Xəbərlər

Nəsimi-650 Törəni

Ocaq Günsırası ilə  20 Çiçək Ayı, 41-ci ildə (aprel, 2019) Mütləqə İnam Ocağı Nəsimise­vərlərin qatqısı ilə Nəsimi-650 Törəni keçirmişdir. Ocağın Yükümlüsü Soylu Atalı tədbirə bu sözlərlə başladı: Mən çox istəyərdim Nəsimişünaslar bu işdə ciddi söz desinlər. Söz yox, məsələ Nəsimini elm müstəvisinə daşımaqda deyil. Məsələ Nəsimi kimi Azərbaycan dəyərini tanımaq, tanıtmaqdır. Toplumumuz onu nə dərəcədə tanıyır?! Biz buna çalışırıq, buna çalışmalıyıq. Toplumda Nəsimi ilə bağlı münasibətlər, mövqelər çox fərqlidir. Bunu da yaradan Azərbaycan televiziyalarıdır, Azərbaycan təhsil sistemidir. Sovet dönəmindən sonra çoxları belə  düşünür­dülər, Nəsimini sovet dönəmi formalaşdırıbdır. Özü də yanlış formalaşdırıb, demə biz Nəsimini doğru bilmirik. Bu gün elə söhbətlər gedir toplumda. Özü də yüksək tribunalarda gedir bu söhbət. Əslində biz bu cür toplantıları həyata keçirməklə istəyimiz bunu toplumsallaşdırmaqdır. Qoy fərqli düşünənlərin olduğunu da bilsinlər, düşünsünlər.

Nəsimiliyə yönəlik başqa cür baxışlarla bağlı mən dönə-dönə mətbuatda yazmışam. Nəsimi faktını sovet imperiyası yaratmayıb. Məsələyə bir az düşüncəli yanaşmaq gərəkdir, məgər Nəsiminin şeirlərini, qəzəllərini Sovet yazıb?! Nəsimi özü yazıb. Biz Nəsimini Nəsiminin yaradıcılığından öyrənirik. Biz Hürufiliyi də ən çox Nəsiminin yaradıcılığından öyrənirik. Bilirsiniz, bu gün Cavidan­namənin orijinalı Azərbaycanda yoxdur. Hürufiliyin canı Cavidannamədir, o da Azərbaycanda yoxdur. Azərbaycanda olması ilə bağlı çalışan bir qüvvə də yoxdur, elm mərkəzi də yoxdur, dövlət də yoxdur. Heç kim  bunun Azərbaycanda olmasına çalışmayıb. Mən onu oxumuşam Türkiyə türkcəsində, tamam dağınıq durumda. Orda hürufilik yoxdur, orda molla şüuru var. Orda Nəsimi yoxdur, orda Azərbaycan yoxdur. Ona görə Nəsimini öyrənəndə onun Azərbaycan faktı kimi bilinməsinə çalışmaq gərəkdir, həm də Nəsimi bu gün üçün, toplum üçün nə demək olmalıdır, onun etkisi nə olmalıdır, hər şeyi tarixin arxivinə qoyuruq, heç birini üzə çıxarmırıq, heç birini öyrənmirik, doğru öyrənmirik, doğru öyrətmirik. Bizim, millət olaraq, başlıca sorunlarımızdan biri də budur. Biz sorunlarımızı arxivə gömürük, dəyərlərimizi də arxivə gömürük. Nə sorunlarımızı arxivdən çıxarıb onu dərk eləməyə çalışırıq, dərs götürməyə çalışırıq, nə də dəyərlərimizi üzə çıxararaq, doğru qiymətini verib, doğru dəyərləndirib toplumumuza çatdırırıq. Nəsimini biz öyrənərkən söz yox, hürufilik faktına üz tutmalı oluruq, hürufilikdən qıraqda Nəsimini bilmək, öyrənmək çətindir. Hürufiliyə də, dediyimiz kimi, bu gün baxışlar olduqca çelişkilidir. Hürufiliyi masson faktı kimi də qiymətləndirənlər var. İudaizmdə bir kabbalizm var, bilirsiniz. Onunla bağlayırlar, ona bənzədirlər. Ancaq nəyə görə ona bənzədirlər, hürufilər hürufi sözünü, anlamını bir taktika üçün seçmişdilər, hərflər məsələsi. Deyir hər şey Məna, Allah insanın üzündə təcəlla edir, İnsanın da üzü anadangəlmə 7 xətdir. 2 qaş, 4 kiprik, saş. Bunlar 7 xətdir, üstəgəl, özəllikcə kişi cinsində, həddi-buluğu keçəndən sonra yeni 7 xətt yaranır, yanaqda tük əmələ gəlir, çənədə, buxaqda tük əmələ gəlir. 7 üstəgəl 7  14 edir, 14-ün də iki misli 28 edir, ərəb əlifbası 28 hərfdən oluşub. Hərflər araçılığıyla Allahı dərk eləmək olur. Çünkü səs var, səs sözə çevrilir, söz hərfə çevrilir. Hərflərlə Allahın atributları bilinir, dərk olunur. Bunlar tamam taktiki bir məsələ idi. Orta çağlarda, 14-15-ci yüzildə çətin idi hürufiliyin mahiyyətini açıq ortaya qoymaq. Feodal düşüncə ortamında bunu demək çətin idi. Üstəgəl dinin qılıncıının arxası-qabağı kəsdiyi bir dönəmdə. Ancaq biz Nəsiminin yaradıcılığına üz tuturuq, görürük məna tamam dəyişir. Söz yox, Nəsiminin özündə də çelişkilər axtarırlar. Nəyə görə axtarırlar? Nəsimi Nəimini tapıncaya qədər də bəlli fərqli baxışları olub, daha çox sufi idi. Ancaq Nəsimi Nəimini tapandan sonra daha kamil bir yönə çevrilib. Yəni bizimkilərin sorunlarının başlıca yönü odur, işin mahiyyətini, mənanı işin hərfində axtarırlar. Nəsiminin adı Seyid Əli imiş, Babəkin adı Həsən imiş. Bu adamlar anadan olanda özləri özlərinə ad qoyurlar?! Dədəsi qoyur adını. Dədəsi də müsəlmandır da. Ərəb adı qoyur, fars adı qoyur. Yaşadığı mühit budur. Yaşadığı mühitdə hansı ad yayılıbsa, onu qoyur. Türk adı qoymur, milli kimliyini öz adıyla onun beyninə yeritmir. 21-ci yüzildə də Nəsimiyə, Hürufiliyə, Babəkə, Xürrəmiliyiə bu açıdan yanaşma – bu milləti iflic durumda saxlamaqdır. Bu millətin şüurunun gəlişməsinin qarşısını almaqdır. Millətin şüurunu gəlişdirən faktlarımız var. Bu gün də toplumumuzda insanlar bir-biri ilə qovğa edirlər. Heç nə eləmirlər millət üçün, ancaq öz açılarından yanaşıb deyirlər bu millətdən heç nə çıxmaz. Sənin babaların xanlıqlar yaradıb, bir-birini didib-dağıdıb. Belə yanaşırlar. Babəki tanımır, Nəsimini tanımır, bunlara üz tutmur, Dədə Qorquda üz tutmur. Tarixdəki nəhəng dəyərlərə üz tutmur, deyə sənin babaların budur. Dünən, srağagün milli, mənəvi şüurunu itirmiş insanların dədə, baba seçilməsi, onların yanlışlarını ölçüyə çevirmək doğru deyil axı. Niyə sən onlara ata deyirsən?! Onlar sapmış, yolunu azmış atalardır. Yolunu sapmayan, azmayan atalar gərəkdir. Bu gün də həmin ataları yetirmək gərəkdir. Bu gün də həmin atalar yetişməlidir toplumun içində. Sabahkı soy ayağını dirəməyə zəmin tapsın. Bizə baxanda ayağını dirəməyə zəmin tapsın, desin dəyərlərim filan şeydir, babalarım onu yaşadıb, xalqına çatdırıb. Ən azından bu şüuru formalaşdırmaq gərəkdir. Buna çalışmaq gərəkdir. Kimi dindirirsən deyir, bir adam bunu eləməklə nə olacaq. Nəsimi bir adam idi, 8 adam deyildi ki. “Bir”dən başlayır hər şey. Kəlam da “bir”dən başlayır, məna da “bir”dən başlayır. Qüdrət də “bir”dən başlayır, hünər də “bir”dən başlayır, əməl də “bir”dən başlayır, millət də “bir”dən başlayır. Nəsimi “bir”dən başlayıb. Bir adam bəzən görürsən böyük bir məqsədə çevrilir. Ona görə “bir”i küçümsəmək olmaz. O “bir”in bu gün tədbirinə yığışmışıq. O bir Nəsimidir.

 

 

 

Nəsimi deyir, “Üzün qiblədir, ey sənəm, üzünədir sücudumuz”. Səcdəmiz üzünədir. Min il bundan öncədən başlayaraq, bizim qibləmiz qıraqda yaradılıb. Yurdumuzdan qıraqda bizə qiblə yaratdılar. Getdik o qiblələrə, dizin-dizin süründük, ziyarət elədik, bizə rütbə verdilər. O rütbə ilə qayıtdıq toplumumuzun içinə, ona üstdən aşağı baxdıq. Küçümsədik onu. Komprodorlaşdıq, əxlaqımızı itirdik, mənəviyyatımızı itirdik. Nəsimini eşitmədik. Babəki eşitmədik. Arxa çevirdik…

Bir neçə fakta diqqət çəkmək istəyirəm. Mən istəyərdim fərqli baxışlı insanlar burda olsun, polemikaya gedək. Kimi çağırırsan polemikaya gəlmir. Fərqli baxışlı insanlara üz-üzə demək istəyirəm sözümü, gəlin polemikaya, mətbuat polemikasına. Deyirlər Nəsimi dindar idi. Nəyi dindar idi?! Din insanı bəndə sayır, Nəsimi Allah sayır, Həq sayır:

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam”.

Dində kövnü məkana sığmayan Allahdı, Nəsimidə İnsan. Din deyir sən cılızsan, balacasan, Adəmlə Həvvanın törəməsisən. Adəmlə Həvva günahkardır. Sən də min illərdir günahını yuya bilmirsən, Adəmlə Həvvanın daşıdığı günaha ortaqsan. Suçlusan. Allaha boyun əyməsən cəhənnəm odunda yandırılacaqsan. Bu şüuru yeritdilər… İnsanı küçümsəyərsən, cılız saxlayarsan, toplum önəmini itirər. Xalq kiçilər. Xalq insanlardan əmələ gəlib. Xalq kiçilər, cılızlaşar, özgürlüyünü itirər, varlığını itirər, tarix səhnəsindən çıxar, dövlətini itirər. İnsana güclü olduğunu, böyük olduğunu, böyük məna daşıdığını öyrətmək gərəkdir. İçində sən Mütləq daşıyırsan. İçində Allah gəzdirirsən. Bütün kainatın içsəl qüdrəti olan bir məna ki var, o mənanın insanlıq çalarını daşıyırsan, o açıdan deyirdi Nəsimi: “Həq mənəm, Həq məndədir”. İnsanlıq özü həqdir. İnsanlıq mənası daşıyırıq biz. Bizim dünyaya gəlişimizin məqsədi odur ki, öz mənamıza bərabər yaşayaq. İnsanlaşaq, insani mahiyyətimizə bərabər yaşayaq. Əgər biz İnsani mahiyyətimizə bərabər yaşayarıqsa, toplumda ədalət də bərqərar olar, həqiqət də. Vicdan də bərqərar olar, mərifət, qanacaq da. Hər şey bərqərar olar. Cılız insan cılız mühit yaradır. Kamilliyə çağırırdı bizim böyüklərmiz, əcdadlarımız, Nəimimiz, Nəsimimiz. İnsanı öz mənasına qovuşmağa çağırırdı. Böyük olun, onda millət olacaqsınız, bəşər olacaqsınız deyirdi.

Mən heç kimin atdığı addımlara qarşı deyiləm, bu gün kim hansı sahədə nə yöndə çalışır, gərəkli çalışmalarını alqışlayıram, uğurlar diləyirəm. Ancaq heç kim insanla uğraşmır. Heç bir toplum, heç bir partiya, qurum insanla uğraşmır. Bütün proseslər insandan qıraqda gedir. İnsan şüurundan qıraqda gedir. Ancaq insan şüuru gəlişməsə, insanın kimliyi dərk olunmasa (özü özünü anlamasa), onda biz xalq olmaq yönündə addım ata bilməyəcəyik. Bizim dəyərlərimizi kiçiltməklə, məhv etməklə bizi, addım-addım, millət olaraq sıradan çıxarırlar. Coğrafiyamızı böldülər. Dünyada Azərbaycan qədər parçalanmış, bölünmüş xalq yoxdur, vətən yoxdur. Öncə şüurumuz işğal olundu, sonra vətənimiz işğal olundu. Şüurumuz işğal olunduuğu üçün bizi bir dəyərə bağlayan nəsnələr olmadı. Ona görə xanlıqlar yaratdıq. Ona görə mənəmliklər ortaya çıxdı. Nə dinin dediyi oldu, nə də Nəsiminin dediyi, Babəkin dediyi oldu. Mənəmliklər qayıtdı. Hər kəs bu xalqın sərvətinə, mənliyinə, dövlətinə özünün mülkü kimi, malı kimi baxdı. Niyə? Çünkü insan yıxıldı. İnsanı yıxıldığı nöqtədən qaldırmaq gərəkdir. İnsan işıqdır…

Deyirlər Nəsiminin dərisini soymayıblar. Bunu da insanlara yeritməyə çalşırlar. Hər yöndən addımlar atılır dəyərlərimizin üzərinə… Bunu yüksək tribunalardan edirlər, bunu elmi rütbələr almış insanlar edir. Elmi rütbələri o kəslərə verib ortaya çıxarırlar ki, onlar xalqın dəyələrini məhv edirlər.

Zahidin bir barmağını kəssən dönər həqdən qaçar,
Gəl bu biçarə aşiqi sərpa soyarlar ağrımaz.

(Bunu edam səhnəsindən deyib:)

Soyun, ey murdar sallaxlar Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar ağrımaz.

 

Bizim istəyimiz odur, insanlarımız milli kimliyimizi düzgün dərk eləsin, düzgün öyrənsinlər. Böyükləriylə qürur duysunlar, fəxr eləsinlər, onda millət içəridən böyüyəcək.

Yiyə çıxmadılar Nəsimiyə. Hürufiləri qırırdılar. Əmir Teymur idi onlardan biri. Mən hərb tarixi ilə öyünməmişəm heç bir vaxt, öyünməyi doğru saymamışam. Teymur böyük sərkərdə idi. Böyük səltənət də yaratdı, ancaq heç nə qalmadı o səltənətdən. Ancaq Hürufilərdən örnək qalıb, zəmin qalıb ki, xalq zəmin kimi ona dayana bilər. Hürufiləri diri-diri divara hörürdülər. Balaca sayırdılar onları, nə kərasən qılıncımın qabağında. Bu gün Teymuru savunanlar elə bilirsiniz Teymura sevgidən edirlər?! İçimizdəki ərəb dünyabaxışını savunurlar. Teymura gərək deyildi ərəb dünyabaxışı. Teymura gərək deyildi İslam. Teymura gərək idi öz şöhrəti. Əgər o vaxt hürufilər məhv olmasaydı, Azərbaycan bu Azərbaycan olmayacaqdı. Azərbaycan kamillər məmləkətinə çevriləcəkdi. Ayrı Azərbaycan olacaqdı. Belə tikə-tikə parçalanmayacaqdıq, bölünməyəcəkdik. Azərbaycanın içində qiblə yaranacaqdı. Qibləmiz Bakı olacaqdı, Təbriz olacaqdı. Gedib oranı ziyarət edəcəkdik. Qibləmiz öz içimizdə olanda özümləşəcəkdik. Qibləmiz öz içimizdə olanda millətə bənzəyəcəkdik…

İndi istəyirəm sizin baxışlarınızı dinləyək. Buyurun.

 

Rafiq Turabxanoğlu: Nəsimi haqqında şair kimi mənim söz deməyə haqqım yoxdur. Nəsimi həmişə məni maraqlandırıb siyasət adamı kimi. Nəsimini filosof kimi oxumuşam, öyrənmişəm. Türk dünyasında heç vaxt meydan boş olmur. Babək, Nəimi, Nəsimi, gəldi Asif Ata. Düşüncə adamlarımız həmişə meydanda olub. Bir savadlı dostumla söhbət edirdim. Deyir Quranı vərəqləyirsən, deyir indi-indi kompüter var, baxırıq, incəlikləri anlayırıq, insanın əmələ gəlməsi filan. Bu qeyri-adilikdir. Dedim sən düz deyirsən, məni də eşit, bu dünya yarandığı gündən bu günə qədər heç vaxt fenomenlərdən xali olmayıb. Dünyanın həmişə fenomen insanları olub. Təbiət yaradıb. Bizim siyasət adamı kimi görəvimiz odur ki, bu fenomenin dediklərini kütləviləşdirək. Kütləviləşəndə olur xalqın malı. Şikayətlər gəlirdi Avropada şeir yox, əsər yazmırlar, bunlar o qədər kütləviləşibdir ki, onu həyəcana gətirən, maraqlandıran bir şey tapmırsan. Mənim özümün təcrübəmdən. Bir ədəbiyyat öyrətmənim vardı. Çox gözəl bilirdi klassikanı. Bir gün rastlaşdıq. Mən də yaşlanmışam. Söhbət edəndə dedim, mən bu S.Vurğundan çox ləzzət almışam. Kənd uşağıydım, Muğan düzü, ceyran. İndi oxuyuram, o ləzzəti ala bilmirəm. Dedi nə oxuyursan bəs. Dedim Nəsimini. Deyir S.Vurğunun burda nə günahı var? Sən o orbitdən çıxmısan. S.Vurğun nə artıb, nə azalıb. Sadəcə sən o orbitdən gəlmisən bu orbitə. Nəsiminin, Füzulinin orbiti çox dəyərli bir orbitdir. Tək Azərbaycan üçün deyil. Sadəcə olaraq kütləviləşdirə bilmədik. Türk millət sayılır, ona görə ki, millət sivilizasiyasında rolu olub. Alyaska, bir ucu Bosniya, bir ucu Finlandiya səpələnmiş bir millət, təbii, artıq dünyada özü rol oynayır.

Mən sizə təşəkkür edirəm. İnanıram, nə qədər siz varsınız, türkün milli dəyəri bəşəri dəyərdir. Bu heç kimə qapalı deyil. Həmişə bəşəriyyət qarşısında sorumluluq daşıyır. Heç vaxt itməyəcək, qalacaq. Bugünkü texnika yüzilində, bugünkü gəlişmədə bunu gətirirsinizsə, yetirirsinizsə, böyük şeydir. Sizə minnətdaram. Yolunuz açıq olsun. Asif Atayla bağlı xalqın ən böyük əsərlərisiniz. Siz bu millətin bəşəri dəyərlərini təbliğ edirsiniz, özünüz o yöndə köklənmisiniz, bu böyük, əzablı yolda sizə uğurlar diləyirəm. Bu gün də Nəsimini yad etdiyiniz üçün minnətdaram.

 

Asif Ozan: Mən birinci o məsələdən başlamaq istəyirəm ki, Azərbaycanın indiki hakimiyyəti 2019-cu ili Nəsimi ili elan edibsə, bunu dəyərləndirmək gərəkdir. Çünkü mən hesab edirəm, bu qərar Azərbaycanın mədəni, ədəbi tarixinə siyasi tribunadan verilmiş bir bəyanatdır. Ən azından bu fərmanın arxasında belə bir hökm dayanır ki, mənim orda bir Nəsimim yox, çox Nəsimilərim var. Həm də ən azından bu gün Azərbaycan hakimiyyətinin milli mahiyyətini də vurğulamaq üçün bizə arqument verir. Ona görə ki, iki dönəmdə, yəni Hələbdə qırğının getdiyi bir dönəmdə, Nəsimiyə yiyə çıxmaq iddiası, həm də Azərbaycanın etnik coğrafiyasına yiyə çıxmaq bəyanatıdır. Həm Azərbaycanın ədəbi, mədəni, dil tarixinə yiyə çıxmaq iddiasıdır. Bu aspektdən verilmiş o fərmanı dəyərləndirirəm, təqdir edirəm. Nəsimi məsələsinə gələndə, insanlar var o, doğulduğu, böyüdüyü reallıqlardan çox yuxarıda dayandığına görə onun həmişə görünməyən tərəfləri olur, həmişə mübahisə predmeti olur. İnsan var ki, olduğu reallıqdan çox aşağıda olur, o, kimsəni maraqlandırmır. Nəsimi istər doğulub yaşadığı dövrdə, bizə xas olan reallıqlardan yuxarıda dayandığına görə o, bizim üçün həmişə mübahisə predmetidir. O cümlədən Nəsiminin yaradıcılığı, Nəsiminin şəxsiyyəti, Nəsimin daşıdığı ideologiya, şüur forması mənim üçün də mübahisə predmetidir, bəzi məqamlara toxunmaq istəyirəm. Məsələn, Azərbayancan elmi, ədəbi fikrində belə bir tendensiya var. Əgər min illər ərzində Azərbaycan türkcəsində, ya da türkcədə yazmış, yaratmış bir ədib kimliyindən asılı olmayaraq, Azərbaycanın indiki rəsmi coğrafiyasına daxildir. Ona görə də sovet dönəmində Nəsiminin birtəhər Azərbaycan coğrafiyasına gətirilib çıxarılması üçün müxtəlif tendensiyalar başladı. Təəssüflər olsun, Azərbaycan ədəbiyyatşünaslığının formalaşmasında çox böyük xidməti olan Salman Mümtazın bir mülahizəsi filoloji tədqiqatlar sferasında bir ehkam olaraq qalır. Hər kəs deyir Nəsimi Şamaxıdandır. Mən də istəyərəm Nəsimi Şamaxıdan olsun. İstəyərəm lap Bakıdan olsun. Ancaq Nəsimi niyə Hələbdən olmasın?! Nəsimi niyə Kərkükdən olmasın?! Nəsimi niyə bu gün Azərbaycanın hər hansısa bölgəsindən olsun. Məgər Hələbdə doğula bilməzdi?! Məgər onun Şamaxıda doğulmasını təsdiq edən hansı mötəbər elmi qaynaq, elmi məxəz var? S.Mümtazın istinad elədiyi bir fakt var ki, qədim orta yüzillərin məxəzləri göstərir ki, Nəsiminin Şah Xəndan adlı bir qardaşı olub. Bu qardaşı da aradabir şeirlər yazıbdır. S.Mümtaz da Şamaxıda belə bir qəbir tapıb, orda Şah Xəndan adlı bir qəbir var, o, həmin Şah Xəndandır. Onun bu mülahizəsini təsdiq edən hansı arqument var? Əgər nəzərə alsaq, 600 il ərzində S.Mümtaza qədər Şamaxı ərazisi dəfələrlə zəlzələyə məruz qalmışdı, dəfələrlə savaşlara məruz qalmışdı, sıravi bir şəxsin qəbrinin türbə statusunda saxlanması üçün o, cəmiyyətdə yüksək statusda olan bir insan olmalı idi. Nəsiminin doğulduğu, böyüdüyü ailə, şəcərə haqqında, onun yüksək sosial statusu haqqında heç bir mənbələrdə bilgi verilmir. Bəs nəyə görə biz hesab eləməliyik, həmin Şah Xəndan mütləq şəkildə Nəsiminin qardaşıdır. Axtarsaq, Azərbaycan coğrafiyasında onlarla Şah Xəndan adında qəbirlər tapmaq olar. İddia irəli sürsək, olar ki, bu həmin Nəsiminin qardaşıdır. Ancaq biz istər Batı tədqiqatçılarının, istərsə də Nəsimişünasların, Azərbaycandan qıraqda olan əcnəbi Nəsimişünasların yaradıcılığına baxanda görürük ki, Nəsiminin Azərbaycanda yox, Təbrizdə doğulması göstərilir. Nəsiminin Anadoluda doğulması göstərilir. Nəsiminin Azərbaycandan qıraq coğrafiyalarda doğulması göstərilir. Mən nəyə görə mütləq şəkildə Nəsiminin Azərbaycandan olmasını vurğulamalıyam. Axı Nəsimi doğulduğu, böyüdüyü dövrdə indiki Suriyanın ərazisi Azərbaycan türklərinin etnik mədəniyyətinin, özümlü kimlik şüurunun yayıldığı bir bölgə idi. Xorasandan gələn dərvişlər, sufilər Anadolunu, Suriyanı, indiki İraq ərazisini, demək olar, milli türk düşüncəsi ilə zənginləşdirmişdilər. Nəsiminin bu mühitdə doğulub böyüməsi, hürufi olması çox təbii bir faktdır. Ona görə mən hesab edirəm, Azərbaycan ədəbiyyatından bu günə qədər davam edən bu zərərli tendensiyasnı dəyişmək, yeni elmi əsaslara söykənən Nəsimi yaratmaq gərəkdir. Bu bir məsələ. Digər məsələ, Nəsiminin hürufi olması məsələsidir. Mənim hürufiliyə baxışım bir çox hürufişünasdan fərqli olaraq tamamilə başqa aspektdədir. Ola bilsin, mən Soylu bəyin çıxışına da müxalif mövqe sərgiləyəm. Hürufilik nədir? Hesab eləyək hürufilik bir təlim, doktrina kimi Azərbaycanda rəsmi ideologiya idi. Hürufilik rəsmi ideologiyası Azərbaycanın milli özünüdərkinə, milli identikliyinə nə verə bilərdi? Axı o siyasi doktrina deyildi. Hürufilik sinkretik bir dünyagörüşü formasıdır, daha doğrusu, təlim. Dünyagörüşü səviyyəsində də deyil. Sinkretik bir təlimdir. İstər hürufilik olsun, istər sufilik olsun, orta yüzillərdə İslam dünyagörüşünün hakim olduğu dönəmlərdə insanlar çox böyük sosial problemlərlə üzləşirdilər, sosial problemləri ortodoksal, klassik İslam şəriaət qanunlar həll edilmək üzərində olmadığından hakim İslam ideologyasına müxalif olan düşüncələr formalaşırdı. Bu düşüncələr müxtəlif sistemlər şəklində təzahür edirdi. Sufiliyin özü əslində hakim İslam ideologiyasına, düşüncəsinə müxalif olan bir ideologiya idi. Hürufiliyin də mahiyyətində sufiliyə bənzər elementlər yetərincə çoxdur. Ancaq bir çox məqamlarda sufi düşüncəsi hürufi düşüncəsindən daha yüksəkdə dayanır. Xətrinə dəyməsin heç kimin. Hürufilər 32 və 28 əlifba işarəsini qutsallaşdırıb bunun yörəsində bəlli yozumlar irəli sürürdülər. Allahı dərk etmək iddiasını ortaya qoymuşdular. Bu gün kartla fala baxan bir adamla mən rəqəmlər və hərfi işarələrlə hansısa yozum irəli sürən adam arasında böyük bir fərq görmürəm. Bu irrasional bir yanaşmadır. Burda rasional heç nə yoxdur. Yəni mən o təlimlə milli dövlət qura bilərdimmi? Axı rasioanal nə var hürufilikdə? Hürufliyin sadəcə olaraq, sufizm kimi ən böyük dəyəri ondan ibarətdir ki İslamın, Quranın bəndə səviyyəsinə endirdiyi yəni Allahın qulu, Allahın köləsi elan elədiyi insanı yüksək mərtəbəyə qaldırır. Kölə statusundan çıxarırdı. Bu açıdan istər sufizmin, istər hürufizmin mahiyyətində mükəmməl humanizm var. Humanist düşüncə var – insanı dəyərləndirmək. İnsanı Allah məqamına qaldırmaq. İnsanı kölə mərtəbəsindən daha ali məqama yüksəltmək iddiası var idi. Bu açıdan hürufiliyə, sufizmə mən dəyər verirəm, çünkü o müxalif bir yanaşma idi. Nəsiminin də xidməti hürufi kimi yalnız bunda ola bilər. Digər tərəfdən Nəsimi mənim üçün niyə dəyərlidir? Mən Nəsimiyə 14-15-ci yüzilin ədəbi, mədəni reallıqlarından, siyasi reallıqlarından baxıram, bir də bugünün siyasi reallıqlarından baxıram. Mənim üçün Nəsiminin dəyəri onun hürufiliyində deyil. Nəsiminin dəyəri mənim üçün orta yüzillərdə ərəb, fars dilinin ədəbi, mədəni mühitdə, siyasi dairələrdə hakim olduğu bir dönəmdə mənim dilimi onlarla yarışa biləcək bir müstəviyə çıxarmasıdır. Mənim üçün Nəsiminin xidməti mənim düşüncəmin mənim milli qəlibimdə vermək qabiliyyətidir. Mənim üçün Nəsiminin xidməti onun öz əqidəsi uğrunda, öz idealı uğrunda ölümü çox rahat qəbul edib qəhrəmanlıq örnəyi yaratmasıdır. Nəsimi bu anlamda mənim üçün böyükdür. Bu gün mən Azərbaycan reallığında Nəsiminin bu qəhrəmanlıqlarını, bu xidmətlərini daha çox qabarda bilərəm, nəinki onun hürufiliyini. Hüruflik haqqında yetərincə tədqiqatlar aparılıbdı. Burda mən hürufiliyin mahiyyəti haqıqnda danışmaq istəmirəm, çünkü onlarla, yüzlərlə kitablar var, tədqiqatlar var. Kim istəsə ordan onun mahiyyətini, məzmununu oxuyub qavraya bilər. Ancaq Nəsimi mənim üçün niyə idealdır, dəyərdir? Əgər Nəsimiyə qədər Azərbaycan ədəbiyyatında ərəb, fars dili hakim idisə, Nəsiminin xidməti ondan ibarət oldu ki, mənim ana dilimi poetik mərtəbəyə qaldırdı. Poetik müstəviyə gətirdi. 20-ci yüzildə S.Vurğunun mənim ana dilim qarşısında xidməti nədirsə, Nəsiminin xidməti S.Vurğundan daha böyükdür. M.P.Vaqifin 18-ci yüzildə milli dilin qarşısında xidməti nə qədərdirsə, Nəsiminin xidməti ondan daha çoxdur. Ona görə ki, istər S.Vurğunun, istər M.P.Vaqifin qarşısında artıq bir örnəyi var idi. Ancaq Nəsiminin qarşısında ana dilini fars, ərəb dilinin etki dairəsindən, orbitindən çxıarmaq, təmizləmək gələnəyi, praktikası yox idi. Bu sahədə Nəsimi novatordur. Bunun üçün mənim qəhrəmanımdır. Nəsimi mənim milli özünüdərkim sahəsində ilk addım atmış mütəfəkkirdir. Bu anlamda mənim üçün qəhrəmandır. Nəsimi mənim türk kimliyimə öz ölümü ilə abidə qurdu. Bunun üçün Nəsimi mənim qəhrəmanımdır. Bu ideallar Nəsimini mənim üçün yüksək mərtəbəyə qaldırır. Nəsimi ilə bağlı bir şeir demək istəyirəm.

 

 

 

Bir daş abidədə adını andım,
Cansız bir nəsnəyə məna çiləndi.
Cismindi bu qaya parçası sandım,
Elə bil daşdan da qan gilələndi.

Çalxanır dünyamız gündə min qana,
Nə bir ürək yanır, nə bir baş dinir,
Dərd bölür mənimlə durub yan-yana,
Bir dağın bağrından qopan daş dinir.

Zülm ərşə qalxanda bəndə bəs niyə,
Dağlara, daşlara dedi dərdini.
Bəşər atdığına dağ durar yiyə,
Yoxsa dağ oynayar, daş dinərdimi?

Dağlar bağışlasın məni bu anda,
Bu qaya parçası daha daş deyil.
Bir insan ruhuna ünvan olanda,
Dil açıb danışar boz torpaqda gil.

Hər insan əcəlin minib tərkinə,
Dünyanın döşündən qəm südü əmmir.
Hər baş min möhnətə gərərək sinə,
Dağlara söykənir, daşa dönəmmir.

Haqqın divanına mən inanmıram,
Quldan qulluq alıb, quldur saxladı.
Xeyir şərbətindən şərə verdi can,
Bax, dünya kökündən belə laxladı.

Niyə qan qoxuyur Hələbdə ruzgar,
Ac qurdlar dişini niyə şakkıdır?
Bu qanlı qırğınlar, qanlı qovğalar,
Bəlkə Nəsiminin qisas haqqıdır?!

Burda körpələrin günahı bəs nə,
Niyə hər addımda ölüm can güdür?
Haqqın son hökmünə hələ tələsmə,
Qan tökmə, tökdünsə qanı qan güdür.

Yurdum söz üstündə alınmaz qala,
Ruhum Vətən boyu axan Kürümdür,
Füzuli dilində mənəm Kərbəla,
Nəsimi Hələbdə söz möhürümdür.

 

 

Muğam üçlüyü Nəsimi üstə qəzəl ifa edirlər. Musiqi sədaları altında “Neylərəm” qəzəlini  Soylu Atalı oxuyur.

Ağşın Ağkəmərli: Çox təşəkkür edirəm bir yerə gəlib yığılmısınız. Hardasa 7-ci yüzildə torpağımızın işğalı ilə bərabər beynizimin də işğalına məruz qaldıq. 9-cu yüzildə Xürrəmilik hərəkatını gördük. Torpağımıızn işğaldan çıxması yavaş-yavaş beynimizin işğaldan çıxma prosesini üzü bəri gəlir, hardasa 12-ci yüzilliklərdə bir az özünəgəlmək prosesi Nəsimidə hürufilikdə nöqtəvilərin, hürufilərin, o dövrdəki olan təriqətlərin ayrı-ayrı mənsəblərin sintez eləməsidir. Ruhumuzu, beynimizi müstəmləkəlikdən qurtaran bir varlıqdır Nəsimi. Nəsiminin, məncə, hürufiliyə baxanda burda 3 məqamı görmək olur. Birincisi, Fəzlin dahiliyi, böyüklüyü, Fəzllə bərabər Nəsiminin şücaəti, şəhaməti, üstəgəl şəhadəti, eyni halda, Nəsiminin şeir sənəti. Sultan Məhəmməd Fatehin sarayından tutmuş Xətainin ürəyinə qədər yol açdı. Mənim dəyərli dostum Asif bəy də bir məsələyə toxundu. Bir şeylər mənim beynimdə hazırlatdı. Nəsimi yeganə şairlərimizdəndir, türk dilində divan yaratdı. Bu divan yaratmaqla bizim dilimizi  o dövrdə bəlli bir müstəmləkəlikdən qurtardı. Eyni halda, Nəsimi özünü də qurtardı. Niyə özünü qurtardı? Bu gün Nəsiminin fars divanı olsaydı, türk divanı olmasaydı, yüz dəfə yox, min dəfə necə ki, bizim Füzulimizə, farslar iddia edirlər o, Şirazda doğulubdur, özlərinə yapışdırarlar ki, biz arxa planda qalaq. Yəni biz ona yiyə durmaq üçün, Nəsimi türkcə yazmaqla yanaşı o dövrdə, hürufuliyi millətin içinə yeritmə məsələsi var idi. Dil məsələsinə gəlincə, həmin işi Ş.İ.Xətai görmüşdü, aşıq sənətində, aşıq ədəbiyyatında. Nəsimidə də belə bir hərəkat, belə bir devrim yarandı. Sonuc etibarilə Nəsimi dilimizi qurtardı, özünü də qurtardı. Nəimi yeganə şəxsiyyətlərdəndir ki, öləndən sonra doğuldu. Bu gün, Nəsimi, bizim üçün önəmli deyil harda doğulubdu. Nəsiminin doğuluşu yox, ölməyi bizə çox şeyi verdi. Ancaq Nəsimi niyə Şamaxıdan olmasın? Nə qədər biz itirə-itirə gedirik? Biz Nəsimini verək farsın, onun-bunun ayağına, bu gün heç nəyimizə yiyə dura bilmirik. Biz bu gün sevinirik bayrağımız dalğalanır. Sevinirik bu gün bizim dövlətimiz var. Bu gün biz elə bu dövlətlə Nəsimiyə yiyə çıxırıq. Dilimizə bu dövlətimizlə yiyə dururuq. İşığın qədri yox olanda bilinir. Hər şeyin ziddi olanda bilinir. Mən səmimiyyətlə deyirəm, burda formayla gəzən bir əsgəri görəndə, bir gözəl xanım görəndə qürur duyuram. Bu gözəl oğlanları o tarla, qavalla, səsiylə görəndə qürur duyuram. Çünkü mən bunun həsrətində yaşayıram. Asif bəy gözünü açıb SSRİ dövründə, elə gəlib, elə də gedir. Mən qınamıram. Ancaq biz o həsrətin içindəyik. Bu gün Nəsiminin dilinə görə biz qürur duyuruq. Şəhriyar əgər “Heydərbabaya salam”ı farsca yazsaydı, ayrıca bir şeir dəftəri kimi sayılardı. Elə bir dəyəri olmazdı. Şəhriyarın 5 cild farsca divanı var. Ancaq onun farsın içində heç bir hörməti yoxdur. Şəhriyarı Şəhriyar edən “Heydərbabaya salam”dır. Onu da biz eləmişik. Biz yiyə durmuşuq. Rübabə Muradova yiyə durubdu. Əgər Nəsimi türkcə yazmasaydı, Nəsiminin də bu qədər hörməti qalmayacaqdı. Nəsiminin farsca şeirlərini də oxuyanda heyranedicidir. Həmin düşüncəni daşıyır. Mən üzümü aydınlarımıza tutub deyirəm, nə yaxşı olardı bir qurum yaransın, Nəsiminin farsca şeirləri türkcəyə tərcümə olunsun. Nəsimi əgər türkcə yazmasaydı, Nəsiminin mənim olmasını sübut eləməyim mümkün deyildi. Nəsiminin o dövrdə Hafizlə məktublaşması, yazışmaları vardı, bunu o tayda oxumuşdum. Nəsiminin farsca əsərləri çox təqdirəlayiqdir. Soylu bəy bayaq dedi, Nəsiminin təsəvvüf şeirləri çox gözəldir. Nəimi ilə tanış olandan sonra hürufiliyə özgün şeirləri isə daha çox təqdirəlayiqdir. Fars şeirlərin təqdirəlayiq məqamlardan biri hürufilikdir. Həqiqətən hürufilik düşüncəsini daşıyan bir varlıqdır. Ümid edirəm dəyərli dostum məndən inciməz. Bu həqiqətən  belədir.

Abil Ulusoy: Hamınız xoş gəlmisiniz. Az sayda qeyri hökumət insanları toplaşıblar, Azərbaycanın milli ruhani dəyəri olan hürufiliyi, Nəimini, Nəsimini müzakirə edirlər. Bayaq Soylu bəy də toxundu, “Cavidannamə”nin Azərbaycana gətirilməməsi ilə bağlı. Mən bununla bağlı bir xeyli səy göstərdim. Bizim Misirdəki səfirliklə, akademiyayla, Əlyazmalar İnstitutu ilə, kifayət qədər faktlar topladım, Əlyazısının fotosurətinin Azərbaycana gətirilməsi. Öncə onu deyim, “Cavidannamə”nin Azərbaycanda fotosurət olubdu. Sonra Azərbaycan Milli Elmlər Akademiyasından müəmmalı şəkildə yoxa çıxarılıbdı. Böyük və kiçik Cavidannamə var. Kiçik Cavidannamə Tehranda Əbdülhəmid kitabxanasında 232 səhifədən ibarət olan Cavidannamədir. Orda saxlanılır, böyük Cavidannamə isə Misirdə saxlanılır. Misirdə onun saxlanma yeri də bəllidir. 750 səhifədən ibarətdir, terminologiya lüğəti ilə birlikdə. Azərbaycana gətirmək olar, mümkündür. Maddi-mədəniyyət abidələrinin qarşılıqlı dəyişdirilməsi ilə bağlı Misir və Azərbaycan arasında bağlaşma da var. Bağlaşmaya görə gətirilməlidir. Ancaq Azərbaycan hakimiyyətinin buna marağı olmadı. Bu ili Nəsimi ili elan edən hakimiyətin Cavidannamənin Azərbaycana gətirilməsində marağı yoxdur, heç bir zaman da olmayacaqdır. Beləliklə, Cavidannamə Azərbaycana gələ bilmədi. Ancaq burada başqa bir şey var. İstənilən dəyərlərimizdən nə gözləyirik? Şəxsən mən bir işlə məşğul olanda böyük gözləntim vardı. Təsəvvür edək, Caviddannamə Azərbaycandadır. Mənim də çox böyük gözləntilərim var. Ancaq içərimdə buruq bir məyusluq da vardı, bu gözləntiləri qarşılamayacaqdı. Sonra düşündüm, elə bütün dəyərlərimiz belədir. Avestanın da yandırılımamış hissələri olsaydı, bu günümüzə gəlib çıxsaydı, Babəki təbii bu günə gətirmək olmazdı, Dədə Qorqudla bağlı əlimizdə nə varsa bu günümüzdə, əslində biz Azərbaycanın milli-ruhani dəyərlərinin gəlməsi yox, milli ruhani dəyərlərimizin bu gün yaşadılması, sabaha aparılması üçün çabalar göstərməliyik. Onların harda, necə saxlanmasından asılı olmayaraq, təbii ki, mənsub olduqları xalqa, türkə, Azərbaycanda olmalıydılar bunlar. Bu məsələnin bir tərəfi. Ancaq hürufiliyimizə gəlib çatana qədər, Asif bəy də qeyd elədi. Azərbaycan birdən-birə hürufiliyə gəlib çatmadı. Asif Atanın yaratdığı Azərbaycanın milli-ruhani dəyərləri “Azərbaycanımız-Azərbaycanlığımız” dəyər sistemində bir sistem kimi ard-arda düzülmüş, Zərdüştdən başlayaraq, biz söz yiyəsi olduq. Bəşərə peyğəmbərlik nümunəsi verdik, sözümüzü dedik. Bəşərə ağsaqqallıq nümunəsi verdik, sözümüzü dedik. Bəşərə bəşər tarixində yenilməzlik, qəhrəmanlıq timsalı Babək nümunəsini verdik, sözümüzü dedik. Sufilərimizi verdik, ruhsal qardaşlarımızı. Sonra hürufiləri. Əslində həm də həmin dövrdə, elə bu günün özündə də insana olna münasibət həmin dövrdən qabaqdır. Hürufilərin verdiyi münasibət deyildi. Nəimi mənim üçün insana ali münasibət fəlsəfəsidir. Bəşər tarixində ona qədər olmayan, həmin dövrdə, bu gün də olmayan insana verilən ən böyük, yüksək qiyməti yaratdı. Onun şeir ruhu. Nəsimi deyir:

hər kim etmirsə insana səcdə,

ol vücudda şeytan gələr, şeytan gedər.

İnsanı ali səcdəyə çağırış idi bu. İnsanın varlığını, insanı ən yüksək dəyərləndirirdi. Nə Batıda, nə də şərti olaraq bölünmüş Doğuda insana belə bir qiymət verilməmişdi. Əslində hürufiliyin məqsədi buydu. Asif bəy dedi hürufilik siyasi doktrina deyil. Bəli. Bizim heç bir dəyərimiz siyasi doktrina deyil. Ancaq milli dövlət quranda milli dəyərlər əsasında yaradılmış dövlət qurulursa, olur milli dövlət. Biz bu gün deyirik milli dövlətçiliyimiz var. Milliliyimizlə bağlı heç nə yoxdur. Milliliyimizi nə əks etdirir orda. Bayrağımızın özündə 3 rəng var. İslam da var, Batı da var, bir az da türkçülük var. Azərbaycanda türkçülüyü görürsünüz? Sizin kimi insanlar çaba göstərirsiniz, quzeydə Azərbaycanın baş kəndində türk adına nə yaranıb? Heç nə yaranmayıb. Batının institutları var. Parlamenti, prezidentindən tutmuş hər şeyinə qədər var, islamı var, məscidi var, ilahiyyat fakültəsi var, şeyxülislamı var, mədrəsəsi var, türkün nəyi var? Heç nəyi yoxdur. Türklük Azərbaycanda bir rəng halında keçir. Ona görə də Azərbaycan özündə bayraq fəlakətini yaşayır. Haşiyə kimi deyirəm. Mən həmişə deyirəm, bayrağa sevgim var, çünkü dövlətin rəmzidir. Ancaq o dəyişdirilməlidir. Türkün bir üzü var, türkə xas olan bayraq olmaldıır. Mən onu başımın üstünə qaldırmalıyam. Nə islamı qaldırmalıyam, nə Batını. Bu da məsələnin bir tərəfi.

Hürufiliyimizin bir təlim olaraq, Doğuya böyük etkisi olub. Batıda da öyrəndilər. Ümumiyyətlə, bəşəri dəyərlərin hər birini təkcə mənsub olduğu xalqa deyil, Soylu dedi, bir ideya təkdən başlayır, beyində yaranır, bu tək sonra onun yörəsinə, köyə, bölgəyə yavaş-yavaş yayılır, bəşəri dəyər olur. Bəşəri dəyər isə onu yaradan kişiyə, millətə mənsub olmur, bəşəriləşir. Bəşər övladının olduğuna görə hürufilərin yaratdıqları bəşərin öyrənməsi üçün yaxşı bir nümunə idi. Siyasi hakimiyyət Nəsimi ili elan edibdir. Yadıma Füzulinin yubileyinin keçirilməsi düşdü. Atam Ağdamda kənddə oturmuşdu. 90 yaşlı Avşar kişisidir. Dedi, a bala, nədir orda, Füzulinin heykəli görünmür, ancaq Heydər Əliyevin portretləri vardı. Siyasi hakimiyyət bu ili Nəsimi ili elan edibdi. Nəsimi ilini görürsünüzmü siz Azərbaycanda. İlin sonuna qədər də görməyəcəksiniz. Sadəcə olaraq, gəlişigözəl bir sözdür. Hakimiyyət ömrünü uzatmaq üçün, siyasi yaşamını uzatmaq üçün bu il Nəsimi ilidir. Sonra ekologiya ili olacaq, aqronomiya ili olacaq. Hakimiyət ömrü uzanacaqdı. Muğamdan söhbət düşdü. Müsabiqə elə olmur axı. Mənsuma da deyirəm, sən ora çıxmısan ancaq tərifləmək üçün. Muğam bu deyil ki. Təbii səsin var, Azərbaycanda belə xanəndə yoxdu. Sufiyanə xanəndə var – yoxdu. Fəxri adların arxasında gizlənirlər istedadsızlar. Bu elmdə də belədir, sənətdə də belədir. Sənətkarsan fəxri adı neynirsən. İnsan vəzifədə, fəxri adda itir. Vəzifəsi olan insan vəzifəyə bərabər olur. Fəxri adı olan insan fəxri ada bərabərdir. Buna qətiyyən ehtiyac yoxdur. Elmlər akademiyasına gedirsən, doktor istəyir, neynirəm doktor olmağı. Nə deməkdir elmlər doktoru, nə deməkdir akademiyanın həqiqi üzvü. Bilmirsiniz kimlər seçir, necə seçilir?! Sən bu millətə təmənnasız qulluq elə. Gərək deyil fəxri adların arxasında gizlənmək. Mənə xalq artistləri gərək deyil. Mənə xanəndə Qədir Rüstəmov gərəkdir, Yaqub Məmmədov gərəkdir. Fəxri adlar gərək deyil. Professor filankəs, elmlər doktoru filankəs, xalq artisti filankəs, fəxri adlar var, ancaq ortada nə sənət var, nə elm var.

 

Muğam üçlüyü Nəsimi üstə qəzəl ifa edirlər.

 

Soylu Atalı: Ata deyirdi, bir an təsəvvür edin, Nəsimiyə deyirlər filoloji elmlər doktoru İmaməddin Nəsimi. O an ölər Nəsimi. Azərbaycanda siyasət xətrinə aparılan (milli dəyərlərə) münasibətə son qoyulmalıdır. Bunu isə ayrı-ayrı Azərbaycanın aydınları eləməlidir. Təəssüf, Azərbaycanda çox böyük aydın qıtlığı var. Fəxri adlar bunları elə məhv edibdir, qoymurlar aydınlar yetişsin. Kimə baxırsan, tarix üzrə fəlsəfə doktoru. Filan elm üzrə fəlsəfə doktoru. Sənin bir düşüncən yoxdur. Başqa sahədə də onun kimi. Ancaq fəxri adları var, rütbələri parlaq, zəkaları sönük. Budur Azərbaycan alimi. Azərbaycan sənətində də elədir. Xalq artisti filankəs, sənət yoxdur. Təbii səs yox, təbii ağıl yox, ancaq fəxri adlar var. Onun arxasında gizlənirlər, Nəsimi ili elan edirlər. Nəsimi ləyaqət deməkdir, vüqar deməkdir, sığmazlıq deməkdir. Əgər sən fəxri ada sığırsansa, sən yaltağın birisən, ləyaqətin yoxdur, vüqarın yoxdursa, sən necə Nəsimi ili keçirirsən. Sıraya düzülürlər xalq artistləri, bir məmur görəcəklər, hamısı da ona baş əyəcəkdir. Budur sənin Nəsimi ilin? Hanı sənin ləyaqətin, vüqarın. Çörək üçün dartınırsan? Ömrünü çörəyə niyə yedizdirirsən?

Ziyadxan bəy: Mən hamınızı salamlayıram. İnqilab müəllim sağ olsun, məni dəvət edib. Məclisi təşkil edən insanlara öz təşəkkürümü bildirirəm. Birinci, bu insanlar Nəsimi haqqında istedadlı danışırlar, Nəsimi haqqında bilgiləri var. Bir insan bir imperiya qədər öz millətinə dəyər gətirir. Nəsimi belə insandır. Mən Nəsmişünas deyiləm. Desəm, çox bilirəm Nəsimidən, yalan olar. Mənim əqidəmə görə hər bir aydın tarixi şəxsiyyətlərini tanımalıdır, mükəmməl tanısa daha yaxşıdr. İkincisi də tarixini bilməlidir. Bilməsə, səhvlərə yol verir. Nə qədər böyük adamdırsa, insanlar onun dediklərinə inanır, o da millətə, dövlətə xələl gətirir. Nəsimiyə, doğulduğu yerə başqa bucaq altında baxış var. Ondan qorxmayın. Həmişə istənilən sahədə, hətta siyasətdə imkan verilsə dialoq olsun, o dialoq ortaya bir çox həqiqətləri çıxarır. Bu həqiqətsə millətin də xeyrinədir, dövlətin də xeyrinədir. Biz alışmışıq ailədə babamız barmağını silkələdi səsimiz çıxmır, nə desə qulaq asırıq. Mən mənəviyyatla bağlı misalı dedim, ümumiyyətlə, dialoq çox gözəl şeydir. Ondan çəkinməyin, qorxmayın, usanmayın. Ona görə bir sahədə birini siz bilirsiniz, birini mən bilirəm. 3-cü, 4-cü adam başqa fakt qoyur ortaya. Riyaziyyatda orta rəqəm deyirlər. Bu da elmə təkan verən məqamdır, üstəgəl həqiqəti ortaya qoyandır. Hər kəs oxuduğu materiala inanır. Ümumən, məclisdən çox xoşum gəldi. Belə məsələlərə işıq salmaq aydınların boynuna düşür.

Sizə fürsətdən yararlanıb öz fikrimi demək istəyirəm Azərbaycan haqqında. Birinci onu deyim, Səfəvilər dövləti Azərbaycanın fəxridir. Tutduğu ərazilər elə bizimkidir. Niyəsinə də cavab verə bilərəm. Onu tərsinə, təbliğ eləmək gərəkdir. Səfəvi bir adam deyil ki. Avropa alimlərinin tədqiqatları var, necə ki biz Nəsimini öyrənirik, öyürük, onlar da bizdə şah, onlarda kral, Şah İsmayıl Xətaini öyürlər. Avropalılar çox şeyləri də Doğudan, xüsusilə bizdən oğurlayıblar, öz adlarına çıxıblar. Məsələn, Tusinin yaradıcılığını yəhudi əsilli Avropalı mənimsəyib, ondan ötrü Nobel mükafatı da alıb. Çağında Xəzərin güneyində də, quzeyində də Azərbaycanın dövləti olubdur. İndi deyirik Astraxan, Həştərxandır. Xəzərin batı sahili xəzərlər adlanıb, indi yəhudilərin qulluq etdikləri dinə qulluq edirlər. Xəzərin səviyyəsinin qalxması, düşməsi və s. Parçalanmalar, bir xeyli şəhər suyun altında qalıb. Azərbaycan türkləri dünyanın müxtəlif yerlərinə dağılışıblar. Avropa tərəfdə şərait onlar üçün sakitlik olub. Hara gediblər orda da həmin dinə qulluq ediblər. Yəhudilər bununla məşğul olanda… Türk belədir, yaradır, çıxır gedir. Yiyə olmur yaratdığına. Bütün türk xalqlarının kökü birdir. Avropada yaşayan və kökü bizdən olan yəhudilər yaranır. Mən sual vermişəm ona, deyirəm ərəb sənin qardaşındır, niyə ərəb qapqaradır, sən ağsan.

Fakt var – sivilizasiya şumerlərdən başlayıb. Bugünkü tarix onu sübut edib. Sabah nə çıxacaq onu deyə bilmərəm. Məsələ burasındadır ki, bizim babalarımız şumerlərdir. İndi yavaş-yavaş o qonuya qayıdırlar. Macarıstandan bir alim Çinə gəlib. Çində Türk dünyasına aid çoxlu material var, çinlilər qoymurlar ortaya çıxmağa. Moskvadan o yazını gətirtdim, tərcümə elətdirdim, özümün də əlavələrimi elətdirib çap elətdirdim. O yazıya görə məni az qala xalq düşməni elan eləmişdilər ki, bu nədi. Şümer hara, biz hara dedi Zülfüqarov. Rusiyada o yazını çap etdirdim. Akademiyada tarix institutunun direktoru az qalırdı məni şillələsin. İndiki dövrdə necə olsa müstəqillik ayrı şeydir. Yavaş-yavaş alimlərimiz həmin qonuya qayıdırlar. Azərbaycan insanının yaşadığı o sahələr çox genişdir, çox qədimdir. Bəlkə də dünyada birincidir. Burada yaşayış üçün şərait olub.

Dünya siyasətindən xəbərdar olmaq gərəkdir. Dünya sivilizasiyasından xəbərdar olmaq gərəkdir. Kimin kökü hardadır bilmək gərəkdir, yeri gələndə cavab verə biləsən. Cavab verəndə sən öz millətini, dövlətini müdafiə edirsən. Nəsimi harda anadan olursa olsun, demək gərəkdir mənimkidir. Füzuliylə də bağlı eynilə. Biz balaca dövlətik. Gərək Füzulinin məbədini yaradaydıq. Eynilə Nəsiminin, eləcə də başqa başqa insanların. Mənim müxtəlif sahədə araşdırmalarım var. Mən Tusini misal gətirəcəm. Elmi dərəcəsi yox idi, ancaq müxtəlif sahələrdə bütün yüzillər boyu yaşayacaq ixtiraları var. Ona görə də iddialı olmaq gərəkdir. Xüsusilə də cavanlara aiddir. Elə yön vermək gərəkdir ki, onlar bizdən sonra millətin, dövlətin xeyrinə iş görə bilsinlər, həm də belə səviyyə olsun ki, sənə inansınlar. Bildin-bilmədin nə gəldi danışmaq düzgün deyil.

Millət millətçi olmalıdır, olmasa, məhvə gedəcək. Üzeyir bəyin məqaləsi vardı. Başqası yazır, Azərbaycanı qatı duman içərisində çox zəif işıldayan bir lampa kimi görürəm. Yəni məhv olmağa gdir. Ondan xoşum gəlməmişdi. Ancaq indi bəzən oturub fikirləşəndə, tarixə baxanda istər-istəməz fikirləşirsən, Azərbaycan qatı duman içərisində lampa kimidir. Qatı duman içərisində lampa hansı işıq saça bilər ki, o hər yeri qərq eləsin. Söhbət bundan gedir. Sizə uğurlar arzulayıram. Dövlətimizin, millətiminin dəyərli insanlarını öncə millətə tanıtmaq gərəkdir. Birinci özümüz tanıyaq. Azərbaycan tarixində istər elmi, istər başqa sahədə mənəvi cəhətdən Azərbaycan qədər mənəviyyatı zəngin olan ikinci bir xalq yoxdur. Faktlarla deyə bilərəm. Nəsimi çox böyük tarixi şəxsiyyətdir. Onun ideyaları təkcə bir sahədə deyil, çox sahəlidir. Sizə də uğurlar.

Soylu Atalı: Polemika həmişə gərəklidir. Biz Nəsimi ilə bağlı əsaslandırılmış söz deyə bilərik. Nəsimi ilə bağlı çox yazılar yazmışam. Dünən də yazı paylaşdım. Nəsimiliyi açıram, fəlsəfi açıdan, milli yöndən açırıq. Nəzəriyyəçilik gərək deyil. Nəsimini öyrənmək üçün də, tanıtmaq üçün də ona milli kimlik açısından yanaşılsın. Ona insani kimlik açısından yanaşılsın gərək.

 

 

İnqilab bəy: Burada danışılanlardan razı qaldım. Qısa söz demək istəyirəm. Mən türkçülüyü sevirəm, bu yöndə də harda belə məclislər olanda orda nəsə bir şey görəndə, məclisdə nə qədər danışılır, Nəsimi, ya Füzuli haqqında danışılırsa, danışılanlara böyük qiymət verirəm. Əlbəttə,  elə şey gərəkdir. Bizim xalqın özünəxas xarakteri var. Biz danışırıq, dünyada belə yerlər bizim olub, bizə böyük zərbə vuran Çin xalqı olub lap qədimdən. Çinlilər böyük hasarlar tikiblər türkdən canını qurtarmaq üçün. Sonra düşündülər ideoloji cəhətdən türkü məhv eləməyə. Yazıb əsaslandırdılar, türk nəyə qadirdir, xarakteri nədir. Onu öyrənib özünə qarşı mübarizəyə başladılar. Buna da nail oldular. 5-ci yüzildə Gültəkin abidəsində də tarixçilərimiz yaxşı bilirlər, mən ixtisasçı deyiləm, Gültəkin abidələrində deyir, ey türk xalqı, biz çinlilərin yağlı dillərinə inandıq, yaxınlaşdıq, məhv elədilər. Çindən sonra fars milləti öyrənib həmin mübarizəni, həmin ideologiyanı beynimizə yeridirlər, məhv eləməyə çalışırlar. Youtube-da erməni yığıncağı göstərirdilər, erməni deyir, bu türk bizim ən qəddar düşmənimizdir, bizim yox, dünya xalqlarınını hamısının düşmənidir. Türkü qırmaq gərəkdir, türkü şüşə qabda spirtin içində saxlamaq gərəkdir, gələcək xalqa göstərəsən bu xalq çox qəddar millətdir. Bu da bunun nümayəndəsidir, bunu da çəpiklə alqışladılar. Moskvada bizim tanış qohum var. Balaca nəvəm onunla danışır. Bizim düşmənlərimizdən söz düşdü, birdən dedi, bizim düşmənimiz kimdi ki, deyir türk. Sonra oğlandan soruşdum, bizim düşmənimiz kimdir, deyir bizim düşmənimiz türkdür. Deyirəm o niyə elə deyir axı. Zəng elədim anasına bu nə sözdür, o da məəttəl qaldı. Uşaqdan soruşursan, sən nə danışırsan?! Birinci sinifdə oxuyur. Moskvada birinci sinfə gedir. Sinifdə 3 erməni uşağı var. Müəllim soruşanda bunlar deyib bizim düşmənimiz türkdür. Bu da onlardan öyrənib. Yəni onlar dayanmır. Digər xalqlar heç vaxt dayanmırlar. Daim mübarizə aparırlar. Əgər biz yaxşı təşkilatlanmasaq, ideologiyamızı yaymasaq, birliyimizi yaratmasaq, biz nəyəsə çətin nail olaq. Belə bir məclisdə də mübahisə doğursa, biz bir şeyə nail ola bilmərik. Millətə qarşı sevgi o qədər güclü olmalıdır ki, biz hansısa biri danışanda onun qarşısında əriyək. Bu o demək deyil yüklənirik, ancaq o sözün, müqəddəsdir, gərək onun qarşısında əriyək. Ərimək, yəni içimizə daxil edək. Bunu da təbliğat aparaq. Başqa yolumuz yoxdur qardaşlar. Bir daha sizə təşəkkür edirəm. Bu gün çox məmnun oldum. Bunlar davamlı olsun. Davamlı şəkildə götürək, evladlarımıza təbliğ edək. Sağ olun.

Yadigar Türkel: Çox sevindim belə tədbirin keçirilməsinə. Bu gün Bakıda bu boyda dövlətin yeri yoxdur, toplumsal qurumlar getsinlər orda tədbir keçirsinlər. Çox az pulla, ya da pulsuz. Avropada belə şeylər var. Bu yöndən gərək iş görülsün. Bizim çatışmazlığımız nədir. 90-cı illərdə Azərbaycanda politologiya, sosiologiya bilimləri yayılmışdı. Sağ olsunlar bizim alimlərimiz, çox az bilikləriylə, çox qısıtlı imkanlarıyla bu elmləri Rusiyadan, Avropadan çevirdilər, öyrənidlər, kitablar çap elədilər. Mənim də o yöndə kiçik xidmətlərim var. Ancaq 95-ci ildən sonra Azərbaycanda Anayasa keçəndən sonra, 96-cı ildən elə bil bütün şeylərin üstündən cıızıq çəkməyə başladılar. Bütün sosiologiya, politologiya, institutun belə adını dəyişdilər. İnstitutu belə idi, Sosiologiya, Politologoya, Hüquq institutu, çıxartdılar, bizim şöbənin adı politologiya idi, politologiyanın üstündən cız çəkdilər, ayrı-ayrı şeylər uydurdular, çox yanlış bir yol tutdular. Bu gün Azərbaycanda poilitologiya demirəm, onu qoyduq qırağa, sosiologiyanı belə ortadan qaldırıblar. Yoxdur, öyrənilmir. Sosiologiyası olmayan bir xalq, bir ulus, qabağa gedəmməz. Avropada sosiologiya öyrənirlər. Bu gün Azərbaycanda sosiologya bilimi yoxdur. Bu mənim baxışımdır.

Nəsimi ilə bağlı. Dövlət televiziyasında elə danışırlar ki, Nəsimi Allahsevərdir, az qalırlar desinlər molla Allahşükürdür. Bütünlüklə yanlışdır. Mən onun kitabından 100 səhifə oxudum, bir sıra şeylər yazmışam, Nəsimini dinlə bağlamaq nadanlıq olardı, cahillik olardı. Nəsimilərin illərlə yetişib düşüncənin bilimsəl düşüncəyə yönəldiyi çağdır bu. O çağda asmalar, öldürmələr, yandırmalar, dərisi soyulma da Avropadakıyla birdir. Nəsimi deyirdi, Allah haqqında uydurduqlarınız yalandır, Allah bu varlıqdır, bu insandır, bilimdir, dünyaya qovuşmaqdır. Bu yöndə danışırdı. Nəsimini bilimdən uzaqlaşdırıb Allahla bağlamaq gülüncdr. Burdan bir sıra qoşa sözlər seçmişəm, onları sizə oxuyum.

Bir bu mənidən ki, siməm, ya zərəm,  (bil bu yazdığımdan mən gümüşəm, yoxsa qızılam), bu elə-belə söz deyil. İslam xurafatının içində bu sözləri demək, yazmaq, ona görə də onun dərisini soydular.

 

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

 

Bunu deyən oğlan özünü anlamış oğlandır, insanı anlamış oğlandır, insanı Allahın qulu, nə bilim nəyisə sayan deyil, o insanı uca görən adamdır. Durub Nəsimini bilimdən uzaqlaşdırıb hansı dinlə bağlamaq molla Allahşükür düşüncəli adamların işi ola bilər. Bizim toplumun bizim toplantıya yığışan adamların işi deyil.

 

Zahidin əfsanəsindən soydular nagah məni…

Buna qarşı vuruşub, bilimə, texnologiyaya biz bu gün dala qalmışıq, qabağa getmək yerinə boş-boş işlərlə uğraşırıq.

Uğurlar olsun!

 

Asif Ozan: Orda misal gətirdiniz, zahidin əfsanəsindən soydular nagah məni, Bunu Nəsimi deyə bilməz. Nəsimi poeziyasında bir çox şeylərə aydınlıq gətirilməlidir. Nəsimi soyula-soyula “Ağrımaz” şeirini yaza bilməz.

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,

Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz.

Bunu o məqamda deyə bilməz.

 

Yadigar Türkel: Bu sözü 10 ay da qabaq deyə bilər, 10 il də qabaq deyə bilər. Bu nəzəri şeirdir.

Soylu Atalı: Təşəkkür edirəm hamıya düşüncələrinizi bölüşdüyünüzə görə. Bura az, ya çox insanları çağırmaqda istəyim odur, biz tarixi faktlarımızı, tarixi simalarımızı, şəxsiyyətlərimizi düzgün tanıyaq, onların nə demək istədiyini dərk edək. Onları bilək. Nəsimi insanı Allah sayır, elə-belə saymır. Nəsimi deyir heç yana sığmıram. Elə-belə demir. Bu insan qüdrətinin bir şəxsdə, bireydə üzə çıxmasıydı. Doğrudan da o, Allahlığı onunla sübut edirdi. O, doğrudan da, edam kürsüsündə şeir deyirdi. İndiki kimi cır deyildi o zamankılar, bir kəlmədən yaddaşına yazılırdı onların. Hər yerdə onu sufilər oxuyurdular meyxanələrdə. O, şeir deyirdi edam kürsüsündən. Mən buna qəti əminəm. Mahnı oxuyurdu Cordano Bruno, Yan Qus tonqalda yananda. Mən elə-belə gəlməmişəm bu qənaətə. Mən bunların hamısını öyrənmişəm. Doğrudan da o, mahnı oxuyurdu. Mən heyrət edirəm Nəsimini oxuduqca. Mən görürəm o nə deyir. Onu açmışam mən yazımda. Mən yazı yazdım, hakimiyyət Nəsimi ili elan edib, ancaq bir dənə Nəsimi ilə bağlı addım atılmır. Mən yazımda təklif edirəm Nəsiminin heykəlinin arxasından sök o Kotton zibilini. O alver imarətini sök, Nəsimi muzeyi yarat, orda Nəsimi tədris olunsun. Nəsimişünaslar işləsin orda. Azərbaycana gələnlərə də Nəsimini öyrət. Azərbaycanın körpələrinə də ekskursiya təşkil elə, apar orda Nəsimini öyrət. Nəsimi deyir sığma, sənin içində sığmazlıq var. Buna görə biz Nəsimini öyrənməliyik. İnsan özündə Allah daşıyır. Qüdrət daşıyır. Babək deyir, mən içimdə Şirvin gəzdirirəm. Tikə-tikə doğranır, deyir yaşa Azərbaycan. Buna necə inanmayasan. Bu həqiqətdir. Bu həqiqəti insanlara doğru çatdırmaq gərəkdir. İçimizdəki yanğı ilə, sevgi ilə çatdırmalıyıq. Asif Ata bizə deyirdi, cəmiyyətlə barışmayın, mühitlə barışmayın. Mühit sizi balaca saxlamağa çalışır. Hamı bizə deyir, mühiti də nəzərə al, şəraiti də nəzərə al. Ata deyir barışma, qəbul eləmə. Qəbul edəcəksən, olacaqsan pişik. Qəbul edəcəksən olacaqsan siçan. Qəbul eləmə, şəxsiyyət ol, onda böyük olursan. Buna çağırıb böyüklərimiz, şəxsiyyətlərimiz. Asif Ata da ona çağırır. Barışmayın deyir. Əgər barışmasan, doğrudan da, tonqalın içində mahnı oxuyacaqsan. Nəsimi ilə bağlı bizim öyrəndiyimiz, öyrənmək istədiyimiz həqiqət budur ki, insana verilən qiymət ən yüksək səviyyədədir. İnsana deyir, əgər sən içindəki həqiqətləri dərk edərsənsə…  Bəs özünüdərk nədir? Sən bədənə bərabər deyilsən. Bu günə bərabər deyilsən, cılız deyilsən. Sən ali xilqətsən. Sən Allahsan. Allah olduğunu dərk elədiyin sürədə yenilməyəcəksən. Millət olacaqsan, dövlət olacaqsan, bəşər olacaqsan. Onda yenilməyəcəksən. Yoxsa o da yaxşıdır, bu da yaxşıdır. Biz niyə görə qabağa can atırıq. İnkişaf deyilən bir şey nə deməkdir bizim üçün. İnkişaf deyilən şey toxunulmaz etalondur. Ən yüksək olana can atırıq. Nə dərəcədə fiziki ömrümüzdə biz ona yetirik, yetmirik, bu ayrı məsələdir. Ancaq biz ona can atırıq. Allahı ona görə yaratdılar ki, o insan varlığındakı ən kamil, ən yüksək məsələlərin hamısının etalonudur. O toxunulmazdır. İnsan orda özünü tapır. Yaratdığı etalonda özünü tapır. O böyüklükdə, o hikmətdə özünü tapır. Ona pənah aparır, ona səcdə qılır. Onunla insan öz mənasını dərk edir, Allah bu olmalıydı. İnsanı özünə çatdırmaq üçündür Allah. Ona qul psixologiyası aşılamaq üçün deyil. Bütün inanc sistemləri ondan ötrüdür ki, insan ali xilqət olduğunu dərk eləsin. Bütün bəşəriyyətin keçdiyi yollarda bunu öyrədir bizə. Bunu aşılamağa çalışır. Biologiyadan çıx, bioloji yaşama, heyvanat aləmindən ayrıl. Buna çağırır bizi şəxsiyyətlərimiz.

Bununla mən Nəsiminin “Sığmazam” qəzəliylə tədbirimizi bitirirəm, hər birinizə təşəkkür edirəm, zəhmət çəkib gəlmisiniz, sözünüzü demisiniz, fərqli düşüncələrinizi bölüşmüsünüz. Fərqli düşüncələrdəki uğurlar yeni düşüncələrin açarıdır.

Muğam üçlüyü Nəsimi üstə qəzəl ifa edir. Soylu Atalı “Sığmazam” qəzəlini deyir.

 

 


İşıq Ayı, 41-ci il. Atakənd.
(may, 2019. Bakı.)

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir