Xəbərlər

Nurtəkin Atalı. 20 illik Ocaq yaşım

Nurtəkin AtalıMütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya
– İnam Ataya ali səcdə ilə sözümə başlayıram.

Yəqin ki, Ocağa gələndə düşünməzdim ki, bu gün də gəlib çıxacaq, 20 illiyimi qeyd edəcəm. O zamanlar bunu görə də bilməzdim. Çünkü ciddi olaraq hara gəldiyimin fərqində deyildim. Ataya heyrət, belə bir zamanda Ata kimi şəxsiyyəti gördüyümə yönəlik fərəh duyğusu, Ocaq kimi arı bir dünya tapmağım, bunların xoşbəxtliyini yaşayırdım. Elə fərəhliydim, duyurdum ki, ürəyim yerinə sığmırdı. Gənc bir qızın uçuna-uçuna tədbirlərə gedişini xatırlayıram, özümə də maraqlı gəlir. Mən yol tapdığımın da fərqində deyildim. Yolun nə olduğunu bilmirdim də. Sadəcə yaşayırdım. Duyğularımla, heyrətimlə, sevincimlə. İndi 20 illik bir ömrü yazmaq istəyirəm. Axı mən necə ifadə edim bütün yaşadıqlarımı? Hər bir fərəhin, sarsıntının, əməlin ağrı-acısını, sevincini yazmaq asandırmı? Yenidən o günlərə qayıtmaq bəzən sevinc, bəzən ağrı gətirir. Ancaq sonuc 20 illik bir ömürdür ki, bura qədər gəlib çıxdığıma, bu yolu getdiyimə görə özüm öz gözümdə ucalıram. Yola bağlılığımı, Ataya sədaqətimi, Ocaqçı sorumluluğumu, Amalçı aqibətimi özüm üçün təsdiq edirəm. Hər ilim qədər fərəhim artır, 20 qat olur.
Ata deyir ki: “Amal – Ali həyat istəyidir”. Mən Amal yolçuluğuna başlayanda nə istədiyimi bilmirdim. Ali həyata həsrət, təsəvvürdə görmə o zaman olur ki, adi həyatın adiliklərini, fəlakətini dərinliklərinə qədər görə biləsən. Bir insan olaraq cəmiyyətin gözündə dəyərsiz olduğunu, bir millət olaraq da bəşərdə yerini, dünənini biləsən. Onda bugünkü durumu dəyərləndirib sabah necə olmalıdır deyə yol axtarışına çıxmağa, ideal həyat uğrunda çalışmağa başlayırsan. Ancaq necə çalışmalı? Gerçəkləşdirmək o qədər də asan deyil. Hardan başlamalı, necə davam etməli? Ocağa gəldiyim ilk çağlarda belə böyük sorular qarşısında deyildim. Ata şəxsiyyətinin cəzbi, ömrünü millətinə həsr etməsi, tənha yaşaması, izlənmələri (təqibləri), əzablar çəkməsi və s. bunlar məni heyrətləndirirdi, düşündürürdü, içimdə Atanı tək qoymaq olmaz deyə qeyrət duyğusu yaradırdı.

Ata ve men
Atalı çağlarımı xatırlayıram. Hər gedişim fərəh dolu idi. Atanın yazılar oxuması, sorularım olanda diqqətlə dinləməsi, cavablandırması, evində gördüyüm sıradan təmizlik işinə qiymət verməsi mənə yalnız fərəh verirdi. Mərasimdə Atanın çıxışı, Evladların halı, ordakı ortam olduqca cəzbli və maraqlı gəlirdi mənə. Mən Atanın sağlığında Amalı anlamadım, anlaya da bilməzdim. Çünkü nə qədər ki, insan ideyanın gerçəkləşməsi üçün əməllər etmir, tam olaraq da Amalı anlaya bilməz.
Atanın ölümü ilə Ocaqda da, məndə də çox şeylər dəyişdi. Ocaqçılararası münasibətlərin üzdə olması, bir-birini həzm etməmək üzə çıxdıqca mühit də dəyişilirdi. Atasızlığın acısını hiss edirdim. Fitrətdən gələn sədaqət duyğusu vardı içimdə. Ancaq o duyğu Amalla birləşməsəydi, yəqin ki, bugünkü gün də olmayacaqdı. Çünkü Amalçılıq insanın içindəki bütün duyğu və düşüncələri yönəldir, yetkinləşdirir.
Mənim ömrümə Amalçılıq Soylu Atalının məni Ocaq əməllərinə yönəltməsiylə başladı. Bunu dəfələrlə vurğulamışam, ancaq yenə də hardan hara gəldim deyə düşünəndə bunları deməsəm, olmur. Öncə Ata Bitiqlərinin əlyazılardan makina ilə üzünün artırılması, üzlənməsi. Hər bitiq hazır olduqca, mərasimdə Soylu Atalı onları Atanın adından təqdir eləyirdi. Anlamağa başlayırdım Ocaq nə deməkdir.
Soylu Atalının oxullarda görüşlər keçirməsi. Atanın Ocaqçıdan Xalqlaşma tələbinin gerçəkləşməsi. Canlı görüşlər, söhbətlər, qarşılıq vermələr, suallar, heyrətlər, tənələr – bunlarla görüşdükcə, İdeyanın yayılma çətinliyini və sorumluluğunu anladım. Eyni zamanda xalqla görüşdükcə, xalqın səviyyəsini gördükcə də ideyamızın yayılma gərəkliyini, zəruriliyini anladım. Ancaq bu anlam özüm görüş keçirəndə daha da dərinləşdi. Görüş keçirməyim isə yenə də Soylu Atalının qarşımda tələbi ilə başladı. Görüş keçirmək – artıq çətinliklə, fərəhlə, qorxuyla, həyəcanla üz-üzə qalmaq deməkdir ki, bu da sorumluluğun artmasıdır. Mən bu görüşlərdə sevindim də, qorxdum da, heyrətləndim də, həvəsləndim də. Qorxumu ötdüm, həyəcanımı ötdüm, tərəddüdümü ötdüm, fərəhimsə yetkinləşdi, sorumluluğum yetkinləşdi, İnamım yeniləndi, İdrakım yeniləndi, Mənəviyyatım yeniləndi, İradəm yeniləndi.
Atanın, Soylu Atalının yazılarını redaksiyalara apardım. Yeni üzlər, yeni sorularla üzləşdim. Bu da məni yetkinləşdirdi. O illərdə bu yolu həm də Göylü ilə, Üstünlə bərabər keçirdik. Bizim doğmalığımız, sevgimiz biz Amala bağlandıqca artırdı. Bölgələrə çox zaman Göylüylə birgə səfər edirdik. Soylu Atalıya görüşlər təşkil edirdik. Qışda da, yazda da çətinliklərimizi sanki görmürdük. O qədər fərəhliydik ki.
İldən-ilə təddbirlərimiz də artdı, əməllərimiz də artdı, zənginləşdi, müxtəlifləşdi. Bunların nədəni yetkinləşməyimizlə bağlıdır. Ocaq tədbirlərinin arxivləşməsi – həm görüntü, həm gedişi, həm şəkli – bunların arxasında ciddi əmək durur. Bu ruhsal əməllərlə qurulur ömür. Çünkü o törənlərin, toplantıların içində sözümüz, əməlimiz var ki, onların tarixləşməsi – Ocağın tarixləşməsidir.
Mən son illərdə Ocağın xalqlaşma işlərinə ara verdim bəlli səbəblərdən (ana olmağımla bağlı). Son aylardakı görüşə cəhdlərim, xalqlaşma əməlim isə özümə bir daha sübut etdi ki, ömrümün əsas fərəhi Ocaq əməlləri ilə bağlıdır. Evdə nə qədər Ocaq əməlləri görsəm də, xalqlaşma əməli ruhsal sorumluluq yaradır və yetkinliyə doğru aparır. Özünə inamın artması Ocaq əməlləri ilə bağlıdır. Çünkü var olduğumu anlayır, varlığımı görürəm. Həm də gələcəyimi görürəm. Burda illüziya deyil, gerçək, sağlam düşüncə və əməl rol oynayır.
Dünənim necə idi? Mən sıradan bir qız idim. İndi isə 20 il Yol keçmiş Ocaqçıyam. Bu 20 ildə yaşadığım hər olayda Ocağın mövqeyini əsas tutdum. Ona görə də özümü həyatın axarında itirmədim. Zəifliyimi gördüm, ağrıdım, ancaq inamsızlaşmadım. Yanlışlarımı gördüm, çaşmadım. Fərəhlərim oldu, daha da artığına can atdım. Bütün bu duyğularımı yönəldən, böyüdən Soylu Atalı oldu. Yanlışlarımı da mənə göstərdi, uğurlarımı da öydü. Mən özümü ən çox onun araşdırmalarında gördüm. Yönün düz olması məni yolumdan sapdırmağa qoymadı. Günbəgün, aybaay, ilbəil Ocağı anladım, Atanı anladım.
Biz elə bir ruhsal ortam, dünya yaratmışdıq ki, onun təməli Ataya, Amala bağlılıq idi. Soylu Atalı bizim üçün Ataya körpü oldu. Soylu Atalının təşəbbüslərindən, yeni əməllərindən, düşüncələrindən və bizi də Amal tələblərinə çağırmasından və yüksəltməsindən yarandı dünyamız. İndi də bu halla davam edirik. Bəzən illərin içində, olayların içində qiymət vermək olmur, ancaq dönüb o illərə baxanda hardan hara gəldiyimi görəndə çox sevinirəm. Ocaqda çox olaylar oldu. Parçalanmalar baş verdi. Önəmlisi olan bugünkü doğmalığımız, sevgimiz və Ocağa bağlılığımızdır. Sarsılmadıq, dayanmadıq, Ataya inandıq, Soylu Atalıya inandıq, özümüzə inandıq. Ona görə də bugünkü gündə Ata qarşısında üzü ağlığımızı fərəhlə dilə gətirə bilirik. Bizim hər birimizin qarşısına çıxan çətinlikləri ona görə ötdük ki, həm də bir-birimizə inandıq. Bir insan arxasında Ocaq dünyasının, doğmalarının olduğunu duyursa, görürsə, onda onun özünə inamı birə beş artar.

IMG_4199
Mən hər bir Ocaqçı haqqında onun layiq olduğu səviyyədə danışa bilməsəm də, bacardığım qədər ifadə etmək istərdim. Çünkü bizim ömrümüz bir-birimizə sıx bağlıdır.
Soylu Atalının bu il Ocaqçılığının 25 illiyi oldu. Bu 25 illik ömrünü araşdırmaq mənim üçün asan deyil. Çünkü bu ömür o qədər ruhsal zəngindir ki.
Soylu Atalının Ocaqçılığının ilk dönəmi Atagüzarlıqla bağlı olub. Atanın məişəti, gəzintisi, geyimindən tutmuş mərasimlərə, görüşlərə aparıb-gətirilməsinə qədər. Bunları o, öz kitabında da yazıb. Atadan sonrakı dönəm isə Ocaq yükünün altına öz çiynini verməsi ilə başlanır. Yeni tədbirlərin yaranması – bayramların gerçəkləşməsi, yas-toy qurallarının yazılması və həyata keçirilməsi onunla bağlıdır. Bu olayların gerçəkləşməsi ruhun yetkinləşməsi ilə gerçəkləşdi. Çünkü Ocaq tarixində olmayan bir olayın həyata keçirilməsi üçün İnam, İdrak, Mənəviyyat, İradə – hamısı gərəkdir.
Soylu Atalının ömründə belə ilklər çoxdur. Görüşlər, bayramlar, qurallar və s.
Ardıcıl görüşlərin keçirilməsi. Atadan sonrakı dönəmdə Soylu Atalı Bakıda və Sumqayıtda oxullarda görüşlər keçirdi. Bu görüşləri Göylü, Üstün və mən təşkil edirdik. Elə gün olurdu ki, 3 görüş keçirirdik. Elə oxul oldu ki, orda hər ay Fikir Evi səviyyəsində görüş keçirdik. Bunlar nədən doğur? Ata ideyasını çatdırmaq eşqindən. Sıradan halla, əhvalla, həvəslə bunu həyata keçirmək olmazdı.
Bölgələrdə görüşlər. Heç tanımadığımız bölgələrə gedirdik. Bəzən kirayə tuturduq, bəzən də Ocaq dostları qazanırdıq, evlərində qalırdıq. Bütün günü oxulda, muzeydə və bir sıra yerlərdə görüş keçirdikdən sonra qaldığımız yerdə də Soylu Atalı adamlarla, ailə ilə söhbətlər aparırdı. Tükənməz ruhsal enerjisi və əhvalı ilə.
Özəl buraxılış çapının başlanması. Görüşlərdə verdiyimiz əvəzsiz Ocaq ədəbiyyatıdır. Hər il davamlı olaraq basılır. Ordakı yazıların qonularına və yazılıb başa çatdırılmasına Soylu Atalı nəzarət etməsə, inanmıram ki, deyilən çağda buraxılış hazır ola. Başlanğıcdan basılmasına, sonuna kimi özünün birbaşa diqqətində olur.

IMG_1703
Hər bir tədbirin keçirilməsi gələnəyinin yaranması. Dəqiqlik və ruhsal düşüncə, ruhsal əhvala köklənmək. Atadan sonra heç bir şeyin ləğv olunmasına olanaq verməməsi, tərsinə, yeni törənlərin yaranmasına yetməsi. Bunlar Ruhaniyyat tarixi üçün əvəzsiz olaylardır.
Ocaq saytlarının yaranması və indiyə kimi də ordakı yazıların verilməsinə nəzarəti.
Ata Bitiqlərinin basılması və “Ata Səsi” Bitiyinin də yaranması. Atanın keçirdiyi görüşlərin Ocaqçılar tərəfindən yazılması, Soylu Atalı tərəfindən toplanması, yoxlanması, redaktəsi ilə başa gələn “Ata səsi” Bitiyi Atanın canlı nəfəsinin, halının göstəricisi olan kitabdır. Hər dəfə oxuduqca yeni düşüncələrlə, hallarla rastlaşmaq mümkündür. Bu baxımdan olduqca əvəzsizdir. Bu kitablar Ocaqçıların maddi xərci ilə yarandı. Bunları təşkil etmək, başa gətirmək ancaq Soylu Atalıya xas olan bir dəqiqliklə, sevgi ilə, sorumluluqla yerinə yetirildi.

bitiqler
Ocağın Tədbirlər kitablarının yaranması. Bu kitablar yalnız arxiv deyil, Ocağın gündən-günə artan gedişidir, Evladların halları, düşüncələridir. Bizim özümüzə güzgüdür hardasa.
Soylu Atalının Atadan sonra gündəmlə bağlı araşdırmaları da xüsusidir. Çünkü bugünkü gündə Ocaq yazıları izlənilir. Hər hansı durumla bağlı Soylu Atalının mövqeyi də Ocağın mövqeyini təmsil edir. Araşdırma yazıları ilə o, düşündürüb, həqiqi mövqe ortaya qoyub.
Soylu Atalının kitabları basıldı. Bu kitablarda həm ruhsal, həm ədəbi, həm də gündəmlə bağlı araşdırmalar var. Düşündürücü, aydınlaşdırıcı mövqe var. Evladın kitabı Atanın fəlsəfəsinin sonucudur, həm də davamıdır. Soylu Atalının kitablarından sonra Günevin, Ulusəsin və mənim kitablarımın basılması Soylu Atalıya bağlıdır. İnsanın sözü o zaman yaranır ki, ömrü qurulur. Ömrümüz Ocağa bağlıdır, Ocaq da ömrümüzə bağlıdır. Saydığım əməllər, görüşlər, tədbirlər, söhbətlər olmasaydı, Ocaq dünyası da yaranmazdı.

kitablar buraxilis teqvim
Soylu Atalının əməllərindən danışmaqla bitən deyil. Bu əməllər onun ruhundan, ruhsal xarakterindən doğur. Soylu Atalı özünü qurduqca Ocağın əməlləri daha da yetkinləşdi. Özündən tələbləri yüksəldikcə Ocaqçıları da Ata tələblərinə çağırdı. Ocaqla bağlı nə varsa, qorunub sabaha saxlanmasına çalışdı. Onun ömründə davamlı bir ardıcıllıq var. Daim artan yöndə bir ardıcıllıq. Hər tədbirdə onun yeni düşüncə ortaya qoyacağına inanıram. Hər telefon zəngində yeni təşəbbüs, ya da hansısa Ocaqçının, ya özünün görüşündən, əməlindən danışmasını gözləyirəm. Bütün bunlar o deməkdir ki, ömür Amal üstə qurulub. Ataya bağlılıq, Ocağa bağlılıq hər məqamda görünür, bilinir. Soylu Atalı öz ömründə elə bir axar yaradıb ki, onun sabahkı gününün, yaradıcılığının, əməllərinin bugündən daha artıq olacağına ciddi inam yaranıb. İnam belə qurulur. Bugünkü varlığına da inanırsan, sabahına da.
Biz bir çox şeylərdə Soylu Atalının nəzarətinə görə arxayınlaşırıq. Özünün də dediyi kimi, tam müstəqilləşmirik. Bunu yaratmalıyıq.
Bugünkü ruhsal gerçək – ruhsal ömürlərin qurulmasıdır. Bu gün hər bir Ocaqçının özünə xas halı Ocağımızı daha da zənginləşdirir.
Göylü Atalı da, illərdir ki, ardıcıl Ocaq əməlləri ilə hamımızı heyrətləndirib, sevindirib. Gözlənil­məzlik ən çox onun əməlləri ilə bağlı olub. Görüşlərə, səfərlərə ən çox Göylü can atıb. Özündən­keçməsi əvəzsizdir Göylünün. Ocaqçı ömründə də bir çox ilklərə imza atıb Göylü. Atanın kitablarını çap etməyi, redaksiyalara getməyi, oxullarda görüşlər təşkil etməsi, Ata görüntülərinin hazırlanması və s. Zəngin əməllər onu uca fərəhə yetirib, həm də bizi sevindirib. Belə bir əminlik yaranıb ki, Göylü hər hansı bir işi öhdəsinə götürdüsə, onu tez bir zamanda başa gətirməlidir. Bunu görməyin, düşünməyin özü belə fərəh verir. Çünkü inamlı münasibət Ocaq dünyamızı qurur.
Günev Atalı haqqında düşünəndə belə bir obraz gəlir gözümün önünə. Bakıdan uzaqda Atagün Elində bir dağ var. Vüqarlı və səbatlı. Günevin Elana ilə birlikdə ordakı halı, əməlləri olduqca heyrətlidir. Tənələrin, söz-söhbətin etkisiz qaldığı, zaman keçdikcə adamların düşmən münasibət­lərinin dəyişilməsini yaratması, onun Amalçı aqibətinin qurulmasından soraq verir. Cəmiyyətin, ortamın etki göstərə bilmədiyi, dəyişə bilmədiyi, tərsinə, ortama etki göstərən, əhval yaradan, düşündürən ömürlərə heyrət etməmək olmur. Günevlə Elananın bir-birinə dayaq olaraq birlikdə Ocaqçılığı, səfərlərə getmələri, birgə söhbətləri cismani ailənin ruhsallaşmasıdır ki, bu da Ocağın yetirdiyidir. Onların gücü, doğmalığı, sevgisi Amaldandır, Ocaqdandır.
Ata dönəmindən sonra Ocağa gələn Üstünün də o illərdə bir sıra əməlləri oldu. Sonra Ailə qurması ilə azaldı. Son illərdə onun bölgələrə səfərləri Ocaqçılıq uğurlarıdır. Son aylarda keçirilən Beşikbaşı mərasimində – Əyyub bəyin oğlunun Beşikbaşı mərasimində Üstünün halı və təşkilatçılığı qəti və inamlı idi. Üstündə hərdən özünü göstərən ruhsal inad var. Özünü yaratması və əməlləri ardıcıl və davamlı olarsa, onun fərəhindən Ocaq daha da zənginləşər.
Ulusəs Atalının varlığı da mənim üçün xüsusidir. Ocaqla bağlı hər bir şeyə diqqəti və işə ürəkdən yanaşması var. Doğru qiymət verməyə çalışmaq və qorumaq onun münasibətinin əsasında durur. Bizim birlikdə xalqlaşma söhbətlərimiz olub. İnam evinə adamlar dəvət etmişəm və ikimiz birlikdə ona Ocaq ideyalarını anlatmağa çalışmışıq. Bu söhbətlərdən sonra yenidən öz aramızda söhbətlər edərdik. Daha da artığını istədiyimizi dilə gətirərdik.  İndi də Ocaq əməllərində ara versə də, Ocağın hər uğuruna öz uğuru kimi sevinir Ulusəs.
Ocaqda İnamlı inadı formalaşırdı. Ayrı-ayrı fədakarlıqları, Ocağa maddi cəhətdən qayğı göstərmələri Ocaq işlərinin qabağa getməsinə təkan verirdi. Oxulların qapısını inadla döyür, Soylu Atalıya çoxsaylı görüşlər təşkil edirdi. Ancaq özüylə döyüşdə özünə qalib gələ bilməmək zəifliyi göstərdi. Kaş özüylə bacara biləydi, uğurları uğurlarımıza calanaydı…
Türkel Atalının haqqında düşünəndə ağlıma öncə onun ciddi sorumluluğu gəlir. Ocaq işlərinə o cür yanaşır. Özünü araşdırması səmimidir. Türkelin başqa Ocaqçıları görümü də maraqlıdır. Ocaqçıların çıxışlarına, kitablarına, düşüncələrinə düşüncə ilə yanaşır və qiymət verir. Onun boynunaalmaları (etirafları) olduqca doğma gəlir və inandırır.
Güntay Atalının Ocağa gəlişi də xüsusi olaya çevrildi. Çünkü o, özündənkeçməsi ilə, Ocağın hər əməlinə diqqət və qayğıyla yanaşmasıyla seçilir. Onunla hər hansı əməlin üstünə getmək olar, yoldaşlıq etmək olar. Belə bir inam yaradıb özünə qarşı.
Ulunurun Ocaqçılq işləri ən çox Ocaq tədbirlərinin səsdən yazıya çevrilməsi ilə bağlıdır. İnanıram ki, Vətənə əsgər borcunu ödədikdən sonra uğurlarla Ocaqlaşacaqdır.
Bizim hər birimiz halımızla, düşüncəmizlə Ataya bağlıyıq. Həm də bizim hər birimiz Soylu Atalıya bağlıyıq. Ocağın bugünkü halı, uğurları bu münasibətdən yaranır. Bizim Ocaq Yükümlüsünə müna­sibə­timiz, bir-birimizə münasibətimiz İnama dayanır. Ona görə də əməllərimiz, halımız, görümümüz uğurludur, fərəhlidir.

Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin 22650033 95610026 95530002 Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin Nurtekin

Nurtekin

Uluyol-Hünər Ailə Günü

Nurtekin_kitab-1-200x294

Atamız Var olsun!

İşıq Ayı, 38-ci il. Atakənd.
(may, 2016. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir