Xəbərlər

Göytəkin Atalının Ocağa qəbul törəni

Soylu Atalı (Ataya səcdə ilə sözə başlayır): Qutsal Günümüzə başlayırıq.  Ocağa Evlad qəbulu ilə bağlı törən keçiririk. Törəni başlamazdan öncə Ataya səcdə qılıram, bayrağımızı öpürəm. Qürub Ayının 6-sı, 42- ci il Günsıramızda bu törəni gerçəkləşdiririk. Nə baş verir, Ocağa Evlad qəbulu nə deməkdir?! Qısaca bununla bağlı düşüncələrimizi deyək, sonra törəni davam edək. Həmişə Ata deyərdi, dünya qaranlığa qərq olub. Dünyanın qaranlığa qərq olmasının başlıca nədənləri var. Hər zaman biz onları vurğu edirik, adlarını çəkirik, həm də mübarizə aparırıq, dirəniş formalaşdırmağa çalışırıq. Söz yox, dünyanı qaranlığa qərq edən insanın ağlında, düşüncəsində olan özünə yad etkilərdir, özünə yad etkiləri yaşatmasıdır. Özünə yad etkilər nə deməkdir?! – Din, siyasət, maddiyyatçılıq, quruluşlar, bunların hər biri insana qarşıdır. Bunları yaradan da insan özüdür. Ona görə Ata deyir, günah da insandadır, qurtuluş da. Həyatın, dünyanın gedişini əyən də insandır, qurtaran da. Bu açıdan, bizi, insan olaraq, özümüzə qarşı yaşamaqdan qurtarmaq istəyir. Özünə qarşı kimlər yaşamaq istəmir, onları Ocağına çağırır. Gəl, özünə qarşı yaşamamağı öyrən. Gəl, özünə bərabər yaşamağı öyrən. Əgər sən özünə bərabər yaşayarsansa, xalqa çevrilərsən, bəşər olarsan. Biz də Onun çağırışını eşidirik, Ocağına gəlirik. Azərbaycan toplumunun özünə yadlaşmış içindən ayrılırıq. Kimin buna gücü çatır – çatmır, bu ayrı məsələdir. Kimin ağlının, ləyaqətinin gücü çatırsa, Asif Atanın göstərdiyi yolla ömrününün nizamını qurur. Kimlərin ağlının, ləyaqətinin gücü çatmırsa, kimlər həqiqəti özünün ömür yolu saymırsa, ya da ömrünə çevirmirsə, onlar yarı yolda qırağa durur. Asif Ata heç bir vaxt insana, dünyaya vəd vermir. Demir, mən sizə sosial həyat gözəlliyi verəcəm. Demir, sizə maddi firavanlıq əldə etmək üçün ortam yaradacam. Demir, mən sizin ömrünüzün var olduğu intervalda böyük dəyişikliklər əmələ gətirəcəm. Sənin hər günün, hər dəqiqən özü mənalı olmalı, hər yaşamın özü həqiqət üstdə olmalıdır. Əgər sən ona yetərsənsə, insan olaraq varlığın təsdiqini tapar. Asif Ata bizi buna çağırır. Bizi başa salır, sənin ağlında, düşüncəndə özünə yer eləyən din qaranlığı var. Din sənə olanaq vermir kimliyini biləsən, dərk edəsən, insan olduğunu anlayasan. Din sənin ağlını, düşüncəni ən pis səviyyədə körpə saxlayır.  Körpənin körpəliyini anlamaq olar. İnsanın böyüyərək ağlının, düşüncəsinin körpə qalması isə eybəcərlikdir. Siyasət sənin ağlını, düşüncəni nəinki körpə saxlayır, həm də hərcayi saxlayır. Siyasətdən hərcayi bir şey yoxdur. Siyasət sözünün qabağına başqa sözlər artırıb yeni anlayışlar yaratmağa çalışırlar – siyasət əxlaqı, siyasət mənəviyyatı filan. Belə bir şey yoxdur. Mən yazmışam: Siyasət insanlığın, mənəviyyatın yıxıldığı nöqtədən başlayır. Siyasət kələkdir, yalandır, əyrilikdir. O necə insan ömründə var ola bilir – insanın ömrünü insanlıq, mənəviyyat tərk edəndə. Onda sənin varlığına belə şeylər hakim olur. Ata ona görə deyir, dindən imtina gərəkdir. Ancaq dindən imtinanı asan demir. Deyir, sən bəşər övladısan, inamsız yaşaya bilməzsən. Buna görə mən sənə inamın həqiqətini öyrədirəm, doğru İnam öyrədirəm. Sənə deyirlər dünya fanidir, mən sənə deyirəm, dünya əzəlidir, əbədidir. Dünya mənalıdır. Əgər sən bu məna üstündə ömrünü qurarsansa, onda dünyanın gözəlliyini yarada bilərsən. İnsan Tanrı səviyyəsinə yüksəlir, dünya yaradır. Dünyanı maddi olaraq yaratmır, dünyanın gözəlliyini yaradır, gedişini yaradır, ülviyyətini yaradır. Bunu insan yaradır. Ona görə Asif Ata sənə elə inam öyrədir, o inamla sən gözəlliyin sirrlərinə yetirsən. O inamla sən insanlığın əbədi, ölməz sehrinə düşürsən. Onunla yaşayırsan, var olursan. Sənə Yalansız İnam verir. Siyasət yerinə sənə insanlığın həqiqətini öyrədir, dünyaçılığın həqiqətini öyrədir. Həyatın görünəndən artıq olması həqiqətini öyrədir. Səni məişətə bərabər olmaqdan qurtarır. Səni ruhani mahiyyətinə bərabər böyüdür. Ancaq götürürsənsə bunları sənə verir. Sən bunu götürmürsənsə həyata bərabər qalırsan…

Özümlük yaradır Asif Ata. Toplumun bütün çatışmazlıqlarını sənə göstərir, deyir, bunu yarpaq – yarpaq səhifələ, anla, ömründən sil. Bu sənin əlindədir. Heç kim sənə olanaq verməyəcək, heç kim sənin başını sığallamayacaq ömrünü silib gözəlləşdirəsən. Hamı ayağından dala çəkəcək, sən kimsən, məndən böyük olasan, üstün yaşayasan deyəcək. Bir ailənin içində belə, insanlar bir – birinin üstünlüyünü həzm eləmir. Heyvana bərabar düşünür, heyvana bərabər yaşayır. Qısqanclıq, paxıllıq, gözügötürməzlik, cılızlıq üzə çıxır, o ki qala toplumun gözü götürə. Toplumda insana bu kimi düşüncələr, duyğular əngəl olur. Bu duyğularla insanın qabağa getməsini, yollarını bağlayırlar. Ata da öyrədir, heç bir keçici, ötəri, öləri duyğular, davranışlar, düşüncələr, əməllər səni öz mahiyyətinə bərabər yaşamaqdan dayandıra bilməz. Əgər bunu sən istəyirsənsə, heç nə sənin yolunu kəsə bilməz. Yetər ki, sən özündə güc tapasan. İnam gücü, idrak gücü, əxlaq gücü tapasan. Deyərlər, çığırarlar, bağırarlar, həşir salarlar. Toplum həşir deməkdir, filankəsin oğlu, ya qızı filan cür oldu, filan yerə getdi, nə bilim nə. Mən belə şeylər çox yaşadım. Gözümüzün qabağında örnək var, Günevin üstünə hücum edirdilər. Daşını, divarını dağıtmaqla hədələyirdilər. İndi başına and içirlər. İndi el – oba çağırır, gəl, söz de, düşünək, mənəviyyatımız dincəlsin.  Atanın dediyi kimi yaşayanda çətinliklər başlayır, dalınca da doğmalaşmalar. Ortaya iradə qoymaq gərəkdir, mən belə yaşamaq istəyirəm, toplumun dediyi kimi olmaq istəmirəm. Yeri gələndə atana, anana, topluma etiraz elə, sizin istəyinizlə həşərat olmaq istəmirəm. Buna necə etiraz edəcəksən, gərəkəndə yumruğunu stola vurmaqla, gərəkəndə sevginlə, ləyaqətinlə. İnanacaqlar, görəcəklər oyun oynamırsan. Görəcəklər, ləyaqət üstdə yaşayırsan, insanlığa qarşı getmirsən. Heç kimin haqqı yoxdur, səni din qaranlığına zorlasın, siyasət eybəcərliyinə bulamağa çalışsın. Ortaya iradə qoyub deyirsən, mən babalarıma oxşamaq istəyirəm, mən Babəkə, Nəsimiyə oxşamaq istəyirəm. İndiki meydanda olanlara oxşamaq istəmirəm. Satqın, dönük, simasız, riyakar, oğru, yaltaq, bəsit, murdar keyfiyyətlərdən çıxmaq istəyirəm. Onlara oxşamaq istəmirəm. Lap mübarizəni bir qırağa qoyuram, bu mənim haqqımdır… Bu haqqınızı yaşamaqdan qorxmayın, çəkinməyin, bir – birinizə dayaq olun. Bilin ki, sizin Ocaq boyda dünyanız var. Elə bir dünyanız, elə bir ideyanız var ki, onun qarşısında bütün dünya yalındır. Öyülən Avropa ölkələrinin heç birində Ocağın dediyinə bərabər ləyaqət yoxdur. Mən bunu sizə səmimi deyirəm. Mən bunu illərdir deyirəm, mətbuatda da deyirəm, insanlarla canlı görüşlərimdə də deyirəm. Dünya gerçək baxımdan böyükdür, insanların sayı lap çoxdur. Sayıb qurtara bilməzsən. Ancaq içində boşluq var, içində dəhşətli qaranlıq var. O qaranlığın içində yeni mənəviyyat işığı, İnam işığı yandırmaq gərəkdir. Onu biz yandırmalıylq. Bizim çevrəmizdə olanlar düşünə bilərlər, bu filankəsin oğlu, qızı deyil, bu kimdir dünyanın qabağına çıxıb döşünə döyür?! Deyə bilərlər, deyirlər də. Yaxşı, bəs kimdir böyük?! Tarixə hökm edəm böyüklərin adlarını çəkirlər. Onlar anadangəlmə elə olublar?! Sən onlardan nəyinlə əskiksən?! Bu həqiqətlə içində dolan insan yenilməz olur, qüdrətli olur. Ona görə Nəsimi deyir, “həqq mənəm”. Yetmişdi içində həqiqətlərə. Onu zahirdən heç nə ilə sındırmaq mümkün deyildi, sındıra da bilmədilər. Dərisini soydular, ancaq min il tarixə mənəviyyat dərsi dedi. Bu gün də eləyir. Bunlar hamısı insanlığın ucalığıdır, həqiqətləridir. Biz bunlara yetməliyik, yaşamalıyıq. Ocaq bizi bu həqiqətlərlə doldurur, bu həqiqətlərə də yiyə çıxmağa çağırır.

 

Göytəkin Atalı (Ataya səcdə ilə başlayır):

Rica

Mən Teyyubova Şəfa Ramiz qızı 1992 – ci il iyun ayının 21 – də Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşam. Məni Ocağa gətirən səbəb axtardığım həqiqətləri burada tapmağımdır, Qurtuluş yolumuzun Asif Ata Yolu olduğuna inanıram. Ədalətin bərqərar olması, uğurlu gələcəyin qurulması üçün bu yolda addımlamağı seçirəm. “Mütləqə İnam Ocağı”nın Yükümlüsü Soylu Atalıdan rica edirəm ki, məni Ocağa qəbul etsin… Müqəddəs Ata, qarşında and içirəm:

Mütləqə İnam uğrunda,
Kamil İnsan uğrunda,
Müstəqil vətən uğrunda,
Ruhani cəmiyyət uğrunda,
Özümlü şərq uğrunda,
Ləyaqətli bəşər uğrunda son nəfəsimə qədər Ruhani Mübarizə aparacağam.

Ömrüm sənindir, Ata! Onu götür, istədiyin kimi sərf elə! Ocağımızın odu sönməzdir! Andıma xilaf çıxsam özümü ölmüş bilərəm.

(Sonra “Bayraq andı”nı içir G.A.).

 Soylu Atalı: İndi adının mənasını deyirəm:

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdə ilə!

Ruhani bəlgə

Asif Ata Evladı Göytəkinə

 

İnamın Göyə bənzəsin, onda şübhələr ömrünü yormaz.
Ürəyin Göyə bənzəsin, onda duyğuların Yer qaranlığında azmaz.
İradən Göyə bənzəsin, onda həyat varlığını talamaz.
Ruhun Göyə bənzəsin, onda İnsana bərabər yaşayacaqsan.
Ömür yoluna Göy təkinlik uğuru çıxır. Onu Ruhani qismətin say. Göytəkin adını sənə halal edirik. Adına layiq ol!
Ürəyin qaranlıqları yarsın!
Atamız Var olsun!

 6 Qürub Ayı, 42 cil il.

 Bu, sənin Ocaqda varlığını ifadə edən Ruhani sənəddir, onu  həmişəlik özündə saxlayacaqsan. Baxmayaraq, bu törənə qədər də, yarım ildən çoxdur, sən Ocaqçı kimi yaşamısan, Ocaqçı kimi səni tanımışıq, ancaq əsil mənada sənin Ocaqçılığın bu gündən başlayır. Bu gün sənin həyatına yazılan elə bir gündür, bu günün əvəzi yoxdur. Bu günün qədrini bilənlər dərk eləməlidirlər, çox illər keçəcək, sənin bu günkü tarixin insanlığın sevgisində, varlığında yaşayacaq, iş görəcək.

Bu, sənin Nişanəndir, tədbirlərə gələndə özünlə gətirərsən (Evladlıq Nişanəsini verir. G.A.). Eyni zamanda sənin Ocaqçı kimi varlığını ifadə edən Ruhani sənəddir. Pozulmaqdan, islanmaqdan, itməkdən qoru. Çünkü bu qutsal sənəddir. Səni qutlaylram.

Bir şeyi də deyim, Azərbaycanda pandemiya ortamı ilə bağlı karantin rejimidir, mən Bakıdan, Günev Beyləqandan gəlmişik. Sənin Ocağa qəbul törənini keçiririk. Bu özü önəmli bir tarixdir. Bu gün bu tarixin yaşanmasında,  sənin həm amaldaşın, həm də həyat yoldaşın Bilənin böyük qatqısı var. Mən çox güvənirəm, çox da inanıram, siz əl-ələ verib çox uzağa gedəcəksiniz. Həm ömrünüz qurulacaq, həm də çevrəniz yaranacaq. Ocağı tək bu bölgədə deyil, bütün dünyada təmsil edirsiniz.  Ancaq bu bölgədən başlayaraq, Ata Ocağını təmsil edəcəksiniz. Onun ləyaqətinin yaşanmasını, qorunmasını da bacardığınız, bildiyiniz səviyyədə təmin edəcəksiniz. Bu, böyük bir xoşbəxtlikdir, uğurlu bir aqibətdir.

Günümüz uğurlu olsun, bir daha qutlayıram. Atamızın adından törəni başa çatdırırıq.

Ata Ruhu ürəyimizdədir!

Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir