Asif Ata Ocağının sorağı yayıldıqca ayrı-ayrı maraqlanan insanlar vaxtaşırı İnam Evinə üz tuturlar. Burada onlara Ata və onun Amalı haqqında geniş bilgilər verilir və əlavə olaraq Ocaq ədəbiyyatları təqdim olunur. İndi bu görüşlərdən biri haqqında oxuculara qısaca soraq vermək istəyirik. Bu günlərdə Türkiyəli öyrəncilər Göybəy və Atilla, onlarla eyni vaxtda Azərbaycan türkü Kamran bəy İnam Evində oldular. Asif Atanın Yolu, Amalı ilə bağlı Soylu Atalını dinlədilər. Sonra onları maraqlandıran bütün sualları Ocaq Yükümlüsü Soylu Atalı cavablandırdı. O, Din və İnam fərqi haqqında verilən sualı belə cavablandırdı: “Din İnam olmalı idi, ola bilmədi. Din yalana əsaslanır, İnam həqiqətə. Dində həm monoteizm var, həm də dualizm, politeizm, panteizm. Yunanlarda Zevs və yardımçı Allahlar var. İslam isə monoteist din kimi təqdim olundu: “Allah təkdir, Allahdan başqa Allah yoxdur”. Ancaq sonra Allahın yardımçıları – Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl, Malik, Rizvan, Harut və s. mələklər meydana çıxdı. Onlar mələk adlansalar da, əslində yardımçı Allahlardır. Hefes hansı rolu daşıyırsa, Mikayıl da o rolu daşıyır.
İndi İslamdakı dualizmə diqqət edək: Güney Azərbaycanda Zərdüşt tərəfindən Atəşpərəstlik, əslində İşıqpərəstlik – yəni İşığın mənəvi mənası, mənəvi işıqçılıq inamı yaranmışdı. Zərdüştdə iki qüvvə bir-biri ilə döyüşürdü, – Hörmüz və Əhrimən. Hörmüz Xeyir idi, Əhrimən Şər. Hörmüz insan uğrunda döyüşürdü. İslamda iki başlanğıc, daha doğrusu, iki mahiyyət başlanğıc kimi götürülməsə də, onda bu var. Həm Allah var hər şeyə qadir, həm də İblis var ona qarşı çıxan. İblis həm Alahın mələyidir, həm də Yer üzünün hökmdarı. İblis insanları pis yola çəkir, xeyirə qarşı çıxır və udur. Allahın yaratdıqlarını məhv edir, əslində Allahla düşmənçilik edir. Hər şeyə qadir olan Allahın düşməni varsa, o düşmən ən azı Allah qədər qüdrətlidir demək. Əgər İblis bizim taleyimizi qana qərq edirsə, qana çalxayırsa, o, Alah qədər qüdrətlidir. Allah bir qütbdə dayanıb, insanlar Allahın dediyini eşitmir, əslində İblisin dediyini eşidir. Deməli, İblisin dediyi keçir. Heç bir Din monoteizm adına iddia eləməsin. Türkün Tanrıçılıq ideyası daha ali hadisədir. Baxmayaraq, Türkün Tanrıçılığı panteizmə dayanır”.
Sonra Soylu Atalı “Asif Ata niyə peyğımbər adlandırılır” sualına da aydınlıq gətirdi: “Peyğəmbər sözü sonrakı sözdür. Ata sözü, Dədə sözü daha qədim sözdür. Dədə Qorqud, yaxud Türkiyə türklərində Qorqud Ata deyirlər, – bu, daha qədim sözdür, onda peyğəmbər sözü heç yox idi. Asif Ata istəyir ki, Türk milləti öz peyğəmbərini versin. Türk necə yanaşır Allah ideyasına?! Yunanlarda Zevs və yardımçı Allahlar var, ərəblərdə müəyyən fərqlərlə başqa cür. Hər xalq öz düşüncəsindən, mahiyyətindən irəli gələrək yanaşır. Türk isə ərəbin gözüylə baxır. Asif Ata deyir ki, türk öz Dünyabaxışını qoymalıdır ortaya, öz sözünü deməlidir, öz mahiyyətini göstərməlidir. Öz milli kimliyini, mahiyyətini ifadə eləməlidir. Başqasının tutuquşusu olmamalıdır. Ona görə Asif Ata deyir, türkün mahiyyətindən gələn İnam yaratmışam. Tanrıçılıqdan üzü bu yana nə varsa, hamısı milli-bəşəri keyfiyyətləri ilə İnamın mayasında var. Asif Ataya peyğəmbər ona görə deyirik ki, türk millətinin ağlında peyğəmbər sözü oturub. İndi biz desək ki, Asif Ata peyğəmbər deyil, Atadır, deyəcəklər ki, Məhəmməd peyğəmbərdir, Asif Ata da Atadır. Həm Məhəmmədi qəbul etmək, həm Asif Atanı – bu, türkün dünyaya baxışını azdırar. Ata sözü peyğəmbər sözünün əvəzi kimi ağıllarda oturuşana qədər peyğəmbər sözü gərəkdir. Sonra bəlkə gərək olmadı. Bu bir ruhani xətdir. Peyğəmbərliyin yeni məzmununu verməliyik xalqa. Buna yüz ilmi, min ilmi lazım olacaq, bilmirəm, biz bunu verməliyik. Bundan sonra türk milləti deyəcək ki, mən varam. Bu gün Türkün poeziyası da ərəbin böyüyünü öyür, ərəbin imamlarını. Minacatlar hamısı, ərəbin adıyla başlayır. Yaslarımızda ərəbin oğullarını öyürlər. Onlardan hədis danışırlar. Metedən, Tonyukukdan, Bilgədən, Dədə Qorquddan, Babəkdən, Nəsimidən, Manasdan, Bilqamısdan danışmırlar. Heç bilmirlər də. Amma ərəbi bilirlər. Ərəb türkə özünü necə sırıyıb – Soyqırımla, baş kəsməklə.
Bu gün Türk Dünyası yoxdur, dünya türkləri var. Türk Dünyası o vaxt oluşur ki, onun özünün baxışı olur, fəlsəfəsi olur, mədəniyyəti olur, ədəbiyyatı olur. Hamısı öz dünyabaxışına bağlı olur. Onun dili dünyabaxışının anlayışları ilə inkişaf edir, yazısı (abesi) dünyabaxışının anlayışları ilə oxunur. Onda olur Türk Dünyası, vahid düşüncə, vahid özünəməxsus mədəniyyət. Hər bir türk toplumunun ayrı ayrı kültürəl gələnəkləri olsa da, bütövlükdə türk millətinin bir baxışı olur. O baxış onları bir-birinə bağlayır – Türkiyəni, Azərbaycanı, özbəyi, tatarı və s. O, kökdür. O kökün üzərində hərə öz gələnəklərini yaşada bilər. Bir məmləkətdən İnam yayılmalıdır Türk Dünyasına. Biz dünyaya Həqiqət öyrətməliyik – Türk həqiqəti. Buna Türkün imkanı var. Asif Ata deyir – türkün dünyaya deməyə sözü var.
Biz dünyaya dünyabaxış veririk. Ancaq bu dünyabaxış başqa xalqların etnik kimliyinə müdaxilə eləmir. Asif Atanın dünyabaxışı dünya xalqları tərəfindən qəbul edilə bilər – öz gələnəklərini saxlamaqla. Asif Ata bununla heç bir xalqa türklüyü sırımır. Amma ərəb türkün etnik kimliyinə müdaxilə edir. Tarixdə İslamı türkləşdirmək istədilər. Alınmadı. Çünki İslamın təməl prinsipləri türkün mahiyyətinə uyğun deyil. Orda yalan var, qorxu var, itaət var. Türkdə itaət yoxdur. Türkdə döyüşkənlik, göylərlə əlləşmək var. Ərəbdə mütilik var. Türkə də onu verir. Biz deyirik onu qəbul etmək doğru deyil. Müqəddəslik itaətdə deyil, mütilikdə deyil”.
Atilla bəyin “Tanrıçılığı təkmilləşdirərək İnam yaratmaq olardımı” sualına Ocaq Yükümlüsünün cavabı: “Tanrıçılıq yaxşı ideya olsa da, sistem deyil. Orda kurallar yoxdur, olubsa da, bizə gəlib çatmayıb. Tanrıçılıq adı altında hansısa kurallar icad edə bilmərik. Tanrıçılıq da tarixi bir mərhələ idi. İndi yenilik gərəkdir, inkişaf gərəkdir. Biz Hürufiliyi də inkar etmirik, amma təkrar etməyə də lüzum görmürük”.
Atilla “İnamda dəyişiklik ola bilərmi” sualı verdi. Bu suala Soylu Atalı belə aydınlıq gətirdi: “İnamda dəyişiklik də var, Dəyişməzlik də. Dəyişməzlik Mütləqə İnamdır, – Əzəli, Əbədi, Sonsuz, Kamil Məna. Ancaq İnsanlaşma özü inkişaf deməkdir, tərəqqi deməkdir. Hər bir doğulan insan öz kimliyinə, mahiyyətinə can atır. Özünü təsdiq eləmək üçün, özündəki ali keyfiyyətləri aşkarlamaq üçün. Bu gəlişmədir, inkişafdır. O, özündən əvvəlkini kopyalamır, özündəkini aşkarlayır. Bir də var elmin, texnikanın inkişafı. Bunun əleyhinə deyilik. Ancaq gərək elmin-texnikanın inkişafı kapitalizmin ixtiyarında olmasın, insanlığa xidmət eləsin. Bu, ayrı şeydir. İnsanlaşma özü daim irəliyə doğru dəyişikliklər doğurur”.
Göybəyin “Nə üçün insanlaşma gərəkdir” sualına Ocaq Yükümlüsünün cavabı: “Mən, bir insan kimi, dünyaya ona görə gəlmişəm ki, öz İnsanlıq mənama çatım. Mənim əməllərimdən Yer üzü qana qərq olmasın, insanlar azğınlaşmasın, vətən vətənə bənzəsin, dövlət dövlətə bənzəsin, dost dosta bənzəsin, əsillik olsun. Hər bir insan öz içindəki İnsanlığı aşkarlaya bilər. Ona imkan vermək lazımdır. Ona yol göstərmək, sevgi, İnam vermək lazımdır. Bununla belə, insanlaşma hər bir fərdin öz işidir. Sən mənə yol göstərə bilərsən, amma mən özüm insanlaşmalıyam. Hədəf odur ki, hər kəs öz içindəkini aşkarlasın, insani yaşasın. Çünki dünyanın nizamı İnsanlaşma əsasında qorunur”.
…Biz ateist deyilik. Ateizm materializmin nəzəri ideolojisidir. Din Müqəddəsliyi uydurur, ateizm isə rədd edir. Biz isə deyirik ki, müqəddəsliyi nə uydurmaq, nə də ləğv etmək olar. İnsanın Müqəddəsliyə ehtiyacı var. Onu doğrultmaq gərək, həqiqətə çatdırmaq gərək”.
Sonra Soylu Atalı Vətənçilik haqqında danışdı, Asif Ata ideyalarında dövlətçilik məsələsinə toxunaraq, hərtərəfli onların anlamını açdı. Qarşılıqlı dinləmə, bölüşmə və sayğı ilə keçən görüşdə Ocaqçılardan Ulusəs, Nurtəkin, Göylü Atalılar və Nəsibə xanım da iştirak edirdilər.
Atamız Var olsun!
Nurtəkin Atalı
İşıq Ayı, 35-il. Atakənd. İnam Evi.
(may, 2013. Bakı.)