Ötən müddətdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının bir sıra fərdi və kütləvi görüşləri keçirilmişdir. Görüş mövzusunun əsasını milli, ruhani və siyasi məsələlərə münasibət təşkil etmişdir. Bu gün dünya xaos içindədir. Hər şey qeyri-müəyyəndir. Adətlər dəyişib, dəyərlərə münasibət dəyişib. Bu qeyri-müəyyənlik özünü görüş iştirakçılarının mövqelərində də göstərir. Soydaşlarımızın əksəriyyəti yeni sivilizasiyadan – Avropalaşma meylindən ümid gözləyirlər. Müəyyən bir qisimi İslam qaydalarına üz tutmaqda xilas arayır. Millətçilik həvəsində olanlar isə o qədər də ümidli görünmürlər. Ancaq onların aralarında elələri də var ki, Asif Atanın qəti və aydın baxışından ümidlənir və bəhrələnirlər.
Ümumiyyətlə, Asif Atanın Yolunun uzaqlığı çoxlarında belə bir fikir oyadır ki, Asif Atanın istəklərinin nəticələnməsinə qədər qısa, vacib siyasi yollar lazımdır. Biz bu fikrin yanlış olduğunu əsaslandırırıq. Birincisi, qısa, tələsik yollar Azadlığı təmin etmir, ədaləti bərqərar etmir, sosial problemləri aradan qaldırmır. Çünki dünyanın gedişinə dövlətimizin siyasəti təsir göstərmir; çünki dövlətimizin siyasətinin milli ideoloji əsası dayaz və gücsüzdür; çünki siyasi gücümüzün qarantı olan milli və coğrafi bütövlüyümüz parçalanıbdır.
Asif Atanın Dünyabaxışı bizi yıxıldığımız yerlərdən qaldırmaqla ruhani və siyasi bütövlüyümüzə zəmin yaratmaq iqtidarındadır. Asif Atanın əsas yönü İnam işindən ibarət olsa da, onun “Uluyurd Hərəkatı” ideyası da var. Bu ideya ideoloji və siyasi mübarizəni ciddi bir axına çevirə bilər.
Ümumən isə, hesab edirik ki, xalqda İnam işi getməsə, xaos aradan qalxmayacaq və yağılığa qarşı milli dirəniş gücü formalaşmayacaq.
Atamız var olsun!
Od Ayı, 34-il. (iyul, 2012)