Ürəyinizdə Günəş olsun!
Hərdən oturub fikirləşirsən, bu qədər zəngin tarixi, bəşəriyyətə bəlli qədim ədəbiyyat nümunələri, kültürəl dəyərləri olan bir ulus nədən özündən, milli dəyərlərindən uzaq düşdü?
Bu gün Asif Atanın Mütləqə İnam Ocağı toplumda davamlı olaraq milli, insani, bəşəri dəyərlərə yönəlik qutsal bir yoldadır. Ocağın üzvləri Atanın vəfatından sonra Azərbaycanın müxtəlif regionlarına səfərlər edir, ictimaiyyət nümayəndələri, məktəblilərlə müntəzəm görüşlər keçirir. Atanın bütün kitabları Ocaqçıların maliyyə dəstəyi ilə, az sayda olsa da, cild-cild çap olunur. Təmənnasız olaraq insanlara çatdırılır. Milli ruha, milli dəyərlərə sahiblənməyimiz yolunda bu ideaların təbliği son dərəcə önəmlidir. Şübhəsiz, bu yolda onlara qarşı cəhalət girdabında var-gəl edən qara qüvvələr hər cür əngəl olmağa çalışır. Mən Asif Ata Ocağının üzvü deyiləm, öncələr də olmamışam. Bununla bərabər, Asif Atanın ideya, düşüncələri ilə hələ sovetlər dönəmindən, “Müdriklik səlahiyyəti” adlı və digər kitablarını oxuyur, onun ictimaiyyətlə olan görüşlərində iştirak edirdim. Atanın milli-bəşəri Baxışına çağırış Mütləqə İnam Ocağının əsas amalı kimi milli kimliyimizin qorunması yolunda bir çox mətləblərə işıq salır. Bu qonuda, Asif Ata ideya, amallarına yönəlik düşüncələrimi, qısa da olsa, diqqətli oxucularımızla bölüşmək istəyirəm:
Asif Atanın Mütləqə İnam baxışında bir çox fəlsəfi məqamlarla yanaşı, insanları daha çox düşündürən, Tanrıçılığa baxış da aydınlaşır. Ataya görə Tanrıçılıq sistemi dindən, dini ideologiyadan fərqli bir baxış idi, din deyildi. Farsların təhrifləri, saxtakarlıqları ucbatından gözdən salınan türklərə məxsus Zərdüşt dini də bugünkü semit dinlərindən tam fərqli idi. Ümumiyyətlə, antik türklər özünəməxsus mistik düşüncələrdən qaynaqlanan əsatirlərə malik olub. Bugün antik Yunan, antik Misir, antik Çin mədəniyyəti kimi bizə təqdim edilənlər qədim türk baxışlarından əsaslı şəkildə bəhrələnmişlər. Bu mədəniyyətlər min illərlə bəşəriyyətdən gizlədilən şumer-türklərindən qaynaqlanır. Bunu polyak, niderland, ingilis, italyan alimlərinin tarixi araşdırmalarında, etiraflarında da görə bilirik. Bizi bu gün də milli dəyərlərimizdən, milli adətlərimizdən uzaqda tutmağa cəhd edilir, yad ideologiyaların əsirinə, quluna çevirmək üçün min oyun qurulur. Asif Ata ideologiyası, fəlsəfəsi din deyil, türkü ayaqda tutacaq, milli dəyərlərə sahiblənməyin, bəşəriyyətə insanlaşıb, insanlaşdırmağın yolunu göstərən milli baxışdır, ideologiyadır. Yüzilin əvvəlində dünya gücləri ilə savaşda üz-üzə qalan Böyük Atatürk dini dövlətdən ayırmaqla türkü minillik qəflət yuxusundan, qismən də olsa ayıltdı, ancaq tam oyada bilmədi. Həmin dövrdə Asif Atanın Mütləqə İnam fəlsəfəsi, ideologiyası Atatürkün masası üzərində olsaydı, indi biz tam fərqli bir Türk Dünyasında yaşayırdıq. Mən əminliklə inanıram, Asif Ata ideologiyası subyektiv yanaşmaların, konyuktur maraqların kənara qoyulmasında, bütün qrupların, qurumların, dərnəklərin, firqə, birliklərin milli məfkurə ətrafında birləşməsində milli düşüncə konsepsiyası kimi əsas götürüləcək.
Bizi bu gün də ciddi-cəhdlə “ərəb işğalı”nda saxlayanlara xatırlatmaq istəyirəm, Türkçülüyün Turançılığı inkar eləyən islamla, islamçılıqla bir arada ola bilməsidüşüncəsi kökündən yanlışdır. Bu, istər Ə.Hüseynzadənin, istərsə də Nihal Atsızın prizmalarından, baxış bucaqlarından yanaşılsa belə, səhvdir. Dinin siyasətlə bir arada olması fəlakətdir, qarşıdurmadır, qandır. Siyasətçilərimizin bəlli kontingenti öz tərəflərinə çəkməsi üçün, bəzən də, çox təəssüflər olsun, milli ideoloqlarımızın yad bir ideologiyaya islama-dinə bulaşması yeni-yeni məğlubiyyətləri sıralamağımıza səbəb olub. Böyük Atatürk dindən istifadəni əxlaqsız siyasət adlandırırdı… Şüurlardan islam silinməyincə, bitməyincə, milli dəyərlərimizə yiyələnə bilməyəcəyik, türk özü bitəcək…
Antik türklərin özünxas mifoloji düşüncələri olub. Bu düşüncələr içində ən maraqlısı, bugünümüzə qədər gəlib çatan, bu gün də Tuvada, Saxada, Türküstanda, Əfqanıstan, Pakistanın bəzi bölgələrində yaşayan şaman ayinləridir. Maraqlıdır, islamın türkün məişətinə nüfuzundan sonra ərəblərin babalarımızı qanına qəltan eləyib öldürdüyü yerləri pirə çevirib müqəddəsləşdirmişik. Necə ki, Leninə, Kirova, Şaumyana, XI Qırmızı orduya abidələr ucaldıb ehtiram göstərirdik. Sual oluna bilər, nədən Sovet ideologiyası belə tez süqut elədi, islam isə yox. İslam sosializmdən fərqli olaraq, insanları Allahın adından gah qorxuda saxlayır, gah da ona cənnət, süd gölləri, 72 huri mələk, əbədi eyş-işrət vəd eləyir. Şübhəsiz, belə yağlı, cəfəngiyyat vədlər kütlənin düşüncələrini tez etkilədiyindən beyinlərin yuyulma prosesi də tez baş verir. Türklərin özlərinəxas pirlərini ziyarəti də elə islam qurallarından qırağa çıxmaq üçün aparılan ideoloji prinsiplərdən biri idi. Sonradan ərəblər peyğəmbəri, Kəbəni, Kərbalanı müqəddəsləşdirib Tanrıya şərik elədilər. Bu şəriklikdən sonra Allaha olan münasibət də ərəbləşməyə başladı. Bir misal deyim, bugün bir dindarın yanında Allaha asi düş, onu söy, sənə güldən ağır söz deyən olmayacaq, ancaq peyğəmbərin ünvanına nəsə bir tənqidi ifadə işlətsən, həyatın bahasına başa gələ bilər. Yəni, beyniyuyulmuşların müqəddəsləşdirdiklərini Allahdan ucada tutmaları bir faktdır… İnsanı, insanlığı, insani dəyərləri özündə ehtiva eləyən türklərin antik Tanrısal sistemini ərəb Allahçılığı darmadağın elədi…
Burada, Ulusumuz üçün, Atanın Özümləşmə Mütləqliyini xatırlatmaq da çox yerinə düşür:
“Özgələrdən Çəkindiyin qədər Özündən Çəkin.
Özgələrdən Qorxduğun qədər Özündən Qorx.
Özgələrdən Utandığın qədər Özündən Utan.
Özün – Özünün Ölçün ol!”
TÜRK ötəri duyğusallıqdan daha çox bəşəri ruhsallığın, ulusallığın İNSANIDIR!!!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!