Xəbərlər

İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi

Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, sönük, etkisiz deyildir. Onlar özünəxas özəlliklərlə (əlamətləri, nişanələrilə) izlənir. Bu özəlliklər olmasaydı, cisimlər sadəcə kütlə yığınından, olaylar isə quru görsənişlərdən başqa bir şey olmazdı. Cisim və olaylar özlərini əlamətləri ilə bildirir, bir-birinə özünəxas əlamətləri ilə qarşılıqlı etki göstərirlər. İnsan, elmin dediyi kimi, cisim və olayları onlarda üzə çıxan spesifik özəlliklərinə görə qavrayır, müqayisə edir, fərqləndirir, qiymətləndirir, onlar haqqında qənaət hasil edir, düşüncə söyləyir. İnsanın xislətindəki dünyanı anlamaq istəyi də onun özünəxas əlamətlərindən biridir. Biz burada əlamət deyəndə varlığın anlamını nəzərdə tuturuq. Bu baxımdan əlamətlər özlüyündə maddi deyildir, onların təbiəti bilinmir, görünmür, çəkisi, ölçüsü yoxdur. Bilinən, görünən odur ki, əlamətlər mənsub olduqları cisimlərdən qıraqda deyillər. Cisimlə özünəxas əlaməti arasında zaman, məkan hüdudu yoxdur. Cisimlə özünəxas əlamətləri vəhdətdədir. Cisimlər əlamətlərindən qıraqda urvatsız olardı, əlamətlər isə cisimsiz özü-özünə aşkarlana bilməzdi. Əlamətləri cismin özünəxaslığı kimi gözdən keçirsək, “insanın meymundan əmələ gəlməsi” düşüncəsi yanlışdır. Çünkü insanlığı ifadə eləyən “duyğu”, “düşüncə” əlamətləri yalnız insana xasdır. Asif Ata yazır: “Duyan, düşünən heyvan ola bilməz”.
Dünya ucsuz-bucaqsızdır – sonsuzluqdan gəlir, yəni əzəlidir, sonsuzluğa  gedir, yəni əbədidir. Yer üzündə aşkarlanan cisim və olayların oxşar, yaxud fərqli şəkillərdə mövcudluğu, kainatın başqa yerlərində də olması istisna deyil. Əzəli, əbədi varlığın zaman, məkan məhdudluğu ola bilməz. Bunu başqa cür düşünmək, başqa cür təsəvvür etmək belə mümkün deyil. Biz isə konkret olaraq, özümüzün mövcud olduğumuz Yer kürəsindən danışırıq. Yer üzündə həyat insan varlığı ilə mənalanmağa başlayır. İnsan gördü ki, ondan qıraqdakı dünya insanın halına etkisiz ötüşmür. İnsan dünya haqqında düşünməyə başladı. İnsan bilmək istədi: Dünya necədir, gerçək olanı nədir, həqiqəti nə?! Dünya görünənə bərabərdirmi, yoxsa görünəndən fərqli də nəsə varmı?! İnsan gördü ki, cisim və olayların halına etkisi iki yöndə görsənişə gəlir: Zahiri və daxili.
– Birinci halda, varlığın faydalığını, mənfəətliyini göstərən fiziki, kimyəvi, bioloji özəllikləri aşkarlanır. İnsan dünyanın bu halını “gerçəklik” (yəni üzdə olan, zahiri olan) adlandırdı.
– İkinci halda, varlığın əsil təbiəti – gözəlliklər, ülviliklər, incəliklər, insana gəldikdə isə Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqət şəklində üzə çıxan, görsənişə gələn keyfiyyətlərlə bilinir. Bu özəllikləri insan dünyanın “daxili halı” adlandırdı.
İnsan özünün də ikili təbiətə malik olduğunu gördü. O, dünyadan həm faydalanırdı, həm də dünyadan etkilənirdi.
İnsan gördü ki, zahirən bütün canlı və cansız aləm eyni növ kimyəvi elementlərin müxtəlif tərkibdə, müxtəlif nisbətlərdə birləşmələrindən başqa bir şey deyildir. Həm də insan gördü ki, bir zərrəcik qədər fərqlənən maddələr tamamilə fərqli, yeni əlamətlər göstərir. Bunu, çoxlarının da maraqla bildirdiyi “su” misalı ilə izah eləmək olar: Hidrogen (H) və oksigen (O2) atomlarının 2:1 nisbətində birləşməsindən yaranan su (H2O) onların hər birindən fərqli, yeni əlamətlər göstərir. Hidrogenlə oksigen qazdır, su maye. Hidrogenlə oksigenin hər ikisi odda yanır, su odu söndürür. Bu bir möcüzədir. İki hidrogen bir oksigen atomlarının yan-yana durmasından (birləşməsindən) nə hikmət baş verir ki, bu birləşmə yeni əlamətlərlə ortaya çıxır…
İnsan onu da gördü ki, bu eləmentlərin 2:1 nisbətində deyil, başqa nisbətlərdə birləşmələri tamamilə yeni əlamətlərlə izlənəcəkdir. Bilirik ki, say sistemi sonsuzdur. Təkcə hidrogen, oksigen atomlarının müxtəlif tərkiblərdə sonsuz sayda birləşmələri yarana bilər. Hər birləşmə də özü ilə yeni əlamətlər sərgiləyir. Dünyada isə hələ ki 100-dən çox eləmentin mövcudluğu bəllidir. Bunu nəzərə alsaq, kainatın necə zəngin, necə dolğun bir hikmət olduğunu görərik.
Canlı aləmin yaranması ayrı bir möcüzədir. Hansısa bir kimyəvi birləşmə başqa birləşmələri mənimsəyir, içində emal edir, böyüyür, hərəkət edir, özü kimi birləşmələr doğur, artır, qocalıb ölür, torpağa qarışır, hissələrə parçalanır. Başqa birləşmələr tərəfindən hissə-hissə mənimsənilir, yenidən yaşama qayıdır. Dünya necə də qəribədir. Bir ovuc kimyəvi elementin müxtəlif birləşmələrindən necə də qeyri-adi möcüzələr yaranır. Heyrət… Dünya necə də nəhəng bir potensiya daşıyır. Dünyada belə bir hal var, dünyanın belə bir zənginliyi var. Bu hal dünyada özü-özünə, təbii şəkildə mövcuddur, dünyanın əzəli, əbədi gedişində üzə çıxır.
İnsan dünyada mövcud olan kimyəvi, üzvi birləşmələrin hər birinə yeni adlar verir, onları yeni anlamlarla fərqləndirir. Beləliklə, elm yaranır. Cisim və olayların bu əlamətləri nə qədər qəribə, qeyri-adi görünsələr də elmi araşdırmaların qonusudur. Elm özündən heç nə yaratmır, elm maddi olanaqları kəşf edir. Elmin mənası ondadır ki, dünyanın heç bir fövqəltəbii qüvvədən, xüsusi halda insandan, onun iradəsindən istək və arzularından asılı olmayan təbii, real, müstəqil mövcud olduğunu insan gördü.
Görmə, eşitmə, iy bilmə, dad bilmə, lamisə duyğuları da canlı aləmə xas ağılasığmaz, izaholunmaz möcüzələrdir. Bunlar insana xasdır. Dünya bu əlamətlərlə görsənişə gəlir, ancaq dünyanın anlamının təbiəti, mənşəyi sirrdir, sehrdir. Başqa canlılardan fərqli olaraq, insan dünyanı duymaq, dərk etmək, dünyanı vəsf etmək gücündə, qüdrətində olduğunu gördü. Bu isə elə bir möcüzə, elə bir qeyri-adilikdir ki, insan dünyanın ucalığına, Aliliyinə heyran olmaya bilmir. Dünya necə də möhtəşəmdir, dünya necə də mükəmməldir. İnsan dünyanın potensiyasına heyrətsiz ötüşə bilmir.
İnsan duyğuları vasitəsilə özündən xaricdəki dünya ilə tanış olur, onu öyrənməyə, mənasına varmağa çalışır. İnsan özündə belə bir daxili tələbat, ehtiras gördü. İnsan özünün bu daxili tələbatını, ehtirasının qaynağını Ruh adlandırdı. Asif Ata insanda ruh anlayışını belə dəyərləndirir: Ruh – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə birliyidir.
İnsan gördü ki, dünya görünən-bilinən, elmi idrakla ölçülən-biçilən gerçək dünyadan və görünməyən, ancaq insan Ruhu ilə duyulan, dərk olunan daxili dünyadan ibarətdir. İnsan onu əhatə edən gerçək dünya ilə arasıkəsilməz təmasa alışdığından dünya ona adi görünürdü. Alışqanlıq, özünümühafizə bütün canlılara xas, həmçinin insanın bioloji varlığı ilə bağlı əlamətlərdir. Adi halda insan dünyanı faydasına görə qiymətləndirir, mənfəətinə görə öyrənirdi. Onun yaranması səbəbini, nə olduğunu, necə, nə üçün doğduğunu duymurdu, düşünmürdü. İnsan bu halı ötə bildi. İnsanın daxili ehtiyacı, dünyanı öyrənmək, bilmək ehtirası – Ruhani tələbatları onu bu halı ilə məhdudlanmağa qoymadı. İnsan dünyanın mənşəyi haqqında düşündü-daşındı. Gördü ki, dünya əslində qeyri-adidir.
Dünya – bir-birindən fərqlənən müxtəlif, bənzərsiz cisim və olayların daima hərəkətdə olan, dəyişən, bir-biriylə daima yenilənən əzəli, əbədi gedişidir. İnsan gördü ki, dünyanın əzəli, əbədi gedişi kortəbii, qarmaqarışıq, yeknəsək olaylar yığını deyildir. Dünyadakı bütün dəyişmələr nizamlı şəkildə – Artan, Böyüyən, Yüksələn yöndə baş verir. Kainatda belə bir hal, belə bir nizam, belə bir hikmət var. İnsan dünyanın özündən böyük, Ali, Yüksək olan daxili qüdrətini Dünyanın Mənası adlandırdı.
Ruhun gözü ilə baxdıqda dünyadakı maddi dəyişmələrin anlamının bu dəyişmələrdən daha dərində olduğu görünür. Heç bir maddi dəyişmə özünün səbəbi deyil. Materialistlərin iddia etdiyi kimi maddi dəyişmələrdə üzə çıxan spesifik əlamətlər “materiyanın inikası” deyil. Tərsinə, dünyadakı maddi dəyişmələrə səbəb, onlardakı daxili imkanların üzə çıxmaq, görsənişə gəlmək tələbidir. Bu, dünyaya yeni bir baxışdır. Məna üzə çıxmaq, aşkarlanmaq tələbi yaradır. Başqa bir yandan insan dərk edir ki, Məna Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir. Məna – Dünyanı doğuran tələblə bilinən möhtəşəm, mükəmməl bir Qüdrətdir. Məna dünyanın nizamı, dünyanın daxili halı olduğu üçün özü-özünə aşkarlana bilməzdi, o maddidə aşkarlanmalıydı. Maddi dünya isə keçici, ötəri, sonlu, qeyri-kamil olduğu üçün Məna dünyanın bir halına sığa bilməzdi. Bu səbəbdən də dünya dəyişir, daima yenilənir.
İnsan gördü ki, Məna cisim və olaylarda bütövlükdə deyil, öz nişanələri ilə görsənişə gəlir. İnsan dünyanı belə gördü…
Dünya çağlayır, qaynayır, insanı haraylayır. İnsan dünya ilə özü arasında bir yaxınlıq, doğmalıq gördü. İnsanın daxili aləmi də bir dünyadır, dünyaya təndir, dünyayla bir səslənir. Bunlar dünyada bəlirlənən yeni əlamətlər, yeni görsənişlərdir. Bu görsənişlər cisim və olaylarda onlarla məhdudlaşmayan, onları aşan məsələlərdi. Bu məsələləri Mənanın çalarları adlandırmaq olar.
Fiziki, kimyəvi, bioloji əlamətlər insanın faydasına, mənfəətinə yarayır. Mənanın çalarları isə insanın Ruhunu oxşayır, ruhunu qanadlandırır…
Əzəli olan keçiciyə, əbədi olan ötəriyə, sonsuz olan sonluya, kamil olan qeyri-kamilə sığa bilməzdi. Məna isə aşkarlanmalı idi. Bu səbəbdən də dünya bir halında qalmır, Məna tələbində daim  dəyişir, yenilənir, artır, böyüyür. Asif Ata Mütləqə İnam kitabında Mənaya belə bir tərif verir: “Mütləq – bu gündə nişanələriylə, əbədi sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, dünyaya, həyata, insana Ali Daxili Qüvvə, istiqamət və Meyar olan bir Qüdrətdir”. Asif Atanın ifadələrində “Mütləq, Məna, Mahiyyət” deyimləri bir anlam daşıyır.
Məna nişanələri cisim və olayların keyfiyyət göstəriciləridir. İnsana gəldikdə isə düşüncəsi, sözü, əməli Mənalı olanda urvatlı olur. Dünya Məna nişanələrinə görə hüdudsuz, zəngin, bənzərsiz, qeyri-adi olur. (Məna işıqdır, Məna nişanələri işığın zərrələri). Dünyada, həyatda, insanda yaxşı nə varsa, Mənadan xəbər verir. Gerçəkliyin urvatlı, qiymətli olması onun özündə mövcudluğuna görə deyil, Mənanın nişanələri, görsənişləri olmasına görədir. Gerçəklik özündə məhdudlaşsaydı dünya sönük, yeknəsək, tükənən kütlə yığınından başqa bir şey olmazdı, Mənasız olardı. Ətir saçmaq qızılgülün xislətindədir. Bu ətirin təbiətini, insanın halına etkisini qızılgülün mövcud görsənişi ilə izah eləmək olmur. Çünkü qızılgülün yaratdığı bu hal maddi deyil, təcrübə ilə, sınaq yolu ilə öyrənilmir. Bəlli olan odur ki, zərif çiçəklərin gözəlliyi insan qəlbini oxşayır, könlünü açır, insanı duyğulandırır, düşündürür, insanın daxili aləmindən hay verir, insanı gözəlliyə, xeyirə çağırır.
Cisimlərin faydalı əlamətləri mənfəət dərəcəsi ilə məhdudlanır, mənalı əlamətləri isə anıldıqca anılır, duyulduqca duyulur, insanı Özünə doğmalaşdırır. Mənanın sınırı, səddi olmur…
İnsan gördü ki, dünya özünə sığmır, özündə qalmır, özündən Böyük, Ali, Yüksək olana can atır, həyatda, insanda genişlənir, ancaq onlara da sığmır. İnsanın ruhani dünyasını yaradır. İnsan ruhunun imkanları dünyanı yenidən kəşf edir. Kamil həyat, başqa sözlə, ali həyat oluşdurur. 
 Məna cisim və olaylarda öz nişanələri ilə görsənişə gəlir. Cisim və olaylarda üzə çıxan, aşkarlanan əlamətlərə faydaçılıq baxımından yanaşanda gerçəklik düşüncəyə hakim olur, Məna bilinmir. Ancaq insan bunda məhdudlaşıb qalmır, gerçəklikdən artıq olanı anlamağa can atır. Bu canatmada fərəh də var, əzab da; sevinc də var, kədər də. Bu hallar insanın daxili dünyasının tələbləri ilə ortaya çıxır, insanı özündən yüksəyə qaldırır. Artıq insan gerçəkliyin deyil, Mənanın etkisində davranır. Yuxarıda qızılgül misalında olduğu kimi. Qızılgül alqı-satqı predmeti kimi gerçəkliyi, gözəllik, zəriflik rəmzi kimi Mənanı ifadə edir. Satan faydalanır, alan Mənalanır. Deməli, eyni bir şeyə yanaşma faydaçılığa xidmət edirsə gerçəkliyə, ülvilik, gözəllik rəmzi kimi götürülürsə Mənaya aid olur. Dünyanın dəyərləndirilməsi insanın baxışını formalaşdırır. İnsan dünyanı urvata mindirə də bilər, urvatdan sala da.
Yuxarıda vurğuladıq, Məna özündə üzə çıxmaq, aşkarlanmaq tələbi daşıyır. Su hökmən yaranmalıydı, çünkü Mahiyyətin bir çox nişanələri suda aşkarlanır. Bu nişanələr üzə çıxmalı bəlirlənməliydi… İnsan mütləq yaranmalıydı. Əzəli, əbədi bir gediş yarımçıq qala bilməzdi. Dünyada insanlıq halı var, bu hal mütləq aşkarlanmalıydı. İnsan fizonomiyasını yaradan hüceyrənin, yəni insan biolojisinin ən kiçik molekulyar quruluşunun ilk yaranışı, hansısa təbii bir prosesin, yaxud uzaq kosmosdan axan hansısa bir enerjinin etkisilə baş verməsi elə də önəmli deyil. Əsas odur ki, bu hal üzə çıxmalıydı, insan yaranmalıydı. Mahiyyətin İnsanlıq halı aşkarlanmalı, təzahür etməliydi. Dünyanı başqa cür təsəvvür etmək, anlamaq mümkün  deyil. Əzəli, Əbədi, Sonsuz, Kamil bir gediş dərk olunmadan, ifadə olunmadan natam qalardı. Dünyanın natamlığı, yəni insansız ola biləcəyi isə heç bir məntiqə, idraka sığmır. Dünyanın Mahiyyəti Mütləqdir. Dünyanın ən böyük möcüzəsi insandır. Mənanın sonrakı bütün təzahürləri insan ruhunda aşkarlanır. Asif Atanın fəlsəfi açısıyla desək, təbiətin doğuluş potensiyası insanla tamamlanır. Təbiət özü də insan əlinin sığalına möhtac olur. Mahiyyətin insana qədərki heç bir təzahüründə (sözsüz ki, biz ucsuz-bucaqsız Kainatın Yer planetindən danışırıq) dərk etmək, ifadə etmək halı yoxdur. Bu hallar insanla aşkarlanır. Məna insan Ruhuna köçür, insan Ruhunun tükənməz, bənzərsiz çalarları ilə aşkarlanır. Dünyanın Mənalı olduğunu insan dərk elədi. Mənanın sonrakı bütün aşkarlanmaları insan Ruhunda üzə çıxdı. Dünyanın, həyatın insanın qeyri-adi məziyyətlərinin –  Mütləq gözəlliyin, Mütləq Xeyirin, Mütləq doğmalığın, Mütləq Həqiqətin dərkindən insan da Məna kimi aşdı-daşdı, dünyaya, həyata, özünə sığmadı. Məzmunlu sənət əsərləri yaratdı, dəyərlər yaratdı. Öz fantaziyası ilə Mənanın yeni-yeni nişanələrini kəşf elədi. İnsan özünün ikili təbiəti ilə barışmadı, idealını yaratdı. İdealına yetmək üçün özüylə döyüşdü, özünü yaratdı…
İnsanın bədbəxtliyi ondadır ki, özündən ayrıla bilir, ruhani-mənəvi varlıq olduğunu unudur. Maddi firavanlıq tələsinə düşür, mənfəət, mənsəb həşirinə uyur, mənəvi tələbatları acizlik, əskiklik sayır. O bu gedişi ilə Mənanı danır, heyvana enir. Ağlını, elmini, bacarığını heyvani əməllərlə ifadə eləyir. İnsan Məna tələbində yaşamayanda hansı sorunlara yol açdığını dərk etməlidir. Çünkü o dövlət yönəticisidir; elmin olanaqlarını toplumsal yaşamın nizamına yönləndirəndir; ruhaniyyata yön verən, onun ölçüsünü yaradandır; birgəyaşayış gələnəkləri yaradandır; öyrətməndir; əməkçidir; atadır, anadır, övladdır… dünyanı təhdid edən qlobal qarşıdurmalardan imtina etməlidir.
İnsan hansı yöndə düşünürsə ona köklənir, həyatını o cür qurur. İnsanın düşüncəsi yaradır duyğularını, baxışını, davranışını. Düşüncədən dünyaya, insana məhəbbət də yarana bilər, nifrət də. Nifrət, məhəbbət əmələ çevrilib dünyanı əyə də bilər, düzəldə də.
İnsan öz daxili dünyasının etkisində olur. Daxili dünyası İnsani tələblərlə işıqlananda yüksək mənəvi örnəklər sərgiləyər, ancaq cılız hisslərlə dolarsa onun mənliyini girovda tutar. Ağıl, düşüncə kimi nadir incilər insanı artırıb-böyütmək, ona daxili rahatlıq, daxili tamlıq, sakitlik gətirmək əvəzinə işgəncəyə səbəb olmamalıdır. Səbəb olması özünü nədə göstərir, hər bir canlıda olduğu kimi insanda da şəhvət duyğusu var. Əgər düşüncə amili olmasaydı, insandakı şəhvət, heyvani səviyyədə, təbii bir nizamla ifadə olunardı. Doğru yöndə olmayan düşüncənin etkisilə bu nizam pozulur. Eqonun ehtiraslı tələblərilə gerçəkləşir. Eləcə də, ağalıq duyğusu, şöhrət duyğusu insanın yanlış düşüncəsinin, naqis ağlının naqis gerçəkləşən davranışlarıdır.

İnsan bədən tələbatları ilə doğulur, ruhani tələbatları imkan şəklində olur. Ancaq toplumda Ali Həyat bərqərar olarsa, dünyaya gələn insanların kamilliyı doğrula bilər. İnsanlar bir-birinə gərək olmağın həqiqətləri üstə yaşayar. Budur həyat, budur yaşamaq, budur insan.  Bu halı heç bir mənfəətlə, heç bir mənsəblə satın almaq olmaz. Əksinə, mənfəətpərstliyin, mənsəbpərəstliyin insanı hansı mərtəbədən endirdiyinin, hansı fərəhdən məhrum etdiyinin fərqinə varar. İnsan cənnəti – eşqli, məhəbbətli, zövqlü, şövqlü, imtinalı, fədakar, sədaqətli olmağında, ata, ana, qardaş, bacı, dost, vətəndaş kimi özünütəsdiqdə, qayğıdan, sayğıdan aldığı fərəhli yaşamında görər. Heyvana qayıtmağı, Mənadan ayrılmağı, insanlıqdan məhrum olmağı ən böyük cəhənnəm sayar.
İnsanın həm də bioloji, sosial tələbatları var. Bu tələbatlar insanı adi həyata çəkir, ancaq Ruhani varlıq olması onu Ali həyata çağırır. İnsan istəsə dünyanı güllü-çiçəkli bir cənnətə (insanlıq halı), istəsə xaraba bir cəhənnəmə (məxluqluq halı) çevirə bilər. İnsan bir dünyadır. O, mənəvi, idraki fəaliyyətini azaltdıqca, bioloji, sosioloji tələbatları qabarır. Ruhani və cismani tələbatlar bir-birinə tərsdir. Biri azaldıqca o biri çoxalır. Ona görə insanın qarşısında özünü dərk etmək prosesi durur. İnsan idrak tələbləriylə dünyadakı gözəllikləri kəşf edə bilir, onunla dolur. Dünya onun üçün tükənməz bir xəzinə olur. Bunu bacarmaq üçün başlanğıcda insan özünü məcbur edə bilər, iradə göstərər. Artar, böyüyər, kamilləşər, yaşayar!…
Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir