Xəbərlər

Nurtəkin Atalı. Yalqızlığın mahnısı

Bir mahnı gəlir içimdən, bir mahnı yaşayıram mən. Bir mahnı yaradıram mən. Yalqızlığın da öz mahnısı var, gülüm, bilirsənmi? Onu ancaq yalqız qalanlar bilər, sən hardan bilə bilərsən ki, gülüm? İçimdəki bütün səslər üsyana qalxanda yaranır o mahnı. Üsyan, hayqırtı əlində qalır ürək, sanki fırtına qopur, qasırğa başlayır və sanki sürükləyib aparacaq hər şeyi. Amma fırtına qopduqca qopur, bütün gücü ilə sarsıdır ruhumu, silkələyir içimi. O zaman ümid dayaq olur ruhuma, güvənc hissi tərk etmir məni, qorxular artdıqca əyilməmək qeyrəti güc gəlir, qorxularla öcəşmək, üsyanla üzləşmək, fırtınayla gözləşmək ehtirası sarır ruhumu. Ruhum “Səni heç nə yerindən qopara bilməz, üsyanı dinlə, fırtınaya bax, ildırımı gözlə, özünə inan” deyir mənə. O ildırım çaxanda yarılacaq qaranlıq, yaranacaq aydınlıq.
Yalqızlığın mahnısını dinlədinmi, gülüm? Ətrafın adamlarla dolu, amma ruhları səndən nə qədər uzaq. Nə qədər çoxluq və  yalqızlıq. Anlaşılmamaq qorxusu, anlamamaq qorxusu, fərqlənmək qorxusu səni qorxutmayanda yaranacaq o musiqi. O zaman içindəki musiqini dinlə, o səsi duymaq üçün arıl, durul, səsi yalqız qoyma. Yoxsa itər, azar, ayrılar, başqa səslərə qarışar.
Yalqızlığın mahnısını yaratdınmı, gülüm? Hər doğruya can atdığında, doğru bildiyini təsdiq edəndə tək qaldığını görəcəksən. Xəyanətlə üzləşəndə, zərbələrə tuş gələndə yaranacaq o musiqi. Yenə sarılacaqsan ruhuna, inamına. Yoluna baxacaqsan, yol gedəcəksən və getdikcə hər addımın musiqini yaradacaq. Sən gedəcəksən, yol də səninlə gedəcək, duyğuların çiçəkləyəcək. İstər qış olsun, istər bahar, içində gəzdirəcəksən o təravəti, yanğını, susuzluğu, sonsuzluğu. İçində üşüyəcək, içindəki Günəşə gülümsəyəcəksən, içindəki yağmurda islanacaq, içindəki ruzgarla səsləşəcəksən, musiqini notlara düzəcəksən.
Yalqızlığın musiqisi ümidsizlikdən ümidə qədər, əridən kədərdən dirildən fərəhə qədər, dibsiz uçurumdan çıxarıb yaratmaq eşqinə qədər çəkilən yoldan yaranır; qorxunun cəsarətə çevirdiyi, çətinliyin sındırmadığı, sədaqətin sevdirdiyi ömürdən yaranır.  Yaranır ki, üsyanda qalmasın ürək, yolda qalmasın arzular, çətinlikdə dayanmasın, qaranlıqda azmasın ruh. Yaranır ki, fərəh bəxş etsin, üzləri nura qərq eləsin, sevdirsin, sevindirsin. Yaranır ki, yalqızlığın atəşi işıq olsun qaranlıqda.
Yalqızlığın mahnısını sevdinmi, gülüm? Yalqızlığın atəşinə yandınmı, gülüm?

Susma, könlüm
Susma, könlüm. Sən susduqca necə dönər gecələr gündüzə, qaranlıqlar aydınlığa, Ay Günəşə. Sən sussan fəryadını necə aparar  ruzgar sevgiliyə, yağmur çiçəyə. Nə söyləyər bülbül gülə? Sənin vurğularındadır həyat. Sənin vurğularından başlar həyat. Acıdan söyləyərsən. O qədər  içdən söyləyərsən ki, acını sevdirərsən, acı bala dönər. Sevgindən mahnılar söyləyərsən, sevgilin baxdığı hər yerdə səsini duyar, sevginlə böyüyər, sevginə bürünər. O zaman anlar sənsiz yaşamayacağını, o zaman anlar səninlə yanacağını.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir