyirəm, gəl deyirdi. Burda iki cəhət rol oynadı. Bir mənim şüurumun altında gedən proses, o proses oydu ki, mənim içimdə Asif Ataya yer varmış. Bir də üzdəki proses. Mən bir kənddən çıxan, elə bir kənd ki, bu kəndin bir yanı meşədir, bir yanı yarğandır, elə bir yerdən çıxmışam. Milli mədəniyyət görməmişəm. Dünyagörüşüm olmayıb. Qoyun-quzu otara-otara dərslərimi oxumuşam. Təbii ki, fizikanı, riyaziyyatı oxumaqla dünyəvi biliklərə yetmək olmur.

IMG_8915

Bu iki məsələdən ikincisi şöhrət duyğusu idi – mən gör kiminlə üz-üzə otururam. Hələ bilmirəm bu kimdir. O, dünyaca məşhurdur, deyil. Onu qəbul edirlər, ya eləmirlər. Sadəcə bu Asif Atadır və bunu mənim gözümün qabağında 300 adam dinlədi. Deməli, bu böyük şəxsiyyətdir. Belə bir şöhrət də məni cəlb edirdi. İki məsələ – şüurumun altında gedən – mənim içimdə Asif Ataya yer var, bir də üzdə, elə məsələ ki, məndə topluma xas olan şöhrət məsələsi. Beləliklə, mən yavaş-yavaş Asif Atayla, duyurdum ki, iç-içə gəlirəm. Günlərin bir günü ki, mən onun Ocağına qəbul oldum, yəni 25 il öncə, dünənki gün, belə qəbul oldum ki, ilin axırı idi, 90-ın axırı, baxmayaraq ki, 10-11 ay Asif Atanın yanına gedib-gəlmişdim, ancaq onun Ocaqçısı olmamışdım. Ortada bir neçə ay gedib gələndən sonra Asif Ata bunu özü istədi. Ancaq sonra Asif Ata gördü ki, mən ona heç bir anlamda hazır deyiləm. Görün necə aşağı dünyagörüşdə olmuşam ki, ən elementar bir şeyi yazıb Asif Ataya suna bilmədim. Mən ona bir rica yaza bilmədim. Ərizə yazmışdım, ərizəmin də yönü bəlli deyildi, nə istəyirəm, niyə istəyirəm, Asif Ata kim idi, bilmirdim. Asif Atanı Ocaq sədri kimi görürdüm, anlayırdım. Ona görə Asif Ata mənim xətrimə dəymədən, dayandırdı. Gördü ki, hazır deyiləm. Bu dayanma bir neçə ay da davam elədi. Ocağa hazır olmaq o demək deyil, kamil, yetkin olmalısan ki, Ocağa gələsən. Ən primitiv şeylərə hazır deyildim. Erol bəlkə də hazırdır, mən hazır deyildim. Sonra getdikcə anladım ki, Asif Atanın istəyi nədir. Günlərin bir günü ricamı yazdım, mənə kömək elədi onun Ocaqçıları. Ocağa qəbul oldum. Asif Atanın Ocağına qəbul olunduğum çağlardan başladım onun görüşlərini təşkil eləməyə, hətta gəzintisini təşkil elədim, ki, oturaq həyat keçirir, fiziksəl sağlamlığı qorunsun.

Borçalıya apardım, 10-11 görüş keçirdik. Mənim Ocağa gəlməyimin Ocaq üçün önəmli bir cəhəti vardı. “Dəli vurub çayı keçdi” məsələsi. Həqiqətən də məndə elə əhval vardı. Dəli əhvalı vardı. Mən ağıllı biri olmamışam. Bu da mənim xeyrimə oldu, köməyimə yetdi. Ağıllı düşünür, addımı dala qoyur nədəsə. Məndə çəkinmək yox idi, çünkü çəkinməli məsələni dərindən anlamırdım.

 Asif Ataya görüş təşkil edirdim. O vaxt keçid aşaması idi, yeni fikrə, düşüncəyə ehtiyac vardı. Ona görə görüşlər asanlıqla alınırdı. O görüşləri mən bir kimsə ilə oturub söhbət edərək təşkil eləməmişdim. Getmişəm, məsələn, Arıxlı kəndinə, girmişəm çayçıya. Hesablaşmıram ki, olar, ya olmaz. Özü də çayçıda xəbərdarlıq edirəm, sanki hamı mənə borcludur. Deyirəm ki, bu afişanı şüşəyə vururam, olar olmaz soruşmadan, baxın ha, bunu cırıb atmaq olmaz. Hamı da təəccüblə baxır. Kim nə bilir ki. Heç mən özüm bilmirəm ki, ağıl işlətmirəm, başqası nə bilir ağıl işlədirəm, işlətmirəm. Hamısı o çağın keçid aşamasının içində baş verirdi. Bunu mən elədim, yapışdırdım. Hamı oxudu ki, filan çağda Arıxlı kəndində görüş var. Harda olacaq? – Mədəniyyət klubunda. Mədəniyyət klubunun yiyəsiylə də danışmamışam. Getmişəm məktəbə, afişanı yapışdırmışam, ancaq məktəbin direktoru ilə danışmamışam. Sadəcə gedib afişaları vurub xəbərdarlıq edirdim ki, buna dəyməyin. Elə təşkil eləmişdim. Mənim təşkilatçılığıma Ocaqçılar qəhrəmanlıq kimi baxırdılar, mən də bundan feyziyab olurdum. Halbuki orda heç bir qəhrəmanlıq-filan yox idi. Sadəcə bir gəncin dəlisovluğu var idi. Beləcə bu görüşləri keçirdik, alındı. Atanı aparırdım, xüsusi qarşılayırdılar, Atanın hər yerdə öyrəncisi olub axı. Atanın görüşlərinin keçirilməsinin başlıca nədənlərindən biri də Atanın özünün şəxsiyyəti idi. Çünkü dediyim kimi, onun öyrənciləri hər yerdə vardı. Orda mənim zəhmətim – maşın təşkil etmək, Atanı aparıb-gətirmək, Atanın qulluğunda durmaq idi. Hamı baxır ki, bu bir cavan oğlan Ataya necə qulluq edir. Nə prezidentə elə qulluq var, nə nazirə, elə bir əhval. Evimizdə də elə hal yaratmışdım. Sanki mənim ailəm, atam, anam, elim, obam, kəndim Asif Ataya borcludur. Elə bir istəklə görüşlər keçirdik.

Azərbaycanın başqa bölgələrində də görüşlər keçirdik. Gəncədə də görüşlər keçirdik. Orda görüşə mane oldular, bura İmam Hüseynin şəhəridir – filan. Yenə mən orda ağıl işlətmirdim. Cavandım, mənəmliyim də vardı. Etiraz edib səhnəyə çıxan adamı tutub tolazladım səhnədən aşağı ki, Asif Ataya yanaşmaq olmaz. Bax, bu mənim ağıl işlətmədən hərəkətlərim idi. Mən ağıl yiyəsi olsaydım onu edə bilərdimmi, yəqin ki, eləyə bilməzdim.

Sonra Asif Atanın evində cangüdənlik halı yaratdım. Atanın özünə bu gərək deyildi. Yenə də nəzərə almırdım ki, Ocaqçının vaxtı olmalıdır ki, bir tikə çörəyinin dalınca getsin, belə bir dəlisovluq. Heç nəyi hesablamırdım. Mənə dəxli yoxdur… Qəribədir ki, o xarakter mənim xeyrimə olub. Asif Atanın evində gecələmələr olurdu. Bəzən görürsən bir adam gəlib qala bilmir, vaxtı yoxdur, ailəsinin yanındadır. Hamı mənim  kimi dəli deyil ki. Körpə uşaqlarım böyüyürdü kirayələrdə, bəzən durumlarından xəbərim olmurdu. Anası da təcrübəsiz bir kəndçi qızı. Belə bir durum yaranmışdı.

   Mən Ocağa gəldiyim gündən Atanın ölümünə qədər onun məişətini yaratmışdım. Hər işi özüm görürdüm. Həm dövlət işində işləyirdim, həm Uluyol Ailəsinin təmsilçisiydim, həm görüşlər təşkil edirdim, həm Asif Atanı gəzintiyə aparırdım, bunları bacarırdım.

Günlərin bir günü biri qapını döydü ki, Asif Ata uşağın üstünə səs qaldırıb. Məni də içəri itələdi. Dəlisovluğuma gətirirəm faktı. Mən dalı-dalı getdim, kürəyim Asif Ataya dəydi. Atanı otağa keçirdim, qapını örtdüm. Yenə də gənclik dəlisovluğu, kürəyimi divara dirəyib ayağımla o gələnin sinəsindən necə vurdumsa, düz çölə süzdü. Bundan da ilhamlandım, üstünə cumdum. Səni asaram, kəsərəm, bura girmək üçün 40-50 meyitin üstündən keçmək gərəkdir. Baxın, mənim Ocaqçılığım belə bir dəlisovluqla başlayıb.

Asif Ata ağır sətəlcəm oldu, ölümün ağzından qaytardıq. Baxmayaraq ki, o qalıqlar qaldı, sonra hipertoniyaya çevrildi. Ağır yükün altında olan adam idi. Ağır fikrin, ağır düşüncənin. Xəstəlikdən 4 il sonra öldü. Ancaq o məqamda da ölə bilərdi. Mən onun evində reanimasiya şəraiti yaratmışdım. 14 gün evimə gedə bilmədim. Uşaqlar, ailəm nə yeyir-içir xəbərim olmadı. Keçmiş Ocaqçılardan birini göndərirdim ki, get gör neynirlər. Ailə də gənc, kirayədə qalırdı. İşdən bülletenə çıxmışdım. 14 gün Asif Atanın evindən qırağa çıxmadım. Addım-addım sağaltdım, diriltdim. Həkimi evə çağırırdım, yoxlayırdı, müalicəsini yazırdı, iynəsini də özüm vururdum.

Asif Atanın Ocağında dərin ağıl işlətmirdim, ancaq fədakarlığım bütöv idi. Özünü yaratmanın ilk rüşeyməri görünməyə başlamışdı.

Asif Atanı işdən çıxartmışdıq, məişəti üçün pul yox idi, daş karxanasına gedirdim ki, Ataya pul verə bilim. Ata hətta bir gün ac qaldı.

IMG_8916

Karxanadan qayıdanda, keçmiş amaldaşımın biriylə getmişdim, pulumu bölmüşdüm. O pulun çox hissəsinimi Asif Ataya verim, az hissəsinimi – içimdə döyüş gedirdi. Yazmışam bunları “İnam sorağında” kitabımda: nə qədər ki, adamın əlində bir şey yoxdur, hər şey verir, mən onu belə edərəm, elə edərəm. Pulu olanda eləmir. Olmayanda deyir eləyərəm. O, insanın olanağında olan eləmək istəyinin görüntüsüdür. Ancaq ona əngəl olan nəsnələr var insanın içində. Həmin adi həyat. Belə-belə içimdə şüuraltı mübarizə gedirdi. Bunu edim, bu Asif Atadır.

Bəzən deyirdim ki, bu Asif Ata deyəsən heç nəyi nəzərə almır. Axı mən karxanadan gəlmişəm, yuxusuzam, çoxlu iş tapşırırdı, oğul, bunu da elə, onu da elə. Sadalamaq istəmirəm o məqamları. Sonra özüm kövrəlmişəm, duyğusallığa qapılmışam. Elə bilirdim Asif Ata yazıqdır. Asif Ata yazıq deyildi, xoşbəxt idi. Mən yazıqlayıb deyirdim ki, hər kəs ona yaxa vermir, bir daşı ordan götürüb bura qoysun deyə. Mən yaxamı vermişəm, mən də belə. Əlbəttə, Ata bilir ki, mənə zəhmət verir. Ancaq neyləsin. Əlinə bir yaxa keçib, mütləq bunu axıra qədər sürüməlidir. Həmin əhvalı mən Asif Atadan sonra Ocağının içində özüm də bilmədən eləmişəm. Nurtəkini, Göylünü sürümüşəm sanki. Fikirləşməmişəm bunlar məsum qız uşaqlarıdır, olarmı, olmazmı, yazıqdı. Mən fikirləşmirdim ki, bu məsum gəncdir, qırıla bilər. Qırılsa belə, mən tək gedəcəm. Belə bir inad da vardı, gedəcəm.

Asif Ata öləndən sonra tamam havada qalmışdım. Ağıl dərin deyildi, düşüncə dərin deyildi, onun Ocağı da sadə bir proses deyil. Bu ideyaları həyata keçir, anla, anlat, yaşat qurumunu. Bu ağlım o vaxt olsaydı, bəlkə də geri durardım. Qorxumdan geri durardım, inanmazdım ki, mən bunu edə bilərəm.

Asif Ata öləndən sonra ilk çağlarda tələskənliyim vardı. İndi də ara-sıra nələrdəsə tələskənliyim var. Biz onda bölündük, ayrıldıq, bəlli olayları mən sizə sadalamyacam. 14-15 Ocaqçı qaldıq. Bunlarla çox doğma davranırdım, ancaq yükləyirdim. Hər şeyi öz arşınımla ölçürdüm. Hər kəsə öz arşınımla yanaşırdım.

Mənim indi sizə dediklərim qüsurlardır. Ancaq maraqlıdır ki, bu qüsurlar Ocağın yaşamasına nədən olub. O vaxtlar fərqinə varmırdım. O çağlar filan şey olmaldır, ancaq necə olsun, pul gərəkdir. Bir az öz maaşımdan, bir az Günevin yaxasından tuturdum. O çağlar da çətin idi, ailəsinə bir tikə orda-burda işləyib çörək qazanırdı. Ancaq Günev də yox demirdi. Mən də anlamırdım ki, bu yox demir, sənin özün anlamalısan axı. Belə bir yanaşma yaranmışdı məndə. Sonra yavaş-yavaş çətinliklər başladı, tənhalaşdım. Qaldım 3 qızla, Ucatayla. Onu da sonra Ocaqdan çıxartdım…

Həm həmin dəlisovluqla gedirdim, həm də düşünməyə başlayırdım. Elə məqamlar olub ki, xoflanmışam. Mən hansı yükün altına girmişəm. Boyumdan qat-qat yüksək iddialıydım. Aşama-aşama anladım ki, olanaqlarım iddialarımdan qat-qat aşağıdır. Elə məqamlar olub ki, qeyrət məni boğub, dayanmaq olmaz. Bəzən də gərginlik, çətinlik, tənhalıq içimdə qorxu yaradıb. Bu məsum Ocaqçıları ki, incidirdim, yəni çox yükləməklə. Ağladığım vaxtlar olub. Ataya üz tuturdum ağlayanda. Ata, sənin Ocağında məsum, zərif insanlara zəhmət verirəm ki, sənin işini qabağa aparım. Elə xitab edirdim, ürəyimi boşaldırdım.

O çağlarda tükənməz enerji ilə davranırdım. Nə qədər görüşlər keçirirdim. İki gün gündüz, iki gün gecə işləyirdim. Gecə növbələrindən çıxıb birbaşa gedirdim oxullarda görüş keçirməyə. Elə gün olurdu ki, 3 oxulda görüş keçirirdim. Bəzən görüşlərin biri ən azı 3 saat çəkirdi. Mən bilirdim, danışdıqlarım mənə qulaq asanlar üçün yenidir. Ancaq danışdıqlarım mənim öz səviyyəm üçün, Ocaqçılıq üçün az idi. Buna baxmayaraq, getdikcə yetkinləşirdim, sözüm yaranırdı, ən əsası qələmim yaranırdı. Yatsam yuxuma gəlməzdi ki, nə vaxtsa mən yazı yazacam. Bu gün əminəm ki, yazarlığım ciddidir. Üslubum da alınıb.

 Atanı oxuyurdum, bir fikrini götürrüb yazırdım. O dəftərlərim hələ durur. Özümün xoşuma gəlirdi, mənə elə gəlirdi ki, nəsə alınır. Bu gün bu ağılla oxuyanda görürəm ki, bəsitdir. Yazırdım, yazırdım, belə-belə mənim yazarlığım alındı. Onu da bilə-bilə eləmədim. Kor-koranə. Beləliklə, gəlib belə bir aşamaya çatdım. Ancaq hələ aşılası zirvələr qabaqdadır. Hələ bu zirvələri fiziki ömrümdə aşıb başa çatacam, ya çatmayacam, bəlli deyil. Mənə elə gəlir ki, çatmayacam. Çünkü hədəflərimiz o qədər geniş, qapsamalıdır ki, onları aşıb qurtarmaq olmur. Asif Ata öz hədəflərini – öz ideyalarını, dünyabaxışını verdi, ancaq bu ideyaların yaşaması, yaşadılması, genişləndirilməsi üçün atılacaq addımları çox idi, ona da fiziki ömrü yar olmadı. Mən də elə, məndən sonra bir Amaldaşım da elə. Bu bir əbədi yoldur, prosesdir. Bu gediləcək. Bunu aparan aparacaq, gücü çatan aparacaq. Mən gəlib elə bir aşamaya çatdım ki, artıq Asif Atanın yükünün altında tab gətirə bilərəm. Tab gətirdim və ağlımı, düşüncəmi Asif Atanın istəklərinə uyğun qurmağa başladım. Ömrümü Asif Atanın istəklərinə uyğun qurmağa başladım. Ən önəmlisi ağlıma çatdı ki, mən özgələrlə döyüşməli deyiləm. Fərdlərin bir-biriylə döyüşü var. O döyüş də bilirsniz nədən doğur? Ancaq mən özümlə daha çox döyüşdüm. Asif Atanın özüylədöyş ideyasını, mənə elə gəlir ki, doğrulda bildim.

Atadan sonra da öyrətmənlərim oldu, çox böyük mütaliə yolu keçdim. Dəhşətli dərəcədə ac idim. Oxumaqdan usanmırdım, doymurdum. Bir çox böyük ədəbiyyatları oxudum. Hər dəfə də oxumağın mənə çox böyük xeyri oldu. Ən böyük etkisi o oldu ki, iddialarım boyumdan aşağı endi. İndi də hesab edirəm ki, istər mənəvi boyum, istər fəlsəfi boyum, iddialarımdan hündürdədir. Çağ var idi ki, tərsinə idi. Öyrənmələrim mənə bir şey dedi ki, olduğum yerdə dayanmağa ixtiyarım yoxdur. Həqiqətən o səs mənim içimdə indi də deyir ki, hələ azsan. Hələ artmalısan, hələ getməlisən, ona görə dayanmıram. Nə yaxşı ki, o səs mənim içimdə var. Əgər mənim içimdə o səs olmasaydı, bir növ dayana bilərdim. Sizlərin də tanıdığınız bəzi yazarlar, sənət adamları, şairlər niyə tükənirlər? Onlar elə bilirlər ki, yetib qurtarıblar. Onlar özlərini aldadırlar ki, yetiblər. Onların içində o səs demir ki, sənin içində yetdiyin azdır. Onunla yetərlənir və tükənir, qurtarır. Bunu da mən Asif Atadan, Tolstoydan öyrəndim. Asif Atadan sonra öyrətmənim Tolstoy oldu. Bir öyrətmənim də saz oldu. Ən gərgin çağımda sazı dinləyirəm, kövrəlirəm, ağlayıram, həm də güclənirəm.

Beləliklə, bu yolda yürüyə-yürüyə Asif Atanın dərin, həryönlü arxivini yaratdıq Amaldaşlarımla bir yerdə. Onlara da, sizin qarşınızda, hər birinə dərin təşəkkürümü bildirirəm. Öz sevgimi bildirirəm ki, heç vaxt mənim bir sözümü iki eləmədilər. Heç vaxt dönüb demədilər ki, Soylu bunu düz demir. Hətta Soylu düz eləməyəndə belə demədilər ki, Soylu düz eləməyib. Soylu düz deməyəndə belə demədilər ki, Soylu düz deməyib. Bu, onların qutsallığıdır. Bu onların böyüklüyüdür ki, öz ürəklərinin, ağıllarının ixtiyarını Soyluya verə bildilər. Bu cür aşamaları aşa-aşa gəlib bu günə çatmağımda Asif Atanın öyrətmənliyinin, şəxsiyyətinin böyük rolu oldu. Mənə bir zəmin olaraq, bir dayaq olaraq, olanaq olaraq Amaldaşlarımın da çox böyük rolu oldu. Onlar bu dərəcədə Ataya, Ocağa, mənə bağlı olmasaydılar, mən Asif Atanın Ocağını yaşadacaq səviyyəyə gəlib çıxa bilməzdim. Ona görə Asif Atanın Ocağına bağlandığım 25 ildə dönüb həyatıma baxsam görərəm ki, Amaldaşlarımın mənim ömrümdə, varlığımda qatqısı özümün qatqımla tamamilə təndir. Az deyil, təndir. Bu baxımdan onlara Asif Atanın verdiyi adın halal olmasını diləyirəm. Asif Ata şəxsiyyətinin onlara verdiyi mənəvi arılığın, mənəvi varlığın, mənəvi sevincin, fərəhin halal olmasını diləyirəm. Hesab edirəm ki, bu, tarixdə çox böyük bir aşama oldu. Azərbaycan xalqının içində Asif Ata varlığını qorumaq, yaşatmaq indiki çağda olduqca çətin məsələdir. Bu çətinliyi barmaq sayda məsum, fiziki cəhətdən zəif, maddi cəhətdən yoxsul insanlar necə böyük şövqlə, ləyaqətlə qoruyub saxladılar. Bunu yazmışam. Demişəm də, fikirləşəndə görürəm ki, mənim Amaldaşlarım məndən daha arıdırlar, daha qutsaldırlar. Mən özümü götürürəm. Mən Asif Ataya yaxa verdim. Asif Ata şəxsiyyət idi. Məndə şəst olub, mənəmlik olub, iddiaçılıq olub. Bununla belə, onlar yaxalarını mənə verə bildilər. Məni eşidə bildilər. Eşitdikləri üçün onlar, doğrudan da, qutsaldırlar.

Bu gün Asif Atanın adı, peyğəmbərliyinin sorağı, bitiklərinin sorağı Azərbaycandan qırağa çıxıb. Bunu kim eləyib? Qıraqdan baxanın ağlına sığmaz ki, bunu yoxsul, məsum insanlar edib. Bayaq Günevin ölçü kimi vurğuladığı nə idi? Həmin məsələ ki, onların pulu yox, maddi gücü yox. O, qadirlikdən çıxış edir, səhv də eləmir. Yaşadıqları qadirlikdən, ölçüdən, bunlar ona haqq edirlər. Onlar onu yaşayıblar, təsdiqləyiblər, sübuta yetiriblər. Bu da Asif Ata Ocağının toplumda yaranmasını, genişlənməsini saxladı, bu hal bu gün də davam edir. Bizdən sonra necə olacaq? Olacaq, olmayacaq, mən buna inansam da, onun qəti təsdiqini deyə bilmərəm. Ancaq olmasa belə, bu insanlar əllərindən gələni ediblər, xalqın içində örnək yaradıblar. Bu günün özündə belə, bütün insanların gözündə Azərbaycanın kiçik göründüyü bir vaxtda, Azərbaycan xalqı, bir qom insanın qəlbində, düşüncəsində ən yüksək mərtəbədə dayanıb. Sevgisinin ən yüksək mərtəbəsində dayanıb. Azərbaycana üzümü tutub deyirəm: sənin içində fədakarlıq var. Səni özünə bənzətməyə çalışan hünərlər var. Bu sübuta yetdi. Ona görə Atamızın qarşısında Ocağın ləyaqətini vurğu edirəm. Əslində mən hesabatımı həm Ataya, həm sizə sunuram. Üzümü Ataya tuturam. Deyirəm ki, sənin bizim üzərimizdə çəkdiyin zəhmət boşuna getməyib. Sənin bizim üzərimizdə qoyduğun əmək bizə halal olsun ki, biz də sənin işini yaşadaq, gələcəyə aparaq. Sözümü bitirirəm. Bir daha çox böyük şövqlə, təvazökarlıqla, sadəliklə Atamıza səcdə qılıram və onun buna haqq etməsini mütləq bir əminliklə vurğu edirəm ki, Asif Ata ancaq  və ancaq yaşadılmağa və səcdəyə layiqdir. Çünkü onu bu xalq verib. Çünkü o ömrünü bu xalqa verib.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.

 

Sərt Ayı, 37-ci il. Atakənd.

(dekabr, 2015. Bakı.)

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir