Köçəri Ayının (fevral) 10-u Azərbaycanın tarixi faciələrindən biri olan Türkmənçay müqaviləsinin növbəti ildönümüdür. Məsələnin aktuallığını nəzərə alıb, “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında aşağıdakı yazını dərc edirik. (arxivdən)
Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Giriş olaraq bildirmək istəyirəm ki, qarşıdan “Türkmənçay müqaviləsi”nin 182-ci ildönümü gəlir. Biz üç nəfər ziyalı – Abil Ulusoy, əslən Təbrizli Ağşın Ağkəmərli və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Azərbaycanın köklü problemlərini geniş xalq kütləsinə çatdırmağa çalışacağıq. Bunun üçün məsələyə kifayət qədər açıq münasibətlər ortaya qoymağa cəhd edəcəyik. Və bu münasibətlər Azərbaycan mətbuatında çap olunmaqla yanaşı, Güney Azərbaycanda yayılmalı, lap elə Türkiyədəki dostlarımız vasitəsiylə orda da bu tip məsələlərə diqqəti cəlb eləməyə çalışacağıq. Nəzərdə tuturuq ki, Almaniyadakı Ocaqçılarımız vasitəsiylə, Rusiyadakı pərəstişkarlarımız vasitəsiylə köklü problemlərimiz bilinməli və bizli-bizsiz öyrənilməlidir. Geniş, ciddi maarifçilik işi qurulmalıdır, məktəb halında formalaşmalıdır. Başqa yöndən maarifçilik işi görənlərin uğurları danılmadan bu işdə sistemli şəkildə ardıcıllıq yaranmalıdır. Güney Azərbaycanda hər nəsildən bir baş qaldıran azadlıq istəkləri inqilabi xarakter alır, ancaq bizim – bir millət olaraq istəklərimiz sonucda uğursuzluğa düşür və başqa qüvvələrin istəkləri təmin olunur. Səbəb də odur ki, bizim soydaşlarımız istəklərinin əlindən tutub ayağa dururlar. Təkcə istəklər isə azdır. İctimai, mənəvi, siyasi yetkinlik mərhələsi keçərək ümumxalq hərəkatı yetirilmir. Beləliklə, az sayda fəal, təpərli insanlarımız sıradan çıxarılır, məhv edilir, həyatımızda məğlubiyyətlər zənciri əmələ gəlir. Bu səbəbdən də hesab edirik ki, maarifçiliyin ilk mərhələsi milli fəlakətlərimizi düzgün dəyərləndirməkdən və bundan dərs götürməkdən, öyrətməkdən ibarət olmalıdır. Maarifçilik işi partiya məqsədlərindən kənarda qurulmalıdır, Avropalaşma-qloballaşma meyillərindən kənarda qurulmalıdır, demokratik təsisatların mücərrəd beynəlmiləlçilik gedişlərindən qaynaqlanan fraqmentlərlə yüklənməməlidir. Qəti şəkildə milli ideya quruculuğu həyata keçirilməlidir – şüarçılıqdan uzaq, özünüifadə xatirinə şöhrətpərəstlik meyillərindən uzaq, mənəvi, idraki yetkinlik səviyyəsində özünü həsr eləməklə.
Abil Ulusoy: Bütün bu fikirlərin sonradan bir kitabça halında hazırlanmasını istəyərdim. Bunun Azərbaycanda yayılmasını necəsə təmin eləyə bilərik. Bəlkə sabah ən ucqar bölgəmizdən qabağa duran olacaq və o, bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə eləyə biləcək, bir hünər ortaya qoyacaq. Biz buradan əsasən Güney’ə səslənirik. Toxunmaq istədiyimiz məsələlərə onların diqqətini yönəltmək üçün uzlaşdırılmış addımlar atılacaq. Gərək olanda mövzulardan bir balaca kənara da çıxacağıq. Yəni burada Borçalı ilə bağlı, eləcə də Dəmirqapı ilə bağlı söhbətlər gedəcək, Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan məsələləri də dilə gətiriləcək. Yəni Azərbaycana bir tam, bir bütöv kimi baxacağıq. Ancaq xüsusi çəki Güney üzərində olacaqdır. Əsas ağırlıq mərkəzi “Güney”dir. Azərbaycanla bağlı bütün məsələləri əhatə eləyən söhbətlər olacaq. Ancaq Soylu bəyin dediyi kimi, bu məsələlərin qoyuluşu bir söhbətə sığmayacaq, daha çox görüşlərimiz olmalıdır. Və bütün bu söhbətləri ümumiləşdirib kitabça halına gətirə bilərik ki, bunun da yayılmasını təmin eləyərik. Mən Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını bir çox ali təhsil müəssisələrində və digər fərqli ünvanlarda yaymışam, hətta onların elektron biçimlərinin beynəlxalq mübadiləyə girməsinə nail olmuşam. Bunlar özləri də işin yayıcılığına xidmət edirlər. Nəyə görə də ümumAzərbaycan məsələlərində daha çox yayıcılar cəlb olunmamalıdırlar?!
Soylu Atalı: Kitab təşəbbüsü yaxşı məsələdir. Məncə bu kitab belə bir məzmun daşımalıdır: “Azərbaycanın köklü məsələlərinin öyrənilməsi, təhlili və həlli yönündən maarifçiliyin yeni mərhələsi”.
İndi qayıdaq “Türkmənçay müqaviləsi” məsələsinə. Hesab eləyirəm ki, bu məsələnin tarixi baxımdan bəlli olan detallarına yön almayaq. Tamamilə məsələnin məzmununa daxil olmaq lazımdır. Nə baş verdi, niyə baş verdi, bundan biz çıxa bilərikmi?! İlk öncə qardaşımız Ağşın Ağkəmərlini dinləyək. Ağşın Ağkəmərlinin indiyə qədər də özünəməxsus işləri olub, onu tanıyırlar. Gəlin görək qoyulan məsələlərə yeni Dünyabaxışdan daxil olmaq mümkündürmü?! Ağşın bəyin Ocağımızla dostluq əlaqələri artıq bir neçə ildir ki, davam edir. Bu əlaqələrin arxasında milli dünyagörüş dayanır. Məncə bu gün prinsipial məsələləri maarifçilik xəttinə çıxarmaqla əlaqələrimizin yeni mərhələsinə başlayırıq. Çünki Ağşın bəy təsadüfən ortaya çıxmış birisi deyil, Güney Azərbaycana bağlı olaraq sözü və işi olan ziyalıdır. Ona görə həm də işin içində olduğu üçün buyursun, fikirlərini bölüşsün.
Ağşın Ağkəmərli: Belə bir işi nizama salmaq ürəyimcədir. Düşünürəm ki, çaşqınlıqların qarşısının alınmasında bu işimiz töhvə verəcəkdir. Məsələyə gəlincə, sizin dediyiniz kimi, ümumi bilgiləri təkrar eləmək istəmirəm. Ancaq ilk olaraq bildirmək istəyirəm ki, Türkmənçay Təbrizdən 125 km aralıda Miyana içində və Xal-xal dağlarına gedən bir yolda yerləşən kənddir. Bu müqavilə orada bağlanıbdır. Və o kəndin içində müqavilə bağlanan otaq bu gün də olduğu kimi qorunub saxlanır.
Mən burada bir məsələyə toxunmaq istəyirəm. Türkmənçay müqaviləsi ani olaraq, o məqamda yaranan bir hadisə deyil. Bunun kökü çox dərinə və qədimə gedib dayanır. Bizim fərqinə varmadığımız bir məsələ var ki, düşmən bizi bizdən qat-qat yaxşı tanıyır. Bizim kimliyimizi, qüdrətimizi özümüzdən çox yaxşı bilir. Və bilir ki, bu milləti birləşdirən bir amil ortaya çıxarsa, onun qarşısını heç nəylə almaq olmaz. Ona görə bizim millətimizi nəzarətdə saxlamaq üçün böyük güc ortaya qoyurlar, böyük sərmayə sərf edirlər, necə deyərlər, varlıqlarını ortaya qoyurlar. Əgər bizi ayrı-ayrı qollara parçalaya biliblərsə və biz də bu parçalamaya inanmışıq, boyun əymişiksə, ona tabe olmuşuqsa da, buna baxmayaraq, düşmən bizə parçalar şəklində deyil, bir bütöv şəklində yanaşır xarakterik olaraq. Bütövlükdə Türk Dünyasını bir vahid kimi götürürlər, özbəyi tatardan, tatarı türkməndən və s. ayırmırlar və götürdükləri ssenari türk millətini qollara ayırdı. Eyni zamanda Türkmənçay müqaviləsi Atillaların qorxusundan yarandı. Təkrar türk milləti bir araya gəlməsin, Avropanı təhlükəyə salmasın, qorxuya salmasın, Avropanın dinc yuxusuna haram qatmağa qalxmasın. Ona görədir ki, Türkmənçay müqaviləsi ortaya çıxdı. Və sonradan da biz bilirik ki, “türkmənçaylar” ortaya çıxdı. Söhbət nədən gedir?! Məncə bütün diqqət ona yönəlməlidir ki, hansı yolla “Türkmənçay”ın yaxud “türkmənçaylar”ın qarşısı alınmalıdır. Bir baxımdan baxanda biz həm tələsmişik, bir baxımdan baxanda da çox gecikmişik. Tələsdiyimiz bu olub ki, tarix boyu çox ideolojiliklər ortaya qoymuşuq, amma bu ideologiyalardan düzgün faydalanıb istifadə eləyə bilməmişik. Özgəsi bu ideolojilikləri götürüb bəhrələnib. Bizim səpələdiyimiz, itirdiyimiz ideyaları yığıb, toparlayıb özlərinə bir ideologiya yaradıblar. Həmin ideologiyanın sayəsində bizi hədələyirlər, parçalayırlar. Və eyni halda dediyim kimi, ortaya qoyduğumuz ideyaların kökü çox qədimə bağlıdır. Vəli, ancaq biz hər hərəkatda müəyyən hissələri itirə-itirə gəlmişik. Belə olubdur ki, məsələn, Xürrəmilər ideyası ortaya gəldi, bunların heç birindən olduğu kimi faydalana bilmədik. Burada bir məsələyə də toxunmaq istəyərdim ki, bizim ideyalarımızı yox eləyən ən çox eşikdən deyil, içəridəki əllərlə olubdur. Bu gün hal-hazırda əgər Güney Azərbaycanda türkə qarşı hansısa bir təşkilat hərəkət edirsə, onun başında duran bir türkdür. Bu gün Amerikada İrançılıq təpkisi altında aparılan beş televiziya kanalının birincisi və ya bir neçəsi Təbrizlinindir. Bizim işimiz iki yöndə müəyyənləşməlidir. Həm içəridəki cəbhəmiz, həm də eşikdəki cəbhəmiz təhlil olunmalıdır. Ona qarşı millətimizi yetişdirmək lazımdır. Eyni zamanda xaricdən də müəyyən xətərlərin, basqıların, təsirlərin qarşısını almaq üçün ondan da müəyyən təhlillərimiz olmalıdır.
Soylu Atalı: Biz söhbətimizi aparıcısız aparırıq. Ona görə söhbətlərimiz bir-biri ilə uzlaşsın deyə, müəyyən müdaxilələr olanda xahiş edirəm nəzərə alaq. Üçümüzün fikirləri bir sistem təşkil etsin deyə, istəyərdim ki, Abil bəy toxunduğumuz məsələ ilə bağlı müəyyən bir bilgi versin.
Abil Ulusoy: Ümumiyyətlə, söhbət çox geniş məsələləri əhatə elədiyi üçün doğrudan da geniş kütləyə təqdim olunan bu söz ölçülüb-biçilir. Hələlik məsələlərə ümumi toxunaq. Sonra ayrı-ayrı altını cızacağımız detalların üzərində dayanarıq. Bilirsiniz ki, Güney Azərbaycan heç vaxt dinc dayanmayıb. 20-ci yüzildə 4 dəfə inqilab həyata keçirib.
Ağşın Ağkəmərli: Hər nəsildən bir baş verib bu inqilablar.
Abil Ulusoy: Bəli, dünyanın heç bir yerində belə bir şey olmayıb.
Soylu Atalı: Ona görə Quzey Azərbaycanda durub demək ki, əşi, Güney Azərbaycan daim əsarətdədir, – bu fikir Güneydə hər hansı bir işin getmədiyi anlamına gəlməməlidir.
Abil Ulusoy: Bəli, Güney Azərbaycanda gedən işlər ona görə də qürurvericidir…
Ağşın Ağkəmərli: Həm də üzücüdür…
Abil Ulusoy: Mən məsələnin o tərəfinə də toxunacam. Ona görə qürurvericidir ki, Güney Azərbaycanlılar dünyada azadlıq uğrunda mübarizənin örnəyini ortaya qoydular. Öz haqları uğrunda dönmədən mübarizəyə qalxırlar. Dünyanın heç bir ölkəsində belə bir nümunəyə rast gəlməmişik. Ancaq burada təəssüfləndirici məqam da var. Azadlıq uğrunda mübarizəyə qalxdıq, məğlub olduq. Hansı nəticəni çıxardıq, dərs götürdükmü?! Çox keçmədi, ikinci dəfə ayağa durduq. Səttarxanla Xiyabani mübarizələrinin arasındakı məsafə çox qısa bir məsafədir. Əzilmiş, tapdalanmış bir millət qısa zamanda özünə gələ bildi. Sənin içində azadlıq istəyi nə qədər böyükdür ki, əziləsən, ancaq sınmayasan, yenidən ayağa qalxasan. Xiyabanidən sonra yenə qısa müddət ərzində Pişəvəri başladı, Milli Hökumət quruldu, ancaq bir-birinin ardınca məğlub oldu. Və bunun özünün də səbəbləri yetərincə araşdırılmadı çox təəssüf ki. Və sonra 79-cu ildə İran-İslam inqilabı ki, bu da Təbriz üsyanından başladı. İranın bu günə gəlib çıxmasında yenə də müstəsna rol Güney Azərbaycanın üzərinə düşdü. Yəni hər bir şey Güney Azərbaycandan başladı və Azərbaycan heç nə əldə eləmədi. Deməli, buradan çıxarılmalı ibrət dərsləri var… Biz məsələnin həlli yollarına da ciddi baxmalıyıq – hansı məsələ birinci qoyulmalıdır, hansı məsələ ikinci qoyulmalıdır. Soylu bəy bayaq çox düzgün dedi ki, bizim buradan Güneyə üz tutmağımız maarifçilik xarakteri daşıyır. Güneyə birinci bu lazımdır. Amma bu maarifçiliyin özündə ideya başlıca rol oynayır.
Soylu Atalı: Məsələnin çıxış yoluna tərəf istənilən ideya ilə yön almaq mümkün deyil…
Abil Ulusoy: Bəli. İkinci bir məsələ dünyanın Milli Azadlıq Hərəkatlarına münasibəti necədir?! Robinzon Kruzo kimi bir adada təkcə yaşamırıq. Özümüz istəyirik, amma həm də ətraf dünya var. Dünyanın Güney Azərbaycana münasibəti, dünyanın türkə münasibəti… Dünyanın siyasi sistemində milli azadlıq mübarizələrinə münasibət çox mənfidir. Bu gün dünyanın siyasi cəhətdən aparıcı dövləti sayılan Amerikanın özü kifayət qədər bölücülüyə meyillidir. Buna baxmayaraq İranda da bölücülük məsələsinin baş tutmasında maraqlıdırmı?! Maraqlı deyil, niyə?! Əvvəla, onu demək istəyirəm ki, bəzi Güneyli soydaşlarımızla ünsiyyətdən də bəlli olur ki, Qərbə meyil, demokratiya vədlərinə uymaq, oradan imdad gözləmək halı var. Guya Amerika gəlib İranla mübarizə edəcək və bizimkilər də bundan yararlanacaq. Ancaq bizə görə Güneyin azadlığı məsələsi tamamilə ayrıca qoyulmalıdır. Kimin kimlə savaşı onların istəkləridir – nələr eləyəcəklər özləri üçün. Pişəvəri hərəkatı vaxtı da Qərbin – Amerikanın, İngiltərənin oynadığı rol kifayət qədər ortadadır. O dövrün şahidlərindən bu gün yaşayanlar da var. Hərbi müşavirlərin işə qarışması, silahla kömək, pulla kömək və Güney Azərbaycanın milli Hökumətinin devrilməsini yetirdilər. Dünyada soyuq müharibə deyilən bir şey əslində Güney Azərbaycandan başladı. II Dünya Savaşından əvvəl soyuq müharibə deyilən bir anlayış heç yox idi. Soyuq müharibənin bütün atributları Güney Azərbaycanın üzərində gəldi çıxdı ortaya. Qərb-Sovet münasibətləri soyuq müharibənin ilk rüşeymlərini o vaxt gətirib qoydu ortalığa.
Bir də məsələyə dövlətçilik baxımından yanaşırıq. Asif Ata deyir ki, “dövləti olmayan xalq yetim xalqdır”. Bu kontekstdən bir maraqlı məsələyə aydınlıq gətirmək yerinə düşərdi. Çox təəssüf ki, Güneylilərin də dilindən səsləndirilən bir məsələ müəyyən bir çaşqınlıq yaradır. Məsələn, Səfəvilər dövləti, Əfşarlar dövləti, Qacarlar dövləti. Əslində İran adlanan 1,6 mln kv.km coğrafi bir ərazi var. Həmin ərazidə İranın dövlət halına gəlməsindən 1925-ci ilə qədər – Qacarlar dövlətinin süqutuna qədər orada əsasən türk dövlətləri olubdu. Sasaniləri çıxmaq şərti ilə hamısı türk dövlətləridir.
Ağşın Ağkəmərli: Min il…
Abil Ulusoy: Bəli, min il. İranın çoxəsrlik həyatında dövlətçilik ənənəsini türklər qoyublar. İranı siyasi bir sistem kimi saxlayan, onu parçalanmaqdan qoruyan türk idi. Yəni türkün bu coğrafi ərazidə yaratdıqlarının adı İranın idi, quruculuğu yox. Yəni demək istəyirəm ki, İranda yaranan türk dövlətçilik ənənəsini bir tayfanın adıyla bağlamaq doğru deyil. Yəni Qacarlar dövləti bir tayfanın qurduğu deyildi, türk dövləti idi və s. İdarəçilikdə ayrı-ayrı farslar da var idi. Ola bilər ki, tək-tək ərəblər də olsun, kürdlər də olsun. Amma dövlətçiliyi yaradan, dövlətçiliyi qoruyan və idarə eləyən türk əməyi və hökmü idi. 1925-ci ildə ki, Qacarların hakimiyyəti süquta uğradı, hakimiyyət keçdi farsların əlinə. Və onlar da məsələyə artıq özlərininki kimi yanaşmağa başladılar.
Soylu Atalı: Mən istəyərdim bu məsələnin üzərində bir balaca vurğu eləyək. Dövlətin adının tayfalara bağlanmasını xatırlatmaq yaxşı bir siqnaldır. İntəhası bir var bizim arzularımız, bir də var gerçəklik. Bax, bu gün qardaşımız bizim arzularımızdan çıxış eləyir. Əslində bundan sonra Güney Azərbaycanda nə baş verəcəksə, məhz bizim bu istəklərimiz yönündən baş verməlidir ki, nəhayət Azərbaycada yaranan dövlət vahid bir türk dövləti anlamında olsun, qəti olaraq hansısa bir tayfanın dövləti anlamında olmasın.
Mən yenidən mövzunu “Türkmənçay müqaviləsi”nin üzərinə qaytarmaq istəyirəm. Asif Atanın bildiyiniz kimi “Azərbaycanımız – Azərbaycanlığımız” adı altında ümumAzərbaycan ruhunu ifadə eləyən bir dəyər sistemi var. Bu dəyər sistemində O, Azərbaycanın bütöv mahiyyətini ortaya qoymuşdur. Bu mahiyyəti Azərbaycanın fərəhli bir aqibəti sayır, varlığının qarantı sayır, tarixinin özülü sayır. Və bu özül üzərində hansı Azərbaycanı qurmaq olarsa, onu düşünür, onu axtarır, onu təklif edir, onu təqdim edir. Asif Ata Azərbaycanın yaratdıqlarını, qurduqlarını böyük bir sevgi ilə fəlsəfi bir sistem halında ortaya qoymaqdan başqa onun müsibətlərini, fəlakətlərini də açıq şəkildə ortaya qoyub, təhlil eləyib. Və istəyir ki, Azərbaycanlılar, türk insanları həmin fəlakətlərin özünü də ciddi araşdırsınlar, öyrənsinlər və dərs götürsünlər. O fəlakətləri sayarkən, məsələn, Midiyanın süqutu (Asif Ata oradan başlayır fəlakətlərimizi təhlil eləməyə), Babəkin qətli (çünki Babəkin qətli əslində Azərbaycanın yadlığa faciəvi şəkildə yenilməsi ilə nəticələndi), sonra Çaldıran fəlakəti və s. nəhayət, gəlib “Türkmənçay müqaviləsi”nin üzərinə çıxır.
Mən bu gün elə hesab edirəm ki, Türkmənçay müqaviləsi bizim tarixi fəlakətlərimizin ən zor olanıdır. Niyə, çünki Azərbaycan bölündü, parçalandı. “Türkmənçay müqaviləsi”nə qədər də Azərbaycanın bölünmüşlüyü olub – tayfalar səviyyəsində. Ancaq bu dərəcədə qəddar möhür vurulmayıb Azərbaycanın aqibətinə. Yəni “Türkmənçay müqaviləsi” Azərbaycanı təkcə coğrafi dağıntılara deyil, yüzillərdir davam eləyən assimilyasiya zülmünə məruz qoydu. Bu müqavilənin baş verməsiylə nələr itirmədik biz. Milli-mənəvi dəyərlər aradan getdi; dövlətçilik ənənəmiz sarsıldı; Millətin ruhani varlığının, ruhani vəhdətinin əsası sarsıdıldı; millət tamamilə öz gözündən düşdü – özünə yadlaşma başladı. Bizim taleyimizi həll eləmək o qədər asanlaşdırıldı ki, bircə nəfərimizi də saya salıb müqavilə prosesinə yaxın buraxmadılar. Təsəvvür edin ki, bu bölgədən sonra İranda ardıcıl türk millətini inkar təbliğatı quruldu. Bu da ondan ibarət idi ki, burada türk-filan yaşamayıb. Azərbaycan elə farsdır, onun dili sonradan türkləşib. Azərbaycanın mədəniyyəti fars deməkdir. Ona görə Azərbaycan ağlını başına yığıb öz farslığına qayıtmalıdır.
Asif Ata görüşlərinin birində bu məsələləri çox həyəcanlı şəkildə vurğulayırdı. Bilirsiniz ki, farsçılığın bugünkü gücü də, strukturlarını qoruma mexanizmi də İslamdır. Onun başında duranlar da məhz həmin təbliğata uyub farslaşan türklərdir. Beləliklə, fars rejimi ruhsuzlaşdırdığı mollabaşıları bütövlükdə Güney Azərbaycan türklərinə nümunə göstərir. Heç bir məktəb, təhsil görməyən sadə soydaşlarımızı aldadaraq, dəhşətli bir assimilyasiya işi həyata keçirirlər. Gəlin “özünüzə qayıdın” – farslaşın – Xomneyiləşin, Zəncaniləşin. O Zəncani ki, Zəncanın ali dini rəhbəri sayılır. İndi onu ortaya atıblar və onun vasitəsilə İranı yalançı müsəlman haqqının qorunmasında borclu saymaqla Hərəkatın fəallarına “avans” vermək həvəsinə düşüblər. Guya onlar o qədər humanistdilər ki, heç yerdə müsəlmanın haqqına biganə deyillər. Ancaq məlum deyil ki, bu müsəlman deyilənin haqqı nə deməkdir, müsəlmana etiqad haqqı tanımaqla Güney Azərbaycan türkünün azadlıq haqqı niyə eyniləşdirilir?! Bilirsinizmi, bu cür oyunlar əslində assimilyasiya gedişlərini qorumaq üçündür. Bizim soydaşlarımız belə şeylərə uymağa meyilli olmamalıdırlar. Zəncanilər demirlər ki, Güney Azərbaycan türklərinin bir millət olaraq itirdikləri nədən ibarətdir?! “Müsəlman haqqı” deyilən nə varsa, hamısı həmin o farslaşdırma təbliğatının tərkib hissəsidir. Hətta bu təbliğat Azərbaycan Elmlər Akademiyasının içinə qədər soxula bilib. Yazılar dərc olunur, jurnallar buraxılır, saytlar işlədirlər və s. Xalqın ruhunu tamamilə sarsıtmaq, xalqı tamamilə özünə yadlaşdırmaq prosesi gedir. Bax, bu prosesin içərisində Güney Azərbaycanda olan insanlarımız, demək olar ki, çox az sayda qüvvələrlə ayağa dururlar. Mən qınamıram. Bizim haqqımız yoxdu onları qınamağa. Yenə bizim özümüzü məsuliyyətdən qıraqda saxlayıb bir paramızı qınamağımız doğru olmazdı. Bayaq biz deyirik ki, orada böyük qəhrəmanlıqlar olub, əsrdə bir neçə dəfə inqilablar törəyib. Söz yox ki, biz dərinə gedəcəyik, ayrı-ayrı detallara varanda. Biz inqilabçılığın tərəfdarı deyilik, biz intibahçılığı təqdim edirik. Ancaq türk millətinin azadlığı uğrunda gərək olarsa, o inqilaba yenə getmək olar. Ancaq buna biz idraki səviyyədə hazırlaşmalıyıq. Yəni ideya əsasında, yəni ideologiya əsasında düşünüb getmək olar ki, yeni məğlubiyyətlər baş verməsin. Biz gərəksiz qurbanlar verməkdən təngə gəlmişik, biz qırğınlara getməkdən üzülmüşük. Ona görə nəticəsiz qırğınlara getməməliyik. Bizim bugünkü çağırışlarımız da ondan ötəridir ki, məğlubiyyət saçan qırğınların qarşısını alaq. Ona görə biz deyirik ki, Güney Azərbaycanda olan insanlarımız ki, az sayda ayağa dururlar (30–35 mln. sayın qarşılığında), əlbəttə, qələbə gözləmək çətindir. Az sayda fəallarımız qabağa dururlar, azadlıq istəyirlər. Ancaq kimdən istəyirlər, kim verməlidir o azadlığı?! Axı bütün kütlə fəaliyyətə qoşulmur, istək ümumxalq hərəkatı səviyyəsinə qalxmır, ona görə də bizi boğurlar, susdururlar. Və biz yenidən bir nəsil gözləməli oluruq. Yeni dönəm gözləməli oluruq ki, yeni enerji ilə azadlıq istəyək. Bax, bu problemləri önləmək üçün, bu gedişlərin qarşısını almaq üçün Güney Azərbaycanın, – təkcə Güney Azərbaycanınmı, həm də Quzey Azərbaycanın maarifçiliyə böyük ehtiyacı var. Biz elə Güney, Güney deyirik, guya Quzeyin aqibəti Güneyin aqibətindən lap yaxşıdır. Əslində deyil. Burada dövlətimiz yarandı. Bu dövlət bizim gözümüzün işığı qədər bizə əzizdir. Biz dövlətçilik məsələsinə qarşı hədsiz dərəcədə həssasıq, onun üzərində əsirik. Lakin bu dövlət bizim səadətimizi (millət olaraq) gələcəyə aparan bir bütövdürmü, gücdürmü?! Nə qədər ki, Güneyimiz yoxdur, onun taleyinə biganəlik var, burdakı balaca bir gücümüzlə bu dövlətimizi əlimizdə saxlaya biləcəyikmi, qoruya biləcəyikmi?! Açıq demək lazımdır, hər tərəfdən canavar kimi ağzını açıb üstümüzə gələnlər var. Bu gün Quzey Azərbaycan üçün Güney sanki yoxdur. Bu tay üçün də maarifçilik ona görə lazımdır ki, bunun üçün o, onun üçün bu olsun. Ağıllarda aqibət birliyimizin gələcəyi öz biçimini tapsın. Necə sən burada müstəqilsən, azad yaşayırsan ki, sənin qan qardaşların orada zindanlara atılır, qətlə yetirilir, olmazın məhrumiyyətlərə düçar olur. Ona görə də ümumAzərbaycan ruhunun birliyi ağıllara elə işləməlidir, düşüncələr elə böyüməlidir ki, sabah Güneylə Quzeyi qarşı-qarşıya qoymasınlar, onları bir-biriylə döyüşdürməsinlər. Sabah həqiqətən də azğın güclər içəridən bizi elə yeni fəlakətlərə sürüyə bilərlər ki, bir daha ayağa dura bilməyimiz çətin olar. Sabah İran-İslam rejiminin əsarətindən qurtaran bir toplumu Qərbçiliyin caynağında hərcayiləşdirilən o biri hissə ilə döyüşdürə bilərlər. Ona görə səbrlə və səylə çox idraklı şəkildə xalqın içəridən dəyişilməsi həyata keçirilməlidir. Bilirsinizmi, maarifçilik özümləşmə istiqamətində o taylı-bu taylı getməlidir. Və böyük bir ümumAzərbaycan Hərəkatına gəlib çıxmalıyıq biz. ÜmumAzərbaycan Azadlıq Hərəkatının içərisinə başqa şeylər gəlib qarışmamalıdır. Demokratik azadlıqlar qarışmamalıdır, “söz azadlığı” oyunları, hansı ki, onun arxasında Qərb durur, onun arxasında Avropa durur. Öz mənafeləri üçün durur. Və ortaya atılan bu istəklər (dönə-dönə biz vurğulamışıq) onların mənafelərini doğruldanda qüvvəli görünür, gərəkli görünür, daha doğrusu, göstərilir.
Onun ümumAzərbaycan səviyyəsində bir adı var – Azadlıq. Deməli, bu məsələnin ümumAzərbaycan səviyyəsinə qalxması yönündən mövzunu istəyərdim Ağşın bəy davam eləsin. (davamı var)