Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım!
İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək.
İnsan – işıqdır – qaranlıqları yaran!
Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar olub. Bu inamlarda insanın təbiəti, kimliyi bitkin, tam şəkildə açılmamış, ruhani İmkanları düşüncədən uzaq tutulmuş, başlanğıcdan məhdudlandırılmışdır. Bütün hallarda insan ya fövqəltəbii qüvvələrdən, ya da ictimai münasibətlərdən asılı duruma salınmışdır. Bununla da İnsan öz Mənasından ayrılmış, özünü itirmiş, Mənanı təsdiq etməli olan fitri imkanlarını Mənanın təkzibinə yönəltmişdir. Bu Qüdrətli Varlıq zəlil ğünə salınmışdır. İnsanın duyğuları, düşüncələri, əməlləri yanlış istiqamətlərə yönləndirilmişdir. İnsan özünüdərkin başlanğıcından yalanlar burulğanında yaşamağa alışmışdır. Özü öz yaratdıqlarının qurbanı olmuş, quluna çevrilmişdir.
İctimai münasibətlərin ağırlığından ağrılı-acılı duruma düşdükdə isə yanlış olaraq xilası özündə deyil, özündən qıraqda axtarmışdır. Bu səbəbdən də insan şərdən ayrıla bilməmiş, Aşif Atanın təbirincə desək, bir dairədə ilişmiş, ondan qırağa çıxa bilməmişdir. Tarixi prosesdə az-çox nail olduğu ruhani-mənəvi inkişafa isə insan, Mənadan gələn daxili xislətinin tələbiylə təbii şəkildə çata bilmişdir – dünya kimi, həyat kimi.
Kimdir insan, İnsanın dünya ilə, həyat ilə oxşar, fərqli cəhətləri nədir? Bu suallara cavabı insan öncə inamında tapır.
Asif Atanın təbirincə, dünyada, həyatda, insanda insanı duyğulandıran, düşündürən, böyüdən, ucaldan, yüksəldən, ülviləşdirən, gözəlləşdirən, xeyirləşdirən, Mənaya yönəldən nə varsa – İNAMDIR. İnsanı kiçidən, əskildən, alçaldan, kölələşdirən, şərləşdirən, özündən, öz Mənasından ayıran nə varsa – küfrdir. Həqiqi İnam insanı Mütləq Məna qənaətinə gətirir, insanda dünyagörüş yaradır, ideal yaradır, əxlaq yaradır, iradə yaradır. İnsan dünyada, həyatda, insanda Məna görür, Məna axtarır, Mənaya qovuşmağa can atır. Mənanı duyğularında görür, düşüncəsiylə təsdiqləyir, əmələ çevirir, Mənalı yaşayır.
Toplum insanın üstünlüyünü pulda, rütbədə, mənsəbdə, təmtəraqlı həyat tərzində, zorda, zahiri görünüşdə görür. Mütləqə üz tutan insan üstünlüyü ləyaqətin, mənəviyyatın təsdiqində, saflıqda, doğruluqda, həqiqət aşiqliyində, doğmalıqda, mərhəmətdə, qayğıda, sadəliyə, gözəlliyə vurğunluqda görür. Həyatını da o cür qurur, o cür yaşayır. İnsanın bu halı özünüdərk adlanır.
İnam gələcəyə yönəlir, sabaha üz tutur. İnsan bu gün dünənindən, sabah bu günündən üstün olmaq imkanına inanır. İnsan inanır ki, o, sabah bu günün şərindən azad ola bilər, olmalıdır. İnsan inanır ki, o, sabah bu günündən daha xeyirxah, daha ədalətli ola bilər, olmalıdır. İnsan inanır ki, o, sabah qarşılıqlı hörmətə, bərabərliyə, doğruluğa, halallığa əsaslanan təbəqəsiz, rəqabətsiz, münaqişəsiz cəmiyyət yarada bilər, yaratmalıdır. Sabaha çatmaq insanın Məna, İnsanlıq qarşısında borcudur. Çünkü insanın ruhani halı, özünü yaratmaq, daxili dünyasını zənginləşdirmək imkanı Mənadan gəlir. İnsan kimdir – sualının həqiqi cavabını ınsan, Mütləqlə təmasında, həyatını Mütləqlə (Mütləq, Məna, Mahiyyət sinonim sözlərdir) müqayisədə, tutuşdurmaqda görə bilər (Ümumiyyətlə, elmlərin, fəlsəfi baxışların öyrənməyinin ən bariz yolu müqayisələrdədir).
Mütləqə inam təlimi varlıq haqqında aydın təsəvvür yaradır. Dünyada, həyatda, insanda baş verən bütün dəyişmələrin bitkin, tam, yalansız cavabı Mütləqə İnam dünyabaxışında aydınlaşıb işığa çıxır.
Mütləqə inam qismətçilikdən, xurafatdan, uydurmadan, yalanlardan, cəfəngiyyatdan uzaqdır. Mütləqə İnam insana üz tutur, insanı alçaltmır, kiçiltmir, böyüdür, ucaldır, özünə çatdırır. Biliyə, fəlsəfəyə, ruhani idraka, duyğuya əsaslanır. Bu açıdan Mütləqə İnam insanın daxili imkanlarına, iç dünyasına əsaslanan real təlimdir. Mütləqə İnam dünyabaxışı dünya, həyat, insan haqqında həqiqi bilik verir. Mütləqə İnam təliminə görə, hər bir insan saflaşa, kamilləşə, müqəddəsləşə bilər. Ənənəvi bir ifadədə deyildiyi kimi, toxumda ağac olmaq imkanı olduğu kimi, insanda da İnsanlaşmaq imkanı var. İnsan daxili dünyasındakı bu imkanı şəri öldürmək, xeyiri becərməklə – özüylədöyüş yolu ilə gerçəkləşdirə bilər. Şəri öldürmək – insanın öz daxilində aşkarladığı şər sifətləri – ağalıq, mütilik, paxıllıq, xudbinlik, hərislik, rəqabət, şəhvət, yalan, zor və s. qəbahətləri əməlsiz qoyması deməkdir. Xeyiri becərmək –yəni insanlığın təsdiqi olan dostluq, doğmalıq, kamillik, həqiqət, ədalət, ləyaqət, əxlaq, məhəbbət və s. insani keyfiyyətlərin əmələ çevrilməsi deməkdir. Mütləqə tapınan insan cəmiyyətdaxili, milli və bəşəri münasibətlərdə ruhani dəyərləri əsas tutur, bütün əlaqələrini ruhani mənəvi münasibətlər üstündə qurur. Dünyaya, həyata insana faydası baxımından deyil, Mənanın təzahürü kimi yanaşır. Özündən qıraqdakı dünyada gözəllik axtarır, gözəllik də görür. İnsam qəlbini qanadan, insan həyatını ağuya döndərən ictimai çirkinliklər o –pulçuluğu, ağalıq ehtirasını, rəqabəti, yağılığı, yamanlığı, təbəqələşməni rədd edir. İnsan dünyanın, həyatın, insanın varlığına qənim kəsilən bütün azğınlığı şər sayır və qamçılayır.
Mən Mütləq Mənaya inanıram, inamımda heç bir dumanlıq, qaranlıq yoxdur. Mən inanıram ki, Mütləqə İnam cəmiyyətin səviyyəsində çətin olsa da, doğru Yoldur, Həqiqət Yoludur.
Adam dünyanın maddi varlığına tapındığından ruhunu məhdudlaşdırmış, bu səbəbdən də dünyanın, həyatın, insanın əslinə vara bilmir. İnsan olan isə, əksinə, gerçəkliyin tələblərinə uymur, gerçəkliyə uyğunlaşmır, insanlar arasında mövcud ümumi əlaqələr, mənəvi qanunauyğunluqlar haqqında düşünür. Əsil dünya nədir, əsil həyat nədir, əsil insan kimdir suallarına cavab axtarır. Dünyanın, həyatın, insanın mayasında nə durur? Dünyada dağıdıcı qüvvələrin (zəlzələlər, vulkanlar, sunamilər və s.), həyatda cəngəllik qanunlarının (heyvanların vəhşiliyi və s.), insanda şər sifətlərin əsli varmı? Yoxsa, onlar nədən gerçəkləşir?
Bundan əvvəl yazdlğımız “dünyanın mənşəyi” mövzusunda dünyanın ikili varlıq – gerçəkliyi və daxili halı olduğunu demişdik. Dünya Məna nişanələrini daşımaqla yanaşı, maddi dəyişmələrə də məruz qalır. Maddi qanunlardan dağıdıcı qüvvələr – şər yaranır. Həyat Məna nişanələrini daşımaqla yanaşı kimyəvi dəyişmələrə məruz qalır. Bioloji tələbatlardan cəngəllik qanunları – şər yaranır. İnsan Məna nişanələrini daşımaq, ifadə etməklə yanaşı bioloji, sosial tələbatlara malikdir. Bioloji, sosial tələbatlardan cəmiyyət qanunları – şər yaranır. Dünyanın, həyatın özlərindəki şəri görmək, dəf etmək imkanı yoxdur. İnsanın isə özündəki şəri görmək, tanımaq, öldürmək və bununla da şərdən azad olmaq imkanı vardır. Bu səbəbdən də insan Həqiqi İnama yiyələnməlidir ki, ilişib qaldığı şər dairəsindən çıxa bilsin. Dairə dedikdə, əksər insanların əsasən dolanışıqları, məişətləri ilə uğraşdığını, bacarıqlı, qabiliyyətli insanların, əsasən idarəçilərin ağalıq ehtiraslarından doğan mənfəət, mənsəb, şöhrət, şəhvət uğrunda cəngəllik didişmələri, bu xüsusda, sadə xalqın başında çatlatdıqları məkr, hiylə, zorakılıq, satqınlıq kimi hər cür riyakar oyunlar başa düşülür. Dairədə ilişib qalanlar dünyanın Mənasından xəbərsiz olurlar, İnsanlıq baxımından yazıq olurlar.
Özüylədöyüşən insanlar ictimai həyatın qəbahətlərinə uymur, qatılmır, daxili ləyaqətlərini qoruyub saxlayırlar. Burada incə bir məqam da var: İctimai həyatda haqqı haqsızlığın ayağına verməyən cəmiyyətlərdə insanlar daha azad, daha xoşbəx olurlar. Bizdə də, əgər hürufiləri öldürməsəydilər, dərk edib qəbul etsəydiıər, bu gün Azərbaycan xalqı insani münasibətlərdə dünyanın ən üstün xalqı olardı. Çingiz xanlardan, Teymurlardan xalqlarına miras nə qaldı? Zəlillik. Dərin düşüncələrdə, xalqını sürü halına salanlar nifrətə layiqdirlər. Tarix ibrət olmur. Bu gün də mübariz insanlarımız təqib olunur, Vətəndən didərgin salınır, türmələrdə xəstəliyə salınıb öldürülürlər. Uşaq ağılları ilə görmürlərmi belə halın axırı yoxdur, özlərinə də, nəsillərinə də acınacaqlı tale hazırlayırlar. Özləri cəhənnnəm, milləti də zəlil günə qoyurlar.
İnsanlıq olan yerdə bütün digər münasibətlər (iqtisadi, ictimai, siyasi) təbii şəkildə öz axarını tapır. Bugünkü maddi, texnoloji tərəqqi insanın, İnsanlığın xidmətində olardı, insana, İnsanlığa qənim kəsilməzdi.
Mütləqə İnananlar təkcə özləriylə yetərlənmir, elini, xalqını, bəşəriyyəti böyütmək, insanların mənəvi-ruhani səviyyələrini yüksəltmək üçün çalışırlar. Yalnız Mütləqə İnam əsasında insanların bir araya gəlişi Əbədi səadətin açarı ola bilər.
Hər bir insanın daxilində Mütləqdən nəsə var. Ancaq bədbəxtlik ondadır ki, adamların böyük əksəriyyəti ömürlərinin axrına kimi özlərindəki Mütləqdən xəbərsiz olurlar. Bütün ömürlərini maddiyyat, hakimiyyət, şöhrət uğrunda çarpışmalara, döyüşlərə, xudbinliyə, dedi-qoduçuluğa, mənəmliyə həsr edirlər. Adamın fəlakəti ondadır ki, sevincini, xoşbəxtliyini, tanınıb-seçilməyini, özünütəsdiqini mənəmlikdə görür, mənəmlikdə axtarır. Cəmiyyətin səviyyəsi də aşağı olduğu üçün belə heyvərələr nüfuz sahibləri sayılır. Onlar insanın Mahiyyətindən xəbərsizdirlər. İnsançılıq açısından ucuz, sönük, yeknəsəq bir həyat yaşayırlar. Öz bədbəxtliklərini başqalarına, cəmiyyətə də yoluxdururlar.
Sufilərin belə bir deyini var: Əgər şahlar bilsəydilər ki, biz hansı fərəhin sahibiyik, bizə müharibə elan edərdilər. Sufilər vəcd Məqamında, daxili ehtizaz halında “hardadır dünyanın şahlarında belə bir ləzzət” – deyərmişlər. Bir dərindən düşünək: Başqalarını əzməkdən duyulan ləzzət heyvani həzzdir, əl yetirib, kömək etməkdən duyulan fərəh insani ləyaqətdir. Ya insan ol, insan olduğunu təsdiqlə, ya da heyvan olduğunu boynuna al. Yeri gəlmişkən, kimə heyvan desən dönüb başını yarar, yaxşı, etdiyin zəlalətləri nəyin ayağına yazaq?
İnsanlara daxili tamlıq diləməkdən böyük istək ola bilməz. Bunu mən də arzulayıram. Çünkü mən MÜTLƏQƏ İnanıram!
Atamız Var olsun!