Ruhani səfərlər Asif Ata Ocağının hər zaman gerçəkləşdirdiyi əməldir. Bu əməl Azərbaycanın dəyərləri, Asif Atanın ideyaları, yurdumuzun qayğıları, eləcə də gələcəyi haqqında soraq deməkdir. Bu sorağı ulusumuza çatdırmaq üçün Ocaqçılar çağaşırı Bakıda, yurdumuzun bölgələrində görüşlər keçirir, ədəbiyyatlarımızı yayırlar. Bu bölgələrdən biri Azərbaycanın Quba rayonudur. Ocaq bu bölgədə bir çox görüşlər keçirmişdir. Bu ilin Od Ayında (iyul) Ocaq soraqlarını yeniləmək istəyiylə yenidən Quba rayonuna səfər elədim. Quba rayon mərkəzi kitab evinə Asif Atanın, eləcə də Ocaq Evladlarının son çap olunmuş kitablarını sundum. Kitab evinin direktoru Saməddin bəyə 2011-ci ildə görüşərkən çəkdirdiyimiz şəkilləri, eləcə də, o çağlarda yerli televiziyada Soylu Atalı ilə Ağşın Ağkəmərlinin apardıqları söhbətin görüntü diskini bağışladım. Saməddin bəyə Ocaq çalışmalarından, görüşlərindən bilgilər dedim.
“Gülüstan” ədəbi bədii məclisinin başçısı Şıxəmməd bəylə görüşdüm. 2011-ci ildə Şabran ədəbi məclisində Soylu Atalının yazar və şairlərilə görüşünü keçirərkən tanış olmuşduq. Həmin görüşün video diskini, şəkillərini ona sundum. Şıxəmməd bəy Asif Atanın öyrəncisi olubmuş, ona görə Atanın işi ilə bağlı söhbətlərimiz onun özəl marağına səbəb olurdu. Ona verdiyimiz ədəbiyyatları ayrıca yerdə saxladığını, oxuduğunu dedi.
Lider TV-nin bölgə müxbiri Yusif Mahmudovla söhbət elədim. Ona da Ocaq ədəbiyyatları bağışladım.
Mədəniyyət şöbəsinin müdiri Ramiz bəylə də görüşümüz oldu, onunla da Ata-Ocaq haqqında uğurlu söhbət etdik, ədəbiyyatlar verdim. Ramiz bəy yerli televiziya ilə bağlantı qurub orada Ocaqla bağlı veriliş hazırlamaq üçün çalışacağını bildirdi.
Quba Mədəniyyət və Turizm şöbəsinin müdiri Fuad bəy Asif Atanı tanıdığını, sayğı bəslədiyini dedi. Ancaq onun dinə baxışlarını paylaşmadığını söylədi. Asif Atanın video görüntülərini izlədiyini, hətta telefonunda belə saxladığını dedi. Ona “Ata Yolu” özəl buraxılışımızı bağışladım.
Quba Soyqırım Abidə kompleksinin müdiri Səidə xanımla görüşüb söhbət etdim, oranın kitab evinə ədəbiyyat verdim. Oranın işçilərindən Bəxtiyar adlı bir işçi Asif Ata ilə bağlı sayğılarını dilə gətirdi. O, Azərbaycan Neft Akademiyasında oxusa da, tələbə dostları ilə birlikdə Atanın mühazirələrinə gedirmiş. Sonra hərbçi olmağa qərar verib, Azərbaycandan uzaqda yaşadığına görə sonralar Atadan soraq tutmayıb. Sorağının yenilənməsi üçün ona Ocaq ədəbiyyatları bağışladım.
Qubanın bölgəsəl televiziyasının xəbərlər şöbəsinin redaktoru Xanım Məmmədova ilə görüşdə Ata, Ocaq haqqında, Azərbaycanın milli qayğıları haqqında danışdıq. Ona da Ocaq ədəbiyyatları verdim.
Görüşdüyüm adamların Asif Atadan soraqları vardı, Ocaq işləri, görüşləri haqqında isə mən onlara bilgi verdim. Bu bilgini vermək məni fərəhləndirir, sorumluluğumu artırır. Daha artıq Ocaq əməlləri görmək, soydaşlarıma soraq vermək istəyilə doluram.
Atamız Var olsun!
Od Ayı, 37-ci il. Quba.
(iyul, 2015.)