Xəbərlər

Göytəkin Atalı. Kədərin doğurduğu duyğular

(Stendalın “Parma Monastırı” əsəri üstə duyğulanmalar)

Əsərin baş qəhrəmanı Fabrisio, uşaqlığından bu yöndə tərbiyə aldığı üçün, dinə fanatikcəsinə bağlılığı olan saf bir gəncdir. Yaşadığı qəsrdən qıraqdakı həyatın sərt üzündən xəbərsiz olsa belə, onun ruhu daim yeniliyə can atır. Bu duyğuların etkisilə 16 yaşlı gənc, Napaleona qoşularaq, müharibəyə yollanmağa qərar verir. Çıxdığı bu yolda dəfələrlə aldanır, çətin durumlara düşür. Düşdüyü hər çətin durum çətinlik görməyən, saf, ürəyitəmiz oğlanı daha çox sarsıtsa da, geri dönmək barədə düşünmür. O yalnız irəli can atır, həyəcanla müharibə meydanını arzulayır.
Müharibə meydanında insan ömrü tamamilə dəyərsizləşir, insan ölümü adiləşir. Bir-birini asanlıqla öldürən bu insanlar arasında intizamsızlıq, satqınlıq baş qaldıranda vətən adlanan torpaq da öz mənasını itirir. Canın qorunması, bu əzablı cəhənnəmdən qurtulmaq istəyi önə keçir. Əsərdəki obrazların hamısında bunu görmək mümkündür, Fabrisodan başqa. Onun fədakarlığı, hər deyilənə nizamla qulluq etməsi gəncin sadəlövhlüyü kimi görünsə də, bu onun ruhunun daim aradığı yenilik, həyəcan, təhlükəyə can atmaq istəyidir. Bu axtarışlar onu daim  irəli aparır. Ordunun  məğlubiyyətini görmək belə, onun geri addım atması üçün səbəb vermir. Özü fərqinə varmasa da, yaşadığı hər çətinlik onu böyüdür. Müharibə meydanında yaşananlar onun həyatında dərin izlər buraxır, çətinliklər ona həyatı dərk etdirir. Ancaq onun daim həyəcanla çırpınan duyğuları bununla sakitlik tapmır.
(İnsan özünü aldadanda özündən ayrılır).
Fabrisio uşaqlıqdan dini tərbiyə alıb, bu yöndə təhsilini davam eləsə də, zamanla öyrəndiklərinin vicdanın tələbləri qarşısında heçə çevrildiyini anlayır. Ancaq olayların bu cür cərəyan etdiyi bir vaxtda onun özüylə üz-üzə qalmaq cəsarəti özünü göstərmir. Özünü sorğulamaq, etiraflar etmək insanı imtinaya yetirməlidir. Etiraf, imtina insan mənəviyyatının qurulma yönüdür. İnsan ömrünün əbədiliyi, ölçüyə çevrilməsi də buna bağlıdır. O, bir dəfə kilsədə bütün yanlışlarını özünə etiraf etməyi bacarır, sanki bununla uzun zamandır axtardığı rahatlığa qovuşur.
“Güclü tufandan sonra hava necə təmizlənirsə, Fabrisionun da ürəyi eləcə sakitlənmiş, rahatlanmışdı, elə bil ruhu yenilənmişdi”. (“Parma monastrı”. səh. 237).
Əsər boyu dəfələrlə qorxusunu, cəsarətsizliyini etiraf edən Fabrisio bu hallarda ilişib qalmır. Onun ruhu daim həyəcanlı axtarışlardadır, ötəri ilə yetərlənmir. “Sevgi” adı altında sanki sonsuzluq, əbədilik axtarır.
Gerçəklikdə nə baş verir versin, insanın içində tükənməyən diləklər olur. Həqiqətə qovuşmağa, həqiqətlə yaşamağa meyil var. Əslində bu, gerçəkliklə yetərlənməyən insan ruhununun sonsuzluğa qovuşmaq istəyidir.Yaşamaq bu istək üçün atılan addımlarla gerçəkləşir. İnsan ruhunun sonsuzluğa qovuşmaq istəyi gerçəkliyin olaylarından çox yüksəkdə durur. Fabrisio üçün qarşılaşdığı hər bir təhlükə bu yolda qarşısına çıxan, ancaq keçilməsi gərəkən maneə kimidir. Ona görə həbsxanaya gətiriləndə belə bədbinləşmir.
“Yəni doğrudanmı bura həbsxanadır? Mən də qorxurdum…

Özünün belə anlaya bilmədiyi səbəblərdən ürəyinin dərinliklərində bir sevinc vardı.”(“Parma monastrı”. səh. 352).
Başına gələn bu qədər xoşagəlməz olayların içində Fabrisio yaşamaq, qalib gəlmək gücünü qalaya gətirilərkən girişdə gördüyü qızın  – Kleliyanın baxışlarından almışdı. Sanki illərdir axtardığı nə vardısa, o məsum baxışlarda cəmlənmişdi. O axtardığı sevgini tapmışdı, bu uca duyğu onun qəlbini yüksəkliyə səsləyirdi.
“Bu baxışlar sanki bütün keçmişimi sildi. Bu gözəl baxışları belə bir yerdə görəcəyimi kim deyərdi? Bu alçaq insanların arasında göy üzü aydınlaşdı mənim üçün. (“Parma monastrı”. səh. 361).Fabrisio və Kleliya həbsxananın yaratdığı bütün zorluqlara baxmayaraq əlaqə saxlayırdılar. Həbsxana komendantının qızının bir dustağa aşiq olaraq onunla evlənməsinin mümkünsüz olduğunu bilsələr belə, bu əlaqə davam edirdi. Gerçəkliyin ən tutarlı dəlili belə sevginin üzərində hakim deyildir. Sevgi bütün əngəlləri aşan, insanın öz ürəyində yaransa belə ürəyə sığmayan, insanın özünə də tabe olmayan duyğudur.
Bütün əsarət üsullarını icad edən insandır. Ancaq ağlı, düşüncəsi ilə onu uçuran da insandır. İnsanın azadlıq axtarışının qarşısında heç nə dayana bilmir. Əsarətə qalib gələn, daim azadlıq axtarışında olanlar qaranlığı yaran işıq kimidirlər.
Nə qədər təhlükəli olsa da, Fabrisio həbsxanadan Kleliyanın köməkliyi ilə qaçmağı bacarır. Ancaq onun üçün həbs olunduğu qalada qalmaq azadlıqda yaşamaqdan qat-qat gözəl idi. İndi sevdiyindən ayrı düşmüşdü. Kleliyanın həbsxana komendantının qızı olması Fabrisio ilə onun arasında ən  böyük əngəl idi. O, atasının nüfuzunu taptalamaqdan çəkindiyi üçün başqası ilə ailə qurmağa razılıq verir. Sonralar Fabrisionun kilsədə oxuduğu moizələr onu məhşurlaşdırır. Bu moizələr əslində onun həsrətindən, əzablı yaşantılarından doğurdu. Ayrılığın yetirdiyi kədər onun qəlbini böyütmüş, həsrət ona əzabın hər yönünü tanıtmışdı. Onun bu keşməkeşli taleyi oxucunu kədərli bir ovqatla etkiləyir. Ancaq sevgilisnə, idealına həsrətlə dolu olan, onun iztirabı ilə yaşayan ürək başqalarının ürəyində belə dərin izlər buraxa bilər…

Atamız Var olsun!

Çiçək Ayı, 45-ci il. Göyçay.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir