Xəbərlər

Mikayıl Bozalqanlı. ASİF ATA və ASİF ATA OCAĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM

1950-ci illərdən dövri-mətbuatda dərc edilən Asif Ata hər an özünün daha da kamilləşməsi üzə­rində ciddi-cəhdlə çalışmışdır.  Moskvada M. Qorki adına DƏİ-da təhsil alan Asif Ata o dövr üçün məlum olan bütün elm sahələrinə maraq göstərmış, onlardan imkanları daxilində yararlan­mışdır. Elmin nadir sahələri ola bilərdi, onu cəlb etməsin. 60-70-ci illər ərzində işlədiyi bütün ali təhsil müəssisələrində tələbələrlə six təmasda olan Asif Ata Azərbaycanın mahiyyətini onlara ay­dın­lığı ilə çatdırmağa çalışırdı, bu onda yaxşı alınırdı. 1978-ci ilin sonlarında Azərbaycanda ilk Ocaqçı olan Asif Ata bir müddət gizli fəaliyyət göstərməyə məcbur olur. Asif Atanın sistemli dün­ya­baxışının məhsulu olan əlliyə yaxın kitabı, Mütləqə İnam Ocağı “İnsanlaşın, İnsan­laşdırın!” ideyasına maraqlı olan Azərbaycan gəncliyinin uzun dövrlər ərzində əvəzedilməz tər­bi­yə məktəbi olmuş, bu gün də öz önəmini yetərincə saxlayır.

Müxtəlif dövrlərdə, xüsusilə də, sovetlərdən sonra yaranmış ideoloji boşluqla bağlı olaraq ya­ra­­nan, bir sıra əqidəsi, məramı tam bəlli olmayan təriqətlər, cərəyanlar, cəmiyyətlər arasında mü­əy­­yən aşamada Asif Atanın fəaliyyətinə, baxışlarına kölgə salmaq istəyənlər də oldu.  Ancaq Asif Atanın Azərbaycan ərazisində yetərincə yayılmış fəlsəfi düşüncələrinin təsir gücü, xüsusilə də, gəncliyin ona olan bitkin inamı üstün gəldi.

Yetərincə uzun bir zaman kəsiyinin keçməsinə baxmayaraq,  “Asif  Ata Ocağı”nın üzvləri sa­yı­lan mənəvi varisləri bu gün də həmin fəlsəfi görüşləri, ideolji xətti qoruyub saxlayır, daha da inkişaf etdirirlər.  “Asif  Ata Ocağı”nın üzvləri ilə qismən tanışlığım onu deməyə əsas verir, bu “mənəvi varislər” yetərincə fundamental bilgiyə, bazaya, fəlsəfəyə malik yaradıcı  insanlardır. Fəl­sə­fəyə, ədəbiyyata, mədəniyyətə, musiqiyə, tarixə, elmin digər sahələrinə özünün fərgli baxışı ilə seçilən Asif Atanın sistemləşdirilmiş dünyagörüşü, reallıqlara özünəxas prizmadan yaxın­laşa­raq, məhz özünün düşündüyü, qəbul etdiyi kimi verdiyi qiymətlə o bu gün də gündəmdədir, deyərdim, mahiyyətini olduğu kimi saxlaya bilmişdir. İnsanlığı, hümanizmi,  azadlığı cəmiyyətin ən ali dəyərlərindən sayan  Asif Atanın düşüncəsində milliliyimiz də, türkçülüyümüz də bəşəri sə­viy­yədə götürülür, heç bir xalqa qarşı qoyulmur. Bu açıdan, Asif Ata Azərbaycana, mənəvi dəyərlərimizə, tariximizə, kökümüzə, musiqimizin müxtəlif janrlarına, böyüklərə verilən dəyərə, kiçiklərə göstərilən mərhəmətə də özünəxas yanaşma sərgiləyir. “Dünənimiz”i  yetərincə dəyər­lən­dirən Asif Atanin anlayışında, fəlsəfəsində bu günümüz dünənimizdən ayrılmaq, sabahımız isə Mütləqə İnamımıza söykənmək  kimi nəzərdə tutulur. Bəşərin nicatını “İnsanlaşma”da  görən Asif Ata bütün gizli, açıq fəaliyyəti dövründəki görüşlərində bu ideyanın təbliği ilə məşğul ol­muş­dur. Təbliğdən danışarkən onu da qeyd etmək istərdim, bəzi məqamlarda Asif Ata Ocağının davamçılarının görüşləri hərdən düzgün anlaşılmamış, düzgün interpretasiya edilməmişdir. Hətta onlara hər hansı dinin və ya təriqətin təbliğatçıları olması da irad kimi bildirilmişdir. Buna misal ola­raq, Zərdüştlüyü misal çəkmək olar. Ancaq orada söhbət yalnız xalqımıza məxsus milli dəyər­lərdən getmişdir. Xalqın tarixi, mədəniyyəti onun ayrılmaz bir hissəsidir. Hətta Asif Atanın Orxun-Yenisey əlifbası əsasında yaratdığı əlifba sistemi də bir zaman arzuedilməz funksiya daşımaqda ittiham edilmişdir.

Bir daha qeyd etmək istərdim, təsadüfi görüşlərimizdə mən Asif Ata Ocağının varislərini anla­şıq­lı, polemikaya meyilli, digərlərinin düşüncələrini bölüşən ziyalı insanlar kimi tanımışam. İndi də o fikirdəyəm, Asif Ata Ocağı, onun mənəvi varisləri xalqını, vətənini dəyərləndirərək sevən, Asif Atanın sistemli fəlsəfi görüşlərini inkişaf etdirərək yayan vətənpərvər ziyalılardır.

 

Bakı, 6 fevral 2019-cu il.

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir