Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün kürəsəlləşən dünya millətləşməyə qarşı davranır. Nəinki davranır, onu aradan qaldırmağa çalışır. Ortaya “vahid mədəniyyət” ideyası ataraq millətləşmənin zərərli olduğunu təbliğ edirlər. Əslində bu təbliğatın başında duranların özləri millətləşmə yolu keçənlərdir. Bu gün də onlar millətləşmə gedişlərindən qırağa durmayıblar. Ancaq millətləşmə yolu keçməli olanlara hər cür yollarla əngəl olmağa çalışırlar. Əngəl olunanlardan biri də bizim millətimizdir. Yurdumuza gələn, gətirilən hər bir yabançı ideoloji baxışlar millətçiliyi şüurlarımızda sıradan çıxarmaq üçün çalışırlar.Halbuki millətçilik ideyası özgələşdirməyə qarşı ən doğru dirəniş ideyasıdır. Biz dönə-dönə vurğu eləmişik ki, millətçiliyi sağlam özüllər üzərində götürürük. Bu zaman başqa millətlərə qarşı tərs mövqelər tutmağı doğru saymırıq. Bir sözlə, hər bir millətin özünəxaslığına sayğı duyuruq. Çünkü bizim üçün millətçilik – milli özünəxaslığı qorumaqdır. Başqa mədəniyyətlərin etkisinə uğrayıb milli-mənəvi kimliyimizi itirməmək üçün bu ideyanı həyata keçirməyə bizim haqqımız var.
Millətimizin içərisində aparılan kosmopolit tərbiyəçilik daim genişlənməkdə və tarixi həqiqətlərimizi kölgələməkdədir. Nə yazıqlar ki, bu gedişlərə uyan, aldanan insanlarımız da çoxalmaqdadır. Bütün bunları gözə alaraq Asif Atanın Mütləqə İnam Ocağı toplumda davamlı iş aparır. Milli dəyərlərimizin tanınması, öyrənilməsi yönündə ədəbiyyatlar hazırlayır, dərgilər çıxarıb yayır. Eləcə də çağaşırı canlı ünsiyyətlər qurub görüşlər keçirir. Toplumun başqa-başqa yönlü insanları ilə bağlantılar yaradır, gənclərlə milli-insani söhbətlər aparır.
Bu əməllər yurdumuzun bütün bölgələrində həyata keçirilir. Bu günlərdə daha bir görüş Bakının Nizami rayonunda gerçəkləşdirildi. 60-a qədər öyrənci və öyrətmənlərlə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının keçirdiyi görüş İnsanlaşma, millətləşmə, vətənləşmə çağırdı. Görüşün sonunda çoxsaylı gəncləri düşündürən suallara cavab verildi və onlara ayrı-ayrı Ocaq ədəbiyyatları bağışlanıldı.
Atamız Var olsun!
Mütləqə İnam Ocağı
29 Çiçək Ayı, 38- ci il. Atakənd.
(aprel, 2016. Bakı.)