Xəbərlər

Nəimi – 675

Soylu AtalıÜrəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Böyük Azərbaycan-türk düşünəri, Hürufilik Təliminin yaradıcısı Fəzlullah Nəiminin 675-illiyi qarşısındayıq. Bu böyük şəxsiyyətimizin yaratdığı dəyər xalqımızın mənəvi-ruhani mahiyyətindən yaranmış, indi də yadlıqlara qarşı milli tutalqa sayılacaq bir olaydır. Öyrənmək, öyrətmək, yiyə çıxmaq gərəkdir. İndi Soylu Atalının Nəimi şəxsiyyəti ilə bağlı yığcam bir yazısını sunuruq.

 

Mütləqə İnam Ocağı

 

 

Nəimi – 675

Azərbaycan dəyərlər vətənidir. Yüzilliklərin tarixini arasıkəsilmədən heyrətləndirən bir millətin vətəni. Zamanların, dövrlərin gəlişmə nizamına göz yetirsək, orada Azərbaycan düşüncəsinin, mənəviyyatının izini, etkisini görərik. Hər bir xalq zaman-zaman Azərbaycan dəyərlərinə üz tutub – araşdırıb, öyrənib, bəhrələnib. Bu dəyərlərimizdən biri XIV yüzildə meydana gələn Hürufilik təlimidir. Minilliklərin yaşamında özünü göstərən “Vəhdəti-Vücud” (Varlığın Birliyi) ideyası Hürufilikdə yüksək bir mərtəbəyə qalxmışdır. Başqa cür desək, bu ideyanın sintezi kimi insanın Allaha tən olması düşüncəsi ortaya çıxmışdır ki, bu da ərəbcədə deyilən “Ənəl-Həqq” sözü ilə bəyan edilmişdir. Yaradıcısı Azərbaycan türkü Şeyx Fəzlullah Nəimi olmuşdur. Hürufilik ərəb dilindəki “hərf” sözünün toplamını bildirir. Nəimi öz təlimini ərəb abesinin anlamı ilə izah edərək, buna özəl mistik anlayış kimi yanaşmışdır. Quranın yazıldığı ərəb abesinin hərfləri sözləri, kəlamları ifadə edir. Sözlər isə varlığın əsasıdır. Allah sözlər araçılığı ilə insanda təcəlla tapır.

Eləcə də insan üzünün cizgiləri Hürufilik təlimində önəmli yer tutur. Nəiminin düşüncəsinə görə, əgər Quranda qutsal anlam oxumaq istəyirsənsə, insanın üzünə bax. Orada Allahın varlığını nişan verən ifadələr bəs qədərdir…

Bu yazıda Hürufiliklə bağlı bəlli həqiqətləri təkrar etməyə gərək duymuruq. Sadəcə böyük bir həqiqəti insanlarımıza xatırlatmaq istəyirik: Bu gün biz, təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin böyük şəxsiyyətlərindən biri olan Nəiminin anadan olmasının 675 illiyi qarşısındayıq. Biz özümüzü bu şəxsiyyətimizin düşüncəsinin, əməyinin yiyəsi və varisi kimi görürük. Odur ki, onun şəxsiyyətini və yaradıcılığını imkanlarımız içində öyrənməyi və öyrətməyi özümüzə borc bilirik.

Bu gün başqa dəyərləimiz və şəxsiyyətlərimiz kimi Nəimi haqqında da dolaşıq-qarışıq fikirlər formalaşdırmağa çalışırlar. Bir çox islam dininə bağlı yazarlar Nəimi ilə bağlı xoşagəlməz fikirlər söyləmiş, o çağın, eləcə də sonrakı çağların insanlarını çaşdırmağa meyillənmişlər. Çağdaşlarından biri yazır ki, “Fəzlullah Nəimi öz yalançı təlimi ilə insanları yoldan çıxarır, hətta Əmir Teymura da etki göstərməyə çalışırmış. Teymur isə onun küfrünə inanmayıb edam etdirmişdir”. Baxın, bütün dühalara deyilən ittihamdır. Miladdan öncə Sokrata qarşı da oxşar ittiham irəli sürülmüşdür: “Sokrat aldadıcı fikirləri ilə Afina gənclərini yoldan çıxarır, onları üsyankar ruhda tərbiyə edir”.

Ancaq yuxarıda qısaca olaraq Hürufiliyin anlamını vurğuladıq. Göründüyü kimi, ideyanın anlamı Nəimi şəxsiyyətinin böyüklüyünü ortaya qoyur. İnsana bunca yüksək qiymət verən, ən başlıcası, bəşər yaşamında Nəsimi kimi ölməz düha yetişdirən bir şəxsiyyətin mənliyi, kimliyi bəri başdan bəlli olur.

Bununla belə, bu gün çağdaşlarımız arasında dinə bağlı bəzi yazarlar Nəimini də, Nəsimini də dindar elan edirlər. Onların din yolu ilə getdikləri düşüncəsini formalaşdırmağa çalışırlar. Bu da onunla bağlıdır ki, Nəimi öz təlimini elan edənə qədər ünlü sufi şeyxi Şiblinin ardıcılı olmuşdur. Sonralar o, İslamın Şiə və Sünni məzhəblərinin yandaşları arasından özünə ardıcıllar hazırlamışdır. Bəzi qaynaqlar bildirir ki, o, özünün XII İmam Mehdi olduğunu da vurğulamışdır. Bizim bunları danmaqla Nəimini süni olaraq arılığa çıxarmaq istəyimiz yoxdur. Başqa anlamda desək, əslində burada qəbahətli bir şey də yoxdur. Qaranlığın, cəhalətin yayıldığı bir ortamda Hürufilər taktik davranışlar da sərgiləyə bilərdilər. Üzdə İslamın içindən boylanmasaydılar, düşüncələrini yaymaq çabaları mümkünsüz olardı.

Əslində isə Nəiminin ideya mövqeyi bəs qədər aydın deyilirdi. Məsələn, Nəimiyə görə kainat əbədidir, sadəcə ayrı-ayrı dövrlər bir-birini əvəz edir. (Dində isə dünyanın faniliyi ideyası vardır). Dövrlərin bir-birini əvəz etməsi isə peyğəmbərlik, imamlıq və allahlıq aşamalarını ortaya çıxarır. Adəmlə başlayan peyğəmbərlik dövrü, Məhəmmədlə başa çatmışdır. Əli ibn Əbu Taliblə başlayan imamlıq dövrü XI imam Həsənlə başa çatmışdır. Allahlıq dövrü isə Fəzlullahla başlamışdır. Burada iki cəhət öz izahını tapır. Birincisi odur ki, Nəimi peyğəmbərlik etsə də, özünə müsəlmanlar arasında peyğəmbər deməmişdir. Çünkü Məhəmməd, ondan sonra peyğəmbərin olmayacağını söyləmişdir. Deməli, müsəlmanları öz təliminə yönəldib cəhaləti aradan qaldırmaq üçün açıq şəkildə Məhəmmədin bu deyilişinə qarşı çıxmağı gərək bilməmişdir. İkinci tərəfdən isə, özünün Allah olduğunu deməklə, müsəlman soydaşlarının diqqətini daha böyük ideyaya yönəltmiş, bütövlükdə insan haqqında ən yüksək fikir formalaşdırmağa çalışmışdır.

Neimi

Nəimi öz təlimini öyrətmək üçün bir sıra əsərlər yazmışdır. Nə yazıqlar ki, bu gün bizə o əsərlərin yalnız adları bəllidir: “Cavidannamə”, “Növmnamə”, “Vəsiyyətnamə”, “Məhəbbətnamə”, “Ərşnamə”, İskəndərnamə”… Biz Nəimini ayrı-ayrı epizodik bilgilərdən, daha çox isə Nəsiminin qəzəllərindən öyrəniriik. Nəsiminin qəzəllərində baş xətt, yuxarıda deyildiyi kimi, “insanın üzü hərf və kəlamların ünvanıdır” ideyasının vurğusudur. Bu ideya sonralar Füzuli yaradıcılığına da etki göstərmişdir. İnsan üzünün ilahi sirlərin ifadəsi olması onun qəzəllərində önəmli yer tutur. Məsələn: “Heyrət ey büt, surətin gördükdə lal eylər məni” və b.k. Bu ayrı bir qonudur.

Onu da demək yerinə düşər ki, Hürufilik türk panteizminin sintezi olmaqla, özündə Zərdüştlüyün, Hürrəmdinliyin anlamlarını da ifadə edir. İnsandakı geriliyə qarşı ideya savaşı açan Nəimi Hürufilikdə Hörmüzd analamı ilə təcəlla tapır. Eləcə də, Hürrəmdinliyin “insan özgürlüyü və bağımsızlığı” ideyası, Hürufilikdə insanın ilahi qüdrətə xas olmasında özünü göstərir, insanın özünün bunu dərk eləməsi ilə ifadə olunur.

Sonda bildiririk ki, Azərbaycan-türk dəyərləri, adını çəkdiyimiz və çəkmədiklərimiz, Asif Atanın Mütləqə İnam Dünyagörüşündə ümumiləşir, uca, qalıcı xassələri ilə yenidən düşüncəmizə, yaşamımıza qayıdır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Soylu Atalı

(Mütləqə İnam Ocağının Yükümlüsü)

 

 Xəzan Ayı, 37-ci il.

(oktyabr, 2015).

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir