Xəbərlər

Nurtəkin Atalı. Türkiyəyə Ocaq səfəri

Bu ay iş elə gətirdi ki, Türkiyəyə səfər etmək imkanım yarandı. Bir həftə vətənimdən uzaqda olacağım ağlımda oturmamışdı. İstanbulu gördüm, bir ölkədir özü – gəzməli, görməli. Amma mənim üçün ölkəni tanımaq insanları tanımaqdan başlayır. Çünki bir ölkəni tanımaq həmin ölkənin yalnız muzeylərini, təbiətini görmək deyil, ən əsası insanların fikirləri ilə tanış olmaq, dəyərlərini tanımaq, keçmişini və gələcəyə necə baxdıqlarını bilməkdir.

26 Çiçək Ayında ilk görüşüm oldu. İstanbulda avtobus xətti maşınların xəttindən ayrı olduğuna görə avtobusla hərəkət etmək daha rahatdır. Qaldığım yer, Bəylik Düzü, mərkəzdən çox uzaqda idi. Metrobus dedikləri ilə saat yarıma qədər yol getdim, Məcidiyəköy deyilən yerdə CHP-çi Süleyman bəylə görüşdüm. Taksim meydanına qədər getdik. Asif Atanın Amalı, ideyaları haqqında danışdım, özəl buraxılış, Türkiyə türkcəsində Atanın ömrü ilə bağlı yazını, Atanın, Soylu Atalının türkçülüklə bağlı yazılarını, təqvimi, “Türkel Araşdıqma Qurumu”nun bir neçə görüntü diskini verdim. Milli problemlərdən, qayğılarımızdan, dinin, başqa ideoloji təsirlərin millətimizə zərərindən  danışdıq.

Süleyman bəylə söhbət edərkənSüleyman bəy bir çox məsələlərdə fikirlərimizi bölüşsə də, Quzey Azərbaycanla Güney Azərbaycanın birləşməsi haqqında danışarkən kəskin bir tonla “olamaz” dedi. “Nədən  olmaz, əlbəttə, birləşməsi çətindir, amma niyə istəmirsiniz ki” deyə soruşdum. O da “mənim istəyimlə deyil, amma ola bilməz deyə düşünürəm” dedi.  Mən onun üzündən bunu istəmədiyini gördüm. Qəribədir, bəzi Türkiyəli türklərdə bunu müşahidə etmək çox ağrıdıcıdır. Güneylə Quzeyin birləşməsi üçün hələ çox yollar keçilməli, çox işlər görülməlidir. Hələ ki, bu, ağıllarda oturuşmalı, gələcəyə yönəlik düşüncələrimizdə və əməllərimizdə yerini tapmalıdır. Amma bu fikrin olması belə, bir sıra insanlara sanki qorxu gətirir.

Sonra əslən Güney Azərbaycandan olan Rza bəylə görüşdüm. Onun yanında Elman adlı gənc bir Güneyli də vardı. Orada Güney Azərbaycanlıların dərnəyi varmış. Lakin dərnəyin ofisinin yaxşı durumda olmadığını söyləyib məni “Güney”lilərin başqa bir ofisinə apardılar. Oraya Araz və Özləm adlı soydaşlarımız da öz qızları ilə gəldilər. Ofisin yiyəsi Əli bəy və qadını, Türkiyə türkü Sıdıka xanım da söhbətimizə qoşuldu. Onlarla da Ocağın ideya və hədəfləri haqqında söhbətlər etdim. Atanın “7 içsəs” adında kitabçasını verdim. Özəl buraxılış, təqvim nüsxələri, Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını, “Türkel Araşdırma Qurumu”nun Ana dili, Babək Xürrəmdinlə bağlı, Türk Dünyasının Birliyi haqqında olan görüntü disklərini onlara verdim. Çoxsaylı suallarını cavablandırdım. Suallarından biri belə idi:  “Asif Atanın prinsiplərinə dəyişiklik ola bilərmi?”. Mən də təməl prinsiplərdə, əlbəttə, dəyişiklik olmaz, amma elə şeylər var ki, o, inkişafla bağlıdır. İnkişaf isə dəyişiklik – irəliyə doğru hərəkət deməkdir deyə əsaslandırdım.

Güneyli doğmalarımızla görüşdənOrada Güney Azərbaycan türkləriylə görüşmək sanki Təbrizi görmək kimi gəldi mənə. Əsarətdə olan Təbrizin övladlarında Azadlıq yanğısını dinləmək, Atanın  ideyalarını onlara söyləməklə Azadlığın yolunu bilmək və bildirmək harayı qopurdu içimdən.

 Söhbət əsnasında qəribə məqamlardan biri də Zərdüşt inancı haqqında doğru saymadığım fikirləri oldu. Türkiyə türkləri Zərdüştü kürdlərin, Güney Azərbaycan türkləri isə farsların olduğunu isbatlamağa çalışırdılar. Hətta belə bir insanın varlığı şübhə altına salınır. Atanın Ocağını da əsasən Zərdüştçü kimi bilirlər. Onlara dedim ki, Zərdüşt bizim dəyərimizdir. Yanan, yandırılan, məhv olan, mənəvi əsarətdə olan dəyərimiz. Necə ki, indi Babək haqqında ərəb tarixçisinin fikirləri əsas götürülür, eləcə də (biz öz dəyərlərimizi yazmadığımızdan, yazı vərdişimizin olmamasından irəli gələn fəlakətlə üz-üzəyik)  Zərdüştü insanlarımız yox sayır. Soylu Atalının ifadəsi ilə desək, sanki ana balasını doğub və onu atıb, balasına yiyəlik etməyib. Türk dəyərlər yaradan millət olsa da, onlara yiyəlik etməyib. Fəlakətlərimiz də elə bundan başlayıb. Onlarla bəzi məsələlərdə fərqli düşüncələrimiz olsa da, əsasən doğma əhvallarla söhbətimizi başa vurduq. Bütövlükdə Amalımız onlar üçün ciddi maraq doğurdu.

İstanbul-Azərbaycan Kültür evində28 Çiçək Ayı, İnam Günü səhər tezdən metrobusla “Edirne kapı”ya, ordan avtobusla Eminönüyə, ordan da dəniz avtobusu ilə Kadıköyə getdim. Dəniz çox gözəl, təmiz idi. Daşların üzərində göz oxşayan yaşıl mamırlar vardı. Qağayılar uçuşurdu. Dənizin küləyi adamı üşüdürdü. Limanda məni Hikmət bəy qarşıladı. “İstanbul-Azərbaycan kültür evi”nə gəldik. Gökmən adlı bir öyrətmən də vardı. Sonra  yazar Cəfər  bəy xanımı Aliyə ilə, Raziyə xanım, Umut bəy, Nuran xanım və Səadət xanım gəldilər. Mən Atadan, ideyalarımızdan danışdım. Türk dünyası ilə bağlı ortaq dərdlərimizi bölüşdük – Türk dünyasının birliyinin olmaması, ona qarşı basqıların olması və s. Cəfər bəy vaxtımın olub-olmadığını soruşdu. Asif Ata haqqında daha geniş danışmaq üçün konfrans təşkil edə biləcəyini söylədi. Ancaq vaxt yox idi. Elə həmin gün toplaşanlara Asif Atanın Amalını geniş biçimdə deyə bildim. Özümlə götürdüyüm Ocaq ədəbiyyatlarını payladım: Özəl buraxılış və təqvim nüsxələri, tədbirlərin görüntü disklərini, Soylu Atalının “İnamçı Harayı” kitabını. Birlikdə nə iş görə bilərik deyə fikir mübadiləsi oldu. Türk dünyası ilə ilgili hadisələri araşdırmaqla maarifləndirmə və ya hansısa əməllərdə birgə hərəkət etmək və s. məsələləri çözdük. Qərara gəldik ki, əlaqələri genişləndirək. Umut bəy “İnamçı Harayı” kitabında Soylu Atalının bəzi fikirləri ilə bağlı suallar verdi. Cavablarım onu təmin etdiyi üçün razılaşıb qəbul edirdi. Görüşümüz çox uğurlu keçdi.

Taksim meydanıİstanbuldan 29 Çiçək Ayında ayrıldım. Azərbaycan üçün darıxmışdım. Ocağın qədrini bildim. Əvvəllər də başqa ölkədə yaşaya bilməyəcəyimi düşünürdüm, amma vətəndən uzaqda olanda bunu daha yaxşı anladım. Gərək olduğum və ola biləcəyim, Ocaqçı doğmalarım, görə biləcəyim işlər bir-bir ağlımda aydınlaşır və təzələnirdi.

 Mən vətəinin mənasını Ocaqda anladım, aqibət millətə necə bağlanır – Ocaqda anladım, Ocaqda quruldum, Ocağa bağlandım. İnsan doğulduğu vətənə necə bağlanırsa, mən də ruhən doğulduğum Ocağa bağlanmışam. Vətənim Ocaqdan başlayır. Bunu qəriblikdə yaşayanda daha dərindən anladım.

Atamız var olsun!

 İşıq Ayı, 35-il. Atakənd.

(may, 2013. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir