Xəbərlər

“Bəşərilik” Bayramındakı çıxışlar

Ocaq Günsırası ilə 12 Sərt Ayı, 41-ci ildə (dekabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı “Bəşərilik” Bayramını keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Asif Ata Ocağının bayramlarından biri olan Bəşərilik qonusunda danışacağıq. Baxmayaraq, bu tədbirə Ocaqçılarımızın hamısı qatıla bilməyiblər, iş günü olduğuna görə. Ancaq biz işi gözə alıb ertələyə bilmərik törənlərimizi. İstər üç adamla, 5 adamla, istər 15 adamla olsa belə, həmişə bu söhbətlərimizi həyata keçiririk, keçirməliyik. Bir neçə dəqiqə öncə Beyləqandan Günev qardaşımız zəng eləmişdi. Sizin hər birinizə sayğısını çatdırdı. Belə tədbirlərdə çalışır gəlsin, yol uzaqdı. Göyçaydan bizim amaldaşımız var. O da gələ bilmədi işiylə bağlı. Yəni başqa Ocaqçılarımız da işləriylə bağlı bəzən qatıla bilmirlər. Ancaq söhbət kimin qatılıb qatılmamasından getmir. Söhbət ondan gedir, biz nə deyirik? Dünyanın belə bir çağında biz nə istəyirik? Bununla bağlı düşüncələrimizi, bir araya gəlib, bölüşürük. Eyni halda, bölüşdüyümüzü də, sözsüz, basın araçılığıyla, yayılmasını həyata keçiririk. Azərbaycanı zaman-zaman gəzmişik, sözümüzü demişik, dünyanın başqa-başqa yerlərinə bilgilərimiz yayılmaqdadır. İnanıram, bu proses bizdən sonra da həyata keçəcək…

Qutsal bir günümüzü həyata keçiririk. Günümüz “Bəşərilik” Bayramı adlanır. Bəşərilik münasibətiylə sizləri burda olanları, olmayanları qutlayıram. Sizlərlə bir arada olmaqdan qürur duyuram. Sizinlə bu düşüncələri bölüşməyi də özüm üçün önəmli sayıram. Quralımızla bağlı qısaca bilgi verim. Bizim belə bir gediş yazımız var. Gediş yazısında qonu var. Söhbətimizi əslində onun çevrəsində aparırıq. İşimizin mərasim hissəsi sayırıq bunu. Sonra yüngülcə süfrə başında gələnlərlə doğmalaşma söhbətlərində bulunuruq. Düşüncələrimizi paylaşırıq. Birinci aşamada qonu çevrəsində danışırıq. Dediyim kimi, günümüz Bəşərilik adlanır. Asif Atanın gözə aldığı Bəşərilik məsələsi bizim üçün hansı anlamı daşıyır?! Biz hər fəsildə bir bayram keçiririk – Yazda İnsanilik adına, yayda Xəlqilik adına, payızda Şərqilik adına, qışda isə Bəşərilik adına. Asif Ata niyə belə düşünüb? Bəşər övladı min illərdir axtarışdadır. Min illərdir özünün birgəyaşayışını nizama salmaq istəyir. Onu hardasa, nədəsə sala bilir, hardasa sala bilmir. Buna əngəl olan gedişlər var, şüurlar var. Bunu yoluna qoymağa çalışır. O açıdan bəşər tarixində böyük dühalar ortaya çıxıb. Öz düşüncələrini, ideyalarını ortaya qoyub. Birgəyaşayışın nizamı üçün çabalar göstərib. Böyük şəxsiyyətlərin düşüncələri bizi insan olaraq hara qədərsə yönləndirir, nizamlayır. Ancaq yeni əngəllər ortaya çıxır. Bunun başlıca nədəni nədir? Baxın, insanlar birgəyaşayışını sürdürmək üçün ölçü yaradır, ölçü tapırlar. Ölçünün də əsasında, cövhərində duran həmişə Allah ideyası olubdur. Allah ideyası insanın özünü nizamda saxlaması üçündür. İnsanın iç dünyasını dəyişməsi üçündür. Özünün mahiyyətinə dönüşü üçün, qayıdışı üçündür. Yəni sonsuzluq-dünya, sonsuzluq-insan. İnsanın sonsuzluğa münasibəti necədir? İnsanın Mütləq olana münasibəti necədir? Bu məsələ olduqca önəmlidir. Mən şəxsən hesab eləyirəm, bu gün sonsuzluğa, Mütləq olana münasibət olduqca aşağı bir səviyyədədir, doğru deyil. Münasibət yanılıb. Ona görə də bəşər əslində Mütləqsiz (din anlayışı ilə desək, Allahsız) yaşayır. Bəşər sonsuzluğa münasibətini bəlirləyə bilməyib. Bəşər bu ölçünü yaşamına gətirə bilməyib. Bütün kainatın nizamını oluşduran bir qüdrətə münasibət doğru olsaydı, bəşər, doğrudan da, birgə yaşayışın nizamını tapardı. Doğrudan da dünya qana çalxalanmazdı. Baxmayaraq, dünyada yeni doğuluş var, yaranış var, heç kim anadan yetkin doğulmur. Hər kəs özündə genetik olaraq, irsi olaraq, öz keçmişindən qüsurlar da daşıyır özündə. Doğulanda o qüsurlarla bir yerdə doğulur. Böyüyəndə o qüsurlarla bir yerdə böyüyür ən çox. Bu qüsurların böyüyüb, yeriməsini sağlayan nədir? Mütləq olana münasibətin əyri olması. Bu münasibətin doğruluğuna bəşər tarixində bir neçə şəxslər çalışıblar. Sonsuzluğa münasibəti yoluna qoysunlar, onu ölçüyə çevirə bilsinlər deyə. Allah insanın, bəşəriyyətə baxması üçün, gözü olmalıydı. Allah insanın, başqasına baxan, gözü olmalıdır. Allah insanın özünə baxan gözü olmalıdır. Əgər insan bu gözlə özünə baxarsa, onda o başqasının ləyaqətini ayaqlamaz. Onda o başqasının haqqını ayaqlamaz. Onda o dünyanı qana qərq eləməz. Onda savaşlar baş verməz. Bax, bu ölçü çözümünü tapmayıb. Ona görə də həyatda (mənafelər) çıxarlar döyüşü yaranıb. Daha doğrusu, həyat özü çıxarlar (mənafelər) döyüşünə çevirilib. Əslində siyasət də bu döyüşdən (Mənafelər döyüşündən) yaranır. Hər dövlətin özünün çıxarı var. Biz demirik, onların özünün çıxarı olmasın. Ancaq bu çıxarlara görə başqalarını qurban vermək, başqalarını basıb əzmək olmaz. Yəni insanın öz növündən olanla birgəyaşayışının nizamını bilməmək sorunu var. Ona görə biz düşünürük, öncə ölçü dəyişməlidir. Həyata doğulan insan hansı cəmiyyətə doğulur? Hansı nizama doğulur, hansı ölçüyə üzünü tutur? Hansı ölçüylə tərbiyə alır? – Bəşər həyatının nizamı üçün olduqca gərəkli bir məsələdir. Bu gün iki məsələ bəşər həyatını yönətir: biri ruhaniyyat (Mütləq olana, sonsuzluğa münasibət) məsələsidir, biri də siyasət məsələsidir. Ruhaniyyat məsələsi Allah-insan bağlılıqlarının yönünü bəlirləyir. Siyasət məsələsi gerçək həyatın doğru irəliləməsini bəlirləyir, daha doğrusu, bəlirləməlidir. Ancaq, dediyim kimi, siyasət – çıxarlar döyüşündən oluşdurulur. Elə olmamalı idi. Çıxarlar döyüşündən olmamalı idi. Həyat uğrunda mübarizə gedir. Niyə gedir? Hər kəs öz mövcudluğunu qorumaq üçün əl atır hər şeyə. Biri güclüdür, qamarlayır, o biri qamarlaya bilmir. Beləliklə, insanlar arasındakı münasibətdə bir təbəqə əmələ gəlir, insanlar arasındakı münasibətlərdə bir yadlıq, bir özgəlik əmələ gəlir. İnsan özünü başqasında görə bilmir. Başqasını özündə görə bilmir. Ona görə də özü üçün yaşayır. Öz çıxarlarını düşünür. Bu, nədən irəli gəlir?! Bu, həmin sonsuzluğa olan münasibətin, şüurun pozulmasından doğur. Deməli, kökdə, özüldə həmin şüurun bərpası məsələsi var. Asif Atanın Mütləq olana, sonsuz olana, din anlayışı ilə desək, Allaha münasibəti yenidir. Allaha münasibət sarsılıb. Sarsıldığı üçün də insanlar, dediyim kimi, yaşamın ölçüsünü, nizamını qura bilmir. Allaha münasibət əyildi, əydirildi. Allah insana tanıdılmadı. Allah insana öyrədilmədi. Qandırılmadı. Allah insanı pusqu mexanizminə çevrildi. Bu saat dünyanın yarıdan çoxu semit baxışlarının etkisi altındadır. Heç yerdə nə xristianlığın ilkin tələbləri ödənilir, nə müsəlmanlığın ilkin tələbləri. Nə də xristianlığın, müsəlmanlığın ilkin tələbləri özünü doğrulda bilmir. Məsələn, xristianlığın belə bir başlanğıc ideyası var. İnsana deyir, öz növündən olanı sev. Deyir, əgər istəyirsən, sənə qarşı haqsızlıq olmasın, sən də bunu başqasına qarşı eləmə. Bu heç yerdə ödənmir. Buna dayanıb bir çox Batı düşünərləri də dedilər, dünyanı sevgi qurtaracaq. Mən soruşuram, dünyanı sevgi necə qurtaracaq? Sevgi qurtara bilmir, bilməyəcək. Bu bir şüardır. Axı insana sevgi nə deməkdir? Niyə sevim mən bu insanı? Sən deyirsən, insan Allahın qoyunudur. Adəmlə Həvvanın törəməsidir. Adəmlə Həvva da Allahın qarşısında günah işlədiblər. Bəşər övladını günahkar elan eləyirsən, sonra da deyirsən onu sev. Axı səbəb vermirsən mən onu sevim. Günahkarı niyə sevim? Əslində isə insana münasibət burda yanılır. Bundan dünyanı yönətən möhtəşəm imperiyalar istifadə elədilər tarixdə. Bundan istifadə eləyərək göydə Allah, yerdə hökmdar ideyası irəli sürdülər. Bu gün bizim ölkəmizdə də həmin prinsip həyata keçirilir… Öncə insanı günahkar say, sonra da de, onu sev. Bunun özü məntiqə uyğun deyil. Mən sonsuzluğa münasibət məsələsini ona görə burda qoyuram. Aydınlaşdıraq, Mütləq olanı mənə necə sunursan? Mənə qəzəbli bir hökmdar kimi. Məni təqib eləyir. Məni KQB-nin agentləriylə – mələklərlə izlədir. (Mən ona görə geniş danışıram, Asif Atanın prinsiplərini sizə çatdırım). Din deyir, hər bir bəşər övladının çiyinlərində mələklər oturub. Bu mələklər biri yaxşısını yazır, biri yamanını. Sonra axirətdə adam hesabat verəcək. Orada onun yönü bəlirlənəcək. Cəza, ya da, ödül (mükafat) veriləcək. Bu, yer padşahlığının tələbləridir. Yerdə kim padşahın buyruğuna yatırsa, ona ödül verir. Kim yatmırsa, ona cəza verir. Bu şüurdan irəli gəlir Allaha münasibət. Bununla da yanılır. Ona görə də Allah olur pusqu mexanizmi, qəzəbli, hədələyən, qorxudan. O dünyada səni asacam, kəsəcəm, filan eləyəcəm. Allah özü hədələyir bizi. Asif Ata deyir, insana o cür yanaşmağın özü Allahı öldürməkdir. Allahı insandan ayırmaqdır, uzaqlaşdırmaqdır. İnsanla Allah arasında uçurum yaratmaqdır. Bizim dahilərimiz insan-Allah bağlılıqlarını daha yaxşı dərk eləmişdilər. Hürufilərimiz Ənəlhəqq ideyası verirdi. Onların da dərisini soydular. Onların dərisini soyanlar siyasi azmanlara meydan verdilər. İnsanı məhv eləyən, kor saxlayan, cahil saxlayan baxışlar insanı hakimiyyətin yeminə çevirdilər. Hakimiyyət bizə patriotizm dərsi verdi. Heç kim patriot olmaq istəmir. Bu yaxınlarda Tolstoyun kitabını qurtarmışam. Onunla bağlı bir yazı yazdım. Tolstoy davamlı şəkildə siyasi patriotizmə qarşı çıxış eləyir. İlk baxışdan deyərsən Tolstoy niyə patriotizmə qarşıdır? Ancaq çox gözəl açıqlaması var. Onun II Nikolaya məktubu var. Eyni ilə, elə bil, bizim indiki hakimiyyətə yazılıb o məktub. O dərəcədə uyğunluq var. Fərq etməz, yüzillər öncələr olmuş antiinsani münasibətlər bu gün daha amansız şəkil alıb. Dövlət həmişə işğal olur. Dövləti işğal eləyirlər, insanların imkanlarını məhdudlaşdırırlar. İnsanları basqı altında saxlayırlar. Əgər insanlar bu basqı altında dözmürlərsə, getdikcə bu basqılara qarşı etiraz eləyirlər. Etiraz eləyən insanları isə hakimiyyət hədələyir. Nəylə hədələyir? Deyir sən vətəninə qarşı çıxırsan. Baxın, öz ağır həyat şəraitinə etiraz eləyən insanları anti-patriotizmdə suçlayır. Anti-vətənçilikdə suçlayır, içəri salır. Cəzalandırır, heç kim də səsini çıxarda bilmir. Çünkü qanun uydurub. Qanun da deyir, bu vətənə qarşıdır.

Ya da neyləyiblər tarix boyu? El dilində bıçaq sümüyə dirənmək məsələsi var. Ağır ortam elə bir həddə gəlib çatır, insanlar bəlli bir məqamda ayağa dururlar, etirazlar birləşir. Belə olan halda, hakimiyyətlər özünü bu etirazlardan qorumaq üçün başqa xalqların, qonşu xalqların torpaqlarına soxulur, savaş təşkil eləyirlər, baxışları ora yönəldirlər, qıraqda bizim ümumi düşmənimiz var deyə. Düşmən içəridə yenə qorunur. Tolstoy bu patriotizmə qarşı çıxır. Bu patriotizmi siyasi hakimiyyət yaradır. Öz ömrünü uzatmaq üçün yaratdığı bir patriotizmdır, onu rədd edin, qəbul etməyin deyir Tolstoy. Bu ümumi gedişin bir sorunudur. Bu gün də bu belədir. Əgər bu gün bizim Azərbaycanda kütlə toparlanıb ayağa dursa, etirazlar bir balaca alovlansa, dərhal Qarabağda savaş başladacaqlar. Baxışları ora yönəldəcəklər. Üzdə olanlarımızı ora aparacaqlar. Aparıb orda qıracaqlar. Yəni bu patriotizm deyil. Mənə deyir vətəni sev. Vətəni öldürürsən, nəyi sevim? Vətəni gözümdə öldürürsən… Bəs necə eləyim, vətəni gözümdə qoruyum? Bütün məsələ bundadır, daha böyük dəyişiklik insanın içindən başlayır. Şəri tanımaq, vətəni tanımaq, nəyi qorumaq, nədən qorumaq, kimdən qorumaq?! Mən də düşünürəm, biz vətəni öncə öz içimizdən qorumağı bacarmalıyıq. Bunun üçün biz milli-insani şüura yiyələnməliyik. O şüurun əsasında biz qüvvəyə çevrilə bilərik. İnsani qüvvəyə, milli qüvvəyə çevrilə bilərik. O şüurun əsasında şər addımını dala qoyar…

Xanımın verdiyi suala qısaca cavab verim. Deyir, massonlar dünyanı idarə eləyir, necə olar? Deyirəm mənim üçün masson deyə bir şey yoxdur. O təbliğatı onlar özləri qurublar ki, hamı hər yerdə saqqız kimi bunu çeynəsinlər, dünyanı massonlar yönətirlər desinlər. Deyirəm, Massonların gücü sənin gücsüzlüyündədir. Mənim vətənimin içində, evimin içində necə gəlib yönətə bilər məni, söz yox, əgər mən mən olsam?! Yəni bu təxminən semit baxışlarındakı alın yazısı kimi bir şeydir. Alın yazısına çeviriblər: “heç nə səndən asılı deyil, sənin taleyin öncədən proqramlaşdırılıbdır, hər şey alnına yazılıbdır. İndi də bunu mənə siyasət deyir. Belə olmalısan, belə getməlisən, mənim buyruğumda, tabeləyimdə olmalısan, hər şey mənim istədiyim kimi olmalıdır, sənin vətənçiliyin də mənim istəklərimə görə bəlirlənir”. Bu şüurdan çıxmağın başlıca yolu, birinci, insanın kimliyini bilməsidir. Asif Ata deyir: “İnsan daxilində Mütləq gəzdirən, şəraitdən, mühitdən, zamandan (mənaca) yüksək olan, Mütləqiliyə meyl eləyən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. İnsanı bu şüurdan, bu mənadan ayırıb onu heyvanat aləminin ünsürünə çeviriblər. Bioloji fakta, bioloji mövcudluğa çeviriblər. İnsan özünə inanmır, cılızlığına, gücsüzlüyünə inanır, mənəviyyatsızlığına inanır, heyvanlığına inanır. Özünün ilahi başlanğıc olduğuna inanmır. İçində Mütləqin, İnsanlıq adlı qüdrətin olduğuna inanmır. Biz öz içimizdəki həqiqətdən ayrılmışıq. Ona görə əzilirik, heç oluruq. Ona görə birgə yaşayışımız nizam tapmır. Ona görə sosial sorunlar yaşayırıq. Sosial sorunları mənəviyyatdan məhrum olmuş insanlar yaradırlar. Milli kimlikdən məhrum olmuş insanlar, İnsani kimlikdən məhrum olmuş insanlar. Məsələnin kökü burdadır. Nə qədər ki, insan düşüncəsini bu nöqtədən başlamır, böyük sorunlar içində yaşayır. Xalqlar olaraq düşmən kimi yaşayırıq, Rusla, farsla, ərəblə düşmən kimiyik. Niyə düşmən kimiyik? Nədir bunu yaradan axı? Mənim nə işim var rus, fars xalqı ilə? Mənim fars şovinizmi ilə, rus hegemonluğu, imperializmi ilə işim var. Mənim dövlətçiliyimi sıxışdırıb aradan çıxarır. Axı mənim rus xalqı ilə sorunum olmamalıdır. O bəşər övladıdır. Bu nöqtədə biz bəşəriliyi dərk eləmirik. Ona görə ya şovinist millətçi oluruq, ya kosmopolit oluruq. Bəşərçi, millətçi olmuruq. Millətçi olan bəşərçidir həm də. Millət bəşəriliyin başlıca amilidir, faktıdır. Bəşər millətlərin uca keyfiyyətlərindən oluşmuş bir dəyərdir. Əgər millətlərin özünə xas uca dəyərləri yoxdursa, o əzilirsə, onda bəşərin anlamı nədir? Bəşər o vaxt var ki, millət var. Özü də millət necə var? Azğın imperiyaçı yox, özünəxas, insani, bəşəri keyfiyyətləri yaşadan, dəyərlər yaradan, mədəniyyət yaradan insani sivilizasiya başlayan. Onda bəşər var. Ancaq bir də görürsünüz, millətçiliyəə hücum təşkil eləyirlər, yalandan dünya mənim üçün vətəndir lafı ortaya atırlar. Necə yəni dünya sənin üçün vətəndir? Dünya nə deməkdir, sənin vətənin olsun? Haradır ora? Dünya deyilən bir şey yoxdur. Sən gedərsən Hollandiyada yaşayarsan, oranı vətənin sayarsan, Azərbaycanda yaşayarsan, buranı vətənin sayarsan. Yəni sən dünyanın harasına getsən, oranı vətənin sayarsan. Ora da konkret bir ölkədir. Ancaq oranın sənin vətənin sayılması, sənin öz etnik, milli dəyərlərinin yaşadığı torpaqdan qutsal ola bilməz.

Mailə xanım: Bərabərlik olsaydı, dünya mənim evim olardı. Bərabərlik prinsipi pozulur.

Soylu Atalı: Bərabərlik ayrı şeydir. Mən Avropada təhsil almış gənclərlə söhbət eləmişəm. Onlar vətən söhbəti eləyəndə qəribə bir tövrlə deyirlər, indi bu saat sınırlar ortadan qalxır, qloballaşma gedir-filan, siz isə vətəndən danışırsınız. Mən də onlardan soruşdum, mənə deyin görüm ailəniz varmı? Deyirlər var. Deyirəm qonşunuz da var? Deyirlər var. Deyirəm qonşunuzla aranızda divar var? Deyirlər var. Deyirəm, niyə aradan götürmürsünüz o divarı?!. Sınır heç vaxt aradan qalxmayacaq. Qonşunla münasibətin gözəl olacaq. Xalqlar da beləcə. Sənin evinlə mənim evimin arasından divar aradan qalxmayacaq. Bura mənim özüməxaslığımın qorunduğu bir yerdir. Burda mənim ailə kimliyim var. Burda mənim atalığım, analığım, övladlığım var. Qonşumda da onaxas olanlar yaşayır. Ölkələr də beləcə. Bu torpaqda mənim türk olaraq kimliyim yaşayır. Düşüncəm, dəyərim yaşayır. O torpaqda sənin ingilis olaraq kimliyin yaşayır. Heç bir vaxt, sınırlar aradan qalxmayacaq. Bizim də istəyimiz odur. Biz belə düşünürük, sınırlar ortadan qalxmayacaq, sınırları qoruyan böyük bəşəri humanizm olacaq. Sınır aradan qalxa bilməz. Xalqlararası münasibətlərdə bəşəri ədalətin bərqərar olması gərəkdir. O nizam yarana bilər, bilmirəm nə vaxt. Ancaq bilirəm, yarana bilər. Çünkü insan öz mahiyyətinə axıra qədər qarşı yaşaya bilməz. İnsan axıra qədər heyvana dönüşə bilməz. İnsanın içində İnsanlıq adlı Mütləq olan var. Ona qarşı yaşaya bilməz. Belə götürəndə heyvanlar balaca bir yem üstündə bir-birini didib dağıdır. İndi insan həmin duruma düşüb. O heyvanın özünəxaslığıdır. Heyvan elə yaşaya bilər. İnsan heyvana dönüşərsə, bəşər məhv olar. Çünkü o insanın özünəxaslığı deyil. Özünəxaslıq üzərində yaşamalıdır insan. Bax, onda dünya gözəl olur. Bəşər anlamı təsdiqini tapır. Dünyanın gözəlliyi insanın dünyaya baxışından asılıdır. İnsan hansı ideyadan baxır dünyaya, insana, həyata? Ondan asılıdır. Təkcə bizim üçün deyil, bəşər üçün Asif Ata belə bir ideya verib. Bu ideyanın oluşmasına inanıb verib. Arxasında durub. Biz də inanırıq. Əgər inanmasaq, çabalar göstərmərik. Biz insanın mütləq heyvana dönüşünə inanmırıq. Ancaq bəşəriliyin yüksək bir düzəydə qorunacağına inanırıq. Mənim sizə deyəcəyim söz budur. Daha çox sizi yormaq istəmirəm. Təşəkkür eləyirəm səbrlə dinlədiniz məni.

Mailə xanım: Gözəl ideyadır. İllər keçir, ortada bir şey yoxdur.

Soylu Atalı: Mən qısa cavab verim. Sonra bu qonunu genişləndirərik. Bu çağa qədər Asif Atanın dediyi olmayıb. Ona görə davam eləyir. Biz deyirik Asif Ata İnsani sivilizasiyanı yeni nöqtədən başlayır. Bu sualınız özü gözəl sualdır. Bu sualı əsaslı şəkildə cavablandıracam. Ancaq istəyirəm ki, dostlarımızın bu qonuda düşüncələrini alaq.

Abil Ulusoy: Mən də sizin hər birinizi salamlayıram. Bu gün Bəşərilik Bayramıdır. İnsanilik, Xəlqilik, Şərqilik, sonda isə Bəşərilik Bayramı. İnsan, Xalq, Doğu, Bəşər. Zəncirvari bir halqa. Soylu bəy bayramın fəlsəfi mahiyyətinə toxundu. Azərbaycanda, dünyada gedən proseslərin daha yaxşı öyrənilməsi üçün Asif Atanı oxumaq lazımdır. Asif Atanı nə qədər kamil öyrənsəniz, orda bütün suallara cavab tapılacaq. Bu günkü hadisələr detallardır hamısı. Köklü nə məsələlər varsa, Asif Ata o suallara cavab vermişdi yazılarıyla, kitablarıyla. Azərbaycanımız-Azərbaycanlığımız adlı sistem tamamlanmış bir sistem idi. Zərdüştdən başlamış Ocağa qədər. Ocaq da bir zirvə idi. Əslində onlar var idi. Asif Ata yoxdan nəyisə yaratmadı. Var olanı var elədi. Asif Atanın üstünlüyü də bu idi. Sistemsiz bir yaşayış yaşayırdı Azərbaycan. Günlərin bir günü bir kişi təpərləndi. Dedi, Azərbaycan, olanların nə varsa, yenidən sistem halında sənə qaytaracam. Əslində Azərbaycan yaratdı. Mən həmişə deyirəm, istər siyasilər olsun, istər başqaları, Azərbaycana Asif Atanın gözüylə baxsınlar. Onda Azərbaycanın böyüklüyünü də görəcəklər, onun problemlərini də görəcəklər. Problemlərdən çıxış yollarını da görəcəklər. Azərbaycana Asif Atanın gözüylə baxmaq olduqca çətindir. Buna zaman lazımdır. Bu, demək istədiyimin bir tərəfi. Elə Azərbaycandan söhbət eləyirik. Əslində dünyanı Azərbaycana görə sevməliyik. Mənim üçün dünya Azərbaycan deməkdir. Bu gün Güney Azərbaycanda bilirsiniz, 12 dekabr 21 Azər deyilən olayın anım günüdür. Bu həm bizim qürurumuz idi, həm səhvlərimiz var idi. 20 yüzil Güney Azərbaycan üçün inqilablar yüzili oldu. Hələ də itirə-itirə gedirik. Güney Azərbaycanda gedən prosesləri izləyirəm. Baxıb görürəm, ümumi İrançılıq ab-havası var. Bu da əsasən nəyə görədir? Çünkü dərs çıxarmaq üçün nəyisə rədd eləyəndə, əvəzində nəsə qoyulmalıdır. Güney Azərbaycanda olan tanışlarıma sosial şəbəkədən təklif eləyirəm, Asif Atanı öyrənin. Çünkü yalın mübarizə aparmaq olmaz. Özləri deyirlər, bir fitlə minlərlə adam küçəyə çıxır. Deyirəm bu fəlakətdir. Azərbaycanın Quzeyində isə Güney Azərbaycan olaydan olaya yada düşür. Məhəmməd Qəddafinin yaxşı bir sözü var partiyalarla bağlı. Deyir, partiya müasir diktaturadır. Siyasətlə məşğul olan biri kimi deyirəm, Azərbaycanda həmin proses yenə də davam eləyir. Çox təəssüf, siyasətin böyütdüyü balaca başlılar bütöv Azərbaycan səviyyəsində düşünə bilmirlər. Bütün partiyalardakı rus başlılar hakimiyyətə gəlmək üçün Rusiyayla əlaqə qurmağa hazırdılar. Ən xırdasından tutmuş böyüyünə qədər…

Bu gün Bəşərilik bayramında hamınızı təbrik eləyirəm. Bir şey deyim. Azərbaycanda hər bir idrakı olan Asif Atanı ciddi öyrənsin. İnanın, onda Azərbaycanın problemlərinin həlli yönündə doğru addımlar atılacaq. Azərbaycan bu günün özündə səhv yolda gedir. Ancaq Azərbaycanı doğru yola aparmaq üçün bir ideya var, məktəb var, Ocaq adında. Öyrənmək, öyrətmək. Ziyalıların işi budur. Mən bu ideyanın mütləq baş tutacağına inanıram. Çünkü başqa yol yoxdur. Öz xalqına inanmamaq ən böyük qeyrətsizlikdir. Xalqına inanmaq gərəkdir.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): İnsaniliyin, milliliyin sonucu bəşərilikdir. Ata deyir, özünə bərabər yaşamaq üçün insan özündən yüksək yaşamalıdır. Zahirən ziddiyyətli görünə bilər. Məsələ burasındadır, insan özü mahiyyətdir, idealdır. Ancaq insan buna bərabər yaşamır. İnsan gerçəkliyin, zamanın, həyatın tələbələriylə yaşayır. Mütləqin tələbiylə isə yaşamır. İnsan dünyaya gəlir, özündəki kamillikləri ideallaşdırırsa, o dəyərlər millətdə yaşayır. Yəni insanın özünü yetkinləşdirməsi millətdə davam eləyir. Yetkin insanlardan yetkin millət yaranır. İnsan öz ömründə mənəvi qanunları yaşadanda millət də bu qanunlarla yaşayır. İnsan öz aqibətinin yiyəsi olanda millət də bağımsızlaşır. İnsan özünü gəlişdirəndə millət də gəlişir. İnsanla millətin belə bir qutsal vəhdəti var. O vəhdəti ömürdə yaratmaq həm insanın, həm də millətin uğurudur. Xalqlar bir-birindən fərqləndikcə birləşir. Yəni xalqlar müstəqilləşdikcə, özünəxas olduqca, mədəniyyətləri, gələnəkləri özünəxas olduqca bəşəri vəhdətə can atır. İnsan olaraq özümü nə dərəcədə tanıyıram, nə dərəcədə özümlə döyüşürəm, özümü qururam? Millət olaraq da özümü bilirəmmi, dəyərlərimi tanıyırammı? Qürur duyurammı özümlə insan olaraq da, millət olaraq da. Bu sorularla yaşamalı insan. Asif Ata özüylədöyüş ideyası qoymaqla həm insan, həm də millətin, bəşərin qurtuluş yolunu göstərdi. Necə özü olmaq olar, necə millət olmaq olar? Bəşəri vəhdət bundan sonra qurulur. Çünkü özünü quran, yetkinləşən, bağımsızlaşan insanlardan qurulan millətlər bəşəri vəhdət qura bilər. Bu gün dünyada bəşəri vəhdət yoxdur. Ağalıq, köləlik var. Millətlərin kölələşməsi, insanların bir-birinə yadlığı, millətlərin bir-birinə yadlığı var. Bəşər öz mahiyyətini bir dildə ifadə edə bilməz. Müxtəlif dillər, mədəniyyətlər, gələnəklər zənginliyində var olur bəşər. Ona görə də millətlərin var oluşu bəşərilikdir. Millətlərin bağımsızlığı bəşərilikdir. Gələnəklər zənginliyi bəşərilikdir. Özümləşmək bəşərilikdir.

Atamız Var olsun!

Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.):  Min illərdir parçalana-parçalana, idrakda, mənəviyyatda geriləyən bəşəriyyətin var olmasını sağlamaq üçün Ocaq bu sorumluluğu üzərinə götürüb. Bəşərin var olmasını insani münasibətdə, insanın mahiyyətinə bərabər olmasında dərk elədiyi üçün Ocaq var. İslam insan idrakını kor eləyir. Bu səbəbdən bəşəriyyət mənəvi boşluq, inamsızlıq durumundadır. Bu qədər qarışıqlığın, inamsızlığın içində Ocaq Yükümlüsünün içində belə bir qətiyyətli, nikbin inam var. “Mən düşünürəm, dünya nə qədər əyri olsa da, mənimlə yol gedən dönüklük etməz, aldatmaz.” Ocaq insana belə bir inam verir. Müsəlman cənnət xülyasıyla namaz qılaraq ömrünü puçlaşdırır. Günev Atalı isə hünər, qeyrət göstərməsilə ömrünü amala verir. Onun Günev olmağı özünün fikrində belə bir təsdiqini alır. “Məni fomalaşdıran qarşıdurmalar oldu. Mənə qarşı hədsiz təpkilər oldu. O təpkilərdə mən yetişdim.” Belə hünərli ömürlər nicatı insanlaşmada görüb, insanilik ölçüsüylə yaşayır, bəşəriliyə qulluq eləyir.

Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Ocaq tədbirləri həmişə bizim İçərişəhərdəki evimizdə olurdu. Oranı İnam Evi sayırdıq. Biz öyrəşmişdik, həmişə Ocaq tədbirlərində olaq. Nəsibə xanım xəstələndi. O artıq Ocaq tədbirində olmayanda qala bilmir. Ona görə tədbirlər hərdən burda keçir. Soylu Atalı dedi, Nəsibə xanımı Bəşərilik bayramıyla sevindirək.

Asif Atanı mən çox oxumuşam. Sadəcə indi başıma gələnlərə görə fiziki cəhətdən mənim imkanım çatmır. Asif Atanın kitabları məni yaşatdı. Mən həmişə demişəm. Nəriman üç bacının bir balasıdır. Nəsibə xanım güclü insandır, belə oldu. O biri bacım elə xəstələndi, öldü. Məni ayaqda saxlayan Asif Atanın inamı oldu. Mənim həyata, özümə inamım oldu. Özümün içindəkinə inamım oldu. Mən 50 yaşımı ötmüşdüm Ocağı tanıyanda. Asif Atanı sağlığında görməmişəm. Onun da suçunu Abil bəydə görürəm. Çünkü Abil bəylə mən 1991-ci ildən tanışam. Asif Ata onda sağ idi. O mənə 2004-cü ildə dedi gəl səni bir yerə aparım. 13 ildə mən nə qədər iş görə bilərdim, cavan idim. Ancaq iş belə gətirdi. Ocaqçılarla birəm, Ocaqla qürur duyuram.

Bəybala bəy: Söz çoxdur deməyə. Bəşərilik bayramı insanlığın ən çox ehtiyac duyduğu bir qonudur. İnsanların ən çox üzləşdiyi problemlər də bəşəriliklə bağlıdır. Sizin ümumi çıxışlarınızdan gəldiyim sonucdan çıxış eləmək istəyirəm, bəşəriyyət insanın içindən başlayır. Bunun üçün çox örnəklər, təlimlər var. Ən böyük təlimlər milli dəyərlərimizə, əxlaqımıza söykənən təlimlər olmalıdır. İnsan bu təlimlər olmadan adam kimi doğulub, şəxsiyyət kimi formalaşıb, insan kimi yaşamasını öyrənə bilməz. Bəşəriyyətə hansı millətlər daha çox dəyərlər verirsə o millətlər heç vaxt assimliyasiya uğramılar. Yəni biz bəşəriyyət üçün yaşaya biliriksə, milli, əbədi varlığımızı ortaya qoya bilərik. Bu Bəşərilik bayramı münasibətilə özümüzü təbrik eləyirəm. Nə yaxşı biz bu ruhani düşüncənin içində varıq.

Soylu Atalı: Sizin hər biriniz düşüncələrinizi paylaşdınız. Var olun. Bir neçə sonlandırıcı söz demək istəyirəm. Ondan sonra yenidən süfrəmizdə başqa qonularımızı davam eləyə bilərik.

Böyük həcmdə, kiçik həcmdə olmasından asılı olmayaraq, tədbirlərimizin başlıca özəlliyi var. Biz hər kəsin düşüncəsini dinləməyə borcluyuq. Bəlli bir mədəniyyət, qanacaq əsasında hər kəsin düşüncəsini bildirməsində tədbirin ləyaqəti təsdiq olunur. İndi qısa şəkildə bacımızın sualını cavablandırmaq istəyirəm. Sualları çox sevirəm. Mən Asif Atanın ölümündən az sonra çox dözümsüz idim. Mənə sual verirdilər. Onun çox vaxt fərqinə varmırdım. Bəzən sual verənin sualında inkar görürdüm. Bu da məni özümdən çıxarırdı. Zaman-zaman bu halı ötə bildim, ona görə sualları çox sevirəm. Mənim qarşımda olan bu dəftər özümə suallar gündəliyimdir. Təkcə yazılı şəkildə 800-dən çox sual vermişəm özümə (şifahi suallarım isə minlərcədi). O sualın burada heç birinin cavabı yoxdur. Ancaq sualdır. Bu sualları yazmaq hardan ağlıma gəldi?! Biri var adam oxuyar, düşünər. Bir də var o sualları götürər yazar. Mən yazdım, bu sualları ola bilər, məndən sonra Ocağı arayan adamlar üçün bir önəm kəsb eləyə bilər. Onlar bu suallara doğru cavab tapa bilərlər. Ya bu bir gələnəyə çevrilə bilər, doğrudan da. Ona görə başladım bu sualları yazmağa. Demək istədiyimlə bağlı bir sual oxuyum sizə. Ata mühakimə olunmazdırsa, bəs müdrük şübhə nə deməkdir? Ata mühakimə olunmazdır. Çünkü bizim Ataya baxışımızın əsasında inam durur. Ancaq Atanın özünün “İnam və Şübhə” kitabı var. O kitabda şübhəni və inamı təsnifləşdirir: Naşı inam, müdrik inam, naşı şübhə, müdrik şübhə. Bəs naşı şübhə nədir, müdrik şübhə nədir? Ata mühakimə olunmazdır. Mənim isə içimdə sual var. Ola bilər o sualı mən səsləndirəm, Atanı mühakimə kimi görünə bilər. Ancaq buna mənim haqqım var. Mənim içimdə şübhə var. Onu mən aydınlaşdırmalıyam. Mən bu sualı əslində Ataya verirəm. Baxmayaraq, Ata yoxdur. Atanın ideyası, düşüncəsi, sistemi var. Ora verirəm sualı, ordan axtarıram cavabları. Ata mühakimə olunmazdırsa, bəs müdrik şübhə nə deməkdir? Məsələn, Ocaqçı Ataya sual vermirmi ki, Ruhani dövlət siyasətsiz dövlətdirmi? Deyilsə, niyə ruhani dövlət adlanır? Yox elədirsə, yəni siyasətsizdirsə, bəs adamlıq necə nizamlanacaq? Ata deyir, ideal heç vaxt gerçəklikdə tam özü olmur. Ancaq daim ideala can atmalar olur. Sualın içində bir balaca cavab da var. Mənim suallarım həm dünyaya, həyata baxışı aydınlaşdırmaq yönüdür, həm də özümü, kimliyimi aydınlaşdırmaq yönündədir. Suallarımın içində yazmışam. Məndə acıq var. Ancaq kin yoxdur. Bu acıq nəyə dayanır? Mənim içimdə əngəl var. Nədir mənə mane olan? Xarakterimdə bir boşluq var. O nədir? Bu Asif Atanın özüylədöyüş ideyasından irəli gələn bir şeydir. Mən həmişə özüylədöyüşən adamam. Səmimiyyətlə deyim, heç bir vaxt özümlə barışmıram. Yəni barışmamaq xətrinə yox. Çünkü barışmamaq üçün səbəb tapıram. Düşünürəm, yaxşı ki, səbəb tapıram, barışmıram. Barışsam, məndə inkişaf dayana bilər. Mən bu sualları özümə, Asif Ataya, Asif Atanın fəlsəfəsinə yönəldirəm. Asif Ataya yönəlik bir sual yazmışam yenə. Zaman keçdikcə dünyabaxışlar aşılanır, zəifləyir. Asif Atanın aşılanması ola bilərmi? Bilərsə, nə deməkdir? Bu suala Ocaqçı cavab tapmalıdır. Bu sualı yönləndirməlidir həm də. Belə deyək, Atadan soruşmalıdır. Atanın fəlsəfəsinə dayanıb, düşüncəsinə dayanıb cavablandırmalıdır. Nəyisə bəzəməyə haqqımız yoxdur. Özünü süni üstün göstərmək ölməzliyə aparan yol deyil, şöhrətə aparan yoldur. Ona görə də belə axtarışlar mənim içimdə gedir.

İndi sizin sualınıza gəlirəm. Başlıca Asif Atanın uğurunu demək istəyirəm sizə. Məsələn mən kənddən gələn bir adam idim. Baxmayaraq, mən yüksək oxulda (ali məktəbdə) oxuyanda tapmışdım Asif Atanı. Dünyagörüşü olmayan, mütaliəsi olmayan bir adam idim. Dünyanı, həyatı anlamayan biri idim. Sadəcə natiqliyim var idi. Bəzən düzdür o natiqlik aldadırdı başqalarını. Başqaları elə bilirdi mənim dərin biliyim var. Halbuki deyildi. Özüm də əzbərçi olmuşam. Uzun çağlar özümə sual verməyə başladım, nədən buna ehtiyacım var, başqaları məni dərin saysın? Axı dərin deyiləm. Özüylədöyüş gündəliyimdə onları yazdım. Sonra gəldim “İnam Sorağında” adlı kitab yazdım. Orada bunları yazdım, mən kim idim. Məni yalnız Asif Ata tanımışdı. O bilirdi, mən saf kəndçiyəm, həyalıyam. Ancaq şüurum, mədəniyyətim, dünyagörüşüm olduqca zəifdir. O bunu bilirdi. Məndə vətənsevərlik potensiya kimi vardı. İndi mən hünərlə, cəsarətlə deyə bilərəm ki, mən Asif Atanı dərk eləyirəm. Bu Asif Atanın uğurudur. Hər bir bu cür dünyabaxışın yaranması, gerçəkləşməsi üçün bəlli aşamalar olur. Birdən-birə hansısa aşamaya gəlib çıxmır. Dünya dinlərini öyrənmiş bir adamam. Dünya ruhaniyyatını öyrənmişəm. Bununla bağlı əsərlərim, yazılarım var. Orada da yenə mən özümü aldatmamışam. Orada da özümə suallar vermişəm. Asif Ata yeni bir dünyabaxış yaradıb. Bundan öncə isə dünyabaxışlar mövcuddur. Mən Asif Ata mənimdir deyərək bundan öncəkilərin üstündən xətt çəkməyim. Ədalətsizlik olar. Onu öyrənim, görüm üstündən xətt çəkiləsi nə varsa, onun üstündən xətt çəkim. Doğrunun üstündən xətt çəkməyim. Çünkü bu mənim üçün ayıb olar. Asif Atadan başlayaraq, ortaya çıxıb bəşərə Azərbaycan dəyərlərini tanıtmağa çalışıramsa, mənim haqqım yoxdur ədalətsizlik eləyim düşüncədə, axtarışda. Ona görə araşdırıb öyrənəndə Asif Ata, deyək ki, Budda. Asif Ata, Musa, Asif Ata, İsa, Asif Ata, Zərdüşt, Asif Ata, Məhəmməd. Yəni belə tutuşdurmalarla öyrənməyə çalışmışam. Asif Ata deyirdi, Sufiliklə Hürufilik arasında bir addım yol var idi. Ancaq bu bir addım min ilə bərabər oldu. Bax mən onu araşdırdım, niyə deyir Asif Ata? Onun anlamı nədir? Onu öyrənəndən sonra özüm dedim, Asif Atayla Tolstoyun arasında bir addım var. Ancaq bu bir addım min ilə bərabərdir. Nə idi o min il məsələsi? Onu da mən yazmışam. Tolstoy insana baxış məsələsində çox gözəl aydınlıqlar gətirir. Sonra vurğu edir, mən demirəm, mənim qəbul elədiyim dünyagörüş ən yaxşısıdır. Mən deyirəm, mənim qəbul elədiyim daha anlaşıqlı, daha sadədir. Əgər bundan daha üstün inanc mənə təqdim eləsələr, məmnuniyyətlə qəbul eləyərəm. Tolstoy özünə qədərki inanclar sisteminin içərisində ən doğru bildiyinin üzərində dayandı. Orada özünün baxışlarını sunmağa çalışdı. Məsələn, o deyir, əsil xristianlıqda filan şey belədir. Mən görürəm, Tolstoy burda əsil xristianlıq deyəndə xristianlığa özgün elədiyi öz baxışlarını ortaya qoyub. Çünkü özü dünyabaxış yaratmayıb deyə xristianlığın üzərində vurğu eləyir. Özünə qədərki dünyagörüşlərin birinin üzərində dayanır, öz düşüncələrini orda ifadə eləyir. Mən deyirəm, Asif Ata özünə qədərki dünyabaxışların heç birində dayanmadı. Çünkü Asif Atanı heç biri qane eləmədi. Özü yeni bir dünyabaxış yaratdı. Bu dünyabaxışın bütün düşüncələrini sistemə çevirib bu sistemin içinə aldı. Bax, bu min ilə bərabər bir addımdır.

Bayaq dedim, istənilən bir dünyabaxışın şəkillənməsi, oturuşması bəlli aşamalardan keçir. O aşamaları necə dəyərləndirmək olar? Ayrı bir məsələdir. Ancaq mən Asif Atanın inamını, oturuşması yönündən aşamalara bölmüşəm. “İnamın bilinmə aşamaları” adlı yazı yazmışam. Asif Ata 60-cı illərdə ədəbiyyat tənqidçisi kimi başladı. Ədəbiyyat tənqidçisi kimi başlayan Asif Atanın prinsipləri fərqli idi. Hakimiyyəti dəyişmək, özünün hakimiyyətə gəlməsi, istədiyi dövləti qurması, belə-belə düşüncələri var idi. Ancaq 75-ci ildə Estetik tərbiyə klubunda düşüncələrini deyir. Sonra güclü şəkildə KQB-nin təqibi başladı. O təqib başlayandan sonra çevrəsində heç kim qalmadı. Onda Ocaq ideyasına gəlib dayandı. Dedi, mən elə bilirdim bizim toplumumuz çox şeylərə hazırdır. Ancaq bizim toplumumuz nəinki dövlət yaratmağa, onu yönətməyə, heç beş addım yol getməyə hazır deyil. Dedi, düşündük, daşındıq Ocaqlaşma yolu tutduq. Xalq içindən dəyişməlidir, xalqın milli-insani şüuru yenilənməli, özünəxaslıq formalaşmalıdır. Bu istəklə ortaya çıxdı. O istəklə də fəaliyyət başladı. Bütün ruhaniyyat tarixində görmüşəm, onlar hansı aşamaları keçiblər. Onlar hansı təpkilərlə qarşılanıblar. Asif Ata da onlar kimi təpkilərlə qarşılanıb. Ata sözü peyğəmbər sözündən qat-qat yüksək sözdür. Türkdə dədəlik gələnəyi olub Dədə Qorquddan başlayan. Ancaq dediyim kimi, Ata sözünün oturuşması üçün nə qədər zaman tələb olundu. Ondan sonra zaman-zaman insanlara adi gəldi, öyrəşdilər bu sözə. Asif Ata yeni düşüncə yaradıb, yeni yol yaradıb. Təpki məsələsi, sonra toplumun qulağı dolur, öyrəşir. Üçüncü aşamada ayılmağa, düşünməyə başlayır. Sonrakı aşamada milli şüurun yavaş-yavaş gəlişməsi. Sonuc olaraq başa düşür, ona nə gərəkdir. Onda ayılır, biz uçuruma gedirik. Bəs nə gərəkdir. Onda Asif Atadan yapışır. Yapışır ki, qurtuluşu bundadır. Biz o aşamaları yaşayırıq. Bu aşamalarda biz Ocaq olaraq neylədik Asif Atanın ölümüdən sonra. Biz Azərbaycanın 50-yə qədər rayonlarında görüşlər keçirmişik. Minlərlə ədəbiyyatlar yaymışıq. Ölkənin sınırlarından qırağa çıxmışıq. Tolstoyla bağlı yazıda yazmışam, bu gün qıraqdan Ocağa baxarsan, Ocağın yerişində zəifliklər də görə bilərsən. Yəni Ocaqçıların yerişində, davranışlarında qırağaçıxmalar da görə bilərsən. Ancaq bilmək gərək, Ocaq adlanan ruhani bir olayın 41 ildir ortada olması çox dərin, böyük zəhəmətlərlə başa gəlib. Üzdə görünənlərdən qat-qat dərində durur o əməllər, fədəkarlıqlar. Elə hallar yaşanıb, bizim elə Ocaqçılarımız olub, boğazından kəsiblər. Bu gün də indiki ağır durumda biz boğazımızdan kəsib onu yaşadırıq. Biz də nə yerin deşiyindən çıxmamışıq, nə də göydən zənbillə sallanmamışıq. Biz bu xalqın övladıyıq, bu xalqın içindən gəlib Asif Atanı tapmışıq. Heç kimdən artıq deyiləm, qətiyyətlə inanıram, əgər mən Asif Atanın davamında bu cür aşamaya gəlib çıxa bildimsə, xalq onu qıraqda saxlamayacaq. Onu götürəcək. Bunun üçün zaman, zəhmət gərək, yol gərək, yeriş gərəkdir.

Çox sağ olun dinlədiyiniz üçün. Bununla da, söhbətimizin mərasim hissəsi başa çatır.

Bayram quralları yerinə yetirildikdən sonra, Çay süfrəsində doğmalaşma söhbətləri davam edir.

Atamız Var olsun!

 

Qar Ayı, 41-ci il. Saray-Soylu.

(yanvar, 2020.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir