Sual (Ata vərəqdən oxuyur – S.A.): Asif Ata, siz filosof kimi Azərbaycanın gələcəyini nədə görürsünüz?
Cavab: Mən bir filosof kimi Azərbaycanın gələcəyini Mütləqə İnamda görürəm. Nə Allaha inanıram, nə istehsalata. Nə Marks mənim böyüyümdür, nə Məhəmməd. İnanıram dünyanın özünün dünyadan artıq olan Mənasına. Bu haqda xüsusi söhbətimiz olacaq. İnanıram insanın özündən böyük olan mənasına. İnanıram həyatın özündən böyük olan mənasına.
Qəti əminəm ki, həyatın mənası özündən artıqdır. Həyatda hər şey nisbidir. Mənası isə Mütləqdir. Əgər onun Mənası Mütləq olmasaydı, nisbi sözü də olmazdı. Ona görə nikbinəm. Həyatın özünə görə yox, dünyanın özünə görə yox, insanın özünə görə yox, mənasına görə. Məna əbədidir, əzəlidir, sonsuzdur, kamildir. İkinci, qəti əminəm ki, yalnız Mütləq olan, – əbədi olan, əzəli olan həqiqidir. Nisbi nə varsa, hamısı yoxluqdur, yalandır. Nisbi ədalətə camaat alışdı, ona görə ədalətsizliyə qərq oldu. Nisbi Həqiqətə camaat alışdı, ona görə həqiqətsizliyə qərq oldu. Nisbi Xeyirə alışdı, Şərə qərq oldu. Nisbiylə barışmamaq. Dostluğum varsa, qoy dostluğum olsun, ya da olmasın. Orta bir şey olmasın. Məhəbbətim varsa, qoy ya tam olsun, ya olmasın. Barışmayaq, yetimləşməyək, dilənməyək ədaləti. Və İnsan özü Mütləq ola bilər. Bu fəlsəfəni biz Azərbaycan xalqına təqdim eləmişik, biz onu bu İnama gətirsək, sonra bunu biz türk İnamı eləyə bilsək, sonra bunu biz Şərq İnamı eləyə bilsək, onda Azərbaycan xilas olacaq. Onda Azərbaycan dünyaya qarşı, yəni Avropaya qarşı, Qərbə qarşı dura biləcək. Əgər Ruhani İntibah olmasa, yenə də ağzımızı açacıq, görəsən İtaliya bizə nə kömək eləyəcək, görəsən Fransa bizə nə kömək eləyəcək, görəsən bizə ABŞ nə kömək eləyəcək. Biz batacıq, heç olacıq.
İkinci, təzə insanlar. İnsanlaşma, İnsanlaşdırma. Onun haqqında söhbətimiz olacaq. Təzə cəmiyyət yolu lazımdır. Nə kapitalizm, nə sosializm. Zəhmətkeş mülkiyyətinə əsaslanan, fərdi özünüidarəyə əsaslanan, Atalığa əsaslanan, Ağa-Nökər dairəsindən çıxmaq. Bunun da fəlsəfəsini görüşümüzün birində açacıq. Şərq özünə qayıtmalıdır, Şərq özünün təqlidçiliyindən əl çəkməlidir. Nə qədər olar öyrənmək, nə qədər olar tələbəlik. Şərq bir zamanlar öyrədirdi, indi yenə öyrətməlidir. Şərq Bəşər tarixində günahkardır, çünki Şərq Bəşəriyyəti Qərbin maddiyyatçılığının əsarətinə verdi. O, onu saxlaya bilərdi. Çünki Şərq Ruhaniyyat mərkəzidir. Azərbaycan Şərqin Məkkəsi olmalıdır.
(Gurultulu alqışlar – S.A.)
…Öz mənəviyyatımıza qayıda biləcəyik, mütləq. Ocaq ondan ötəridir, öz mənəviyyatımıza qayıda biləcəyik. Birinci, bilməliyik ki, bizim İslamdan əvvəl yerə-göyə sığmayan mədəniyyətimiz olub. Türk aləmində qədim türk mifologiyası olub. Zərdüştümüz olub. Əslində İslam bizə lazım da deyildi heç. Bizim İslamdan əvvəl qat-qat təmiz, xalis inamlarımız olub. Çox təəssüf ki, peyğəmbər səviyyəsində bir şəxsiyyət verməyib türk aləmi. Başı qarışıb Teymurləngliyə, Çingizxanlığa, döyüşlərə, dünyaya sahib olmağa və sonra da özüylə döyüşməyə. Sonra da başqalarına yaramağa. Türk aləmi indi özünə yarayacaq. Buna mənim qəti inamım var. Bunun vaxtını deyə bilmərəm.
Sual: Siz indiki vəziyyətlə razılaşırsınız?!
Cavab: Təbii ki, indiki vəziyyətin nə olduğunu mən sizə dedim. İndiki vəziyyət ümumi şəkildə SSRİ-nin, yəni SSRİ-də yaşayan xalqların sosializmdən kapitalizmə keçididir – bu, anormal bir işdir. Kapitalizmdən sosializmə keçid də anormal… Kitab əsasında idi. Bu da pisdir. Ancaq bu, əməlli-başlı mürtəcildir. Bu, türk aləminin fəlakətidir. İndi bilmirəm, burda türk qardaşları yoxdur. Mən qəti əminəm ki, kapitalizm Türkiyəni xilas eləyə bilməz. Düzdür, orda indi Turqut Özal möcüzəsindən danışırlar. Mən buna inanmıram. Çünki dəllallıqla türk ruhu tutmur. İnanmıram ki, türk Morqan versin, Ford versin. Ondan başqa, kapitalizm nə deməkdir, – kapitalizm sahibkarlıqdır, kapitalizm fəhlənin ölümüdür, kapitalizm kəndlinin ölümüdür. Sahibkarlıq nə deyən şeydir?! – Kimin haqqı var ki, fəhləyə sahib olsun, kimin haqqı var ki, zavodun sahibi olsun?! Sonra, dəhşətli bir fərq var – milyonçu ilə fəhlə arasında. Milyonçu birdən min dəfə fəhlədən artıq qazanır. Ədalətsizlikdir bu, fəhlə nə qədər tox da olsa, yenə də quldur. Qulun toxu da var, acı da var. SSRİ-də ac idi o, kapitalizmdə o toxdur, quldur ancaq. Çıxmalıyıq, “Yenidənqurma”nı aradan qaldırmaq lazımdır.
Sual (oxuyur): Ziyalıları necə qiymətləndirirsiniz?
Cavab: Ziyalılara münasibətim mənfidir. Əvvəl bir cür mənfi idi, indi bir cür mənfidir. Əvvəl onlar Marksizmin dəhşətli fədailəri kimi çıxış edirdilər, mən onlara deyirdim, nəyi müdafiə eləyirsiniz?! İndi Marksizmə onlar qoçaq düşmənlər oldular. İndi mən onlara deyirəm, siz özünüzümü deyirsiniz? Bilirsinizmi, təbəqə kimi həmişə belə olubdur. Elə bilirsiniz ki, ziyalı təbəqəsi hamısı Ələkbər Sabirdən ibarət idi?! Yaxud Cəlil Məmmədquluzadədən ibarət idi, yaxud Füzulidən ibarət idi?! Təklik! Bir nəfər təbəqənin içində gözdən düşən kimi əzaba düşür, zamanla qətiyyən ayaqlaşmır, çünki həqiqət zamana sığmır, döyülür, söyülür. Ondan sonra ac qalır, Motsart acından öldü, Bethoven acından öldü. Buş (ABŞ-ın prezidenti – S.A.) ayda 16000 dollar alır. Kim böyükdür görəsən – Buşmu, Motsartmı?! Buş Motsartın ayağının altında heç palaz da deyil, tarixi nöqteyi-nəzərdən. Amma görün cəmiyyət necə qiymətləndirir! Dahi heç zaman qiymətləndirilmir öz vaxtında. Elə də olmalıdır. Dahilik zamanla döyüşdür, vaxtla döyüşdür. Vaxt necə onu sevə bilər! Məncə, siz məni anladınız. Ümumiyyətlə, mən elə hesab eləyirəm ki, Azərbaycana yüzcə nəfər Evlad lazımdır. Hələ ki, 50-si var. Tarix boyu inqilabi şərait yarandıqda din öz xadimlərinin əlində silah olur. Hər kəs ondan öz mövqeyinə görə istifadə edir. Ancaq bunu inkar etmək olmaz ki, İslam dini insanların saflaşmasına kömək edir. İntəhası, İslam dini insanların saflaşmasına necə xidmət edir?! Saflaş, çünki Allah sonra sənin başına oyu`n açar, bu artıq özü, bu cür qorxunun özü günahkarlıqdır. Mən ona görə saf olmuram ki, məni Atam sillələyər.
Sual (oxuyur): Azərbaycanın Rusiyanın arxasına düşməyinin səbəbkarı kim idi və nə idi?
Cavab: Onun səbəbkarı Rusiya özü idi. Lakin Rusiya təlqin eləyə bilirdi onu. Fəlakət, bilirsinizmi, yuxuya verə bilirdilər imperialistlər balaca xalqları. Bəli, sən Azərbaycanlı, yaxşısan, təmizsən. Ancaq Novruzəlisən də.
Bunu təlqin eləyə bilirdilər. Çox təəssüf. Burda dahi lazımdır bağırsın. Dahi də, bilirsiniz də, çox çətin məsələdir.
(Kimsə yerdən “İkinci sual qaldı” deyir – S.A.)
Ata: Hə, bağışlayın, hanı?
Sual (oxuyur): Rəsulzadəni xalqın qatı düşməni, yoxsa Müsavat partiyasının başçısı adlandırmaq düz olar?
Cavab: Rəsulzadə Azərbaycan xalqının fəxridir. Olub bacardığı. Dahi deyildi, ancaq təmiz idi, saf idi. Bolşeviklərdən artıq idi. Fəxr eləyirəm ki, o var, olubdur bizim tariximizdə. Dahi hesab eləmirəm. Dahi olsaydı, zəmanəyə qarşı çıxış eləyərdi. Nədir sənin demokratiyan?! Elə bir şey yaradardı ki, türk mahiyyətinə oxşayardı. Türk onu bacarırdı axı.
Ancaq fəxr eləyirəm mən onunla. O təmiz adam olub, çox təmiz adam olub.
Sual (oxuyur): Azərbaycanda Müsavat Partiyasının işini necə qiymətləndirirsiniz?
Cavab: Hiss eləmirəm mən. Ola bilsin, mənim əlimə gəlib çatmır. Müsavat partiyasının mövcudluğunu onda görərdim ki, Müsavat partiyasının əlindən onun bayrağını almazdılar kommunistlər. Qəribə şeydir, 28 Apreldə gəldilər, “28 may”ı ləğv elədilər bolşeviklər. İndi də bayrağı aldılar. Müsavat partiyası da orda sağ-salamat, guya… Nə partiyadır o?! Təki mən səhv eləyim. Təki mənim ətrafım gözəl adamlarla dolu olsun. İstəməyən kor olsun. Adam bəzən darıxır ki, indiki dövrdə Azərbaycanda belə partiya var.
Ancaq Azərbaycanın Müsavat idealına ehtiyacı var.
Sual (oxuyur): Asif Ata, bir sual, indi biz müstəqilliyimizi necə əldə edə bilərik?
Cavab: Hələlik, uzun müddət nə müstəqil olan kimi olacıq, nə də olmayacıq. SSRİ-də deyirəm ha. Qəribə, əcayib bir vəziyyət olacaq. Müəyyən dövrə qədər. Bu keçid dövrü deyirlər, nə deyirlər, əslində, bu, nə var olan kimi var olmaqdır, nə yox olan kimi yox olmaq. Prezident var və yoxdur. Guya var, çıxış eləyir Avropa məsələləri, yoxdur ancaq. Qəribədir, gülə də bilmirsən, ağlaya da bilmirsən. Çıxış yolunu mən sizə göstərdim. 10 ilmi, 20 ilmi belə var olub, yox olmaq vaxtıdır. Sonra xalqı ayağa qaldıracıq. Ata sağ olsa, özü eləyəcək onu. Olmasa, Evladları. Sizinkilər, bu yoldakılar.
Sual (oxuyur): İndi biz Müsavatın fikirləri ilə yeni bir ölkə qura bilərikmi?
Cavab: Tam yox. Amma Müsavatın səhvlərindən onu yaxşı öyrənmək. Müsavat partiyasının idealını qəbul eləmək. Lakin onun səhvini qəbul eləməmək. Səhvinin biri də onda idi ki, şüarının özü də ziddiyyətli idi. Doğrudur, məcbur oldular, – Milli Məclis məcbur oldu. Çünki koalisiya vardı, ayrı-ayrı partiyalar vardı. İntəhası, bir tərəfdən türkçülük, o tərəfdən İslamçılıq, o biri tərəfdən Avropalaşma. Hamısı bir-birinə ziddir.
Sual (oxuyur): Azərbaycan İslam və türk aləmində özünə yer tapacaq?
Cavab: Bəli, Azərbaycan özünə yer tapacaq. O zaman ki, özünəməxsus Ruhani İntibah yaradacaq və kömək eləyəcək başqalarına. Nə qədər kömək almaq olar?! İndi də biz kömək eləyək. Mənim məğrurluğumun mahiyyəti bundan ibarətdir. Elə şey yaradaq ki, türk bizdən öyrənsin, Şərq bizdən öyrənsin. Gəlsin bizə. Öyrədə bilərik. Mən buna tam inanıram. Yaxşı deyil, belə suallara cavab verəndə mən özümü yaxşı hiss eləmirəm. Elə bil ki, özünü tərifləyən kimi çıxır. Amma həqiqəti demək lazımdır.
Mütləqə İnamda yalan yoxdur. Yalansız İnamdır. Onu biz camaata təbliğ eləyəcəyik. Ata əlindən gələni eləyəcək. Harda bacarır.
Sonra da onu Türkiyədə deyəcik. İranda deyəcik, Şərqdə, Ərəbistanda deyəcik. Döyülə-döyülə, söyülə-söyülə. Nə olur-olsun. Dişimizlə, dırnağımızla. Deyəcəyik ki, Azərbaycan müəllim ola bilər. Balaca xalqın balaca iş görməyə haqqı yoxdur. Özünü böyük aparan o saat deyəcək, sən kimsən ki?! Gərək böyük iş görəsən ki, o səni saysın.
Sual (oxuyur): Müqəddəs Ata, siz Vahid Azərbaycanın yaranacağına inanırsınızmı? Və Zəngəzurlu, Göyçəli Azərbaycan olacaqmı?
Cavab: Qəti, mən nəinki inanıram, əgər Cənubi Azərbaycanı biz birləşdirə bilməsək, Azərbaycanın müstəqilliyindən danışmaq cəfəngiyyatdır. Azərbaycan Gürcüstan deyil. Gürcüstanın da heç gələcəyinə inanmıram. Onlar yenə yalançı müstəqillik eləyə bilərlər. Amma Azərbaycan, mümkün deyil. Azərbaycan güclü olmalıdır. Azərbaycan dünyada təkdir. Azərbaycanın dostu yoxdur. Cənubi Azərbaycan bizim qolumuzdur. Cənubi Azərbaycansız biz heç nə eləyə bilməyəcəyik. Çox təəssüf, mənim imkanım yoxdur. Cənubi Azərbaycanlılarla o qədər əlaqəm yoxdur. Düzdür, Evladlarımızın içində Təbrizlilər var. Bilin və agah olun, biz sizdən çox şey gözləyirik. Siz bizi sevirsiniz. Bizim də ümidimiz odur ki, birləşək. Ona görə, fars sizi oynatmasın. Bizi kommunizm, orada sizi İslam oynatmasın. Gəlin, bir dəfə Ata evinə. Gəlin oturaq, söhbət eləyək. Fikrimizi gedin deyin. İslam bu dövrdə farsçılıqdır. Xomeynidən sonra İslam, təxminən kommunizm rus üçün nə idisə, indi də islamçılıq fars üçün odur. Fars hegemonluğu. Ağır iş olacaq. Xalq ayağa qalxmalı olacaq. Parlament yoluyla heç nə eləyə bilməyəcəksən. Getmək-gəlmək, bunlar hamısı zahiri şeylərdir. Yaxşı şeylərdir, bir nəfər, iki nəfər Azərbaycanlı Cənubdan gəlir Bakıya. Əla şeydir bu. Lakin bu, Cənubi Azərbaycan probleminin həlli deyil qətiyyən. Ömründə fars sənə verməyəcək Cənubi Azərbaycanı. Təbrizi, Tehranı heç kim. Çox yaxşı oğullar lazım olacaq bizə. İnsanlar lazım olacaq bizə. Asan gəlir ey, camaata. Tez-tələsik, o saat əl çalma, alqış. Heç nə yoxdur hələ. İstəyimizin rəsmi elanıdır yalnız. Heç bir müstəqillikdən danışmaq belə, gülüncdür. Uşaq üçündür bu, bağça uşağı üçün.
Sual (oxuyur): Azərbaycanda sünni-şiə söhbətlərinə münasibətinizi bilmək istəyirəm.
Cavab: Bəli, İslamın guya ki, tamam fəlakəti olan, əslində İslamın nicatı oldu. İslam sünni-şiə ilə çox şey eləyə bildi. Türklərin başını əzdi və türkləri özünə tabe elədi. Hər zaman İslam antitürk olub. Həmişə. Bəli, yaxşı oxuyun İslam tarixini. Görün İslam türkün başına necə işlər gətirdi bu sünni-şiə məsələsiylə. Görün, Səlimlə Şah İsmayıl niyə döyüşməliydilər. Axı Səlimin məqsədi Azərbaycanı zəbt eləmək deyildi. Osmanlı imperiyasının başçısıydı o. Onun məqsədi Avropayla döyüşmək idi. O saat sünni-şiə məsələsi qalxdı və Şah İsmayıl da burda səhv elədi. Bizim böyüyümüz. Və orda – Anadoluda üsyan elədilər. Vaxtınızı almaq istəmirəm. Tarixi yəqin ki, bilirsiniz. Həm İslam, həm Avropa sünni-şiədən çox qazandılar. Niyə mən zəncir döyməliyəm?! Niyə mənim zəncirimi televizorda göstərməlidirlər?! Adam başını yarır, mənim ürəyim ağrıdı. Zəncirlər vuran Azərbaycan – “dikiy” Azərbaycan. Çox təəssüf ki, bizdə əvvəlki arsızlığın başqa bir variantı da yaranmaqdadır. Balaca iş görürük. O saat… Qarabağı guya ki, azad eləmişdik artıq. Nazir televizorda, gedirdi, parad qəbul eləyirdi. Nədir?! Nə parad?! Kinoaktyor hara, nazir hara?! İnsan azdır. Heç kəs öz yerində deyil.
Sual (oxuyur): Müasir Azərbaycanı necə görmək istəyirsiniz?
Cavab: Öz işlərimizin hamısını mən dedim. Yenə mən deyirəm. Mən Müasir Azərbaycanı müstəqil – İnam baxımından müstəqil, yəni Mütləqə İnam. İdrak baxımından müstəqil, yəni ki, təzə fəlsəfəni öyrənən. Siyasi cəhətdən müstəqil, – Rusiyadan ayrılan, SSRİ-dən ayrılan, Qərbə baş əyməyən, məğrur. Bundan ötrü illər lazımdır. Azı 20 il.
Sual (oxuyur): Cənubi Azərbaycanla və Türkiyəylə birləşməyimizi necə, münasib bilirsiniz?
Cavab: Dedim bunu. Türkiyəyə birləşməyi biz bu saat özümüzə bayraq eləsək, bu bizə həm siyasi cəhətcə, taktiki cəhətcə və strateji cəhətcə böyük zərbə olar. Bütün aləm bar-bar bağırar. Bilirsiz də, pantürkizm ideyası nə deyən şeydir. Avropa dəhşətə gələr, erməni bundan özü üçün nələr yapar. Ona görə bu söhbəti gəlin, hələ eləməyək. Yəqin ki, gec-tez türk birliyi olmalıdır. Lakin o cür yox. Azərbaycan atılmayacaq. 30 milyonluq Azərbaycan Türk Dünyasının beyni və ürəyi. 60 milyon Osmanlı türk əsgəri türk aləminin qolu və kürəyi. Mənim idealım budur.
Sual (oxuyur): Əgər dinimizi inkar ediriksə, onda bizim tariximizi kim açacaq?
Cavab: Bizim öz dinimiz olmayıbdır. Bizim dinimiz Zərdüştçülükdür. Ondan sonra müsəlman aləmi var. Müsəlman aləmi də türkü inkar eləyir. XX əsrə qədər türk sözü də yoxuydu heç.
Sual (oxuyur): Dağlıq Qarabağ məsələsinin sonu necə olacaq?
Cavab: Dağlıq Qarabağ məsələsi bu cürdür: nə var olan kimi var, nə yox olan kimi yox. Həll olunan şey deyil. 20 ilmi, 30 ilmi deyə bilmərəm, Cənubi Azərbaycan problemindən sonra həll olunacaq yalnız. Onda erməni qorxacaq və çəkiləcək. Hələ ki yalandan, bütün boş şeylərdir hamısı. Gəlirlər, gedirlər, saziş eləyirlər. Sazişlə qurtaran şey deyil. Daşnaksütyun partiyasının tarixini mən öyrənmişəm. Özümüz üçün, əlacsızlıqdan. Daşnaksütyun partiyasının tarixi 1 nömrəli məsələsi ermənilərin “Böyük Ermənistan” ideyasıdır. Erməni ya öləcək, ya Böyük Ermənistan yaranacaq. Yəni Anadolunun bir hissəsi. Türkiyədə olan başqa bir neçə hissədə. Ondan sonra Qarabağ, Şamaxı. Böyük bir ölkə yaranmalıdır. Yoxsa erməni öləcək. Ona görə burdan batıb, ordan çıxacaq. İlan kimi sürünəcək, sonra təzədən diş çıxaracaq. Erməniylə barışmaq mümkün olmayacaq. Ermənini məhv eləmək lazım olacaq. Sevinc xanım, sizin sualınıza Ata cavab verdi.
Açıq şəkildə, Ata başqa şəkildə cavab verə bilmir.
Sual (oxuyur): Sizcə milli ordunun yaranması… (Ata sualı sona çatdırmır – S.A.)
Cavab: Milli ordunun yaranması heç bir böyük rol oynaya bilməyəcək. Çünki bizim Milli Ordumuz təxminən 10 ildən sonra yalnız Milli Ordu səviyyəsinə qalxa biləcək. Tüfəngimiz yoxdur, heç nəyimiz yoxdur, silahımız yoxdur. Erməni bu saat müasir ordudur. Onlarla biz döyüşə bilməyəcik. Döyüşsək də, dəhşətli dərəcədə məğlub ola bilərik. Dəhşətli dərəcədə qan tökülə bilər. Mənim fikrim budur ki, buna baxmayaraq, döyüşmək lazım olsa, ölümə getmək lazım olsa, getməliyik. Lakin bu, məsələnin həlli deyil. Bu, qeyrət məsələsidir yalnız. Burda psixologiya var yalnız. Psixologiya ki, biz hər halda şərlə döyüşdən çəkinmirik. Biz öz borcumuzu yerinə yetiririk. Qələbəyə inam… erməninin nə olduğunu yaxşı bilirik. Çox öyrənmişəm. Erməni Amerikadan da istifadə eləyəcək, erməni fransızdan da istifadə eləyəcək, erməni hər şey eləyəcək, canını verəcək, ilan kimi çalacaq, hamını məhv eləyəcək. Amma “əqidəsi”ndən dönməyəcək, çünki “əqidə” çox qatıdır onun daxilində. Təəssüf ki, belədir. Siz Daşnaksütyunun nə olduğunu bilmirsiz.
Sual (oxuyur): Hörmətli Asif Ata, sizin… (sualı axıra qədər oxumur – S.A.)
Cavab: Bu, Qarabağ problemi ilə bağlı olan siyasi münasibətlər idi. Yeltsin özünün mərkəzçiliyini göstərirdi ki, prezident elə mənəm. Qazaxıstanınkı Yeltsinə yaxınlaşırdı, Mütəllibovşina da Yeltsinin başındakı günahı yuyurdu. Heç nə yox idi Qarabağa aid. Ümumi siyasi bir üst qurum vardı. Mənim fikrim belədir.
Sual (oxuyur): Türkiyənin Azərbaycan Respublikasının müstəqilliyini tanımasına necə qiymət verirsiniz?
Cavab: Bunu mən Türkiyədə təzələrin hakimiyyətə gəlməsinin əlaməti kimi hiss eləyirəm və təbrik eləyirəm. Bu, Turqut Özala qarşı olan işdir. Turqut Özal bunu eləməyəcəkdi. Elə-belə Turqut Özal üçün Qorbaçov lazım idi. Bu təzələrin parlament seçkilərində, həmrəyçilərin gözəl bir işidir.
Sual (oxuyur): Azərbaycan rəhbərinin siyasətini necə qiymətləndirirsiniz? Onlar müstəqil Azərbaycan… (Sualı axıra qədər oxumur – S.A.)
Cavab: Azərbaycan hökumətinin siyasəti – mərkəzçilik-millətçilik, Qərbçilik – millətçilik. Var olan kimi var olmamaq, yox olan kimi yox olmamaq. Amorf bir şey. Mənfi qiymətləndirirəm. Bu sualı da Miriyev… Suala Ata cavab verdi.
Sual (oxuyur): Siz Azərbaycanın gələcəyini necə görürsünüz?
Cavab: Bu haqda mən dedim. Azərbaycan ya böyük ölkə olacaq, ya məhv olacaq. Azərbaycan sıravi ölkə olmamalıdır. Sıravi ölkə kimi o məhv olacaq. Sıravi ölkə kimi lap Birləşmiş Millətlər Təşkilatına daxil olsun, o balaca xalq kimi, balaca millət kimi məhv olacaq. Böyüklük lazımdır bizə. Ya böyüklük, ya ölüm.
Sual (oxuyur): Özünüz haqda…
Cavab: Bilirsiz mənim üçün bu necə çətindir.
Zahiri şeylər. Qısa. 35-ci ildə anadan olmuşam. Yaşım, görürsünüz ki, çoxdur. Qazaxlıyam. Ulu babam, mən sizə də məsləhət görürəm ki, özünüzün soyunuzu öyrənəsiniz, onsuz vətən yoxdur. Ulu babam Hacı Alı Əfəndi Daş Salahlının məşhur əfəndisi olub, yəni ruhani siması olub. Özüm Qazax mahalının Çaykənd kəndində Qaraqoyunlu deyilən bir mahalda anadan olmuşam. Sonra onu Ermənistana veriblər. Bütün nəslimiz əzab içində olub. Ulu babam Hacı Əfəndidən sonra gəlir hamısı. Babam qolçomaq kimi məhv edilib. Lakin bilin və agah olun ki, mənim əqidəmə belə şeylərin əhəmiyyəti olmayıb. Atam müəllim idi. Yaxınlarda vəfat elədi. Anam da müəllimədir, təbiətçidir. Moskva Dövlət İnstitutunun tənqid şöbəsini qurtarmışam. O dövrdə mənlə bərabər Cabir Novruz da oxuyurdu, şeir şöbəsində və s. Ailə həyatı məndə alınmadı. Heç kəsin burada günahı yoxdur. Bu mənim verdiyim qurbanların birincisi oldu. Bəzən sual verirlər ki, öz balasına atalıq eləməyən xalqa atalıq eləyər? Eləyə bilər. Bu da bir qurbandır. Qurbansız olmaz. Xalqa atalıq eləyən adam öz övladından keçə bilər. Sonra deyirlər ki, öz arvadına xoşbəxtlik verməyən adam xalqa xoşbəxtlik verər? Verə bilər. İki xoşbəxtlik bir yerdə sığmır. Bəlkə də xoşbəxt adam var ki, o gözəl ailə də qurur. Mən onlardan deyiləm. Bəlkə eləsi də var. Bircə onu deyə bilərəm ki, mən Moskva Ədəbiyyat İnstitutunun ikinci kursunda anladım ki, bu dünya səfeh bir dünyadır və mən gecə-gündüz suallar içindəydim. Mən dəhşətli dərəcədə gərgin bir həyatdaydım. Marksizmi bəyənmirdim. Hamı marksizmi bəyənirdi. Sosializmi bəyənmirdim. Hamı sosializmi bəyənirdi. Tək idim, dəhşətli dərəcədə və xoşbəxt idim. Eyni zamanda cavanlığımın da odlu vaxtıydı. Od hamısı, eşq hamısı inam axtarışlarına getdi. Beş ildə Moskvada mən Moskva nə olduğunu elə əməlli-başlı bilmədim. Nə Kreml vardı mənim üçün, nə küçələr. Bir simfonik konsertlər vardı. Çünki o simfoniya mənə də lazım olurdu. Bir də kitabxanalar. Gecə və gündüz. Suallara cavab axtarmaq üçün. Marksizm fəlsəfəsindən sonra ədəbiyyatı özüm öyrəndim. Gözəl an idi. Sözlə ifadə eləmək mümkün deyil onu. Haraylı anlar idi. Niyə belə oldu? Niyə insan bu günə düşdü? Niyə heç… Dinlərin hamısını öyrəndim, hamısını başdan-ayağa. Buddizmi, Musəviliyi, İsaçılığı, Məhəmmədi, Sufiləri, Hürufiləri, hamısını. Və belə qərara gəldim ki, belə olmaz, təzə İnam lazımdır. Və belə qərara gəldim ki, məndə bu güc var. Təbiidir ki, belə bir fikirlə yaşayan adamın ailəsi olammazdı. Nə təhər Ailə yazıq səninlə yaşasın ki, səhər gedib, axşam gəlirsən. Həmişə fikirli. Siz mənim həyat yoldaşımı qınamayın. Onun təqsiri olmadı. Bir də üstəlik 76-cı ildə mən universitetdə Estetik və Etik tərbiyə klubu adıyla həmin bu Ocağın binasını qoydum. 82-ci ildə məni partiyadan çıxartdılar, işdən çıxartdılar. Əsərlərimi – elmi dərəcəmi əlimdən almaq üçün, yazdılar VAK-a. Gözəl günlərim başladı, təqib günlərim. Hara gedirdim, yanımda göyçək bir kişi gəzirdi o tərəfə, bu tərəfə. Ləzzət alırdım. Bazburutlu, gözəl, göyçək. Gör ey, onu mən adam eləmişəm. Hər addımda maşınla məni aparırdılar. Ya da mən gedirdim. Mənim arxamda kartec gedirdi. Gözəl anlar idi. Neçə dəfə adamı apararlar-gətirərlər?! Elə bir ev vermişdilər ki, o evdə mən 15 fəlsəfi əsər yazdım. Ev çox balacaydı. Əsərlər evdən çox kənara çıxırdılar, ideyalarım və s. və i.a. Burada suallar yarana bilər: – “Niyə mən partiyaya keçdim və niyə sonradan yenə partiya?! Belə şey olarmı?! Mütləqdən dəm vurursunuz, özünüz də partiyanın üzvüsünüz?” Mən partiyanın üzvü oldum 65-ci ildə. 60-cı ildə mən “Tənqid və Zəmanə” adlı birinci məqalə yazdım və bu məqaləmdə sübut elədim ki, Azərbaycanda fəlsəfə də yoxdur, tənqid də yoxdur. Bilmirəm bu olan işdir, ya olan iş deyil, bunu Türkiyədə, Ankara radiosunda verdilər mənim o yazımı. 60-cı ildə bunun nə demək olduğunu siz özünüz təsəvvür eləyirsiniz. Məni işdən çıxartdılar. Nə oldu?! Vaxtınızı almaq və qanınızı qaraltmaq istəmirəm. Onda mənim qarşımda iki yol vardı: bütün bu arzulardan əl çəkmək. Partiyaya girməmək, heç kəsi aldatmamaq. Necə deyərlər, şəri aldatmamaq və bütün o arzulardan əl çəkmək. Nə fəlsəfə, nə filan. Ya da ki, aldatmaq, şəri aldatmaq. Mən şəri aldatdım və düz elədim. Şər həqiqət tanımır. Şəri aldadarlar və mən partiyaya keçdim. Hamı kimi. Heç kəs sevə-sevə keçməmişdi və mən o dövrdə, 68-ci ildən başlayaraq Asif Əfəndiyev adlı imzamı təsdiq elədim. Əməlli-başlı təsdiq elədim. Ondan sonra mən 65-ci ildə müdafiə elədim, elmlər namizədi adı aldım. Sonra hamısını qaytardım. Hamısını. Heç nə itirməmişəm. Yaxşı fikirləşin. Bu döyüşüm ruhani ləyaqətin təsdiqidirmi, yoxsa xəyanətdirmi?!
İndi mən Ocaq Atasıyam. İndi mən fəlsəfi əsərlərimizin təbliğiylə məşğulam. İndi mən “Muğam fəlsəfəsi” kitabını yazmışam. Mən qəti əminəm ki, bizim Ocağımız sönməyəcək. Çünki onun məğzi ruhdur. Maddi nə varsa, məhv olur. Heykəllərə fikir verdinizmi?! Hamısının başına çatı salıb məhv eləyirlər. Bir ruhani ideyanı məhv eləmək olmaz. Ona görə mən qəti əminəm ki, mənim ömrüm düz ömür oldu və gələcək nəsil də, tarix də məni hərtərəfli anlayacaq. Siz yəqin ki, anlayırsınız. Mən partiyaya keçdim, bütün leksiyalarımda antimarksist oldum. Mənim hər bir leksiyam əslində antimarksist dərsi idi. Mən Zərdüştdən danışırdım. Mən 65-ci ildən, bütün sonradan deyilən nə vardı, hamısını deyirdim. Bunları böyüklük hesab eləmirəm. O zaman ki, Azərbaycanda Ocağımızın Məbədi yaranacaq, onda mən özümü qalib hesab eləyəcəm. Amma xoşbəxtəm (gurultulu alqışlar – S.A.).
Balaca bir tənəffüs, bir beş dəqiqəlik tənəffüs. Yaxşıdı tənəffüs. Sizin aranızda Atanın dostu, rəğbətçisi, rəssam Vaqif Ucatay var. O, bizim Ocağımızın rəmzi mənasını ifadə eləməyə çalışır və Ataya, Fikir Evinə, sizə bir hədiyyə hazırlayıb. Gəlin, onun hədiyyəsinə baxaq. (Əl çalırlar). Bizim rəssamımızı tanıyın. Vaxt olacaq ki, onu hamı tanıyacaq. Vaqif Ucatay (alqışlayırlar). Gedə bilərsən, sağ ol.
Nə qədər vaxtımız var? Sualların hamısına cavab verməliyik.
Əsil: Çoxdur, yəqin ki, çatdıra bilərik.
Ata: Doğrudan? Saat neçədir?
(Kimsə saatı deyir – S.A.).
Ata: Hələ var. Sualların hamısına cavab vermək istəyir Ata. Amma gərək qısa verəm ki, hamıya cavab verim.
Əsil: Burda belə sual varıydı – Ocaqçı olmaq üçün neyləmək?
Ata: Ocaqçı olmaq üçün əvvəl Əsil vasitəsiylə, başqa Evladlar vasitəsiylə Atanın iki kitabını oxumaq lazımdır: “Yol” və “Mütləqilik”. Orda hər şey aydın olacaq. Ondan sonra Ataya Rica yazmaq lazımdır və Ata sizə təzə ad qoyur. Ömrünüzün yönü tamamilə dəyişir.
Sual (oxuyur): Ataçılıq Hərəkatı ləngimir ki? Təbliğat vasitələriniz çox zəifdir.
Cavab: Bilirsizmi, inqilabi sel kimi gələnlərin nə olduğunu gördük. Biz ağac-ağac, hal-hal yetişməliyik. Biz bağbanlıq eləyirik. Biz uçurmuruq. Ona görə biz tələsmirik. Özümüzə inanırıq. Bugünün işi deyil bu.
Sual (oxuyur): Müqəddəs Ata, müxtəlif xalqdan olan adam Evlad… (Sualı axıra kimi oxumur – S.A.).
Cavab: Hər bir xalqdan Evlad ola bilər. Əvvəl bizim əsərlərimizi oxusunlar. Rusca da var o əsərlər. Oxusunlar. Deyə bilərsiniz ki, bəs bu nədir? Rus siyasəti bir şeydir, rus mədəniyyəti başqa şeydir. Biz Lev Tolstoyu inkar eləyəmmərik. Onda biz avam olarıq. Belə millətçilik bizə lazım da deyil. Amma biz rus siyasətini inkar eləyirik, başdan-ayağa.
Hamı ola bilər. İndi özüm deyim, erməni ola bilər? Yox, erməni ola bilməz. O qədər onlardan mən bezar olmuşam ki…
Sual (oxuyur): Dinlərin gələcəyi haqqında…
Cavab: Dinlərin fəlakəti ondadır ki, yalana əsaslanır. Elə bir din yoxdur ki, onda yalan olmasın. İnam isə yalansız olmalıdır. Mənim zənnimcə, Din İnamla əvəz olunacaq, yəni İnam olacaq. Onlardan da birincisi – Mütləqə İnam.
Sual (oxuyur): Sizin fikrinizcə, əziz Ata, Cənubi Azərbaycanı farslardan necə qurtarmaq?
Cavab: Böyük sualdır. Hələlik Cənubi Azərbaycanı İslamdan qurtarmalı. Bundan başlamaq lazımdır. Necə bizim SSRİ-dən qurtarmağımız kommunizmin süqutuyla başlandı, yəni elanımız. O cür də birinci addım olmalıdır Azərbaycanlıların İslam təsirindən… heç olmasa, İslam təsirinin azalması. Çox pisdir. Bəxtiyar Vahabzadə deyirdi ki, mən hara getdim, orda Cənubi Azərbaycanda olubdur, ya bura gələnlər deyiblər, deyir ki, Cənubi Azərbaycanda mənə deyirlər ki, əşi, nə türk, türk başlamısınız, İslam…
Sual (oxuyur): Müqəddəs Ataya Ali Ehtiram! Belə bir fikir var ki, bizim dinimiz xalqı qarşı-qarşıya qoyacaq. Belə ki, İslamçılar bizə qarşı duracaqlar.
Cavab: İslamçılar indi də bizə qarşıdırlar. Zəng eləyirlər, söyürlər. Qoy söysünlər. Mən elə şeydən fəxr eləmişəm həmişə. Əgər fil fildirsə, onun alabaşı mütləq olmalıdır. Lakin bundan ötəri bizə qarşı duracaqlar deyin… qoy bizə qarşı dursunlar, qoy bizlə dalaşsınlar, qoy bizi öldürsünlər. Bəs nə oldu həlli?! Düşünmürəm, həm təzə əqidə yaranacaq, həm də gözəl çarpayıda ipək yorğanda bizə yer salacaqlar? Hər şey olacaq. Sui-qəsd də olacaq. Nə olsun ki?! Oyun oynamırıq ki! Biz aktyor deyilik axı. Aktyor tamaşada ölür, 5 dəqiqədən sonra da durub başlayır zarafat eləməyə.
Sual (oxuyur): Nə etmək lazımdır ki, həyatda narazılıqlar az olsun?
Cavab: Nə qədər ki, kapitalizm var, nə qədər ki, sosializm var, narazılıq nədir, fəlakət adiləşəcək, “normallaşacaq”. İki başlı qartal var: sosializm, kapitalizm. Onları bir-birinə qarşı nahaq qoyurlar. Mən bununla razı deyiləm.
(III kaset)
Ata sualı oxuyur: Asif Ata, sizin nəzərdə tutduğunuz cəmiyyəti yaratmaq yollarını, qısa da olsa, şərh etməyinizi xahiş edirik.
Cavab: Bu dəfə vaxtımız azdır, xüsusi görüş olacaq. Deməli, bundan sonra hansıdır bizdə? – “20 yanvar”. 3 görüşdən sonra xüsusi, əsərləri də Ata gətirəcək bura. Əməlli-başlı. Bilirsiz, elə-belə, tez-tələsik gəlib, söhbətimiz ucuzlaşmasın. Yolları haqqında da, özü haqqında xüsusi bir kitab var, “Ruhani Cəmiyyət” adlanır.
Sual (oxuyur): Ata, yas yeridir, ərəb dilində Quran oxunur. Başa düşməyən camaat göz yaşı tökür.
Cavab: Bəli, elə başa düşməmək üçün. İndiyə qədər qəsdlə tərcümə eləmirlər ki, görün, fəlakətə bax! İnsan xəstələnir, ona dua yazırlar. Onu içir və birdən-birə xoşbəxt olur. Ağzı əyrilərə əlinlə belə eləyirsən, ağzı dəyişir və sənə Peyğəmbər deyirlər. Necə asan şeymiş. Bəli, Quranın effekti 99 faiz əcnəbi dilidir. Yaxşı daxili qafiyələri var, şeir var və Məhəmmədin böyük harayı var. Qalan hamısı orda cəfəngiyyatdır.
Sual (oxuyur): Sizə necə Evlad olmaq olar?
Cavab: Dedim, bir də deyirəm, elə bax bu günləri Əsilə müraciət eləyin. Bax, bu mənim evladımdır. O sizə hər şeyi deyər. Gəlin, Ataya Evlad olun. Lakin bilin ki, bu nə deyən şeydir. Bizim qəbrimiz də bir yerdə olacaq. Ataya bunu demək lazım olacaq. Biz bu dünyadan ayrı bir dünyadayıq. Bu, mitinqə gedib qışqırmaq deyil, ağır işdir. Özü də zahirən camaata elə gəlir ki, heç nə eləmirik. Heç bir qərar qəbul eləmirik. Çox güclü etiqad olmalıdır. Köhnə kişilər kimi. Lakin hamınızı mən Evlad qəbul eləməyə hazıram. Hamınızı.
Sual (oxuyur): Ata təqvimi Hicri və Miladi təqvimlərdən nə ilə fərqlənir?
Cavab: Ata təqvimi, birinci, onunla fərqlənir ki, bizim cəmi 13 ilimiz var. Ocaq indiki təqvimlə 1979-cu ildə əmələ gəldi. Ona görə biz 13 il əvvəl başladıq öz tariximizi, öz təqvimimizi. İkinci, bizdə hamısı mənayla bağlıdır. Yağış Ayı, Ata Ayı, ondan sonra Xəzan Ayı, Günəş Ayı. Təbiətdəki o Türk Tanrıçılığı ideyasına əsaslanır. Gələn dəfə bunu mən sizə gətirərəm və deyərəm, bizim aylarımız hansılardır?
Günəş Ayı, yəni Mart ayı, Çiçək Ayı, yəni Aprel ayı, İşıq və s. Şölə Ayı, Od Ayı, Qürub Ayı, Ata Ayı, Xəzan Ayı, Yağış Ayı, Sərt Ayı, Qar Ayı, Köçəri Ayı.
İndi günlərimiz: Birinci, Arzu günü, yəni hər gün, hər həftənin əvvəlində Arzu başlayır. Arzulamağı ömrü boyu sevmişəm. Arzu gerçəkliyi ötməkdir həmişə. Sonra Ümid günü, Arzudan ümid doğur. Sonra Dözüm günü. Dözüm olmasa, Ümid həyata keçməz. Sonra Mərhəm günü. Mərhəm olmasa, Dözüm çox amansız olar. Gərək bir adamın dostu da olsun, Mərhəmi olsun. Qismət günü. O pis mənada qismət yox, Aqibət kimi. Murad günü və İnam günü. Bunlar hamısı vəhy məqamında Atanın ağlına gəldi və o saat mən bunu diktə elədim Evladıma, Sadiqə. Amma bunlar elə-belə göydən düşməyib. Hərçənd bir anda yazılıb. Amma onlar hər halda biliyə əsaslanır. Bilik də ki, azdır. Ancaq biliksiz də vəhy heç nədir. Gərək əvvəl bilik olsun. Onun üstündə vəhy.
Vaxtımız azalır, hə?
Sual (oxuyur): Müqəddəs Asif Ata, biz Mütəllibovşinaya son qoymalıyıq. Əgər son qoymasaq, o, Azərbaycanı Fələstinə sürüyəcək. Biz isə iki düşmənlə vuruşmalıyıq. Birinci daxili düşmənləri məhv etdikdən sonra ikinci düşməni məhv etmək asandır. Hələ bilmək olmaz ki, Mütəllibov İranda və s… (Sualı axıra qədər oxumur- S.A.).
Cavab: Çox yaxşı sualdır, qısa şəkildə. Razıyam. Bircə onu əlavə eləmək istəyirəm ki, ümumən demokratiya, SSRİ demokratiyası bizim bu dövrdə ən böyük fəlakətimizdir. Demokratiya Şərqdə alınmır, alınmayacaq. Heç Qərbdə də alınmır. Demokratiya əslində könüllü bir köləlik yaradır. İndi görəcəksiniz. Demokratiya çayını adlamasaq, sahilə çıxmayacağıq. Mütəllibovşina da onun bir əlaməti. Balaca bir əlaməti. Hər şeyə gedir o adam, vəssalam. Hamının gözünün qabağında avamlarla bir yerdə oturub. Quranı öpür. O, Quranı öpmür, hakimiyyəti öpür.
Sual (oxuyur): Atam, alovum, Müqəddəsim. İkinci dəfə sizə müraciət edirəm. Mən artıq zalda dəli olmaq səviyyəsindəyəm. Xahiş edirəm, tez cavab verin. Böyük iş görürəm. Həyatımı əqidəyə verməyə siz deyən səviyyədə hazıram. Lakin Məcnundan artıq Məcnunluğum var. Qadınam. O da mənim əqidəmə mane ola bilər. Məni dünyaya bağlaya bilər.
(Ata: Yaxşı sualdır. Oxumaqda davam edir – S.A.)
Məcnundan artıqdır alovum, çünki Mütləqçiyəm. Mütləqçilik buna imkan verir. Mənə məsləhət verin, Alovum mənə deyir ki, birləşdirə bilərsən.
Cavab: Əgər sənin sevdiyin Ocaqçı olsa hə. Əgər sənin sevdiyin Ocaqçı olmasa, sən ikisindən birini sevməlisən. Ocaqçının bir Leylisi var – Ocaq. Və Ocaqçının sevdiyi Leylinin də bir Leylisi var – Ocaq. İkinizin də bir Leyliniz var – Ocaq. Aydındırmı? Məncə, aydındır. Hamımız Məcnunuq, bizi sevənlər də Ocağımızın Məcnunu olmalıdır. Əqidə belə şeydir. İkisi də eyni səviyyədə olmaz. Həm səni sevirəm, səni sevdiyim qədər də əqidəmi sevirəm. Cəfəngiyyatdır bu. Mən əqidəmi sevdiyim üçün səni sevirəm. Çünki sən mənə əqidəm qədər doğmasan. Bu başqa məsələ. Və sən mənim əqidəmi sevdiyin üçün də biz xoşbəxt olacıq. Elə ki, soyuduq əqidəmizdən, ikimiz də bədbaxtıq. Çünki əqidə bizim hamımızdan artıqdır. Gəlin, açıq danışaq, bu elə söhbətdir ki, burda… bəlkə siz mənimlə razılaşmayacaqsınız, hər halda qulaq asın. Mən cavanlıqda elə hesab eləyirdim ki…
Əsil Atalı: İcazə istəyirlər.
( Yerdən səs: Müqəddəs Ata, biz Sumqayıtda oluruq, bizə icazə verin).
Ata: Gedin. Məmnuniyyətlə. Sağlıqla qalın. Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! Kim ki, Sumqayıtda olur, o gedə bilər.
Əsil Atalı: Ümumiyyətlə, kim getmək istəyirsə…
Ata: İnsanın insanlaşma, başqalaşma ehtirası var. Bu, İnsanın ən gözəl cəhətlərindən birisidir. Başqasında özünü tapma, özündən aşmaq, özünü böyütmək, özünü genişləndirmək başqasında. Lakin çox təəssüf ki, bu başqalaşma ilə yanaşı insanın içində ağalıq, nökərlik də var. Kişinin ağalığı, qadının xanımlığı var. Böyük eşqdə, yerə-göyə sığmayan eşqdə, min illərin birində yaranan eşqdə bu ikincisi güclü olmur. Yalnız və yalnız başqasında özünü tapmaq olur. Lakin ali sevgidə bu olur: 5 gün, 10 gün, 100 gün nə bilim neçə ay, ildən sonra birdən xanım baş qaldırır. İstəmədən, bilmədən, səndən asılı olmadan, xanım baş qaldırır. Xanım başlayır eşqi öldürməyə özünün xanımlığıyla və sonra əvvəl ağalıq baş qaldırır. Yalnız insan ağalıq, xanımlıq əsarətindən qurtara bilmir ki, bilmir və eşq məhv olur. Bu birinci.
İkinci, cinsi əlaqə məsələsi. Bəli, cinsi əlaqə olmasa, ailənin mənası yoxdur. Lakin siz elə bilməyin ki, cinsi əlaqə, doğrudan da, eşqin zirvəsidir. Mən bundan da açıq danışmaq istəmirəm. Çünki aramızda pərdə olmalıdır. Atayla Evlad arasında. Çox incə olmalısan, çox zərif olmalısan ki, sənin eşqinin cinsi xüsusiyyəti, cinsi keyfiyyəti ülviyyəti öldürməsin. Öldürür. Leyliylə Məcnunun toyu olammazdı. Lakin elə başa düşməyin ki, mən ailənin əleyhinəyəm. Mən ailənin nəinki əleyhinə deyiləm, bayraqdarıyam. Lakin Ailə ağır yükdür. Tək eşq deyil, eşq hardasa qurtarır ailədə. Adiləşməyə başlayır. Hər gün görürsən o sifəti. Bir dəfə gördüyün o gecələr. Təəssüf ki, gecələr yerə düşür. Gündüzləşir gecələr. Bax, burda ağıl lazımdır, burda idrak lazımdır. Burda o günün gözəlliyi lazımdır. Bax, bunu mən istəyirəm sizə deyəm. Yəqin ki, siz məni düzgün başa düşdünüz. Eşqdən başlayır hər şey, böyüklük. Beş adamda, on adamda eşq həmişəlik qalır. O birilərində azalır və bəzilərində dəhşət olur. Sonra başlayırlar bir-birini döyməyə, o dünənkilər. Qəribə şeydir. Ölürdülər ey bir-birindən ötəri. Xanımlıq ilan kimi baş qaldırır. Ağayla xanım döyür bir-birini. Təəssüf ki, belədir. Ona görə Mütləq olmalısan hər şeydə, Ailədə də. Yalnız Mütləq səni çıxara bilər belə vəziyyətdən. Nisbilik budur.
Sual (oxuyur): Füzulinin ən çox sevdiyiniz qəzəlini deyəsiniz…
Cavab: Baş üstə. Onun bütün qəzəlləri gözəldr. Eşqdən ki, söhbət düşdü:
Eşqdən canımda pünhan bir mərəz var, ey həkim.
Xalqa pünhan dərdimi izhar etmə zinhar, ey həkim.
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə.
Qoy məni dərdimlə dərman eyləmə var, ey həkim.
Gəl basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, etmə hər bir dərdə izhar, ey həkim.
Gəl mənim təbiri bihüdəmdə sən bir səy qıl.
Kim olan bu dərdə artıqraq kiriftar, ey həkim.
(Zaldakılar alqışlayırlar – S.A.)
Sual (oxuyur): Asif Ata, bu yaxınlarda Adanadan, Türkiyədən gəlmiş Bozqurdların bir qrup nümayəndələriylə görüşünüzü eşitdik. Sizin fikirlərinizə, ideyalarınıza və ümumiyyətlə, Ocağa onların münasibəti və sizin özünüzün Türkiyədə mövcud olan indiki Bozqurdlara münasibətiniz.
Cavab: Yaxşı sualdır. Mən müasir Türkiyədə yeganə türkçülük qüdrətini Bozqurdlarda görürəm. Hərçənd bizim Bozqurdlar haqqında məlumatımız hədsiz dərəcədə azdır. Amma arifə, necə deyərlər, bir işarə də kifayətdir.
Bozqurdlar pantürkçülüyü saxlayırlar. Bozqurdların məqsədi türklüyü birləşdirməkdir. Bozqurdlar da Qərbə münasibətdə bizə yaxındır. Yeganə bizi bir-birimizdən ayıran, çox təəssüf ki, çox güclü ayıran o İslamçılıqdır. Onlar bunu başqa cür deyirlər ki, İslam bizim əlimizdə vasitədir, biz Şamançıyıq. Çox açıq söhbət oldu. Hədsiz dərəcədə açıq. Mən Ocağımızın bütün fikirlərini dedim. Müasir türk haqqında iradlarımı dedim. Mən elə bilirəm ki, Bozqurdlarla bizimki tutacaq.
Sual (oxuyur): Asif Ata, bu yaxınlarda Osmanlı imperiyasının yaranmasından bəhs edən quruluş filmi… (Sualı axıra qədər oxumur – S.A.).
Cavab: Yaxşı cəhətləri çoxdur. Nə xoşuma gəldi? Necə zərifdir türk, necə uşaq qədər safdır türk. Osmancıq necə də effektdən uzaqdır. Yeganə xoşuma… və ağsaqqallıq necə böyük şeydir. Xoşuma gəlməyən İslamçılıq oldu. Başdan-ayağa azan, azan, azan. O da yəqin ki, vəziyyətlə bağlıdır. Ləzzət aldım. Mənim üçün böyük həzz oldu. Çoxdandır mən belə həzz almamışdım. Türk haqqında fikrimə çox uyğun oldu o film. Ölüm məsələsi, bir-bir hamısının getməsi, Dədə Qorqud ideyası, gəlimli-gedimli dünya. O Türkiyə estradasının iyrəncliyindən sonra bu mənə çox doğma göründü. Türkiyə estradasında Türk yoxdur. Türkiyə estradasından sonra mən həmişə ürəyimdə deyirəm, yaşasın Fransa.
Sual (oxuyur): Müqəddəs Ata, sizin dediyiniz o Ocağın bar verəcəyinə varlığım kimi inanıram. Ocağınızdan ürəyimdə bir köz, alov olaraq Ata adınıza, Ata mənasına, Ata Mütləqçiliyinə səcdə edirəm. Ocağımız sönməsin.
Cavab: Mən də sizin doğmalığınıza bel bağlayıram. Azərbaycanımız dünyaya işıq saçmalıdır. Dünya qaranlığa qərq olub. Onun xilası bizdədir. Bax, bu sevilməyən, balaca sayılan Azərbaycanda. Xoşbəxt olun, çox sağ olun.
Sual (oxuyur): Asif Ata, bu gedişlə bu ölü Azərbaycan nə zaman cana gələcək, nə vaxt Ruhani İntibah ürəklərdə, beyinlərdə qələbə çalacaq? Qəribə də olsa get-gedə alilikdən ibtidailiyə getdiyimiz açıq görünməkdədir.
Cavab: Əgər bugünkü gündə biz burda oturub böyük söhbətlər eləyiriksə, Azərbaycandan küsmək haqqınız yoxdur. Azərbaycan, – zahiri azərbaycanlılar, orta azərbaycanlılar, daxili azərbaycanlılar. Zahirən Azərbaycan dissident… o bir qatdır. Bilirsizmi, xalqın da qatları var. Mənəvi qatları da görmək gərək. Azərbaycan xalqına inanmamaq Ataya inanmamaqdır. Axı mən köklü azərbaycanlıyam, mənim qanımda pozuq yoxdur. Əgər bir adam varsa, onda 1000 adam olar. Sizin sualınıza belə cavab. Amma sizin o narahatlığınızı mən anlayıram.
Sual (oxuyur): Ruhani Allahsızlığı nə ilə izah edirsiniz?
Cavab: Allahsızlıq, öz-özlüyündə Mütləqsizlik olanda o, ateizm olur. Ateist üçün heç bir mütləq şey yoxdur, hər şey nisbidir, dialektikdir. Allah da əslində elə o nisbilikdir. Çünki Allah hökmdardır, Allah qorxudandır. Allahda hardadır o Mütləqilik. Ona görə nə Allah olmalıdır, nə Allahsızlıq. Mütləqilik olmalıdır. Mütləqə inanmaq lazımdır. Dünya Mənadan yaranıb. Dünya özündən böyük Mənadan yaranıb. Yoxsa dünya bu mənasızlıqda ölərdi. Siz deyirsiz ki, həyat pisdir, mən də deyirəm həyat pisdir. Həyat pisdir, amma Mənası yox. Deməli, həyat pis olmayacaq. Mütləq gec-tez yaxşı olacaq. Çünki o yaxşı Mənadan əmələ gəlib. Ona görə əsil İnam nə Ateizmdir, nə Marksist eybəcərliyidir, nə də bu Allah xurafatıdır. Dünyanın Mənası olubdur, Məna özü o dünyanı yaradıb. Lakin dünyada nə varsa, Mənadan aşağıdır. Hər şey nisbidir. Təzahür Mənadan aşağıdır. Xüsusi bu haqda bizim görüşümüz olacaq. Orda bunu təhlil eləyəcik. Bilirsizmi, həmişə ifrat meyillər olur. Ya gərək ateist olasan, ya da gərək Allaha inanasan. Belə deyil axı! Ateizm özü də pisdir, din də pisdir. Din insanı özünə inamdan təcrid eləyir. Dinlərin hamısında insana inamsızlıq var, mücərrəd Allaha inam. Allah özü bilir. Mən özümə inanmalıyam. Allahdan nə istəyirsən, özündən istə. Elə Allahı istəyə-istəyə bu günə qalmışıq. Əgər insana inam yoxdursa, orda inamsızlıq var. Bütün dinlər hamısı inamsızlıqdır. Allah özü verəcək, Allah – kərimdir. Mən özüm eləyəcəm özümü. Mən fəxr eləyirəm ki, mən Nəsiminin Yurddaşıyam. İnsan Allahdır sözü böyük sözdür. Dünya fəlsəfəsi ondan çox aşağıdır. İnanın mənə. Mən dünya fəlsəfəsindən dərs demişəm 20 il.
Sual (oxuyur): İnsanı Allah yaradıb, yoxsa insan meymundan… (sualı axıra çatdırmır – S.A.)
Cavab: Görürsünüzmü, bir tərəfdən də Darvinizm – İnsan meymundan yaranıb, insanla heyvan arasında fərq yoxdur. Cəfəngiyyat. Bütün insan dünyanın nəticəsidir. İnsanda ceyran da var, insanda şeytan da var, insanda daş da var. İnsan ancaq Mənaya bənzəyir. Ən çox göyə bənzəyir. Biz ən çox cansız təbiətə bənzəyirik, çaya bənzəyirik. Duyğularımızı yaxşı təhlil eləsək. Ona görə Darvinizm cəfəngiyyatdır. Allahdan yaranmaq, o da yenə cəfəngiyyatdır. Çünki yaradılan nə varsa, məhv olmalıdır. Yaranan da elə bir şey yoxdur ki, məhv olmasın. Yalnız özündən yaranan məhv olmur. Ona görə dünya məhv olmur, çünki özündən yaranıb. Bu haqda xüsusi söhbətimiz olacaq. İnsanla heyvan arasında yerlə göy qədər fərq var. İnsan ən çox, təkrar eləyirəm, göyə oxşayır. Cansız təbiət başdan-ayağa insandır. Şairlər qoy yazsınlar. Qoy şair yazsın ki, doğrudan da çay nəğmə oxuyur. Şairin böyük vəhyi olsun. Ata hər şeyi eləyər. Bunlar sizin işinizdir. Göyü mənə elə yarat ki, göydə insanı mən görüm. Çünki bu dünyanın mənası insandadır. İnsan bu dünyanın cüzi bir hissəsidir. Amma bütün Məna onun çiynindədir. Ədəbiyyat bunu verməyib. Heç kəs, heç kəs! Nə Avropa, nə də Şərq. Elə belə, ey gözəl təbiət… Sən mənə elə-belə təbiət demə. Sən mənə ağacı elə təsvir et ki, mən orda insan görüm. Eləmək olar onu. Mən görürəm. Qürub çağı, doğrudan, təbiət ağlayır. Yağış doğrudan göz yaşıdır. Bunun əvəzinə mənə deyirlər ki, əşi, nə göz yaşı. Bunlar hamısı nə bilim nələrin, hüceyrələrin birləşməsidir. Bunlar cəfəngiyyat. Hüceyrələr onun zahiri tərəfidir. Mən elə bilirəm ki, ədəbiyyat buna xidmət eləməlidir. Mənanı açmalıdır. Hadisəni açmağa nə var ki. Sən mənə demə ki, çay belə axdı. Sən mənə deynən ki, çay mahnısında nə eşidirdin. Kəşf elə. Mən tənqidçiyəm. Son vaxt əlimə əsər gəlir. Çox az vaxtda mən sevinirəm. Yazmağa bir şey yoxdur tənqidçi üçün. Çünki hadisəni mənə verir. Amma ulduzda özünü görmək… Mən indi ad çəkmirəm, bir nəfər mənim evladlarımdan biri o kəşf yazdı. Ulduzda mən özümü görürəm. Ulduzdan mən yazı yazıram. İnsan göyə oxşayır ən çox. Hərçənd yerdə yaşayır.
Sual (oxuyur): Ölümdən sonra həyat varmı? Ölümdən sonra fərdiyyatın davamı varmı?
Cavab: Ölümdən sonra həyat nə mənada. Nə varsa, burda qalır. İnsan özüylə yoxluğunu aparır. Varlıq burda qalır. Ağlın da, düşüncən də, sifətin də kiməsə verilir. İntəhası, ayrı-ayrı verilir. Bir zaman hamısı səndəydi. Sifət, əl, göz. İndi paralanır, parçalanır, kiməsə verilir. Birinə göz verilir, birinə əl verilir. Sonra nəyimiz var hamısı xalqda qalır. Qeyrətimiz də, fəlakətimiz də. Heç nə itmir, heç nə. Bədən də itmir. Əslində ölüm yoxdur.
Sual (oxuyur): Qiyamət günü sorğu-sualdan qorxmursan?
Cavab: Qiyamət gününün sorğu-sualından qorxmuram. Çünki mən Qiyamət gününü bu yerdə görmüşəm (gülür).
Sual (oxuyur): Müqəddəs Ata (fasilə verir 5 saniyə… Sualı astadan oxuyur – S.A.).
Çox yaxşı sualdır. (Sualı davam edir. Bu, Atadan Güntay adı almış Ərdəbilli bir oğlanın sualıdır. İndi Ocaqda deyil. Avropada yaşayır – S.A.)
Müqəddəs Ata, mən Cənubi Azərbaycanlı, sizin çıxışınızda iştirak edirəm bir Evlad kimi. Cənubi Azərbaycanda fəlsəfi duyğusuzluq başlayıb, Ocaq Amalını mənimsəməklə imkan əldə edə bilər və bütün Müstəqil Azərbaycan ola bilər. Çünki müstəqillik bu İnamla qurulub, bu şanlı tariximiz bütöv Azərbaycan coğrafiyasına sığışa bilər.
Cavab: Səninlə tamam razıyam. Bil və agah ol ki, bütün bu böyük hərəkatlar və çox kiçik, sayca kiçik, lakin möhtəşəm şəxsiyyətlər tərəfindən yaradılıb. Ad çəkmək fikrində deyiləm, peyğəmbərlərin heç birinin birdən-birə mitinqi olmayıb. Peyğəmbərlər həmişə 10-10, 15-15, evladlarla bir yerdə olublar. Küçə-küçə gəziblər. Ona görə mən də səninlə razıyam. Cənubi Azərbaycanla birləşəcik. Vaxtı var. Çox işləməliyik.
Sual (oxuyur): Asif bəy, bu günlərdə yeni bir qəzetin buraxılışına başlayacıq. Bu, qeyri-rəsmi qəzetin adı Xürrəmdir. Bu qəzet Xürrəmilər hərəkatı, Xürrəmilər dünyasının orqanıdır. Xürrəmilər haqda fikrinizi bilmək bizim üçün çox maraqlıdır.
Cavab: Mən belə hesab eləyirəm ki, Xürrəmilərin özlərinin dini olubdur, Məzdəkilərdən fərqli. Yoxsa onlara Məzdəkilər deyərdilər.
O dinin mənasını təxminən belə hesab eləyirəm – Fərəh. Xürrəm’in iki mənası var: bilirsinizmi, həm nəşə, həm fərəh. Babəki sevməyənlər bizim böyüyümüzü, bizim fəxrimizi nəşəsevər adlandırırdılar, həyasız adlandırırdılar, zındıq adlandırırdılar, lotu adlandırırdılar. Guya ki, ildə bir dəfə nələr eləyirlər və s. işığı keçirirdilər və s. Bu, cəfəngiyyatdır. Mənim zənnimcə, mənim öz fəhmimə görə, Xürrəmilərin əsərləri mütləq olub və onları yandırıblar. Çünki Babəkdən qorxan Xəlifət o kitabları saxlayammazdı axı. Bunun mənası budur ki, insan fərəh üçün doğulub. Döyüşdə də fərəh var, məğlubda da fərəh var, kədərin özündə də var. Döyüşəndə də fərəhlə döyüş, öləndə də fərəhlə öl. Bu olmasaydı, 23 il Xəlifəti sarsıdammazdılar. Mən sizə uğurlar arzulayıram, sizin qəzetinizə. Əgər sizdə belə bir həvəs olsa, özüm də orda iştirak eləyərəm, Xürrəmidin haqqında öz fikrimi də hərtərəfli deyərəm. Uğurlar arzulayıram sizə.
Əsil Atalı: Müraciət eləyiblər.
Ata: Çox yaxşı, mən hazır. İndi İslamçılar belə bir şaiyə düzəldirlər ki, əşi, Babək özü İslamçıydı. Utanmırlar. Heç olmazsa, Səid Nəfisinin əsərini oxuyun. “İslamçıydı, intəhası vətənpərvər idi”. Kimi aldadırsız? İslama qarşı, müsəlmanları qıran, dinsiz, zındıq, lotu, bir milyona qədər guya müsəlman öldürən, imansız, Səid Nəfisini oxuyun da. Kimi aldadırlar bu İslamçılar. Nə günə düşüblər? Niyə belə azğınlaşıblar bunlar?
Cavab: Çünki hökumət onlardan özlərinə seçki qabağı ordu düzəldir. Vəssalam. Bilə-bilə ki, bu ləyaqətsizlikdir, buna da gedirlər.
Sual (oxuyur): Ali ehtiram, Mütləqim! Görünür aramızda molla var və mənə elə gəlir ki, onun daxilində ikilik peyda olub. Biri Mütləqə İnam, o birisi isə axirət sorğu-sualı. Mütləqə inam axirət qorxusu üstə… (sualı davam eləmir – S.A.)
Cavab: Əgər o molla bizim fəlsəfəmizi dərk eləyib sevinirsə, mən sevinərəm. Mən sevinərəm, çünki o, Azərbaycanlıdır. Lakin zorla yox. Onlar zorla eləmək istəyirlər, Atanı hədə-qorxuya çəkirlər. Gülüncdür Ataya hədə-qorxu gəlmək. Ata Atadır. Onun üçün qorxu yoxdur. Anadangəlmə məndə qorxu yoxdur. Mən də sizi hədələmirəm. Mən sizin səviyyənizə enmirəm.
Sual (oxuyur): Asif Ata, “İnsan Allahdır” ideyası türk təfəkküründə Sufilərdən, Hürufilərdən qabaq haçan təsvir olunub?
Cavab: Türk təfəkküründən əvvəl bir ideya kimi, bir fikir kimi, konsepsiya kimi yox, Mənsur Həllacda. Mənsur Həllac fars idi. İndi bütün farsları da inkar eləməyək. O deyirdi ki, mən Onu o qədər sevdim ki, O oldum. Allahı, demək, Sufi Allahını, o barədə söhbətimiz oldu. Sufi Allahı Məhəmmədin Allahı deyil. O bir fikir deyib və ondan sonra onu, bilirsiz də, dara çəkiblər. Çox böyük adam idi, mən ona baş əyirəm. Təəssüf ki, onun əsərləri gəlib çıxmayıb da SSRİ-yə. Mən doğrudan burdan tapdığımdan və öz fəhmim əsasında yaratmışam onun haqqında təsəvvürümü. Lakin “Cavidannamə” əsərində, artıq, Leninqradda var o, bilmirəm onu niyə tərcümə eləmirlər? Artıq burda böyük bir fəlsəfi konsepsiya, hətta mən deyərdim təlim səviyyəsində. Bir də ki, Nəsimi kimi şair var. Yerə-göyə sığmayan Nəsimi, yəqin ki, Mənsur Həllacdan qat-qat böyükdür, şair kimi. Ona görə biz deyə bilərik ki, türkündür bu ideya və Azərbaycanındır, Şamaxınındır, Şirvanındır və Bakınındır, Təbrizindir. Nəimi özü Təbrizliydi. Sonra Bakıya gəlmişdi, burda iqamətgahı vardı. Nəsimi də Şirvanlıdır. Sonra Hələbdə onu dabanından soydular. Dünya tarixində mən Hürufilərə bərabər şəxsiyyət də görməmişəm, təlim də. Vurğunam onlara, aşiqiyəm onların. Amma onları təkrar eləmirəm. Onları qanıma keçirirəm və itirirəm. Öz daxilimdə.
Sual (oxuyur): Xalq Cəbhəsi haqqında nə deyə… (sualı axıra çatdırmır – S.A.)
Cavab: Xalq Cəbhəsi indi mən deyən oldu, çox təəssüf. İndi qoltuqlaşır. Bu gün, sabah lap qardaşlacaqlar, öpüşəcəklər. Hakimiyyət həvəsindən böyük, deyəsən, onların həvəsi yoxdur. Azdan-çoxdan vətən eşqi də var. Lap belə mikroskopik. Ən çox da hakimiyyət eşqi. Hakimiyyət eşqi ondan çox üstündür. Döyüş də ondan ötəridir. Məni də sal hökumətə, yoxsa çıxammazsan, özü də hədə-qorxu, lap bolşevizm kimi. Çıxmaq da olmur. Zorla gələn bizə heç nə vermir, zorla gəldi hamısı. Zorla gəldi Xəlifə, zorla gəldi faşizm, zorla gəldi rus kommunizmi. Bunlar bizə düşmür.
Düzdür, səviyyə bir az aşağı düşür. Eybi yoxdur.
Sual (oxuyur): Azərbaycan Xalq Cəbhəsinin xalqımızın aparıcı qüvvəsi olduğuna inanırsınızmı? Onun liderlərinə münasibətiniz.
Cavab: Xalqın aparıcı qüvvəsi, o biri qüvvə, belə şeylər hamısı Marksist kateqoriyalarıdır. Mən belə şeylərə inanmıram. Aparıcı kimdir görəsən? O biri kimdir? Mən bircə onu deyə bilərəm ki, camaat o dərəcədə əsəbidir, o dərəcədə narazıdır ki, heç kəsi təhqir eləmək istəmirəm ha, mitinqin başında bir xoruz qoysan, xoruz banlasa hamı gələcək. Heç bir böyüklük görmürəm mən Xalq Cəbhəsində. İnstinkt. Xalqın özü dəhşətli vəziyyətdədir. Gərək məndən inciməyəsiniz. Çünki siz mənim fikrimi bilmək istəyirsiz. Özünüzün yəqin ki, tamam başqa fikriniz var. Qalın öz fikrinizdə.
Sual (oxuyur): Azərbaycan Xalq Cəbhəsinin, onun dünənki və bugünkü mövqeyi necə?..
Cavab: Azərbaycan Xalq Cəbhəsi demokratiya dalğasında yaranıb, yenidənqurma dalğasında yaranıb, kapitalistləşmə dalğasında yaranıb. Bunların da heç birini mən qəbul eləmirəm. Buna baxmayaraq, qoy öz işini görsün. Sual verməsəydiz, heç o haqda mən danışmazdım. O vaxta qədər ki, pislik eləməyəcəklər xalqa. Ata onları tənqid eləməyəcək. Hələ ki, pislik eləmirlər, elə bir yaxşılıqları olmasa da.
Sual (oxuyur): Müqəddəs Asif Ata, son günlər Xalq Cəbhəsinin fəaliyyəti haqda nə deyə bilərsiniz? Sizə elə gəlmirmi ki, yeni bolşevizm… Vəli Səmədli. (Sualı axıra qədər oxumur – S.A.)
Cavab: Bu suala mən cavab verirəm. Mən yenə deyirəm, camaatı mitinqə gətirməkdə heç bir dahilik yoxdur. Camaat dəhşətli dərəcədə, instinktiv dərəcədə üsyankardır. Xoruz olmaq bəsdir. Xoruz olmaq amma siyasət üçün bəs deyil axı. Xoruz olmaq camaatı çağırmaq üçün bəsdir. Amma dünya siyasətindən baş çıxarmaq üçün baş lazımdır. Hələ ki, Xalq Cəbhəsinin elə bir fikri yoxdur ki, onu başqaları deməsin. Hələ ki, Pribaltikalıların dediklərindən artıq bir şey demirlər. Və mən qəti əminəm ki, lap az qalıb ki, hökumətlə Xalq Cəbhəsi birləşsinlər. Lap az qalıb. Çünki başqa şey də alınmır. Mən isə heç kəsi mitinqə çağırmayacam. Mən belə-belə, bax bu cür, on-on, yüz-yüz öz əqidəmizi yayandan sonra xalqı ayağa qaldıracam. Əgər mən sağ qalsam, o vaxta qədər, qalmasam da onu mən bir vəsiyyət kimi evladlarıma qoyacam.
Sual (oxuyur) Yenə Vəli bəyin sualı: Asif Ata, Nemət Pənahlının təzədən meydana qayıtmasına sizin qənaətiniz. O, xalqı inandırıb öz arxasınca apara bilərmi?
Cavab: Nemətin yeganə müsbət cəhəti odur ki, deyəsən o, hökumətlə qoltuqlaşmır. Bu cəhəti çox yaxşıdır. Bütün qalan cəhətləri ilə Xalq Cəbhəsindən heç bir fərqi yoxdur. Bircə bundadır onun fərqi. Onlar birləşirlər, bu birləşmir. Bu müsbətdir. Əgər siz onu görsəniz deyin ki, Ata bunu yaxşı qiymətləndirir. O bir dəfə mənə zəng eləmişdi, sonra görüşəmmədik. Onun üçün mən deyirəm. Bunu saxlasın.
Sual (oxuyur): Azərbaycanda Prezident Şurasına və Xalq Cəbhəsinə münasibətiniz…
Cavab: Yaxşı sualdır. Mütəllibov və Qarayevin simasında. Prezident Şurası – əməlli-başlı təzə demokratik diktatura yaranır və bu demokratik diktaturanın müəllifi də Yeltsindir. Guya Sovetlər var, guya Ali Sovet var. Ali Sovetlə birtəhər oynamaq. Lakin əsas işi yenə də prezidentə vermək, yəni ki, icra hakimiyyətinin qüvvətləndirilməsi. Hələ bu ilk addım. Deməli, əsas o ideya ki, bütün hakimiyyət sovetlərə, onunla demokratiya başlamışdı, o, ləğv olunub. Bu da həmin şeydir. Prezident olandan sonra, onun belə bir yekə şurası olandan sonra burda qanun, burda söhbət olacaq, orda iş olacaq. Burda getmələr, gəlmələr olacaq, orda hakimiyyət olacaq. Yavaş-yavaş, yavaş-yavaş elə təxminən əvvəlki Sovetin gününə düşəcək. Mən bunu görürəm. Nə qədər sovet olar. Üstəlik hələ Milli Məclis yenə də prezidentaltı. Dəhşətli prezidentaltılıq yaranıb. Prezidentaltı prefektlər. İndi daha icra komitələr ləğv olunur. Daha bunun nəyi demokratiya oldu ki?! Bu təzə demokratiyadır. Demokartik diktatura. Bir zaman yaşasın Stalin deyilib, indi deyəcəklər ki, yaşasın prezident və yavaş-yavaş deyəcəklər prezident ikinci dəfə seçiləcək, üçüncü dəfə seçiləcək və Ərəbistandakı vəziyyət. Guya ki, Sovet var, guya ki, deputat var, guya ki, nümayəndə var. Amma bütün hakimiyyət bir nəfərin əlində. Mütəllibov hakimiyyət üçün hər şeyə gedir, hər şeyə, bir günün içində… Bir günün içində Leninin başını kəsdilər onlar özləri. Lenin haqqında pis danışmaqdan ötəri adamın başını kəsdilər onlar özləri. Mən bunu deyə bilərəm. Haqqım var. İndi bunlar başını kəsirlər. Bir günün içində elan, dalbadal. Ondan sonra məscidə getdilər mollalarla, ondan sonra Quranı öpmək, ondan sonra aministiya. Hakimiyyətdən ötəri bu nə qədər fırlanmaqdır. Belə rəqs siyasəti çox azdır. Rəqsdir bu. Belə rəqs, belə fırlanma heç bir dəyirman maşını belə fırlanmır.
Sual (oxuyur): Tamerlan haqqında… (Tamerlan Qarayev nəzərdə tutulub – S.A.).
Cavab: Vallah, mən yaxşı tanımıram. Mənə elə gəlir ki, onun ciddiliyində bir az poza var. Bircə onu deyə bilərəm, o süni bir ciddilikdir, o aktyor ciddiliyidir. Bilmirəm o lazımdırmı, həmişə gərək qaşını-qabağını çevirəsən. Mənim zənnimcə, öz-özünə gəlməlidir. Onun o ciddiliyində qeyri-ciddilik hiss eləyirəm. Bircə bunu deyə bilərəm. Çünki xüsusi maraqlanmamışam. Yenə məndən inciməyin. Çünki sizə mənim həqiqətim lazımdır.
Sual (oxuyur): Keçmiş kommunistlərin Azərbaycan inqilabını qəbul etmələrini necə… (sualı axıra çatdırmır – S.A.)
Cavab: Keçmiş kommunistlərin əlacı nə idi? Kommunist Müsavat partiyasının bayrağını aldı, mən dedim ki, bu kommunistin axırı nə olacaq?! İndi kommunistlər hamısı antikommunist olurlar. İndi bu saat o kommunistlər antikommunistdirlər, ateistlər dindardırlar. Süni bir oyundur. Kommunistlər içində ola bilsin ki, yaxşı adamlar var. Kommunist başçılarında bir əqidə var – hakimiyyət. Hakimiyyətdir onların anası da, atası da, bacısı da, qardaşı da hakimiyyətdir. Ölürlər hakimiyyətdən ötəri. Çünki ayrı heç nələri yoxdur. Hakimiyyətdən çıxandan sonra, görürsüz, heç olurlar. Nə bir qələmləri var, nə bir əsərləri var. Nə olacaq? İstəmirlər də. Ona görə yapışırlar. Bir də mənə elə gəlir ki, Mütəllibov sözdə Qorbaçovu tənqid eləyirsə də, Qorbaçovun əməlli-başlı ardıcılıdır siyasətdə. Onun kimi yüyürən, bic, ordan-ora keçən, burdan ora keçən… Bir nömrəli Qorbaçovçudur siyasətdə. Bir gün bu Xalq Cəbhəsini döydürdü, ikinci gün onları qılıqladı, qorxdu. Və qorxaqdır dəhşətli dərəcədə. Hiss eləyirəm onu. Çox qorxaqdır. Dəhşət! Kişi ki, qorxaq oldu, dəhşət! Kişinin qorxağından qorx!
Bizi qovalamırlar ki?
Əsil Atalı: Çatmayacıq.
Asif Ata: Vay səni! İndi qovalayacaqlar bizi?
Sual (oxuyur): Sizcə Azərbaycanın tarixi genişlənməsi olubmu?
Cavab: Bəli, Midiya dövrümüz çiçəklənmə dövrü olub. Midiya dövrümüzdə bizə atlılar deyiblər, Xüsusilər deyiblər. Və Midiya dövrümüzdə Zərdüşt olub, 2000 il bundan əvvəl.
Sual (oxuyur): Müasir Azərbaycan parlamentinə və onun rəhbərliyinə münasibətiniz.
Cavab: Mənfi. Parlamentarizm bizdə alınmır. O, bütün insanda olan xüsusiyyətləri mən televizorda görürəm: şöhrətpərəstlik, özünü qabağa vermək, – televizorda məni göstərsinlər. Gülmək məni tutur. Dəhşətdir. Parlament deyil ki, bu. Döyüşmə, bir-birinə söymə. Allah eləməsin, az qalırlar ki, bircə lap belə an qalır ki, dursunlar bir-birinin boğazından yapışıb öldürsünlər. Bütün insanda olan pis cəhətləri mən görürəm. Şöhrətpərəstlik, balacalıq, paxıllıq. Psixoloqam, mən bunu görməyə bilmərəm. İyrənirəm.
Sual (oxuyur): Hörmətli Asif Ata, 3 il bundan əvvəl, 88-ci ilin noyabr ayının 17-də Azadlıq meydanında xalqımız birləşmişdi. Dekabr ayının 4-dən 5-ə keçən gecədən qanlı gecəyə qədər bu hadisələrə münasibətiniz.
Cavab: Azadlıq meydanında xalqımız… əvvəl bu, məni hədsiz dərəcədə sevindirdi. Mənim o gün çox yaxşı yadımdadır və mən o zaman dedim ki, şükür, Azərbaycanlılar indi özləri uğrunda döyüşməyə başlayıblar. 20 yanvar fəlakətini də mən izlədim və s. və i.a. Çox təəssüf ki, bütün o zəhmət, bütün o dəhşət hamısı Azərbaycanın istiqlalına yox, demokratiya və Quramaçılıq tələsinə düşməsinə gətirib çıxardı. Heç bir nəticə ordan əmələ gəlmədi. Lakin mən yenə o fikrimi təkrar eləyirəm, mən onda bilmirəm kim gəlmişdi mənim yanıma, dedim ki, Azərbaycan tarixində neçə əsrdir ki, belə şey olmamışdı. İndi azərbaycanlılar özləriylə məşğul olmağa başlayıblar. Müsbət hesab eləyirəm bu işləri nəticəsindən asılı olmayaraq. Yaxşı sual idi.
Sual (oxuyur): Respublikada vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
Cavab: Çıxış yolunu bu saat deyə bilmərəm. Çətindir. Mən bircə onu deyə bilərəm ki, bir neçə il Azərbaycanı çox çətin günlər gözləyir və son nəticədə Azərbaycan özünün əsil, müstəqil mahiyyətinə qayıtmalıdır. O haqda mən dedim, siyasi müstəqillik: SSRİ-dən ayrılmaq, heç bir sazişə qol çəkməmək. Deyəsən çəkəcəklər. Rusiya təsirindən ayrılmaq, Qərbçiliyin təsirindən ayrılmaq. Əslində yol getmək, uzun yol. Çox ağır və çətin. Lakin qələbə o zaman olacaq ki, Azərbaycan özünü bütün dünyaya qarşı qoya biləcək bir qüdrət olsun. Bunun üçün Cənubi Azərbaycan məsələsi…
Sual (oxuyur): Lenin yəhudidir. Mümkünsə fikrinizi əsaslandırın.
Cavab: Bəli, Leninin yəhudiliyi haqqında mən bir ensiklopediyada da oxumuşam. Deməli, Leninin babası Kalmıkdır, bunu mən ensiklopediyada… Ümumiyyətlə, Lenində rus qanı çox azdır. Demək, babası kalmıkdır əməlli-başlı. Elə monqolluq da Leninin sifətində bilinirdi, var idi. Onun babasının arvadı olub rus. Rusluğu bircə bunda olub. Babasının arvadı, nənəsi olub rus. Atası yarı rus, yarı kalmık olan Şved yevreyindəndir. Leninin anası Şved yevreyidir. Və bunun qanı kalmık, yevrey, bir az da rus, birləşib bir yerdə. Demək ki, kalmık, rus və yəhudi. Stalinin yəhudiliyi haqqında mən çox axtardım, tapa bilmədim. Məncə, o, yəhudi deyil, məncə, o, Osetindir. Osetinlər o cür olur – çox soyuq, az danışan, çox bic. Gürcü deyil, şübhəniz olmasın. Gürcü Şevardnadzedir, çox danışan. Nə qədər danışmaq olar?!
Sual (oxuyur): Hörmətli Asif Ata, Ağamalıoğlu haqqında…
Cavab: Ağamalıoğlu çox belə ziqzaq bir siyasi xarakterdir. O, əvvəl sosial-demokrat olub. Sosial-demokratdan sonra millətçi olub. Müsavat partiyasıyla əlaqə saxlayıb. Ondan sonra menşevik olub. Sonra, həm də deputat olub. Və həmin o Ağamalıoğludur ki, parlament iclasında durub çıxış eləyib ki, Türkiyə bizim üçün əsasdır. Qoy ruslar gəlsinlər Türkiyəni xilas eləsinlər, guya. Və birdən-birə belə bir adam – Müsavat hökumətinin, Milli hökumətin üzvü gəlib olub Azərbaycanın bolşevik prezidenti. Belə adamlara mənim heç bir hörmətim yoxdur. Adamın nə qədər siması, nə qədər əqidəsi olar?! Onu Kremldə basdırıblar bilirsiniz. Sonra Bakıya gətiriblər. İlk Bolşevik prezidentiydi.
Yaxşı sual olardı, hayıf ki, onu vermədiniz, Nəriman haqqında Atanın fikri. Elə burda deyim onu. Bəzilərində belə ideya var ki, Nəriman doğrudan xalqdan ötrü ölürdü. Bu səhvdir. Mən çox baxdım bununla əlaqədar, çox fikirləşmişəm, oxumuşam. Nəriman Nərimanov Bakının daşnaklar tərəfindən zəbt olunmasını, doğrudan da, ürəyinə salmışdı. Hər kəs elə olardı. Sən özün Bakının Başçısı olasan, guya, bütün idarələr hamısı erməniləşə, bütün böyük yerdə hamısı ermənilər ola, ruslar ola, özü də erməninin daşnak olduğunu bilə-bilə. Yəqin ki, burda hər kəs, çox belə murdar adamlardan başqa, hamı bunu qəlbinə sala bilərdi. Və Nərimanovun Leninə yazdıqlarını mən başa düşürəm. Stalinə yazdığını mən başa düşürəm. Doğrudan həyəcanlanırdı. Lakin kommunist kimi o, Azərbaycanı necə sevə bilərdi ki, kommunizmin məqsədi millətlərin bir-birinə “qovuşmasıdır”, yəni millətlərin itməsidir. Belə bir adamın nə millətçiliyi ola bilər?! Ona görə Nərimanov haqqında mif düzəldiblər, əsatir düzəldiblər, – guya ki, bu sonradan bədbəxt oldu. O ki, qaldı niyə sonradan öldürdülər, o başqa məsələ. O, hakimiyyət uğrunda döyüş idi. Stalinə beləsi lazım deyildi. Stalinə özünün əlaltıları lazım idi, – Şərqin Lenini. Şərqin Lenini Qərbçidir. Lenin dəfələrlə, Marks dəfələrlə deyib ki, Şərqin Qərbləşməkdən başqa xilası yoxdur. Ona görə də, belə əfsanələrə inanmayın. Bizim onsuz da böyük oğullarımız çoxdur. Yalançı böyük oğullar bizə lazım deyil.
Sual (oxuyur): XIX əsr Azərbaycan ədəbiyyatının fəlsəfəsi, fəlsəfi mənası haqqında danışasınız…
Cavab: Azərbaycan ədəbiyyatının fəlsəfəsi Hüseyn Caviddə var yalnız. Fəlsəfi səviyyə deyək də. Hüseyn Cavid o Hüseyn Cavid idi ki, Qərbə meyil eləmədi. “Mədəniyyət, sonu vəhşət” dedi və Füzulinin məhəbbət idealını davam elətdirdi. Eşq ideyasını “Şeyx Sənan”da və Topal Teymurda Pantürkizmi. O birilər, Sabir, böyük şair idilər, doğrudan da, böyük şair idilər. Onların hamısının sosial-demokrat illüziyası vardı, təəssüf ki. Sosial-demokratizmdə heç bir fəlsəfi səviyyə yoxdur. Bir də Hadi. Bəlkə bu həftə Atanın Hadiylə bağlı bir yazısı çıxdı, “Ədəbiyyat”da. Hadi tamam başqa. Hadi təqlidçi deyildi. Amma Hadi bəşəriyyətin dairəyə düşməsini, pessimizmini göstərirdi. Ümumən XIX əsr Azərbaycan ədəbiyyatı fəlsəfi səviyyədən məhrum idi, təəssüf ki. Çox siyasətlə məşğul idilər. O da lazım idi. Çox böyük işlər gördülər, – demokratiya, İslamın pis cəhətlərinə qarşı döyüş. Amma fəlsəfi bir ideya vermədilər, çox təəssüf. Sosial-demokratiya qoymadı, bilirsizmi. Müəyyən dövrdə İslam imkan vermədi ki, Şərq fəlsəfəsi inkişaf eləsin. Hamısı başladılar indiki Marksçılar kimi şərh eləməyə. Onların özlərinin fikir səviyyəsi olmadı. Sonra da XX əsr. XX əsr sosializm ideyasıdır, hamını avara elədi, ayırdı fəlsəfədən, o cümlədən Azərbaycanı.
Yaxşı sualdır. Bunu da mənim Evladım Göylü yazıb. Mənim “sonbeşiyim”. Yox, iki “sonbeşiyim” var mənim, biri də Elana.
Sual (oxuyur): Azərbaycan şairləri – Molla Vəli Vidadi, Mirzə Şəfi Vazeh və qadın şairləri Aşıq Pəri, Xurşudbanu Natəvan xanıma münasibətiniz…
Cavab: Xurşudbanu Natəvan xanıma münasibətim əla. Az yazıb, özünəməxsus yazıb. Hər halda, Əlağa Vahiddən qat-qat daha böyük qəzəlxandır. Molla Vəli Vidadi və Molla Pənah Vaqif, bunlar Aşıq sənəti ifaçılıq baxımından çox yaxşıdır. Böyük məzmun yoxsa da, forma cəhətdən çox böyükdür. Mirzə Şəfi Vazehin fəlakəti onda oldu ki, o, özünün əsərlərini yazmırdı. Ona görə onun haqqında söz demək çox çətindir. Şeir axı sözdür. Şeir dildir. Buna görə icazə verin, bu suala mən cavab verməyim. Şeir ayrı şeydir. Şeir, söz hər şeydir. Füzulidən də dərin fikirli adamlar var, Füzulidən də dərin fikirli filosof var, amma heç kəs belə deyə bilmir axı:
Kimi ki, dustu dedim,
Düşməni qan oldu mənə.
Düşmən öz bəxtin
Kimdir bəyəm.
Burda böyük fəlsəfə guya yoxdur. Amma burda necə gözəllik var.
Şəmi-şami firqətəm, sübhi vüsalı neylərəm.
Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm.
Bunu demək lazımdır axı. Ona görə mən bilmirəm Mirzə Şəfi Vazeh nədir. Çünki onu mən Aslan Aslanovun tərcüməsində oxuyuram. Aslan Aslanovun talantı yoxdur. Gah filosofdur, gah bilmirsən nədir. Hər yerdə elə eynidir. Ortadan aşağı. Heç yerdə bir şeyi yoxdur yazığın. Götürüb onu tərcümə eləyib. Novruz Gəncəli tərcümə eləyib. Novruz Gəncəli hələ bir şair olsun, sonra tərcümə eləsin.
Aşıq Pəri, Xurşudbanu Natəvan. Aşıq Pəriyə münasibətim əladır. Aşıq Pəri qadın Ələsgərimizdir. Çox təəssüf, vaxtımız yoxdur. Onlardan mən şeir də bilirəm. Əzbər də deyə bilərəm. İntəhası, mənim zənnimcə, Asif Atanın işi deyil, burda şeir demək. O, bir az bizim səviyyəni aşağı salar. Füzuli ayrı.
Sual (oxuyur): Müqəddəs Ata, “Fikir Evi”nə gəldim, insanın dünyadan yüksək olan Mənasına inandım. Atada insanın mənasını gördüm. Bütün bunlar müqəddəsliyinizi necə tamamlayır?
Cavab: İndi əməl eləmək lazımdır. Sabahda, elə bu gündən etibarən yaxşı nə varsa… mənfi nə var at, nisbini qəbul eləmə. Bir az amansız səslənir. Öz-özünə de: Mənim bu dostum doğrudanmı dostdur mənə? Doğrudanmı məndən ötrü yaşaya bilir? Gördün yaşaya bilmir, tək qal. Bax, bununla başla. Ömrünü dəyiş, mənim bu müəllimim doğrudanmı böyük müəllimdir? Bəlkə yalandır. Nisbini at, sil ömründən. Bundan başla. Görəcəksən ki, bu nə böyük işdir. Elə iş budur. Ruhani iş. Hamımız. 99 faizimiz nisbiylə barışmışıq: “Şükür Allaha, elə bunu mənə verdi”. O da yenə bir az ondan gəlir. Bəsimdir, neyləyirəm mən Mütləqi, nə Mütləq?! Yox, Mütləqsiz insan yaşaya bilməz. İnsan heyvan deyil. Ya hər şey, ya da heç nə. Tək qalıram, nə olar ki, tək qalıram. Amma özümü aldatmıram.
Sual (oxuyur): Atam Mütləqim, dediniz ki, Ocaqçı səviyyəsində olan Leyliylə birləşmək olar. Mənim Leylim Ocaqçı səviyyəsində deyil. Lakin Mütləqə inandırmaq üçün, özümdəki alovun gücünə inandığım üçün bu işi, yəni onu bu səviyyəyə qaldıracağıma inanıram. Ruhani gücüm vasitəsiylə.
Cavab: İnanırsan, sənə bu işdə uğurlar arzulayırıq.
Sual (oxuyur): Asif Ata, Mən bu yaxınlarda sizin “İnam və şübhə” kitabınızı oxudum… (Sualı axıra çatdırmır – S.A.)
Cavab: Bilin və agah olun. Atanın əsil kitabları hələ çap olunmayıb. Bunu elə-belə demirəm. Yəqin ki, vaxt olacaq, çap olunacaq.
Tənqidçiliyimi inkar eləmirəm, tənqidçiliyimi ayağım hesab eləyirəm. Filosofluğumu başım hesab eləyirəm, Ocaqçılığımı ürəyim.
Sualın davamı: …Belə bir fikir diqqətimi cəlb etdi: İsmayıl Şıxlı Cahandar Ağa surətiylə Azərbaycan Sovet ədəbiyyatını yeni bir bədii xarakterlə zənginləşdirmişdi. Fikir ürəkdən deyilir, yoxsa senzura?
Cavab: Bəli, Azərbaycan ədəbiyyatına görə, Sovet ədəbiyyatına görə həmişə mülkədar kim olub? – Azğın, murdar, ondan sonra əyyaş. Burda heç olmasa, Cahandar ağa xalq deyirdi. Görürsüzmü, nələr eləyir. Bəli, mən Cahandar ağanı senzura xətrinə demirəm. Cahandar ağa o dövrün, doğrudan da, qeyri-adi, gör nə günə düşmüşük ki, adi bir adam bizim gözümüzdə qeyri-adiydi. O zamanın xüsusiyyətidir, Atanın xüsusiyyəti deyil. Ümumiyyətlə, mənim tənqidçiliyimi də oxuyun. Orda başdan-ayağa antimarksizm görəcəksiniz. İndi deyilənlərin hamısını orda görəcəksiniz. Bir az yaxşı oxuyun, diqqətlə. Ağırdır onları köçürmək. Silirdilər, bir də yazırdım. Silirdilər, bir də yazırdım. Senzura dəhşət idi.
Hə, sonra, gəlin, belə eləyək, sualımız çoxdur, hamısını mən deməyə hazıram. Sizdə o güc varmı? Yoxsa qalsın sonrayamı? İndi baxın, hələ ki, bir-ikisini deyək. Çünki mən istəmirəm sizə borclu qalım.
Sual (oxuyur): Dünyada sizin üçün ən əziz nədir?
Cavab: Həqiqət!
Sualın davamı: Elə bir əziz şey varsa, o nədir? Sizin sitayiş etdiyiniz şəxsiyyət.
Cavab: Bu saat sitayiş etdiyim şəxsiyyət yoxdur. İnciməyin, həqiqəti mən deyirəm. Bir zaman cavanlığımda olubdur, İsa Peyğəmbər olubdur, sonra Hegelə sitayişim olmasa da, hörmətim olubdur. Sonra ki, məndə o böhran əmələ gəldi və gördüm ki, bu dünya hələ olmayıbdır. Əslində heç bir böyüklük aşkara çıxmayıbdır hələ. Bəlkə indən sonra yarandı hamısı. Ondan sonra mənim heç kəsə sitayişim olmadı, indi də yoxdur. Lakin Nəsimi şəxsiyyətinə, onun saflığına mənim ömrümdə yer var, yəni ki, o, həmişə mənimlədir. Görürsüz, mən heç bir aktyorluq eləmirəm, deyə bilərdim ki, var.
Sual (oxuyur): Asif Ata, din nədir, fəlsəfə nədir, filosof kimdir?
Cavab: Din – yalan inam. O dünya cəfəngiyyatı, Allahı yaratmaq və qismətçilik. Fəlsəfə – Həqiqətin ağıl vasitəsiylə dərki. Filosof – dünyanın, həyatın, insanın mahiyyətini dərk eləyən. Özünü yox ha, Mahiyyəti. Mahiyyətə enən. Filosof odur. Peyğəmbər – filosofluğun vəhy səviyyəsi. Artıq sənin üçün həqiqət ömrünün mənası olur. Onu sən təbliğ eləyirsən, ondan ötrü ölümə gedirsən. Onu başqalarına verirsən, belə.
Sual (oxuyur): Asif müəllim, sizin Evladınız olmadan insan olmaq mümkün deyilmi?
Cavab: Yəqin ki. Əgər bacarırsınızsa eləyin. Lakin hər halda ən doğru yol bizim Ocaqdır, mərasimlərdir, qardaşlarınız-bacınızla ünsiyyətdir. Məncə, ən doğru yol odur. Ocaqdır! Vaxtımız azdır deyin mən qısa deməliyəm.
Sual (oxuyur): Pantürkizm, panislamizm təzad deyilmi?
Cavab: Bəli, pantürkizm, panislamizm təzaddır. Yəni panislamizm ümumi müsəlmançılıq. Amma ərəb öz milliliyini saxlayır ha. İncə şəkildə. Necə ki, rus kommunizmdə özünü saxlayırdı hər mənada. O da bir siyasətdir. Pantürkizm – millətçilik. Panislamizmdə millət yoxdur, mahiyyətcə. Hamı müsəlmandır. Pantürkizm – millətçilik. Tamam bir-birinin əksinədir.
Sual (oxuyur): Ocağımızın məqsədi indiki səviyyədə… (Sualı axıra çatdırmır – S.A.)
Cavab: Ocağın məqsədi Mütləqə İnam vasitəsiylə insanlaşdırmaq. İnsanlaşdırma vasitəsiylə Müqəddəs Azərbaycan yaratmaq. Müstəqil Azərbaycan vasitəsiylə Şərq özümlüyünə çatmaq və Ruhani Cəmiyyət yaratmaq. Müqəddəslik vasitəsiylə təzə dünya yaratmaq. Birinci dəfədir, uydurmasız və yalansız.
Sual (oxuyur): Zərdüştçülük necə yaranıb, nə vaxt?
Cavab: Zərdüştçülük indiki eradan əvvəl altıncı əsrdə. Yəni ki, Buddadan bir əsr əvvəl yaranıb, Midiyada yaranıb. Zərdüştün ömrü haqqında məlumat çox azdır. Ümumiyyətlə, peyğəmbərlər haqqında bilirsiniz ki, bilik azdır. Şairlərin tərcümeyi-halı daha yaxşı öyrənilib. Lakin o aydındır ki, hardasa Cənubi Azərbaycanın Şiz adlı bir şəhəri olubdur. İndi deyəsən o, yoxdur. Zəlzələdən sonra, deyəsən, məhv olubdur. Cənubi Azərbaycanda bununla məşğul olsunlar. Gör indi orda Şiz şəhəri varmı? Orda həyata gəlib, sonra onu Midiyadan qovalayıblar. O gəlib bizim Muğana və əsas bizim Muğanda öz fəlsəfəsini təbliğ eləyib addım-addım. Bizim bildiyimiz budur. Türk aləminin ən böyük simasıdır. Bizim fəxrimizdir. Bütün Azərbaycan ədəbiyyatına təsir eləyibdir.
“Şəmi-şamı firqətəm
Sübhü vüsalı neylərəm”.
Həmin o işıqdır. Hürmüzd işığıdır. Vaxtımız yoxdur. Sizin vaxtınız olsa, Zərdüştdən “işıq” adlı kitab yazın. Bütün Azərbaycan ədəbiyyatını təhlil eləyə biləcəksiz, bütün fars ədəbiyyatını – hamısını. “Zərdüşt İşığı” adında bir əsər yazın. Kömək eləyəcəm sizə. Mənim vaxtım yoxdur. Fikirlər o qədər çoxdur ki, hamısını mən qavrayammıram da, yığışdırammıram da. Yaşla bağlıdır yəqin. Bunu mən eləyəmməyəcəm. Amma sizin içinizdə beləsi olsa, mənim evladlarım, mən ona kömək eləyəcəm. İdeyalarımı sizə bəxş eləyərəm. Zərdüştdən gəlib çıxacaqsız Cəlaləddin Rumiyə, gəlib çıxacaqsız Ömər Xəyyama, gəlib çıxacaqsız Füzuliyə, gəlib çıxacaqsız lap Hüseyn Cavidə. Yaxşı iş olar bu. Bu, artıq ədəbiyyatşünaslıq olmaz, ədəbiyyat fəlsəfəsi olar ki, o da bizə çox lazım olar.
Gəlin, belə eləyək, çox təəssüf ki, suallar o qədər çoxdur, məni sevindirir, inanın ki, sualın hamısına cavab verəcik. Bu gün isə qurtaraq.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Yerdən Ocaqçılar: “Atamız Var olsun!”
(Gurultulu alqışlar – S.A.)
Asif Ata: Fərəhinizi Fərəhsizlərdən qoruyun, fərəhsizlərə fərəh aparın!
13 Yağış Ayı, 13-cü il. Bakı.
(noyabr, 1992)