Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
37-ci il “İnsanilik” Bayramında deyilmiş fikirlər
Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Günəş Ayı, 37-ci ildə (mart, 2015) Qutsal “İnsanilik”Bayramını həyata keçirdi. (Bildirək ki, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Borçalıda olduğuna görə Bayrama qatıla bilməmişdir).
Bayram Quralları yerinə yetirildikdən sonra Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: Bayramınız Qutlu Olsun! Ocağımızın dörd bayramı var, “İnsanilik Bayramı”, “Xəlqilik Bayramı”, “Şərqilik Bayramı” və “Bəşərilik Bayramı”. Bu gün biz “İnsanilik Bayramı”mızı keçiririk. Hər fəsildə bir bayram keçiririk. Hər bayramın özünün məzmunu var, özünün qonuları var. Bayramımız əsasən iki hissədən ibarətdir. Birinci mərasim hissə, ikinci hissə çay süfrəsi yörəsində doğmalaşma. Birinci hissədə bayramla bağlı qonular olur. Yəqin ki, yaxın gələcəkdə daha geniş səviyyədə keçirəcəyik, bayramlarımızın rəmzləri yaranacaq.
Asif Ata sağlığında bayramların məzmununu yazmışdı, ancaq bayramın keçirilməsini Atanın ölümündən sonra, yəni Ocaq günsırası ilə 20-ci ildə gerçəkləşdirməyə başladıq, Soylu Atalının yazdığı gedişat biçiminin əsasında.
Bu gün “İnsanilik Bayramı” olduğuna görə insanilik üstə söz deyiləcək. Qatılanların Ocağa sorğuları olarsa, çay süfrəsində bölüşərik.
Nə deməkdir bayram? Toplumun həyatında bayramlar çoxdur, demək olar ki, ilin yarısı bayramlardır – siyasi bayramlar, dini bayramlar. Biz elə hesab edirik ki, bunların çoxunun bizim insani mahiyyətimizə içəriliyi (dəxli) yoxdur. Qarşıdan Novruz bayramı gəlir, adamlar Novruz bayramına coşqu ilə hazırlaşırlar, amma Novruz bayramı yalnız süfrədən oluşur. Novruz bayramının məzmunu, onun işıqçılıq rəmzi üstə söhbət açılmır. Adamlar elə hazırlaşırlar, mən başa düşürəm ki, insanlar sevinmək istəyir, bir-birlərini qutlayırlar, ancaq məsələ burasındadır ki, həmişə bayramdan sonra bir boşluq yaranır. Mən Ocağa qədər o boşluğu həmişə hiss etmişəm.
Bizim keçirdiyimiz İnsanilik bayramınin anlamı odur ki, mən öz ömrümdə yaratdığım insaniliyi, yetdiyim ulusal, mənəvi keyfiyyətləri bayram edirəm. Burda mən öz halımı, öz ömrümdə yaratdığım həmin cəhətləri izhar edirəm, yəni bayram mənim öz ömrümün ifadəsidir.
“İnsanlaşın-İnsanlaşdırın!” deyir Ata. Nə deməkdir insan bizim üçün, qısaca açmaq istəyirəm. Ata deyir ki, “İnsan daxilində Mütləq daşıyan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan, buna görə də cəmiyyətdən, mühitdən, şəraitdən yüksək olan Ruhani Varlıqdır”. Bizim üçün İnsan və Adam anlayışları fərqlənir. Ata fəlsəfəsinə görə bəşər övladı Məxluq kimi dünyaya gəlir, Adam kimi böyüyür, İnsan kimi yenidən doğulur. Məxluq yalnız yeyir, içir, nəsil artırır. Onun üçün heç bir vətən, heç bir sevgi, heç bir dostluq anlayışı yoxdur. Adamda yaxşı cəhətlər var, onu deyim, bəllidir ki, heç birimiz kamil doğulmuruq. Naqis cəhətlərimiz olur, kimdəsə az ola bilər, kimdəsə çox ola bilər, ancaq özünə inam nisbidir, idrak nisbidir, mənəviyyat nisbidir, iradə nisbidir. İnsan isə özüylə döyüşür. İnsan daxilində Mütləq daşıyır, içindəki inama, idraka, mənəviyyata yetməlidir. Asif Ata İnsanlaşma üçün “Özüylədöyüş” ideyası verir. Özüylədöyüş üç aşamadan keçir: Özünütanıma – özümü nə dərəcədə tanıyıram, el dilində belə bir söz var ki, heç kim öz ayranına turş demir. Gərək özündəki pis cəhətləri tanıyasan. Özündə hansı yaxşı cəhətlərin var, hansı pis cəhətlərin var. İkinci, Özünəyadlaşma. Özünə yad gözüylə baxırsan, onda özündəki çatışmayan cəhətləri, eləcə də yaxşı cəhətləri tanıyırsan. Üçüncü, Özünədoğmalaşma. Özüylə döyüşəndən sonra insan özüylə doğmalaşır. Ata deyir İnsan fərəh üçün gəlib dünyaya. Bu fərəh isə odur ki, özündən asılı olursan. Öz ləyaqətindən, vicdanından asılı olursan. Asılı olduğun dərəcədə də fərəhlisən, özgürsən.
Bizim hər birimizin qayğılarımız, müxtəlif çətinliklərimiz var, həyat bizi pis anlamda bağlayır özünə. Bəzən elə hesab edirlər ki, həyatdan ayrılmaq çox çətindir, həyatdan ayrılmaq yaşamamaqdır. Mənə həmişə deyirlər ki, nəyə görə sən Ocağa gedirsən, orda sənə pul vermirlər. Mənə görə Amalı yaşamaq əsil yaşamaqdır. Nəyə görə, çünki mənim yolum var, yönüm var. Çünki mən özümü bu yolda yaradıram. Bizim qayğılarımız az deyil, ancaq önəmlisi odur ki, mən bu duyğu ilə, düşüncə ilə, ölçü ilə yaşayıram. Mən fərd olaraq millətin bir hissəsiyəm. İnsan-Millət-Bəşər, belə bir birlik var. İnsan iqtisadi cəhətdən çətin yaşaya bilər, ancaq bu əsas vermir, insanlarımız içində acıqla, qəzəblə yaşasın. Mən o acığı doğuran nədənləri başa düşürəm. Ancaq əslində bütün çətinliklər adamın içindəki naqisliyi, eləcə də onun inamının, idrakının, mənəviyyatının səviyyəsini aşkarlayır. İdraki cəhətdən naqis olmağın sonucudur ki, həyatdan yalnız gileylənirlər, bir-birindən gileylənirlər, yaxşı bir şey görə bilmirlər, görmək istəmirlər. Həyat niyə pisdir, bunun nədənini özlərində axtarmırlar. Həyat pisdir, çünki insan pisdir. Dünya pisdir, çünki insan pisdir. Elə hesab edirlər ki, həyat yaxşılaşsa, mən də yaxşılaşacam. Özündən başlamaq gərəkdir yaxşı olmağı. Mən yaxşı olmalıyam ki, həyat yaxşı olsun. Mən yaxşı olmalıyam ki, dünya yaxşı olsun. Özünə bu cür tələblə yanaşanda başqa cür olur.
Keçən ay Bakıda İnamlının təşkilatçılığı ilə Soylu Atalının orta oxulda görüşü oldu. Sonra bizim Beyləqana səfərimiz oldu. Bizim Beyləqanda bir qardaşımız var, Günev Atalı, sağlamlıq durumu ilə bağlı bayrama gələ bilmədi. O səfərdə yolüstü Sabirabad rayonunda orta-texniki oxulda görüşlər keçirdik. Bu görüşlərin məqsədi odur ki, biz çağırırıq. İndiki çağda Azərbaycanda müxtəlif təriqətlər, ideologiyalar öz təbliğatını aparır. Bizim məqsədimiz gəncliyin yönünü özünə, ulusuna bağlamaqdır. Soylu Atalının sözü ilə desək, “Azərbaycan obrazını gəncliyin ağlında yaratmaqdır”. Bizim tədbirlərimiz, görüşlərimiz bu istəyə qulluq eləyir. Görüşlərdə Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” ideyasını açırıq. Deyirik ki, sənin Zərdüştün olub, sənin Babəkin olub, sənin Dədə Qorqudluq – Ağsaqqallıq dövrün olub, sənin sazın var, Füzulin var, muğamın var. Bu dəyərləri verən xalqın içindən çıxıb Asif Ata. Asif Ata elə bir İnam yaradıb ki, onunla sən öz kimliyinə yetə bilərsən. Sən o inamla özünü yarada bilərsən. Özünü yaratmaqla millətini yarada bilərsən. Milllət fərdlərdən oluşur, fərd yetkin olmazsa, kamil olmazsa, onda millətin də gələcəyi sual altındadır. Əgər millət öz dəyərlərini unudursa, öz dəyərlərinə bağlanmırsa, öz kökünə bağlanmırsa, sabahını da o dəyərlərlə qurmursa, bu millətin gələcəyi təhlükə altındadır. İnsandan başlayır hər şey, Atanın dediyi budur.
Bu gün “İnsanilik Bayramı”nda az sayda insanlar var, əsas odur ki, biz o yolu başlamışıq. Gələcəkdə daha çox şeylər yaranacaq. Bu bayramın biçimi üstə yarana bilər, məzmunu üstə yarana bilər, rəmzlər yaranacaq, mən buna əminəm. Çünki bizim bayramlarımızda dediyimiz söz, təklif elədiyimiz hal odur ki, insaniliyimizi qurmalıyıq və öz milliliyimizə yetməliyik. Atanın “Mütləqə İnam” kitabında belə bir fikri var, deyir, “mən kitabımı azərbaycanlılar üçün yazdım. Mənim üçün Azərbaycan azərbaycanlıların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, onlar yaşasınlar. Mən kitablarımı həm də bəşər üçün yazdım. Mənim üçün bəşər adamların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, insanlar yaşasınlar”.
Bu gün hər yerdə insana qarşı basqı var. İşlədiyimiz, oxuduğumuz yerlərdə bizi istədikləri kimi görmək istəyirlər. Ölkələr bizim ölkəni istədiyi kimi görmək istəyir, bütün bunlardan çıxış yolu Atanın təklif elədiyidir – İnsanlaşma.
Mən dəyərlərin adını çəkdim, bizim Babək dövrümüz olub, Nəsimi dövrümüz olub, ancaq ad qalıb yalnız. O dövrdən bu günə gəlib çatan məktəb qalmayıb, yol qalmayıb. Ocaq olaraq biz ad kimi qalmaq istəmirik. Yaranmaq gərəkdir! Ata öz düşüncə sistemi ilə bizim təməlimizdi. Bizim Ataya bağlılığımız həmin təmələ münasibətimizdir, bunu yaxşı öyrənmək gərəkdir. Bu hal millətimizin keçmişində də var. Məsələn, Nəsiminin Nəimiyə səcdəsi. Özünü onda tapması. Rumi-Şəms münasibəti. Belə münasibətlər dünyada çox azdır. İki nəfərin bir-biri ilə yol getməsi, tam olaraq inanması o qədər müşkül görünür ki. Adamlar özləri özlərinə tam olaraq inanmır, o ki, qaldı dostluğa axıra qədər inansın. Niyə inanmır, çünki yol yoxdur, düşüncə fərqlidir. Yol olmalıdır. Yenə də insana gəlib çıxırıq, insan özüylə döyüşüb mənasına yetməli, özümləşməlidir. İnsan özüylə döyüşüb, yetkinləşib, yetkin dostluğa çata bilər. Ailədə yetkin bacılığa, qardaşlığa çata bilər. Başqa çür yol yoxdur. Yol “özüylədöyüş”dən keçir. “İnsanilik Bayramı”nın məzmunu da odur: özünü yaratmaq, insanlaşmaq.
Atamız Var olsun!
Göylü Atalı Ataya səcdə ilə sözünə başladı: Asif Atanın Ocağı niyə İnsaniliyi bayram eləyir? Bizim üçün bayram anlayışı nədir?
Bayram – milli, dini, uluslararası və ya xalqın özəl olaraq önəm verdiyi və qutladığı gün deməkdir.
Bəşər harda yıxılıbsa, daha doğrusu, yıxıldığı nöqtədən xilasını nədə görübsə, onu bayram eləyib. Mən ayrı-ayrı xalqların bayramlarına göz yetirdim. Bayramlar ən çox dinlə və bağımsızlıqla bağlıdır. Dünyada o qədər də çox deyil. Yalnız bizim kimi zəif dövlətlərdə hakimiyyəti ayaqda saxlamaq üçün bu say artır: “dirçəlirik”, “qurtuluruq”… Nədən qurtulduq, nə əldə elədik, bəlli deyil.
Asif Ata İnsanın, xalqın, bəşərin əyildiyi nöqtəni göstərdi, xilasını da dedi – İnsanlaşma. Bu günü, yəni İnsanlaşmanı insan üçün bayrama çevirdi. İnsanlığı bayram elə ki, başının üstündə İnsanlıq bayrağı olsun, qəsbkarlıq, hiylə, zor bayrağı olmasın. Bu gün dünyanın başının üstündə iki bayraq var: dinin ümmətçilik bayrağı, Batının beynəlmiləlçilik bayrağı. İkisi də millətə qarşıdır. Mənim öz mədəniyyətim, öz tarixim, öz dilim olmayacaqsa, mən də olmayacam. Bunu dərk eləmək üçün insan özünü dərk eləməlidir. Bir az uzaqgörənlik gərəkdir ki, dünyanın qarışıqlığının içində həşirə düşdüyümüzün fərqinə varaq. Əslində bu gediş heç bir xalqı təmin etmir. Bir vaxt sosializm quruluşu idi, yerini kapitalizmə verdi. Xalqın həyatında üzdən dəyişiklik getdi, qarışdı hər şey. Ancaq dərində Ruh ölmədi. Xalqın başına nə oyun açırsan aç, o, dərində qalır. Yönətim quralı pis işləyə bilər, etkisiz də ötüşməz, ancaq xalq öz içində yenidən dirçəlmək olanağını itirmir. Bu nikbinlik əsas verir ki, İnsanlığı bayram eləyəsən. İnsan xalqın təməlidir. Xalq isə insanın sabahıdır, gələcəyidir. İnsana xas olan bütün keyfiyyətlər – vicdan, namus, qeyrət, ədalət, xeyir xalqda qorunur. Bunun qədrini-qiymətini bilmək gərəkdir.
Biz bu xalqa nə qoyub gedirik? Hər kəs bunu düşünməlidir. Biz xalqı öz ideallarına çatdıracaq Dünyabaxış veririk. Bu elə bir dünyabaxışdır ki, heç bir milləti inkar eləmir. Dində özünəməxsusluq yoxdur. Mənim cismani qardaşım dindardır. O gün söhbət edirik, deyir Allahın hüzurunda hamı eynidir, erməniylə də xoş münasibət olmalıdır. Belə düşünən tək o deyil, yüzlərlədir, minlərlədir. Biz humanistik və insanlar arasında, xalqlar arasında süni sınır yaratmağa, yağılıq toxumu səpməyə qarşıyıq. Onlar məsələyə insansevərlikdən yanaşmırlar, ümmətçilik hamıçılığından, sürüçülüyündən yanaşırlar. Bu yanaşmada qeyrət var olmur, ölür. Şər hiddət görməlidir ki, xeyir yaşasın…
Bizim dünyabaxışımız bu xalqa hiddətini və məsumluğunu qaytarır. Türk insanı arıdır, durudur. İstəsə də başqası ola bilmir. Doğrudan da bu keyfiyyətləri bayram eləmək gərəkdir. Bayramınız qutlu olsun!
Güntay Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram.
Hər birinizi bu bayram münasibəti ilə qutlayıram. Bizim keçirdiyimiz “İnsanilik Bayramı” biçimcə də, məzmunca da fərqli bir bayramdır. Atanın bütün bayramları fərqlidir. Gələcəkdə o öz inkişaf yolunu, bütöv yönünü harda tapacaq, bu zaman-zaman oluşacaq. Gözümüzlə gördüyümüz insanın içində olan gözəl duyğuları tapmağı, tanımağı üçün geniş olanaqları (imkanı) var. Bu olanaqları Ata gördü və göstərdi insana. Sən qırağa getmə, sən göylərə əl açma, nə var sənin öz içindədir, qüdrət sənin öz içindədir. Onların tələbinə uyğun yaşa, Mütləq olanın tələbinə uyğun yaşa. Atanın Baxışında yalnız Mütləq həqiqət həqiqətdir, nisbi həqiqət yalandır. Mütləq xeyir xeyirdir, nisbi xeyir şərdir. Mütləqilik ölçüsü var. Məni Ocağa gətirən, millətimin tarix boyu qarşılaşdığı faciələrdən çıxmaq istəyidir. Mən indiki gedişatla razı deyiləm, bu gedişata “dur” deyən də yoxdur, bəs neyləməli? Atanın Ocağını tapandan sonra dərk elədim ki, bu gedişata dur demək üçün birinci növbədə özümdən başlamalıyam. Ata deyir, istəyirsən ki, dünya düzəlsin, sən özündən başla. Mən öz iç aləmimə enməliyəm. Ordan bütün mənfi xüsusiyyətləri silməliyəm. Xudpəsəndliyi, maddiyyatsevərliyi, şöhrətsevərliyi… silib arınmalıyam. Özümlə döyüşəndən sonra ictimai şərlə döyüşə bilərəm. İctimai şərlə fiziki döyüş olmur, ruhani döyüş olur. Bizim döyüşümüz ideya, fikir döyüşüdür. Kamil örnək olmaq tələbi var qarşıda. İnsanilik çox qiymətlidir, onu bayram eləmək insana fərəh verir.
Dünyada ikinci bir xalq yoxdur ki, bizim yaratdıqlarımızı yaratsın. “Azərbaycanımız-Azərbaycanlığımız” dəyərlər sistemində Asif Ata fərdi, xalqı özünə tandır. Biz bunu görüşlərimizdə daim deyirik. Sən Zərdüşt adlı peyğəmbər vermisən dünyaya, sən sıradan bir xalq deyilsən. Sən Dədə Qorqud Ağsaqqallığı vermisən dünyaya, sən sıradan bir xalq deyilsən. Babək bəxş etmisən dünyaya. Ata deyir, bir ildə min marşal yetirərsən Avropada, ancaq min ildə bir dəfə Babək yetişir. Sən Nəsimi xalqısan, Füzuli xalqısan, Muğam xalqısan, saz xalqısan. Sən ilkinliyinə qayıtmalısan. Öz mahiyyətinə, öz mənana dönməlisən.
Bunların hamısına sahib çıxmaq üçün insan özündən başlamalıdır. Hər kəs özü bilir öz içində nə var. Gecə-gündüz özünü inamla döyməlidir, özünü yetirməlidir – Kamil fərd olmalıdır. Kamil olmaq qaçılmazdır.
Bütün sosial problemlərin hamısının başında insan durur. Ona görə də Asif Atanın təlimində İnsan ortada durur. Ata deyir bütün dünyada müşkülləri yaradan insandır, onun əlacı da elə insanın özüdür. Bu gün həyat əyilib, cəmiyyət əyilib. Cəmiyyətin səviyyəsi budur. Niyə pozulub, çünki insanın insana münasibəti əyilib. Ata İnsanlaşmaya çağırır. İnsana deyir sən içində Mütləq gəzdirənsən. Sən zamandan, şəraitdən, mühitdən üstün ola bilərsən. Mahiyyətcə üstünsən də. Bütün dünya tarixində insana belə tərif verilməyib. Ona görə vuruldum Ataya, Ocağa. Özümü tanıdım, millətimi tanıdım, dəyərlərimi tanıdım.
Bu gün saxta bayramlar keçirilir, konsertlər verilir, adamlar axışır ora. Bu gün biz bura adamları çağıra bilmirik. Dünən mənə 7 adam söz vermişdi, bu gün ikisi gəlib. Böyük ləyaqət göstərir bura gələnlər. Adam var gəlir, kameranın çəkilişindən qorxub qaçır. Amma konsert versələr, üzr istəyirəm, küçə adamını çıxarıb orda oxutsalar, hamısı axışacaq. Nə oxuduğu da bəlli deyil. Bir var musiqi onun içini tərpədə, nəsə tərbiyəvi hal yarana, bir də var içindəki hərcayiliyi oyada, cəmdəyini oynada. Sən onunla xalqmı olacaqsan? Sən onunla daha da uçuruma gedirsən. Atanın çağırışını eşitmək gərəkdir.
Bir daha mən sizi bayram münasibəti ilə qutlayıram. Atamız Var olsun!
Nurtəkin Atalı: Bayramda nəzərədə tuturuq ki, saz olsun, muğam olsun, bu gün alınmadı. Təbiət qoynunda keçirdiyimiz bayramları olub. Hətta avtobusla yığışıb bölgəyə getmişik, orada bayram keçirmişik. Dəyərlərimiz bir milllət olaraq kimliyimizi ifadə edir. Dəyərlərimiz bizim kimliyimizdi, səsimizdir, məsələn, üzümüzə baxan kimi bilinir milli kimliyimiz. Baxan kimi demək olar ki, bu Azərbycan Türküdür. Mən o saydığımız dəyərlərə yiyəlik eləməyəndə mənim üzüm olmur, səsim olmur, ruhum olmur.
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram.
Hər birimizin bayramı qutlu olsun.
İnsan öz içindəkilərin qədrini bilmir. Hansı zənginliklərin, hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu bilmir. Daim gözəllikləri qıraqda axtarır. Üzünü bəzəyir, evini bəzəyir, ancaq içinə göz yetirmir. Gözlə görünən, bilinən keçicidir, əbədi deyil. Dəyişən keçicidir – dəyişməyən əbədidir. İçində yetdiyin həqiqətdən həm öz ömrün işıqlanacaq, həm də başqalarının ömrü. Məhəbbətin, dostluğun, sədaqətin, qeyrətin, özündənkeçmən, vətənsevərliyin daim səni var olmağa yönəldəcək. Bu gözəllikdən soraqsızdır insan, maddi olana, ölümlü olana, bu gündə qalana bağlıdır, təəssüf ki. Şəhərlər yaradır, göyə uçur, ancaq öz içindəki bəsitliyi aşa bilmir. Varidata pərçimlənir, məişətə pərçimlənir, həsəddə boğulur, nökərliyi səadət sayır. Çünki özünü tanımır, cəsarətə yetməyib, ali vüqara yetməyib. Yüzillərdir insanı bu bataqlıqdan çıxartmaq istəyənlər daşqalaq olunub, dərisi soyulub, xain elan olunub. Bəs nə vaxt haray çəkənlərimizin arxasınca gedəcəyik, onların qəsdinə tamaşa etməyəcəyik?
Ocağımız bu gün İnsanlaşma bayramını qeyd edir. Bayramımız bütün dünyaya çağırışımızdır. Bayramımız bəsitliyin, varidatçılığın, ağalığın, hakimiyyətçiliyin, zorakılığın ölümü deməkdir.
İnsanlaşmadan – mütləq ədalətə, xeyirə yetə bilməzsən!
Atamız Var olsun!
İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram.
Əslində “İnsanilik Bayramı”nı keçirməyimizdə bir həqiqət aşkarlanır – dünyanın bu günə düşməsinin bir səbəbi var, dünya heç vaxt öz mahiyyətinə yetməyib. İnsan olanı yaşayıb, olmalını yaşamayıb. Bəşər insanilik halına yetməyib, yetməlidir. Bu onun özü qarşısında borcudur.
Bir yazımı oxumaq istəyirəm sizə.
Deyirlər dünya əyilib, yaşam anlamını itirib. İnsanların gözündə yaşam mənasız görünür, insanlar pisləşib, hər şey yadlaşıb, insanın təbiətə, dünyaya münasibəti yadlaşıb. Bu gün ancaq gileylər, deyinmələr eşidirik. Üzüntülü hallar cəmiyyətdə azalmaqdansa daha da çoxalır. Hərə bu insani sorunların nədənini bir şeydə axtarır. Bir vaxtlar sorunların nədənini quruluşda axtarırdılar, bir quruluşun yerinə başqası gələrsə, bütün sorunların həllinə ümid edirdilər. Beləliklə, quruluşlar gəldi getdi, ancaq dünya düzəlmədi. Dünyanı düzəltmək istəyən tək-tək fərdlər ya çarmıxa çəkildi (İsa peyğəmbər), ya dərisi soyuldu (Mənsur Həllac, Nəsimi), ya odda yandırıldı (C.Bruno), ya da başqa işgəncələrlə edam olundular. Dünya fəlakətlərdən qurtarmadı. Deyirlər insan dünyanın əşrəfidir. Bəs nədən dünyanın əşrəfi saydığı insan öz əliylə əşrəfi olduğu dünyanı əyir, onu dağıtmağa çalışır? Bəşəriyyət onu qurtaranların deyil, miskin, rəzil, kölə, avam duruma salmaq istəyənlərin dallarınca qoşur, sonucda uçuruma yuvarlanır. İndi də bəşər yaşama həmin uçurumun xarabalığından baxır və dünya ona cəhənnəm görünür. İnsan ona xas olan yüksəklikdən baxsaydı, dünya ona bənzərsiz, gözəl, cazibəli görünərdi. Yerində dünyanı, təbiəti dağıtmaqla yox, sevməklə, qurub-yaratmaqla uğraşardı. Qısası, insan öz qazdığı quyuya düşüb.
Yuxarıda vurğu etdik ki, insanı dünyanın əşrəfi sayırlar. Bu, bizim düşündüyümüz əşrəf yüksəkliyi deyil. Din də deyir ki, insan Allahın yaratdığı canlılar arasında ən alisidir. Şüur verilib, ağıl verilib, düşüncə verilib. Ancaq onu da vurğulayır ki, bu verilənlər də bir hədd içindədir. Ona böyük məsələlər haqqında düşünmək yasaq edilir. Dində heç bir vaxt insanın aqibəti özünə tapşırılmır. Hər şey Allaha tapşırılır, istədiyi vaxt quran, istədiyi vaxt dağıdıb məhv edən Allaha. İnsan məqsəddən vasitəyə çevrilir. İnsanlıq əsarətə düşüb. Ona görə də özünü tanımayan, özünün nəyə qadir olduğundan soraqsız olan insan heç bir qutsallıq tanımır. İnsanlar arasında amansızlıq, yırtıcılıq, xainlik, paxıllıq, xudbinlik, yalanlıq baş alıb gedir. Şər ona görə var olur ki, insan giley etdiyi şəri içində gəzdirir. Şərin yaşaması xeyirin insan ömründə yaşamasının qarşısını alır. Bəşər öz anlamına bərabər yaşamır. Bəşər şərin etkisindən o vaxt qurtulacaq ki, insan özü üzərində mənəvi, ruhani qələbə çalacaq. Ruhani varlığını təsdiq edəcək.
Atamız var olsun!
Ulusəs Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya –İnam Ataya ali səcdəylə sözümə başlayıram.
Mən gələnləri bayram münasibətilə qutlayıram. Biz bilirik ki, insanilik aşama-aşama xalqda, cəmiyyətdə öz yerini tutacaq. Milyonlarla insan haqqı olan bu bayramı qeyd edəcəklər. Bu, insanın haqqıdır, bunu o eləməlidir, eləmirsə, insanlıqdan qıraqdadır. Ata bəşər övladının, amaldaşımın vurğuladığı kimi, üç səviyyədə olduğunu bildirir. Butun adamlar öz yaşayışını, öz həyatını yaşayır. Adamla insanın fərqi odur ki, adam vətən haqqında ağzı köpüklü danışır, amma deyəndə ki, gəl vətən uğrunda bir iş görək, onda çəkilir qırağa. Təbii ki, insanın özüylə döyüş məqamı var. İnsan özüylə döyüşə bilmirsə, təbii ki, adamlıqda qalır. Bu bizim ölçümüzdür. Burda deyilən bütün sözlərə, Ocaqçılara təsdiqimi bildirirəm, onların dediyi ilə mən də razılaşıram.
Mən burda bir məqamı demək istəyirəm, Ata deyir ki, dünyanın siyasi, fiziki ağası var. Bu ağalıq uğrunda yüzillərlə qan tökülüb, vuruşublar. Ancaq dünyanın ruhani yiysəsi yoxdur. Dünyanın ruhani yiyəsi biz olacağıq, türk olacaq. Bu haqda heç kəs düşünmək də istəmir, hamı siyasi yiyə olmaq istəyir. Türkün kökü, başlanğıcı buna əsas verir. Türk çox böyük dəyərlər yaradıb. Azərbaycanda Asif Ata Ocağı yarandı. Ata türk ənənələrinin davamı kimi gəldi. Bu, İnsanlığın qələbəsidir.
Atamız Var olsun.
(Bundan sonra Xaliq Səfəvi düşüncələrini bölüşdü – Ü.A.)
Namiq Hacıheydərli: Minnətdaram, mən əslində dinləməyə gəlmişdim. Sosial şəbəkələrin birində bir dostuma “doğum günün qutlu olsun” yazmışdım. Bir nəfər də ali təhsilli bir adam yazıb ki, Namiq bəy, öz doğma ana dilimizdə mübarək sözü var, niyə qutlu sözünü işlətmisiniz? Xahiş edirəm dilimizi yad təsirlərdən qoruyaq. O məqamda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri yadıma düşdü. Öz ideyaları, vətəni uğrunda döyüşən bir adam manqurtlaşır. Sonda öz anasını oxla öldürür. Orda ən təsirli məqam Nayman ananın oğluna oxuduğu mahnıdır. Ey sən yadına sal, sən kimsən, sənin atan kimdir, sənin baban kimdir. Bu gün Asif Atanın Ocağı milləti özünə qaytarır. Xaliq bəyin dediyi kimi, özünə qayıdış qurumudur bu. Bu yöndə siz çox önəmli işlər görürsünüz. Niyə hər yerdən yad ideologiyalar bizim içimizdə oturuşa bilir? Vəhabilik gəlib oturuşur, krişnaçılıq gəlib oturuşur, istənilən bir din çox asanlıqla özünə bir mühit yarada bilir. Bizdə buna duruş gətirə biləcək bir ideologiyamız yoxdur. Amma bəyin bir fikri ilə razıyam ki, hələ ki, bütün Azərbaycanı bir arada tuta biləcək vahid ideologiyanın mükəmməl mexanizmi yoxdur. Hesab edirəm ki, bunu elə siz yaradacaqsınız, bu yolda uğurlar arzu edirəm.
Bəybala bəy: Mən Asif Ata Ocağının tədbirlərində iştirak edirəm. Asif Atanın Mütləqə İnam fəlsəfəsi ilə demək olar ki, az da olsa tanış olmuşam. Mən çox sevinirəm ki, 37 il əvvəl bu fikirlər Azərbaycanda düzənə gətirildi, kitaba çevrildi, sərvətə çevrildi. Amma dünyada insanlaşmaq yaradıcı şəxslərin də gündəmində var. Məsələn, avatar düşüncə tərzi var, filmlər çəkilir, orda bilirsiniz ki, mənəvi düşüncə daşıyan insanlarla qlobalistlərin baxışlarıyla paralellər aparılır, zənginliyin daha çox vəhşiləşdirdiyi halları göstərməyə çalışırlar. Sosiallaşmış insanların bir-biri üçün faydası olması, daha çox insaniyyət haqqında baxışların zəngin olması əslində dünyanı düşündürür. Mən Xaliq qardaşımızla, şair qardaşımızla da razılaşıram ki, bu məsələlər üçün fəaliyyətlər genişləndirilməlidir. Bunun üçün mədəni fəaliyyət formaları seçilməlidir. Bəzi yaradıcılıq gecələrinin keçirilməsi, gənclərlə görüşlərin keçirilməsi, sosial qruplarıın yaranması və s. Milli qayıdış hadisəsi baş versin. Dünyada baş verən hadisələr assimilyasiya yarada bilər, bizim də assimlyasiyaya uğramamağımız üçün bu düşüncəni geniş yaymaq gərəkdir. Bir daha hamınızın bayramını qutlayıram.
Nurtəkin Atalı: Sizin Ocaq fəaliyyətindən tam sorağınız yoxdur. Biz görüşlər də keçiririk, səfərlər də edirik. Bir də özünə qayıdış fikri səsləndi, bəli, deyirik millilik olmalıdır, ancaq gərək bunu yaradasan. Biz Azərbaycan olaraq özümüzü yaratmalıyıq ki, ordan başlayaq.
Adil bəy və Elşən bəy bayrama qatıldıqları üşün minnətdarlıqlarını ifadə etdilər və bayramı qutladılar.
Ruhani hədiyyələrin təqdimi hissəsində Ocaq-türk abesində yazılmış “Mütləqə İnam” Bitiyi Xaliq Səfəviyə hədiyyə edildi.
Asif Atanın görüntü diski, “Atalıq Xilqəti” və “Uluyurd Aqibəti” görüntü (film) diskləri, Ocaq Günsıra vizitləri, Nurtəkin və Günev Atalıların kitabları da qonaqlara bağışlandı.
Üstün Atalı “İnsanilik Şərqisi”ni, Güntay Atalı “Bayram üstə Mütləqlə təması” dedi.
Qurallar yerinə yetirildikdən sonra Ataya səcdə ilə bayram sona yetdi.
Sonda çay süfrəsi ətrafında doğmalaşmaqla söhbətlər davam elədi.
Günəş Ayı, 37-ci il. Atakənd.
(mart, 2015. Bakı.)