Düşüncələrimin yönü
- İnsandan başlayır hər şey. İnsan nədirsə, dünya odur.
- Hər bir insanın yaşam ölçüsü var. Kimi toplumun, kimi dinin, kimi siyasətin, ideologiyanın ölçüsünü qəbul edib ona uyğun yaşayır.
- Əqidəsizliyi əqidə sayıb yaşayanlar da var.
- Məqsədsizliyi məqsəd sayıb yaşayanlar da var.
Ancaq həqiqət birdir.
- Asif Ata bizə bunu öyrətdi: “İnsani, milli, bəşəri ideyalarla yaşamalıdır insan”.
- İnsan insanlığa meyil edər, onu qiymətləndirər. Ancaq onu daim ömründə qorumaq, yaşatmaq asan deyil. İdeya ilə ömür nizamlanmalıdır, qurulmalıdır. Həqiqəti sevmək azdır, onu qorumaq, yaşatmaq gərəkdir. Asif Ata bizə bu ölçünü verdi.
- İnsanlıq zamandan, şəraitdən, mühitdən üstündür. İnsanlığa uyğun yaşamaq zamandan, şəraitdən, mühitdən üstün yaşamaqdır. Ata bizə belə bir üstünlük düzeyində yaşamaq öyrədir.
- İnsanın qarşısında Zaman öz tələbini, toplum öz tələbini qoyur. Bu tələblərdə insan özünə yadlaşır.
- Mütləqin isə bir tələbi var: Özünə çat, özümlüyünü qur. Onda dünyanın da, həyatın da əsil mahiyyətini anlayacaq, görəcək, onunla yaşayacaqsan.
- İnsan ömrünün millətlə, bəşərlə birliyini anlamaq ömrün baxışını da, gedişini də dəyişir. Həm öz qarşında, həm millətin, İnsanlığın qarşısında özünü sorumlu görürsən. İnsan içindəki nisbilikdən, naqislikdən arındıqca millətə, dünyaya daha çox gərək olur.
- İnsan içindəki yalanı yaşatdıqca dünyadakı yalanı yaşatmalı olur. Yalan yaşadıqca həqiqətə inanmaq gücünü itirir, həqiqəti təsdiq etmək özünü doğrultmur.
- Həqiqətə inanmaqla onu yaşadarsan, təsdiq edərsən. İçindəki yalana qalib gəlməyə inanmaq dünyadakı yalanı yenməyə inam yaradır. Asif Ata deyirdi: “Şər tamam yox olmur, xeyirlə şər daim mübarizə aparır, ancaq xeyirin qələbəsinə inam bu günümüzü dəyərləndirir, sabaha inamı artırır”.
- Hər kəsin sorumluluğu var: ata kimi, ana kimi, bacı-qardaş kimi. Ancaq ən önəmli sorumluluq İnsan olmaq, millət qarşısında, bəşər qarşısında sorumlu olmaqdır.
- İnsanın öz ömrünə yiyə çıxması böyük olaydır. Gələcəyə deyə biləcəyi ən böyük sözdür.
- Cəmiyyətçinin ömrü cəmiyyətdə itib-batır. Mütləqçinin ömrü əbədi yolçuluqdur…
Atamız Var olsun!