Xəbərlər

Nurtəkin Atalı İnam Evi – Ruhsallığın qorunması, qurulması

Hər bir ideya yaxşı niyyətlərlə başlayır. Ya da yaxşı niyyət adı ilə başlayır. Çağdaş dünyada savaşın da adı azadlıq gətirməkdir. Rusiya bizə azadlıq gətirmədimi? Hətta o azadlığı, əslində işğal gününü illərlə qeyd etdik. Çağdaş dünyada yardımın da adı işğaldır. Elə yardım edilir ki, asılı duruma düşürsən. Xəstəliklə elə mübarizə edir ki, sağlamlığını itirir, yenə də asılı duruma düşürsən. Mədəniyyət adı altında da işğal gəlir, qida adı altında da işğal gəlir. Bu işğallar adamın həyatında nəinki fiziksəl, ruhsal dəyişikliklər yaradır. Sunulan, gətirilən, verilən heç bir şey özümlü olmadığına görə nə qədər qəbul edirsənsə, o qədər özündən, özümlüyündən uzaq düşürsən. Soyundan, keçmişindən, gələcəyindən imtina durumuna gəlirsən. Ən böyük uğur maddi rifah durumuna gəlib. Maddi zənginlik ən böyük özünütəsdiq olub. Bu özündənayrılma zamanında insan doğrudan da çaşıb. Yalan nədir, həqiqət nədir deyə axtarmamaq üçün hər kəsin öz həqiqəti var deyə yalançı özünütəsdiqinə bəraət verir. Dünyaya ağalıq etmək istəyənlər bu yalana inandıra bilirlər, çünkü istəkləri həyata keçir. Ədalət, Həqiqət onların planladığı, düşündüyü kimi qəbul edilir. Adamların, millətlərin gerçək olan doğru olandır deyə həyatları qurulur.
Dinlər də gözəl niyyətlərlə başladı. Elə bir xilas kimi gəldi ki, adamlar düşündülər ki, nəfəs ala bilirlər. Ədalət də öz yerini tutacaq, Həqiqət də. İşıq kimi düşünülən beyinlərə qaranlıq yaydı nə yazıqlar. Sözün müqəddəsliyi, ömrün müqəddəsliyi yayılmalı idi dünyaya.
 İnsanın insana münasibəti
 Din savaşları ortadan qaldırmadı, özünün yayılması, öz qaydalarının yaşaması üçün savaşları yenilədi bir növ. Savaş varsa, insanın insana münasibəti tam deyil, qutsal deyil. Əgər dinlər insan üçündürsə, savaş bitməli idi. İnsan insana qənim kimi baxırsa, doğma deyil yad kimi görürsə, özünə tabe etdirməyə çalışırsa, dünya necə düzələcək?!
İnsan üçün olan İnsanın İnamına qarşıdır. Allaha inan, günahlarının bağışlanması üçün yalvar, sonunda səni mükafatlandıracam. Din başçıları isə özlərini çoxdan bu dünyada mükafatlandırıblar. Dindən fayda da götürüblər, yararlanıblar, siyasətə alət də ediblər. Istədikləri kimi sadə adamlara sunurlar, istədikləri kimi yaşadırlar.
İnsan üçün olan İnsana güvənmir. İnsan üçün olan İnsanı saymır, İnsanı görmür, İnsanı eşitmir. İnsan özü üçün deyil Allah üçün yaşayır. Öz mənliyi, vicdanı qarşısında deyil, Allah qarşısında hesabat verir. İnsan İnsana inanmır, dünyaya inanmır. Dünyaya inanmadığı üçün də onu qorumur. Dünya insana yaddır, çünkü onun əsas dünyası bu deyil, cənnətdir. Dünya o qədər yadlaşıb ki, insan dünyanı çapıb-talayır, torpaq işğalını özünün başarısı görür, millətləri tabe etdirməyi özünü haqqı sayır. Doğa da doğalığından çıxıb. Su suya bənzəmir, hava havaya, bitki bitkiyə, heyvan heyvana. İnsanın dünyaya münasibəti faydaçılıqdan o tərəfə getmədi. Elə bil bu gün yaşayacaq. Bəs sabah? Bəs sənin soyun, millətin?
Hər il yer üzündə neçə xalqın dili yoxa çıxır, mədəniyyəti yoxa çıxır. Kiçik millətlər böyük millətlərə qarışır. Dünyanın rəngarəngliyi itir. Həm də bu başqa insanları, millətləri rahatsız etmir. Laqeydlik normal bir hala çevrilib. Dünyanın necə bir bütöv anlam daşıdığını, hər bir şeyin ona necə anlam qatdığını insanlar anlasaydı, dünya da bu günə gəlib düşməzdi.
 İnsan özünü tanıyanda dünya gözəlləşir. İnsan insanı anlayanda, insan insana doğma olanda, İnsan insana səcdə qılanda dünya gözəlləşir. Bu günə qədər nə qədər insan keçib gedib bu dünyadan. Bir-birinə heyrət edənlər, ideala aşiq olanlar, İnsani, milli ideyanı həyata keçirənlər qalıb. Qaranlıq dünyaya işıq salıblar. Dünyanı dəyişən insanın özünü başqasında tapmasıdır. Nəimi-Nəsimi münasibəti, Şəms-Rumi münasibəti, İdeala vurulanlar, azadlıq aşiqləri tarix, zaman nə qədər insana qarşı olsa da, yenə də Günəş kimi ümid olublar İnsanlıq tarixində. İnam Evi bu münasibətlərin ünvanıdır, bu münasibətlərin evidir, qoruyanıdır.
İnsan öz aqibətini öz əlinə alanda dəyişir dünya. Atanın özüylədöyüş ideyası bəşərə hava, su kimi gərəklidir. Maddi firavanlığa çata bilərsən, zəngin ola bilərsən, ancaq həyatı bununla dəyişə bilməzsən. Ata deyir ki, İnsan həyatının mənası maddinin ruhaniləşməsidir. İnsan öz müqəddəs Mənasına bərabər yaşamalıdır. İçindəki gözəllikləri mütləq səviyyəsinə çatmalıdır. İnsanın içindəki Xeyirlə Şərin döyüşündə Xeyir qələbə çalanda dünya dəyişəcək.  İnsanın içindəki Xeyir Dünyadakı Xeyirə qovuşacaq. İnsan həyatının anlamı budur. İnsanın insana münasibəti, Millətinə münasibəti, Bəşərə münasibəti onun İnam Evidir. Ömürdə qurulursa, bəşərdə də qurulur. Ömrü qurur, sonra da dünyanı qurur.
 Bilinməyən, görünməyən dünyaya inanma, yaşadığın dünyanı sev, qoru, dəyiş. Öz millətinə yad olma. Millətin – sənin keçmişin, bugünün, gələcəyindir. Səni özgələşdirən gəlişmələrə özünü bağla, özünü qur, özünlə doğmalaş, millətinlə doğmalaş. Sənin kökün də odur, özümlüyün də. İnam Evi bu bağların ünvanıdır. İnsanın özünə, millətinə, bəşərə doğmalıq, birlik ünvanıdır İnam Evi. Ədalətin, Həqiqətin var olduğu ünvandır. Ədalət, Həqiqət yalnız bir fərdə özgün deyil, yalnız bir millətin dediyi deyil, İnsanlığa özgün, milliliyə özgün, bəşəriliyə özgündür. Ədalət, Həqiqət İnsanlığa, İnsana İnamı yaşadır. İnam Evi bu inamı qoruyan ünvandır.

Atamız var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir