Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Müqəddəs “Ata Günü” Mərasimində
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 25 Ata Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı Müqəddəs “Ata Günü” Mərasimini həyata keçirdi. Öncə Ata “Haraylar”ı səsləndirildi. Hamı: “Atam – Mütləqim! İçimə İşıq kimi doldun, Dünyanı tanıdım!”dedi. Mərasim qurallarını yerinə yetirdikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı: “Müqəddəs Günümüzə başlayırıq. Bu gün 36-cı ilin Ata Ayı, 36-cı olmasa da, bizim üçün 36-cıdır. Baxmayaraq ki, “Ata Günü” mərasimi birinci ildən başlamır. Elə Ocaq başlayandan bu bizim üçün 36-cı “Ata Günü” mərasimidir.
Ocağımızın 36-cı ilin Ata Ayına qədər olan son əməllərini Ata hüzuruna, yəni mərasimimizə təqdim eləyirəm:
Nurtəkinin Ocaq qarşısında əsaslı qulluğu var. Mən, açığı, düşünmürdüm ki, Nurtəkin körpə uşaqla Ocağa bu səviyyədə qulluq göstərə biləcək. Göylünün bilgisayarının sıradan çıxmasıyla bağlı ona olan tapşırıqları da Nurtəkin yerinə yetirib. Ləyaqətlə hər bir işin öhdəsindən gəlib. Bunların hər biri Ocaq tarixində, Ocaq həyatında olduqca ciddi məna daşıyan və önəm daşıyan əməllərdir, hadisələrdir. Ocağın ideya-məzmununu əks elətdirən yazıların, Ata kitablarının çap məsələsi və s. “Ata Günü”ndə mən Nurtəkinin hünərini Atanın hüzuruna təqdim edirəm. Ataya üz tutub deyirəm ki, Evladın Nurtəkinin qarşında üzü ağdır. Təqdir eləyirik onun əməlini və hünərini!
İkinci, baxmayaraq ki, bu, sonuncu deyil, Göylünün fədakarlığı, bunu da sizə deyim ki, mən hədsiz dərəcədə narahat idim. Göylü bu məsələnin, yükün altına ilk dəfə girəndə özü təklif eləmişdi, Ocaq Evi alaq, filan yerdə, filan ünvanda. O təklif eləyəndə düzü narahat idim. Çünki az xərc deyil. Baxmayaraq ki, biz bunun ilkin ödənişini həll eləmişdik. Ancaq artıq neçə aydır, Ocaq Evini ələ gətirmək üçün fədakarlıq edir: Söz yox ki, mən Göylünün bu işlə məhdudlaşmasını arzulamazdım. Ancaq həm də anlayıram. Göylünün Ocağa verəcəyi başqa keyfiyyətləri də var. Bununla belə, hələ Sovetlər vaxtı ciddi cəhdlə Atanın istədiyi, arzuladığı “Amal Evi olmalıdır, Ocaq Evi olmalıdır” ideyasını Atanın sağlığında heç kim gücünü ortaya qoyub həyata keçirə bilməmişdi. Nəhayət ki, Bakıda bir Ocaq Evi, Amal Evi əmələ gələcək. Yəni tamam müstəqil bir ünvan. Buna görə də Göylünün hünərini və fədakarlığını Atanın hüzuruna təqdim edirəm. Yenə mən eyni sözü onun haqqında da vurğu edirəm ki, Ata qarşısında üzü ağ Evladdır. Təqdir eləyirik Göylünün hünərini.
Mən Üstünün fədakarlığını və zəhmətini Atanın hüzuruna təqdim eləmək istəyirəm. Mənə fərəh gətirən fəallığa başlayıb Üstün. Mən onu arxayınlaşdıran əhval sərgiləmirəm, amma içimdə daim fərəhlənirəm. Baxın, həm Ocaq tədbirlərinin səsdən sözə çevrilməsində fəaldır, həm Ocaq tədbirlərinin Azərbaycan elektron mətbuatında yayılmasını intizamlı şəkildə həyata keçirir. İntizamlı əlaqələr saxlayır. Ayrı-ayrı insanlarla Ocaq yönündən vaxtaşırı bağlantılar qurur, Ocaq sorağı verir. Onlardan bir çoxlarını fərdi qaydada mənimlə görüşdürüb. Sonra özünün xalqlaşma səfərləri sizə bəllidir. İki ildə Azərbaycanın 20-yə qədər rayonuna səfər edib. Bu çox böyük göstəricidir, çox böyük ləyaqətdir və fədakarlıqdır. Eyni zamanda Ocağın maddi borclarının ödənməsində də şərəflə iştirak edir, fədakarcasına, əlini qısmadan. Üstünün həyatında bu inkişafı Asif Atanın qarşısında üzüağ bir Evlad olaraq təqdim eləməyə haqq verir. Təqdir eləyirik Üstünün işini.
Əlbəttə, Göylünün başladığı işin təməlini maddi cəhətcə İnamlı qoyub. Bunu siz bilirsiniz. Ocağın Evinin az qala üçdən birini ərsəyə gətirib. Onun əsasında biz Ocaq Evini ələ gətirmək üçün düşünüb başlaya bildik. Əks təqdirdə bu çətin olardı, biz onu başlaya bilməzdik. Buna görə də 36-cı il “Ata Günü”nə mən İnamlının həm belə bir ərdəmliyini, həm də Ocağa gəldiyi müddətdə bir sıra cəsarətli görüşlər təşkil eləməsini vurğu edirəm. Bu, xalqa Asif Atanı təqdim eləmək baxımından ciddi önəm daşıdı. Bu cür əməllər üst-üstə yığılıb xalqın içində sorağımızı genişləndirə bildi. Görüşlər keçirdiyimiz gənclər hamısı evlərinə Ocaq ədəbiyyatları aparıb. Kim saxladı, kim atdı dəxli yoxdur, amma bu evlərə ədəbiyyatlar getdi. Bu da Atanın Gününə bir ruhani hədiyyədir. Buna görə də İnamlının işini təqdir edirəm.
Güntayın ləyaqəti və fədakarlığı çox qısa zamanda aşkarlandı. Çox fəxr olunası mühiti yaranıb Ocağın. Çox ləyaqətli bir mühiti yaranıb. Bu mühitin yaranmasında hər bir fərdin ayrıca qatqısı var. Kimin nə qədər əməli, hünəri var, bu Atanın sözüdür, bir o qədər də fərəhi var. Güntayın Ocağın maddi təminatında son dərəcə ciddi qatqısı oldu. Göylünün “Amal Evi” işini istisna eləsək, Günevin Məbəd tikintisini istisna eləsək, Amal borclarının verilməsində, Ocağın maddi işlərini təmin edən ən çox Güntay oldu. Eləcə də o, şövqlə, cəsarətlə, sevgiylə Atanın işinin yayılmasına çalışır. Sonra bizi öz maşınıyla səfərlərə apardı, bunlar hamısı Ocağın öz içində mühitinin geniş olmasından və həm də mühitə inamın olmasından qaynaqlanır. O öz Amaldaşlarına inanır, güvənir. Hər dəfə adbaad vurğu eləyir. Bu vurğularından da özü təpərlənir, hünərlənir və qabağa durur. Mən Güntayın fədakarlığını, əməlini, əməyini Ata hüzuruna təqdim eləyirəm və təqdir eləyirəm.
Sonra, son vaxtların tədbirləri, bilirsiniz ki, nə qədər çətindir səsdən sözə çevirmə. Biz buna böyük vaxt, enerji sərf eləyirik. Doğrudan da, asan bir iş deyil. Ocaq tədbirlərinin hamısı bircə-bircə səsdən söz çevrilir. Redaktə olunur, yoxlanılır, düzəldilir. Bunlar hamısı vaxt, diqqət və enerji tələb eləyir. Əvvəllər mən bir çoxunu özüm edirdim. Bilgisayarda da özüm düzəldirdim. Amma son vaxtlar mən çatdırmadığıma görə bilgisayarda düzəlişə Ulunur kömək edir. Onun da Ocaq işlərinə bu qatqısını Atanın hüzuruna təqdim edib qəbul edirəm.
Ulusəsin Ocağa qatqısını demək istəyirəm. Təbii ki, biz Mütləqçiyik. Əlbəttə, bu cür yayğın Ocaqçılıq doğru deyil. Özünə də mən bunu demişəm. Özü də bilir. Özü bunu bilir ki, yayğın Ocaqçılıq doğru deyil. Ocağın işlərinə qatılmaq lazımdır. Əməlinə, əməyinə qatılmaq lazımdır. Söz deməklə, hansısa bir daşı daş üstə qoymaqla qatılmaq. Ancaq bununla belə, Ocaq üçün indiki tədbirlər keçirmə şəraiti Ulusəsin sayəsindədir. Bu şəraitə görə də biz Ulusəsin ləyaqətini qəbul edirik.
Sonda mən Elana bacımla Günev qardaşımın varlığını, işini, zəhmətini demək istəyirəm. Bunların ömrü, fəaliyyəti Ocaqçıların hər birinə bəllidir. Amma mən bir neçə kəlməylə bəzi məqamları vurgu eləmək istəyirəm. Çünki bu tarixdir. Bu yazılır. Bu yazılmalıdır və mühüm işdir. Günevin xalqlaşma işi elə hesab eləməyin ki, Beyləqanda, yaxud Ağcabədidə məhdudlaşır. Məhdudlaşmır. Düzdür, biz rayonlara da çıxırıq, amma əsasən Bakıda oluruq, Bakıda işlər görürük. Bakıda bu qədər işlər görürük, Bakıyla məhdudlaşmır. Çıxır bölgələrə. Günevin gördüyü işlər də Beyləqan – Ağcabədi bölgəsiylə məhdudlaşmır. Hətta o işin soraqları Bakıya da gəlir. Başqa bölgələrə də gedir. Söz, iş, əməl, ədəbiyyat dayanmır bir yerdə. Sən oturursan burda, o, qarış-qarış gedir. Ona görə də orada Günevin aktiv, özünəsığmaz fəaliyyəti, doğrudan da, Ocaq üçün çox ciddi önəm daşıyır. Ocağın mərkəzini bölgəylə elə gözəl bağlayır ki, əməllər elə gözəl bir-biriylə harmoniya yaradır ki, gözəl bir ruhani dalğaya çevrilir.
Mən “Ata Günü”ndə sonda Günevin adını çəkməyimin bir əsası var – Günevin Ocağa gəlişinin 25 ilidir. Günevlə bağlı Amaldaşlarımın sözünü lap axırda dinləyəcəm. Çünki bu gün Atanın Günüdür. Ata haqqında söz deyilməlidir. Sonda qardaşımız haqda da deyərik. Günevin Ocaqda varlığı hər birimiz üçün söz dedi. Atanın diqqəti üçün söz dedi, Onun sağlığında. Biz indi Ata haqqında sözə başlamalıyıq. Ancaq mən təqdir hissəsində qardaşımızın əməyini, xalqlaşma işini, Məbəd hünərini təqdim edirəm, Ata qarşısında onun üzünün ağ olduğunu elan edirəm. Onun işini təqdir edirəm.
O cümlədən ona həyan olan, qolundan qaldıran gözəl bacımız Elananın Ocaqçılığını Atanın hüzuruna təqdim edib, təqdir edirik.
Mənim hər birinizin işindən aldığım fərəh özüm üçün bir ömür yoludur. Ümumən, bizim hər birimizin həm bir-birimizə olan münasibətimiz, sevgimiz, doğmalığımız, həm də bir-birimizə olan münasibətdən ilhamlanaraq ciddi, sanballı, ağlasığmayan qədər işlər görməyimiz, ruhani dalğalar əmələ gətirməyimiz ruhani vəhdətimiz sayəsində oluşur. Baxın görün nə qədər adamıq. Biz çoxuq. Niyə çoxuq? Mən gözümü yumub sizə baxıram. Gözü açıq sizə baxıb barmağımla sizi saymaq istəmirəm. Gözümü yumub sizə baxıram və sizin hər birinizi yüz görürəm. Mən, Ata haqqı, bunu obraz üçün demirəm, bu qənaətə gəlmişəm. Yazmışam da. Mən Amaldaşlarımın haqqında düşünəndə onların hər birini yüz görürəm. Bunu biz heç kimə sübut eləməkdən ötrü dəridən-qabıqdan çıxmırıq. Bunu biz ömrümüzlə, böyük əməllərimizlə sübut edirik.
Dünən mən “Ailə Günü”ndə dedim ki, Atanın məqsədi insan haqqında fikri, mövqeni dəyişməkdir. İnsan haqqında yanlış mövqe var. Kim insan haqqında fikri dəyişməklə məşğuldur? Heç kim. Hamı insanın haqqında ziddiyyətli düşünür. Hər kəsi dindirərsən insan haqqında dili dolaşacaq. Nəsimini görüb deyəcək – insan böyükdür. Küçədəki səfili görüb deyəcək – insan heç nədir. Çaşacaq. İnsan haqqında o qədər qarışıq mülahizələr yürüdəcək ki. Amma biz insan haqqında zorlanmadan, gücə düşmədən ortya mövqe qoyuruq. Atadan gələn ölçü. İki cümlə. İnsanın tərifi: “İnsan daxilində Mütləq gəzdirən, Gerçəklikdən, Şəraitdən, Mühitdən yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır.” İnsana verilən bu qiymət bizim içimizdə əkilib. Biz insana o açıdan yanaşırıq və insan haqqında çaşmırıq. Ona görə heç bir iş, əməl Asif Atanın qiymətiylə ölçüyə gəlmir.
İndi balaca bir yazını – qəlbimin sevgisini müəyyən mənada ifadə edən Ataya xitabımı təqdim edirəm:
Ataya minnətdaram. (Ancaq minnətdarlıq Ata üçün çox azdır. Çünki Ataya səcdəliyəm və heyrətliyəm.)
İçimdəki imkanları özümlə qəbrə aparmadım.
İçimdə imkanda olan ülvi cəhətlər mənimlə birlikdə ölməyəcək. Ülvi cəhətlərimi mənliyimə düşən Ata işığında tanıdım.
Əbədiliyə qulluq göstərən vüqarımın, şəxsiyyətimin əsilliyi ölümdən xilas elədi mənliyimi. Ölməzlik gətirdi ömrümə.
Mən dünyanın gedişatına işıq salan ayrı-ayrı dühaları da, onların böyük yaradıcılığını da Ata işığnda tapdım, tanıdım.
Ata məni aşkarladı, ürəyimə güc verdi.
Gözəllikləri sevə bildim, öyə bildim.
İdrakıma işıq saldı. Yurdçu oldum, Millətçi oldum, İnsançı oldum.
Bir ömür ruhaniyyatla doldum. Dolğunlaşdım.
Dərdi tanıdım. Dərdin mənasını sevdim. Dərdlə məşğul oldum.
Fərəhi tanıdım, sevindim. İçim saflaşdı. Sağlamlaşdım. Xurafatdan ayrıldım. Cəhalətdən ayrıldım. Xəbislikdən, xudpəsəndlikdən, cılız şöhrətə tamahlanmaqdan arındım.
Özüylə döyüşüm varlığımı bəslədi. Mənəviyyatıma kölgə salan qüsurları dışladım.
Ataya səcdə qılıram. Ömrümdə yaratdıqlarımı ona təqdim edirəm. Ruhani ləyaqət hesabatı verirəm. Hər zaman vermişəm. Yenə verirəm.
Hesabatımı verib varlığına alqış deyirəm:
Doğum Günün qutlu olsun!
Mərasimin qutlu olsun!
Müqəddəs Ocağın qutlu olsun!
Amalın üçün sənin yaratdığın Soylu ömrüm qutlu olsun!
“Ata Günü” qutlu olsun!
Ata Günü ömrümdə böyük bir səhifədir. İki gün öncə gecə saat 1-2 radələrində düşündüm. Bir an Atayla olduğum zamanlara dönüb baxdım. Fikirləşdim ki, kaş Ata bir az da yaşayaydı, mən Atanın əlindən tutaydım. Mən fiziki mənada Atanın əlindən çox tutmuşam. Atayla üz-üzə dayanaydım, Atanın gözünün içinə baxaydım. Ataya deyəydim ki, sənin zəhmətin, inamın boşuna getmədi. Sənin Ocağın yaşayacaq…
Kaş ki, o imkanım olaydı. Bax, 2-3 gün əvvəl belə bir əhval içimə doldu. İnanın ki, elə bildim bütün Yer-Göy mənimdir. O qədər gözəl əhvallarla dolmuşdum ki. Bayıra çıxdım. Ulduz axtardım, işin tərsliyinə bax, ulduz tapmadım. Göylərdə ulduz görünmürdü. Amma o ulduzlar ki, adamı böyük xatirələrə bağlayır, onu mən içimdə tapdım. Bir an Atayla ruhani ünsiyyət mənim içimdə alovlanmağa başladı, hər şeyi o alovun işığında görməyə başladım. Elə gözəl əhvaldaydım ki. Bu vaxta qədər mən o əhvalı o cür yaşamamışdım. Bu vaxta qədər o cür aydınlaşamamışdım özüm üçün. Ona görə Atanın Gününə çox böyük bir şövqlə gəldim.
Ata Günümüz qutlu olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Qaranlıqlar yarılsın!
Atamızın bayrağını öpürəm.
Atamız var olsun!
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
“Ata Günü” mərasimi xüsusidir. Bir “Ata Günü”ndə söz demək mənim üçün çətindir, bir də “Evlad Günü” mərasimində. “Evlad Günü”ndə mən özümə bir Evlad kimi hara gəlib çıxdığımı hesabat verməliyəm. “Ata Günü”ndə də nə dərəcədə Atanın mənasına yetmişəm, onu hesabat verməliyəm. Bu haqda düşünəndə görürəm ki, sığmır sözə, ifadəyə. İfadə eləyə bilmirəm. Gücüm çatmır. Duyduğum, yaşadığım, keçirdiyim hisslər daha güclüdür. İfadə eləyə bilmirəm. Çox çətinlik çəkirəm…
Bəzi dahilər yazıb yaradıblar, lakin bəşəri olduqları bəlkə də onların ağıllarına gəlməyib. Sadəcə heyrətini, ideala həsrətini, aşiqliyini, duyduğunu, dərk etdiyini qələmə alıb. Həm də düşüncələrini, yaşamlarını qələmə aldıqları dərəcədə milliləşib, bəşəriləşiblər. Ata isə məqsədyönlü şəkildə dünyanın yükünü daşıyıb. Xilas yolu axtarıb. Ömrünü ideyasına həsr edib. Dərddən danışan Ata olmur, dərdi daşıyan Ata olur. Arzulardan danışan Ata olmur. Arzuları gerçəkləşdirən Ata olur. Millətdən danışan Ata olmur, millətinə özünü fəda edən, onun keçmişini, bugününü, gələcəyini düşünən Ata olur. Atalı olmaq xoşbəxtliyi düşüb Azərbaycanın bəxtinə. Özünü ideyaya həsr etmək, bir fərd olaraq həyat nemətlərindən imtina etmək, özündənkeçmənin, qayğıkeşliyin zirvəsinə qalxmaq aqibətini yaratmaq hər kəsə nəsib deyil.
Ata – Azərbaycanın dərdini çəkən və Azərbaycana sığmayan, dünyanın dərdini çəkən və dünyaya sığmayan, həyatın dərdini çəkən və həyata sığmayan!
“Ata səsi”ni oxuyanda orda bir məqama rast gəldim. Beyləqanda 12-ci ildə keçirilib o görüş. Sual verilib ki, hansı hiss sizi Ata təxəllüsünü götürməyə vadar edib?
Ata da cavab verib ki, “qayğılar, əzablar, dərdlər hamısı yığılıb bir yerə. ”Ata kimdir? Ata hökmdar deyil. Ata heç kəsi zorakılıqla özünə tabe etmir. Ata qayğıkeşdir. Ata yükdaşıyandır. Ata dərdçəkəndir. Ona görə Ata təxəllüsü götürdüm. Yazılarım da bu adla çıxır. Bu mənim çiynimə çox ağır yük qoyub. Mən başa düşürəm bu nə deyən şeydir. Mənə deyəndə ki, sənə “Ata” deyirlər, deyirəm ki, sən bircə gün mənim vəziyyətimdə ol. Gör bu nə dərəcədə ağır şeydir. Bir də bu mənim özümü də böyüdür. Mən nöqsanlara yol verə bilmərəm. Mənim özümü o tərbiyə edir. Mənim özümü o sözün özü övlad kimi böyüdür.”
Bax, o söz ki, “mənim özümü o tərbiyə edir. Mənim özümü o sözün özü övlad kimi böyüdür”, mən onu oxuyanda bütün bəşərin tarixi, peyğəmbərlər, dahilər hamısı gəldi keçdi gözümün qarşısına, Ata o sözüylə indiyə qədər yaranan peyğəmbərlik nə deməkdir, Ata nə deməkdir, onu qarşı-qarşıya qoyur. Ataya necə bir məsuliyyət verir.
Soylu Atalı: Bağışla, sənin sözünə qüvvət, elə gözəl bir hissdir ki. Deyir bu söz məni övlad kimi böyüdür. Atanın böyüklüyünə baxın. O dönəmdə Ata çağırıla-çağırıla hələ də özünü o ada böyüdür. O məsuliyyətə böyüdür. Özüylədöyüş yolu keçir. Onu deyir. O adın övladı sayır özünü. Onunla vəhdətdə olmağa qalxır, yüksəlir. O təsadüfi deyilmiş söz deyil. Dərk olunmuş sözdür.
Nurtəkin Atalı: Hə, dərk olumuş sözdür. Həm də ideyanın Atası olmağı çox yaxşı ifadə eləyir. Yəni indiyə qədər yaranan peyğəmbərlər necə yanaşıblar öz dünyabaxışına, Ata necə yanaşıb?!
Belə bir yazı yazmışam:
Elə ki, məqsədi görürsən, o açılır. Elə ki, yolla gedirsən, başqa yollar bağlanır. Yolla getdikcə sən özün olursan. Dediyin söz sənindir. Düşüncələrin sənindir. Duyğuların nəğmədir. Əməllərin sənindir. Fərəhdən boy alıb, özünə inanıb, özünü görüb, özünü sevib yollanırsan sabaha doğru. Haraylayırsan ideala, arzulara. Ömürləşir arzular. Yetkinləşir addımlar. Addımların sonunda sonsuzluq var. Sonsuzluqda Amala qovuşmaq var.
Atamız Var olsun!
Günev Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə başlayıram sözümə. Bayrağımızı öpürəm.
Ata haqqında zaman-zaman söz demişik. Həm mərasimlərdə, həm fərdi görüşlərdə. Kütləvi görüşlərdə də həmişə Ata kimliyi haqqında danışmışıq. Çünki İnamı verməzdən əvvəl onun yaradıcısını təqdim eləmək gərək.
Ataya hər dəfə yeni söz demək çətindir. Əvvəlki sözləri desəm, təkrarlanır. Qəlbimə dolan bir fikir – elə bil ki, günəşlə üz-üzə durmusan, günəş haqqında söz deyirsən. Günəş bütünlüklə qarşında açılır. Bütün hərarətiylə, gözəllikləriylə, gərəkliyiylə, işığıyla. Ancaq günəş haqqında söz deməlisən. Görürsən adam necə dirənir. Dağla üz-üzə dayanmısan. Dağ bütünlüklə qarşında açılır. Söz deməlisən. Çayla üz-üzə durursan onun kimi. Səhərlə onun kimi. Sözə bəzən sığmayan nəhəngliklər görürsən qarşısında.
Atanı bir tarixi şəxsiyyət kimi görmək… mən tarixi şəxsiyyətləri, – gəlib getmiş, ömrünü başa vurmuş, sözünü demiş, fikrini ortaya qoymuş şəxsiyyətləri nəzərdə tuturam. Bunların hamısını mən ulduzlara bənzədirəm, Ata günəşdir.
Ata millətçilik yoluyla bəşəri xilas eləmək fikrini ortaya qoydu. Ona görə Ata millidir. Əgər millətçilik təsdiq olunmasa, bəşəri vəhdət təsdiq olunmayacaq.
Bir də o fikir ki, Atayla Evlad vəhdəti məsələsi, nədir bu vəhdət? Evlad Atanı davam elədikcə, Ocaq ideyalarını yaydıqca, onu lap yeni üslubda, yeni sözlərlə, yeni fikirlərlə inkişaf elətdikcə Atayla vəhdəti yaranır. Təkcə Atanın dediklərini “kopyalamaqla” yox. Elə dövr, elə zaman, elə mühit, elə şərait olur ki, orda tamamilə həmin mühitin, şəraitin halını böyüdəcək səviyyədə Atanı təqdim edirik. Bu elə Atayla vəhdətdir. Ata heç kəsin səviyyəsinə enmirdi. Amma hər kəsi də böyütməyə çalışırdı. Böyütmək üçün isə ona özünü tanıtmaq gərəkdir.
Mən çalışdım ki, nəsə yazım. Çox düşündüm də. Ancaq indi dediyim fikirlər burdakı əhvaldan doğdu ürəyimdə.
Mən Ata haqqında çox da gözəl sözlər deyə bilmirəm. Çünki dilim lal olur. Gözəllik qarşısında dilim lal olur. Heyrət imkan vermir ki, Ata haqqında söz deyə bilim. Amma Atanın bütün baxışları, o fotolardakı, – insanın içinə işıq salır. Hansı cümləni oxuyursan, ikincini oxumağa gedə bilmirsən. Onda dayanırsan. O səni götürüb aparır. Bütün Ocaqçıları, bütün bəşəriyyəti “Ata Günü” münasibətiylə təbrik edirəm.
Atamız Var olsun!
Soylu Atalı: Ata haqqında söz. Zaman-zaman biz Ata haqqında söz demişik. Hamısı Ataya sevgi ifadəsi olub. Sanki məsum bir uşağın öz anasına sevgisi kimi olub. Bu təbiidir. Biz Ata haqqında söz demək istəyəndə ancaq sevgimizi suna bilərik. Ata, doğrudan da, məzmunu sözə sığmayan bir halətə gəlib çıxıb. Sözə sığışdıra bilmədiyimiz üçün sanki qorxuruq ki, deyərik, Ata adiləşə bilər. Ondan ehtiyat edirik. İstənilən bir təşkilatın rəhbəri haqqında, istənilən bir qurumun rəhbəri haqqında söz deyirlər. Onun elmi uğurları haqqında, siyasi uğurları haqqında o qədər dərin, yaxşı sözlər deyirlər ki. Düz də deyirlər. Amma Ata o qəlibə sığmır. O qəlibdə Atanı təqdim edə bilmirik. Ona görə biz Ata haqqında sevgimizi ifadə eləyə bilirik. Söz yox ki, oturub nələrsə yaza bilərik. Çalışmalıyıq ona da.
Qardaşımız deyir dilim lal olur. Elə dilin lal olduğu üçün Məbəd tikirsən. Dilin lal olmasaydı, bəlkə də Məbəd tikə bilməzdin. Çünki dilin bülbül kimi ötüb Atanı sözə sığışdıra bilsəydi, onunla yetərlənərdin. Adamın içində elə bir hal yaranır. Yetərlənir sanki. Amma o münasibət ki, sığmır içinə, onu nədəsə gerçəkləşdirməyə çalışırsan. O, Məbəddə özünü göstərdi. Xalqın içinə çıxıb səhərdən axşama haray şəkməkdə özünü göstərdi. Ona görə, bəli, dilin lal olması başqa məsələlərə təkan verir. Bu münasibət özü gözəldir. Bu münasibət özü bizə imkan verəcək, şərait yaradacaq ki, Atanı yüz illər o tərəfə apara bilək. Bu özü imkan yaradacaq. Bu özü zəmin açır ki, Atanı biz daha uzaqlıqlara təqdim eləyə bilək. Bundan böyük münasibət də bəşər tarixində az rast gəlinib. Bu cür münasibətlər həmişə böyüklərə olub. Bundan dərin münasibət alınmır.
Göylü Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm!
Bəşərin minillik axtarışları var. Bu axtarışların əsasında bir məqsəd dayanıb: dünya dəyişməlidir. Dünyanın təbii gedişatı, təbii halı heç bir zaman insanı təmin etmədi. Çünki bu, insanın arzularındakı, niyyətlərindəki dünya deyildi. Dinlər meydana gəldi, özünü doğrultmadı. Fani elan olunan dünyanın insanı bəndə olmalıydı. Dünya nəinki dəyişmədi, gözdən salındı.
İnqilablar həyata keçirdi insan. Bu da özünü doğrultmadı. Dünya həmin dünya olaraq qaldı, insan da həmin insan. Bəşər insandan əlini üzdü. Dünyadan ümidini kəsdi. “Hər şey nisbidir” dedi… Ata gəldi. Peyğəmbər kimi gəldi. Haray çəkdi: “Dünya göründüyünə bərabər deyil!”, “İnsan göründüyündən artıqdır” dedi. Dünyanın dəyişmək imkanı var və dəyişməlidir. Bunu İnsan edəcək. Özü üzərində qələbə çalan, həyat üzərində qələbə çalan İnsan. Bundan ötrü insan təzələnməlidir. Xalq təzələnməlidir. Bəşər təzələnməlidir. Necə, nə cür? Yollarını da göstərdi. Özündən başladı, Evladlarında davam elədi. “Müqəddəsliyi göylərdə axtarmayın, ürəyinizə baxın!” dedi. “Həqiqəti cəmiyyətdə aramayın, içinizə baxın! İçiniz yoxsa, yaradın!” dedi. İnandı bizlərə. Çünki özünə inandı.
Doğumun mübarəkdir, Atam!
Gəlişin mübarəkdir! Nur kimi gəldin. Nəfəs kimi gəldin. Həyat kimi gəldin. Günəş kimi gəldin içimizə. Tək və bütün həyatın cövhəri, mayası kimi…
Elana Atalı: Sözümə Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Atanın adına səcdəylə başlayıram! Bayrağımızı öpürəm.
Mən Atanı görmüş xoşbəxt bir adamam. Atanı görmək, onun yanında olmaq, onun sözünü eşitmək böyük bir səadətdir. Mən də ürəyimdən bəzən keçirdirəm ki, kaş Ata bu gün olaydı. Kaş fiziki olaraq yaşayaydı. Mən onu Ata kimi, Evladı kimi, bir əzizim kimi bəsləyərdim. Qulluğunda durardım. Atanın varlığı bəşərin xilasıdır.
Günev Atalı: Bütün varlığımız Atanın qulluğunda durmaqdır.
Soylu Atalı: O istək də gözəldir. Ata Günün mübarəkdir, bacı. Ataya verdiyin ömür mübarəkdir!
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
Ocağa gəlişim, mənim fərd olaraq, həyata atıldığım dövrə təsadüf elədi. 17 yaşımda. Atanı bir dəfə görmüşəm. Təəssüf edirəm ki, o vaxt Evlad olmadım, bir az gözləməli oldum. Amma gözümü ilk açan vaxt, cəmiyyəti anladığım vaxt, dünyanı dərk elədiyim vaxt Ocağın qapısını açdığım üçün, Ocağa üz tutduğum üçün xoşbəxtəm. O ildən bu ilə 17 il ötür. Bu gün Ocaqda daha da yetkinləşmə dövrü keçirəm. Bu 17 ildə ömrümdə çox dəyişikliklər oldu. Ziddiyyətlər oldu. Qalxıb enmələr oldu. Bütün Ocaq tədbirləri, mərasimlər, söhbətlər, doğmalarla ünsiyyət, doğmaların dəstəyi qalxıb-enmələrin artmasına yol vermədi. Bundan sonrakı ömrümdə ancaq yüksəkliyə doğru özümü görmək istəyirəm. İnanıram ki, 20 illik Ocaq yaşımda daha böyük hesabat verəcəm. Ata Ruhu ürəyimdədir!
Güntay Atalı: Mən bu gözəl gün münasibətiylə hər kəsi təbrik edirəm. Atanın dünyaya gəlişi dünyanı mənalandırmaq olub. Mən belə görürəm. Bu yaxınlarda ağlıma belə bir şey gəlmişdi, Şərqilik bayramından öncə. Dedim görəsən Ata milliyyətcə alman olsaydı, görəsən bu zəkanın sahibi olsaydı, məsələn Şərqilik yox, Qərbilik bayramı yaradardı? Sonra fikirləşdim yox, Ata məhz Şərqilik bayramı yaradardı.
Bizim millətin onda bəxti gətirib ki, keçən dəfə də demişdim, Ata nə gözəl ki, gəlib türk etnosunun payına düşüb. Bununla da bəşəriyyətə türk gözəl xislətiylə təqdim olunub. Bunu mən içimdə təxminən bilirəm. Türk, olduğu kimi, Atayla təqdim olunur bəşəriyyətə.
Bu Günlə bağlı içim doludur. Amma bir az nizamsızdır. Hər birinizi təbrik edirəm. Nə yaxşı Ata var. Bir şeyi də demək istəyirəm, həyatda elə şeylər var ki, onları əvvəlcədən planlaşdırırsan. Ocaqçı olmağın heç kim planını cızmır. Bu özü də bir xoşbəxtlikdir ki, gəlib o günəşi tapırsan. O həqiqəti tapırsan. O sənin bəxtinə çıxır. Bir gün gözünü açırsan ki, o mühitin içərisindəsən. Nə qədər xoşbəxt adamsan. Ata Günümüz qutlu olsun!
Bayrağımızı öpürəm.
Ataya yenə səcdə edirəm.
Ulunur Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!
Ata haqqında söz demək mənimçün də çətindir. Mən Atanın sağlığında körpə olmuşam. Son vaxtlar oturub fikirləşdim. Həqiqətən nə qədər xoşbəxt olduğumuzu görməliyik. Niyə? Burda olmağımızın səbəbi Atadır. Hamı öz işində, gücündə, evində olardı.
Ocaqdan demək olar aralanmışdım. 2-3 aydır mən mərasimlərə, “Ailə Günləri”nə gəlmirdim. Özümdən asılı deyildi. Nələrsə əngəl olurdu buna. Ocaqdan qıraqda nələrin baş verdiyini gördüm. Öz xeyrinə çalışan, öz mənfəətini güdən, ikiüzlülük, cahillik – Ocaqdan qıraqda mən bunları gördüm. Bu arada Ocaq Yükümlüsüylə söhbət elədim. Gördüm ki, kiçik bir hissin dalınca düşüb getmək Ocaqçının həyati risqi ola bilər.
Nə yaxşı ki, Ata var. Xoşbəxtəm ki, Ocaqçı omuşam.
Atamız Var olsun!
İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
Ocaq Yükümlüsü Soylu Atalı Ocaqçıları Ocaq əməllərinə görə Atanın adından təqdir elədi. Ocaqçıların hər birinin Ocaq əməli əvəzsizdir. Ancaq Göylü Atalının tikilməkdə olan İnam Evinin aylıq maddi xərcini çəkməsi, sözün həqiqi mənasında, insanda milli ləyaqət, milli hünər tələb eləyir. Göylü bu ləyaqəti yerinə yetirir, demək milli yüklə yükləndiyinin fərqindədir. Göylü Atalının Ocaq əməli insanda riqqət yaradır. Heyrət yaradır. Ocaq bu kimi umacaqsız Evlad yaradır. Ərdəmli, Mütləqçi. Bu, Ata qüdrətinin məhsuludur. Ağır hiss yaşayıram ki, bu gün maddi yükü çəkməkdə Göylüyə yardımçı ola bilmirəm. Axı hər birimizin ruhani borcumuz ödənilməlidir. Bu işdə geri qaldığıma görə özümü gələcək qarşısında suçlu sayıram.
Soylu Atalı Ataya izharını dedi. Doğrudan da ürəyə yol tapan, ürəyi riqqətə gətirən izhar idi. Bir az da duyğusallığı insanda qəribə əhvallar yaradırdı. Uşaq saflığıyla təbəssümləndi Soylu Atalı. Nə qədər saf, nə qədər səmimi olması həzin not üstə dediyi izharında aşkar ifadə olunurdu. İlk dəfə idi ki, Soylunun xatirələrlə dolu duyğusal izharını dinləyirdim. Soylu bir anlıq gözümdə Ocağa yenicə gəlmiş saf duyğulu gənci xatırlatdı. Əslində Soylunun yerinə mən olsaydım tez-tez bu kimi duyğularla dolardım. Dolardım ona görə ki, axı Soylu Atanın bütün ümidlərini doğrultmuşdur. Niyə də bu kimi duyğularla dolmasın?! Necə fərəhini İnam Atasıyla bölüşmək istəməsin?! Axı bunun ona haqqı çatır. İnsan istər ki, ustadı onun fərəhini, əməllərini görsün və təqdir eləsin. Evlad da bu təqdirdən daha da ilhamlansın. Bu gün müqəddəs Soylunu tam olaraq anlayıram. Onun həm sevincinə, həm də duyğusal xatirələrinə qoşuluram. Ocaq əməlləriylə, ömrüylə, milli ləyaqətiylə, milli yükün altına girib onu fərəhlə daşıdığına görə. Ata Gününə bu kimi Evladlıq əməlləriylə gəlmək elə Atanın Gününə ən böyük hədiyyəsidir. Hər bir Ocaqçının Soylu əməlləriylə dolması, yaşaması Atanın Ruhani tələblərinə qulluq edir.
Ata deyirdi ki, Azərbaycan Şərqin ən parlaq ifadəsidir. Ruhani yöndən. Türk olmaq üçün qürur duymağa yenidən bir səbəb oldu Asif Atanın timsalında. Dünya, bəşər, ruhaniliyi elə Azərbaycandan öyrənib, öyrənəcək də. Zərdüştdən tutmuş Ataya qədər. Sıralama Atada bitməyəcək. Atanı, Zərdüştü, Babəki, Nəimini, Nəsimini verən xalq hələ yeni şəxsiyyətlər verməyə qadirdir…
Soylu Atalı: Atanın doğum Günü təkcə doğum günü kimi qeyd olunmur. Biz Atanın varlığını mərasimləşdirmişik. Ona görə ki, bəşəriyyətə Asif Ata ruhani xilas kimi, işıq kimi gəldi. Ona görə Atanın ömrü mərasimləşir. Əlbəttə, bu Onun özünün istəyiylə olub. Ancaq məğz, məna doğum günü məsələsi deyil. Məğz, məna onun yaratdığını tanımaqdır. Onun yaratdığını öyrənmək və təqdim eləməkdir.
Beləliklə, biz Ata haqqında yığcam, dolğun, doğma, həyacanlı söz dedik. Bugünkü mərasim çox gözəl keçdi. Halı baxımından. Sözlərin hamısı yerində, hamısı mənalı, hamısı tutumlu. Qısa. Mərasim həm məzmunca, həm halca yazıldı. Qalacaq tarixdə, gələcəkləşəcək.
İndi mən Atanın Evlad şəxsində özünü göstərən uğurlarından birini də dilə gətirmək istəyirəm. Başlanğıcda vurğu elədiyimiz kimi, qardaşımız Günevin Ocağa gəlişinin, Atanı tapmasının 25 ilidir. Bu cür yuvarlaq illəri vurğu eləmək, bayram eləmək gərəkdir. Hətta hər bir ili bayram eləmək olar.
Biz Ocaq olaraq öz şəxsiyyətimizi tanımalı və tanıtmalıyıq. Əgər şəxsiyyətini tanıya və tanıda bildinsə, onda sənin Amalın xalq tərəfindən diqqətə düşür. Ayrı-ayrı insanlar düşünməli olur. qədir görürlər. İnsana qiymət görürlər, münasibət görürlər. Burada insana qiymət, münasibət məsələsi var. Boşuna deyil. Burda ömür var, zəhmət var, əzab var. Burda saç ağartmaq var. Burda ürəyin hər bir hisslərlə dolması var. Heyrət, həyacan, təşviş, narahatlıq, sevgi. Hamısıyla yüklənməsi var. O hallar ki, insanı əhatə eləyir, o duyğular ki, insan varlığında özünü göstərir, söz deyir o duyğular, o duyğuların hamısı səfərbər olunur. Bu partiya sıralarında dayanan insan ömrü məsələsi deyil. Orda kimsə çox zəhmətlər çəkə bilər, həbs də oluna bilər. Amma onun daşıdığı məna ilə, məzmunla bu bir deyil. Burada insan özünə bərabər olur. Burada insan özünə layiq duyğuları aşkarlayır.
Burda bütün varlığıyla insan aşkara çıxır. Zaman-zaman da aşkarlanırsan. Bax, bu dediyim çərçivədə biz düşünsək, Günev qardaşımızın ömrünü bu açıdan tanıya bilərik. Günevlə mənim tanışlığım 24 ilə dayanır. Günev bir il məndən əvvəl Ocağa gəlib. Ocağa ilk gəldiyim günlərdən Ocaqda dostum Günev olub. Ocaqçılar içərisində amaldaşlıq var, qardaşlıq, bacılıq var. O öz yerində. Amma bu amaldaşlıq, qardaşlıq, bacılıq böyüdükcə, bərkidikcə əsil dostluğa çevrilir. Ocaqda çoxlu sayda adamlar olur. Bunlar hamısı amaldaş sayılır. Amma hamısı iç-içə bir-birinə bağlı olmur. Olması üçün gərək hər kəs Ocaq üstə yaşasın. Hər kəs ömrünü doğrudan da Ataya versin, Ocağa versin. Ocaq ideyalarını yaşatsın. O Amaldaşlıq zəmini üzərində bizim dostluğumuz yarandı. Bizim içimizdəki qüsurlarla, çatışmazlıqlarla bir yerdə başlamışdı dostluğumuz. O dostluğun özü bu gün mənə haqq və əsas verir ki, qardaşımızın ömrünü təqdim eləyə bilim. 24 il az vaxt deyil. Mən onun ömrünü xarakterizə edirəm. Etmişəm də ayrı-ayrı məqamlarda. Mən bu gün Ocağın Yükümlüsü olaraq, 24 ilini Ocağa həsr eləmiş bir fərd kimi deyirəm ki, mənim özümçün Günev bir örnəkdir. Hər kəsinizin uğurunuz və ləyaqətiniz mənim özümçün örnəkdir. Münasibət qarşılıqlıdır. Mən yazmışam ki, Ata Evladlarını böyüdürdü, Evlad da Atanı böyüdürdü. Evlad Atasını inandırmaqla, güvəndirməklə, ümidləndirməklə böyüdür. Onun mübarizə halını böyüdür. Bilirsinizmi, qarşılıqlı münasibət var. Asif Ata bizə ümidlənib daha ciddi işlər gördü, söz dedi. Bu onun hünərinin, qüdtətinin üzərinə gəldi. Dəstək oldu, qanad oldu.
Mənim özümçün də Günevin bu vaxta qədər Ocağa verdiyi ömür, yəni Ocağın qoyduğu tələbləri bütün məqamlarda incələyə bilməsi… Evladlıq nədir, Amallaşma necə olur, Özüylədöyüş necə olur, Xalqlaşma necə olur, xalqın gələcəyi uğrunda çalışmaq necə olur? Bunları özünə deyə – deyə və bunların ardınca gedə-gedə… Təkcə söz demədi, ardınca getdi. İndi ən yaxşı sözləri biz çox ağızlardan eşidə bilərik. Amma ən yaxşı sözlərin yiyəliyini biz çox şəxsiyyətlərdə görə bilmərik. Burada biz qardaşımızın ömründə bu vəhdəti görürük. Qardaşımız qurdu, yaratdı. Başına qar da yağdı, tufan da qopdu, söz də dedilər, hədələdilər də, yaxasından tutub çəkdilər, nə bilim nələr elədilər. Sınmadı. Şəstini qabağa vermədi ki, mən də bir kəsəm. Filankəs sən kimsən? Bilə-bilə ki, filankəsin şəxsiyyəti bir şey deyil, amma ona sevgi sundu. Gör kim olmalısan. Asif Ata, görün, harda qələbə çalıb. Gör kim olmalısan ki, sənin qarşındakı sənin özünlə müqayisədə nə qədər aşağı pillədə dursun, amma sən ona üstdən aşağı baxmayasan. Onu haraylayasan, ona sevgi sunasan. Deyəsən ki, mən sənə ancaq və ancaq bu münasibəti göstərə bilərəm. Bu, Asif Atanı təsdiq eləməkdir. Asif Atanın dediyi, yaratdığı İnamı təsdiq eləməkdir. Asif Atanın insan haqqında ortaya qoyduğu mövqeni dəqiqləşdirməkdir. Bəli, söz yox ki, insan içində şər də gəzdirir. Şərə qarşı hiddət də sərgiləyə bilərsən. Amma o hiddəti sərgiləyənə qədər onda yaxşı keyfiyyətlər axtarırsan, sevgi sunarsan, görərsən ki, yox elə canavardır, onda deyərsən bunun ruhu ölü çıxdı. Amma ona qədər o insanı yaratmaq məsələsi var. Bu nadir bir məsələdir. Hətta bir sıra məqamlarda mənim, onun kimi bacarmadığım məsələdir. İnsana qarşı o cür səbrli, sevdalı münasibət. Bax, bu uğur Asif Atanın bir fərddə əkib, becərib, ərsəyə gətirdiyi bir uğurdur. Ona görə də Günev Atalının ömrü Ocağa layiqdir. Ataya layiqdir. Xalqına, onun gələcəyinə layiqdir. Günev Atalının ömrü xalqın gələcəyinə örnək və işıqdır. Bax, bu, Ocaqda fərd ömrünün ruhani müdriklik səviyyəsində bərqərar olmasıdır. Ruhani müdrikliyin bərqərar olması. Ona görə bu günə gəlib çıxmaq, Ata yükü çiynində, Ata harayı ağlında, idrakında, dilində və insan sevgisi qəlbində 25 il yol gedəsən, onu doğrudan da bəxtiyarlıq saymayasan, mümkün deyil. Ona görə ömür sevdası baş tutub qardaşımızın. Atanın dediyi ifadə ilə deyirəm, bəxtiyardır! Ataya layiqdir. Atayla onun arasından nəsə keçmir. Bunu mən əminliklə vurğu edirəm. Ayrı-ayrı xırda məqamlar, ay filan vaxtı mən səhv elədim, bu onu azaltmır. O bitmiş bir məsələdir. Ağacın budağının biri filan yerdən sına bilər, bir küləkdən səkkiz yarpağı düşə bilər, amma ağac köklü-gövdəli oturub torpağa. Mən qardaşımızın ömrünü təbrik edirəm. Ata Günündə onun ömrünü Ataya təqdim edirəm. Atayla bir olduğunu elan edirəm. Atayla bir olduğu üçün də Ata Günündə təqdimə, təqdirə, sevgiyə layiqdir. Qardaşımızı təbrik edirəm bayrağımızın altında istəyirəm ki, Ataya səcdə eləsin. Mən də onu bağrıma basım.
(Günev Atalı Ataya səcdə ilə Bayrağı öpür – G.A.)
İndi amaldaşları, qardaşları, bacıları Günev qardaşımız haqqında təbrikini desin.
Üstün də bu ay Ocağa gəlib. Onun da günüdür. Baxmayaraq ki, yuvarlaq il deyil. Mən bayaq dediyim sözləri təkrarlamaq istəmirəm. Üstünə də mən Atanın Günündə öz sevdalı münasibətimi ifadə eləyirəm. Ona da mən deyirəm – sənin Ocağa gəlişin mübarək olsun.
Nurtəkin Atalı: Hər bir Evlad haqqıqnda söz demək həm məsuliyyətdir, həm də çox böyük fərəhdir. Hər bir Ocaqçının varlığı işıq kimi saçılır. Mən bütün Ocaqçılar danışanda istəyirəm ki, daha çox danışsınlar. Günevdə də xüsusilə. Mən onu daha çox dinləmək istəyirəm.
Hər bir Ocaqçı Atanın əsəridir. O Ocaqçı ki, artıq özüylə döyüşə başlayır, o artıq Atanın əsərinə çevrilir. Atanın uğursuz əsəri yoxdur. Özüylə döyüşə başlayan şəxs artıq Atanın uğurudur, Ocağın uğurudur. Ocaqçı özünü ifadə elədiyi, açdığı qədər biz onu oxuya bilirik, görə bilirik. Məsələn, Üstün özünü aşkarladı səfərləriylə, yeni halıyla, biz onu oxuyuruq. Məsələn, Ulunur bu gün etiraf elədi, bizimçün yeni bir Ulunur səhifəsi açıldı.
Dünənki tədbirdə belə bir qonumuz vardı, – toplumun yanlış dünyagörüşünün üzərinə getmək. Onu oxuyanda mən düşündüm ki, Günevin nə qədər sözü ola bilər. Günev o ömrü yaşayır. Toplumla üz-üzədir bütün əməliylə, halıyla, ömrüylə. O cəsarətlə, o ləyaqətlə onun danışmağa sözü daha çoxdur.
Çox sevinirəm hər bir Ocaçının varlığına. Özümün də Ocaqda varlığıma çox sevinirəm. Var olun!
Atamız Var olsun!
Üstün Atalı: Qardaş, bu gün bizim günümüzdür.
Soylu Atalı: Yox, sizin gününüz deyil, Atanın Günüdür (zarafatla). De ki, həm də bizim günümüzdür.
Üstün Atalı: Ata Günündə Ocağa gəldiyimiz üçün biz xoşbəxtik. Mənə son səfərlərdə bir sual verdilər ki, sizin nə məqsədiniz var bura gəlməkdə? Mən orda yaxşı bir hal keçirdim. Yüzlərin içində bir nəfər seçilib, Atanın yaratdığı incilərdən birirnə çevrilibsə, o, xalqın içində İnamı yaşatmağa şəxsiyyət axtarır. Mənim işim budur. İnsanların içində İnsanlığa təşnə olanı axtarıram. Bayaq Soylu yaxşı ifadə elədi, hər birinizi yüz görürəm.
Mən Günev qardaşımı həmişə arxa, dayaq bilmişəm. Bax, bu doğmalığı Ata qurub. Günümüz qutlu olsun!
Göylü Atalı: Dünən Əlisəfa bəy yaxşı bir ifadə işlətdi ki, sabah Günev olmayacaq, amma onun duruşu, davranışı, baxışı, hərəkətləri, ümumiyyətlə, ömrü, şəxsiyyəti sözünü deyəcək. Gələcəyə nəsillər yetişdirəcək.
Obrazlı desəm, bizim hər birimiz Atanın əkdiyi pöhrələrik. Günev Atalı bitib. Onun Ocaqda ömrü baş tutub!
Günev, səni çox sevirəm. Bacın kimi, Amaldaşın kimi, nə yaxşı ki, varsan.
Elana Atalı: Hər kəsin Günev haqqında deməyə sözü çoxdur. Ancaq məndə lap çoxdur. Bir kəndçi kimi Günevi 37 ildir tanıyıram. 37 ili bir kəndçi kimi tanımışam, 35 ilini bir ailə başçısı kimi. 35 ilin 25 ilini Ata Evladı kimi. Ancaq 37 ildir ki, mən Günevin həyatını Ata Evladı kimi görürəm. Ömrüylə tam seçilib ətrafından. Bu mənim Ocaq Amaldaşıma olan münasibətimdir. Çox danışaram, bir az həyacanlıyam. Həm də istəmirəm səhv eləyim. Günevi şəxsən tanımayanlar, eşidənlər belə, onun doğrudan da, yaxşı bir insan olduğunu deyir. Bir dəfə biz kəndin içindən keçirdik. Bir topa adam durmuşdu. Biz salam verib keçdik. Qızımız Nurtəkin də bizlə idi. Elə bir az aralaşandan sonra orda adamların içindən kimsə dedi ki, o kişinin üzü necə gözəldi. Onun içinin halı üzündə görünür.
Bir də o çağlar Ata bizə gəlmişdi. Həyətdə oturmuşdu. Ata görüş keçirmək üçün hazırlaşırdı. Anam evindən bizə gəlib keçəndə Ata oturduğu yerin qarşısından keçirmiş. Dönüb Atanın üzünə baxanda o dərəcədə həyacanlanmışdı ki, yazıq anam özünü çəpərə sürtə-sürtə keçib gəlib. Gəldik evə. Bizə dedi ki, siz o kişini tanımırsınız. O kişi allahdır. Anam onun heç bir söhbətinə qulaq asmamışdı. Sadəcə onun üzündəki halı görmüşdü…
Mən Ata səviyyəsində yox, Günevin özü səviyyəsində onu qeyri-adi bir insan bilirəm. Mən bəzən onun xətrinə dəyəndə çox əzab çəkirəm, suç kimdə olur olsun. Sonra da üzr istəyirəm ondan. Günev çox əzablar çəkib. Ancaq bu əzablar heç vaxt onu sıxmayıb. Əzab çəkdikcə böyüyübdür. 25 illik Ata Evladı, Ocaqçı olmağı münasibətiylə təbrik edirəm onu.
İnamlı Atalı: Günev qardaşımı həmişə təmkinli, gülərüz görmüşəm. Bəzən fikirləşirəm ki, görəsən o kədərli olanda necə olur? Bəlkə də bu ruhani fərəhdir onun üzündə görürəm. Günev qardaşım zamanüstü yaşaya bilib. Məişət problemində ilişib qalmayıb. Mən olsaydım, bəlkə də ilişib qalardım, addımı geri qoyardım. Mən onda bu halı görmürəm. Düzdür, 25 il də az müddət deyil. Mən Günev qardaşın timsalında bəzən Atanın halına doğmalıq hiss etmişəm.
Günev qardaşım Ocaqda möhtəşəm iş başlayıb, Amal Bağında İnam Məbədinin tikintisini aparır. Bu əməl Ocaq tarixində ilkdir. İslamın məscidi varsa, xristianın kilsəsi varsa, yəhudinin sinoqoqu varsa, Mütləqçinin də İnam Məbədi var, – Günev Atalının fədakar əməlinin nəticəsində. İnam Məbədinin tikilməsi vətənimizdə Ərəbçiliyə qarşı dirəniş məsələsidir. Təbrik edirəm Günev qardaşı, Ocağa gəlişinin 25 ili münasibətiylə. Atamız Var olsun!
Güntay Atalı: Mən də Günev qardaşımızı təbrik edirəm. O öz ömrüylə gələcəyə örnəkdir. İndiki insanlara da örnəkdir. Onun özü Atagün Elində bir orduya bərabərdir. Atanın işini aparır, 25 ildir bu ideyanın dalınca ləyaqətlə gedir, həqiqəti heç nəyə dəyişmədiyi bizlərə örnəkdir. Təbrik edirəm qardaş ömrünü.
Ulunur Atalı: Bayaq Ocaqçılar dedilər ki, Günev əminin üzündə işıq var, halında fərəh var. Mən də bundan fərəh alıram. Ocaq Yükümlüsü də dedi, ona qarşı hansı münasibət sərgilənsə də, qarşılığında sevgi bəsləyir. Bu fərqli ömürdür.
Soylu Atalı: İndi isə qardaşımız özü söz desin.
Günev Atalı: Hər birinizə minnətdaram. Sağ olun, var olsun. Mənim Ocaqla bağlı 25 illik ömrümü yüksək qiymətləndirdiniz. Hər birinizin dediyiniz söz mənimçün qanaddır. Ruhum ucalığa qalxdı.
Mənim həyatımda nə baş verdi? Mən adi adam idim. Bu elə belə baş vermirdi. Adilikdən qeyri-adiliyə tapınmaq, müqəddəsliyə, böyüklüyə, əzəmətə tapınmaq üçün insanın içində gərək nəsə olsun. Təvazökarlıqdan qıraq olsa da, bu hər kəsə aid edilməyən sözdür. Hər kəsin içində anadangəlmə ruhaniyyata meyil olmur, mümkün deyil. Bir dəfə Asif Ata dedi, onda gərək əfəndiyevlərin hamısı ruhaniyyatçı olaydı. Yəni onun övladı olmadı, qardaşı da ola bilmədi, atası da olmamışdı. Ruhaniyyata meyil insanların içində barışmazlıq olanda baş verir. Dünyayla, həyatla, mühitlə, şəraitlə barışmayanda olur.
Soylu Atalı: İnsanın içində meyil olur, amma bacarmır. Onu kim bacarır? Özünü ötən.
Günev Atalı: Bəli, meyil hər kəsdə ola bilər, amma onun da dərəcəsi olur. Muğamata hamı eyni dərəcədə qulaq asa bilmir. Qiymətləndirə bilmir. Heç kim Füzulinin Leyli Məcnununu, Nəsimini o cür qiymətləndirə bimir. Hər kəs fitrətinin imkan verdiyi dərəcədə onu anlayır. Mən də ən adi, dediyim kimi, bir kəndçi idim. Bir fəhlə adamdım. Heç xüsusi təhsilim də yox idi. Amma içimdə barışmazlıq əhvalı vardı. Rəzalətlə barışmamaq əhvalı vardı. Hər hansı bir əyriliyə münasibətimdə ürəkləri təmin edəcək münasibət göstərirdim. Bu da nəzərlərdən qaçmırdı…
Bu gün çox adam məni haqlı sayır, amma “nə işinə qalıb, neynirsən, sən bu dünyanı düzəldənsən” deyir.
İlk çağlar Ocaq Evladlarından biri gəlib bizim kənddə münasib bir adam axtaranda kəndçilərdən biri deyir ki, sən Ocaq məsələsini filankəslə danışa bilərsən. O adam gəlib məni tapdı. Bu, Bütöv adı daşımış Cəfər idi. O mənimlə yaxşı söhbət eləyə bilmədi. Amma hiss elədim ki, nəsə qeyri-adi şeylər danışmaq istəyir bu adam. Sonra Özümlü adı daşımış Maliklə, sonra Haqlı adı daşımış Möhsünlə, Cəlilabaddan, Lənkərandan gəldilər. Beyləqan rayon mərkəzində, mehmanxanada bir otaq ayırdıq. Hətta o vaxt bir nəfər nəzarət edirdi ki, bizi güdməsinlər. Bir nəfər də qapı tərəfdə dururdu ki, biz içəridə sərbəst söhbət edək. Biz sərbəst söhbət elədik. Gördüm bunlar nələr danışır. Sonra mən suallar yağdırmağa başladım. Lenin haqqında, Nərimanov haqqında, Məhəmməd peyğəmbər haqqında. Bəşərin, Azərbaycanın tarixində bunların nə kimi rolları olub və s. Bir-bir aydınlıq gətirdik. Məndə vəziyyt duruldu. Sonra gəldim Atayla görüşdük. Ata Ayının 3-də başladıq. Ata söhbət elədi, mən Atanı dinlədim. Əvvəl elə bilirdim hər kəsə Atanı göstərməzlər. Bu möhtəşəm şəxsiyyəti. Yəqin O, hardasa sirli-sehrli məkanda gizlənib. Dedilər ki, yox, əgər sən istəsən, lap yaxın vaxtda görüşdürərik. Sən onu görə bilərsən. “İnam və şübhə”ni vermişdilər, oxumuşdu, söhbət edənə qədər.
Atanın şəkildə sifətini görmüşdüm. Cazibəsini, baxışını. Hadisələrə, şairlərə, məsələlərə tənqidi münaisbətini bildim. Bir az da ağlım imkan verirdi başa düşüm. Atayla görüşdüm. Ata Ocağa qəbul elədi. “Günev” adını verdi. “Evləri günsüzdür” dedi. Gün olub evlərə düşməliyik. İnam, İdrak, Mənəviyyat və İradə günü kimi”. Mən başladım Ocaq fəaliyyətinə.
Nəhayət, heç nədən çəkinmədən bir şeyi hesablayırdım. Ocaq yeriməlidir. Asif Atanın ideyalarını millətə, bəşərə təqdim eləməliyik. Kim nə cür bacarırsa. Kimin hansı istedadı, yazarlığı, birinin natiqliyi kömək eləyər, birinin, bayaqdan vurğuladığımız, daşı daş üstə qoymağı kömək eləyər. Düzdür, bunlar vəhdətdə olsa, daha yaxşıdır. Amma bacardığımızı imkan içində eləməliyik. Mən özümü çox xoşbəxt hesab eləyirəm ki, bu yoldayam. Mən Asif Atanı görmüş bəxtəvərəm. Asif Atanı illərlə dinləmiş bəxtiyaram. Asif Atanın kitablarını oxumuş bəxtəvərəm. Əlini öpmüş bəxtəvərəm. Bu mənim tarixdə üzağlığımdır. Var olun!
Soylu Atalı: Var ol qardaş, qoy bu söhbətlər Ocağımızın uğuruna çevrilsin. Ocaq mühitinin dərinləşməsinə, gözəlləşməsinə qulluq eləsin…
Ocaq ədəbiyyatları mərasim hədiyyələri kimi təqdim olundu: Atanın “İçdən Yaranma” Bitiyi, “Türkdən başlayan Yeni Bəşər İnamı” kitabı, 35-ci ilin mərasimlər və bayramlar kitabı, tədbirlərin disqləri.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə verildi.
Ata Ruhunu ürəyimizdə aparırıq!”,
Atamiz Var olsun!” səcdəsiylə Gün başa çatdı.
Ata Ayı, 36-cı il. Atakənd.
(sentyabr, 2014. Bakı.)