Xəbərlər

Azərbaycanın bölünmüşlüyünün ildönümü – Türkmənçay müqaviləsi (II hissə)

 Köçəri Ayının (fevral) 10-u Azərbaycanın tarixi faciələrindən biri olan Türkmənçay müqaviləsinin növbəti ildönümüdür. Məsələnin aktuallığını nəzərə alıb, “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında aşağıdakı yazını dərc edirik. (arxivdən)
Ağşın Ağkəmərli: İstəklərimiz, söhbətlərimiz üst-üstə düşür, bir-birinə yaxındır. Abil bəyin dediyi bəzi məqamlar var idi. Mən bu məqamlara toxunmaq istəyirəm. Məsələn, 20-ci əsrin əvvəlindən sonuna qədər yüz ildə dörd dəfə inqilab olub. Yəni hər nəsildə bir dəfə. Hətta öncəki hərəkatların özündə belə uğursuzluğun səbəbi nədədir?! Uğursuz nəticə bizim məqsədi təyin eləmədən işə başlamağımızdan ibarətdir. Yəni bir növ ideoloji boşluğun olmasından irəli gələn səbəblər var. Biz həqiqətən məsələyə real baxmaq istəyiriksə, hətta Pişəvəri hərəkatı müəyyən dönəmdə rusların, ya farsların əliylə əgər o ortalıqdan götürülməsəydi, öz içindən tamamilə yeni problemlər ortaya çıxacaqdı.
Soylu Atalı: Tamamilə doğrudur…
Ağşın Ağkəmərli: Həmin variantı, həmin ssenarini biz Xiyabanidə də görürük. Və həmin ssenarinin bənzərlərini bu gün mən incə toxunmaq istəyirəm ki, “Talış Muğan Respublikası”nın yaranması, o gün “Naxçıvan – Araz” Respublikasının elan olunmasını dilə gətirir bəzi məqsədi qapalı olanlar.
İndi istəyirəm əsas şeyin üzərinə gələm. Bizim itirdiyimiz bir şey var – o, ideolojilikdir. İdeoloji boşluq yaranıb. İdeoloji boşluq isə məqsədi təyin eləmədən hərəkət eləməkdir. Məqsədi təyin eləyə bilsək, ona doğru hərəkət eləmək də nəticə verə bilər. Bir millət əsasən üç şeydən asılıdır: – ərazisinin müəyyənliyi, mədəniyyətinin özününkü olması, o biri tərəfdən ideolojisinin olması. İdeologiya bizdə tamam yad ideologiyadır. Məscid bizi müsəlmanlaşdırmır, ərəbləşdirir. Bu günə qədər o qədər ki, islama dəyər vermişik, o qədər ki, onun şəhidinə dəyər vermişik, qiymət vermişik, özümüzdəki onun yaratdığı faciələrə göz yummuşuq.
1924-cü ildə Rza xanı ingilislər İrana gətirəndə, şübhəsiz ki, minillik türk hakimiyyətinə son qoymaq məqsədi daşıyırdılar. Çünki bilirdi ki, ingilis dövlətinin məqsədini yeritmək üçün ancaq orda ona bir kölə lazımdır. O kölə kim ola bilər?! Rza şah. Kim idi Rza şah?! – Tövlədə at saxlayan bir ilxıçı. Yaxşı onu gətirdilər hakimiyyətə. Gələn kimi dövlətin orda hansı idarəçiliyini birinci işə saldı?! – İran Coğrafiya Komissiyası. Səhv eləmirəmsə, Fars körfəzinin yaxınlığında. 1924-cü ildə Rza xanı gətirdilər, 1925-ci ildə isə Coğrafiya Komissiyası yarandı. Bu komissiya yaranan gündən bizim yer adlarımızın adlarını dəyişməyə başladılar. Yəni bu millətin birinci olaraq ərazi bütövlüyü hədələndi. Bu millətin dilini, mədəniyyətini lağa qoydular. Ancaq mən bir məqamı qabartmaq istəyirəm. Bu vəziyyət təkcə bizdə deyildi. Azərbaycanın parçalanmış bütün qollarında bu proses həyata keçirilirdi. Gürcüstanda da bu iş görüldü, Qərbi Azərbaycanda da elədilər. Baxmayaraq ki, bura sovet ölkəsiydi, ora kapitalist ölkəsi. Eyni ssenarini hər yerdə təkrar eləyirdilər. Dərbənddə də eləyirdilər, bizim digər ərazilərimizdə də. Yaxşı, o birisi tərəfdən, ideoloji məsələsinə gələndə, o da bizə ömrü boyu yad olub. Hətta o dönəmdən etibarən İran sözü hallanmağa başladı. İran sözü yox idi ki, dövlətlərin adı gedirdi. Bura mənimdir, bu ev mənimdir, mən öz adımı bu evin içində daşıyıram, sənə niyə verməliydim. Boş bir ideolojinin 1924-cü ildən etibarən ingilis orda təməlini qoydu. O İrançılıq məsələsi  –  “İran ərazisi” məsələsi İranın adını yaratdı və azlıqda olan, bu gün də azlıqdadır, aşağı-yuxarı 14 mln.-dan artıq deyil fars. Azlıqda olanı iqtidara gətirdi. Çoxluqda olanın mədəni varlığını yox etməknən, ərazi bütövlüyünü yox etməknən onu alçaltdı. Hələ də bu davam edir. Bu günlər Azərbaycanın Türkiyə və Naxçıvan sərhədlərində qeyri-türk millətlərini yerləşdirdilər. Ermənini yerləşdirdilər, kürdü yerləşdirdilər. Və bu gün bizi bizə qarşı qoydular. Bu gün biz görürürk, bəzi parametrlərə, sənədlərə əsaslanıb demək olar ki, iki-üç həftə bundan əvvəl Təbrizdə gedən sərgi vardı. O sərgini kürdlər yola salmışlar. O sərgidə Təbrizi böyük Kürdüstan ərazisi sayıblar. Necə olub, bu məmləkətə erməni yiyə durur, kürd yiyə durur, fars yiyə durur, gürcü yiyə durur, rus yiyə durur, mən durmuram. Suç məndədir. Yəni, siz bayaq Pişəvəri məsələsində bir məqama toxundunuz. Bu toxunduğunuz məqamların hər biri böyük bir təhlil tələb eləyir. Səttarxanınkı da. Necə olur Səttarxan kimi bir qüdrət – “Təbrizi” yaradan, bir mollanın sözünə aldandı, getdi Tehrana. Tərksilah elədilər. Necə oldu həmin Tehranda Yefrem erməni silahlandı, ordunun uniformasını geyindi və Səttarxanı güllələdi. Bu boşuna deyil. Bunun üstündən ötəri keçmək olmaz. Xiyabanini götürək. Necə oldu Xiyabani bir düşüncə ilə, bir məfkurə ilə gəldi, bir anda boğuldu. Pişəvərini götürək. Pişəvəri hökumətini çoxları düşünür ki, ruslar yaradıblar. Amma belə deyil. İndi o zamanın detalları, gedişatı elə görünürdü. Ancaq bu başqa bir məsələdir. Millətimizin əsas istəyi vardı. Siz bayaq yaxşı dediniz, 1979-cu ildə İran-İslam Respublikasının yaranmasında ən fəal türk idi. İranda heç bir inqilab türksüz mümkün deyil. Yəni Azərbaycan türkü o inqilaba qol çəkməsə, o inqilab hərəkətə keçməz. Bəs nəticə necə oldu? Yenə biz itirdik. Bəs yaxşı, bir dəqiqə tarixin önündə durmasaq, özümüzü silkələməsək, özümüzü bir an özümüzə göstərməsək, biz yenə bu səhvlərə yol verəcəyik. Yaxşı, bu məsələnin qarşısını müəyyən düşüncələrlə almaq lazımdır.
Soylu Atalı: Doğrudur, bax, mən elə istəyərdim ki, Abil bəy sizin sözünüzü gücləndirsin. İranın ictimai-siyasi durumunu qısa şəkildə dəyərləndirsin.
Abil Ulusoy: Mən istəyərdim ki, qısaca olaraq “Türkmənçay müqaviləsi”nə qədər orada vəziyyət, “Türkmənçay”dan sonra vəziyyət haqqında bir neçə kəlmə fikir səsləndirək.
“Türkmənçay”a qədər Azərbaycanın Quzeyində hansı proseslər baş verirdi?! – Asif Ata həmişə deyirdi ki, “Azərbaycan birdir, əgər o ikidirsə, deməli o, yoxdur əslində”. Bayaq Soylu bəy də qeyd elədi, mən bunu deyirəm, mənim üçün Azərbaycan ağlımda birdir. Mən Güneydə olmamışam, ancaq mənim üçün Həmədandan, Zəncandan, Xoydan, Təbrizdən, Salmasdan…, Borçalıdan, Dərbənddən, indi olmayan Qərbi Azərbaycandan birlik halı yığmışam ağlıma. Bu, oturuşmuş şəkildə həmişəlik olaraq hafizəmizdə qalmalıdır… O dövrdə xanlıqlar var idi. Bu xanlıqlardan bir çoxları tərksilah olunmuşdu. Dərbənd təslim olmuşdu Pyotra, Nadir şah Əfşarın səhvi nəticəsində bizim qədim Oğuz Yurdu Borçalı verilmişdi Gürcü çarlığına. Təbii ki, bəlkə buna belə baxırdı ki, əşi, onsuz da mən elə burda da hakiməm. Ancaq Əfşarların hakimiyyəti zəifləyəndən sonra təəssüf ki, Borçalı qaldı indiki Gürcüstan ərazisində.
…Sonuncu İrəvan xanı hakimiyyətdən devrildi, Naxçıvan xanı onun kimi. Azərbaycanın tərkibində xanlıqların olması və bunların da biri-biri ilə çəkişməsi, heç birinin birləşmək həvəsində olmaması vahid bir Azərbaycan (heç olmasa Quzeydə) görmək istəməmələri. İkinci bir tərəfdən, Güney Azərbaycanın özündə də xanlıqlar vardı və ümumi durum Quzeydən heç də fərqlənmirdi. Deməli, həmin dövrdə Azərbaycan əslində daxilən parçalanmışdı. Quzeydən və Güneydən üst-üstə götürəndə səhv etmirəmsə, 15–17 xanlıq var idi. Belə bir məqamdan sonra hakimiyyətdə olan Qacarlar rus çarlığı ilə müqavilə bağladı. Türkmənçaydan öncə bəllidir ki, 1813-cü il oktyabrın 10-da Gülüstan müqaviləsi bağlanmışdı. Həmin müqavilə artıq Qacarlar dövlətinin əl-qolunu bağlayırdı. Baxmayaraq ki, Qacarlar dövləti bağlanmış müqaviləni hüquqi cəhətdən ləğv eləyib əvvəlki vəziyyətə qayıtmağa çalışırdılar. Buna görə də Rusiya ilə yenidən müharibəyə başlandı və acınacaqlı məğlubiyyət yarandı. Və Türkmənçay faciəsi baş verdi – 1828-ci il fevralın 10-da gecə saat 12-də. Bunlar bəlli tarixdir, ancaq biz soydaşlarımıza xatırlatmağı burada gərəkli sayırıq. Çox təəssüf ki, Azərbaycan Arazın o tayı, bu tayı olmaqla bölündükdən sonra da fəlakət davam elədi. Güney Azərbaycanın özü qısa müddətdə Şərqi Azərbaycan və Qərbi Azərbaycan Ostanlarına bölündü. Tarixi Azərbaycan yurdu olan Qəzvin, Həmədan inzibati cəhətdən ayrıldı və s. 130 min kvadrat kilometr ərazisi olan Quzey Azərbaycanda da biz Borçalını itirdik, Qərbi Azərbaycan mahallarını itirdik, Dərbəndi itirdik. Quzey Azərbaycanın özündə də parçalanmalar baş verdi. Bu Türkmənçay müqaviləsinin acı nəticələri idi.
Soylu Atalı: Deməli, Azərbaycan sovet hakimiyyəti tərəfindən İran şahı kimi təqdim olunan Qacarlar dövləti ilə Rusiya arasında bölündü. Mahiyyətcə Rusiya Azərbaycanın bir hissəsini aldı. Bu fəlakətli zərurət nəticəsində bayaqdan adı çəkilən azadlıq uğrunda baş qaldıran inqilablarımızın məğlubiyyətlərini yaşadıq. Eləcə də Müsavat hökuməti kimi tarixi bir şansımızın qısa müddətdə əlimizdən çıxmasını yaşadıq. Mən söhbətimizin əvvəlində də dedim ki, bugünkü dövlətimiz də xalqımız üçün ümid qaynağıdır. Ancaq biz bu ümidimizi təsdiq eləməyin və qorumağın yollarını bilirikmi?! Siyasi dünya düzəni deyilən bir gedişata bizim heç bir siyasi təsirimiz yoxdur. Böyük gücləri neftimizlə qidalandırmaq heç də ümidverici siyasi təsir sayılmamalıdır. Və siyasi düzən istənilən vaxt bizim taleyimizi dəyişməyə hazırdır. Biz isə açıq deməliyik ki, dayanmağa hazır deyilik. Deməli, biz Türkmənçay müqaviləsinin fəlakətlərini aradan qaldırmaq istiqamətində ideoloji iş aparmalıyıq – ardıcıl və sistemli.
Ağşın Ağkəmərli: Mən bir sual vermək istəyirəm. Niyə Azərbaycan Arazboyu bölündü, sizcə Qızılüzən çay ola bilməzdi, Həmədan ola bilməzdi?! Bilirsiniz, bu sualımın arxasında fikir dayanır. Niyə o qədər götürdü. Rusiyanın o qüdrətini nəzərə alsaq, şübhəsiz çox da götürə bilərdi.
Abil Ulusoy: O dövrdə məsələ təkcə İran-Rusiya münasibətlərindən ibarət deyildi. O dövrdə Osmanlının da bir marağı vardı. Fransa – Avstriya münasibətləri də Türkmənçay müqaviləsinin üzərində qurulurdu. Burada onlar Türkiyəni öz yanlarında görmək istəyirdilər, onu Rusiyaya qarşı qoymaq məqsədi vardı…
Soylu Atalı: Bu deyilənlər artıq siyasi təhlillərin bəlli tarixidir. Bunu biz öz aramızda bölüşə bilərik. Ancaq burada öz mövzumuzu konkret bir sonluğa gətirib çıxarmağımızı xahiş edirəm.
Ağşın Ağkəmərli: Bu gün İranda 3 məsələ daha çox hallanır. Bir İrançılıq məsələsi, biri Federasiya, üçüncüsü İran tərkibində xalqların müstəqilliyi məsələsi. Güney Azərbaycan üçüncü məsələnin üzərində dayanır. Belə ki, biz bütün sınaqlardan çıxmışıq. Uzun müddət, sizin vurğuladığınız kimi, minillik hakimiyyətimiz dönəmində özümüzə bir gün ağlamamışıq. Bütün əziyyətləri biz çəkmişik, bütün ziyanlar bizə olub. İran-İraq savaşında 125 min azərbaycanlını şəhid vermişik. Bir o qədər də yaralılarımız vardı. İranda 130 min erməni vardı. Biz orada yaşayan bütün ermənilərin sayı qədər şəhid verdik, ancaq erməni qədər haqqa çatmadıq. Bəs bizim dərdimizin əlacı nədədir?! Biz bu təcrübələri eləyə-eləyə, uduza-uduza gəlmişik. İndi çətin də olsa, mümkünsüz də görünsə, əziyyətli də olsa bizim məqsədimiz müstəqillik olmalıdır. Müstəqilliyin də əsas qayəsi və düşüncəsi birinci insanın öz içində yaranır. Mən kiməsə borclu deyiləm ki, dövlət gətirim ona. Yaranı (tibbi terminlə desək) pansuman eləməklə məsələ həll olmaz. Onu müalicə eləmək lazımdır. Yaranı da müalicə eləmək üçün isə bizə milli ideolojilik lazımdır. Biz bu günə qədər əgər bu səviyyəyə enmişiksə, o bizim ideoloji boşluğumuzdan irəli gəlib. Mən fikirləşirəm ki, bu gün Xürrəmilərin, Hürufilərin düşüncəsi, onların sintezi Asif Atanın dünyabaxışında canlanır. Bizim bugünkü kimliyimizi tam ortaya qoyur. Mən bu yöndən düşünəndə Asif Ata dünyabaxışı əsasında milli ideolojini millətimizin xilası kimi, dərmanı kimi götürürəm. Millətin tarix boyu sürgünlüyünə, parçalanmasına bu ideolojiliklə son qoymaq mümkündür. Mən ərazidən çox millətə üstünlük verirəm…
Soylu Atalı: Çox gözəl, yəni milləti içəridən böyüdüb ayağa qaldırsan, ərazisinə yiyə dura bilər. Birinci söhbətimizin sonuna gəlirik. Detallara sonrakı söhbətlərdə müraciət eləyəcəyik. İndi yekun olaraq Abil bəy də fikrini ümumiləşdirsin.
Abil Ulusoy: Biz məsələyə ümumi münasibət bildirdik. Burada əsas diqqət həm də dünyanın türkə olan münasibətinin üzərinə gəlib çıxdı. Bir dəfə De Qolldan soruşurlar ki, kommunizm təhlükəlidir, yoxsa kapitalizm? Deyir, başı Sarayevada, ayağı Çində olan Türkdən qorxun. 20-ci yüzilin ortalarında deyilmiş bu fikir göstərir ki, dünyanın türkə olan münasibəti dəyişmir. Aydın olur ki, Azərbaycanın Güneyinin qabağında, yəni onun azadlığının, bütövlüyünün qabağında hansı qüvvələrin maneəsi durur. Ona görə də nə istəyərdik?! – Asif Ata bir çıxış yolu göstərib. O deyir ki, İranın sabahında nə baş verir, versin Uluyurd Hərəkatı yaranmalıdır. Bir millət başının üzərinə bir bayraq qaldırmalıdır, siyasi atributları bir olmalıdır. Uluyurd Hərəkatı bunu yetirməlidir. Bu məsələdə də əsas ağırlıq Güneyin üzərinə düşür. Soylu bəy doğru qeyd elədi ki, Hərəkat gərəksiz ağrılardan, gərəksiz qurbanlardan qorunmaqla yetirilməlidir.
Soylu Atalı: Çox yaxşı. Mən də Ağşın bəyin bir fikrinə istinad edirəm. Fəlakətlərimizin əsas səbəbi kimi ideoloji boşluğu qabağa çəkdi və burada Asif Atanın dünyabaxışının Azərbaycan üçün qaçılmazlığını və ona söykənməyin zəruriliyini vurğu elədi. Bu fikri Ağşın bəy hər yerdə qabardır, bu da o deməkdir ki, bu qənaət onun düşüncəsində tam oturuşub və öz ulusu üçün bu ideyanı yaşadıb həyata keçirməyin önəmini tam diqqətdə saxlayır. Mən də dostlarımızın fikirlərini inkişaf etdirmək istəyirəm – həm bu, həm də Abil bəyin vurğuladığı Uluyurd məsələsini. Bəllidir ki, bu gün dünya ən çox siyasi gedişlərdən ibarətdir. Siyasi gediş bütünlüklə udmaq və uduzmaq havasına köklənibdir. Qətiyyən humanizmə köklənməyib, ədalət prinsiplərinə əsaslanmır. Ona görə də biz bildirmək istəyirik ki, dünyanın indiki siyasi gedişində Güney Azərbaycanımıza yalnız Babəkimizi, Nəimimizi, Nəsimimizi göstərməklə yetərlənmirik. Onlar bizim ruhani özülümüzdə duran məsələlərdir. Ancaq biz deyirik ki, siyasi maneələrin qabağına həm də bir mütəşəkkil, ideoloji cəhətdən yetkin bir səviyyədə olan siyasi qüvvə, siyasi hərəkat çıxmalıdır. O hərəkat ki, siyasət olaraq dünyanın onun içərisinə soxulub yurdumuzu uçurmasına mane ola bilsin. Bu hərəkat da ki, qardaşımızın dediyi kimi Uluyurd Hərəkatıdır. Uluyurd Hərəkatı Asif Atanın ideyalarından biridir. Bu hərəkatın prinsiplərini biz zaman-zaman açmağa çalışacağıq. Ancaq qısaca olaraq o prinsiplərin adlarını burada çəkmək istəyirəm. Bəli, Asif Ata Dünyabaxışı xalqı içəridən kökləməlidir, müəyyən bir yetkinlik halına qaldırmalıdır. Yetkinlik halına çatan xalq ayağa durmalıdır və Uluyurd Hərəkatını başlamalıdır. Hərəkat onun böyük Azadlığı ilə sonuclanmalıdır. Bu da bizim indi dediyimiz fikirlərin axarını, yönünü məhz bu ideyaya gətirib bağlayır. Biz heç kimi tələm-tələsik ləbbeykçiliyə çağırmırıq. Ancaq nə qədər ki, biz bu deyilənlərlə bağlı ciddi düşünməyəcəyik, bütün bura qədər deyilənləri ciddi araşdırıb təhlil eləməyəcəyik, bizim təklif elədiyimiz prinsiplər ölçülüb-biçilməyəcək, onda bütün çabalar öz mənasını itirə bilər, deyilənlər şüar olaraq qala bilər, Azərbaycan üçün. Şüarçılıqdan çıxmaq lazımdır. Bunun üçün isə dediyimiz kimi, bu ideyalar əsasında maarifçilik işinin genişləndirilməsidir. İndiyə qədər maarifçilik işləri gedib. Biz heç kimin əməyini inkar eləmirik. Ayrı-ayrı insanlarımız çalışıblar, çabalar göstəriblər. Türkçülük məsələsini qabardıblar. Lakin bütün bu çabalar istəklər şəklində gündəliyə gəlib, ideya şəklində, ideologiya səviyyəsində əsaslı işlənilməyib. İnsanlarımız üçün mübarizə mayakına çevrilməyib. Biz burada ona çalışırıq ki, insanlarımız arzulardan, istəklərdən yüksəyə qalxsınlar, xalqımızın ümidləri ayrı-ayrı istəklərdə məhdudlaşıb dayanmasın. Hesab eləyirəm ki, biz bunu verə biləcəyik.
Uluyurd Hərəkatının beş prinsipi var: – tayfaçılıqla mübarizə, dinçiliklə mübarizə, etnik bölücülüklə mübarizə, özgəçiliklə (Qərbçilik, rusçuluq…) mübarizə, Azərbaycanın siyasi bərpası – Bütöv Azərbaycan (Bu ideyanı Asif Ata qardaşımız Abil Ulusoya deyib. Onu da deyim ki, bu “Türkmənçay müqaviləsi”nin ildönümü ilə bağlı düşüncələri ortaya qoymağı da Abil bəy təşəbbüs göstəribdir). Biz zaman-zaman bu prinsipləri açıb təhlil eləməyə çalışacağıq. Bütün bu prinsiplər insanlarımızın ağlında oturuşmayınca, qəlbinə hakim kəsilməyincə, xalqı ayağa qaldırmaq tələm-tələsik yeni fəsadlara gətirib çıxara bilər. Xalqı bu səviyyəyə qaldırmadan ayağa qaldırmaq onu güdaza verməkdir. Nəsillər bir-birini güdaza getmələrlə, qırılmalarla təkrar eləyir. Nəsillər bir-birini qələbələrlə davam eləmir, qırğınlarla davam eləyir. Bunun üçün biz özəllikcə Güney Azərbaycanımızın fəallarını maarifçilik işlərini qurmağa çağırırıq ki, onlar həbslərə atılmasınlar, məhv edilməsinlər. İran oturuşmuş bir dövlətdir. Onun öz qlobal məqsədləri var, biz bu məsələyə yenidən qayıdacağıq. Onların öz təsir imkanları var ki, fəal insanlarımızı çaşdırmağa çalışsınlar, ayrı-ayrı fərdlərimizin addımlarına avantüra donu geydirib məhbəslərə atsınlar, onları sıradan çıxartsınlar. Buna getmək olmaz.
Bir də bir məsələni istəyirəm xatırladım ki, insanlarımız hər şeyə ayıq baxmağa çalışsınlar. Milli yöndən bir iş görən kimi dərhal əks-təbliğatlar başlayır ki, filan məsələnin, filan addımın vaxtı deyil. Çaşqınlıq yaratmaqla bizi ətalətdə saxlamağa çalışanlar sürətlə çoxalırlar. Güclü dövlətlər də istəyir ki, biz elə deyək filan şeyin vaxtı deyil, o isə bizi istədiyi kimi təsirdə saxlasın, yapsın-yoğursun. Biz çox şeydə gecikmişik. Nəyin vaxtıdır, nəyin vaxtı deyil, – bunu da düşünməyi bacarırıq. İdarə olunmaqdan usanmaq lazımdır. Biz Azadlıq məsələsini yetirib çatmalıyıq ona.
Nəhayət, demək istəyirəm ki, Asif Atanın böyük işinə söykənməyin vaxtıdır. Azadlığa biz Onun meyarı ilə baxmağa başlamalıyıq.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız Var Olsun!

28 Qar Ayı, 31-il. Atakənd.
(28.01.2010)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir