Xəbərlər

Dəyərlərimizin dəyərini qoruyaq (Soylu Atalı ilə müsahibə)


Bu günlərdə dövlət xadimi, ixtisasca tarixçi alim Həsən Həsənov müsahibəsində atəşpərəstlik dininin banisi sayılan Zərdüştlə bağlı bəzi fikirlər söyləyib. O, Zərdüştlüyü atəşpərəst saymır və onu türksoylu xalqların düşüncəsinə, mənəviyyatına zidd sayır. Bununla bağlı tanınmış fikir aydını, Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının fikirlərini soruşduq. Bu söhbəti Qlobal.az oxuculara sunur.

20160126_172657

 – Soylu bəy, bir neçə gün öncə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov müsahibəsində Zərdüştlüyü türkəsilli xalqların düşüncəsinə və mənəviyyatına zidd adlandırıb. Tarixçi alimin bu sözləri nə dərəcədə doğrudur?

 – Mən o müsahibəni oxudum. Doğrusu, tam anlaya bilmədim. Həsənov orada tarixçi kimi deyil, diplomat kimi danışır. Tarix – məntiqli arqumentlərlə doğrular. “Gedib axtarıb oxusunlar, filan etnik kimdir, filan söz nədir” – bu, tarixçi yanaşması deyil. Belə ciddi məsələlərlə bağlı tələm-tələsik mövqe sərgiləmək heç nəyə aydınlıq gətirmir. Elə bil Dış İşlər baxanı jurnalistin sualına cavab verir – örtülü, qapalı, tapmacalı. Mən anlayıram, ola bilər Həsənov tarixən farslarla türklər arasında olan ziddiyyətləri nəzərdə tutur və diplomat olduğu üçün, onu (siyasi don geydirilə bilər deyə) açıq danışa bilmir. Belədirsə, ümumiyyətlə münasibət bildirməməsi doğrudur.
Zərdüştçülük inancına gəlincə, bu, “Od İşığı” ideyasıdır, Göy Tanrıçılığın davamıdır. Özündən sonrakı bütün dini baxışlara etki göstərmişdir. Azərbaycançılığın ruhani mahiyyətini ifadə edir. Biz bilə bilmədik ki, “Azərbaycan mənəviyyatına ziddir” deyəndə Həsənov nəyi nəzərdə tutur? Zərdüşt inancının əsas kitabı Yasnalar və onlara özgün olan Qatalardır. Bunlar da himn və dualardan ibarətdir. Sonra Vendidad, Vispred, Yaştalar gəlir ki, bunlar da müxtəlif münasibət kodekslərini daşıyırlar. Ümumən həyata yanaşma, özəllikcə, ailə məsələsi ilə bağlı mənəviyyat ölçüləri Zərdüştlükdə ən yüksək səviyyədədir.  Əhəmənilər Zərdüştlüyü rəsmi dövlət dini kimi qəbul edəndən sonra, bu dinin yasalarında, özlərinin istəklərinə uyğun dəyişikliklər ediblər. Yanılmıramsa, hökmdar Kirin nəvəsi olub, o, öz bacısı ilə ailə qurmaq üçün dinin ailə prinsiplərində dəyişiklik həyata keçirib. Bəlkə Həsənov “ziddir” deyəndə bunları nəzərdə tutub. Bilməyimiz gərəkdir ki, Əhəmənilərin bu və buna bənzər yolverilməz işlərinin türk xarakterinə heç bir özgünlüyü yoxdur.

– Zərdüştlüyü xalqa tanıdan həm də Asif Ata olub. Atada Zərdüştliyə bir vurğunluq var. Hətta müsahibələrinin birində Zərdüştü bəşəriyyətin birinci peyğəmbəri adlandırıb. Asif Atanı ideoloji olaraq Zərdüştə bağlayan nə idi?

– Ata Zərdüştdən bəhrələnib. Dediyimiz kimi, “Od İşığı” ideyasını yüksək qiymətləndirir. Ümumiyyətlə, Odun İşıq anlamı Atada da müqəddəsdir. Türkdə odsevərlik (atəşpərəstlik) yox, İşıqsevərlik olub. Od çirk götürmür, yandırır. Yandıqca işıq əmələ gəlir. İşıq mənəviyyat gözəlliyi deməkdir. Bu, böyük ideyadır. Ancaq Ata Zərdüştçü deyil, Mütləqçidir. Özünün daha kamil Dünyabaxış sistemi var. Dünyanın dünyadan böyük Mənasına inam – Varlığa münasibətin yeni aşamasıdır. Zərdüştdə arı duyğu, arı düşüncə, arı əməl Odun İşıqçılıq anlamını doğruldur. Asif Atada Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə – İnsanlaşma ideyasının özül prinsipidir. Bu ideyalar çox doğmadır – türk ruhundan gəlir.
Sorunuzun ikinci çalarına gəlincə, doğrudur, Ata Zərdüştü bəşəriyyətin ilk peyğəmbəri sayır. Ataya görə peyğəmbərliyin anlamı da fərqlidir. Peyğəmbər sözünün hərfi anlamı Allahdan soraq gətirən elçi olsa da, onun fəlsəfi-ruhani anlamı Allahlıq, İnsanlıq məsələlərinə münasibət sərgiləyən Dünyabaxış yaradıcılığıdır. Başqa sözlə, Tanrısal sistemi yalanlardan arındırıb insanın yaşam nizamına doğru ölçülər verməkdir. Zərdüştçülükdə mifoloji faktorlar üstünlük təşkil eləsə də, yaşama sunulan quralları sağlam idi. Ona görə Ata Zərdüştü o birilərdən üstün peyğəmbər sayır…

– Avestanın qısa məzmunu xeyirxahlıq olsa da onun ilkin mərhələlərdə iki milyondan artıq misradan ibarət olduğu deyilir. Ola bilərmi ki, Avestanın ideologiyasının sıradan çıxmasına səbəb misralarının “insan ömrünə sığmaması”dır?

– Avestanın bütöv şəkildə bizə gəlib çatmamasının başlıca nədəni onun iki dəfə toplu halında yandırılmasıdır. Birinci dəfə Makedoniyalı İsgəndər Doğuya yürüş edərkən yandırmışdı. Doğuda Avesta mədəniyyəti bütün mədəniyyətlərdən yüksək idi. Bundan qat-qat aşağı olan Ellin mədəniyyətini bizlərə vermək çətin idi. İsgəndər bunu anladığı üçün Avesta mədəniyyətinin yazılı qaynaqlarını oda tutmuşdur. (Ən çox Əhəməni katiblərinin dəyişiklik elədiyi əsərlər bizə gəlib çatmışdır). Görünür, bunu İsgəndərə öyrətməni, azman elm adamı Aristotel anlatmışdır.
İkinci dəfə Avesta qaynaqlarını, bizə İslam mədəniyyəti gətirən ərəblər yandırmışlar. Bu da Avesta mədəniyyətinin İslam mədəniyyətindən yüksəkdə durmasına görə idi. Həm yandırıblar, həm də böhtanlayıblar. Bu gün bəzi özümüzünkülər də, ən çox ərəb qaynaqlarına dayanıb dəyərlərimizi köhnə böhtanlarla sıradan çıxarmağı davam edirlər. Yaxşı, Zərdüşt bizim deyil, Babək bizim deyil, Şah İsmayıl pisdir, bəs bu Azərbaycan nə deməkdir?! Azərbaycanın dəyərlərini danıb onu havadan asılı qoymaqla nəyə uğraşmaq istəyirlər?! Zərdüştü İslamın xeyrinə rədd edirlər, Babəki İslamın xeyrinə vururlar, Dədə Qorqudu İslamın xeyrinə cavanlaşdırırlar. Hara gedirik görəsən?!

– Həsən müəllim müsahibəsində Avestada Franqrasyan, pəhləvi mənbələrində isə Frasyaq adlı şəxsi və onun mənsub olduğu etnik qrupun adını müəyyənləşdirməyin vacibliyini qeyd edib. Siz bu adlara rast gəlmisinizmi?

– Franqrasyan, Pəhləvi qaynaqlarında Frasyaq, Firdovsinin “Şahnamə”sində Əfrasiyab Maday (Midiya) hökmdarı Alp Ər Tonqanın adıdır.

      Alp Ər Tonqa derlər bir xaqan vardı,

      Ona yer üzü dar, göy üzü dardı.
Tuğ (sultan) eləmişdi göy yüzünə günəşi.
Bilgəlikdə dəxi yoxdu bir eşi.
Göy Türk, Uyğur, Karluk, Qaraxanlı.
Daha neçə Türklər adları şanlı,
Onu özlərinə ata saydılar,
Şöhrətini dörd bucağa yaydılar.
Uçmağa (behişt) varınca ol ulu xaqan,
Yıxıldı üstlərinə göy kurıqan…
Anca qanlı yaş töküb yoğladılar (donub qalmaq)

          Çığırışıb ağladılar, ağladılar…

 (“Alp Ər Tonqa dastanı”ndan)

(Firdovsi əsərində onu çox aşağılayır). Farsların xəyanəti sonucunda qətlə yetirilib. Alp Ər Tonqa dastanını Turan salnaməsi saymaq olar. Bununla qürur duymaq gərəkdir.

– Sizcə tarixçi alim Franqrasyanın Əfrasiyab- Alp Ər Tonqa olduğundan xəbərsizdir?

– O zaman tarixçi alimin hansı tutarlı arqumentləri varsa, buyursun bizləri tanış etsin. Görək onu təmin etməyən məsələlərin kökü nəyə gedib dayanır.
İşin qəribə cəhəti ondadır ki, belə məsələlərlə bağlı ziddiyyətli fikirlərin formalaşmasını tarixçi alimlər sağlayır. Nədən tarixçi alimlərin bir çoxlarının düşüncələri milli dəyərlərimizin inkarı üzərində gəzişir? Əgər sayğıdəyər Həsən Həsənov bu məsələlərə aydınlıq gətirsə, sevinənlərdən olarıq.

– Soylu bəy, Avestada deyilənə görə etnik qruplar konkret olaraq Xeyir və şərə bölünür, Bu barədə nə deyə bilərsiz?

– Əhəmənilərin dəyişiklik elədikləri mətnlərdə belə şeylərə rast gəlmək olar. Ancaq Zərdüşt İnancında etnik bölücülükdən söz gedə bilməz. İnsanlıq uğrunda, İnsan uğrunda Hürmüzün döyüşü, Xeyirin Şər üzərində qələbə çalmaq məqsədi bəşəri anlam daşıyan ideyadır. Bu böyük ideyanı etnik separatizm səviyyəsinə endirib cılızlaşdırmaq yolverilməzdir.

– Avesta dini xarakterə malik kitab sayılmaqla yanaşı həm də tarixi mənbə kimi istifadə olunur. Amma bu kitabda fars adına rast gəlinmir. Daha doğrusu, farslara arilər deyilir, Onların əslən hind-iran köçəri tayfa olduqları deyilir. Avestanın mətnlərinin bir çox hissəsinin məhvinə səbəb bu yazılanlar ola bilərmi?

– Doğrudur, Avesta bilik sistemidir. Hətta Zərdüştün İnancı ilə sınırlanmır, ondan öncəki çağların bilgiləri də bu mədəniyyət sistemində öz əksini tapmışdır. Ancaq dediyimiz kimi, iki dəfə yandırıldığına görə bizə bəlli olmayan bir sıra şeylər silinib gedib.
Mən farsların Avestanı məhv eləmələri faktını heç yerdə oxumamışam. Ola bilsin belə bir şey olub, sadəcə mən bilmirəm. Gümanlarla danışmaq fakt demək deyil. Ancaq bir şeyi deyə bilərəm ki, bu İnanc farslara doğma olmayıb. Ona görə də ərəblər İslamla gələndə farslar Zərdüştçülükdən tez əl çəkdilər, döyüşsüz İslamı qəbul elədilər…

– Soylu bəy, Avestada türk etnosuna aid olan adlar var?

– O çağlarda prototürk adları olub. İndi o adlar işlədilmir. Bunları tutuşdurub aydınlıq gətirmək etnoqrafların işidir. Bu məsələləri işləmək böyük qeyrət məsələsidir.
Əsas məsələ odur ki, İnanc Göy Tanrıçılığın davamıdır. Özündən sonra isə Xürrəmdinlikdə dərin izləri vardır. Hürufilikdə də etkisini göstərmək mümkündür. (Buna, gərək bilsəniz, ayrıca müsahibə həsr etmək olar).
Onu da deyim ki, Avestada adları keçən coğrafi yerlər Azərbaycan torpaqlarıdır – Savalan, Mil-Muğan və b.

– Həsən müəllim iddia edir ki, Zərdüştilik atəşpərəstlik deyil, zərdüştilər atəşə pərəstiş etmirlər. Atəşə pərəstiş edən xalq isə islamaqədərki türk əsilli xalqlardır…

– Məncə, yuxarıdakı cavablarımız bu sualı da qapsayır. “Od İşığı” ideyası Göy Tanrıçılıqda da var, Zərdüştçülükdə də. Hürmüz əslində Əhrimən qaranlığını Od İşığı ilə yarır. Əhrimən ürəklərdə qaranlıq bəsləməyə çalışır. Bu qaranlıqda məkr, fitnə, qəbahət… böyüyür. Eybəcərlik insanın duyğularına, düşüncələrinə, əməllərinə yayılır. Bu zaman Hürmüz işığı (od) qaranlıqları yarır, duyğulardakı, düşüncələrdəki, əməllərdəki məkri, fitnəni, qəbahəti təmizləyir, mənəviyyat işığa çevrilir. Od çirkabı yandırdıqca işığa çevrilir. Arı (təmiz) duyğu, arı düşüncə, arı əməl ideyası təsdiq olunur.

– Siz sualı cavablandırmadınız. Burada konkret ittiham var. Zərdüştilik atəşpərəstlikdirmi?

– Mən sualı cavablandırdım. Yuxarıda dedim ki, türklər odsevər, yəni atəşpərəst olmayıblar, İşıqsevər olublar. Odun İşıq anlamı əsas götürülüb. Zərdüştçülükdə həmin şeydir. Odla çirkin yandırılıb təmizlənməsi ideyası. Bu ideya onu Prometey atəşçiliyindən fərqləndirir. Yəni odun istisini deyil, işığını qəbul edir. Bu elə sizin soruşduğunuz atəşpərəstlik məsələsidir.
Yaxşı, əgər Zərdüşt, belə deyək, atəşpərəstlik inancının banisi deyilsə, onda onun dininin adı nədir?!

– Zərdüştlə İsanın həyatının oxşar cəhətlərinin çoxluğundan danışılır. Bu şəxslərin sadə insanlardan daha çox müridlərinin əhatəsində olduğu deyilir. Ancaq roma tarixçisi Diodor İsadan fərqli olaraq Zərdüştin Bəlx şahı olduğunu yazır. Zərdüştin siyasi həyatı haqqında bilgilər doğrudur?

– Zərdüşt heç yerin şahı olmayıb, ayrı-ayrı çağlarda təqiblərə uğrayıb. Olduqca yoxsul həyat sürüb.

– Soylu bəy, son olaraq Avesta, Zərdüştilik və türk etnosu haqqında nə deyərdiniz?

– Ümumiləşdirib deyəcəm. Zərdüşt Azərbaycanlıdır. O, özünün “Doğum Kitabı”nda yazır ki, gəncliyində biliyi Xarranda müdrik İlyasdan alıb.
Sonra, “Zərdüştlüyün mifologiyası” kitabında belə bir bölmə var: “O gecə ki, Zərdüşt doğulacaqdı, Əhrimən bütün devlər üzərində hökmranlıq edən ən qəddar devləri bir yerə çağırıb yenicə dünyaya gələcək uşağı öldürmək əmriylə Foruşaspın evinə göndərdi. Lakin Ahuranın xeyirxah əməlləri doğan qadını müdafiə ilə  xüsusi Xvarna və ailə odu ilə əhatə etdi və devlər nəinki Dukdauba ziyan vura bilmədilər, onlar heç evə də yaxın düşə bilmədilər. Odun və Xvarnanın şöləsi onlar üçün dözülməzdir…”. Baxın, bu da Zərdüştün Odsevər (atəşpərəst) olduğuna bir fakt. Odçuluq Zərdüşt doğulandan onun aqibətinə girib. (Haşiyə çıxım: Odsevərlik mahiyyətcə İşıqsevərlikdir).
Zərdüştün davamçıları maqlar (muğlar) olub. Maqlar Azərbaycan türkəsilli kahinlərdir.
Əhəmənilər hakimiyyətə gələndən sonra Zərdüştçülüyü dövlət dini elədilər. Avestanı öz dillərinə çevirdilər, bu zaman bir sıra dəyişikliklər etdilər. Zərdüştçülük ilk dəfə Madayların dini olub, Yaxın Doğuya da onlardan yayılıb.
Zərdüştçülük məbədləri atəşgahlar adlanıb. Həmin atəşgahlar bu günə qədər də yaşadılır. Abşeronda, Güney Azərbaycanın bir sıra bölgələrində, o sıradan Urmiyada Azərqoşəst atəşgahı Zərdüştçülüklə bağlıdır.
Avesta – Şumer-Babil (Baba El) mifləri, inancları, gələnəkləri, fəlsəfi düşüncə yönləri ilə dolğunlaşmış bilik sistemidir. Zərdüştün dünyagörüşü ilə yenilənmiş, zənginləşmiş, 21 əsərdən oluşan mədəniyyət abidəsidir. Türkün Tanrıçılıq ruhunu, Varlığa münasibətini, həyat qaydalarını, nizamını əks etdirir. Buradakı türk Panteizmi bəşəriyyətin düşüncə yönünə əsaslı etki göstərmişdir. Bu həqiqətlər çoxsaylı araşdırmalarla sübuta yetirilib. Məsələn, S.N. Kramer, D.Q. Reder, M. Boys, E. Kempfer, C. Xanvey, K. Kossoviç, Düperron Anketil, Ə.R. Biruni və b. araşdırmaçıların sunmalarında söylədiyimiz məntiqlər üzə çıxır.

Söhbətləşdi: Mübariz Məmmədli

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir