Asif Ata Amalının xalqlaşmasının tarixi və ruhani kökləri haqqında danışarkən, mən daha çox haqqım çatan və iştirakçısı olduğum yöndən cavab vermək istəyindəyəm. İkinci bir tərəfdən, Ata Amalının Atagün Elinə gəlişinə, qarşılanmasına və əks münasibətlərin nədən yaranmasına münasibətimi açıqlayıram.
Ağlımın kəsdiyi gündən dövrə, zamana, ətrafımda olan neqativ hallara kəskin etiraz eləyə-eləyə yaşamışam. Bu hal, sonralar məni mənəvi-ruhani axtarışlara yönləndirmişdi.
Söhbət elədiyim insanlarla həmişə bu qonuda fikirlərimizi bölüşərdik. O vaxt tanışlarımdan biri bu narahatlıqlara aydınlıq gətirə biləcək bir nəfərlə görüşdüyünü, ancaq onu dərindən tanımadığını demişdi.
Sonralar öyrəndim ki, o kəs Ata Evladlarından biri imiş. Onu da mənə başqa bir Ocaqçı (indi Ocaqçı deyil) Ata Amalından soraq verən zaman demişdi. Bu dediklərim Amal tarixinin 11-ci ilinədək (1989) baş vermişdi.
11-ci il, Ata Ayının 3-də Asif Ata ilə görüşdüm. Ocağın ideyalarını qəbul etdim. Bu vaxta qədər bir neçə Evladla da görüşmüş, Ocaq prinsipləri ilə yaxından tanış olmuşdum. 11-ci il, Ata Ayının 25-də 7 nəfərlə (müxtəlif bölgələrdən idilər) birlikdə Ocağa qəbul olundum. Beləcə Amal tələbi ilə yükləndim və bölgədə Ocaq haraylarını çəkməyə başladım.
Qeyd edim ki, məndən əvvəl bu bölgənin müxtəlif yerlərində Amalın sorağını verənlər olmuşdu. Sonra onlarla birləşib “Qədimyurd” adıyla Ocaq Ailəsi də yaratdıq. Vaxtaşırı toplantılarımız, fərdi söhbətlərimiz olurdu.
Çox hallarda tədbirlərimizi gizli keçirirdik. Kommunist rejimi bizi təqib edirdi. Yörəmizin də bizə qarşı münasibəti birmənalı deyildi. Hər birimiz birinci növbədə cismani qohumlarımızdan basqı görürdük. O zamanlar işin yayılması təhlükəli görünür və narahatlıq yaradırdı. Artıq üz tutanda evindən qovan, mənimlə əlaqəni tamamilə kəsən, haqqımızda əks təbliğat aparanlar da görünməyə başladı. Bu kimi halların gec-tez olacağını gözlədiyimiz üçün çaşmırdıq. Amma şərin duyuq düşməsindən ehtiyat edib ədəbiyyatlarımızı açığa çıxarmırdım. Kitabların üzünü də ən çox gecələr köçürür, sonra da gizlədirdim. Yaxın kəndlərə səfərlər edir, rəğbətçi səviyyəsinə yüksələnlərə Ocağa gəlmək, Evlad olmaq təklifi verirdik.
Bu təklifi qəbul edənlər olurdu, amma müəyyən müddətdən sonra yükün çətinliyinə tab gətirməyib uzaqlaşırdılar. Bununla belə, hal yaranmaqda idi, soraq yayılırdı. Atanın adı hallanmağa başlamışdı.
12-ci ildə Atanın Beyləqanda 3 görüşünü təşkil etdik, sonra isə ayrı-ayrı evlərdə görüşlərini keçirdik. Sadə adamlar, basın (mətbuat) işçiləri və inzibati idarələrdə işləyən adamlar Atanı ziyarətə gəlirdilər. Hətta Ona səcdə edib heyrətlərini bildirirdilər.
Atanın cazibəsi öz işini görürdü. Amma həm də ağılların uda bilmədiyi peyğəmbər sözü, Mütləqə İnamın anlamını dərk etməyin çətinliyi, min ildən artıqdır ki, oturuşmuş dünyabaxışın yalanlarını açıb demək adamlarda çaşqınlıq yaradırdı…
Sonralar, demək olar ki, bölgədə işi aparan tək mən idim. Bu təklikdən yorulmur, həqiqətimə söykənirdim. Mərasimlərə gedir, başqa Ocaqçılarla təmasımdan güc alırdım. Özəlliklə güvənc yerim Ocaq Yükümlüsü Soylu Atalı idi. Bu güvənc halı indi daha yüksək səviyyədə davam etməkdədir.
“Amal Bağı”nın yaratdığı hal
Bir gün belə bir fikrə gəldim ki, bu bölgədə Amalımıza özəl ünvan yaradım. Müəyyən qədər torpaq sahəsi alıb orda nəsə bir oda tikim, bağ salım. Bu fikir içimdə özünə bərk yer eləmişdi. Uzun cəhdlərdən sonra 40 sotluq ərazi əldə etdim. Mərasimlərin birində Ataya (hesabat verərkən) torpaq sahəsi haqda danışdım. Çox sevindi, xeyir-dua verdi. “Amal Bağı” belə yarandı. Ağaclar böyüdükcə mənim işim də yayılır, fərəhim də böyüyürdü. Yola yaxın bir yerdə iri lövhədə “İnsanlaşın, İnsanlaşdırın – Bəşərin Nicatı İnsanlaşmaqdadır! Asif Ata.” carını yazmışdım.
Təbii ki, bu car hər kəsə xoş gəlirdi. İmza da hər kəsi düşündürürdü. Əlaqələrə, ünsiyyətlərə yeni ahəng gətirirdi “Amal Bağı”. Yenə bədxahlar görünməyə başladı, yenə də əks yöndən münasibətlər sərgiləndi. Etirazçılarla Ocaqsevərlər arasında mübahisələr qulağıma çatırdı. Bu isə işin yayılmasına xidmət edirdi. Beləcə Amal Bağı yerdən boy verir, verdikcə də ətrafda hal yaradırdı…
19-cu il, Şölə Ayının 5-də (1997, 5 iyun) Ata vəfat elədi. Özünün istəyiylə Atanı Amal Bağında gömdük: üzü Günəşə (gündoğana) Ocaq qaydasında yas və gömmə mərasimi keçirildi. Bu isə bölgələrdə daha da böyük əks-səda verdi. Qeyd edim ki, Atanın gömülməsi, elə ordaca yas qurallarının yazılması və həyata keçirilməsi Soylu Atalının yaradıcılığı və tələbi ilə baş tutdu. O, gedişat yazıb, hamını topladı və qaydanı elan elədi. Ocağın “Yas Quralı” belə yarandı.
Köhnəliyin təsiri kütlənin əhvalında idi. Dövlət Orqanlarının üstünlüyü Atanın küyə düşmüş cismanilərinə verməsi də təsirsiz ötüşmədi. Bir gün sonra Atanın nəşini Amal Bağından çıxarıb Ağstafaya, ata-anasının uyuduğu sonevliyə (qəbirstanlığa) köçürdük. Ancaq bu hadisə Amal Bağının sorağının daha da geniş yayılmasına səbəb oldu…
Sonralar (Atanın ölümündən bir neçə il sonra) qadınımla əl-ələ verib kərpic kəsdik. “Amal Bağı”nda bir oda tikdik. Bu oda Ocaq tərəfindən “İnam Evi” kimi qəbul olundu. Yenə də ətrafdakılarla münasibətdə bulanmalar, yenə də durulmalar yolu keçdik. Ötüb keçən hadisələrin hər biri haqda xüsusi yazmaq istəmirəm. Bu, böyük mövzudur.
Məbədin tikintisinə başlamağın çətinlikləri və yaratdığı hal
Amal Bağında, Atanın ilk dəfə torpağa qoyulduğu yerdə İnam Məbədi tikmək qərarına gəldim. Ancaq heç bir vəsaitim yox idi. Ocaq Yükümlüsü Soylu Atalıya fikrimi dedim. Qəbul etdi. Bir ideya kimi Atanın sağlığında Ona da demişdim. Hətta layihə də çəkdirmişdim. Ata “Qəbul olunur” yazıb imza qoymuşdu…
Ocaq Yükümlüsünün qərarı ilə “Təməltökmə mərasimi” keçirdik. Bölgə əhalisindən də xeyli adam iştirak elədi. Təməl töküldü. Az keçmədi ki, “Amal Bağı”na basqı oldu. Yenə çəkişmə, yenə inzibati orqanların işə qarışması. İnam Evindən Ocağa aid ədəbiyyatların müsadirəsi (sonradan qaytarılsa da), müxtəlif rəylər, münasibətlər və yenə də durulma. Ən cüzi vəsaitlə daşı-daş üstə qoymağa başladım. İndi “Məbəd” gözlərimin qarşısında hər cəhdimizdən sonra körpə uşaq kimi böyüyür.
Çamaat içində söz-söhbətə səbəb olub: “Görəcəksiniz, o, onu tikəcək. Onun inadını yenmək olmaz və b.k.” fikirlər qulağıma çatır.
Sahə müvəkkilinin dediyinə görə, tikintiyə mane olmaq üçün ətraf bölgələrdə də sorğu aparıblar. Heç kimdən mənfi rəy ala bilməyiblər. Budur, bu xalqın fitrəti. Budur, İnam Məbədinin yaratdığı hal.
“Atagün” Ailəsinin başlaması, yaratdığı hal
Yuxarıda qeyd elədim ki, “Qədimyurd” adlı Ocaq Ailəsi yaratmışdıq. Bir müddət fəaliyyət göstərmişdi. Yıxıla-dura toplantılar edir, ətrafdan da adamlar cəlb edirdik. Ailə çox çəkmədi ki, dağıldı. Səbəbi münasibətlərin doğmalıq əhvalından uzaq olması idi. Həmin vaxtlar səhhətimlə bağlı sorunum məni də Ocaqdan cismən uzaqlaşdırmışdı.
Amaldaşlarım Soylunun, Göylünün, Nurtəkinin dalımca evimə gəlişləri ömrümdə yeni hal yaratdı. Yenidən Ocaq eşqimə kökləndim.
Nəhayət, Soylunun təklifiylə, həyat yoldaşım, həm də öz istəyiylə, Ocağa Evlad qəbul olundu. Elana adıyla mənə Amaldaş oldu. Beləliklə, yeni Ruhani Ailə yarandı, “Atagün” bölgədə fəaliyyətə başladı.
Ailə mərasimimizə başqa Evladlar da gəlir, müxtəlif yerlərdən Ocaqsevərlər dəvət edilir. Tədbirlər kitablaşır, ünvanlaşır. Ocaq fədakarı Göylü Ailənin inkişafında və fəaliyyətində bənzərsiz əmək çəkir… Ocaqsevərlər də indi bizim təsirimizlə uğurlu fəaliyyət göstərirlər. “Atagün” Ailəsinin toplantılarına öz ətraflarından dəvətlər edirlər. Onların içərisindən Təvəkkül bəyin işini ayrıca qeyd edirəm. Ocaqlaşma artır, böyüyür, yayılır.
Atamız var olsun!