Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağının Ailələrindən birinin – “Atagün” Ailəsinin VIII Aylıq Mərasimi Ata Ayının 26-da həyata keçirildi.
Tədbirin Kuralları icra olunduqdan sonra Ailənin Yükümlüsü Günev Atalı aylıq hesabatını verdi: “Amallaşmağa məqsədli olaraq vaxt ayırdım və “I Yan Bitiq”dən yüz səhifə oxuyub düşünmüşəm. Bu kitabda mənim Ocağa gəldiyim vaxtdan əvvəlləri əhatə eləyən hadisələr ruhani sənədlərlə öz əksini tapıb. Ocağa ilk gələnlərin böyük həvəslə, maraqla Ata ətrafında fəaliyyət göstərmələri bu gün adamda təəssüf hissi doğurur. Çünki onlardan demək olar heç kim qalmayıb. Sakit, ağrısız, izsiz, soraqsız Atanı, Ocağı tərk ediblər.
Əlbəttə, Atanın çətin dövrləri idi. Ocağın biçimini yaratmaq, bayrağı ərsəyə gətirmək, Evladları böyütmək, mərasimlərin nizama düşməsi Atanın məndən öncəki ruhani işi haqqında məndə geniş, dolğun təsəvvür yarandı. Ona görə düşündüm ki, Ocaq ədəbiyyatını davamlı oxumaq lazımdır…
Özüylədöyüş əməlimdən də qıraqda qalmamışam ötən günlər ərzində. Özümü içdən çox araşdırıram, özəllikcə axşamlar özümlə tək qalanda. Kiməm, hardayam, nə iş görürəm. Hər zaman dediyim kimi, hələ də mən sinirlərimə tam hakim ola bilmirəm. Xalqlaşmada nə qədər müdrik davrana bilsəm də, özümüzdə, evimizdə özümdən çıxdığım, gərginləşdiyim hallar məni üzür. Bu da evdə məişət qayğıları ilə bağlı fikir ayrılıqlarımızda özünü göstərir. Mən evimin içindən Ocaq üçün daha böyük fədakarlıqlar umuram. Bəzən biganəlik də görürəm. Bu isə ağrıdır məni. Hansısa şairi hökmdar daş-qalaq etdirir. Hər kəs əlinə yekə bir daş alıb şairə çırpır. O bu zərbələrə səsini çıxarmadan dözür. Daş-qalaq edənlərin içərisində şairin dostu da olur. O da ondan şübhələnməsinlər deyə, yerdən balaca bir kəsək götürüb şairə çırpır. Bu zaman şair fəryad qoparır. Şah bunun səbəbiylə maraqlananda belə cavab alır: dost kəsəyi düşmən daşından pis ağrıtdığını bilmirsənmi?!
Bax, bilmədən, istəmədən evimdə belə ağrıdan məqamlara dözmürəm.
Xalqlaşma işlərimdə də irəliləyişlər var. ancaq bu uğurlar mənim cəhdlərimdə özünü göstərir. Hələ ki, aralarında ruhani iş apardığım adamlar həvəs, maraq səviyyəsindən yüksəyə qalxmırlar. Yurdumuzun, ulusumuzun düşdüyü fəlakətləri, bunlardan çıxmaq üçün gərəkən addımları deyirəm, izah edirəm. heyranlıqla dinləyirlər, ancaq özlərinə inam hissi olduqca aşağı səviyyədə olduğuna görə ayrılandan sonra soyuyurlar, qapılırlar bəsit məişətçilik qayğılarına. Həvəsdən düşmürəm, görünür xalqın içində çox işləmək lazımdır.
Bu yaxınlarda Elxas yaxın qohumu ilə gəlmişdi. Hal-əhvaldan sonra Amalımızın məzmunu yönündə söhbətə başladım. Oğlan heyranlıqla dinləyirdi, hətta ayrı-ayrı ədəbiyyatlar da apardı. Yaxın kəndlərin birində Nadir adlı şəxslə görüşə getmişdim. Dinlədikcə özümü xoşbəxt hiss edirəm dedi. Milli-insani söhbətlərim onu öz gerçək halından uzaqlaşdıra bilmişdi. Ocaq ədəbiyyatları verdim.
Bir nəfər Niyaməddin adlı rəğbətçimiz var. Onu yenidən tərpətmək, düşüncələrini təzələməkdən ötrü vədələşib görüşdüm. Amma gördüm ki, rəğbətçiliyindən ehtiyatlanır. Əvvəlki coşğun əhvalı səngimiş, heyranlığı azalmışdır. Qorxur, çəkinir. Qəribədir, milli düşünməkdən insani yaşamaqdan çəkinmək nə deməkdir?!
Rayon mərkəzində Şakir adlı bir nəfərlə görüşdüm. Onda Ocağa yönəlik maraq yaradandan sonra “Ruhani Evladlıq” Özəl BUraxılışı verdim. Ünvanımı bildirdim, telefon nömrəmi verdim və “Ailə Günü” tədbirimizə dəvət elədim.
Bu gün köhnə tanışım İlham və Niyaməddinlə görüşdüm. İlham Təbrizdən yenicə qayıdıb. İslamın ordakı insanları necə amansız günə qoymasından danışdı. Dinlədim və bildirdim ki, mübarizə apartmaq gərəkdir. Bu cür əlimizdə dərin İdeya, qayda, ənənə var. bu söhbətdə xeyli adam iştirak edirdi. Onları içdən tərpədə bildim. Təbrizə dəvət elədim…
Bu ay Məbədin tikintisində də irəliləyiş etməyə vaxt tapa bildim. Həm də vaxtımın bir hissəsi yaşadığımız evin uçuğunu, söküyünü düzəltməyə həsr olundu.
Sonra, Şərqilik Bayramımızda bir məqamı bölüşmək istəyirəm: Məncə tədbirin sonunda süfrəmiz bir az aşırı olur. Sabah tədbirə yüz adam qatılsa, süfrə fədakar Amaldaşlarımızın diqqətini daha çox ala bilər. ona görə yüngülcə çay süfrəsi yetərlidir bəlkə. İkinci bir məsələ, Ocağımızın Yükümlüsü tədbirimizə qatılan bir xanımın bəzi öyrətmək meylinə elə bil bir az kəskin reaksiya verdi. Qalan məsələlər məzmunlu və dəyərli idi. Bira az cəsarətli davranmağımı qardaşım yəqin qəbul edər. Bununla sözümü bitirirəm. Atamız var olsun!”
Göylü: “Hər dəfə olduğu kimi bu dəfə də “Atagün Eli”nə səfərim özümə bayram ovqatı bağışlayır. Bunun bir səbəbi amaldaşlarımın artan ruhani cazibəsi və yaratdıqları doğma Ocaq mühitidirsə, başqa bir səbəbi, ötən dəfə dediyim kimi, Atanın Amalını yaşatmaq, işini genişləndirməkdir. Soylu demiş, burada yaşanan çətinliklər insani varolmanın yaradılmasından dolayı yaranır, – istər qıraqdan gələn münasibət, istər içəridən gələn qayğılar. Ocaq ciddi ruhani tələblər çıxarır qarşımıza. Bu tələblər ödənəndə çətinliklər yaşamaq qaçılmazdır. Məgər cismani həyatını yaşayanlar qayğısız və xoşbəxtmi yaşayırlar?! Ona görə də ruhani uğurlarımızla yanaşı ayrı-ayrı istisnaları da Anlamaq olar”.
Soylu Atalı: “Ata Ayının 26-da “Atagün”ün tədbirində söz deməzdən öncə Ataya səcdə qılıb Bayrağımızı öpürəm.
Yeri gəlmişkən, biz İnam Ocağıyıq. Özümüzə deyə bildiyimiz hər bir uğuru, uğursuzluğu, artımı, qüsuru hər yerdə ruhani səmmimiyyətlə deməyi bacarmalıyıq. Biz görüntü yaratmaqla özümüzə diqqət yönəldə bilmərik. Bugünkü həyatda, cəmiyyətdə məşhurlaşmaq arzusu bizim ürəyimizdən keçə bilməz, qıraqdan keçməlidir. Biz Amalımıza uyğun yaşayırıq. Özümüzün insane olduğumuzu dərk eləmək və İnsanlığı dünyada, yaşamda bərqərar eləmək istəyirik. Ona görə də hansısa çatışmazlıqlarla gizlənmək, hansısa yalançı təbliğatla işimizi uğurlu göstərmək, etkimizi şişirtmək gücsüzlük və səmimiyyətsizlik demək olar. Bizim fərqimiz ondadır ki, özümüzü aldatmırıq.
Mən ciddi amallaşıram. Hər şeyi əsaslı düşünürəm. Hər kəsin əzbərlədiyi bir söz var: “Çörçil deyir ki, demokratiyadan eybəcər şey yoxdur. Ancaq nə etmək olar ki, bəçşəriyyət hələ b undan yaxşısını deyə bilməyib”. Ancaq biz Asif Atanın yeni sivilizasiya yaratdığını elan edirik – İnamlaşma, İnsanlaşma sivilizasiyası. Ona görə cəsarətlə deyirəm ki, Çörçilin sözü mənə çox əcayib görünür. Necə yəni bundan yaxşısı yoxdur?! Yoxdur, yarat! Tarixin ağzına niyə tamaşa eləyirsən, hər şey bütün imkanlar tükəndi?! Həm pozucu siyasətlə xalqların dəyər yaradıcılığının qarşısını kəsirlər, həm də deyirlərbundan yaxşı nəsə deyilməyib. Niyə başını işlətmirsən, niyə axtarmırsan, niyə yaratmırsan? Hamı elə bu sözü təkrarlayıb arxayınlaşmalıdır? Bax, ona görə də qürurla elan edirik ki, Asif Ata yeni quruluş yaradıb – yeni ictimai-iqtisadi formasiya deyirlər, quruluş deyəndə bu məsələni nəzərdə tuturuq. Bu quruluşun yönətim kuralları var, ideyası, nizamı, yönü var. bunun sabahı var. mən çox inanıram. əgər inanmasaydım, Nişanəni qoyardım stolun üstünə və çıxıb gedərdim başqa işin dalınca. Bu gün dinlərin tərbiyə verdiyi cəmiyyət bizim sözümüzə qulağının arxasını çevirisə, o demək deyil ki, beynimiz, qəlbimiz bu ideyalardan soyumalıdır. Quruluşu ruhani inad yetirir.
Özüylədöyüş məsələsiylə bağlı bir-iki məqama toxunmaq istəyirəm. ümumiyyətlə, yaşamaq özü çox çətindir. Onun çətinliyini adamlar məişət problemlərinə bağlayırlar. Çörəyin az olması, qazancın çətin olması yaşamağın çətinliyi kimi qəbul edilir və giley bu durumdan dolayı yaranır. Ancaq mən yaşamağın çətinliyini heç vaxt məişət qayğılarımla ölçməmişəm. yaşamağın çətinliyi öz məsələsidir, özü olmağa bağlıdır. İnsan mürəkkəb aqibət yaşayır. Bax, bu qəədr adiliklərdən, keçiciliklərdən çıxırsan, artırsan, böyüyürsən, amma günlərin birində içində bir çolaq baş qaldırır. Ona görə də ən çətin gedişatda belə, özünə hakim olmağı tam, hərtərəfli yetirmək gərəkdir. Başqa cür gələcək nəsillərə örnək vermək mümkün deyil. Necə ciddi məsələdir.
Mən bu yaxın günlərdə içimin iki sorunu (problem) ilə üzləşmişəm. heç vaxt ağlıma gəlməzdi ki, mənim hardasa yalan işlətməyim ola bilər… İş yerimdə işlər qaydasında getdiyində yaradıcılıqla da məşğul oluram. Bir dəfə ciddi qeydlər aparırdım. Bizim sahənin böyüyü işlə bağlı mənimlə bir məsələni də dəqiqləşdirmək istədi. Mən onu y0ola vermək üçün məsələni yoxladığımı dedim, düşüncələrimdən ayrılmaq istəmədim. Sonra fikirləşəndə bu yalanıma görə utandım. Gedib üzr istədim ki, özüm də bilmədən sənin mənə olan inamından, etibarından istifadə edib durumu yola vermişəm. özümdən acığım gəldi. Axı Ocaq ona görə yaranıb ki, insanlararası münasibətlərdə yalan aradan getsin. Məndə də yalan qalacaqsa, bəs onda yaradıcılığım, düşündüklərim nə iş görəcək, kimə lazımdır bunlar?! Gözləmədiyim bir şey olduğuna görə doğrusu sarsıldım. Gərək özünü ciddi öyrənəsən.
Bir neçə kəlmə də xalqlaşma məsələsi ilə bağlı deyim. Mənim fərdi görüşlərim, söhbətlərim çox olur. Artıq Ocaq ölçüsü ayrı-ayrı fərdlərə uğurla daxil olur. Artıq gərəkli örnəklər var. Mənim vasitəmlə Ocağa üz tutanlarda ruhani məktəb öyrənciliyi səviyyəsi yetirirəm. Gücümüzdən artıq işlər görürük. Bəzən əl telefonuma zəng edib dini, siyasi məsələlərlə bağlı suallar verirlər. Bildirirlər ki, ayrı-ayrı adamlarla söhbətlər aparırlar və qarşıya çıxan suallara məndən cavablar istəyirlər. Biz də belə şeydən yorulmuruq. Yorulmazlığımız ruhani varolmağımıza bağlıdır”.
Elana Atalı: “Mən sizin kimi Atanın fəlsəfəsinə daxil ola bilmirəm. Ancaq bilirəm ki, Ata öz İnamını, fəlsəfəsini həvəs üstə yaratmayıb. Mənim idrakım zəif olsa da fəhmim zəif deyil. Atanın birinci dəfə Beyləqana gəlişindən bu vaxta qədər bir dəfə də olsun, fikirləşmədim ki, Atanın dediyi azdır, zəifdir. Hətta ən çətin vaxtlarınızda belə, ağlıma başqa fakir gəlməyib. Nə qədər çətin günlər yaşadıq, özümüzü qohumların basqısına, köntöylüyünə qarşı qoyduq. Atadan əl çəkmədik. Mənim Ocaqçı adını almağım gec olsa da, 23 ildir Günevin çiyindaşıyam.
Mənim balalarım Ocağı sevsələr də Ocaqçı, yəni Evlad deyillər. İstəyərdim olsunlar. Ancaq nəvələrimin Ocaqçı olmalarını indi daha çox arzulayıram. Bəyəm Ocaqçılıq adama zərər verir?! İnsanlaşmaq pis şeydir?!
Mən Ocaqçılığın bütün tələblərini bacarmıram. Amma ürəyimlə, sizə olan sevgimlə yaşayıram və dayaq oluram. Atamız var olsun!”
Tədbirin “Müqəddəs Oxu” hissəsində Atanın ayrı-ayrı fikirləri şərh edildi.
Sonra son tədbirlərimizin görüntü disqləri, “Ulufərəh” Ailəsinin “Ailə Kİtabı” “Atagün” Ailəsinə hədiyyə edildi.
“Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsi ilə mərasim başa çatdı.
Bundan sonra Atanın İlk Sonevi ziyarət olundu, gül çiçək qoyulub ruhani söz söylənildi.
Ata Ayı, 34 il. Atakənd.