Asif Atanın Mütləqə İnam Ocağı 13 Yağış Ayı, 33-ildə (noyabr, 2011) İnam Evində “İnam Evi günü” Mərasim-Törənini həyata keçirdi. Tədbirdə Ocaqçılardan başqa ayrı-ayrı ziyalılar da iştirak edirdi. Mərasim “Ata Harayları” ilə başladı. 6 ideyanı əks etdirən 6 rəmzi məşəlin yandırılması ilə Mərasim başladı. Hamı “İnam Məbədi – Ata Ruhunun yaratdığı Məktəb!” carını söylədi. Ocağın Yükümlüsü Soylu Atalı Asif Ataya Səcdə ilə giriş sözü dedi və İnam Evinin mahiyyəti üstə fikirlərini söylədi: “İnam Evi türkün həyatında yeni bir hadisə, yeni bir mərhələ deməkdir. Asif Ataya qədər türkün İnam Evi, Ruhaniyyat evi olmayıb. Türk özgələrin evində özünə boylanıb, özgələrin evində özünü tanımaq istəyib, tanıya bilməyib. Onun özünün içində özünü tanıma, özünə dönmə, özünü qəbul eləmə, özünü anlama və dərk eləmə prosesi başlamalıydı. Və bu, Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışı ilə başladı. Bu vaxta qədər həyatımızda heç bir məsələ bütövlükdə xalqı ifadə eləməyib.
…Toplum üçün milli kimlik məsələsi inanc məsələsindən sonar gəlir. Milli kimliyinin ağrısını yaşamır, amma inancına dəyərsən, həşir qoparar. Millətin içində onun azadlığının qarantı İnam məsələsidi. İnanc məsələsi özününkü olmayınca milli kimliyini dərk eləməyəcək. Türk kimliyi ilə bağlı ayrı-ayrı adamlar haray salır. Amma müsəlmanlıq məsələsi olarsa o saat hamı hay-həşir salır. İnanc məsələsi çox önəmli bir məsələdir. Yüz illərdir bizim içimizdə qibləmiz yoxdur. Bu millətin özünün ruhaniyyatı yaranmalı, özünün ruhaniyyat evi olmalıdır, onun məbədi olmalıdır. İnam Evi hadisəmiz həmin mahiyyətə bağlıdır. Asif Atanın sağlığından üzü bu yana daim orda-burda tədbir keçirmişik. Asif Atanın sağlığında tədbirlər mənim kirayə qaldığım evlərdə keçirilirdi. Bu millətin özünə mənəvi-ruhani söz deməyə yeri yoxdur, amma ərəbin sözünü deməyə minlərlə ünvanı var. Ona görə xalq ola bilmirik, ona görə azadlıq tanımırıq. Azadlıq daxili haldı, azadlıq insanla bağlı məsələdir. Azadlıq ulusal keyfiyyətlərə bağlı məsələdir. Azadlıq özgəliyə, həşirə bağlı deyil. Biz çox gözəl anlayırıq ki, özümlü dünyabaxışı xalqa vermək üçün illərlə, əsrlərlə iş görmək lazım gələcək. Dünyabaxış ona görə yaranır ki, sənin ədəbiyyatın, folklorun, mədəniyyətin öz içinə bağlanmalıdır, öz içində qaynaq tapmalıdır. Əgər sənin öz içinə bağlı deyilsə, həyatın bütün sahələri axsaq olacaq. Dəyər yaradırıq, toplum dəyəri dərk eləmir. Ziyalı işidir bu. Ziyalı ola bilmirlər. Qorxurlar, ərəbdən, rusdan, ingilisdən… İnanc məsələsi, ruhaniyyat məsələsi hər şeyin başlanğıcıdır. İnsanlıq ordan başlayır. İctimai həyat, ədəbiyyat, mədəniyyət ordan başlayır.
Biz türk millətinə Ruhaniyyat Evi vermək istəyirik. Beyləqanda Günev Atalı İnam Evi yaratdı. Orda Atayla bağlı ədəbiyyat qoydu, adamları çağırdı. İnsanlar ona qarşı çıxdılar. Amma Günev sevgisindən, hünərindən dönmədi və nəhayət ki, orada İnam Məbədinin bünövrəsini atdıq. Öz memarlıq quruluşu ilə tikiləcək bu İnam Məbədi. Atanın 6 ideyasını əks etdirən 6 sütun üzərində Məbəd. İşləmişik biz bunu, hazırdır.
Bugün tədbir keçirdiyimiz bu ev Ocağın İnam Evi oldu. Biz Ulusəsin ləyaqətini sevdik verdik və buranı İnam Evi kimi qəbul etdik.
Sonra Soylu Atalı İnam Evi ilə bağlı yazdığı Ruhani Sənədi oxudu.
İnam Evinin təqdimat mərasimindən sonra Ulusəs Atalı söz dedi: “Bu gün biz “İnam Evi Günü” Mərasiminə toplaşmışıq. “İnam Evi” mənim anlamımda insanın iç hadisəsidir. “İnam Evi” hadisəsi insanın varolma ünvanıdır…
Biz İnam Evi yaratdıq ki, bu İnamı insana verək!
İndi mən İnam Evi və Odqoruyanlıq Hadisəsi haqda bir-iki kəlmə demək istəyirəm.
Odqoruyanlıq İnam Evinin tərkib hissəsi, atributudur. Mütləqə İnam ideyasının İnam Evində gerçəkləşməsi üçün Odqoruyanın ciddi məsuliyyəti var.
İnam Evinin daş-divarını canlandırmaq, ona Məna vermək, Ruh vermək, onu Müqəddəs məkana çevirmək işində Odqoruyan gündəlik iştirak edir. Bunlar Odqoruyanın həyat tərzi, yaşamı ilə bağlıdır. Odqoruyan Dünyanın, Həyatın, İnsanın Əzəli, Əbədi, Kamil, Sonsuz olmasını öz halı kimi izhar etməlidir. Burada Odqoruyanın ruhani hal daşıyıcılığı, ruhunun ölümsüzlüyü bilinməlidir. Başqa sözlə, o, Odqoruyanlıq hadisəsinin timsalına çevrilməli, bu halı elə biçimdə yaşatmalıdır ki, fiziki yoxluğundan sonra da bu hal bilinsin, görünsün, yaşasın.
Odqoruyanlıq işi olmasa İnam Evi sönük görünər…
İnam Evi ideyası insanların təsəvvüründə Həqiqət üstə düşüncə tərzi yarada bilən Möhtəşəm ideyadır. İnam Evi bu deyilənlərdən kənarda məkana bərabərdir və daş-divardan ibarətdir. Nisbidir, ölümlüdür, maddidir (çünki Ruhsuzdur). İnam Evini canlandıran, ona Ruh verən – İnsandır, Kamilliyə, Mütləqə can atan, Mütləqləşməyə qadir olan İnsan! İdeyanı Məkan deyil, İnsani Yaşam var edir”…
Ocaqdostu Ağşın Ağkəmərli tədbir münasibətilə iştirakçıları təbrik etdi: “Ulusəsi də ayrıca təbrik edirəm bu addımı ilə. 20-ci yüzilin əvvəlindən böyük tarixi hadisələrin şahidi olmuşuq. Dövlətçiliyimizə doğru addımlar atmışıq, ancaq onları isbatlamaq, qalmasını qorumaq gücümüz olmadığına görə itirə-itirə gəlmişik. 20-ci əsrin sonunda bir Böyük Hadisə baş verdi. Bu Hadisənin də baş vermə səbəbləri bundan irəli gəlir ki, hər şey öz içimizdən, öz varlığımızdan başlamalıdır. 100 il, ya 200 il itirdiyimiz hansısa bir məqamın boşluğu, qüsuru və təməli öz içimizdən gələn bir məsələdir. Əgər Asif Ata 20-ci əsrin sonlarında ortaya çıxmasaydı, biz səhvlərimizi 21-ci əsrə aparardıq. Asif Ata bütün itirdiyimiz dəyərləri bizim xalqımıza bir sintez kimi, kimlik kimi, dəyər kimi verdi və onun nəticəsindədir ki, biz hər şeyin mahiyyətini, varlığını öz içimizdən görməyə başladıq. Bu, mənim üçün çox əhəmiyyətli bir məqam idi”…
Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan tədbirə dəvət üçün təşəkkür etdi, hər kəsi “İnam Evi Günü” münasibətilə təbrik etdi: “İnam var idi, indi İnam Evi var, üçüncü mərhələdə bu İnama və İnam Evinə dayanaraq İnamı xalqın içinə yaymaq məsələsidir. Həqiqətən də İslam dini ölkəmizə zor gücünə gətiriləndə xəlifə burdakı insanların müqavimətini görüb. Nəsillərimiz davam edib. Amma daha pis hadisə baş verib. Ruhumuz sındırılıb, qırılıb, öldürülüb. Bugün bioloji olaraq türk olsaq da, inancımız türk inancı deyil deyə, öz türklüyümüzü, gücümüzü, mahiyyətimizi ortaya qoya bilmirik. Mübaliğəsiz deyirəm ki, bir nömrəli millət olan türk elə bir rəzil durumdadır ki, başqa millətlərin onun üçün yazdığı taleyə məhkumdur. Başqa millətlərin atdığı addım nəticəsində bütövləşəcəkmi, dövlət quracaqmı, millət olacaqmı deyə baş sındırmaqdadır. Və bu rəzil durumdan onu ancaq öz İnamı, Düşüncə sistemi, öz Ruhaniyyat sistemi xilas edə bilər.
… Millətimiz üçün süni hədəflər yaranıb. Bizə elə gəlir ki, biz Topxananı qırılmaqdan, Urmiya gölünü qurumaqdan qurtarmalıyıq. Əslində bunlar görüntüdür. Biz millətimizi yox olmaqdan qurtarmalıyıq. Biz millətimizi var olmağa doğru aparmalıyıq. Bunun üçün ona elə dəyərlər təqdim etməliyik ki, milli çalarlarımız özünü göstərsin. Müstəqillik günü qeyd edirik, amma həmin qüruru yaşaya bilmirik. 20 % işğal olunub. Çünki dövlət o zaman müstəqildir ki, öz ərazisi üzərində hakimdir… Milli dəyərlər üzərində formalaşmaq və milli dəyərlər ətrafında çalışmaq müqəddəs işdir.
Bütün yollar kiçik saydan başlayır. Əsas məsələ Yol gedən insanların Yola sadiqliyidir. O Yola sadiq insanların hər şeydən keçmələridir. Bugünkü gündə biz onu görürük. Bizim tutduğumuz yol son nəticədə millətimiz üçün xeyirli olacaq. Azərbaycan türkü bu qaranlıqdan çıxmağa nail olacaq. Sizə tutduğunuz yolda uğurlar arzulayıram”.
Nurtəkin Atalı Ataya Səcdə edərək sözünə başladı: “Həyatın gedişatı, qaydası var, təbiətin də özünün gedişatı qaydası var. O qaydaya tabe oluruq və onu özünün nizamı, qaydası kimi də qəbul edirik. İnsana Dünyanın əşrəfi deyirik. Bu insandan insanlıq umulur, insanlıq tələb olunur. Amma dünyanın halında insanlıq yoxdur, daha çox heyvanlıq var, zor var. Bizim Azərbaycançılıq dəyərlərimizdən biri Hürufilikdir. Onlar o vaxt meydana çıxdılar ki, Teymur bir gündə minlərlə insanı öldürürdü. Nəimi isə deyirdi ki, İnsan Allahdır. İnadla deyirdi “İnsan Allahdır”. Bu o deməkdir ki, zor güc deyil, insanlıq gücdür. Əgər o dövrdə o deyilməsəydi, mən indi qürurla deməzdim ki, mənim Nəimi babam belə bir şey deyib. O ruhdan çıxış edirəm… Dünyanın gedişatında biz azıq, amma güclüyük, çünki silahımız insanlıqdır. Biz İnsanlıq bayrağını başımız üzərinə qaldırmışıq. Və ömrümüzü, fikrimizi bu yöndə qururuq. Ömrümüzü buna veririk, həm özümüz, həm millətimiz var olur.
İnam Evi hadisəsi həm bizim, həm millətimiz üçün önəmli hadisədir. Bunun təməli nədir? Bu Ev dağıla bilər, amma bu Evin təməli insan ömrüdür. Çünki bu içdə var, ömürdə var, ruhda var və o yenidən qurulacaq. Əsas olan odur ki, ömürdə onu qurdun, təməlini Asif Atanın ideyalarıyla köklədin. Öz xarakterini, üzünü elə yaradırsan ki, bir üzlü, bir yollu olur və heç şey çaşdırmır. Sarsıla da bilərsən, daş da ata bilərlər, təhqir də edə bilərlər, amma bu Yolu gedirsən. Dünyada baş verən hadisəyə müdaxilə edə bilməsəm də öz yolumu gedirəm və sabahın qurulmasında bunun mütləq təsiri olacaq. Davam edirəm. Edəndə mütləq onun işığı yayılacaq. İnam Evi də olacaq, onun cazibəsinə toplaşanlar da olacaq. O Evi yaradan nədir – ömürlər. O ömürlər çağıracaq, inandıracaq onları. Hamını təbrik edirəm”.
Şair Ayaz Şıxalıoğlu təbrik sözündə dedi ki: “Çətindir. Bu, ondan irəli gəlir ki, bu çətinlik çox böyük dərddir. Düşdüyümüz fəlakət çox böyükdür. Damla-damla və ya çox böyük həcmdə bunlar gəlib bizə yığılıblar. Və böyük dəryaya çevrilib. Millət qalıb ada kimi, obrazlı desək. Hər tərəf sudur. Bununla belə içimizdə o İnam, ləyaqət bizi ruhdan düşməyə qoymur. Yaşamaq, ləyaqətli yaşamaq… Türkə nə qədər bəlalar gəlib, hələ ayılmır. Bu mənada Asif Ata Ocağına üz tutmuşam, o işığa. Bu insanlarla da fəxr edirəm. Bu hadisə Azərbaycan üçün çox önəmlidir”.
Ayaz Şıxalığolu təbrik sözünü bir şeiri ilə tamamladı.
Yasin Türksoy “İnam Evi Günü” iştirakçılarını təbrik etdi. İnam Evinin Mütləqə İnam Ruhaniyyatının əsas tələblərindən biri olduğunu vurğuladı: “Əsas görəvimiz İnamın xalqa yayılmasını genişləndirməklə həm də özümüzü böyütmüş oluruq. Hər birimiz əlimizdən gələni eləməliyik. Heç kim düşünməsin ki, nə etsəm azdır, ya çoxdur, etmək lazımdır, yük altına vermək lazımdır özünü. Çünki Yadlıq bizi divara dirəyib. Asif Ata “Məkkəmiz özümüzdən olsun – Bakımızda” deyəndə heç də bəhsə girməyə görə demirdi. Onlarda varsa, bizdə də olsun deyə yox. Şərqin ruhaniyyat sütunu Azərbaycanın əzəli mahiyyətini özünə qaytarmağı düşünürdü. “Məqsədim Mütləqə İnam əsasında İnsan yetişdirməkdir. Ocaq yüksək İnam, İdrak, Mənəviyyat, İradə səviyyəsində xalq yetişdirməlidir. İnsanlaşmalıdır adamlar. Onda bəşər fəlakətdən xilas olacaq. İnsanlaşmadan ləyaqətli bəşər, ləyaqətli həyat qurmaq olmaz” deyirdi Asif Ata. Atanın sağlığında o dönəmin ziyalıları bütövlükdə Atanı dərk edə bilmirdilər. Onların xəstə təxəyyülündə peyğəmbərlər yalnız səhrada, atın, dəvənin belində olmalıdırlar. Türkün sahiblik psixologiyası, dəyanəti yaxşı haldır. Bəşərdə bunun tayı, bərabəri azdır. Bəs türkün sahib çıxdığı türkü qorumaq gücündədirmi? Türkə gərəkdirmi? Bu yerdə dinin bütün imkanları tükənir. İnam xurafata çevrilir. Özlərini əziyyətə salmaq istəmirdilər “ziyalılar”. Azərbaycanın ziyalı mühiti Asif Atanı dərk etmirsə, vətənə yararlı ziyalı deyil. Möminlik adıyla bölücülük, yalançı müqəddəslik, əli Quranlı, qılıncılı quldurlar, – mənəvi, siyasi özgələşdirmələr. Tarixdə həmişə “xoş günə” çıxarmağa gələnlər milli ruhu öldürüblər, imperiyaya xidmət edən əyalətə çeviriblər. Məqsədimiz uydurma din cəgəngiyyatından ruhani cəmiyyət quruculuğunadır. Atamız da var, Kitabımız da, Məbədimiz də var – qurulacaqdır. Atamız var olsun!”
Asif Ozan təbrik sözündə qeyd etdi ki: “Hər hansı bir ulusun milli dəyərləri olmasa, o çox tezliklə hər hansı bir başqa toplumun içində assimilyasiya olmalıdır, inteqrasiya yox. Azərbaycan türkləri milli dəyərlər sistemi, milli özünü dərk sistemi qurmağa çalışmışdır. Asif Atanın yaratdığı İnam ideyası, onun təliminin milli dəyərlərə söykənən prinsiplər üzərində qurulmuş ideoloji sistemi idi. Bu ideoloji sistem təsadüfi hadisə deyil. Dədə Qorquddan başlamış Babək hərəkatı və sonuncu hadisə olaraq Asif Ata Ocağının yaranması arasında bir-biri ilə bağlı varislik əlaqəsini təsdiq edən kifayət qədər hadisələr var. 7-ci əsrdə Azərbaycan türklərinin milli inancına qarşı qəsb olunma hadisəsi – İslam hadisəsi baş verdi. Azərbaycan türklərinin İslamla 200 ildən artıq mübarizə hərəkatı başladı. Bu müqavimətin başında Xürrəmilər hərəkatı və Babək vardı. Bu təsadüfi hadisə deyil. Denyanın heç bir xalqı Azərbaycan xalqı qədər İslamı dirənişlə qəbul etməyib. Bu onu göstərir ki, biz öz milli inancı olan bir etnos, millət olmuşuq. Sonrakı proseslər təsdiq etdi ki, İslam Azərbaycan türkünün genində, qanında kodlaşmış milli inancı məhv edə bilmədi. Bu, artıq Nəimi dünyagörüşündə bir daha boy verdi. Nəsimidə kulminasiya nöqtəsinə çatdı. Asif Ata yeni mərhələ başladı. Türk inancını İslam inancına qarşı qoydu. Heç zaman bədbinləşməməliyik. Etnoenerji var ruhumuzda…
Bu gün İslamdan daha çox Avropa düşüncə modeli təhlükəsi var. Biz öz gənclərimizi Avropa dəyərlərinə pərəstiş ruhunda tərbiyə etməklə İslamın milli ruhumuza vurduğu zərbədən heç də az zərbə vurmuruq. Mən istəyərdim ki, milli ruhun dirçəlişi uğrunda mübarizə aparanda bu faktoru bir an da olsun unutmayaq. Gənclərimiz çadradan daha çox açıq paltarlara bürünürlər. Avropanın diktə elədiyi düşüncə sistemi, Avropanın mədəniyyət adıyla Azərbaycana sırıdığı davranış tərzi, geyim tərzi və “dəyərləri” bizi türkçülükdən, insani və milli ləyaqətdən məhrum edir. Avropa düşüncəsi kosmopolit mühit, cəmiyyət, toplum, düşüncə yaratmaq istəyir ki bu, İslamdan daha təhlükəlidir. Ona görə İnam Ocağının üzərinə çox böyük, nəhəng missiya düşür. Bu tarixi missiyanın yerinə yetirilməsində mən sizə böyük uğurlar arzulayıram. Arzulayıram ki, damarında, qanında, genində türklük olan insanlar bu İnamın içində olmasalar da, bu İnamın arxasında dayansınlar”.
İlham Mustafa: “İnam Evi Günü” münasibətilə tərbik edirəm. Böyük işdir. Biz hər tərəfdən sıxılırıq. Millətimiz, torpağımız, səmamız sıxıntı içindədir. Dünyada ikinci bir millət görmürəm ki, olmayan bir şeyi ilə fəxr eləsin. Amma biz dünya türkləri başqasına bənzəməyə çalışırıq. Heç bir millət özünü bizə oxşatmaq istəmir. Ancaq biz başqalarına oxşamağa çalışırıq. Başqa millətlər bizi daha yaxşı tanıyır ki, nəyə qadirik… 4-cü sinifdə oxuyanda atam deyərdi ki, səni Səmərqəndə göndərəcəm ki, oxuyub molla olasan. O vaxtlar İslam bilmirdim nədir, ancaq içimdə nifrət oyanmışdı ki, mən nə olmaq istəyrəm, atam məni hara göndərir…
Pul xərcləyib gedirlər Ərəbistana, şeytana daş atırlar, torpaqlarımız işğalda, girovlarımız var, amma biz o sərmayəni, xalqdan taladığımız pulları ərəblərə yardım edirik, ərəb şeyxləri də gəlib burda sekta açır. Azərbaycanda millətçilik yoxdur. Çox çalışmalıyıq. Məktəblərdə, hər yerdə ki biz türk olaq. Hadisələri elə qururlar ki, əsas məsələlərdən yayınaq. Urmiyasız da yaşamaq olar, əsas millətin mənəviyyatıdır, əsas olan millətdir, toplumdur. O olmasa, yaşamaq olmaz. Fitrətən qüdrətli olan türk bu gün məhv olub gedir. 60 Avropa ölkəsindən xərac alan türk Avropa Birliyinə can atır. Asif Atanın yaratdığı özüylə mübarizə, özüylə döyüş ideyası, doğrudan da, bizə gərəkdir, özümüzlə döyüşməliyik. Özümüzə qalib gəlməsək, gələcəyimizi qura bilməyəcəyik”.
İnamlı Atalı Ataya Səcdə edərək sözünə başladı: “İnam Evi rəmzi məna daşıyır. İnam Evi – bura gələn Amaldaşlarımızın daşıdığı ürəkdir. Ulusəsə təşəkkür edirəm ki, öz fədakarlığı ilə örnək ola bilir.
Soylu bəy bir dəfə dedi ki, mən 5 nəfər insanla çox işlər görə bilərəm. Mənə çatmırdı bu. Bəli, güc daxili imkanlardır, inamdır, düşüncədir.
Bəşəriyyətdə hər bir şeyə ev tikilib – insanlardan başqa. İnsan hər şeyi yaratdı, özündən başqa, hər şeyi qiymətləndirdi, özündən başqa. Kosmosa belə çıxdı, amma ruhu yerdən qopa bilmədi. İnsanı özünə tapındıracaq yer, məkan olmadı. 20-ci yüzilin sonlarında Ata bu İnamı, İnsanlıq Dünyasını yaratdı və hər şeyi insanın taleyinə, insanın iradəsinə bağladı. Atada insan insana səcdə edir. Nə vaxtsa, 3 əsrəmi, 5 əsrəmi bəşəriyyətin bu Evə ehtiyacı olacaq. Heç bir millət, xalq insanı başının üzərinə qaldırmayıb. Sanki insandan qorxublar. Çünki İnsan özünə inanmır. Ona görə bəşəriyyət bugünə qalıb. Ona görə İnam Evi ürəyimizdədir. Bu qədər dərdimiz, problemlərimiz var. Bunların həlli məhz bizim İnam Evimizdən keçir. Atamız var olsun!”
Kimya elmi üzrə alim İnqilab İsmayıl: “Birinci dəfə iştirak etməyimə baxmayaraq, özümü sərbəst hiss edirəm. Çünki burda təmizlik görürəm. Hamımızın bir həyat yolu olub. Ancaq biz bugün ziyarətə gəlmişik. Təbrik edirik. Bugünkü bədbin və ya ruh yüksəkliyi ilə danışmağımız ondan irəli gəlir ki, həqiqi mənada bizə çoxlu kömək lazımdır. Türk bir üzü Altay, o biri üzü Avropaya gəlib çıxır. İçərimizdə türklüyümüzə düşmənlər çoxdur. Buna qələbə çalmaq üçün ağıllı insanların çalışması lazımdır.
Türk xalqları bir mərkəzdə birləşmir, ulduzlara dönüb. O ay deyil işıq versin, ayrı-ayrı ulduzlardan işıq gəlmir. Bir mərkəzdə birləşməlidir.
Türk özündən uzaqlaşıb, nə inancı qalıb, Müsəlman, xristian və başqa dinlərdən olan türklərimiz var. Bu, həmin o ulduzlardandır. Biz hamımız İnam ocağı ətrafında bir araya gəlsək, ciddi qələbələrə imza ata bilərik.
Sizin tədbirlərdə adam-insan fərqi deyilir. Biz öz daxilimizdə kamilləşməliyik ki, insanlara nəsə çatdıra bilək. Ocaqdan dərs almasaq, çətin olar. Belə tədbirlərin keçirilməsi yaxşı haldır. Nə danışmaq, kimin nəyə qadir olduğunu görmək, adamın öz yolunu tutmasını təmin edir belə tədbirlər.
Bu İnancı alqışlayıram. Asif Atanın fəlsəfəsi ilə tanış deyiləm, amma öyrənmək istəyirəm.
Bu yolda sizə, amaldaşlara xoş arzularımı çatdırıram.
Tədbirdə iştirak edən ziyalılardan Yusif Əli də təbrik sözünə qoşularaq düşüncələrini dilə gətirdi: “Mən alqışlayıram sizi, gözəl Yoldur. İslam 1300-1400 ildir ki, inam kimi bu ölkədə qərarlaşdı, vaxt tələb edir ki, bu ideologiya dəyişsin. Bir zaman böyük olan torpağın belə kiçilib Kür’ə dayanması inamsızlığın nəticəsidir.
Ulusəsin oxuduğu o tezislərin yayılması gözəl olardı. Bu tezisləri anılamaq üçün gərək o qaynağı əldə eləyəsən. Bunun yayılması gözəl iş olardı. Mən alqışlayıram bu işinizi, uğurlar arzulayıram”.
Habil Əsgər də təbrikə qoşuldu. Asif Ata ideyalarını alqışladığını söylədi.
Günev Atalı telefonla (Rusiyadan) Tədbirə qoşuldu: “Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdəylə!
Mən və Elana sizin hər birinizi bağrımıza basıb “İnam Evi Günü” münasibətilə təbrik edirik. Ruhən sizin yanınızda olduğumuzu qəbul edin.
Bəşəriyyətin İnsansızlıq, İnamsızlıq fəlakəti ilə üz-üzə qaldığı bir zamanda bir qom insanın hər bir çətinliyə sinə gərərək böyük bir ləyaqətlə İnamı yaşatması həyatımıza ümid gətirir və qürur yaradır. Asif Atanın yaratdığı İnsani hal bugün müxtəlif ünvanlardan yayılaraq, yeni yön yaradır. Mən Amal Bağında İnam Evinin Odqoruyanı olaraq, hansı fərəhlərlə yaşadığımı sizlərə bəyan eləmişəm. Bütün çətinlikləri nuş edib Amalımızı yaşatmaqdan dala durmamışam və bundan sonra da öz fərəhli uğurlarıma doğru Yol gedəcəm. Bu gün yeni bir İnam Evimizin təqdim olunması ürəyimi qürur hissiylə doldurur. Bu münasibətlə Ulusəs Atalının Ruhani fədakarlığını, milli-insani qeyrətini təbrik edirəm. Onunla öyünür və böyük Yolda ona güvənirəm. Biz hələ çox işlər görəcəyik. Ata bizə ruhani təpər verib. Biz Ata qarşısında içdiymiz andı doğrulduruq.
Atamız var olsun!”
Sonda Ocaq Yükümlüsü Soylu Atalı bir neçə məsələyə toxunmaq istədiyini dedi: “Biz Asif Atanın Mütləqə İnam Ocağı olaraq, görüşlər keçiririk, səfərlər edirik, ədəbiyyatlar yayırıq. Əlimizdən gələni edirik ki, Asif Atanın düşüncəsi ilə insanları bilgiləndirək. Bizim xalqımız elə duruma salınıb ki, xalq olmaq istəmir. Mən bədbin adam deyiləm. Çünki bədbinliyə endiyim gün dayanaram. 21 ildir mən Asif Atanın arxasınca gedirəm. Bu gücü mənə içimdə tapdığım İnam verir. Söhbət xalqdan gedir. Onun içində çox işləmək lazımdır. Məhz İnam Evində Oxu odasını təşkil edirik ki, insanlarımız Asif Atanın ideyalarını öyrənsinlər.
Asif Atanın ideyalarından doğan 3 təməl prinsipi var. O deyir ki, Din İnamla əvəz olunmalıdır. Asif Ata dini öyrəndi və dedi ki, dinin təməlində yalan var, yalan da insanı məhv edir. Yalan insanı öz mahiyyətindən ayırır, üzünü ölümə doğru çevirir. Yalansız, elmə, idraka, həqiqətə əsaslanan İnam olmalıdır.
İkinci prinsip, siyasət həqiqətlə əvəz olunmalıdır. Kimsə deyər dövlətin idarə olunmasında, ölkələrarası münasibətlərdə bunun əlamətləri qalacaq. “Siyasət həqiqətlə əvəz olunmalıdır” tezisini belə bir xətdə dayanıb aydınlaşdırmaq lazımdır ki, bugünə qədər siyasət evimizin içindədir, siyasət münasibətlərimizdədir. Siyasət analıq dediyimiz müqəddəs hadisənin içinə girib. Atalıq dediyimiz, bacılıq dediyimiz, qardaşlıq, dostluq, qonşuluq dediymiz müqəddəs məfhumların içinə girib. Hər kəs münasibəti kələk üstə qurur, siyasət üstə qurur. İnamsızlıq üstə qurur. Siyasət inamsızlıq deməkdir. Siyasət insanlığın qırıldığı nöqtədir. İnsanın insana inanmadığı nöqtədir. İnsan insana inanmadığı nöqtədən başladı kələk gəlməyə, aldatmağa. Və bu, böyüdü, xalqlararası münasibətə çevrildi, ölkələrarası münasibətə çevrildi və s. Ona görə də Ata deyir ki, siyasət həqiqətlə əvəz olunmalıdr.
Üçüncü, “Maddiyyatçılıq Ruhaniyyatçılıqla əvəz olunmalıdır”. Təmənnasızlıq, fədakarlıq, vicdançılıq – Asif Atanın mənəviyyata verdiyi təyindir. Mənəviyyat anlamının içi bu dediklərimizə bağlıdır. Əgər insan böyük məsələlərdə təmənnasız ola bilmirsə, o xalq ola bilmir. Əgər insan özündən keçə bilmirsə, o xalq ola bilmir. Nə qədər istəyirsən xalqın tarixi, gücü haqqında danışaq. Nə qədər ki, sən insan olaraq qurulmamısan, nə qədər ki, bu dediyimiz keyfiyyətlər sənin içində oturmayıb, təməlində yalan olmayan İnam əsasında yaşamırsan, xalq ola bilməyəcəksən. Xalq o keyfiyyətlərdən yaranır. O keyfiyyətlər insan qəlbinin, insan varlığının iç qatıdır, üzvi hissədir. Bu prinsiplərə dayanaraq hər bir fərd özünü qurur, öz içini qurur, öz fədakarlığı ilə, təmənnasızlığı ilə gəlir deyir ki, mən xalq olmaq istəyriəm. Onun fəaliyyəti xalqın içində dalğalanır. İnsanı insanlıqdan çıxaran nədir? Xalqı xəlqilikdən çıxaran nədir? Vətəni vətənsizləşdirən nədir, bəşəri simasızlaşdıran nədir? Yalana əsaslanan, təməlində yalan olan din.
Din pis məqsədlə gəlməyib. Dinin başında duranın ağlının, qəlbinin gücü çatmadı yalandan xilas olsun. Niyyətini qorumağa gücü çatmadı, qılıncı götürdü. Peyğəmbər gəlib ki, dünyanı xilas eləsin. Amma onun gəlişiylə Yalan varsa, zor gələcək arxasınca. Mümkün deyil ki, yalan olsun və humanizm olsun. Yalan gəlir və zor onu təsdiqləyir. Həqiqət zor istəmir. Həqiqət deyir ki, mən özümü doğruldacam. Yetər ki, sən sev, ağlının, qəlbinin qapılarını aç, mən ora girəcəm. Yalan isə zora deyir ki, məni qoru.
Nə qədər ki, millət öz etnik, milli kimliyini dərk eləmir, keyfiyyətini yaratmır, o keyfiyyət əsasında mədəniyyətini qurmur, onu hər şey yenəcək. Avropanın ayağının altına özünü yıxacaq.
Biz insan olaraq bioloji təməlimizə qaçırıq. Candan, cisimdən gəldik dünyaya. Biz ordan gəldik ki, mahiyyətimizi təsdiq edək. Həyat çətinliklər deməkdir, onu aşa bilməyəndə qayıdırıq. Ürəyimizə güc verən dəyər, meyar, dünyabaxış olmayanda qaçırıq öz təbii-bioloji halımıza.
Təmənnasızlıq, vicdançılıq, fədakarlıq təsdiqini tapmalıdır. Əgər insan təmənnasızlığa yetməyəcəksə, onun vətən sözü qara rəngə boyanır. Dar ürəkdən, məhdud ürəkdən işıqlı söz gəlməyəcək, qaranlıq doğacaq. Ona görə də təmənnasızlıq, vicdançılıq, fədakarlıq – Vətəni də qurmağın açarı bundadır, milləti də qurmağın açarı bundadır, bəşəri özünə bənzətməyin açarı bundadır. Hər şey insandan başlayır. Ona görə də İnsanlaşın – İnsanlaşdırın carını deyirik” (Bayrağa işarə edir – N.A.).
“Ata Ruhunu Ürəyimizdə aparırıq!” carı ilə “İnam Evi Günü” Mərasim-Törənin I hissəsi sona çatdı. Sonra çay süfrəsində doğmalaşma yönündə fikir bölüşmələri oldu.
Hazırladı: Nurtəkin Atalı
Yağış Ayı, 33-il. Saray-Soylu.
(noyabr, 2011).