Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

“Fəlsəfə özünün peyğəmbərlik siqləti ilə birləşəcək” (Asif Ata ilə müsahibə)

E.A. – Müasir əxlaq və gözəllik haqda.
Asif Ata: – Müasir əxlaqın canı xudbinlikdir. Xudbinliklə fərdiyyətçilik arasında yerlə göy arasında fərq var. Fərdiyyətçilik antixudbinlikdir. İndiki əxlaqın əsas məqsədi odur ki, nəyin bahasına olur-olsun yaşa, nəyin bahasına olur-olsun ud, uduzma. Nəyin bahasına olur-olsun özünü təsdiq elə, vicdanın bahasına və nəyin bahasına olur-olsun azad ol, o cümlədən həyadan azad ol, əxlaqdan azad ol!
Gözəllik Mənanın nişanəsidir və o kəşf olunmalıdır. Gözəlin məhəbbət adlanan kəşf məqamı var. Ona görə də elə əsl gözəllik odur ki, onu aşiq kəşf edir. Yalnız aşiq gözü ilə o gözəllik dərk olunur. Amma Qərb aləmi, ümumiyyətlə, müasir dünya gözəlliyi o dərəcədə nümayişkarənə bəsitləşirdi ki, gözəllik nümayiş etdirildi, gözəllik müsabiqələri yarandı və bu əsas gözəlliyə verilən dahiyanə qiyməti aradan qaldırdı. Bu qiymət belədir, könül sevən gözəl olar, bunun əvəzinə müəyyən bir standart yaradırlar, gözəllik standartı, əsas o Avropa tipini, indi gözəlliyə, qadın gözəlliyinə bir balaca da şəhvanilik, seksmanlıq qatılıbdır və onu gözəlliyin yeganə, həqiqi ölçüsü hesab edirlər. Belə çıxır ki, gözəlliyi az qala sirkulla ölçmək olarmış, burnu gərək bu qədər olarmış, sifətin quruluşu bu qədər olarmış. Bax, bu hərcayi Qərb və ümumən münasibət gözəlliyə qarşıdır, gözəlin bənzərsizliyinə qarşıdır, onun sirrinə qarşıdır, sehrinə qarşıdır, onun özümlüyünə qarşıdır, onun hardasa əlçatmazlığına qarşıdır, onun kəşf səviyyəsinə qarşıdır!

E.A. – Müasir elm – fəlsəfə – bədiyyat.
Asif Ata: – Pis mənada işlənən sözdür müasir, əgər biz “müasir” sözünü dərindən dərk etsək, elə bugünkü mənada yox, əsl sənəti, zaman təkcə müasir ola bilməz. Heç kəs deyə bilməz ki, Füzulinin şeri müasir deyil, heç kəs deyə bilməz ki, Üzeyir Hacıbəylinin «Koroğlu»su yalnız müasirdir. Sənətin də, fəlsəfənin də, biliyin də əslliyi onun zamanı ötməsidir, şəraiti ötməsidir, mühiti ötməsidir. Ona görə müasir ədəbiyyatdan söhbət getməməlidir, söhbət bugünkü ədəbiyyatdan getməməlidir, 20-ci əsrdən getməlidir. “Müasir sənət” sözü özü yanlış sözdür. Yəni bugünkü, əgər elm varsa, o təkcə müasir ola bilməz, əgər elmdən sabaha bir şey qalmırsa və elmdə qədimlik yoxdursa, o nə elmdir, nə fəlsəfədir!
20-ci əsrin sənətində ən böyük zirvə, məncə şerdə R.Taqor, nəsrdə L.N.Tolstoy, musiqidə Bethoven, 19-cu əsrdə yaşasa da, 19 və 20-ci əsrlər bir şeydir. 20-ci əsr 19-cu əsrin davamıdır. Fəlsəfədə də müəyyən işlər görülübsə də, Şərq öz fəlsəfəsindən demək olar ki, əl çəkib. Qərbdə ən yaxşı fəlsəfə ekzistensializmdir – Jan-Pol Sartr, Kamyu, xüsusilə almanlar, Martin Haydegger, Karl Yaspers. Fəlsəfə bu Şərqə qayıtmalıdır. Ümumən götürdükdə, elmdə də böyük işlər olub, xüsusən fizikada – atom fizikası yaranıb. Lakin, ümumiyyətlə götürdükdə, 20-ci əsri fəlsəfənin, bədiiyyatın, elmin, sənətin şah əsəri saymaq olmaz. Təzədən yaranmalıdır fəlsəfə də, ədəbiyyat da, elm də artıq öz əvvəlki səviyyəsini mütləq ötməlidir, universallığa meyil etməlidir. İxtisaslaşma həqiqəti bölür, parçalayır, mənim zənnimcə, elmin gələcəyi universallıqdır!
Fəlsəfə özünün peyğəmbərlik siqləti ilə birləşəcək, peyğəmbərlik özünün fəlsəfəi siqləti ilə birləşəcək, musiqi ilə söz arasında təzə vəhdət yaranacaq, dil daha da zənginləşəcək və universal anlayışları daha yaxşı ifadə edəcək. Ümumən 20-ci əsrin işini sabahda görürəm. Bu gündə nəsə var, bu rüşeymdir, sabah isə onlar böyüyəcək və universalizm adlanan idraki, fəlsəfi və bədii bir hadisə yaranacaq!

E.A. – 20-ci əsrdə Azərbaycan bu sahələrdə nə verdi?
Asif Ata: – 20-ci əsrdə Azərbaycan Sabiri verdi, Cəlil Məmmədquluzadəni verdi, Üzeyri verdi. Elmdə elə bir şey olmadı. Akademiya heç lazım da deyildi. Akademiya nə Azərbaycana, nə dünyaya heç nə vermədi.

E.A. – Bugünkü təhsil sistemi haqda.
Asif Ata: – Bugünkü təhsil sistemi, birinci ağalıq, nökərlik, idarəçilik, cəmiyyətçilik əsasında davam edən bir hadisədir. Cəmiyyətdə idarə var, burada da idarə var, hər bir məktəb özü bir idarədir. Orada doğmalıq, müəllimlə tələbə arasında atalıq-övladlıqdan heç bir əsər əlamət yoxdur, bu, birinci. Və buna görə də inzibatçılıq güclüdür, cəzaçılıq güclüdür, əslində hər bir imtihan elə bir az cəzaçılıqdır, bir az inzibatçılıqdır.
Üçüncüsü, insançılıqdan tamamilə uzaqdır, yalnız bilik verir, o biliklər də səthi olur, həyatla bağlanılmır. Adam məktəbi qurtaranda bir insan kimi vicdan nöqteyi-nəzərindən, inam nöqteyi-nəzərindən, idrak nöqteyi-nəzərindən heç cür artmır. Və bu cəhətdən məktəb haradasa yad bir, hərçəndi məktəbi, ümumi doğmalıq rəmzi var, amma hər halda tələbənin məktəbə çox daxili bir soyuqluğu var. Çünki heç kəs cəzaçılığı sevməz, heç kəs inzibatçılığı sevməz və yazın o gözəl vaxtında təbiətlə ünsiyyətdə olmaq əvəzinə, saatlarla məktəbdə dərs keçmək… Mənim zənnimcə, müəllimlərə çox ağır başa gəlir, uşaqların bütün qəlbi eşikdə olur, bayırda olur! Və dördüncü, məktəb tamamilə özgələşmə məktəbidir, cəmyyətləşmə məktəbidir, uşaq vaxtından, hətta bağçadan uşağı cəmiyyətə pərəstiş ruhunda tərbiyə edirlər, cəmiyyət rəhbərlərinə, süni, ayrı-ayrı quruluşun xüsusiyyətlərinə və s. i.a.
Beşinci, faydalılıq prinsipi, praqmatizm əsas rol oynayır, vəsiqəçilik. Vəsiqə heç zaman insanı ifadə edə bilməz, bu da, özgələşməni hədsiz dərəcədə artırır, yadlığı. Nəhayət sonuncu, məktəb əsl, böyük təhsil vermir. Proqramlar bir tərəfli funksioner hazırlayır və buna görə də hər bir kəs təhsili özünütəhsilə çevirməlidir. Kökündən məktəb dəyişməlidir!

E.A. – Bugünkü televiziya – mətbuat.
Asif Ata: – Bugünkü televiziyanın əsas məqsədi camaata aşağı intellektual mənəvi səviyyədə saxlamaq, onu cəmiyyətə bağlamaq, onun zəif damarlarını tutmaq, onun balaca duyğuları ilə oynamaq, onu uşaq səviyyəsinə endirmək və son nəticədə, onu cəmiyyətə hədsiz bir təlqinlə bağlamaqdır. Televiziya sözün əsl mənasında cəmiyyətçilik məktəbidir və bununla əlqədar cəmiyyətçilik olan yerdə yalmanma var, yaltaqlanma var, yalan var, ağılın sönməsi var. Bunların hamısını yaradır, hətta insanda olan heyvani duyğuları da alışdırır, qəsdən alışdırmaqla onunla yalançı doğmalıq yaratsın cəmiyyət arasında. Nə istəyirəm, edirəm – yalançı azadlıq. Elə bir doğmalıq ki, onun əsasında, kökündən insanın balacalanması, cılızlaşması, heyvanlaşması, adamlaşması durur. Televiziya çox dəhşətli bir pozğunluq məktəbidir, ruhani pozğunluq lazım olur cəmiyyətə. Budur televiziyanın canı!
O ki, qaldı mətbuat, mətbuat da əsasən bu işlə məşğul olur. O dövrə qədər ki, mətbuat cəmiyyətdən üstün olmayacaq, mühitdən üstün olmayacaq, hətta o səviyyəyə enib ki, hər bir partiyanın öz qəzeti var, öz «həqiqəti» var, plüralizm deyirlər. Mətbuat da elə, adamları adamlıqda saxlamaq, adamlıq səviyyəsini qorumaq, insanlığa yüksəlmək yolunu kəskinləşdirmək, cəmiyyətə bağlanmaq, cəmiyytçiliyi təlqin eləmək üçündür. Hətta ən üsyankar qəzetlər belə, mətbuatlar belə mahiyyətcə cəmiyyətçilikdən kənara çıxmır. Kapitalist mətbuatı kapitalizmi təlqin edir, sosialist mətbuatı sosializmi təlqin edir. Və mətbuatın mahiyyəti antiruhaniyyatdır. Çünki, ruhaniyyat mütləq adam səviyyəsini ötməkdir, qalxmaqdır. Əslində isə mətbuat adam səviyyəsini qorumaqdır!
Kökündən dəyişilməlidir mətbuatda, televiziya da, radio da. Cəmiyyətçilik əvəzinə həqiqətçilik, dinçilik əvəzinə İnamçılıq, özgəçilik əvəzinə Özümçülük. Budur yol, Ocaq yolu!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir