Xəbərlər

Nurtəkin Atalı. Fərd – Xalq – Bəşər

Hər şey insandan başlayır. O insandan ki, özüylə döyüşür, için­dəki Mütləqi aşkarlayır, Kamilləşir. Zamanın, Şəraitin, Mühitin təsi­rindən azad olur. Təsirlərdən azad olduqca, İnsanilik Azadlığına yetir – Müstəqilləşir, Fərdiləşir, Özümləşir.
Xalq fərdlərin birliyi deməkdir. O fərdlərin ki, ömürləri Amala bağ­lı, xalqa bağlı. Xəlqi dəyərlər – fərdin öz ömründə yetdikləri əbə­di­likdir.
Xəlqi ölməzlik – fərdi dəyərlərin ölməzliyidir.
Xəlqi mənəviyyat – Fərdi mənəviyyatların yaranması, yaşan­masıdır.
Xəlqilik Fərddə özünü ifadə edir, Fərd özünü xalqda yaşadır.
Fərdi dəyərlər xalqda yaşadıqca, xalq özünəməxsusluğunu, bən­zər­siz­liyini qoruyur.
Babək xalqda yaranan qorxmazlıqdır, dirənişdir, qəhrəmanlıqdır. Babək özünü yaratdı, xalqda ifadə olundu, xalqda yaşadı. Xalq bu gün ona layiq yaşamasa da, kökündəki, tarixindəki bu hadisə xalqı ölməyə qoymur. Bu hadisə mənim dayağımdır, inam yaradanımdır, özümlüyümü ifadə edənimdir.
Eləcə də o biri dəyərlərimiz – Zərdüştlüyümüz, Dədə Qorqudlu­ğumuz, Nəsimiliyimiz, Füzuliliyimiz, Muğamlığımız, Sazlığımız.
Fərdlərdən qıraqda xalq olmadığı kimi, xalqlardan da qıraqda bəşər yoxdur.
Fərdi özünəməxsusluq, bənzərsizlik, ömürdə yaranan dəyərlər xalqı zənginləşdirdiyi kimi, xalqların da özünəməxsusluğu, bənzər­siz­liyi, dəyərləri bəşərin zənginliyi­dir.
Xalqlar birliyi yoxdursa, bəşər də yoxdur.
Ata deyir ki: “Fərdi itirən xalq özünü itirir. Xalqı itirən bəşər özü­nü itirir”. Bu səbəbdən də İnsan – Xalq – Bəşər ahəngi var ki, bu ahəngdə, vəhdətdə təsdiq olunur Varlıq.

xxx

Dünyanı görmək, içindən baxmaq.
Dünyanı insanların gözündə, üzündə, gülüşündə, göz yaşında görmək.
Göz yaşını elə görmək ki, dünya yuyunsun o göz yaşında.
Gülüşü elə görmək ki, dünya gülsün o təbəssümdə.
Dünyanın o başı, bu başı bilinməsin göyə baxanda.
Hamısı içimdə olsun, hamısında var olum.
Səsim səslərə, sözüm sözlərə, gülüşüm gülüşlərə qarışsın.
Dünyayla bir olum. Dünya məndə olsun, mən dünyada.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir