(Dialoqlar)
Soylu Atalı: Tutaq ki, biri pisdir, ya vətən xainidir. O adamın cəzası İnsanlaşmaqdır. Onun içindəki şər ölməlidir, şəri cəzalandırmaq gərəkdir. Şəri nəylə cəzalandıra bilərəm, onun içindəki insanı diriltməklə. Bütün məsələ odur. İnsanın içində insanı diriltməsən şəri öldürə bilmirsən. İnsanın içində də insanı diriltmək üçün şərlə cırmaqlaşmalı deyilsən. İnsanın özünü çağırmalısan. O özü gəlməlidir. O özü döyüşməlidir içindəki şərlə. Qıraqdan onun yerinə döyüşə bilməzsən. Onun içindəki insan döyüşməlidir. O insanı oyatmaq gərəkdir. Bizdən tələb olunan davranış budur. Yoxsa ona qarşı aqressiv yanaşmaq heç nəyi həll eləmir. Aqressiya aqressiya doğurur. Çığırarsan çığıracaq, söyərsən söyəcək. Sevgi ilə yanaşarsan, düşünəcək, ağlı işləməyə başlayacaq. Yəni hər şey özünə uyğun davranış doğurur. Bütün məsələ odur. Qarşındakı içində eybəcərlik daşıyırsa onun içindəki insanı oyatmaq gərəkdir, bunun üçün onun ürəyinə yol tapmaq gərəkdir. Yoxsa qıraqdan onun içindəki eybəcərliklə döyüşə bilməyəcəksən. Mütləq onun öz içindəki insan oyanıb eybəcərliklə döyüşməlidir. Onun ayrı variantı yoxdur. Ona görə Ata deyir, insanın içindən başlayır hər şey. Bunun üçün sənin içində nələr var, tanımalısan. İçində aqressiya var, aqressiyana haqq verirsən.
Sən hakim deyilsən ki, qərar verəsən, filankəs vətən xainidir. Vətən xainini cəzalandırmağa dövlət var, qanun var. Mən aydınam, onu doğru yola çağırmaqdır. Mən ağlayıram onun durumuna. Onun içində xainliq oturub, mənəviyyatını öldürür, mən ona ağlayıram. Mən öz aqressiv davranışımla onun içindəki xainliyə haqq verib diriltməli, gücləndirməli deyiləm. Mən onun üstünə getdikcə onun içindəki xainlik gizlənir, güclənir. O, içindəki xainliyin yanında olur, ona haqq verir. Biz insanı məcbur eləməli deyilik içindəki şərlə birləşsin. Biz insana yardım etməliyik,özündəki insanı oyadıb içindəki şərlə döyüşsün. Özü döysün onu. Özüylədöyüş budur. Özüylədöyüşün başqa məzmunu, başqa anlamı yoxdur. Dediklərinizin çoxu başqasıyla döyüşdür, özüylə yox. Ocağın tələbi budur, müqəddəsliyin yolu budur, ruhaniyyatın yolu budur. Ruhaniyyat mənimm içimdən başlayır. Mən ruhaniyyatın işığını öz içimdə yandırmalıyam ki, içimdəki qaranlıqları qovum. İçimdəki qaranlığı qovandan sonra hər şey mənə işıqlı, aydın görünür, necə davranmaq gərəkdiyini mənə diktə edir. İçimdə işıq davranır, qaranlıq yox. İçimdə xeyir davranır, şər yox. İçimdə insan danışır, şər, xain yox. İçimdə aqressiya yox, insan danışır. İnsan necə davranır, mərhəmətli, xeyirxah, sevgiylə, öyrədərək, böyüdərək. İçimdəki insanı oyatmalıyam, yaratmalıyam, şər içimə hakim ola bilməyəcək, o davranacaq.
İnsana mane olan cəhətlərdən biri aqressiyadır. Sənə elə gəlir, filankəs belə edir, mən də ona sakit yanaşıram, mən şərlə döyüşmüş olmuram. Ata deyir, cinayətin ən böyük cəzası İnsanlaşmaqdır.İçindəki şəri öldürmək istəyirsənsə insanı diriltməlisən. İnsan şər daşıyır, onun cəzası içindəki şərin ölməsidir. İnsanın özünü öldürürsən, içindəki şəri öldürmürsən. İnsanı tuturlar, həbs eləyirlər, ancaq insanın içindəki caniliyə dəymirlər, caninin özünü cəzalandırırlar. İçindəki cinayət yaşayır. O türmədən çıxandan sonra cinayətlə bir yerdə, caniliklə biryerdə çıxır. Onun içində iş aparmaq gərəkdir. Ona əzab, işgəncə vermək yox, onun içindəkini diriltməyə çalışmalısan. Dövlət bunu eləmir, dəyənəyi götürür. Bu çıxış yolu deyil. Bunlar dəyənəklə toplum üçün daha aqressiv cinayətkarlar hazırlayırlar. Türmə ağır cinayətkarlar yetişdirir, hazırlayır. Heç birinin içində cinayət ölmür. Yenə deyirəm, ona görə Ata deyir, cinayətin ən böyük cəzası İnsanlaşmaqdır. Özüylədöyüş budur.
Mən insanlarla söhbət edirəm, konkret kiminləsə söhbət edəndə onun özünü qamçılamıram, içində daşıdığı pislikləri qamçılayıram, ancaq onun özünün adını çəkmədən. Qamçılayıram, döyürəm onun gözünü açmaq üçün. O başa düşməlidir ki, mən ondakıları deyirəm. Belə hal yaratmağa çalışıram. Ancaq birbaşa deyəndəki sən beləsən, onda özünüqoruma instinkti işə düşür, qabarır üzümə. Öyüd, qınaq iş görə bilmir. Ancaq deyəndə ki insanda filan çatışmazlıqlar olur, bu insana yaraşmır, bu alçaqlıqdır, filandır. Onun özünün adını çəkmədən içini təhlil edirsən, onun içindəki şəri elə susdurursan, sındırırsan. Pisin peşəsi pislik sərgiləməkdir. Şər daşıyan şər sərgiləməlidir. Onun funksiyası odur. Xarakteri odur. Sən onunla durub cırmaqlaşanda birini sən deyirsən, birini o deyir, tamam səviyyən düşəcək onun səviyyəsinə. O sənin üzərində qələbə çalacaq. Başqa sözlə onun içində daşıdığı balacalıqlar onun da, sənin də üzərində qələbə çalacaq, yaşayacaq, güclü olacaq. İctimai şəri döyməyin yolu məhz onu gücləndirməməkdir. Onu islah eləməkdir. İctimai şərlə döyüş odur, bu ayrı-ayrı fərdlərlə döyüşmək anlamına gəlmir.
Qıraqdan hansısa bir deyilişə dözmürük, aqressiv qarşılıq veririksə, o zaman bilməliyik ki, zəiflik öz içimizdədir. Müdrik insanın içi o qədər bütöv, o qədər sağlam olur ki, qıraqdan hər hansı bir danqıltı o müdrikliyə, böyüklüyə etki göstərmir. Onu Özündən çıxartmır, ayırmır.
İnamlı Atalı: Şərin sifətləri çoxdur, hər biri insanın qabağına müxtəlif sifətlərdə çıxır. İnsanda böyük bacarıq olmalıdır ki, şərin hər çeşidinə qarşı ona lazım olan müdrikliyi ortaya qoya bilsin.
Soylu Atalı: Bəs özüyldöyüşün adı nədir, daxili şərlə döyüşün adı nədir?! Mən öz içimdə özümü tanıyıram, bütün balacalıqlarımı islah edirəm, əməlsiz qoyuram. Qarşıma belə bir şey çıxanda dərhal onu tanıyıram, çünkü onu özümdə islah eləmişəm. Onu tanıyıram, görürəm içimə uyğun deyil. İçimə nəsə uyğun olanda ziddiyyətlər yaradıb çaşdıra bilir.
Qarşına hansı çıxırsa çıxsın, şərin adı şərdir. Mən o şərin istəklərinə, arzularına cavab vermirəm, içimdəki İnsanlığın tələbləri ilə yanaşıram. Onda qarşıdakı yenilir. Qarşıdakı məni o vaxt yenir ki, mənim içimdə özünə bərabər bir şey aşkarlayır. Onunla əl-ələ verir, məni yenir. Mənim içimdə bir şey tapan kimi onunla birləşir mənə qarşı. Onun içindəki şərlə mənim içimdəki şər birləşir, başlayır bağırmağa. İkisi də güclənir, sonucda şər yaşayır, pislik yaşayır, biz məğlub oluruq.
İnamlı Atalı: Tutaq ki, biri məni söydü, biri böhtan atdı, biri məni yıxdı. Bunlar hələ xırda məsələlərdir, deyirəm. Məni yıxanda bir müdriklik eləməliyəm utansın. Böhtan atanda yenə başqa bir müdriklik eləməliyəm ki, o yenə utansın. Söyən adama da elə bir reaksiya verməliyəm, o, söyüşün qəbahət olduğunu anlasın, bundan əl çəksin. Yəni müxtəlif variantlarda müxtəlif reaksiyalar tələb olunur. Bunları öz içimdə yaratmağın yönünü axtarıram.
Soylu Atalı: Qardaş, səhərdən axşama səni öz içindəki söyür, sən heç onun ağzına vurmursan. Onun ağzına vurandan sonra qıraqdan söyənə hansı reaksiyanı verməyi biləcəksən. Öncə öz içində səni söyənin ağzından vur. Biz birinci növbədə öz içimizdə aşağılanırıq, onun fərqinə varmırıq. Bizim içimizdə pislik var, bizi təhdid eləyir, mənəviyyatımızın yerini dar eləyir, bunu görmürük. Ancaq qıraqdan balaca bir pislik görəndə qıcıqlanırıq. Bu elə öz gözündəki tiri görməmək məsələsidir.
İnamlı Atalı: Öz içimdə bəraətim var.
Soylu Atalı: O bəraəti islah eləməlisən. Özünüqoruma, başqa sözlə, balacalığı qoruyan instinktini islah eləməlisən. Ona boyun əyməməlisən. Mənə böhtan atdılar, önəm vermədən Ocaq işləriyləuğraşdım. Səfərlər elədim, rayonlarda görüşlər keçirdim. Kitablar yazdım. Axırda nə oldu, mən Soylu oldum, onlar öz səviyyələrində qaldılar. Onlar yenə aşağıda böhtanlamağa, şərləməyə adam axtarırlar. Cılızlıqlarını, kiçikliklərini yaşatmağa mühit axtarırlar. Reaksiya vermə, sayma. Şəri saydıqca o güclənir…