Xəbərlər

Mütləqə İnam Ocağının İlk İnam Evinin (İnam Məbədinin) açılış törəni

Mütləqə İnam Ocağının İlk İnam Evinin (İnam Məbədinin) açılış törəni

Milad Günsırası (təqvimi ilə) 1979-cu ildə genelbəşər varlığında Azərbaycandan başlayan yeni bir era açıldı – Mütləqə İnam, ya da İnsanilik erası. Kitablı,İdeyalı, Bayraqlı, Peyğəmbərli bir era.

Dünyabaxışın – yaşamaq, dəyişiklik yaratmaq, gələcəyə addım götürmək üçün Ruhani Quruma gərəyi vardı. Bu qurum yarandı, yaradıcısının adı ilə Asif Atanın Mütləqə İnam Ocağı adlandırıldı. Ocağın yaşam biçimi, quralları, fəlsəfəsi yarandı, yazıldı. Qurum öz çalışmalarını, başlıca olaraq, Bakıda sürdürdü. Addım-addım bölgələrə yayıldı. Bölgələrdə Ruhani Ailələr biçimində genişlənməyə, gəlişməyə başladı. Getdikcə Azərbaycanın hər yerində eşidildi. Sonra Ocağın sorağı Azərbaycanın sınırlarından uzaqlara da yayıldı. Bu soraq Asif Atanın ölümündən sonra da yayılmaqda davam edir.
Ocağın əsas orqanlarından biri Mərasimlərdir. Bu Mərasimlər, istər Asif Atanın sağlığında, istərsə də, onun ölümündən sonra bireysəl ünvanlarda keçirilir. Ancaq hər bir dünyabaxışda olduğu kimi Mütləqə İnam Ocağının da özünəxas ünvanı – məbədi olmalıdır. Asif Ata sağlığında Evladları qarşısında tələb qoydu: Ocağa ruhani ünvan (Ocaq Evi, ya da İnam Evi adı ilə) yaratmaq gərəkdir. Bağımsız, özü də Ocaq ideyalarının tələbləri ilə biçimlənmiş bir ünvanın olması Ocağa hava-su kimi gərək idi. Belə bir ünvanın özülü Ocaq günsırası ilə 32-ci ildə Beyləqanda (Amal Bağında) qoyuldu. Başkənddən (Bakıdan) uzaqda olsa da, belə bir ünvanın tikintisinə başlamaq olduqca ərdəmli, qeyrətli, sorumlulu bir addım idi. Heç bir Ocaqçının ciddi maddi gəliri yox, yoxsul 3-5 Ocaqçının bu işə girişməsi qıraqdan ağılasığmayan bir xəyalçılıq etkisi bağışlayırdı. Ancaq budur, Günev Atalının bənzərsiz ərdəmliyi ilə Mütləqə İnam Ocağının ilk İnam Evi (Məbədi) tikilib başa çatıbdır.
Bu tikilinin başa gəlməsi təkcə maddi çətinliyə bağlı deyildi. Öyrədilmiş adamların çağaşırı hücumlar eləməsi, bəzən dövlət qurumlarının basqı göstərməsi – psixoloji çətinlikləri birə-beş artırırdı. Ölkədə məscidlərin, kilsələrin, sinaqoqların hər birinə yer var, ancaq bu xalqın özünün ruhaniyyat evi sıxışdırılır, dişlə-dırnaqla araya gəlir. Bu da xalqın özünəyadlaşma faciəsinin görsənişidir. Özümləşməyə, özümlü ünvanın yaranmasına dirəniş göstərmək xalqın mənəvi-ruhani gəlişməsini daha neçə on illər dala atır.
Bütün bu dirənişlərə, basqılara baxmayaraq, Qutsal ünvanımız yarandı, bundan sonra da yeni ünvanlarımızın yaranması davam edəcəkdir. Bu xalq öz mənliyinin evlərinə yiyə çıxacaqdır.
Bu günlərdə Ocaqçılar, Ocaqdostları, ayrı-ayrı ilgilənən soydaşlarımız Bakıdan, rayonlardan Beyləqana səfər etdilər. Oradan da bir neçə soydaşlarımızın qatılması ilə ilk İnam Evinin açılış törənini keçirdik. Törən öncə həyətdə – Asif Atanın ilk dəfə torpağa qoyulduğu ünvanda başladı. Sonra İnam Evinin törənlər odasında davam elədi. Qatılanlar söz dedilər, çıxışlar elədilər. Ocağın xalqın ruhani yaşamında rolu, gələcəkli etkisi, İnam Evinin gərəkliyi başlıca söz qonusu oldu.


Törəni Ocağın Yükümlüsü Soylu Atalı nizamlayırdı. Arada bədii çalarlara da yer verildi. Sazda bir sıra havalar, milli yöndə şeirlər dinlənildi. Çay süfrəsində doğmalaşma söhbətləri də yer aldı.


Günün ikinci yarısı Bakıdan gedənlər Bakıya,rayondan gələnlər də rayonlara qayıtdı. Bir günlük İnam Səfəri yüksək əhvallar, xoş ovqatlar doğurdu.
Xalqımız üçün, İnsanlıq üçün qutlu, uğurlu olsun!

Mütləqə İnam Ocağı
Yağış Ayı, 43-cü il.
(noyabr, 2021).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir