Ürəyinizdə Günəş olsun!
Bu günlərdə Asif Ata Ocağının Evladı Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı. Kitab bir yaşamın Əqidəyə bağlı ayrı-ayrı aşamalarını izhar edir.
Kitab 500 sayda “Elm və Təhsil” nəşriyyatında basılmışdır. Yaxın günlərdə kitab evlərində və satış məntəqələrində olacaqdır. İndi Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının kitaba yazdığı ön sözü sunuruq.
Tükənməyən Ümidin Harayı
Deyirlər “ümid sonda ölür”. Əslində ölmür. Əgər ümid ölə bilirsə, deməli, o, ümid deyilmiş. Ümidi ölənin ruhu olmur, ruhu olanın isə ümidi ölmür. Yaxud belə də demək olar: – ümid bir fərdə, bir məqama bağlananda qırıla, ölə bilsə də, Dünyanın Varlığına bağlanan ümid heç vaxt ölməz. Dünya özünə, öz ölməzliyi qədər ümid yaradır. Dünyanı dərk eləyənin ümidi ali ümiddir, başqa sözlə, ölməzdir. Dünyaya, onun Mənasına ümid bağlamaq – fərəhli ömür yiyəsi olmaqdır. Fərəh – idrakiliyin, mənəviliyin ifadəsidir… Bu, böyük düşüncənin yönüdür – İnsan fəlsəfəsinin ölçüsüdür. Bəşər tarixində belə ömür faktları çox azdır və bu azlar İnsanlığın bənzərsiz örnəyidir.
Əlbəttə, şəxsiyyətləri çeşidləmək, sortlara bölmək yolverilməzdir. Ancaq hər bir şəxsiyyətin dəyəri yaradıcılığının yönü, daşıdığı əqidənin hədəfləri ilə bəlli olur. Bir də onların ömürləri “dəyəri yaradan və dəyəri qoruyan” olmaqla qiymətləndirilir. Məsələn, İsa insan sevgisinə yönəlik bir dünyabaxış yaratdı və özü yaratdığı dəyərə tən oldu. Deyək ki, Pavel də bu dəyəri yaşatmaqla, yaymaqla dəyər ölçüsünü ifadə eləmiş oldu. Təbii ki, bu bağlılıqda “İsa daha yaxşıdır, Pavel az yaxşıdır” məntiqi yaranmaz və onların çəkisini də belə doğru olmayan məntiqlə qiymətləndirmək olmaz. Hər kəsin şəxsiyyəti düşüncəmizə, sevgimizə “yaradıb”, yaxud “qulluq edib” anlamlarının miqyası ilə girir. Deməli, şəxsiyyət yaşadığı ömrə, daşıdığı görəvə görə, belə demək mümkünsə, mərtəbələşir.
Burada bu misalı ona görə çəkib izah elədik ki, haqqında danışacağımız Günev Atalının şəxsiyyətinə düşən qiyməti də anlada bilək.
Daşıdıqları dünyagörüş və ölçü fərqli olsa da, əməyin, fədakarlığın yönü baxımından, Asif Ata və Günev Atalı münasibətini İsa-Pavel münasibətiylə müqayisə eləmək olar. Günev Atalı Yola, Yolun Yaradıcısına inamlı və heyrətlidir. Onun fədakarlığı, zəhməti, ümidi inamından və heyrətindən əmələ gəlir. Pavel kimi Yolun yaradıcısını tanıtmaq, anlatmaq onun sevgisinə hakim olan bir görəvdir. Günev bu görəvin özünə vurulub. Vurğun baxışlar, vurğun yerişlər, vurğun çağırışlar onun şəxsiyyətinə aydınlıq gətirir və sanbal qazandırır. O, kitab adamı deyil, ruh adamıdır. Heyrətli çağırışları da tarixi ənənələrdən deyil, ruhunun dərinliyindən gəlir. Atanın dediklərinə o qədər inanır ki, insanlarla ünsiyyətdə inandığını haraylayarkən heç bir tərəddüd hissi keçirmir. Akademik düşüncələr, elmi biliklər, kitablardan gələn məntiqlər, üzləşəndə Günevi çaşdırmır, ürəyinin ehtiraslı çağırışını kölgələyə bilmir. Çünki Ruh Dünyasının məntiqini tanıyır, dəyərini anlayır. Bilir ki, dünya insanda əyilib, gedişat ruhaniyyatsızlıqdan pozulub. Günevin də Asif Atadan gələn çağırışları pozuntuların nədənini anladan, bəşər övladını nicata səsləyən çağırışlardır.
Asif Atanın yaratdığı Ocaq əslində hər bir Ocaqçı üçün ruhani bioqrafiyadır. Ona görə biz də Günev Atalını Ocaqçılıq bioqrafiyası ilə təqdim edirik. Ancaq onun Ocaqçılıq aqibəti də birdən-birə yaranmamış, çətin aşamalarda əzabdan-əzaba çırpılmış, dərya kimi çalxalanmış və durulub bəlli şəklə düşmüşdür. Bu Yolda onun qalxıb-enmələri, büdrəmələri, sarsıntıları çox olmuşdur. Bütün bunları bilmədən onun Ocaqçılıq aqibəti də dərk olunmaz.
İnsan niyə fərəhlənir, fərəhçilik boşuna deyilən sözdürmü? Asif Ata Ocağında “Fərəh” sözü çox işlənir. Bu sözü işlədən adam Ocağın ənənəvi sözü kimi də işlədə bilər, yaşamının ölçüsü kimi də. Biz deyəndə ki, “Fərəh” sözü Günevin yaşam ölçüsüdür, bunu onun Ocaqçılıq bioqrafiyasından görmək mümkündür. Odur ki, bir neçə kəlmə amaldaşımız Günev Atalının ruhani ömür yolunda üzləşdiyi çətinliklərdən də danışmaq gərəkir.
Günev Atalı (Əliyev Əlabbas Məcid oğlu) 1955-ci ildə qədim Beyləqanın Örənqala köyündə doğulub böyümüşdür. Orta oxulu bu köydə bitirib, təsərrüfatçılıqla, eləcə də ayrı-ayrı fərdi tikintilərdə ustalıqla məşğul olmuşdur. O, oxuduğu ayrı- ayrı bədii və tarixi ədəbiyyatlardan da xarakter almış və millətə, vətənə, dövlətə münasibətində çağdaşlarından fərqlənmişdir. Bununla belə, onun vətənə, millətə, dövlətə münasibəti sevgi səviyyəsində olmuş, idraki yetkinlik, bitginlik səviyyəsinə yüksəlməmişdir.
1988-ci ildə Qarabağın “Topxana”sından başlayan bəlli olaylar bir çoxlarının həyatına birbaşa fəal təsir göstərdiyi kimi, Əlabbasın da şüurunda dəyişikliklərə yol açmışdır. Ancaq hələ sovet yönətim qurallarının qaldığı bir çağda müstəqil ağıl işlətmək, hansısa addımlar atmaq olduqca çətin idi. Həmin illərdə Əlabbas gizli şəkildə təbliğat aparan Asif Ata davamçılarına rast gəlir. Belə bir ünsiyyətdə onu düşündürən bütün suallara cavab tapacağına ümid bəsləyir. Ancaq onu yetərləndirən, yetərləndirməyən cavablar alır. Az vaxtdan sonra bağlantı qurduğu əski Ocaqçılar onu Asif Atanın özü ilə tanış edirlər. Asif Atanı dinləmək onu heyrətə salır, ağlının, ürəyinin gözü açılır. O bu şəxsiyyətin ideyasına, Yoluna inanaraq Ocağın Evladlığını qəbul edir. Ocaq İlsırasının 11-ci ilində (1990-cı il) Asif Atadan Günev adını alır… Bundan sonra o, həqiqi mübarizə yoluna düşür. Bir il sonra keçmiş amaldaşlarından birinin fəal qatqısı ilə öz köyündə Ocaq Atasının görüşünü təşkil edir. Bu görüş bütün bölgəyə səs salır və diqqətləri Ocağa yönəldir. Bununla da həmin bölgədə “Qədimyurd” adı ilə Ocaq Ailəsinin yaranmasına yol açılır.
Hər bir Ocaq Ailəsində bir nəfər təmsilçilik edir, – çağdaş sözümüzlə desək, Ailənin Yükümlüsü olur. Bu görəv, Ocaq Ailəsində Atanı, Atanın qarşısında isə Ailəni təmsil eləmək anlamı daşıyır. “Qədimyurd” Ailəsinin Yükümlüsü o çağlarda Atanın özü tərəfindən iki dəfə dəyişdirilmiş, üçüncüdə bu yükün məsuliyyəti Günevə tapşırılmışdır. Bunlar ona görə baş vermişdir ki, Ailədə yönəltmə inzibati xarakter almışdır. Halbuki İnsanlaşma Ocağında Amaldaşlar arasındakı münasibət yalnız ruhaniyyata əsaslanmalıdır.
Günev bu Ailənin yaşaması və genişlənməsi üçün ciddi çabalar göstərmiş, heç vaxt özünü aldatmamışdır. Çünki ruhaniyyatçılıq onun fitri keyfiyyətlərində mövcud olmuşdur. Ancaq Ailəçilərin həyat tələblərini ötə bilməməsi ilə, eləcə də, bir-birinə və toplumdakılara adi toplumçuluq (cəmiyyətçilik) halından gələn münasibət sərgiləməsi ilə bu Ailənin ömrü qırılmış və fəaliyyəti dayanmışdır.
Günev Atalının özü də, sağlamlığında sorun olduğuna görə, bir il Ocaqdan qıraqda qalmışdır. Sağlamlığını bərpa elədikdən sonra isə Asif Atanın hüzuruna gələrək, onu, yenidən Ocağa qaytarmasını diləmişdir. Ata bu diləyə yox deməmişdir. Çünki Günev kimi anadangəlmə bir ruhaniyyatçını – “Ata vurğunu”nu itirməyi doğru saymamışdır.
Günev Atalı Ocağın yaşaması və yayılması üçün özündənkeçmə səviyyəsində çaba göstərən tək-tək Ocaqçılardandır. Ocaqçılığının ilk çağlarında balalarını dolandırmaq üçün ustalıq edib qazandığı paralardan həmişə Ocaq üçün də ayırmış, onun yaşayıb genişlənməsinə qulluq göstərmişdir.
Ocaq İlsırasının 12-ci ilində, öz köyündə, 40-50 sot torpaq sahəsi alaraq “Amal Bağı” salmışdır. Hətta Asif Ata ölümündən illər öncə, nə vaxtsa nəşinin bu “Bağ”da gömülməsini sonərk (vəsiyyət) etmişdir. Günev Atalı da hər cür çətinliyə, manelərə sinə gərib Atanın nəşinin Amal Bağında gömülməsini həyata keçirmişdir. Həmin olayda bənzərsiz qeyrət göstərdi Günev – Amaldaşlarına və bütövlükdə ulusuna örnək olacaq bir qeyrət.
Doğrudur, o çağlarda da sağlamlığında baş qaldıran sorunla bağlı Günev, bir neçə il yenə Ocaqdan uzaq düşdü. Vurğu eləmək yerinə düşər ki, onun Ocaqdan uzaq düşməsində bu yazının müəllifinin də suçu vardır. Belə ki, Ocaqla bağlı aşırı ərklər, hardasa, ona yük oldu ki, bunu da şəxsi qayğıları ilə birləşdirmək imkanı yetərsiz idi. Bununla belə, Ocaq Günevi yenidən qazandı.
Günev Amal Bağında vaxtilə yaşamaq üçün sığındığı bir tikilinin üzərində işləyib oranı “İnam Evi”nə çevirdi. Yaxın, uzaq ellərdən insanlar çağırdı. Oradan başlayan səfərlər elədi, Asif Atanın İnamının harayını çəkdi, çoxsaylı Ocaq ədəbiyyatları yaydı. Ocaqdan, Amaldaşlarından ilhamlanaraq, Amal Bağında, Ata ideyalarından qaynaqlanan arxitektura ilə İlk İnam Məbədinin (Evinin) tikintisinə başladı. Üzərinə haylananların təsirinə, həşirinə dözdü, addımı geri qoymadı. Bu yazının yazıldığı tarixdə “Məbəd” in divarları artıq başa çatmaqdadır.
Yeni İnamın yayılması çox çətindir. Ocaq hər addımda bu çətinliyə dirənir, ancaq dayanmır, aşıb adlayır. Günev də bu çətinliklərlə daim öz bölgəsində üzləşir. Bir yandan dövlət orqanlarının yersiz qarışmaları, bir yandan İran şüurlu adamların, başqa yandan qohumlarının bezikdirici davranışları Günevi sındıra bilmədi. Çətinliklər onu daha da müdrikləşdirdi. Çünki insan, millət sevgisi onun həyatının ana xəttidir.
Günevin hünərlərindən biri də öz bölgəsində “Atagün” Ocaq Ailəsini başlamaq oldu. İllər sonra orada ruhani Ailəçiliyin bərpasını Ata işini bilməyin və dərk eləməyin təzahürü saymaq doğrudur.
Günev öz ömrünü Ocağa çevirib. Ocağı öz ömrünə çevirib də demək olar…
Adını çəkdiyim və çəkmədiyim məsələlər sıradan olaylar deyil. Ulusal kimliyi təsdiq edən şəxsiyyət ömrüdür. Elə bir ömür ki, şəxsiyyətin özündən sonra da söz deyəcək və iş görəcəkdir.
Burada biz, əsasən, Günev Atalının ömründən, ruhani çalışmalarından söz açdıq. Ancaq yazımızı onun “İnamlı İllərimin Harayı” kitabına ön söz kimi sunuruq. Çünki bütün bu deyilənlər ömür yoludur, ömür kitabıdır – Asif Atanın peyğəmbərliyini, ideyalarını haraylayan ömür-ümid kitabı. Bu kitabda Günevin öz ulusuna, bütövlükdə bəşər övladına ümidi işıqlanır, yaşayır. Biz də soyumuza yaşanan və çağıran bir Ümidi sunuruq.
Xristianlıq üçün başlanğıcda Həvarilərin məktubları, çağırışları nədirsə, İnam üçün Günevin çağırış xislətli kitabı da odur. Amaldaşımızın ömür kitabı qutlu olsun, ruhu uca, Ulusu var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü