Ürəyinizdə Ata Günəşi olsun, sayğılı oxucular.
Bu kitab heç bir gələnəkdə olmayıb. Bu gün də belə bir kitab heç yerdə yazılmır. İnsanlığın, ruhani istəklərin ömürlərdə oluşması, bunun necəliyinin, yönünün dilə gətirilməsi yazıya alınıb kitablaşdırılıbdır. Xalq ruhunun ayrı-ayrı bireylərində yaşaması, qarışıq, dolaşıq gedişlərdən, pozuntulardan ayrılaraq dəyərə çevrilməsi, mənəvi dəyərlərin yaşadılması xalqı gələcəyə aparan yaşam nizamıdır. Asif Atanın Ocağı bu nizamı oluşdurmağa çalışır. Bu kitabda onun işartıları yazıya alınmışdır. Daha doğrusu, toplantılarda dilə gətirilmiş, səsdən sözə çevrilmişdir. Asif Ata Ocağı bir neçə adda toplantılar keçirir. İl içində bu toplantıların sayı 30-a qədər olur. Bu kitabda həmin (illik) toplantıların yazıları toplanmışdır. Başlıca toplantılar Ocaq törənləri-mərasimləridir. Ocaq Bayramları, Ocaq Ailələrinin aylıq toplantıları, “Qutsal Öyrənim Günü” toplantıları da Törənlərlə yanaşı gerçəkləşdirilir. Toplantılarda özünügörmə, özünüdərk, mənəvi-idraki kamilləşmə yönünün yaradılması, yaşadılması vurğulanır. Ölkədə, dünyada İnsanlığa tərs gedən olaylar öyrənilir, araşdırılır, vurğulanır.
Ola bilər bu kitabda bəzi deyilişlər ibtidai görünsün, özünü təkrarlamalar olsun, buna da doğal yanaşmaq gərəkdir. Xalqın içindən çıxıb Ocağa gələn kimi ömür, düşüncə birdən-birə dəyişmir. Ancaq bununla belə, ürəklə demək olar, bu kitablar gələcəkdə xalq üçün məbəd söyləmləri, deyimləri, öyrənimləri olacaqdır. Xalqın içindən çıxanların onun ruhunu, dəyərlərini yaşatmaları, xalqın özünə qaytarmaları – özünü təsdiq yoludur. Umarıq, bu Yola yiyə durmağı xalqın bireyləri düşünəcəkdir.
Ata Ruhu sizə yar olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü